Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir ömürlük xidmət: İmran Əbilovun işıqlı yolu

Cəmiyyətdə elə şəxsiyyətlər var ki, onlar ömrünü xalqa və Vətənə həsr etsələr də, bu barədə danışmağı, öndə olmağı heç zaman sevmirlər. Onların təvazökarlığına baxmayaraq, gördükləri işlər, topluma verdikləri töhfələr, eləcə də müxtəlif sahələrin xüsusilə elmin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafındakı rolları gənc nəsillərə örnək olmalıdır. Bu səbəbdən də kənd təsərrüfatı sahəsində böyük iz qoymuş ziyalılardan biri  İmran Rəşid oğlu Əbilovun həyat yoluna nəzər salmaq yerinə düşər. İmran Rəşid oğlu Əbilov  kənd təsərrüfatı sahəsində dərin iz qoymuş, xalqına və torpağına sədaqətlə xidmət etmiş ziyalı və ictimai xadimdir.

23 oktyabr 1935-ci ildə Masallı rayonunun səfalı Mahmudavar kəndində dünyaya göz açan İmran Əbilov zəhmət və maarif yolu ilə addımlayan ziyalı, ictimai xadim, dəyərli kənd təcərrüfatı mütəxəssisidir. İlk təhsilini kənd məktəbində alan gənc İmran, 1954-cü ildə Lənkəran Pedaqoji Texnikumunu bitirərək, Boradigah kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Təhsil və zəhmətə sevgisi onu daha böyük hədəflərə aparıb. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü ilə və fərqlənmə diplomu ilə başa vurub. Ali təhsildən sonra doğma yurda dönən İmran müəllim, Həsənli kəndində yerləşən “Şən həyat” kolxozunda baş zootexnik kimi çalışaraq kənd təsərrüfatının inkişafına töhfə verib. Onun təşkilatçılıq bacarığı və idarəçilik qabiliyyəti 1959-1962-ci illərdə Masallı Rayon Partiya Komitəsində təlimatçı, daha sonra isə Rayon Komsomol Komitəsinin birinci katibi vəzifələrində çalışarkən özünü göstərib. 1962-ci ilin martından Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində təşkilatçı kimi fəaliyyətini davam etdirən İmran Əbilov, 1963-1969-cu illərdə Masallı Rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi vəzifəsində çalışaraq bölgənin aqrar potensialının yüksəldilməsində mühüm rol oynayıb.

1969-1991-ci illər onun dövlət səviyyəsində fəaliyyətinin zirvəsi olub. Bu dövrdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini, daha sonra isə Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini kimi məsuliyyətli vəzifələrdə çalışıb. 1991-ci ildən Azərquşsənaye Dövlət Şirkətində vitse-prezident vəzifəsini icra edib.

1997-ci ildən etibarən Nazirlər Kabinetinin Aqrar-sənaye şöbəsində baş məsləhətçi kimi dövlət qulluğunda fəaliyyətini davam etdirən İmran Əbilov, 2011-ci ildən etibarən dövlət qulluğu təqaüdçüsüdür. Onun həyat yolu - maarifə, zəhmətə və dövlətə sədaqətlə xidmət edən nümunəvi bir ömrün təcəssümüdür. İmran Əbilovun zəngin və mənalı fəaliyyət yolunun önəmli səhifələrindən biri də onun beynəlxalq və ittifaq miqyaslı tədbirlərdə Azərbaycanın layiqli təmsilçisi kimi çıxış etməsidir. Onun rəhbərlik etdiyi nümayəndə heyətləri təkcə ölkəmizin deyil, bütövlükdə SSRİ-nin kənd təsərrüfatı sahəsindəki mövqeyini ifadə edirdi. 1970-ci ildə Gürcüstanda keçirilən Kolxozçular qurultayına Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qatılan İmran müəllim, 1978-ci ildə Hindistanda təşkil olunan Beynəlxalq Camışçılıq Simpoziumunda artıq Sovet nümayəndə heyətinə rəhbərlik edirdi.  1979-cu ildə İsveçdə ölkəmizə həsr olunmuş ongünlük mədəni və iqtisadi tədbirlərdə iştirak etməsi, 1985-ci ildə isə Misirdə keçirilən Ümumdünya Camışçılıq Konqresində Sovetlər İttifaqını təmsil edən yeganə nümayəndə kimi çıxış etməsi onun beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini sübut edirdi.

1989-cu ildə Bolqarıstanda keçirilən Beynəlxalq Federasiyanın Avropa Komissiyasının müşavirəsində, eləcə də SSRİ daxilində Penza, Səmərqənd, Belqorod və Qrenburqda təşkil olunan müxtəlif elmi-praktik tədbirlərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində çıxış edən İmran Əbilov, iştirak etdiyi hər görüşdən sonra əldə etdiyi yeni bilik və təcrübələri respublikanın bölgələrində tətbiq etməklə kənd təsərrüfatının inkişafına real töhfələr verirdi.  Bu səfərlər təkcə statistik göstəricilər deyil, eyni zamanda, bir alimin, bir peşəkarın və bir vətənpərvərin milli maraqlar uğrunda göstərdiyi ardıcıl səylərin təcəssümüdür. Bədii yaradıcılığı isə həyatın mənəvi qatlarına işıq salır. “Bir ömrün salnaməsi”, “Vətənə vurğun ömürdən səhifələr”, “Deyilən söz yadigardır” və “Xatirələrdə yaşayan insan” kimi kitablarında müəllif keçdiyi mənalı ömür yolunu, zamanın axarında tanıdığı insanları, ölkənin ictimai-siyasi həyatında şahid olduğu hadisələri oxucularla bölüşür. Bu əsərlərin əhəmiyyəti təkcə xatirə janrında deyil, həm də tarixi sənəd və vətənpərvərlik ruhu daşıyan bədii publisistik mənbə kimi dəyərlidir.  Qeyd etmək yerinə düşər ki, “Bir ömrün salnaməsi” və “Vətənə vurğun ömürdən səhifələr” adlı kitablarında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərinə dəfələrlə yer verilməsi, müəllifin dövlətə və onun rəhbərlərinə olan dərin hörmətinin və sarsılmaz inamının parlaq ifadəsidir.

İmran Əbilovun zəngin elmi və ədəbi irsi onun çoxşaxəli dünyagörüşünün və vətənə bağlı ziyalı mövqeyinin təcəssümüdür. Onun qələmindən çıxan əsərlər yalnız ixtisas sahəsində deyil, həm də milli ruhun, vətəndaşlıq mövqeyinin güclü ifadəsidir. Elmi yaradıcılığı əsasən kənd təsərrüfatı və heyvandarlıq sahəsinə həsr olunub. O, Azərbaycanın təbii-iqlim şəraitinə uyğun damazlıq heyvanların yetişdirilməsi, saxlanılması və bəslənməsi ilə bağlı elmi əsaslara söykənən tövsiyələr hazırlamış, bu sahədə onlarla kitab və məqalə qələmə almışdır. 1975-ci ildə yazdığı “Azərbaycana gətirilən cins malların iqlimə uyğunlaşdırılması” və “Buzovların bəslənməsi” kimi əsərləri bu sahədə çalışan mütəxəssislər üçün faydalı vəsaitlər olmuşdur. 1985-cı ildə nəşr etdirdiyi “Nauçno-obosnovannaya sistema vedeniya jivotnovodstva” adlı fundamental elmi əsər isə Azərbaycanın elmi heyvandarlıq strategiyasının əsas bünövrələrindən biri sayılır. Onun müəllifi olduğu “Azərbaycanda qoyunçuluq”, “Azərbaycanda camışçılıq”, “Damazlıq heyvanların biologiyası və yetişdirilməsi” kimi dərslik və elmi vəsaitlər bu gün də gənc mütəxəssislərin stolüstü kitabıdır. Eyni zamanda, xarici alimlərin əsərlərinə verdiyi elmi rəylər də onun beynəlxalq elmi aləmdə qəbul edilən bir tədqiqatçı olduğunu göstərir.

İmran Əbilov yalnız kənd təsərrüfatının tanınmış mütəxəssisi kimi deyil, eyni zamanda ziyalılarla, elm və mədəniyyət adamları ilə qurduğu dərin mənəvi əlaqələrlə də fərqlənmiş bir şəxsiyyətdir. O, fəaliyyət göstərdiyi illər ərzində müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslərlə dostluq etmiş, fikir və düşüncə mübadilələri aparmışdır. Hələ Lənkəran Pedaqoji Texnikumunda oxuduğu gənclik illərində sevimli şairimiz Səməd Vurğunla məktublaşması, bu məktubların Azərbaycan Ədəbiyyat və İncəsənət Muzeyində qorunub saxlanılması onun ədəbiyyata, sənətə duyduğu ehtiramın göstəricisidir. Ədib Mehdi Hüseyn, şairlər Rəsul Rza və Bəxtiyar Vahabzadə, dramaturq İlyas Əfəndiyev, qəzəlxan Əliağa Bəkir, jurnalist və icmalçı Oruc Qoşqarlı, SSRİ Xalq artisti İsmayıl Dağıstanlı, Xalq artistləri Lütvəli Abdullayev, Canəli Əkbərov, Habil Əliyev, Sabir Mirzəyev, eləcə də qudası, böyük xanəndə Arif Babayev onun dostluq dairəsində olmuşlar. Şair Nəbi Xəzri, yazıçı Cəmil Əlibəyov, jurnalistlər Ağababa Rzayev, Rəfail Nağıyev, Əli İldırımoğlu ilə yaxın münasibətlər saxlamışdır.

Bu dostluq çevrəsi təkcə ölkə daxilində məhdudlaşmamış, beynəlxalq səviyyəyə də yüksəlmişdir. Braziliyanın keçmiş kənd təsərrüfatı naziri Antonio Kabrera, Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının prezidenti X. Xinkovski, professor Alekso Alekseyev, SSRİ Kənd Təsərrüfatı Nazirinin müavini S. Kuznetsov kimi nüfuzlu şəxslərlə də tanışlıq və əməkdaşlıq onun elmi və ictimai nüfuzunu daha da möhkəmləndirmişdir. Bu görüşlər və dostluqlar barədə İmran Əbilovun müxtəlif kitablarında geniş şəkildə bəhs olunmuşdur.

1989-1991-ci illər… Azərbaycanın tarixinə ağır, eyni zamanda həmrəylik və fədakarlıq nümunələri ilə yazılan illər… Məhz belə bir dönəmdə İmran Əbilov Respublika Dövlət Aqrar Sənaye Komitəsi sədrinin göstərişi ilə işğal və təcavüzə məruz qalmış bir sıra bölgələrə - keçmiş Dağlıq Qarabağa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Ağdam rayonlarına göndərilmişdi. Bu səfərlər sadəcə xidməti tapşırıq deyildi. Vətənə, yurda, köməksiz insanlara səssiz bir sədaqətin ifadəsi idi.

İmran Əbilov o bölgələrdə təkcə kənd təsərrüfatı mütəxəssisi kimi deyil, həm də millətin ağrısını duyan bir ziyalı kimi çıxış etmiş, erməni təcavüzü nəticəsində doğma torpaqlarından didərgin salınan soydaşlarımıza dayaq olmuş, onların yerləşdirilməsi, ehtiyaclarının qarşılanması istiqamətində əhəmiyyətli işlər görmüşdür. O günlərin ağrılı xatirələri, şahidi olduğu səhnələr, insanların çəkdiyi əzablar İmran Əbilovun “Vətənə vurğun” və “Ömürdən səhifələr” adlı kitablarında təsirli və real boyalarla qələmə alınmış, oxuculara bir tarix dərsi kimi təqdim olunmuşdur. Bu səhifələr təkcə bir ömrün deyil, bütöv bir xalqın yaddaşını daşıyan sətirlərdir.

1990-cı ilin iyun ayında ölkəni quraqlıq bürüdü, qaba yem ehtiyatları kəskin azaldı və bu, hər kəsi dərin narahatlığa sürüklədi. Respublika hökuməti Krasnodar bölgəsindən Azərbaycana 100 min ton qaba və qüvvətli yem gətirilməsi qərarını verdi. Lakin bu iş təkcə yemlərin alınması ilə bitmirdi, rayondakı nümayəndələr Krasnodarda öz təsərrüfatlarında yemi toplamalı, presləməli, sonra isə maşınlarla dəmir yolu stansiyalarına çatdırmalı və vaqonlarla ölkəyə göndərməli idilər.  Bu, ağır və mürəkkəb iş idi, üstəlik Krasnodarda yaşayan erməni əhalisi məqsədyönlü şəkildə bu işin həyata keçməsinə mane olur, işçilərə qarşı təzyiqlər göstərirdi. Bu məsuliyyətli iş nazir müavini İmran Əbilova tapşırıldı. O, böyük məharətlə Krasnodarda vəziyyətə nəzarət etdi və cəmi bir ay ərzində respublikaya 110.0 min ton qaba və qüvvətli yem daşıyıb gətirdilər. İ.Əbilovun kənd təsərrüfatının inkişafında rolu saymaqla bitməz. Silajın - yəni mal-qaranın qida ehtiyatlarını qorumaq üçün torpağa basdırılan yemlərin-Azərbaycanda ilk dəfə tətbiqi, damazlıq işinin sənaye prinsiplərinə uyğun qurulması, mədəni otlaqların yaradılması, qoyunların yaylaq çatışmazlığı səbəbindən stasionar şəraitdə saxlanılması, gətirilən cins malların iqlimə uyğunlaşdırılması kimi uğurlar onun adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə heyvandarlığın inkişafına xüsusi diqqət yetirilirdi. O dövrdə bir inəkdən süd sağımı keçmiş SSRİ-də aşağı sayılan 650 kq-dan 2200 kq-a qədər yüksəldi və mal-qara cins tərkibi 96 faizə çataraq nadir göstəricilərdən biri oldu. İmran Əbilovun fəaliyyəti sayəsində Azərbaycana 300 min cins düyələr, 1 milyondan çox cins qoyun gətirildi və bu, ölkə rayonlarında heyvandarlığın keyfiyyətcə yeni səviyyəyə qalxmasına səbəb oldu. Heyvandarlıq sənaye əsaslarına keçərək, 200-ə yaxın iri heyvandarlıq kompleksi və quşçuluq fabrikləri inşa edildi.  Xarici ölkələrdən gətirilən müxtəlif cinsli mallar da ölkəmizin heyvandarlıq potensialını artırdı: Bolqarıstandan 1200 baş “Mürrah” camışı, Türkmənistandan 400 baş dəvə, Kubadan 200 baş zebu cinsli heyvanlar və digər ətlik cinsli mallar ölkə təsərrüfatlarında yetişdirildi.  Hər il Azərbaycana Sovet hökuməti tərəfindən ayrılan 1 milyon ton qüvvətli qarışıq yemə əlavə olaraq, İmran Əbilovun səfərləri sayəsində əlavə 200-300 min ton yem də təmin edilirdi ki, bu da heyvandarlığın inkişafında əvəzsiz rol oynadı.

İmran Əbilovun zəhmət və xidmətləri həm yerli, həm də ölkə səviyyəsində daim yüksək qiymətləndirilmişdir. Onun 60 ilə yaxın davam edən fəaliyyət dövründə rəhbərlik tərəfindən göstərilən etimad və hörmət hər zaman bariz şəkildə özünü göstərmişdir. Masallıda işlədiyi illərdə xalq arasında dərin ehtiram qazanmış, bu gün də yaşlı nəsillə sıx əlaqələrini qoruyub saxlamışdır. 1965-ci ildə Masallıda “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, nazir müavini olduğu dövrdə isə “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri, yubiley medalları, eləcə də Xalq Təsərrüfatı Sərgisinin medalları və diplomları ilə mükafatlandırılmışdır. Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı və “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı onun fəaliyyətinə verilən  yüksək qiymətdir. Bundan başqa, İmran Əbilov keçmiş SSRİ-də Ümumdünya Buffalo Federasiyasının Daimi Komitəsinin yeganə üzvü kimi seçilmiş və Federasiyanın Qızıl medalı ilə təltif olunmuşdur. O, həmçinin keçmiş SSRİ Damazlıq Şurasının fəal üzvü və Zebuçuluq üzrə həmin Şuranın həmsədriseçilmişdir. Bu yüksək rütbələr onun peşəkarlığını və ölkənin kənd təsərrüfatı sahəsindəki nüfuzunu göstərir.

2011-ci ildə dövlət qulluğundan təqaüdə çıxdıqdan sonra belə, İmran Əbilov ictimai fəaliyyətini davam etdirərək, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətində (2013-2020) aktiv üzv olmuş, hazırda isə Respublika Əmək, Müharibə və Silahlı Qüvvələr Təşkilatının Rəyasət Heyətində təmsil olunur. Respublika Nazirlər Kabinetində çalışdığı illərdə, xüsusən 2005 və 2010-cu illərdə, onun əməyinə rəhbərlik tərəfindən yüksək qiymət verilib, təşəkkürnamələr və pul mükafatları ilə təltif olunmuşdur. Masallı rayonunda isə uzun müddət Ağsaqqallarla sıx əməkdaşlıq etdiyinə görə 2023-cü ildə rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə şərəfləndirilmişdir.

O, həmçinin Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley medalı ilə təltif olunub. Azərbaycan Ordusunun döyüş ruhunun yüksəldilməsində, vətənpərvərlik duyğusunun gücləndirilməsində və ordu ilə xalq arasında mənəvi birliyin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə qiymətləndirilib. Veteranlar hərəkatının inkişafında göstərdiyi töhfələrə görə həmçinin Beynəlxalq Veteranlar İttifaqının Fəxri Fərmanları ilə də təltif edilmişdir.

İmran Əbilov həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin seçki kampaniyalarında aktiv şəkildə iştirak edərək, zəruri təbliğat işlərini uğurla həyata keçirmişdir. Bu gün də o Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu fəaliyyətin mətbuatda işıqlandırılması üçün səylə çalışır.

Birinci Qarabağ müharibəsinin qazisi olaraq, Vətənə bağlılığı və torpağa sədaqəti ilə daim seçilmişdir. O, 44 günlük Vətən müharibəsi zamanı da bu mövqeyindən geri çəkilməmiş, xüsusilə gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasında fəal iştirak etmişdir. İmran Əbilovovun keçdiyi həyat yolu, mübarizə təcrübəsi və milli dəyərlərə bağlılığı bu işdə əsas örnək rolunu oynamışdır. İmran müəllim bu mühüm missiyanı bu gün də davam etdirir, gənc nəslə vətən sevgisi, milli ruh və dövlətə sədaqət hisslərinin aşılanmasında yorulmadan çalışır.

 İ.Əbilov özünü Ulu Öndər Heydər Əliyev məktəbinin yetişdirdiyi dəyərli şəxsiyyət hesab edir və bundan qürur duyur. O, dövlətçiliyə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə sarsılmaz sədaqətini daim əməlləri ilə təsdiqləmiş, bu yolda bundan sonra da yorulmadan çalışmaqda qərarlıdır. İmran Əbilov özünü Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi hesab edir və bu mənəvi bağlılıqla hər zaman fəxrlə yaşayır. Onun həyat fəlsəfəsinin, fəaliyyət yolunun və dövlətə xidmət prinsipinin formalaşmasında dahi rəhbərin ideyaları mühüm rol oynayıb. İ.Əbilov bu məktəbdən aldığı tərbiyə və dövlətçilik ənənələrini yalnız özü yaşatmaqla kifayətlənməyib, eyni zamanda onu gənc nəslə aşılamaq üçün daim çalışıb.

O, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa, xüsusilə də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası və iqtisadi inkişafı istiqamətində aparılan islahatlara sonsuz inam və sədaqətlə yanaşır. Bunu o, təkcə sözlə deyil, illərlə gördüyü ictimai və peşəkar fəaliyyəti ilə dəfələrlə sübuta yetirib.

İ.Əbilov dövlətçiliyin keşiyində durmağı bir vətəndaşlıq borcu kimi qəbul edir və bu amal uğrunda bundan sonra da əzmlə çalışacağını qətiyyətlə bildirir. Onun bu mövqeyi həm öz nəsli, həm də gələcək nəsillər üçün nümunəvi və vətənpərvərliklə yoğrulmuş bir örnəkdir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

 

2025-08-30 12:12:29
2177 baxış

Digər xəbərlər

Azərbaycan dövləti vətəndaşlarının rifahını daim diqqət mərkəzində saxlayır

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu bütün sahələrdə davamlı inkişafın bir-birini əvəzləməsindən xəbər verir. Dünyaya nümunə olan Azərbaycanın sosial-iqtisadi inkişaf modeli vətəndaşların sosial rifahına və cəmiyyətin inkişafına istiqamətlənib. Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər əsaslı təməllər üzərində dayanır. Sosial-iqtisadi sahədə müdafiənin gücləndirilməsi milli təhlükəsizliyinin bütün sahələrinin yüksək təminatının bariz göstəricisidir. Bu fikirləri Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib. C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə səsləndirilən fikirlər reallığı olduğu kimi əks etdirməklə yanaşı, qısa müddətdə yeni nailiyyətlərində əldə ediləcəyindən xəbər verir. Sosial sahədə atılmış addımlar dörd milyondan çox vətəndaşı əhatə edir. Bu ilin birinci yarısında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar hər bir vətəndaşın maddi rifah halının yaxşlaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə və onlara dövlət qayğısının daha da artırılmasına xidmət edib. Əməkhaqlarının əhəmiyyətli dərəcədə artımı əhalinin sosial iqtisadi vəziyyətinə müsbət təsir etməklə, iqtisadi fəallığa töhfə verəcək. Dövlətimizin başçısının qeyd etdiyi sosial sahənin prioritetliyi məsələsi və hər zaman bu sahənin diqqət mərkəzində olması danılmaz faktdır. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir. Qürurla deyə bilərik ki, 2019-cu ili respublikamız üçün əlamətdar illərdən hesab edilməlidir. Azərbaycanın siyasəti xətti isə sosialyönümlüdür. “Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə sübut edir ki, ümumilikdə 2019-cu ildə imzalanan qanunvericilik aktları pensionerlərin, əlillərin, müharibə veteranlarının, aztəminatlı ailələrin həyatında müsbət dəyişikliklərə səbəb olub. Keçirilən müşavirə bu sahədə həyata keçirilən islahatların nəticələrinin daim izlənməsinin və diqqət mərkəzində olmasının təsdiqidir. Bütün bunlar, ilk növbədə, Azərbaycanda xalq-dövlət birliyindən, inkişaf etmiş, rəqabətə davamlı iqtisadiyyatdan xəbər verir”, - deyə Cəlil Xəlilov vurğulayıb. Sədr müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti veteranlar da daim dəstəkləyirlər. Xüsusən sonuncu müşavirədə səsləndirilən fikirlər sosial sahədə əhəmiyyətli irəliləyişlərin olduğunu göstərir və xalqın hər bir nümayəndəsi kimi veteranlarda da gələcəyə yüksək inam ifadə edir. Odur ki, veteranlar xalqın birliyi və gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi işində bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.

Hamısını oxu
AzTV xəbərlər 20 06 2025

Hamısını oxu
İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi Üsküdarda hərəkətdə olan Valide Sultan gəmisində keçirilib

Veteran.gov.az xəbər verir ki, Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi və Tek Hedefim Təhsil birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Biz birlikdə Güclüyük” layihəsi çərçivəsində İstanbulda “Zengezur sənətkarlığı” sərgisi keçirilib.  Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Türkiyədəki  Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəti  ilə həyata keçirilib. Tədbirdə yerli azərbaycanlılar, ictimaiyət nümayəndələri, yerli   Bələdiyyə rəhbərliyi, elm, mədəniyyət işçiləri, jurnalistlər iştirak ediblər. İlk öncə Türkiyənin İstiqlal Marşı və Azərbaycanın dövlət himni səsləndirilib. Giriş sözü ilə ilə çıxış edən İstanbuldakı Xarı Bülbül  Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Cabbarova layihə haqqında danışaraq, Qərbi Azərbaycanda, Zəngəzurda xalqımızın yaratdığı böyük mirasa dair fikirlərini bölüşüb. Azərbaycanın İstanbuldakı konsulu Zaur ALLAHVERDİZADE, Marmara vakfının rəhbəri Akkan Suver itirilmiş dəyərlərimiz, Zəngəzurun tarixi və Qərbi Azərbaycan reallıqları haqqında fikirlərini bölüşərək Zəngəzura qayıdışdan danışıblar. Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının əzəli torpaqları olan Qərbi Azərbaycanda - Zəngəzurda min illər boyu yaratdığı böyük mədəniyyət, sənət, mədəni miras haqqında danışaraq, tarixin müxtəlif dövrlərində yurt yerlərimizə ermənilərin köçürülməsi, azərbaycanlıların isə öz ata-baba yertlərindən deportasiyasının tarixi ədalətsizlik olduğunu qeyd edib. O, Prezident İlham Əliyevdən sitat gətirərək, Ermənistanın bütün Azərbaycanlılara məxsus tarixi, dini abidələri məhv etməsinə, yer adlarının dəyişdirilməsinə baxmayaraq, bu Vətən torpaqlarımızdan Azərbaycan irsini silə bilmədiklərini vurğulayıb. Samir Abbasov “Zəngəzur sənətkarlığı” layihəsi haqqında danışaraq, Sərdari ailəsinin əl sənəti ilə yaratdığı Qərbi Azərbaycana dair mədəni irs nümunələri haqqında məlumat verib, gələcəkdə də bu cür layihələrə  dəstək göstəriləcəyini qeyd edib. Sərgidə Tek hedefim Təhsil Birliyinin rehberi Cem Yıldırım və b. çıxışçılar Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi ilə birlikdə layihələrini vurğulayaraq, bu cür işlərin Türk dünyasında əhəmiyyətli olduğunu açıqlayıblar. Daha sonra Azərbaycanın paytaxtı Bakıdan Zəngəzur sənətkarlığının (əl sənəti) sərgisini gətirən Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvləri İsgəndər SƏRDARLI, Lalə SƏRDARLI, Toğrul SƏRDƏRLI çıxış edərək layihə haqqında məlumat veriblər.  Onlar xalqımıza məxsus yaratdıqları bu əl sənətinə dair nümunələrin maraqla qarşılandığını və keçirilən yüksək səviyyəli tədnirə görə Türkiyədəki qurumlarımıza öz təşəkkürlərini bildiriblər. Daha sonra layihə çərçivəsində bu mövzuda hazırlanmış sənədli film nümayiş etdirilib. Proqramın bədii hissəsi gəminin ikinci mərtəbəsində davam edib. Tədbirdə Azərbaycan musiqiləri və milli rəqslərimiz təqdim olunub. Serdarlı ailəsinə hər iki birlik tərəfindən mükafatlar təqdim olunub. İstanbulda Azərbaycan musiqiçiləri, vokalçı Vüsalə Ələkbərova, fortepianoda Fidan İsmayılova milli musiqilərimizi ifa ediblər. Qonaqlar üçün hazırlanmış milli təamlar, o cümlədən Azərbaycanın milli şirniyyatları, şəkərbura, paxlava, İrəvan kətəsi qonaqlara təqdim olunub. Tədbir böyük maraqla qarşılanıb, iki saatlıq dəniz gəzintisi ilə başa çatıb.  Seymur ƏLİYEV

Hamısını oxu
“Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrasına başlanılıb

“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin 2024-cü ildə elan etdiyi Kiçik Qrant müsabiqəsində  “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihəsi qalib olub. Layihənin icrası 01 iyun 2024-cü il tarixində başlanılıb. Layihənin əsas məqsədi sağlamlığında məhdudiyyətlər olan, lakin əlil olmalarını özləri üçün məhdudiyyət saymayan insanlarla cəmiyyətdə əlilliyi olan digər insanlara nümunə göstərilərək əlilliyi olan insanların hər birinin  özünə inananraq, güvənərək cəmiyyətə normal şəkildə inteqrasiya olunmasına kömək edilməsidir. Ümumilikdə fiziki məhdudiyyətdən sosial inteqrasiyaya doğru “Siz bizlərdən birisiniz” şüarı altında maarifləndirmə  istiqamətində  tədbirlər təşkil olunacaq. Layihə İmişli, Kürdəmir, Saatlı və Sabirabad rayonlarında yerli icra orqanlarının təşkil etdiyi məkanlarda həyata keçiriləcək.  Layihə rəhbəri “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin sədri Yasəmən Qəyyumova    

Hamısını oxu