Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Separatçıların həbs edilərək məhkəmə qarşısına çıxarılması DTX-nın tarixi uğurlarından biridir”

“Uzun illər xalqımıza qarşı ağır cinayətlər törədən erməni separatçılarının lokal anti-terror əməliyyatından sonra həbs edilərək məhkəmə qarşısına çıxarılması dövlətimizin, onun təhlükəsizliyinin əsas təminatçılarından biri olan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  tarixi uğurlarından biridir”.

Bunu Veteran.gov.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki,  DTX xalqımızın, dövlətimizin təhlükəsizliyini təmin etməklə yanaşı, suverenliyimizin bərpasına da böyük töhfələr verib:

 “DTX müstəqillik tariximizin bütün mərhələlərində dövlət təhlükəsizliyimizi uğurla qoruyub, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə ardıcıl addımlar atıb. DTX-nın son illərdəki fəaliyyəti isə xüsusislə təqdirəlayiqdir.

Biz həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin lokal anti-terror əməliyyatı zamanı DTX-nın peşəkarlığının bir daha şahidi olduq. DTX həm müharibə, həm də post-müharibə dövründə dövlətimizə qarşı terror və təxribat cəhdlərini uğurla ifşa etdi, anti-Azərbaycan qüvvələrinə ağır zərbələr vurdu. Lokal anti-terror tədbirlərindən sonra Qarabağın müxtəlif yerlərində gizlənən separatçıların de-şifrə edilərək saxlanılması və Bakıya gətirilməsi isə DTX-nın xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən biridir. DTX böyük ustalıqla həyata keçirdiyi bu əməliyyatlarla cinayətkarların gizlənməsinə, məsuliyyətdən yayınmasına imkan vermədi. Həmin şəxsləri həbs edərək onların məhkəmə qarşısına çxıarılmasını təmin etdi. Bununla hər kəsə sübut etdi ki, Azərbaycan xalqına qarşı cinayət törədənlər cəzadan yaxa qurtara bilməyəcək, gec-tez qanun və ədalət qarşısında cavab verməli olacaqlar.

Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmət orqanları əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, onlar bundan sonra da dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq, xalqımızın, dövlətimizin düşmənlərini məyus etməkdə davam edəcəklər”.

Seymur ƏLİYEV

2025-03-27 09:24:05
3076 baxış

Digər xəbərlər

Öncə zəfərimizi oğurlamaq istədilər, alınmadı, dedilər heç olmasa qələbənin sirrini oğurlayaq...

Buna da DTX imkan vermədi... Bu gün Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib, iş üzrə müxtəlif nüanslara toxunublar. Növbəti məhkəmə prosesinin cari ilin 2 fevral tarixində keçirilməsinə qərar verilib. Xatırladaq ki, ittiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib. Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi özlüyündə bir çox nünaslarla əlamətdar olsa da, məlum olayla bağlı ən başlıca məqam Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin rəsmi Parisdə doğurduğu böyük narahatlıqla bağlıdır. Martin Ryan işinin təhlili və bu işlə bağlı irəli sürülən ittiham aktı sübut edir ki, Fransa 44 günlük müharibədə Azərbaycanın qələbəsini təmin edən hər bir komponent və faktı müəyyən etmək, Ordumuz haqqında hər hansı informasiya əldə etmək üçün böyük güc və enerji ortaya qoyub, öz xüsusi xidmət orqanlarından tutmuş agent şəbəkəsinə qədər hər kəsi bu işə səfərbər edib. Müharibə vaxtı işğalçı Ermənistanı ciddi müdafiə edən, açıq anti-Azərbaycan mövqeyi sərgiləyən Fransa, hərbi əməliyyatlar zamanı qələbəmizə mane olmağa, sonrakı dönəmdə bizi bu qələbəyə qovuşduran sirlərə nail olmağa çalışıb. Lakin müharibə vaxtı Fransanın arzusu Prezident İlham Əliyev, post-müharibə dövründə qələbəmizin sirlərini oğurlamaq cəhdlərinin qarşısı isə DTX tərəfindən uğurla alındı ki, bu da rəsmi Parisin hərtərəfli ifşası deməkdir. Şübhəsiz, Martin Ryan işinin sona qədər araşdırılması Fransanın ölkəmizlə bağlı məkirli siyasətini de-şifrə edən yeni faktların ortaya çıxmasına səbəb olacaq ki, bu da ölkəmizin təcavüzkar Ermənistana necə çətin siyasi situasiyada qalib gəldiyini, bu qələbəyə mane olmaq üçün necə böyük güclərin ağlasığmaz oyunlar oynadığını bütün çılpaqlığı ilə göstərəcək. Və ortaya çıxan bütün bu faktlar bir daha sübut edəcək ki, Prezident İlham Əliyevin dediyi kimi, “Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb”. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan polisi təhlükəsizliyimizin qarantı, hüquqlarımızın təminatçısıdır!

Hər bir cəmiyyətdə ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təminində polisin müstəsna rol oynadığı birmənalıdır. Polisin “adi” hüquqpozmalardan tutmuş ağır və xüsusilə ağır cinayətlərə qədər ən müxtəlif qanun pozuntularına qarşı apardığı mübarizə vətəndaşların konstitusyon hüquqlarının qorunmasını təmin edir, fərdi təhlükəsizlikdən tutmuş ictimai təhlükəsizliyə qədər hər cür təhdid və təhlükəni zərərsizləşdirir. Bu mənada Azərbaycan polisinin qanunla ona həvalə edilən missiyanın üzərindən yüksək peşəkarlıqla gəldiyi şübhəsizdir. Bu gün daxili ilər orqanlarının əməkdaşları cinayətkarlığın bütün növ və üsullarına qarşı effektiv mübarizə aparır ki, bunlardan da biri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir.   Polis cəmiyyətin fiziki və mənəvi sağlamlığının keşiyində! Müasir dünyamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu problemin kəskinləşməsi baxımından ciddi aktuallıq kəsb etməkdədir. Cəmiyyəti fiziki və mənəvi baxımdan şikəst etmək hesabına milyonlar qazanmağa cəhd edən cinayətkar dəstələr, bəzi hallarda həm də ölkəmizdən narkotiklərin daşınmasında tranzit kimi istifadə etməyə çalışır. Bu baxımdan Azərbaycan polisinin ayıq-sayıqlığı, xidməti peşəkarlığı sadəcə vətəndaşlarımızın deyil, həm də digər xalqların təhlükəsizliyinin təmini baxımından həyati əhəmiyyət kəsb edir. Sevindiricidir ki, mövcud statistika hüquq-mühafizə orqanlarının əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı effektiv mübarizə apardığını, bu sahədə böyük uğurlara nail olduğunu göstərir. Bu mübarizənin miqyas və nəticələri haqqında daha aydın təsəvvürə malik olmaq üçün cari ilin may ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən işlərə nəzər salmaq kifayətdir. Xatırladaq ki, 2024-cü ilin may ayında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə ölkə ərazisində toplam 31 əməliyyat həyata keçirilib. Bu əməliyyatlar nəticəsində “qara bazar”dan dəyəri 13 milyon manat olan narkotik çıxarılıb, 4 mütəşəkkil dəstə zərərsizləşdirilib, 39 nəfər həbs edilib. Bütün bu rəqəmlər Azərbaycan polisinin narkotik alverçilərinə qarşı sistemli və səmərəli mübarizəsindən xəbər verir. Polis milli-mənəvi dəyərlərimizin müdafiəçisidir! Qeyd edək ki, ölkəmizdə polis həm də milli-mənəvi dəyərlərin müdafiəçisi rolunda çıxış edir. Hansı ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə milli-mənəvi dəyərlərin qorunmasının xalqımızın və dövlətimizin gələcəyi baxımından həyati əhəmiyyət kəsb etdiyini bildirib, xalqımızın 44 günlük Vətən müharibəsində məhz bu dəyərlər sayəsində qalib gəldiyini vurğulayıb. Bu isə o deməkdir ki, polisin xalqımızın mənəvi dəyərlərinin keşiyində dayanması, milli əxlaq və dəyərlərə zidd olan hallara qarşı ciddi mübarizə aparması daxili işlər orqanı əməkdaşlarının milli dövlətçiliyimiz qarşısındakı tarixi xidmətidir. Onu da qeyd edək ki, polis əməkdaşları milli-mənəvi dəyərləri nümayişkəranə şəkildə pozan, qeyri-etik addımlar atan, əxlaqa zidd çağırışlar edən bu cür şəxslərə qarşı həm real həyatda, həm də internet resurslarında  - müxtəlif sosial şəbəkələrdə aktiv mübarizə aparır. Bu mübarizədə məqsəd qeyri-etik danışıq və davranışları ilə ictimai əxlaqa zidd addımlar atan şəxsləri cəzalandırmaqla yanaşı, həm də gənc nəsli bu cür zərərli təsirlərdən qorumaq, xalqımızın sağlam gələcəyini təmin etməkdir.  Bir sözlə, bu gün Azərbaycan polisinin çoxşaxəli fəaliyyəti ölkəmizdə ictimai sabitlik və təhlükəsizliyin təmini ilə yanaşı, həm də sağlam cəmiyyət və gəncliyin formalaşmasına hesablanıb ki, bu da ikiqat uğur, ikiqat nailiyyətdir. 2 iyul – Polis Günü ilə əlaqədar olaraq bütün polis əməkdaşlarını təbrik edir, onların hər birinə xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov beynəlxalq mükafata layiq görülüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov beynəlxalq mükafata layiq görülüb.   Veteran.gov.az xəbər verir ki, polkovnik Cəlil Xəlilov Beynəlxalq Millətlər İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Birliyi tərəfindən elm, vətənpərvərlik və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsindəki uzunmüddətli xidmətlərinə görə “Долг и Честь” ordeni ilə təltif edilib.   Məlumat üçün qeyd edək ki, Cəlil Xəlilov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktorudur.   

Hamısını oxu
130 min şəhid ailə üzvü və müharibə iştirakçısına 361 min xidmət göstərilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 67,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2219 şəxs 60,5 min reabilitasiya vasitəsi, o cümlədən 489 şəxs 598 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 23,7 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 11,8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 361 min xidmət göstərilib.

Hamısını oxu