Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qadın Qəlbinin Cəbhə Səsi: Cəvahir Abbasovanın və Azərbaycan Xalqının Şanlı Mübarizəsi

Tarixdə elə dönəmlər olur ki, bir xalqın yalnız həyatı deyil, vicdanı, iradəsi, ruhu da sınağa çəkilir. 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi məhz belə bir dövr idi. Qan və barıtın içində bəşəriyyətin sarsıldığı, amma eyni zamanda insan ləyaqətinin, vətən sevgisinin ucaldığı illər idi. Bu müharibədə Azərbaycan xalqı təkcə səngərdə deyil, neft buruqlarında, zavodlarda, hospital və məktəblərdə, ürəklərində, dualarında döyüşdü. Azərbaycan bu müharibədə təkcə ön cəbhədə vuruşmadı. Arxa cəbhə qəhrəmanlığı ilə də ad yazdı tarixə. Bu xalqın övladları torpağın müdafiəsinə silahla, zəhmətlə və inamla qoşuldular. Xüsusilə Azərbaycan qadınlarının müharibədəki rolu zamanın yaddaşına əbədi həkk olundu. Onlar həm analıq etdilər, həm də cəbhə yoldaşı oldular. Ərini, oğlunu, qardaşını cəbhəyə yola salan qadın, sonra onun yerini zavodda, neft mədənində, hospitallarda, bəzən isə birbaşa döyüş meydanında tutdu. Bu qəhrəman qadınların sırasında Cəvahir Abbasova Rza qızının adı qürurla çəkilir. O, 1919-cu ilin oktyabrında Şəkidə dünyaya göz açdı. Uşaqlıq və gənclik illərinin sakitliyi 1943-cü ilin fevralında yerini fırtınaya verdi. Cəvahir könüllü olaraq cəbhəyə yollandı. Və o gündən etibarən artıq təkcə bir qadın yox, bir xalqın əzmini təmsil edən sima oldu. O, tibb xidməti kapitanı rütbəsinə qədər yüksəldi, 95-ci Hava Hücumundan Müdafiə Diviziyasında fədakarlıqla xidmət göstərdi. Qan içində, yaralıların harayları içində, bombalanmış hospitalların dağıntıları arasında o, həyat xilas edirdi. Zərif əlləri ilə sarıdığı hər yara əslində bir xalqın sağalmağa doğru atdığı addım idi. Onun qəhrəmanlığı dövlət tərəfindən bir neçə medalla təltif olundu:

·         “Qafqazın müdafiəsinə görə”

·         “Yaponiya üzərində qələbəyə görə”

·         “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”

Amma bu mükafatların ən böyüyü xalqın qəlbində qazanılan hörmət idi. Onun adı yaddaşlarda, irsi isə tarixdə yaşayır. Cəvahir Abbasova tək deyildi. Azərbaycan xalqı bu savaşda saysız qəhrəmanlar yetirdi. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general Həzi Aslanov, Azərbaycanın ilk qadın pilotu Leyla Məmmədbəyova, döyüş təyyarəçisi Züleyxa Seyidməmmədova kimi fədakarlar bir millətin necə ayağa qalxa bildiyini sübut etdilər. Onların igidliyi ilə 1944-cü ilin sonlarında düşmən SSRİ ərazisindən qovuldu. Bu zəfər təkcə silahın yox, inamın, ruhun, vətən sevgisinin qələbəsi idi. Azərbaycanın arxa cəbhədəki rolu isə ayrıca bir qəhrəmanlıq dastanıdır. Bakı nefti Sovet ordusunun döyünən ürəyi idi. Faşist Almaniyasının Qafqaz uğrunda apardığı mübarizənin əsas səbəbi məhz bu idi. 1941-ci ildə SSRİ-nin ümumi neft hasilatının 75%-i Azərbaycana məxsus idi. Bu zəfərin arxasında qadınlarımız dayanmışdı ki, onlar kişi işi hesab edilən sahələrdə - neft quyularında, metallurgiya zavodlarında, o cümlədən tikiş fabriklərində çalışmışdılar. Bunlar bəlkə də səssiz qəhrəmanlıqlar idi, amma böyük tarixlər məhz belə səssizliyin içində yazılır. Böyük Vətən Müharibəsi bir xalqın ruhunun, vicdanının imtahanı idi. Və Azərbaycan bu imtahandan alnıaçıq, başıuca çıxdı. Bu xalq Cəvahir Abbasova kimi qadınların, əməkçi neftçi qadınların və sadə kəndli analarımızın əli ilə öz şərəfini, ləyaqətini, torpağını qorudu. Bu gün biz azad nəfəs alırıqsa, o nəfəsin içində Cəvahir Abbasovanın tərləri, əsgərlərimizin qanı, analarımızın duaları var. Hər nəfəsimiz tarixlə yoğrulub, mübarizə ilə bəzənib, zəfərlə tamamlanıb. Unutmayaq: Bu tarix bizimdir. Bu zəfər bir millətin birlik ruhunun, bir xalqın vicdanla döyüşən qəlbinin nəticəsidir. Cəvahir Abbasova sadə bir Şəki qızı, lakin əzəmətli bir millətin qeyrət nümunəsidi. Bu gün gənc nəsil aynaya baxanda yalnız öz simasını deyil, Cəvahir Abbasova kimi qəhrəmanların əksini də görməlidir. Onun kimi olmaq cəsarətli olmaqdır, vicdanla yaşamaqdır, vətən üçün lazım gəldikdə hər şeydən keçməkdir. Çünki bəzən bir qadının əliylə sarılan yara, bir xalqın sağalmağa başlayan tarixidir. Və o tarix bizim tariximizdir.

Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-07-02 06:33:20
3884 baxış

Digər xəbərlər

Bakıda Rinoloqlarının II Beynəlxalq Konqresi

29-30 iyun 2024 tarixləria rasında Baku Flame Towers, Fairmont hoteldə keçirilən Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilmişdir. Konqresin əsas məqsədi otorinolarinqologiyada burun estetik əməliyyatları, o cümlədən burun ətrafı ciblərin endoskopik sinus cərrahiyyəsi sahəsində olan ən yeni nailiyyətləri müzakirə etmək, xüsusilə gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir. KonqresAzərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 20 DTT kredit balı ilə akkreditasiya olunmuşdur .“Rinologiyanın inkişafına Dəstək və Azərbaycan Otorinolaringologiya” cəmiyyətlərinin birgə həyata keçirdiyi Konqresin elmi proqramı Rinologiyanın müxtəlif problemlərinə həsr olunmuşdur. Beləki, Rinoplastika, Endoskopik Sinus Cərrahiyyəsi, buruna Dolğu Botoks prosedurlarının icrası, fəsadlaşmalar, fəsadlaşmalardan qaçınma yolları bütün incəliklərinə qədər ələ alınaraq müzakirə olunmuşdur. Konqresin 1 -ci günü panel və məruzələrdən, 2 -ci günü isə həm məruzə, həm də canlı cərrahiyyədən -Rinoplastika (ErenTaştan) və Endoskopik Sinus Cərrahiyyəsi (Babür Küçük, Süha Beton) üzrə masterklassdan ibarət olmuşdur. Konqresmizdə dünyaca məşhur Professor Eren Taştanilk dəfə Azərbaycanda RİNOPLASTİKA FƏLSƏFƏSİ VƏ CANLI CƏRRAHİYYƏ KURSU verib. O, Rinoplastika əməliyyatını bütün incəlikləri haqda çıxış etmiş və canlı əməliyyat, əməliyyat texnikaları əməliyyatxanadan birbaşa izlənmişdir.Azərbaycanın təcrübəli həkimləri, həm də Türkiyənin məhşur Universitet və klinikalarında tədris verən professor-müəllim heyəti tərəfindən həyata keçirilən konqresdə cərrah mütəxəssislər öz təcrübələrini, bilik və bacarıqlarını bölüşmüşlər. Dermatokosmetoloq İlker Yörük və patoloqanatom professor Selçuk Tunalı burunda təhlükəli zonalar, dolğu botoks fəsadlaşmaları və s. məqamları bütün detallarıyla anladaraq masterklass verib.

Hamısını oxu
İngilis və fransız əsirlərə azadlıq bəxş edən məşhur azərbaycanlı vəfat edib

Veteran.gov.az xəbər verir ki, dünən İkinci Dünya müharibəsi əlili, məşhur kəşfiyyatçı Məlikov Bağır İbrahim oğlu vəfat edib.  1924-cü ilin oktyabr ayının 1-də Bakının Nardaran qəsəbəsində anadan olan Bağır Məlikov, peşə məktəbində çilingərlik peşəsinə yiyələndikdən sonra gəmiqayırma zavodunda işə başlayıb. İkinci Dünya müharibəsinin başlanması ilə qardaşları kimi Bağır Məlikov da cəbhəyə yollanıb. 1942-ci ildə ön xəttə göndərilən Bağır Məlikov 353-cü diviziyanın 1147-ci alayında əvvəlcə sıravi əsgər, sonra isə yefreytor kimi döyüşlərdə iştirak edib. Rostovdan başlayaraq Ukrayna, Krım, Moldova, Rumıniya, Macarıstan, Budapeşt, Sofiya, Belqrad, Avstriya və Berlinə kimi döyüşən Məlik Bağırov, döyüşlrədə göstərdiyi qəhrəmanlıqlara görə 30-dan çox orden və medalla təltif olunub. Kəşfiyyatçı kimi də bir çox mühüm əməliyyatlara qatılan Məlik Bağırov, xeyli sayda ingilis və fransızı da faşist əsirliyindən azad edib. Müharibə dövründə 5 dəfə yaralanan Məlik Bağırov hər dəfə müalicə aldıqdan sonra döyüşlərə qatılıb, faşizmə qarşı mübarizəsini davam etdirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də Respublika Veteranlar Təşkilatının Nərimanov Rayon Təşkilatı Bağır Məlikovun ölümündən kədərləndiyini bildirir, bu münasibətlə mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! Seymur ƏLİYEV    

Hamısını oxu
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

15 yanvar 2025-ci il tarixində Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilmişdir.  Dünyanın nüfuzlu qış idman tədbirlərindən biri hesab olunan bu mötəbər turnirdə peşəkar komandalar qalibiyyət uğrunda mübarizəyə başlamışdır. İdman ictimaiyyətinin böyük maraqla izlədiyi yarışda Azərbaycan Respublikası “Land of Fire” komandası ilə təmsil olunur. Komandanın iştirakı ölkəmizin idman potensialının və beynəlxalq arenada artan nüfuzunun növbəti göstəricisi kimi dəyərləndirilir. Kitzbühel şəhərinin qış mövsümünə uyğunlaşdırılmış xüsusi qar örtüklü məşhur polo meydançasında təşkil olunan turnirdə poloçularımızın ilk qarşılaşması 16 yanvar tarixində “Bentley”  komandası ilə keçirilmiş və komandamız arenadan 7-4 hesablı qələbə ilə ayrılmışdır. Hər il minlərlə yerli və xarici tamaşaçını, xarici media nümayəndələrini cəlb edən turnirə yüksək hazırlıq səviyyəsi və iddialı hədəflərlə qatılan komandamızın məqsədi yalnız uğurlu nəticə göstərmək deyil, eyni zamanda Azərbaycan brendinin, milli dəyərlərin və ölkəmizin idman diplomatiyasının beynəlxalq miqyasda tanıdılmasına töhfə verməkdir. Bu mötəbər yarışda çıxışı ilə ölkəmizin idman tarixində yeni səhifə açmış “Land of Fire” komandası azarkeşlərə yüksək səviyyəli oyun nümayiş etdirməklə ölkəmizi layiqincə təmsil edir. Məlumat üçün bildirək ki, qarüstü polo üzrə Dünya Kuboku 18 yanvar tarixinədək davam edəcəkdir.  Azərbaycan Respublikası Atçılıq Federasiyası

Hamısını oxu
“Xocavənddə Njdenin heykəli sökülməlidir”

Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rusiya xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb. “Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir: Hörmətli Sergey Viktoroviç Lavrov!   Faşizm üzərində tarixi qələbənin 76-cı ildönümü ərəfəsində biz – Böyük Vətən Müharibəsi veteranları Sizə müraciət edərək Hitler nasizminin erməni əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi cəhdlərinin bizi narahat etdiyini bildirmişdik. Həmin müraciətdə nasist canilərin həm Ermənistanın özündə, həm də faşistlərin qətlə yetirdikləri milyonlarla insanın xatirəsinə ehtiram bəsləyən Rusiyanın informasiya-mədəniyyət məkanında həyasızcasına təriflənməsindən söhbət gedirdi.  Biz ürək ağrısı ilə sizin diqqətinizi ona cəlb etmişdik ki, Ermənistan bədnam generallar Dro və Njde kimi məşhur olan erməni SS cəza legionunun başçıları Drastamat Kanayan və Qaregin Ter-Arutyunyanın təmizə çıxarılması üçün Rusiyanın resurslarından istifadə edir. Nasist rejimin əlaltısı, Hitlerin və Gimmlerin dostu olmuş Njde məşhur KİV-lərdə qəhrəmanlara bərabər tutulur.  Bundan əlavə, Moskvada “Qaregin Njde ilə söhbətlər və ya Njdenin 125 illiyinə abidə” adlı kitabın təqdimatı keçirilib. Paradoks ondan ibarətdir ki, bu tədbirin təşkilatçılarının fikrincə, “Njdenin ideyaları bu gün həmişəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ olunmalıdır”. Bir daha xatırlatmaq yersiz olmaz ki, 1948-ci ildə Njde hərbi cani kimi 25 il həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb. Ona bəraət verilməyib. Məhkəmə əvvəl çıxarılmış hökmü qüvvədə saxlayıb.Buna baxmayaraq, Rusiyanın erməni diasporu hər il Vladimirdə, knyaz Vladimir qəbiristanlığında Njdenin qəbrinin ziyarət olunmasını, bu faşist cəlladın xatirəsinin ehtiramla yad olunmasını təşkil edir. Adı çəkilən qəbiristanlıqda bu faşist əlaltısına xatirə kompleksi tikilməsi barədə məsələ də qaldırılır.  Sizə böyük təşəkkürümüzü bildirərək vurğulamaq istəyirik ki, bizim keçənilki müraciətimizi diqqətsiz qoymadınız və bizə verilən cavabdan göründüyü kimi, yerli ermənilərin nümayəndələri ilə müəyyən iş aparılıb. Görünür, məhz bu işin nəticəsində keçən il bu nasist caninin xatirəsinin Rusiyada əbədiləşdirilməsi cəhdinin  qarşısı alınıb. Bununla belə, Ermənistanın özündə faşist Almaniyası üzərində qələbənin 71-ci ildönümünün bayram edilməsindən iki həftə sonra Yerevanın mərkəzində Qaregin Njdenin abidəsinin təntənəli açılış mərasimi keçirilib. Faşist caninin xatirəsinin əbədiləşdirilməsi mərasimində hələ bir il bundan əvvəl Moskvada faşizm üzərində qələbə paradında Sizinlə yanaşı dayanmış Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. Hörmətli Sergey Viktoroviç Lavrov! Siz Böyük Vətən Müharibəsinin yekunlarının yenidən yazılmasının və təhrif edilməsinin yolverilməz olduğunu dəfələrlə vurğulamısınız. Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Məclisi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnamə qəbul edib. Həmin sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Məclisi “nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirib. Bu qətnaməyə qoşulmuş və özünü Rusiyanın strateji müttəfiqi kimi qələmə verən Ermənistanda isə Sovet əsgərlərinin və dinc sakinlərin, o cümlədən erməni xalqının özünün nümayəndələrinin də qətlə yetirilməsinə bais olmuş faşizm rejiminə sadiq şəxslərə geniş miqyaslı pərəstiş yaradılır.  Bizi təəccübləndirən odur ki, başqa ölkələrdə bu cür hadisələrə həmişə münasibət bildirən Rusiyanın özündə buna hər hansı reaksiya yoxdur. Nasist canilər Dro və Njdenin şərəfinə xatirə sikkələri kəsilən, filmlər çəkilən Ermənistanın bu cür davranışına xüsusi haqq verilməsinin səbəbi bizə aydın deyil. Yerevanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Orada Drastamat Kananyanın adını daşıyan küçə də var. İndi hökumət binaları kompleksi və Ermənistanın hakim partiyasının qərargahı ilə yanaşı Njdenin abidəsi də ucalır.  Onu da nəzərinizə çatdırırq ki, faşist Njdenin daha bir heykəli vaxtilə Ermənistanın işğalına məruz qalan, hazırda isə Rusiya sülhməramlılarının məsuliyyəti zonasında olan Xocavənd rayonunda ucalır ki, bu heykəlin də sökülməsi vacibdir. Azərbaycan ərazisində belə bir heykəlin mövcudluğu sadəcə dövlətimizin və xalqımızın deyil, bütövlükdə ümumbəşəri insani və əxlaqi dəyərlər baxımından yolverilməzdir və əsla qəbul edilə bilməz.  Sovet xalqının igidliyinin nurlu xatirəsi Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir, 9 may günü əvvəlki kimi yenə də ən mötəbər dövlət bayramlarından biri olaraq qalır. Biz, faşizm ilə müharibənin bütün ağrı-acısını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar nasist canilərin ətrafında qəhrəmanlar oreolu yaradılmasını ürək ağrısı ilə müşahidə edirik.  Biz Ermənistanın vaxtı ilə ümumi vətənimiz uğrunda həlak olmuş insanların xatirəsinə və bütün sülhsevər bəşəriyyətə açıq-aşkar hörmətsizlik olan hərəkətlərinə görə hiddətlənirik. Əminik ki, biz Böyük Vətən müharibəsi qurbanlarının nurlu xatirəsinə sadiq qalaraq Ermənistan tərəfindən təbliğ edilən faşizm ideologiyası timsalında ümumi şərə qarşı mübarizədə öz səylərimizi yenidən birləşdirməliyik. Azərbaycanın Böyük Vətən Müharibəsinin bütün veteranları adından hörmətlə və düzgün başa düşüləcəyimiz ümidi ilə: Azərbaycan Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti

Hamısını oxu