Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

General-leytenant Kərim Vəliyevlə İkinci Dünya Müharibəsi veteranlarının görüşü

06 may 2019-cu il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov açaraq, Müdafiə Nazirliyi rəhbərliyinə hər il veteranları yada saldıqlarına görə təşəkkürünü bildrmiş, İkinci Dünya müharibəsi veteranlarının belə görüşləri yüksək qiymətləndirdiklərini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara xüsusi qayğı və diqqətindən danışmış, bu münasibətdən bir sıra dövlət təşkilatlarının da nümunə götürdüyünü vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının veteranlara qayğı, problemlərinin daim diqqət mərkəzində saxlanması baxımından MDB məkanında fərqləndiyini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara yüksək münasibətindən onlara qayğıkeşliklə yanaşdıqlarını bildirmişdir. Cəlil Xəlilov alman faşizmi üzərində qələbənin 74-cü ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının bu qayğının əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən Cəlil Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yaddaqalan olur. Cəlil Xəlilov qeyd etmişdir ki, Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. O, İkinci Dünya veteranlarının xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmiş, həmçinin, veteranların hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Sonda İkinci Dünya müharibəsi veteranları Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.

2019-05-07 00:00:00
5307 baxış

Digər xəbərlər

Ruhum ağrılardan qıvrılır yenə

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən...  Ruhum ağrılardan qıvrılır yenə, Vücudun soyuyub sönməyi vardır. Bu suçsuz ürəyim sızlayır yenə, Yenə yarın məndən dönməyi vardır.   Sənə gəlməkdəyəm könlümdə umud, Gecəni, gündüzü düşünüb yordum: Ya sözün kölgəli bəyaz bir bulud, Ya qara gözlərin əzabın yurdu.   Sonra Allah dedim, bax, mən allahsız, Köksümdə daşlaşdı bir qərar: – İlğım! Hamı günahkardı, hamı günahsız, Əzab dalımızca düşüb, yazığıq.   Bilirəm, yanında xətrim əzizdir, Bu canın o cana enməyi vardır. Asi ürəyimdə gözlənti izi, Yenə yarın mənə dönməyi vardır.    MƏN SƏNƏ MƏKTUBLAR YAZDIM    Mən sənə məktublar yazdım hər axşam, Sözlər sehrlədi dörd bir yanını. Ehtimal, üzünə sürtdün məktubu, Ehtimal, dişlədin bal dodağını.   Bu dəmdə diksinib birləşdi ruhlar, Həsrətlər bərabər qol-qola girdi. Mən səni aradım dünyabadünya, Sən də yol-yol gəldin mənim yanıma.   Qarşında qəlbini açıb tökər kim Hərfbəhərf, sözbəsöz, məktubbaaməktub? Bilmirəm, əzabmı, sevincmi bizə, Eşq hansı məktubu sayacaq məqbul.   Ağlım vücudumda yanar, titrəyər, Bu təsadüf vüsal xəyala dönər. İndi hər nəfəsdə səslərəm canım, Gəlsənə, gəlsənə, gəlsənə mənə.   Dar hücrəm doludur dilsiz kağızla, İnlədi qələmdən ayrı əllərim. Özünü şüşəyə çırpdı dünyanın Qanadlı, qanadsız kəbutərləri.   Bağışla! Nə yazım, dilimdə söz yox, Təəssüf, görmədin qəlbimdəkini. Hansı asimana, yavrum, sevinclə, Sənsiz gözlərimlə baxım mən indi?   Qələmi sındırdım, iş oldu tamam. Bir sirri anlatdım, köhnədir, dinlə: “Baxışımdan köçər baxışlarına Könlümdə yazılan ən gözəl namə...”.   Mən sənə məktublar yazdım hər axşam...   Rəhmət BABACAN Özbəkistan Respublikası Şair, tərcüməçi, “İstirab fısıltısı” və “Üzbə-üz” adlı şeir kitablarının müəllifi.  Azərbaycan dilinə tərcümə etdi: Səlim Babullaoğlu  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı başsağlığı verib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, Allahdan səbr diləyib.  Xatırladaq ki, Xalq artisti Rasim Balayev“Ulduzlar sönmür”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərdə yaratdığı obrazlarla böyük tamaşaçı sevgisi qazanıb. O, 1976-cı ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. Allah rəhmət eləsin.  

Hamısını oxu
Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda

Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir. Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib.   Paylaşımda bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, diplomatik korpuslar, beynəlxalq təşkilat rəhbərlərinin Tərtərə və işğaldan azad olunan Ağdama səfəri təşkil olunur: “Onlar Ermənistanın hücumlarından sonrakı Tərtəri görəcəklər. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. Sürgündə olan “Qarabağ” futbol klubu da yanımızdadır”.

Hamısını oxu
Cəlil Xəlilov: “Azərbaycan hərbçilərinin beynəlxalq yarışlarda qazandıqları nəticələr ordumuzun yüksək peşəkarlığının göstəricisidir”

Sentyabrın 4-də Moskva ətrafında yerləşən “Patriot” parkında “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib. Azərbaycan hərbçiləri bu yarışlar çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İranda “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edərək əsl peşəkarlıq sərgiləyiblər.   AZƏRTAC xəbər verir ki, bununla bağlı açıqlama verən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təlimlərin ordumuzun peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, hərbi təlimlər ordumuzun döyüş hazırlığının daim yüksək səviyyədə qorunub saxlanılması və daha da təkmilləşdirilməsi baxımından önəmlidir. Bu baxımdan ordumuzun “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarında iştirakı olduqca vacibdir. Azərbaycan dünyanın müxtəlif yerlərində keçirilən hərbi yarışlarda, beynəlxalq ordu oyunlarında müntəzəm iştirak edir. İstər Rusiya, Qazaxıstan və digər post-sovet ölkələrində, istərsə də Türkiyə və digər NATO dövlətlərində keçirilən təlimlərdə Azərbaycan hərbçiləri iştirak edərək yüksək nəticələr qazanırlar. Bu təlimlərdə hərbçilərimizin əldə etdiyi nəticələr Azərbaycan Silahlı Qüvvələrinin gücündən, onun peşəkarlığından xəbər verir və bizdə haqlı olaraq ordumuzla qürur duyuruq. Polkovnik vurğulayıb ki, Azərbaycan Ordusu dəniz təlimlərində də mütəmadi iştirak edir, bu sahədəki hərbi yenilikləri sürətlə mənimsəyir. “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində hərbçilərimiz İranda “Dəniz kuboku” yarışlarında da yüksək peşəkarlıq nümayiş etdirib. Ordumuzun “Dəniz kuboku” yarışlarındakı qazandığı nəticə ölkəmizin dəniz sərhədləri təhlükəsizliyinin ciddi şəkildə qorunduğunu bir daha göstərdi. Azərbaycan Silahlı Qüvvələrinə daxil olan bütün qoşun növləri, hərbi birliklər yüksək döyüş hazırlığına malikdir və bu hazırlığın qorunub saxlanılmasına, daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.  Azərbaycan Ordusunun beynəlxalq müsabiqə və ordu oyunlarında əldə etdiyi yüksək nəticələrdən Ermənistan və onun havadarlarının da dərs çıxarmalı olduğunu bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini deyib: “44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi parlaq zəfər onun yüksək döyüş hazırlığına əyani sübut idi. Bu günlərdə keçirilən ordu oyunlarında qazanılan nəticələr də həmin döyüş hazırlığının uğurla qorunub saxlanıldığını göstərir. Hesab edirəm ki, ordumuzun beynəlxalq hərbi yarışlarda göstərdiyi nəticə bu gün də təxribatlardan əl çəkmək istəməyən Ermənistan və onun havadarlarına dərs olmalıdır. Ordumuzun bu təlimlərdəki nəticələri bir daha “Dəmir yumruğ”un yerində olduğunu, düşmənlərə hər zaman zərbə endirməyə hazır olduğunu göstərir. Əgər Ermənistan Azərbaycan tərəfinin xəbərdarlıqlarından nəticə çıxarmasa, 10 noyabr bəyanatının icrasına süni şəkildə problem yaratmaqda davam etsə, o zaman bu zərbə qaçılmaz ola bilər”.  Azertag.az (https://azertag.az/xeber/1870305 )  

Hamısını oxu