Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“8 Noyabr” Elektrik Stansiyası – Zəfərin Enerjiyə, Qələbənin İnkişafa Çevrildiyi Milli Layihə

Azərbaycanın enerji sektorunda mühüm və tarixi bir mərhələ tamamlandı: Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının təntənəli açılışı gerçəkləşdi. Bu layihə təkcə mühəndislik və texnologiya baxımından deyil, həm də mənəvi-siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu stansiya Azərbaycanın 2020-ci ildə əldə etdiyi Şanlı Qələbənin davamı, Vətən müharibəsindəki zəfərin iqtisadi gücə və dayanıqlı inkişafa çevrilməsinin parlaq nümunəsidir. “8 Noyabr” qələbə tariximiz olmaqla yanaşı, həm də bir rəmz, bir güc, bir inkişaf yolunun başlanğıcıdır. “Bu, sadəcə bir tarix deyil. Bu, Azərbaycanın müasir tarixinin şanlı səhifəsidir,” deyə Prezident İlham Əliyev çıxışında bildirmişdir. Dövlət başçısının bu sözləri “8 Noyabr” adının təsadüfi seçilmədiyini açıq şəkildə göstərdi. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşanı azad etdi və bu gün 1880 meqavat gücündə müasir enerji nəhəngi də həmin tarixlə əbədiləşdi. Bu addım həm rəmzi, həm də strateji cəhətdən dövlət siyasətinin düşünülmüş, ardıcıl və gələcəyə yönəlik mahiyyətini ifadə edir. Azərbaycanın enerji təhlükəsizliyi dövlətin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Stansiya təkcə ölkə daxilində enerji təchizatının sabitliyini möhkəmləndirmir, eyni zamanda ixrac potensialını da artırır. Təxminən ölkə üzrə elektrik enerjisinin 15 faizini təmin edə biləcək bu nəhəng layihə Azərbaycanın enerji balansında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu stansiyanın istismara verilməsi bizə təkcə əlavə güc qazandırmır, eyni zamanda Azərbaycanın enerji ixracında sabitlik yaradır. “8 Noyabr” Elektrik Stansiyası cəmi iki il ərzində tikilərək istifadəyə verilib. Dünya praktikasında bu gücdə bir stansiyanın belə qısa zamanda istismara verilməsi nadir haldır. Bu fakt Azərbaycan dövlətinin çevik idarəçilik modelinin, təşkilati potensialının və milli texniki imkanlarının təntənəsidir. Müasir SCADA sistemləri ilə təchiz olunan stansiyada idarəetmə və nəzarət maksimum səviyyədə optimallaşdırılıb. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz bu stansiyanı iki ilə tikdik. Bu, bizim iradəmizi, texniki imkanlarımızı və təşkilati potensialımızı göstərir. “8 Noyabr” Elektrik Stansiyası yalnız güc baxımından deyil, ekoloji üstünlükləri ilə də diqqət çəkir. Ən son texnologiyalarla təchiz edilmiş stansiyada karbon emissiyalarının azaldılması istiqamətində ciddi addımlar atılıb. Bu isə Azərbaycanın Paris İqlim Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir. Eyni zamanda, stansiyanın fəaliyyətə başlaması ilə şərti yanacaq sərfiyyatının azalması, təbii qaza qənaət və bərpaolunan enerji layihələrinin genişlənməsi üçün zəmin yaradılır. Yeni stansiyanın Mingəçevirdə yerləşməsi təsadüfi deyil. Mingəçevir artıq illərdir ki, Azərbaycanın enerji mərkəzi kimi tanınır. Bu layihə şəhərin iqtisadi və sosial həyatına yeni nəfəs verəcək. Tikinti mərhələsində minlərlə insanın işlə təmin olunması, stansiyanın daimi fəaliyyət dövründə isə yüzlərlə mütəxəssisin işlə təmin olunması, layihənin həm texniki, həm də sosial layihə olduğunu təsdiqləyir. Stansiyanın açılışı zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq enerji əməkdaşlığından da bəhs edərək, İtaliya və Çinlə strateji tərəfdaşlığın önəmini vurğulayıb. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Çinlə isə daha çox bərpaolunan enerji sahəsində əməkdaşlıqların gücləndirilməsi gündəmdədir. Bu isə göstərir ki, Azərbaycanın enerji strategiyası təkcə daxili deyil, həm də beynəlxalq miqyasda dayanıqlı inkişaf üzərində qurulub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Mingəçevirə raket zərbələri endirməsi, enerji obyektlərini hədəfə alması faktı bir daha sübut edir ki, düşmən ölkənin planlarında Azərbaycanın enerji təminatını sarsıtmaq əsas məqsədlərdən biri olub. Lakin bu cür təhdidlər qarşısında Azərbaycan dövləti daha da güclənərək, məhz Mingəçevirdə belə bir nəhəng enerji stansiyası inşa etdi. Bu, əslində, tarixə qarşı yönəlmiş hücuma gələcək üçün verilmiş sarsıdıcı cavabdır. “8 Noyabr” Elektrik Stansiyası təkcə bir enerji layihəsi deyil bu, milli iradənin, dövlət gücünün və xalq birliyinin mühəndisliklə qovuşduğu bir məfkurə layihəsidir. Bu stansiya Zəfər Günü ilə başlayıb gələcəyə uzanan inkişaf yolunun texniki dayağı, iqtisadi dirəyi və siyasi sabitliyin təntənəsi kimi tarixə düşür. Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Azərbaycan bu gün həm enerji təminatında, həm də siyasi iradədə güclü dövlətdir. Bu gücümüzün əsas mənbəyi xalqımızın birliyidir.” “8 Noyabr” tarixə yazılmış zəfərin enerjiyə, milli iradənin isə davamlı inkişafa çevrildiyi bir nümunədir. Azərbaycanın bu uğuru təkcə regional deyil, qlobal enerji xəritəsində də öz yerini daha da möhkəmləndirir. Bu layihə göstərdi ki, Azərbaycan yalnız zəfər çalmır – o zəfəri uzunmüddətli və dayanıqlı uğura çevirir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi təkcə mühəndislər, energetiklər və iqtisadçılar üçün deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin bütün təbəqələri üçün qürurverici hadisə oldu. Xüsusilə də bu uğura ən çox sevinənlər müharibə və əmək veteranları, eləcə də Silahlı Qüvvələrin təqaüddə olan üzvləridir. Onlar yaxşı anlayırlar ki, bu günün təməlində həm zəhmət, həm də qanla yazılmış bir tarix durur. Bu stansiya əslində, müharibədəki qələbənin davamı, əmək cəbhəsindəki zəhmətin nəticəsidir. Onilliklər ərzində ölkənin müdafiəsi, quruculuğu və inkişafı naminə çalışan minlərlə vətənpərvər bu nailiyyəti böyük fəxr hissi ilə izləyir. “Biz bu zəfəri illərlə gözləmişdik, bu gün onun bəhrəsini görürük,” deyə veteranlar bildirirlər. Veteran təşkilatlarının nümayəndələri qeyd edirlər ki, “8 Noyabr” Stansiyası həm də yeni nəsillər üçün nümunədir. Necə ki, bir vaxtlar müharibə və əmək meydanlarında şücaət göstərilirdisə, bu gün həmin ənənə elm, texnologiya və dövlətçilik sahəsində yaşadılır. Zəfərin ruhu artıq yalnız tarixdə deyil – o, iqtisadiyyatda, təhsildə və sənayedə də yaşayır. Əmək veteranları bu stansiyanı “xalqın zəhmətinin abidəsi”, müharibə veteranları isə “Zəfərin davamı” adlandırır. Onların qoruduğu sabitlik bu gün böyük uğurlara çevrilir. “8 Noyabr” Elektrik Stansiyası müasir Azərbaycanın enerji ordusuna qoşulan yeni bir “əsgər”dir. O, ölkənin iqtisadi gücünü artıracaq, sosial rifahını yüksəldəcək və Azərbaycanın beynəlxalq nüfuzuna töhfə verəcək. Bu layihə həm keçmişə ehtiram, həm də gələcəyə çağırışdır.
Çünki biz birlikdə güclüyük, irəliləyirik və qalibik!

  Cəlil Xəlilov: Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 

2025-07-02 06:35:06
4406 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov millət vəkili Ülvi Quliyevi “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov millət vəkili, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevi “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Təbrikdə deyilir:: “Hörmətli Ülvi müəllim! Sizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Heç şübhə yoxdur ki, bu təltif sizin dövlətimizin ictimai-siyasi həyatında aktiv fəaliyyətinizə verilən yüksək qiymət, böyük dəyərdir. Əminik ki, bundan sonra da ölkəmizin ictimai-siyasi fəaliyyətində yaxından iştirak edəcək, milli maraq və mənafeylərimizin müdafiəsinə töhfə verməkdə davam edəcəksiniz. Qürur hissi ilə xatırladıram ki, siz Azərbaycan Karate Federasiyasının prezidenti kimi də ölkəmizdə idmanın inkişafına böyük fayda vermiş, Prezident İlham Əliyevin diqqət və qayğısı altında respublikamızın idman ölkəsi kimi tanınmasında mühüm rol oynamısınız və bu şərəfli missiyanız günümüzdə də davam edir. İnanırıq ki, yaxın gələcəkdə idman sahəsindəki yeni uğurlarınızla da bizləri sevindirəcək, xalqımızı qürurlandıracaqsınız. Bir daha sizi təbrik edir, çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Bakı Təhlükəsizlik Forumu: Qlobal təhdidlər fonunda etimad və əməkdaşlıq platforması – TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemi təhlükəsizlik anlayışının sürətlə dəyişdiyi mərhələdən keçir. Ənənəvi hərbi-siyasi risklər artıq terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər, qeyri-qanuni miqrasiya, narkotik və silah dövriyyəsi, kritik infrastrukturun təhlükəsizliyi kimi bir-biri ilə əlaqəli çağırışlarla paralel inkişaf edir. Belə bir şəraitdə Bakıda IV Təhlükəsizlik Forumunun keçirilməsi təhlükəsizlik sahəsində beynəlxalq dialoq üçün ayrıca platformanın formalaşması baxımından diqqət çəkir.  Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən Forumda beynəlxalq təşkilatların, 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələri olmaqla 600-ə yaxın şəxsin iştirakı tədbirin coğrafiyasının genişləndiyini göstərir. Forumun 2023-cü ildən davamlı xarakter alması isə onu birdəfəlik müzakirə formatından daha çox xüsusi xidmət və təhlükəsizlik qurumları arasında əlaqələrin saxlanmasına xidmət edən mexanizm kimi nəzərdən keçirməyə imkan verir. Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində də iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini və müzakirə edilən məsələlərin aktuallığını Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi qiymətləndirib. Dövlət başçısının vurğuladığı kimi, “Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır”. Forumun əhəmiyyətini artıran əsas məqamlardan biri müxtəlif siyasi mövqelərə malik dövlətlərin təhlükəsizlik strukturlarının eyni platformada təmsil olunmasıdır. Geosiyasi rəqabətin və dövlətlərarası etimad böhranının dərinləşdiyi şəraitdə təhlükəsizlik orqanları arasında peşəkar kommunikasiya kanallarının qorunması xüsusilə vacibdir. Çünki terrorçu və transmilli cinayətkar şəbəkələr siyasi sərhədlərlə məhdudlaşmadığı kimi, onlara qarşı mübarizə də yalnız milli mexanizmlərlə effektiv aparıla bilməz. Prezident İlham Əliyev də müraciətində dünyada baş verən sürətli və mürəkkəb dəyişikliklərin, geosiyasi rəqabətin kəskinləşməsinin və müxtəlif regionlardakı münaqişələrin qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, “Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir”. Bu yanaşma təhlükəsizliyin yeni mahiyyətini də ortaya qoyur. Müasir dövrdə dövlət təhlükəsizliyi yalnız sərhəd və hərbi infrastrukturu əhatə etmir. Enerji sistemləri, nəqliyyat dəhlizləri, bank sektoru, su ehtiyatları, rabitə şəbəkələri və informasiya infrastrukturu da milli təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilib. Bir ölkədə və ya regionda yaranan böhran qısa müddətdə təchizat zəncirlərinə, enerji bazarlarına, ərzaq təhlükəsizliyinə və kommunikasiya xətlərinə təsir edə bilir. Dövlət başçısı müraciətində bu qarşılıqlı bağlılığa xüsusi diqqət çəkərək hər hansı regionda meydana gələn böhran və ya gərginliyin digər regionlara təsir göstərə, siyasi-iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə zərər vura biləcəyini qeyd edib. Prezidentin ifadəsi ilə, “Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır”. IV Bakı Təhlükəsizlik Forumunun gündəliyində texnoloji risklərin xüsusi yer tutması da təsadüfi deyil. Süni intellekt, rəqəmsal platformalar, kiberimkanlar və kosmik sistemlər dövlətlərin inkişaf alətləri olmaqla yanaşı, yeni təhlükəsizlik riskləri yaradır. Xüsusilə terrorçu və ekstremist qrupların rəqəmsal texnologiyalardan təbliğat, maliyyələşmə, koordinasiya və yeni tərəfdarların cəlb olunması məqsədilə istifadəsi xüsusi xidmət orqanlarının qarşısında yeni vəzifələr qoyur. Prezident İlham Əliyev də süni intellekt daxil olmaqla müasir texnologiyaların bədniyyətli istifadəsinin terrorçuluğa qarşı mübarizəni mürəkkəbləşdirdiyini vurğulayıb. Dövlət başçısı bildirib: “Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır”. Bu kontekstdə Bakı Forumunun praktiki əhəmiyyəti yalnız təhlükələrin müzakirəsindən ibarət deyil. Əsas məsələ risklərin erkən müəyyənləşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi, milli təcrübələrin müqayisəsi və təhlükəsizlik qurumları arasında birbaşa peşəkar əlaqələrin inkişaf etdirilməsidir. Terrorçuluq və transmilli cinayətkarlıqla mübarizədə məlumatın operativ ötürülməsi bəzən təhlükənin nəticələri ilə mübarizədən daha vacib olan preventiv tədbirlərin görülməsinə imkan verir. Prezident də təhlükəsizliyin etibarlı təminatı üçün yalnız mövcud təhdidlərin nəticələri ilə mübarizənin kifayət etmədiyini, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və vaxtında qarşısının alınmasının vacibliyini bildirib. “Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır”, – deyə dövlət başçısı vurğulayıb. IV Bakı Təhlükəsizlik Forumunun əsas mesajlarından biri qlobal təhlükəsizlik sistemində qarşılıqlı asılılığın artması fonunda etimad və operativ əməkdaşlıq mexanizmlərinə ehtiyacın güclənməsidir. 100-dən artıq ölkədən xüsusi xidmət və təhlükəsizlik strukturlarının nümayəndələrinin Bakıda bir araya gəlməsi fərqli siyasi yanaşmaların mövcud olduğu şəraitdə belə ortaq təhlükələr üzrə dialoqun davam etdirilməsi imkanını göstərir. Azərbaycanın bu format vasitəsilə irəli sürdüyü yanaşmanın əsasında isə təhlükəsizliyin bölünməzliyi, qabaqlayıcı fəaliyyət, məlumat və təcrübə mübadiləsi, eləcə də dövlətlər arasında etimadın gücləndirilməsi dayanır. Prezident İlham Əliyevin müraciətində ifadə etdiyi kimi, Bakı Təhlükəsizlik Forumu “konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır”. Qlobal təhdidlərin getdikcə daha çox transsərhəd xarakter aldığı indiki mərhələdə Forumun praktiki nəticəliliyi də məhz bu dialoqun konkret əməkdaşlıq mexanizmlərinə çevrilmə dərəcəsindən asılı olacaq. APA.az  

Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan gənclərini təbrik edib

Prezident İlham Əliyev 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət ünvanlayıb. Veteran.gov.az xəbər verir ki, paylaşımda deyilir: "Əziz gənclər! Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənmişdir. Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşmışdır. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir. Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir. Əminəm ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcəkdir".  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Dağıstan Respublikası və Azərbaycan Respublikası veteranlarının birgə forumunda iştirak edib

Polkovnik Cəlil Xəlilov Dağıstan Respublikası və Azərbaycan Respublikası veteranlarının birgə forumunda iştirak edib   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan Dağıstan Respublikası və Azərbaycan Respublikası veteranlarının Dərbənddə keçirilən birgə forumunda iştirak edib. Forum Rusiya Federasiyası və Azərbaycan Respublikasının Dövlət Himnlərinin səslənməsilə başlayıb. Forumda çıxış edən polkovnik Cəlil Xəlilov, Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, general Həzi Aslanovun, Mehdi Hüseynzadənin və digər qəhrəmanların gənclərimiz üçün örnək olduğunu bildirib. Polkovnik qeyd edib ki, məhz Bakı nefti faşizm üzərində qələbəni təmin etmiş, "qəhvəyi taun"un məğlub edilməsində həllledici rol oynayaraq bütün bəşəriyyətə nicat vermişdir. Polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsində xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin erməni faşizminə qarşı apardığı mübarizədən də  bəhs etmiş, Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün təmin edildiyini bildirmişdir. Təşkilat sədri Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq əlaqələrinə də toxunmuş, bu əlaqələrin qorunması və inkişafının böyük önəm kəsb etdiyini vurğulamış, mərhum dövlət xadimi Əziz Əliyevin fəaliyyətindən ətraflı bəhs etmişdir. Forumda Müharibə, Əmək və Silahlı Qüvvəlır Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri polkovnik Samir Musayev, Nərimanov Rayon Veteranlar Təşkilatının sədr müavini polkovnik Süleyman Əlibəyov da iştirak edib. Qeyd edək ki, Forumun keçirilməsində əsas məqsəd Dağıstan və Azərbaycan Respublikasının veteranları və xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, İkinci Dünya müharibəsində xalqlarımızın şücaətinin genetik yaddaşının qorunması, gənc nəslin hərbi-vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsidir. Onu da vurğulayaq ki, Forumun təşkilatçısı Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsidir.

Hamısını oxu