Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan 8 Noyabr zəfəri ilə bütün regionda sabitlik və tərəqqini təmin edib”

Cəlil Xəllov: “Bu qələbə bütün dünyanın dövlətimizə münasibətini əsaslı şəkildə dəyişib”

“Veteran adı şərəfli olduğu qədər də məsuliyyətlidir və hər kəs bu məsuliyyəti dərk etməlidir”

Bu il 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində əldə edilən qələbənin 5-ci ildönümüdür. Moderator.az olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu əlamətdar tarixi hadisə ilə bağlı bəzi məsələləri şərh etməyə çalışdıq:

-44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə və 2023-cü ilin sentyabrın 20-də həyata keçirilən bir günlük antiterror tədbiri ilə torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyini tam bərpa etdi. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi fəaliyyəti olan bir təşkilatın sədri kimi bu qələbələrin Azərbaycanın tarixi taleyində oynadığı rolu necə qiymətləndirirsiniz?

-44 günlük Vətən müharibəsindəki qələbə Azərbaycan xalqının və dövlətinin tarixində, onun gələcək taleyinin müəyyən edilməsində həlledici rol oynadı. Vətən müharibəsində əldə edilən qələbə sayəsində Azərbaycan sadəcə işğaldakı torpaqlarını azad etmədi. Azərbaycan həm də özünü bir dövlət və xalq olaraq növbəti dəfə tarix qarşısında təsdiq etdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi bu böyük qələbə ilə sübut etdi ki, ordumuz öz xalqını, dövlətinin ərazi bütövlüyünü qorumağa qadirdir.

44 günlük Vətən müharibəsindəki qələbə ilə Azərbaycan dövləti öz suverenliyini də bərpa etmiş oldu. 30 ilə yaxın müddətində erməni işğalı altında qalan ərazilərimiz üzərində dövlətimizin faktiki nəzarəti bərpa edildi.

Qələbə Azərbaycana siyasi baxımdan da böyük dividentlər qazandırdı. Hərb meydanında əldə edilən qələbə Azərbaycanın diplomatik sferadakı mövqeyini möhkəmləndirdi. Azərbaycan danışıqlar masasına qalib tərəf kimi əyləşdi. 2020-ci ilin 10 Noyabr üçtərəfli Bəyanatının timsalında  Ermənistan kapitulyasiyaya bərabər sənəd imzaladı ki, bu da diplomatiyamız adına tarixi uğurdur.

Qələbə Azərbaycanın nüfuzunun beynəlxalq müstəvidə ciddi şəkildə artmasına, qlobal güclərin ona olan münasibətinin əhəmiyyətli dərəcədə dəyişilməsinə səbəb oldu.

Vətən müharibəsindəki qələbə mənəvi baxımdan da Azərbaycana böyük üstünlüklər qazandırdı. Bu qələbə milli qürur, özünəinam hissinin artmasına, xalqımızın özünün-özünə olan inamının güclənməsinə səbəb oldu. Qalib xalq, qalib dövlət imici post-müharibə dönəmindəki proseslərə daha qətiyyətlə yanaşmağımızı təmin etdi. Bir sözlə, bu qələbə xalqımızın və dövətimizin həyatında müsbət mənada yeni bir dönəmin başlanğıcı oldu.

-Bəzən yanlış olaraq rəhbərlik etdiyiniz Təşkilatının fəaliyyəti yalnız İkinci Dünya müharibəsi ilə məhdudlaşdırılır. Halbuki bu gün Təşkilatın sıralarında Əfqanıstan, hər iki Qarabağ müharibəsinin veteranları və digər kateqoriyadan olan veteranlar təmsil olunurlar. Müxtəlif kateqoriyadan olan veteranlarla işin qurulması, onların qarşılaşdıqları problemlərin həlli barədə nə deyərdiniz?

-Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından da göründüyü kimi, həm müharibə, həm də əmək və Silahlı Qüvvələr veteranlarını əhatə edir. Bu baxımdan bizim Təşkilatın fəaliyyətini yalnız İkinci Dünya müharibəsi veteranları ilə əlaqələndirmək yanlışdır. Çünki bizim Təşkilatda həm Qarabağ, həm də sovet dönəmində məhəlli müharibələrdə iştirak edən şəxslər təmsil olunur. Silahlı Qüvvələr və əmək veteranları da çoxsaylı veteranlarımızın ayrılmaz tərkib hisəsi kimi Təşkilatımızın fəaliyyətində yaxından iştirak edir.

Veteranlarla iş, bu işin günün tələbləri səviyyəsində qurulması hər zaman vacib və aktual məsələlərdən biri olub. Bu gün biz veteranlarla işimizi daha çevik və praqmatik baxımdan faydalı şəkildə qurmağa çalışırıq. Hər şeydən öncə onların arzu və istəkləri ilə maraqlanır, üzləşdikləri problemləri müəyyən edirik. Bundan sonra həmin problemlərin həlli istiqamətində konkret addımlar atır, bu problemlərin həllinə cəhd edirik. Bunun üçün ilk növbədə əlaqədar dövlət qurumları qarşısında məsələ qadlırır, həmin veteranla bu qurumları birbaşa əlaqələndirməyə çalışırıq.

Apardığımız müşahidələr göstərir ki, bir sıra problemlərin kökündə veteranların üzləşdikləri çətinliklə bağlı lazımi dövlət qurumuna müraciət etməməsi dayanır. Buna görə də biz dövlət qurumları ilə veteranlar arasında bir növ körpü rolunu oynamağa çalışır, onları əlaqələndirir və lazım gələrsə, həmin qurumlar qarşısında təkliflərlə çıxış edirik. Məqsədimiz veteranları narahat edən məsələlərin qısa zamanda həlli, onların dövlətimizin imkanlarından, sosial qayğı siyasətindən maksimum faydalanmasını təmin etməkdir.

Veteranların dövlət maraqlarımız, milli marqlarımız ətrafında səfərbər edilməsi, onlarla bu yöndə ardıcıl işin aparılması da Təşkilatımızın fəaliyyətində mühüm yer tutur. Çünki heç kimə sirr deyil ki, Vətən müharibəsindən sonra anti-Azərbaycan qüvvələrinin fəaliyyəti aktivləşib. Onlar cəmiyyətimiz daxilində aktiv iş aparmağa, müxtəlif gərginliklər yaratmağa çalışırlar. Bizim isə bir Təşkilat olaraq qarşımızda duran əsas vəzifələrdən biri bu cür süni gərginliklərin baş verməməsi üçün veteranlar və gənclər arasında aktiv iş aparmaq, onların dövlətimiz, Prezidentimiz ətrafında sıx birləşməsini təmin etməkdir.

-Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Bununla yanaşı, ölkəmizin dünya birliyindəki mövqeyi daha da möhkəmlənib. Bu barədə fikirləriniz eşitmək maraqlı olardı.

-Təbii ki, 44 günlük Vətən müharibəsindəki qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də ölkəmizlə bağlı ciddi yeniliklərə yol açdı. 8 Noyabr zəfəri göstərdi ki, Azərbaycan sadəcə iqtisadi gücünə görə deyil, həm də hərbi gücünə görə regionun lider dövlətidir və Cənubi Qafqazın gələcək taleyi əsaslı dərəcədə Azərbaycandan, onun mövqeyindən və yürütdüyü siyasətdən asılıdır.

Bu qələbə dünyanın Azərbaycana olan baxışını da ciddi şəkildə dəyişdirdi. Bugünə qədər Azərbaycanın torpaqlarının işğal altında qalmasından istifadə edərək dövlətimizə siyasi, iqtisadi və digər müstəvilərdə təzyiq göstərməyə çalışan qlobal güclər, 8 Noyabr Zəfərindən sonra bu imkandan məhrum oldular. Onlar Azərbaycana təzyiq göstərmək üçün bugünə qədər istifadə etdikləri imkan və vasitəni birdəfəlik itirdilər.  

8 Noyabr zəfəri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırdı. Vaxtiylə Azərbaycanın gücünə şübhə edən, onun daha bir neçə il məğlub statusunda qalacağını güman edən güclər, 8 Noyabr zəfəri ilə məyus oldular. Onların Azərbaycanı siyasi-psixoloji təzyiq içində saxlamaq siyasəti ortadan qalxdı. Dünya qalib Azərbaycan gerçəyi ilə barışmaq məcburiyyəti qarşısında qaldı.

-5 illiyini qeyd edəcəyimiz Zəfərin Təşkilatınızın dünya ölkələrinin veteran təşkilatları ilə əlaqələrə hansı təsirləri olub?

-Biz Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatı olaraq hər zaman dünya veteran təşkilatları ilə sıx əlaqələr qurmağa çalışmışıq. Çünki bu əlaqələr bizə sadəcə veteranlarla bağlı məsələlər ətrafında geniş fikir və təcrübəsi mübadiləsi aparmaqla yanaşı, həm də Azərbaycan həqiqətlərini daha geniş miqyasda təbliğ etmək imkanı qazandırır.

Biz işğal dönəmində digər veteran təşkilatlarının nümayəndələri ilə görüşlərimizdə Ermənistanın işğalçılıq siaysətindən bəhs edir, Azərbaycan həqiqətlərinin təbliğinə xüsusi diqqət göstərirdik. Bu gün isə biz qalib xalq, qalib dövlət olaraq günümüzün həqiqətlərini qürur hissi ilə, qələbə sevinci ilə təbliğ edirik.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq keçirdiyimiz görüş və tədbirlərdə 8 Noyabr zəfəri, eləcə də bu zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə dövlətimizin apardığı abadlıq işləri haqqında geniş məlumat verir, beynəlxalq birliyi bununla bağlı məlumatlandırmağa çalışırıq. Nümunə olaraq qeyd edim ki, biz 2025-ci ilin aprel ayında İkinci Dünya müahribəsində faşizm üzərindəki qələbənin 80 illiyi münasibətilə Dağıstanda keçirilən beyməlxalq Forumda da 8 Noyabr zəfərinə, Prezident İlham Əliyevin və onun rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkdik. Çıxış və müsahibələrimizdə vurğuladıq ki, 8 Noyabr Zəfəri xalqımızın tarixi qəhrəmanlıq ənənəsinin davamıdır və bu qələbə bütün anti-Azərbaycan qüvvələrinə verilən tarixi mesaj, tarixi cavabdır.

-Son vaxtlar sizin keçirdiyiniz çoxsaylı tədbirlərdə də Zəfərimizin milli ruhun dirçəlməsindəki əvəzsiz rolu vurğulanır, gənclərin onlara bəslənən etibarı, inamı doğrultmalarının qüruru yaşanılır. Bütün bunlar sıralarınızın genişlənməsinə necə təsir göstərir?

-Təbii ki, bütün bunlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sıralarının genişlənməsinə də öz müsbət təsirini göstərir. Belə ki, təxminən son bir ildə üç mindən çox Vətən müahribəsi iştirakçısı Təşkilatımızın sıralarına qatılıb ki, bu da bizi sevindirir.

Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində qələbənin əldə edilməsində gənclərimizin ortaya qoyduğu şücaət, milli vətənpərvərlik ruhu həlledici rol oynadı. Bu həqiqət Müzəffər Ali Baş Komandan İlham Əliyevin də çıxışlarında öz əksini tapıb. Cənab Prezident müsahibə və çıxışlarında dəfələrlə qeyd edib ki, qələbə Azərbaycan gəncliyinin gücü, qətiyyəti, vətənpərvərliyi, mili-mənəvi dəyərlərə bağlılığı sayəsində qazanılıb. Bu, Azərbaycan gəncliyinə, onun qəhrəmanlığına, vətən qarşısındakı xidmətlərinə verilən ən ali qiymətdir.

-Veteran adı şərəfli olmaqla, həm də böyük məsuliyyətdir. Gələcək fəaliyyətinizin konturlarını bu reallıq çərçivəsində necə cızardınız?

-Veteranlıq xüsusi və şərəfli status olmaqla yanaşı, həm də məsuliyyətdir. Odur ki, bu məsuliyyəti hər kəsin, hər bir veteranın dərk etməsi, bu məsuliyyətdən irəli gələn məsələlərə xüsusi həssaslıqla yanaşması vacibdir.

Veteranlar cəmiyyətimiz və gənclərimiz üçün örnəkdir. Bu baxımdan onların atdığı hər bir addım, işlətdikləri hər bir ifadə diqqət mərkəzində olur. Gənclər, yeniyetmələr veteranlara baxaraq onların davranışlarını özlərinə nümunə götürürür. Bunun üçün veteranların bu məsuliyyəti dərk etməsi, hər zaman hər bir situasiyada örnək şəxslər kimi davranması vacibdir.

Biz veteranlarla görüşlərimizdə tez-tez bu həqiqəti yada salır, onları bundan sonra da nümunəvi davranışlar sərgiləməyə çağırırıq.

Təəssüflər olsun ki, nadir hallarda da olsa, veteranlar arasında hansısa məsələ ilə bağlı aqressiv davranış sərgiləyənlər olur. Onlar öz arzu və istəklərini qeyri-hüquqi müstəvidə gerçəkləşdirməyə çalışırlar. Halbuki, Azərbaycan hüquqi dövlətdir və burada hər bir məsələ ancaq və ancaq hüquqn müstəvisində həll edilə bilər. Buna görə də hər hansı problemlə üzləşən veteranlarımızla müvafiq dövlət qurumları arasında əlaqə yaratmağa çalışır, hər bir narazılığın hüquqi müstəvidə həllinə cəhd edirik. Bu, bizim Təşkilatımızın gündəlik fəaliyyətinin bir hissəsidir. Veteranlara xidmət bizim borcumuzdur və biz hər zaman bu borca sadiqlik sərgiləməliyik. Çünki sabahkı gənclərin vəətnpərvərlik tərbiyəsinə təsir göstərən əsas amillərdən biri də bizim veteranlara münasibətimiz, onlara göstərdiyimiz qayğı və həssaslıqdır. Bu münasibət hər bir yeniyetmə, hər bir gəncə mesajdır. Onlar şahid olduqları münasibət sayəsində anlayırlar ki, vətənə xidmət müqəddəsdir və vətən qarşısında xidməti olan insana hər kəsin sonsuza qədər ehtiram göstərməsi vacibdir. 

Bu gün dövlətimiz şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara yüksək diqqət və qayğı göstərir. Həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva bu istiqamətdə mühüm dövlət layihələri, geniş proqramlar həyata keçirir. Biz bir Təşkilat olaraq həm də dövlətimizin şəhid ailələri, veteranlarla bağlı həyata keçirdiyi bu nəcib dövlət proqramları haqqında cəmiyyəti məlumatlandırır, hansısa təsadüf nəticəsində bu proqramlardan yararlana bilməyən veteranlarımızın bundan faydalanmasını köməklik göstəririk.

-Cəlil müəllim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq hansı səviyyədədir?

-Bizim Azərbaycan Silahlı Qüvvələri, ayrı-ayrı qoşun növləti ilə geniş əməkdaşlığımız mövcuddur. Keçirdiyimiz əksər tədbirlərdə həm Müdafiə Nazirliyinin, həm də Dövlət Sərhəd Xidməti və DİN-nin Daxili Qoşunlarının zabit və kurstantları iştirak edir. Biz onlarla birlikdə gənclərlə görüşlər keçirir, qəhrəmanlarımızın tanıdılması, hərb tariximizin daha dolğun öyrənilməsi istiqamətində birgə fəaliyyət ortaya qoyuruq.

Hərbi hissələrdə görüş və tədbirlərin keçirilməsi, veteranların hərbi hissələrdəki şəxsi heyət qarşısındakı çıxışlarının təmin edilməsi, hərb tariximizlə bağlı əlamətdar günlərdə Təşkilatımızda birgə tədbirlərin keçirilməsi və s. də bizim Azərbaycan Silahlı Qüvvələri ilə birgə fəaliyyətimizin əsas istiqamətlərindən biridir.

İnanıram ki, yaxın gələcəkdə Təşkilatımızla Silahlı Qüvvələrimiz arasındakı əlaqələr daha da genişlənəcək, bu əməkdaşlıq daha çox gəncin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verəcək.

Seymur ƏLİYEV

2025-06-10 11:54:47
2942 baxış

Digər xəbərlər

“Komanda qüvvələrinə məxsus yeni hərbi hissənin açılışı ordumuzdakı sürətli inkişafdan xəbər verir”

Cəlil Xəlilov: “Azərbaycan müasir ordu modelinə malikdir və bu istiqamətə səylərini uğurla davam etdirir”   “Komanda qüvvələrinə məxsus yeni hərbi hissənin açılışı ordumuzdakı sürətli inkişafdan xəbər verir”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, son bugünlərdə Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Kəlbəcərdə yeni hərbi hissənin açılışı dövlətimizn öz müdafiə və təhlükəsizliyinin təmininə verdiyi önəmi göstərir:   “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Hansı ki, ötən il dekabrın 24-də dövlət başçısı Hadrutda birinci komando hərbi hissəsinin açılışında iştirak etmiş, yeni yaranan bu hərbi qüvvələrin önəmindən bəhs etmişdi.   44 günlük Vətən müharibəsi bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin gücünü, yüksək döyüş hazırlığını ortaya qoymaqla yanaşı, xüsusi təyinatlı qüvvələrimizin qeyri-adi bacarığını da bütün dünyaya göstərdi. Müharibə bir daha göstərdi ki, müasir hərbi əməliyyatlarda elit hərbi hissələrə, peşəkar döyüşçülərə ehtiyac daha böyükdür və bir çox hallarda müharibənin taleyinə onların təsiri daha həlledici olur. Bu baxımdan Kəlbəcərdə ikinci komanda hərbi hissəsinin açılışını dövlətimizin müasir ordu modelinə keçidi baxımından mühüm hadisə kimi dəyərləndirirəm. Hesab edirəm ki, komanda qüvvələrinin artırılması dövlətimizin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasını təmin edəcək, ordumuzun döyüş qabiliyyətini gücləndirəcək”.   Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev hərbçilər qarşısındakı çıxışında vətənpərvərlik tərbiyəsinin önəminə toxunub, 44 günlük Vətən müharibəsində ordumuzun qələbə qazanmasında bu amilin çox böyük rol oynadığını qeyd edib:   “Kəlbəcərdə komanda qüvvələrinə məxsus hərbi hissənin açılışında çıxışı zamanı dövlət başçısı bir daha vətənpərvərlik tərbiyəsinin əhəmiyyətinə diqqət çəkdi. Ali Baş Komandan vurğuladı ki, torpaqlarımız işğal altındda qaldığı müddətdə Azərbaycanın həm iqtisadi, həm də hərbi baxımdan güclənməsinə səy göstərilməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin inkişafına da xüsusi önəm verilib, bu məsələdə hər zaman diqqət mərkəzində saxlanılıb. Ölkə başçısı açıq şəkildə qeyd etdi ki, “Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər”.   Dövlət başçısının bu açıqlaması gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dövlətimizin müstəqilliyi, təhlükəsizliyi, etibarlı şəkildə müdafiəsi baxımından nə qədər mühüm rol oynadığını bir kəs daha göstərir. Bu isə o deməkdir ki, bütün əlaqədar dövlət və qeyri-hökumət təşkilatları, eləcə də veteranlar təşkilatları aktiv olmalı, bu istiqamətdəki səylərini gücləndirməlidir. Unutmamalıyıq ki, sabahımız gənclərimizdən, onların vətənpərvərlik tərbiyəsindən, xalqa, doğma torpağa sevgi və bağlılığından asılı olacaq. Odur ki, hər bir veteran və veteranlar təşlilatı Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləməli, gənclərlə aktiv iş aparmalı, onları doğru yola yönəltməlidir. Biz 8 Noyabr zəfərinin nəticələrini, o cümlədən, ordumuzun, xalqımızın, cəmiyyətimizin vətənpərvərlik əzmini qoruyub saxlamalıyıq. Milli maraqlarımız, dövlətimizin və xalqımızın maraqları bunu tələb edir”.

Hamısını oxu
27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdür

Hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bugününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Xalqın gücü, mübarizə ruhu həmin anlarda özünü bütün əzəməti ilə büruzə verir. Azərbaycan xalqı üçün bu cür mühüm tarixi anlardan biri 27 Sentyabr - Anım Günüdür.  Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamla əbəiləşdirdiyi bu gün yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda yaşayan azərbaycanlılar tərəfindən də ehtiramla qeyd olunur.   Xatırladaq ki, 2020-ci ilin 27 sentyabr tarixində əks-hücumla torpaqlarımızın erməni faşizmindən azad edilməsi uğrunda mübarizəyə başlayan Azərbaycan Ordusu, bu müqəddəs missiyanın öhdəsindən bacarıqla gəlmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bununla da 30 ildən çox davam edən erməni işğalına son qoyulmuş, Azərbaycan təkbaşına, öz gücü və imkanları ilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına nail olmuşdur.   Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etməmiş, həm də milli qürurunu, milli ləyaqətini bərpa etmiş, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşmişdir. Bu həqiqət Prezident İlham Əliyevin çıxışlarında da öz əksini tapmış, Müzəffər Ali Baş Komandan tərəfindən dəfələrlə dilə gətirilmişdir. Dövlət başçısının 2021-ci ilin 27 sentyabr tarixində xalqa etdiyi müraciət buna sübutdur. Prezident İlham Əliyev həmin tarixi müraciətində demişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.   Göründüyü kimi, dövlət başçısı 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi zəfəri milli ləyaqətimizin bərpası baxımından da yüksək qiymətləndirir, buna xüsusi önəm verir. Bu fakt bir daha göstərir ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabr tarixində başa çatan 44 günlük Vətən müharibəsi bütün parametr və müstəvilərdə dövlətimizin maraqlarını təmin etmiş, onun inkişafında, yüksəlişində yeni bir dönəmin başlanğıcını qoymuşdur.   27 sentyabr tarixi, həm də xalqımızın milli birlik və həmrəylik günü kimi xarakterizə edilə bilər. Çünki 27 sentyabr tarixindən 10 noyabr gününə qədər baş verənlər göstərdi ki, Azərbaycan xalqı dar məqamda öz Prezidentinin, ordusunun ətrafında yumruq kimi birləşməyi bacarır. Nəinki bacarır, bu birliyi qoruyub saxlamaq, onu zəfərə çevirmək üçün əlindən gələni əsirgəmir, bu yolda əsl fədakarlıq sərgiləyir. Bu baxımdan, əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərə görə, həm də xalqımızın birliyinə və həmrəyliyinə borcluyuq.   Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə həmrəyliyimizin oynadığı rol Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Dövlət başçısı müxtəlif müsahibə və çıxışlarında 44 günlük Vətən müharibəsindəki qələbəmizdə xalqımızın həmrəyliyinin mühüm rol oynadığını xatırladıb, eyni zamanda, bu həmrəyliyi qoruyub saxlamağın vacibliyindən bəhs edib.   44 günlük Vətən müharibəsi bizə,  həm də vətənpərvər gəncliyin önəmini, bu gəncliyin hansı xarüqələr yarada biləcəyini göstərdi. Bu müharibə sübut etdi ki, dövlətin, xalqın gələcəyi, ərazi bütövlüyü, təhlükəsizliyi həm də onun gənclərinin vətənprəvərlik ruhundan önəmli dərəcədə asılıdır. 44 günlük Vətən müharibəsində öz gücünü vətən sevgisindən alan Azərbaycan gəncləri düşməni 30 ildir ki, möhkəmləndiyi istehkamlardan çıxaraq qaçmağa, təslim olmağa vadar etdi. Bu fakt bir daha gənclərimiz arasında vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsinin, onlara milli-mənəvi dəyərlərə bağlılığının qorunub saxlanılmasının son dərəcə vacib olduğunu göstərdi.   Yada salaq ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetindəki çıxışında gənclərin vətənprəvərlik ruhunda yetişdirilməsinin önəmindən bəhs edərək 44 günlük Vətən müharibəsini yada salmış, Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıqları xatırlatmışdır: “Bildiyiniz kimi, 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və bildiyimə görə, dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz”.   Dövlət başçısı cari il sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı zamanı da bu faktora toxunmuş, vətənprəvər gəncliyin önəminə diqqət çəkmişdir: “Bir məsələyə də toxunmaq istərdim. Mən üç gün bundan əvvəl Xankəndidə Qarabağ Universitetinin açılışında bunu demişəm, bir də demək istəyirəm. Məsələnin vacibliyi bunu diktə edir ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?! Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır”.   Dövlət başçısının səsləndirdiyi bu fikirlər, heç şübhəsiz yaxın tariximizin inkaredilməz həqiqətlərindəndir. Hansı ki, bu həqiqətlər bizim hər birimizin qarşısında konkret vəzifələr qoyur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları qarşısında duran əsas vəzifələrdən biri gənclər arasında mütəmadi iş aparmaq, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsi, əcdadlarımızın qəhrəmanlıq ənənələrini öyrənməsini təmin etməkdir. Bu məqsədlə də biz orta və ali təhsil müəssisələrində gənclərlə mütəmadi görüşlər təşkil edir, keçridiyimiz forum və konfranslara, tədbirlərə yaşlı nəslin nümayəndələri ilə yanaşı, həm də gəncləri dəvət edir, veteranlarla gənclərin görüşlərini keçiririk. İstəyirik ki, gənclər 44 günlük Vətən müharibəsi haqqındakı həqiqətləri bu müharibənin qəhrəmnanlarının dilindən eşitsinlər, onlarla bilavasitə təmasda olsunlar.   27 sentyabr həm də şəhdilərimizi Anım Günüdür. Biz xalq və dövlət olaraq 27 sentyabr tarixində onların qəhrəmanlığını yad edir, onlara sevgi və ehtiramımızı bildiririk. Lakin bu da bir həqiqətdir ki, biz şəhidlərimizi hər gün yad etməli, onların tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliği ilə bağlı iş aparmalıyıq və aparırıq da. Sevindiricidir ki, demək olar ki, hər gün, hər həftə ölkə mediasında bu barədə çoxsaylı məqalələr yer alır, televiziyalarımızda şəhdilərimizlə bağlı süjetlər nümayiş etdirilir. Bir sıra orta məktəblərdə siniflərə şəhidlərin adının verilməsi, şəhid ailələri ilə görüşlərin keçirilməsi, şəhdilərimizlə bağlı sənədli filmlərin hazırlanması və s. buna nümunədir. Biz da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatıə olaraq tez-rez şəhid ailələri ilə görüşlər keçirir, onları evlərində ziyarət edir, qayğı və istəkləri ilə maraqlanırıq. Bu, hər şeydən önzə bizim mənəvi borcumuz, vətəndaşlıq vəzifəmizdir.   Qeyd edək ki, Prezident İlham Əliyev bu il fevralın 14-də andiçmə məraisimindəki çıxışında bir daha şəhidlərə olan borcumuzu yada salmış, Qarabağa qayıdışımızın onların qəhrəmanlığı sayəsində reallaşdığını vurğulamışdır: “...Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.   Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq”.   Bu gün Azərbaycan xalqı Anım Gününü öz suverenliyini təmin etmiş bir ölkə olaraq qeyd edir. İnanıram ki, illər, əsrlər bundan sonra da xalqımız öz ərazi bütövlüyü və suverenliyini əzmlə qoruyacaq, öz həyatı bahasına ona azad, ləyaqətli həyat bəxş edən şəhidlərimizin xatirəsini hər zaman minnətdarlıq hissi ilə yad edəcək.   Polkovnik Cəlil Xəlilov   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsinin icraçısı  

Hamısını oxu
“Nəsillərin görüşü: Azərbaycan veteranları və vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib

16 fevral 2022-ci il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Müdafiə Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü: Azərbaycan veteranları və vətənpərvərlik tərbiyəsi”  mövzusunda tədbir keçirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində baş tutan tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq, veteranların vətənpərvərlik tərbiyəsindəki rolu, dövlətimizin gənclər siyasəti, Müzəffər Ali Baş Komandanın Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışından irəli gələn vəzifələrin icrası istiqamətində atılması gərəkən addımlar müzakirə edilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Daha sonra Azərbaycan Rerspublikasının Dövlət Himni səslənib, vətən uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   “Veteran adını, onun müqəddəsliyini qorumalıyıq!”   Polkovnik Cəlil Xəlilov dövlətin gənclərə olan diqqət və qayğısından bəhs edib, eyni zamanda gənclər qarşısında dayanan vəzifələrə toxunub:   “Hörmətli tədbirlər iştirakçıları! Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib, gənclərin ölkə həyatındakı roluna, eyni zamanda onlar qarşısında dayanan vəzifələrə toxunub. Xatırladım ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Lakin gənclərin missiyası bununla bitmir. Bu gün Azərbaycan gəncləri işğaldan azad edilən ərazilərdəki böyük quruculuq prosesində aktiv iştirak etməklə yanaşı, Azərbaycanın müstəqilliyinə, dövlətçilik maraqlarına düşmən olan qüvvələrə qarşı da mübarizələrini davam etdirməli, bundan sonra da dövlətçilik maraqlarımızın keşiyində ayıq-sayıq dayanmalıdırlar. Təəssüflər olsun ki, bəzən özünü qazi kimi təqdim edən müəyyən şəxslərin dövlət qurumlarına qarşı qanunsuz tələblər irəli sürməsi, aqressiya sərgiləməsi müşahidə edilir. Hər kəs bilməlidir ki, bütün hüquq və imtiyazlar qanunla tənzimlənir. Əgər hansısa vətəndaşın, yaxud qazinin hüququ pozulubsa, nədənsə narazıdırsa, bunu hüquqi yolla, qanuni şəkildə tənzimləməli, həmin problemi əlaqədar dövlət qurumlarına müraciət edərək həll etməlidir. Biz veteran adını, onun müqəddəsliyini qorumalı, atdığımız hər bir addımda bu ada layiq olmağa çalışmalıyıq”.   “44 günlük Vətən müharibəsində Azərbaycan düşmənə qarşı 10 milyonluq ordu ilə savaşdı”   Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov da Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən söz açıb, xalqın müharibədə ordunun yanında yer aldğını, hər vasitə ilə Azərbaycan Silahlı Qüvvələri ilə həmrəylik sərgilədiyini bildirib: “44 günlük Vətən müharibəsində Azərbaycan düşmənə qarşı 10 milyonluq ordu ilə savaşdı. Xalq çətin gündə öz ordusunun, Ali Baş Komandanının yanında oldu, düşmən üzərində zəfərin əldə edilməsi üçün əlindən gələni əsirgəmədi. Məhz xalqın dəstəyi ilə biz düşmənə layiq olduğu dərsi verdik, işğaldakı torpaqlarımızı azad etdik. Azərbaycan dövləti hər zaman veteranlara diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atıb. Bu işlər bu gün də davam edir. Mən buna görə Azərbaycan dövlətinə öz minnətdarlığımı bildirir, gənclərimizi bundan sonra da dövlətimizə dəstək verməyə, onun müstəqilliyinin, təhlükəsizliyinin keşiyində dayanmağa səsləyirəm”.   “Müstəqilliyimizi, dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumalıyıq”   Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərin 44 günlük Vətən müharibəsində sadəcə ön xətdə deyil, informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə apardığını bildirib: “44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyk qəhrəmanlıq və fədakarlıq sərgilədi, düşməni qısa zamanda darmadağın edərək dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Xalqımızın, gənclərimiz Azərbaycan ordusunun, onun Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bu tarixi qələbəyə öz töhfəsini verdi. Bu, Azərbaycanın son 200 illik tarixinin ən böyük qələbəsidir. Bizim hər birimizin müstəqilliyimizi, dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumalı, milli maraqlarımızın keşiyində dayanmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuz, vicdan borcumuzdur. İnanıram ki, gənclərimiz hər zaman olduğu kimi bundan sonra da dövlət maraqlarımızın keşiyində duracaq, dövlətimizi zəiflətməyə, onun imicinə kölgə salmağa cəhd edən qüvvələrə layiqli cavab verəcəklər”.   Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Vətən müharibəsi qazisi Kənan Kərimli, Elnur İsgəndərov və digərləri çıxış edib.   Vətən müharibəsi qaziləri onları maraqlandıran məsələlərlə bağlı təşkilatçılara suallar ünvanlayıb, milli maraqlarımızın keşiyində dayanmaqlarından qürur duyduqlarını bildiriblər.  Tədbirin sonunda  hərbi-vətənpərvərlik mahnısı ifa edilib, xatirə şəkli çəkilib.   Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Səbail, Nəsimi, Nizami və Yasamal Rayon Veteranları Təşkilatının nümayəndələri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, gənclər, tələbələr və qazilər iştirak edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti    

Hamısını oxu
İki dünyanın 46 yaşlı GENERALI

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür. Publika.az xəbər verir ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində, əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır. Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı olur. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman adı verilib. O, ailəli olub, 2 oğul və 1 qız atası idi. Yeni yaşın mübarək, cənab General!      

Hamısını oxu