Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Sizdəki yaranın özü bizdədir...” Türkiyə-Azərbaycan qardaşlığı Kahramanmaraşda bir daha tarix yazdı

2023-cü ilin fevral ayının 6-da baş verən dəhşətli zəlzələnin acısını hələ də unutmayan Kahramanmaraş xalqı üçün 2025-ci ilin iyun ayının 19-u həm təsəlli, həm də rəmzi bir yenidən doğuluş günü oldu. Məhz həmin gün bu qədim türk yurdunda “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasimi keçirildi.

Ən mühüm məqam isə mərasimdə iki qardaş dövlətin liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması idi. Bu mərasim təkcə bina və evlərin təqdimatı deyil, eyni zamanda insanların sevincinə, mənəvi birliyin möhkəmlənməsinə xidmət edən hadisə idi. Prezident Ərdoğan çıxışının əvvəlindən etibarən Azərbaycan xalqına səmimi təşəkkürlərini çatdıraraq vurğuladı ki, zəlzələnin ilk saatlarından başlayaraq Can Azərbaycan yardım əli uzatdı.

Yardım karvanları, səhra hospitalları, axtarış-xilasetmə dəstələri, könüllülər və həkimlər  Azərbaycanın həm dövlət, həm xalq səviyyəsində göstərdiyi bu həmrəylik türkiyəlilərin yaddaşında silinməz izlər buraxdı. “Hər addımda türkün alın təri, duası, ürəyi var” deyən Prezident Ərdoğan bildirdi ki, Azərbaycanın bu dəstəyi sadəcə maddi deyil, mənəvi dirənişin də bir hissəsidir. Bu yardım bir millətin digərinə göstərdiyi mərhəmət, sevgidir. Bu həm də “bir millət, iki dövlət” fəlsəfəsinin yaşadıldığının və real həyatın içində tətbiq olunduğunun bariz nümunəsidir.

Prezident Ərdoğanın çıxışının ən emosional anı isə mərhum türk şairi Abdülrahim Karakoçun Xocalıya və Qarabağa həsr etdiyi poetik misraları səsləndirdiyi məqam idi: “Sizdəki yaranın özü bizdədir...
Güllələr sizdədir, ağrı bizdədir...” Bu misralar sanki 30 illik Qarabağ həsrətini, Xocalı soyqırımının acısını, 2023-cü il zəlzələsinin dağıntısını tək cümlədə birləşdirən mənəvi körpü oldu. Ərdoğanın gözlərindəki dolğunluq, salondakı sükut, dinləyicilərin bəzən göz yaşlarına hakim ola bilməməsi həmin anın tarixi və emosional gücünü təsdiqləyirdi. Bu misralar bir millətin başqa bir millətin dərdinə necə şərik olduğunu, bir millətin digərinin acısına necə öz acısı kimi yanaşdığını göstərən qardaşlıq andı idi. Prezident İlham Əliyev mərasimdəki çıxışında bildirdi ki, Azərbaycan xalqı zəlzələni öz faciəsi kimi yaşadı. Zəlzələnin ilk günlərində on minlərlə azərbaycanlı yardım məntəqələrinə axışaraq Türkiyəyə dəstək nümayiş etdirdi. Azərbaycan yüzlərlə xilasedici, həkim, könüllü göndərdi. Təkcə Azərbaycan həkimləri tərəfindən 3200-dən çox insana tibbi yardım göstərildi, 53 nəfər dağıntılar altından sağ çıxarıldı.

 Tədbirdə hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi, “Azərbaycan” məhəlləsinə həsr olunmuş videoçarxın nümayişi və mədəniyyət mərkəzinin təməlqoyma mərasimi yeni bir dövrün başlandığını göstərirdi. Prezidentlər simvolik lenti kəsərək mənzillərlə tanış oldular, mülkiyyətçilərə açarların təqdim edilməsi isə bərpanın konkret nəticəyə çevrildiyinin sübutu idi. Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, bu günə qədər zəlzələ bölgəsində 250 minə yaxın mənzil, obyekt və iş yeri istifadəyə verilib. Kahramanmaraşda isə 2778 yeni mənzil və obyektin inşası davam edir, bunların 1200-ü “Azərbaycan” məhəlləsindədir. Burada məktəb, uşaq bağçası, parklar və Heydər Əliyev adına orta məktəb də fəaliyyət göstərəcək. Prezidentlər çıxışlarında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinə də toxunaraq bu sənədin Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırdığını vurğuladılar. Bu həm siyasi, həm də mənəvi müttəfiqlikdir. Ərdoğan ümidvar olduğunu bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması bu bölgədə dirçəliş prosesinə yeni nəfəs verəcək və Qarabağda, Laçında, Zəngilanda, Füzulidə baş verən inkişaf dalğası daha geniş coğrafiyaya yayılacaq. Sonda Prezident Ərdoğanın dərin mənalı sözləri və Azərbaycan - Türkiyə qardaşlığının təntənəli ifadəsi mərasimi daha da mənalı etdi:


“Burada atılan hər mismarda, vurulan hər daşda türkün alın tərini, qardaşlıq duasını görürsünüz.
Kahramanmaraşın qəlbində Azərbaycan möhürü var. Allah bu birliyi əbədi etsin!” Daha sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin təməlini onlayn formatda qoydular. Prezidentlər məhəlləni gəzərək burada inşa edilmiş mənzillərə və Heydər Əliyev adına ibtidai məktəb ilə uşaq bağçasına baxdılar. Balacalar böyük sevinc və təmənna ilə onları qarşıladı, məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısı səsləndi.

 Prezidentlər şagirdlərə qiymət cədvəllərini və məktəbli çantalarını təqdim etdilər. Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı, tədris materialları ilə tam təchiz olunmuş fənn otaqları, musiqi, rəsm, əmək dərsləri üçün xüsusi otaqlar, həmçinin texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların inkişaf etdirilməsi üçün emalatxanalar yaradılıb. Bu, gələcəyin vəhdətinə, bilikli və bacarıqlı nəsillərin yetişməsinə verilən ən gözəl töhfədir. Bu məhəllə və məktəb təkcə binalar deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının yaşayış nümunəsi, yenidən doğuşun, bərpa və ümidi simvoludur. Burada hər daşda, hər otaqda iki xalqın qəlbinin bir ritmi çalır  birlik, həmrəylik və gələcəyə inam.Bu dostluq və həmrəylik ruhu ilə gələcəkdə də bütün çətinlikləri birlikdə dəf edəcəyimizə, daha parlaq və firavan sabahlar quracağımıza əminik. Azərbaycan və Türkiyə  bir millət, iki dövlət, sonsuz qardaşlıq yolunda!

Cəlil Xəlilov:   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-06-20 15:06:28
3943 baxış

Digər xəbərlər

Azərbaycanlı gənc çoxjanrlı beynəlxalq musiqi müsabiqəsində Qran-pri mükafatı qazanıb

Sumqayıt Musiqi Kollecinin məzunu, gənc və istedadlı tarzən Fərid İmranlı 30 oktyabr 2025-ci il tarixində Bakıda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən “Talanttar Alemi” çoxjanrlı beynəlxalq musiqi müsabiqəsində böyük uğura imza atıb. Gənc tarzənin müsabiqədə ifa etdiyi Həsən Rzayevin “Çahargah” rapsodiyası müsabiqənin ən ali mükafatına - Qran-priyə layiq görülüb. Müsabiqədə Fərid İmranlını pianoda konsertmeyster Sevinc Süleymanova müşayiət edib.   

Hamısını oxu
Sabirabadlı veteranlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasını ziyarət edib

Sabirabadlı müharibə veteranları Şirvan Şəhər Mərkəzi Xəstəxanasını ziyarət edib, tibbi heyətlə görüşüblər. Bu barədə veteran.gov.az-a Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib. Respublika Veteranlar Təşkilatını Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və müavini İslam Aslanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına səfər əsnasında xəstəxananın kollektivinə öz təşəkkürlərini bildirib, onlara şərəfli işlərində yeni-yeni nailiyyətlər arzulayıblar. Qeyd olunub ki, məhz həkimlərin fədakar əməyi nəticəsində 44 günlük Vətən müharibəsində xeyli sayda yaralıya yüksək səviyyəli tibbi yardım göstərilib, nəticə etibari ilə yüzlərlə insan həyata qaytarılıb. Terapeya və Qəbul şöbələrinin tibbi heyətinin, o cümlədən nevropotoloq Sabir həkim, Təranə həkim, tibb bacılarından Aysel xanım, Gülnarə xanım, Nəzrin xanım, Kəmalə xanım, Güllü xanımın əməyi xüsusilə yüksək qiymətləndirilib və təqdir olunub.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Yeni uşağı doğulmuş kişi və qadınlara şad xəbər

Prezident İlham Əliyevin təsdiq etdiyi dəyişikliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsindəki anlayışlar sırasına "Ailə vəzifələri olan işçi" anlayışı daxil edilib. Bu anlayış tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçini nəzərdə tutur. Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən biri sosial məzuniyyətlərlə bağlı müvafiq maddələrin “Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında" 1952-ci il, 183 nömrəli Konvensiyasına uyğunlaşdırılması məqsədi daşıyır. Təsdiq edilən dəyişikliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsinə yeni məzmunda 3-cü və 4-cü hissələr əlavə edilmişdir: “3. Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır. 4. Uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.”  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 9 May faşizm üzərində Qələbənin 73-cü ildönümü qeyd edilmişdir

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. Respublika Veteranlar Təşkilatının inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 80 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlavə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında o illərin mahnıları bu ovqatı daha da artırmışdır. Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar, ziyalılar, media nümayəndələri, gənclər iştirak etmişdirlər. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov çıxış etdi, hər kəsi 9 May faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibəti ilə səmimiqəlbdən təbrik etdi.   Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. O bildirdi ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Digər çıxış edən veteranlar onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolu, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Veteranlar hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Qələbə Bayramını tezliklə işğal altında olan torpaqlarımıza da qeyd ediləcəklərinə əminlik ifadə etdilər. Hərbi orkestrin ifasında Qələbənin 73 illik yubileyi münasibəti ilə hazırladığı konsert və bəstəkar Şahin Musaoğlunun hərbi-vətənpərvərlik mövzusunda mahnılardan ibrarət “Cənab leytenant” patriot qrupunun, Nuray Rəhman, Şəmistan Əlizamanlı və başqalarının ifasındakı musiqi proqramı, veteranların bayram əhval-ruhiyyəsini daha da artırdı. Sonda veteranlara hədiyyələr təqdim olundu.

Hamısını oxu