Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüşüblər

Veteran.gov.az xəbər verir ki, iyulun 28-də Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüşüblər.

Komitənin sədri Şahin İsmayılov qonaqları salamlayaraq, bildirib ki, Azərbaycan və Gürcüstan arasında, xüsusilə də hər iki ölkənin dövlət və parlament rəhbərləri səviyyəsində mövcud olan dostluq və müttəfiqlik münasibətləri ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərir. O, milli-mənəvi dəyərlər əsasında formalaşan gəncliyin ölkənin sabit və davamlı inkişafının əsas təminatçısı olduğunu vurğulayaraq, bu baxımdan hər iki ölkənin müvafiq komitələri arasında əməkdaşlığın Azərbaycan və Gürcüstan gənclərinin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Öz növbəsində, Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər komitəsi sədrinin birinci müavini Giorgi Çakvetadze göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, dövlət başçılarının təşəbbüsü ilə həyata keçirilən Gənclər Forumunun Azərbaycanda artıq böyük uğurla təşkil olunduğunu vurğulayıb. Forum iştirakçılarının tədbirdən yüksək məmnuniyyət duyduğunu qeyd edən Çakvetadze, analoji forumun gələn ay Gürcüstanda da keçiriləcəyini söyləyib.

Görüşdə Gənclər və idman komitəsinin üzvləri Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı və Mahir Süleymanlı çıxış edərək bildiriblər ki, Azərbaycan və Gürcüstan arasında uzun tarixi keçmişə əsaslanan münasibətlər bu gün həm iqtisadi, həm də siyasi sahələrdə uğurla inkişaf edir. Deputatlar gələcəkdə parlamentlərarası əməkdaşlığın birgə layihələr çərçivəsində daha da dərinləşəcəyinə əmin olduqlarını qeyd ediblər.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

 

2025-07-28 18:06:19
2806 baxış

Digər xəbərlər

Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayı keçirilib

Son beş il ərzində 400-dən çox gözdən əlilliyi olan şəxslərin ailələri mənzillə təmin edilib. Bakı I saylı Tibb Kollecini bitirən görmə məhdudiyyəti olan masajçılar dövlət və özəl tibbi müəssisələrinə işlə təmin olunublar. Dillər Universitetində Korreksiyaedici təlim fakültəsi açılıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbdə və Görmə üzrə əlilliyi olan şəxslər üçün sosial bərpa mərkəzində korreksiyaedici təlim fakültəsinin tələbələrinin praktik dərslər keçməsi üçün bir sıra qurumlarla əməkdaşlıq edir. Bakı şəhəri üzrə səsli işıqforların quraşdırılması, piyada keçid xətlərinin qabarıq boya ilə verilməsi, ictimai nəqliyyat vasitələrini, dayanacaq və səkilərin, yaşayış və inzibati binaların, park və bağçaların müyəssərləşdirilməsi, görmə məhdudiyyətli şəxslər üçün güzəştli gediş kartlarının tətbiq edilməsi ilə əlaqədar dünya təcrübəsi öyrənilərək hazırlanan təkliflər paketi aidiyyəti dövlət qurumlarına təqdim edilib. Gözdən Əlillər Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzində Təhsil Nazirliyinin sifarişləri əsasında əvvəllər istifadə olunan keyfiyyətsiz dərsliklər qabarıq təsvirlərlə çap edilmiş dərsliklərlə əvəz olunub. Nəşriyyatda görmə üzrə əlilliyi olan 10 nəfər əmək fəaliyyətinə cəlb edilib. Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayında məlumat verilib. Qurultay Dövlət Himninin səslənməsi ilə başlayıb, Qarabağ uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Cəmiyyətin prezidenti Səmyar Abdullayev hesabat məruzəsində qeyd edib ki, görmə məhdudiyyətli uşaqlar üçün ətraf aləmin dərk edilməsinə dəstək məqsədilə “Daktil əylənək, daktil öyrənək” adlı layihələr çərçivəsində yumşaq materiallardan ibarət daktil kitablar hazırlanıb. Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində “İnklüziv incəsənət” layihəsi icra edilib. Layihə çərçivəsinə görmə məhdudiyyəti olan gənclərin istedad və bacarıqlarının inkişafı və nümayiş etdirilməsi məqsədilə konsert proqramı və əl işlərinin satış-sərgisi təşkil edilib. Xalça Muzeyinin və Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə həmin kateqoriyadan olan yeniyetmə və gənclər üçün “Gözdən əlillər üçün sosial bərpa mərkəzi”ndə xalçaçılıq və muncuqla toxuma kursları açılıb. Xalça Muzeyində həmin kateqoriyadan olanlar üçün müyəssərlik yaradılıb, əllə toxunma üçün xalça ornamentləri daktil üsulla xovlu və xovsuz saplarla toxunub, maketlər hazırlanıb. Gürcüstan Rəssamlar İttifaqı ilə birlikdə İncəsənət Muzeyində dünya işığından məhrum olan on nəfərə rəsm çəkilməsi öyrədilib və onların rəsmlərindən ibarət sərgi təşkil edilib. Məruzədə həssas təbəqəyə məxsus olanların sosial adaptasiya, məşğulluq, problemlərinin həlli və sosial rifahının yaxşılaşdırılması sahəsində həlli vacib məsələlərdən bəhs olunub, bu sahədə qarşıda duran vəzifələr göstərilib. Milli Məclisin deputatları Fazil Qəzənfəroğlu, Vüqar İskəndərov, Elman Nəsirov, İctimai Birliklərin rəhbərləri və Gözdən Əlillər Cəmiyyətinin üzvləri çıxış edərək gələcək fəaliyyətində ictimai təşkilata uğurlar arzulayıblar. Səmyar Abdullayev növbəti beşillik dövr üçün cəmiyyətin prezidenti, yeni İdarə Heyəti və Məclis üzvləri seçilib.  

Hamısını oxu
“Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə” mövzusunda vətənpərvərlik tədbiri keçirilib

“Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planı çərçivəsində yanvarın 31-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə" adlı vətənpərvərlik tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, general Həzi Aslanovun timsalında Böyük Vətən müharibəsində həlak olan qəhrəmanların, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Müharibə veteranlarının, Müdafiə, Gənclər və İdman nazirlikləri rəsmilərinin, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisələrin, Həzi Aslanovun ailə üzvlərinin, eləcə də gənclərin iştirak etdikləri tədbirdə Respublika Veteranlar Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov, yubiley təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani xalqımızın qəhrəman oğlunun mənalı ömür və şanlı döyüş yolu barədə ətraflı məlumat veriblər. General Həzi Aslanov haqqında müharibə illərində çəkilmiş sənədli film və xüsusi buraxılışlardan fraqmentlər nümayiş olunub, veteranlar cəbhə xatirələrini bölüşüblər. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Əməkdar artist Cahangir Qurbanov və Ağabala Abdullayev yenilməz sərkərdə haqqında vətənpərvərlik mahnıları ifa ediblər. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək Azərbaycan gənclərinin də “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Prezident Sərəncamını böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını və bu istiqamətdə silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Nazir müavini Respublika Veteran Təşkilatının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna xidmətlərini qeyd edib və bu işin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib. O, xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun ömür yolunun Azərbaycan gəncləri üçün örnək olduğunu, Azərbaycanın oğlan və qızlarının qəhrəmanlıqlarının daha geniş təbliğinin vacibliyi vurğulayıb. Faşizm üzərində Qələbinin 75 illiyi ilə əlaqədar Gənclər və İdman Nazirliyinin də Respublika Veteranlar Təşkilatı ilə birlikdə respublikamızın bölgələrində yürüş, marafon, konfrans və görüşlərin təşkil edəcəyi diqqətə çatdırılıb. Tədbirin sonunda Təşkilatın sədri, general-polkovnik Tofiq Ağahüseynov qarşıdan gələn 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə veteranların Azərbaycan gənclərinə ünvanladığı təbrik müraciətini nazir müavininə təqdim edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Anım mərasimində Həzi Aslanov irsinin tədqiqi və araşdırılmasında müstəsna xidmətləri olan Əməkdar incəsənət xadimi, tədqiqatçı-jurnalist Musa Bağırov, general Həzi Aslanovun nəvəsi Emin Aslanov çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. “Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə” adlı vətənpərvərlik tədbiri torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun güc və qüdrətini tərənnümün edən hərbi marşın ifası ilə başa çatıb.

Hamısını oxu
Bergen-Belzen hərbi əsir düşərgəsində həlak olmuş azərbaycanlı əsirlərin xatirəsi əbədiləşdirilib

İkinci Dünya müharibəsi zamanı Almaniyanın hərbi əsir düşərgəsində həlak olan azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışı olub. Azertac xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Azərbaycan və alman dillərində hazırlanmış xatirə lövhəsinin açılışı münasibətilə Bergen-Belzen memorial kompleksinin hərbi əsirlər məzarlığında mərasim keçirilib. Mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Aşağı Saksoniya federal əyalət parlamentinin (Landtaq) sədri Hanna Naber, Aşağı Saksoniya federal əyalətinin təhsil naziri Yulia Villi Hamburq, Aşağı Saksoniya Memoriallar Fondunun icraçı direktoru və Bergen-Belzen Memorialının rəhbəri Elke Qriqlevski, Azərbaycan diasporunun nümayəndələri, eləcə də müxtəlif alman təşkilatlarının və qurumlarının nümayəndələri iştirak ediblər. Bergen-Belzen Memorial Kompleksinin tədqiqat və sənədləşmə departamentinin rəhbəri Akim Yah və Memorialın Beynəlxalq Məşvərət Şurasının üzvü Rolf Keller xatirə lövhəsinin açılışının bu əsir düşərgəsində əzab çəkmiş və həlak olmuş azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramın ifadəsi olduğunu vurğulayıblar. Səfir Nəsimi Ağayev çıxışında iki il əvvəl səfirlik tərəfindən Daxau, ötən il isə Zaksenhauzen əsir düşərgələrindən sonra Bergen-Belzen əsir düşərgəsində soydaşlarımızın xatirəsinə həsr olunmuş lövhənin açılışını mənəvi borcun yerinə yetirilməsi və tarixi hadisə kimi qiymətləndirib. Diplomat bu təşəbbüsün həlak olmuş əsirlərin xatirəsinin yad edilməsi ilə yanaşı, uzun müddət tarixin kölgəsində qalmış insanların, o cümlədən azərbaycanlı hərbi əsirlərin unudulmamasına, onların xatirəsinin əbədiləşdirilməsinə xidmət etdiyini vurğulayıb. “Bu gün biz buraya zorla gətirilmiş azərbaycanlı hərbi əsirlərin xatirəsini xüsusi ehtiramla yad edirik. Onlar vətənlərindən uzaqda məzarsız, adsız və yaxınları ilə vidalaşmadan dünyasını dəyişib. Bugünkü hadisə onların Avropanın kollektiv yaddaşında öz layiqli yerlərini tutmaları baxımından yüksək önəm daşıyır”, - deyə N.Ağayev qeyd edib. Səfir Azərbaycan xalqının İkinci Dünya müharibəsi illərində nasizm üzərində qələbəyə mühüm töhfələrindən söz açaraq bildirib ki, müharibə dövründə 700 minə yaxın azərbaycanlı cəbhəyə yollanıb, onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Azərbaycanlı döyüşçülərin Stalinqrad, Kursk, Kiyev, Budapeşt və Berlin kimi əsas cəbhələrdə qəhrəmanlıqla vuruşduqlarını qeyd edən diplomat 10 minə yaxın azərbaycanlının Avropa müqavimət hərəkatında fəal iştirakını xalqımızın faşizmə qarşı qlobal mübarizədəki sarsılmaz mövqeyinin sübutu olduğunu bildirib. Bundan başqa, Azərbaycan neft sənayesinin müharibənin taleyində həlledici rol oynadığı vurğulanıb. Qeyd olunub ki, sovet ordusunun yanacağının böyük hissəsi, o cümlədən benzinin 80 faizi, sürtkü materiallarının isə 90 faizdən çoxu Azərbaycanda istehsal edilib. Çıxışlardan sonra xatirə lövhəsinin üzərindəki örtük götürülüb, əklillər qoyulub və həlak olmuş əsirlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Qeyd edək ki, Almaniyanın Aşağı Saksoniya federal torpağında yerləşən Bergen-Belzen hərbi əsir düşərgəsində Avropanın müxtəlif ölkələrindən olan 120 min əsir saxlanılıb. Onlardan 52 mindən çoxu nasistlər tərəfindən öldürülüb. Bergen-Belzen hərbi əsirlər məzarlığında isə azərbaycanlı əsirlər də daxil olmaqla 19 min 580 sovet hərbi əsiri dəfn olunub. Nasizm üzərində qələbədən sonra bu məzarlıqda abadlıq işləri görülüb, burada xatirə abidəsi ucaldılıb. Əsir düşərgəsinin azad edilməsinin ildönümləri ilə əlaqədar hər ilin aprel ayında burada silsilə anım tədbirləri təşkil olunur.  Elvin Mövsüm Azərtac-ın xüsusi müxbiri Berlin  

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Bakı, 8 mart, AZƏRTAC Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Əziz qadınlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz. Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm. Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!".

Hamısını oxu