Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan-Vyetnam əlaqələri: Dostluq və əməkdaşlıq nümunəsi

Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud əməkdaşlığın miqyasını və perspektivlərini aydın şəkildə ortaya qoydu. Əminliklə demək olar ki, Azərbaycan-Vyetnam əlaqələri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur. İki ölkə arasında münasibətlər dərin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslanır. Ölkə rəhbərinin müsahibəsi həm də strateji tərəfdaşlığa doğru yeni mərhələnin başlanğıcını simvolizə edir.

Dövlət başçısı Azərbaycanın və Vyetnamın yarım əsrdən artıq dostluq ənənəsinə malik olduğunu vurğuladı, yaxın keçmişi yada saldı. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana tarixi səfəri və 1983-cü ildə ümummilli lider Heydər Əliyevin Vyetnama səfəri bu əlaqələrin təməl sütunları olmuşdur. Bu səfərlər zaman-zaman dərinləşən ikitərəfli münasibətlərin başlanğıcı sayılır.

Xüsusilə 2014–2015-ci illərdə baş tutmuş qarşılıqlı dövlət səfərləri Azərbaycan–Vyetnam əlaqələrində yeni səhifə açdı. Həmin illərdə keçirilmiş Birinci Azərbaycan–Vyetnam biznes forumu, Hökumətlərarası Komissiyanın yaradılması, parlamentlərarası əməkdaşlıq və siyasi məsləhətləşmələr iki ölkənin münasibətlərinin institusional bazasını gücləndirdi.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Vyetnamla neft, energetika, sənaye, turizm, təhsil və mədəniyyət sahələrində geniş əməkdaşlıq potensialına malik olduğunu qeyd etdi. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə, Azərbaycan mütəxəssislərinin Vyetnam neft sənayesinin formalaşmasındakı rolu tarixi əməkdaşlığın mühüm göstəriciləridir.

Azərbaycan–Vyetnam mədəni əlaqələri də mühüm önəm daşıyır. Azərbaycanlı bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin qurulmasında rolu, Bakıda “Əfsanə yaradanlar” filminin nümayişi və Vyetnam Günləri kimi təşəbbüslər ortaq humanitar dəyərlərin təcəssümüdür.

Təhsil sahəsində də uzunmüddətli əməkdaşlıq mövcuddur. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması və onların bu gün yüksək dövlət vəzifələrində çalışması iki xalq arasında səmimi münasibətlərin nümunəsidir. Vyetnamda fəaliyyət göstərən Azərbaycan məzunları assosiasiyası bu əlaqələrin yaşamasına xidmət edir.


Xeyirxah əməlləri illərdir ölkə hüdudlarını aşan Heydər Əliyev Fondunun Vyetnamda məktəb tikintisi və digər sosial layihələri ölkəmizin humanitar diplomatiyasının mühüm göstəricisidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın bu ölkəyə son səfəri əməkdaşlığın humanitar aspektlərini daha da dərinləşdirir.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab Lamın ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcıdır. Bu səfər siyasi dialoqdan tutmuş iqtisadi və mədəni mübadiləyə qədər bir çox istiqamətdə əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.

Xüsusilə turizm, birbaşa aviareyslərin açılması, müştərək mədəni layihələr, ekologiya və səhiyyə üzrə təşəbbüslər qarşılıqlı maraq doğuran sahələr kimi ön plana çıxır. Ölkə rəhbərinin vurğuladığı kimi, vyetnamlı tələbələr üçün ayrılmış təqaüd proqramları və akademik mübadilə təşəbbüsləri də ikitərəfli münasibətlərin gələcəyinə sərmayədir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin yalnız keçmişə deyil, eyni zamanda gələcəyə də möhkəm əsaslandığını sübut edir. Bu münasibətlər dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq üzərində qurulub və proseslər göstərir ki, dostluq və strateji tərəfdaşlıq yeni dövrdə daha da inkişaf edəcək.

Prezidenti İlham Əliyevin Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında söylədiyi fikirləri bir daha xatırlarmaq yerinə düşər: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək”.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı

2025-05-09 22:31:12
2974 baxış

Digər xəbərlər

“Dövlət suverenliyinin tam bərpası əməliyyatı 8 Noyabr zəfərindən sonra ən böyük uğurumuzdur”

“2023-cü ilin 19-20 sentyabr tarixlərini əhatə edən dövlət suverenliyinin tam bərpası əməliyyatı xalqımızın, dövlətimizin 8 Noyabr zəfərindən sonra əldə etdiyi ən böyük uğur, ən böyük nailiyyətdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu əməliyyat suverenliyimizi bərpa etməklə yanaşı, bölgədəki separatizmə də son qoydu: “2023-cü ilin dövlət suverenliyinin tam bərpası əməliyyatı həm hərbi, həm də siyasi nəticələrinə görə olduqca unikal və təkrarsızdır. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirdiyi bu əməliyyat nəticəsində respublikamızın suverenliyi bərpa olundu. Bölgədə uzun müddətdir ki, mövcud olan separatizmə son qoyuldu. Bu, Azərbaycan dövləti, Azərbaycan xalqı adına ikiqat uğur, ikiqat nailiyyət oldu. Bu gün suverenliytimizin tam bərpasından iki il ötür. Hazırda respublikamızın hər bir guşəsində Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Vaxtiylə xalqımıza qarşı ağır cinayətlər törədən erməni separatçıları bu gün Bakı Hərbi Məhkəməsində törətdikləri qanlı əməllərə görə cavab verməkdədirlər. Onlar xalqımıza qarşı törətdikləri cinayətləri bütün dünyanın gözləri qarşısında etiraf edirlər. Bütün bunlar dövlətimizin gücünün, Prezidentimizin qətiyyətimizin isbatıdır. Mən 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bütün veteranlar adından xalqımızı təbrik edir, hər bir vətəndaşı bundan sonra da dövlətimiz, prezidentimiz ətrafında sıx birləşməyə çağırıram. Unutmamalıyıq ki, gələcək uğurlarımızın açarı birliyimiz, həmrəyliyimizdir”. Seymur ƏLİYEV

Hamısını oxu
General-leytenant Hüseyn Rəsulbəyov

Sovet dövründə bizim xeyli tanınmış hərbi sərkərdəmiz olub. Onların sıra-sında general-leytenant Hüseyn Rəsulbəyovun xüsusi yeri və dəsti-xətti vardır. Müharibədən əvvəl təhsil və əmək fəaliyyətə başlaması, texniki işlərlə məşğul olması, hərbi akademiyanı bitirdikdən sonra döyüşən orduya, müharibəyə yollanması, orada özünü əsl komandir və mütəxəssis kimi göstərməsi onun peşəkarlığından və parlaq gələcəyindən xəbər verirdi. Bir məsələni açıq şəkildə söyləmək istəyirəm. Sovetlər dönəmində qeyri-slavyan millətindən olan insanların ali vəzifələrə təyin olunması, yüksək rütbələr alması heç də asan məsələ deyildi; səbəb də o idi ki, qeyri-slavyan millətindən olan insanlara o qədər də inanmırdılar. Bu stereotipləri qırmaq yüksək professionallıq tələb edirdi, gərək digərlərindən mütləq dərəcədə fərqlənəydin ki, səni yüksək vəzifəyə təyin edəydilər. Uzun müddət işinlə, əməlinlə sübut yetirməliydin ki, sən professionalsan, sən düzgün insansan, sən ədalətlisən, sən işini bilənsən, yüksək təşkilatçılıq bacarığın var, idarəetmə qabiliyyətinə maliksən. Bu xüsusiyyətlərə malik olmaq sovet dövründə asan məsələ deyildi və Hüseyn Rəsulbəyov general-leytenant rütbəsinə yüksələrək Azərbaycanın adını xeyli ucaltmışdır. Rəsulbəyov 1941-ci ilə Moskvada F.E. Dzerjinski adına Hərbi Mühəndislik Akademiyanı bitirmiş ilk azərbaycanlı olub. O, hava hücumundan müdafiə sisteminin zenit-raket qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır. Rəsulbəyov sayılıb-seçilən generallardan idi. Hər bir Azərbaycan gənci üçün, hər bir Azərbaycan zabiti üçün onun 40 illik xidmət dövrü gözəl bir nümunədir. Ona görə də tarixdə belə şəxsiyyətlər qalmalıdır və qalır. Onun keçdiyi həyat yolu, fəaliyyəti dərindən öyrənilib gənclərimizə, zabitlərimizə, əsgərlərimizə çatdırılmalıdır. Azərbaycan ictimaiyyəti onun haqqında geniş məlumata malik olmalıdır. General-leytenant H. Rəsulbəyov həm Moskvada, həm də keçmiş Sovet İttifaqının müxtəlif yerlərində, hətta uzaq Misirdə, Qvineya-Bisauda, Əfqanıstanda və digər xarici ölkələrdə xidmət etmişdir. Hərbi xidmətdən sonra Azərbaycanın rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın şəhər və kəndlərinin telefonlaşmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsi və yenilənməsində xüsusi xidmətləri olmuşdur. Qədirbilən Azərbaycan xalqı general-leytenant Hüseyn Rəsulbəyovun ölkəmiz qarşısında xidmətlərini heç vaxt unutmayacaqdır. Mən də 40 ildən artıq hərbi sahədə xidmət etmişəm. Biz kursantlar vaxtilə belə sərkərdələrin adını eşidəndə, azərbaycanlılar arasında belə generalların çıxmasını görəndə çox sevinir və fəxr edirdik. Onlar həmişə bizim fəxrimiz, tariximizdilər, Azərbaycan tarixində xüsusi xidmətləri olan insanlardılar. Bunları biz heç vaxt unutmamalıyıq. General-leytenant Hüseyn Rəsulbəyov Vətənimiz üçün yüzlərlə peşəkar hərbiçinin yetişdirilməsində iştirak etmiş, Azərbaycanın inkişafı üçün önəmli addımlar atmışlar. Azərbaycanda rabitə kommunikasiyaların qurulmasında da onun böyük xidmətləri var. Ona görə biz ona minnətdarıq, fəxr edirik ki, Azərbaycan tarixində belə generallar var. Çox istəyərdik ki, general arzusunda olan zabitlərimiz, əsgərlərimiz, gənclərimiz elə insanların həyat yolunu özlərinə nümunə götürsünlər, onlar kimi çətinlikləri keçməyi, hörmət qazanmağı bacarsınlar. Görkəmli sərkərdə və dövlət xadimi general-leytenant Hüseyn Rəsulbəyov Azərbaycan tarixində, onun hərbi salnaməsində əbədi olaraq yaşayacaqdır.    Polkovnik Cəlil XƏLİLOV,  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının sədr müavini,  Azərbaycan Respublikası Prezidenti yanında  Dövlət İdarəçiliyi Akademiyasının dosenti,  siyasi elmlər üzrə fəlsəfə doktoru  

Hamısını oxu
“Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda konfrans keçirilib

18 mart 2025-ci il saat11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda konfrans keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov konfransı açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən polkovnik Cəlil Xəlilov “Konstitusiya və Suverenlik İli”nin önəminə toxunub, bu istiqamətdə görülən və görüləcək işlərə diqqət çəkib: “ Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi, ölkənin hüquqi və siyasi sisteminin əsas prinsiplərinə, eləcə də dövlətin suverenliyinin qorunmasına diqqət çəkən mühüm bir addımdır. Bu il ərzində keçiriləcək tədbirlər, Azərbaycan xalqının müstəqilliyinin və dövlətçiliyinin gücləndirilməsinə xidmət edəcək və bu mövzuların daha geniş ictimaiyyətə çatdırılmasına imkan yaradacaq. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlər planı təsdiq edilib və bu plana əsasən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.  Bugünkü konfransın keçirilməsində əsas məqsəd “Konstitutsiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” ideyası üzərində fokuslanmaqdır. Konstitusiya və suverenlik dövlətin daxili və xarici siyasətində əsas müstəvidir və bu mövzunun müzakirəsi ölkəmizin gələcək inkişafı, hüquqi sabitliyi və milli təhlükəsizliyinin qorunması üçün çox vacibdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında suverenliyimiz, dövlət təhlükəsizliyimiz yüksək səviyyədə qorunmaqdadır. Bu müstəvidə Azərbaycan Silahlı Qüvvələri, xüsusi xidmət orqanlarımız və digər dövlət qurumları böyük əmək və fədakarlıq sərf etməkdədir. Lakin Konstitusiya və Suverenliyimizin qorunması, dövlət təhlükəsizliyimizin təmini elə vacib və həyati məsələdir ki, bu prosesdə cəmiyyətimizin hər bir fərdi, eləcə də gənclərimiz və veteranlarımız fəal iştirak etməli, bu prosesə davamlı şəkildə öz töhfələrini verməlidir. Biz Ulu öndər Heydər Əliyevdən miras qalan dəyər və ənənələri, eləcə də Konstitusiyamızı, Prezident İlham Əliyev tərəfindən tam təmin edilən Suverenliyimizi qorumalı, bu irsi tarixi bir əmanət kimi gələcək nəsillərə  çatdırmalıyıq”. Daha sonra Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Rüstəm Səlimov, Müdafiə Nazirliyi Şəxsi Heyət  Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov, Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli, Dövlət İdarəçilik Akademiyasının  III kurs tələbəsi  Nəzrin Abdullayeva, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, Birinci Qarabağ müharibəsi və Əmək veteranı İmran Əbilov, Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev, Şuşa Rayon Veteranlar Təşkilatının sədri Ağalar Əliyev çıxış ediblər. Tədbirdə Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abbasov, Xüsusi xidmət orqanlarının veteranı Roman Kazımov  və digər qonaqlar iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbir keçirib

Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, general-mayor Dadaş Rzayev Odlar Yurdu Universitetinin tələbə-müəllim heyəti ilə görüşüb. Universitetin rektoru, professor Əhməd Vəliyev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin və görüşlərin əhəmiyyətini qeyd edib. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu qurum, həmçinin general-mayor Dadaş Rzayevin döyüş yolu haqqında ətraflı məlumat verib. Görüşdə gənclərlə hərbi vətənpərvərlik mövzusunda ətraflı söhbət aparılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son dövrdə Milli Ordumuzun yüksək döyüş hazırlığı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində aparılan ardıcıl, düzgün, məqsədyönlü siyasətin ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəkləndiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Belə tədbirlərin elm-təhsil ocaqlarında, xüsusi ilə universitetlərdə mütəmadi keçirilməsinin gənclər üçün zəruri və əhəmiyyətli olduğunu qeyd edilib. Ölkəmizdə veteran hərəkatının gücləndirilməsində xidmətlərinə görə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı ilə “Veteranların qayğıkeşi” diplomu, həmçinin “General Səməd Bəy Mehmandarov” və “General Həzi Aslanov” yubiley medalları ilə təltif olunub.  

Hamısını oxu