Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Borçalıdan cəbhəyə uzanan yol: Əli Qurban oğlu Əliyevin döyüş yolu

 Borçalı əsrlərlə sınanmış, sınsa da sınmamış, zamanın qasırğalarından alnıaçıq çıxmış qədim türk yurdudur. Elə bir yurd ki, o dağ kimi əyilməz oğulları ilə tanınır. Borçalı öz adını qürurla daşıyan, milli şüurunu əsrlər boyu qoruyub saxlayan igid bir el olaraq tarixən Qarapapaq türklərinin məskəni olmuşdur. Qarapapaqlar təkcə at belində torpağını qorumamış, həm də sazla-sözlə, ədəbiyyatla, mədəniyyətlə millətin yaddaşını yaşatmışlar. İgidlik, sədaqət və torpaq sevgisi bu xalqın qanındadır. Borçalı, məhz bu igid elatın - Qarapapaq türklərinin  əməyi, zəhməti və hünəri ilə qəhrəmanlar yurduna çevrilmişdir. XX əsrin ən qanlı hadisəsi olan İkinci Dünya Müharibəsində də Borçalı susmadı. Bu ulu torpaq minlərlə övladını cəbhəyə yola saldı kimisi analarının duası ilə, kimisi isə doğmalarının göz yaşları içində. Lakin hamısının bir amalı vardı: xalqının şərəfini, torpağının qeyrətini qorumaq. O dövrdə Gürcüstan ərazisi faşist Almaniyası tərəfindən işğala və bombardmana məruz qalmamışdı, lakin bu, onun xalqının müharibəyə laqeyd qalması demək deyildi. Gürcüstandan 700 min nəfər İkinci Dünya Müharibəsində iştirak etdi. Bu adlar arasında Azərbaycanlı döyüşçülər də xüsusi yer tutur ki,  onlar milliyyətə və dinə baxmadan eyni ideal uğrunda can verdilər. Bu igidlərdən biri də Əli Qurban oğlu Əliyev idi. O, 1924-cü ildə Borçalıda, Qarapapaq igidlərinin sıralarından çıxmış bir ailədə dünyaya göz açmışdı. 1942-ci ildə cəmi 18 yaşı olarkən Vətənin çağırışına cavab verdi və könüllü olaraq Sovet Ordusu sıralarına yazıldı. Əvvəlcə 1018-ci atıcı alayının tərkibində döyüşlərə qatıldı. Daha sonra 176-cı atıcı diviziyanın heyətində faşizmə qarşı mübarizəni davam etdirdi. Bu diviziya müharibənin ən ağır cəbhələrində xüsusilə Stalinqrad döyüşü və Dnepr əməliyyatı kimi strateji savaşlarda iştirak etmişdi. Əli Əliyev üçün müharibə sadəcə güllə və barıt deyildi. Bu, əqidənin, imanın və xalqına sədaqətin sınaq meydanı idi. 1943-cü ilin yazında baş verən ağır döyüşlərdən birində ağır yaralandı və EQ 1451 saylı hərbi qospitalda uzun müddət müalicə aldı. Həkimlərin səyi nəticəsində sağaldı, lakin döyüş meydanına qayıtmaq mümkün olmadı. Bununla belə Əli Əliyev arxa cəbhədə fəal iştirak etdi müharibədən sonra dağıdılmış həyatı yenidən qurmaq mübarizəsinə qoşuldu. 1943-cü il sentyabrın 1-də ordu sıralarından tərxis olundu və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Bu medal təkcə onun şəxsi igidliyinin nişanəsi deyildi. Bu həm də Borçalı torpağının adına yazılmış bir şərəf lövhəsi idi. Borçalı əsrlər boyu təkcə mədəniyyətin deyil, qeyrətin, sədaqətin və fədakarlığın da beşiyi olub. Qarapapaq igidlərinin nəsildən-nəslə ötürdüyü bu dəyərlər savaş illərində bir daha sübut olundu. Müharibə başa çatsa da, yaddaşlar heç vaxt susmadı. Hər kənddə, dağın ətəyində, torpaq parçasında bir qəhrəman yatır. Onların ayaq izləri, adları xalqın qəlbində əbədiyyətə çevrilib. Gürcüstanda da 9 May – Qələbə Günü xüsusi ehtiramla qeyd olunur. Tbilisinin qəlbində Vake parkında "Naməlum əsgər"in məzarı üzərinə qoyulan hər bir çiçək, əslində unudulmayan bir andın, silinməyən bir yaddaşın nişanəsidir. Hər gül, hər ziyarət, hər baxış bu torpağın o igid övladlarına ehtiramdır. Əli Qurban oğlu Əliyev tək bir əsgərin adı deyil, bir millətin ləyaqət rəmzidir. Onun timsalında Borçalı igidləri, Gürcüstandan çıxan mərd azərbaycanlılar, vətən torpağı üçün canından keçən bütün qəhrəmanlarımız bir daha ucalır gözümüzdə. Biz onların yoluna həm baş əyir, həm də onların yolunda addımlayırıq. Bu torpaq qəhrəmanların canı ilə yoğrulmuş müqəddəs əmanətdir. Onların qanı ilə yazılan tarix, alın təri ilə sulanan azadlıq, sevgisi ilə möhkəmlənən birliyimiz bu günkü müstəqil Azərbaycanın ruhudur. Əli Qurban oğlu Əliyevin timsalında biz zamanı yarıb gələn səslərə qulaq asırıq. Onlar deyir:“Unutmayın bizi, çünki siz bizimlə varsınız, biz də sizinlə yaşayırıq...”

 

          Cəlil Xəlilov: Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 

2025-07-23 15:22:39
4787 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun Novruz və Ramazan bayramları münasibətilə təbriki

Hörmətli veteranlar, şəhid və qazi ailələri, əziz həmkarlar! Bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən, təbiətin yeniləndiyi, həyatın və ümidlərin təzələndiyi Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, bu mübarək günlər hər bir evə firavanlıq, ruzi-bərəkət, səadət və xoşbəxtlik gətirsin, Vətənimizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə yeni uğurlar bəxş etsin. Bu əlamətdar günlərdə xalqımız möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm nailiyyətlərin, dövlətimizin güclənməsi və Vətənimizin qüdrətinin artmasının sevincini yaşayır. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmiş, xalqımızın milli birliyi və həmrəyliyi daha da möhkəmlənmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin ictimai həyatında, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində mühüm xidmətlər göstərmiş, şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi diqqət və qayğı ilə cəmiyyətdə yüksək rəğbət qazanmışdır. Bu yanaşma dövlətimizin humanizm və sosial həmrəylik prinsiplərinin parlaq təzahürüdür. Ulu əcdadlarımızın bizə miras qoyduğu Novruz bayramı xalqımızın zəngin mənəvi irsini, həyat fəlsəfəsini və milli kimliyini özündə əks etdirərək əsrlərdən bu günə qədər qorunub saxlanmışdır. Baharın gəlişini, yenilənməsini və dirçəlişini simvolizə edən bu bayram cəmiyyətdə birlik, ümid və həmrəyliyi gücləndirir. Müqəddəs Ramazan bayramı isə insanları mənəvi saflaşmaya, mərhəmətə və xeyirxahlığa səsləyərək sosial birliyin və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir. Xüsusilə qeyd olunmalıdır ki, Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmiş, onun rəhbərliyi dövründə Novruz və Ramazan bayramları dövlət səviyyəsində geniş qeyd olunaraq xalqımızın həyatında daha möhkəm yer tutmuşdur. Bu gün isə xalqımız İkinci Qarabağ müharibəsi nəticəsində qazanılmış şanlı Zəfərin verdiyi böyük qürur hissi ilə bu əziz bayramları daha yüksək ruhda qeyd edir. Azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həyatın yenidən canlanması və soydaşlarımızın doğma yurdlarına qayıdışı milli dirçəlişin və dövlətimizin gücünün bariz ifadəsidir. Eyni zamanda Vətənə sədaqətlə xidmət edən şəhid ailələrinə, qazilərə, müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün üzvlərini ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətlərində yeni uğurlar arzulayıram. Arzu edirəm ki, baharın müjdəçisi olan bu gözəl bayramlar hər bir ocağa sevinc, bolluq, əmin-amanlıq və xoş günlər bəxş etsin, ölkəmizdə daim sülh, sabitlik və tərəqqi hökm sürsün. Novruz bayramınız və müqəddəs Ramazan bayramınız mübarək olsun! Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Yeni məktəb binası tikiləcək - SƏRƏNCAM

Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binası sökülərək yenidən tikiləcək. Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edib.

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Mehdiyev Mehdi Səməd oğlu vəfat edib. Mehdi Mehdiyev İkinci Dünya müharibəsinin ilk illərindən faşizmə qarşı mübarizədə aktiv iştirak etmiş, göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Mehdi Mehdiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
67 yaşlı mübariz döyüşçünün döyüş yolları

Elşad Şabanov iki müharibənin – Qarabağ və Əfqanıstan müharibəsinin veteranıdır. Müharibə təlatüm, dağıntı, faciədir. Müharibə edən hər iki tərəf ağır itkilər verir. Belə müharibələr  insanlara heç vaxt xoşbəxtlik gətirməyib. Ağır müharibələrdən biri də 1979-cu ildə Əfqanıstan Respublikasında baş verib. Ağır vəziyyətdə qalan Əfqanıstan rəhbərliyi məcburən keçmiş SSRİ-yə müraciət edərək, Beynəlmiləl-qardaşlıq köməyi istəyib. Bu səbəblə də 1979-cu il 25 dekabrda Sovet Ordusunun əsgərləri Əfqanıstana daxil oldu. Bu döyüşçülər içərisində mübariz, cəsur, qorxmaz, Azərbaycan oğlu Elşad Şabanov da olub. Onun keçdiyi döyüş yolları ilə oxucuları da tanış etmək istərdik.          Xatırladaq ki, Elşad Şabanov 1952-ci ildə Azərbaycan Respublikasının Qax rayonunda anadan olub və orta məktəbi qızıl medalla bitirib. Elşad ilk ali təhsilini M.F.Axundov adına ADPİ-nin rus dili və ədəbiyyatı fakültəsində alıb. Sonra Ukraynada Sovet ordusu sıralarında xidmət edib. 1978-ci ildə SSRİ DTK-nın ali məktəbini bitirdikdən sonra respublikanın Qəbələ rayon şöbəsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. Xidməti zamanı göstərdiyi yüksək uğurlara görə, 1983-cü ildə SSRİ DTK-nın Baş Kəşfiyyat İdarəsinin nəzdindəki iki il xarici dil təmayüllü xüsusi ali kurslarına göndərilib. O, 1985-ci ildə həmin kursları müvəffəqiyyətlə başa vurduqdan sonra SSRİ DTK-nın müşaviri kimi Əfqanıstanın Xüsusi Xidmət Orqanlarının silahlı müxalifətə, banditizmə və terrorçuluğa qarşı apardığı xüsusi döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub.          Həmin əməliyyatlarda Elşad Şabanov yaralanıb. Kabul şəhərində hospitalda müalicə olunduqdan sonra Əfqanıstanın cənubuna, Pakistan yaxınlığındakı Zabul vilayətinə göndərilib. Döyüşlərdə xüsusi əməliyyatlara rəhbərlik edərək Sovet Ordusu xüsusi təyinatlıları ilə birlikdə Pakistandan Əfqanıstan ərazisində müqavimət göstərən terrorçu qüvvələrə və silahlı müxalifətçilərə hərbi yük daşıyan maşın karvanlarının məhv edilməsində fəal iştirak edərək həmin əməliyyatların təşkilatçısı və rəhbərlərindən biri olub.          O, Əfqanıstan Xüsusi Xidmət Orqanlarının Pakistan ərazisində yerləşən terrorçu, bandit hazırlıq düşərgələrində onlara qarşı keçirdikləri “kəskin”, xüsusi döyüş əməliyyatlarına rəhbərlik edib.          Həmin əməliyyatlarda mücahidlərin Pakistan ərazisindən Əfqanıstana keçirmək istədikləri maşın karvanı məhv edilərək ABŞ-ın istehsalı olan “Sfinger” tipli raket kompleksi və digər silah növlərini ələ keçirib. Həmin ilin avqust ayında döyüş əməliyyatları zamanı mübariz döyüşçü Elşad minaya düşür və ikinci dəfə yaralanır.          Əfqanıstandan qayıtdıqdan sonra, 1987-90-cı illərdə Azərbaycan DTK-nın Xaçmaz rayon şöbəsinin, 1990-91-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon şöbələrinin rəisi işləyib. DTK-MTN-nin Mərkəzi Aparatında rəhbər vəzifələrdə çalışıb. Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Təyinatlı dəstəsinin yaradıcılarından biri kimi Qarabağ uğrunda gedən qanlı döyüşlərdə, cəbhə bölgəsində xüsusi əməliyyatların təşkilatçısı və rəhbəri olub. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra iyul ayından Milli Təhlükəsizlik Nazirinin xüsusi tapşırıqlar və hərbi məsələlər üzrə köməkçisi olub. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, Azərbaycan dövlətçiliyi uğrunda Ulu Öndərin apardığı mübarizənin fəal iştirakçılarından biridir. 1997-ci ilin may ayında ehtiyata göndərilib. Ehtiyatda olan Elşad Şabanov polkovnikdir. Vətən Təhlükəsizlik orqanları qarşısındakı xidmətlərinə görə E.Şabanov “SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri Əməkdaşı” döş nişanı və SSRİ-nin “Qırmızı Ulduz” ordenləri, “İgidliyə görə” medalları, SSRİ-nin “Döyüş xidmətinə görə” medalı, “SSRİ Ali Sovetinin Fəxri fərmanı”, “Beynəlmiləlçi döyüşçüyə, igidliyə və hərbi rəşadətə görə” medalı, “Qədirbilən əfqan xalqından” medalı, “Qüsursuz xidmətlərinə görə” medalı, Rusiya Federasiyasının “Əfqanıstan Müharibəsinin veteranı” və “Döyüş xidmətlərinə görə” ordenləri, “Za mujestva i otvaqu” medalı, “Pənşir əməliyyatına görə”, “Məhəlli münaqişələrin iştirakçısına”, “Xüsusi təyinatdakı xidmətinə görə”, “Əfqanıstan Demokratik Respublikasında beynəlmiləl borcunu ləyaqətlə yerinə yetirdiyinə görə” medalları, Əfqanıstan Respublikasının “Hərbi Şöhrət” ordeni, “İgidliyə görə” medalları, Müstəqil Dövlətlər Birliyinin təsis etdiyi “Döyüş əməliyyatları Veteranı” medalı və digər döyüş və yubiley medalları ilə təltif olunub. İradəli və mübariz döyüşçü, iki müharibə veteranı olan Elşad Şabanov bu gün respublikada keçirilən tədbirlərdə fəal iştirak edir. O, gənclərə öz döyüş yolu və göstərdiyi igidlikdən danışır və onlara Vətəni göz-bəbəyi kimi qorumağı məsləhət görür.    İyun ayının 17-sində qəhrəman vətən oğlu Elşad Şabanovun 67 yaşı tamam olub. Elşad müəllimi Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və veteranlarımız adından təbrik edir, ona can sağlığı arzulayırıq.

Hamısını oxu