Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Düşənbə görüşü Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açmış oldu”

“Azərbaycan və Rusiya prezidentlərinin 9 oktyabr tarixli Düşənbə görüşü iki dövlət arasındakı münasibətlərdə yeni səhifə açmış oldu”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu görüş Azərbaycanın AZAL təyyarəsi ilə bağlı tələblərinin qəbul edilməsi ilə yanaşı, həm də anti-Azərbaycan qüvvələrinin məğlubiyyəti ilə əlamətdar oldu:

“25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinin Rusiya səmasında vurulması və Qazaxıstanın Aktau şəhərində qəza enişi etməsi, hadisə nəticəsində xeyli sayda insanın həlak olması ölkəmizdə ciddi məyusluq və narahatlığa səbəb oldu. Bunun bir səbəbi məlum hadisə olsa da, digər səbəbi Rusiyanın baş verənlərdən sonra məsuliyyəti öz üzərinə götürməməsi idi.

Həmin vaxt Rusiyanın dövlət başçısı Prezident İlham Əliyevlə telefon danışığında ölkəmizdən üzr istəsə də, Azərbaycanın digər iki tələbinin – günahkarların müəyyən edilərək cəzalandırılması və  həlak olanların ailələrinə kompensasiyanın verilməsinin təmin olunmaması ilə bağlı öz üzərlərinə heç bir öhdəlik götürmək istəmirdi. Düşənbə görüşündə isə Rusiya prezidenti ölkəmizdən növbəti dəfə üzr istəməklə yanaşı, bu iki tələbi də yerinə yetirəcəyinə söz verdi. Bununla da Azərbaycanın Rusiya ilə bağlı gözləntiləri özünü doğrultdu. Düşənbə görüşü Azərbaycanın, Müzəffər Ali baş Komandanın növbəti diplomatik nailiyyəti kimi tarixdə qaldı.

Bununla yanaşı, bu görüş həm də anti-Azərbaycan qüvvələri üçün ağır məğlubiyyət və böyük məyusluq oldu. Çünki başda ermənipərəst qüvvələr olmaqla bir sıra güclər Azərbaycanla Rusiya arasında uzunmüddətli gərginliyin yaşanmasına çalışır, iki ölkə arasındakı münasibətlərin pisləşməyinə səy göstərirdi. Lakin Düşənbə görüşü sübut etdi ki, həm Azərbaycan, həm də Rusiya ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və onlar bu istiqamətdə səylərini yaxın gələcəkdə də davam etdirəcəklər. ”.

Seymur ƏLİYEV

2025-10-10 14:19:28
2894 baxış

Digər xəbərlər

Prezidentin köməkçisi KİV və QHT-lərlə görüşlərinin əsas məqsədlərini açıqlayıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV və QHT rəhbərləri ilə keçirilən görüşlərin məqsədini açıqlayıb. Hacıyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi olaraq ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri çox yüksək qiymətləndirir: “Prezidentin köməkçisi olaraq çox böyük şərəf hissi ilə mən də istər onlayn, istərsə də çap mediasının nümayəndələri ilə bu görüşləri keçirdik. Azərbaycan mediasının gələcəkdə daha da inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Düşünürük ki, məsuliyyətli və peşəkar medianın inkişafı qarşımızda duran əsas məsələlərdən biridir. Ona görə də media kapitanları ilə bu mövzuda operativ müzakirələrimiz oldu”. Azərbaycan Prezidentinin köməkçisi vətəndaş cəmiyyəti təsisatları ilə də fikir mübadiləsi aparıldığını nəzərə çatdırıb: “Dövlət başçısı hər bir ictimai çıxışında vətəndaş cəmiyyəti təsisatlarının ölkəmizin ictimai həyatında rolunun daha da artırılması, ictimai nəzarətin gücləndirilməsi kimi məsələləri qeyd edir. Bu xüsusda da biz müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərlə birinci  ictimai liderlər platformasında görüşdük. Daha sonra əlillər, şəhidlər, Qarabağ qaziləri ilə əlaqədar sahələrdə, o cümlədən beynəlxalq sahədə fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşümüz oldu. Bu görüşdə də dövlətimizin QHT sektorundan fəal çalışması ilə bağlı gözləntilərini, vətəndaş cəmiyyəti təsisatlarının fikirlərini, rəylərini, onlar tərəfindən qaldırılan problemləri də dinlədik. Bu qəbildən olan dialoqlar dövlətimizin başçısı tərəfindən qoyulan tapşırıqlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısı Milli Məclisdə çıxışında da ictimai-siyasi münasibətlər kontekstində yeni bir konfiqurasiyanın yaradılmasını xüsusi qeyd edib. Bundan da çıxış edərək bizim media nümayəndələri və QHT təmsilçiləri ilə fikir mübadiləmiz olub. Bu, davamlı bir xarakter alacaq”. Hacıyev deyib ki, görüşlərdə media təmsilçiləri də qeyd edib ki, məsuliyyətli və peşəkar Azərbaycan jurnalistikasının ənənələrinin təkrarən qaytarılması, peşəkar və məsuliyyətli mediamızın daha da gücləndirilməsinə ehtiyac var: “Gərək bu istiqamətdə birgə səylərimizi dava etdirək”. Hacıyev QHT və media təmsilçiləri ilə görüşlərinin Azərbaycan Prezidentinin köməkçisi statusunda keçirildiyini söyləyib: “Prezidentin köməkçisi olmaq hər birimiz üçün böyük şərəf və etimaddır. Biz fəaliyyətimizdə də bu etimadı doğrultmağa çalışırıq. Ona görə də Prezidentin köməkçisi olaraq QHT və media mənsubları ilə bu görüşləri keçiririk. Bir amili də qeyd etmək istərdim. Uzun müddət media sahəsində fəaliyyət göstərmiş bir insan kimi mediaya qayğını çox yaxşı başa düşürəm. Mən media kapitanlarının hər biri ilə görüşdə bu məsələni – jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasını xüsusi olaraq qaldırıram. Mən redaktorlardan dostcasına da xahiş edirəm ki, jurnalistlərə qayğı və sosial dəstəyin daha da artırılması, onlara təlimlərin keçirilməsi məsələlərini diqqətdə saxlasınlar. Bu sahədə işlərimizi daha da artırmalıyıq”. Ramiz Mikayıloğlu  

Hamısını oxu
Vətən müharibəsi və yeni reallıqlar Azərbaycan Ordusunun gələcək simasının müəyyənləşməsində mühüm rol oynayacaq

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığının yüksək, maddi-texniki bazasının güclü olduğunu göstərdi. Vətən müharibəsi və yeni reallıqlar Azərbaycan Ordusunun gələcək simasının müəyyənləşməsində mühüm rol oynayacaq. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Ordumuzun müasir texnika ilə təchizatının bundan sonra da diqqət mərkəzində saxlanılacağını vurğulayan C.Xəlilov Azərbaycanın bu müharibədə hərbi texnologiyanın ən müasir yeniliklərini tətbiq etdiyini bildirib: “Ordumuzun bu təcrübəsi, Vətən müharibəsindəki taktika və strategiyası dünyanın bir çox dövlətləri tərəfindən öyrənilməkdədir. Ordumuzun bundan sonra da müasir texnika ilə təmin edilməsi, ən son hərbi məhsullarla təchizatı qarşıda duran əsas məsələlərdən biridir. Müzəffər Ali Baş Komandan da dəfələrlə bəyan edib ki, ordumuzun peşəkarlığının artırılması, döyüş hazırlığının qorunub saxlanılması, müasir silah-sursatla təmin olunması bundan sonra da diqqət mərkəzində olacaq”. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan bu istiqamətdə artıq əməli addımlar atmaqdadır. Belə ki, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bunun ən böyük sübutudur. Bu Bəyannamə ikitərəfli münasibətləri bütün parametrlər üzrə, o cümlədən hərbi müstəvidə daha da inkişaf etdirməyi nəzərdə tutur ki, bu da ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Türkiyə NATO-nun ən güclü dövlətlərindən biridir. Vətən müharibəsində düşmən üzərində qələbə əldə etməyimizdə Türkiyədəki hərbi məktəblərdə təhsil alan zabitlərimizin böyük əməyi oldu. O cümlədən Azərbaycan-Türkiyə hərbi təlimləri ordumuzun peşəkarlığının artırılmasında, onun döyüş qabiliyyətinin yüksəlməsində mühüm rol oynadı. Şuşa Bəyannaməsi bu sahədə daha geniş əməkdaşlıq üçün hüquqi əsas yaradır. Vətən müharibəsinin Azərbaycanın hərbi sənaye məhsullarının real döyüş şəraitində sınanması baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirən C.Xəlilov məhz milli hərbi sənayemizin istehsal etdiyi məhsullar nəticəsində Azərbaycan Ordusunun xarici hərbi məhsullardan asılılığının minimuma endiyini deyib: “Ordunu əsas sursat və mərmilərlə məhz yerli hərbi sənaye müəssisələri təmin edir. Vətən müharibəsindən sonra ölkəmizdə hərbi sənayenin daha da genişləndirilməsi, yeni ad və çeşiddə hərbi məhsulların istehsal edilməsi planlaşdırılır. Azərbaycan bu məsələdə də qardaş Türkiyənin təcrübəsindən istifadə edəcək. Yəqin ki, Vətən müharibəsində Azərbaycanın qalibiyyətində özünəməxsus rol oynayan pilotsuz uçuş aparatlarının və müşahidə sistemlərinin birgə istehsalı da Türkiyə ilə yaxın gələcəkdəki əməkdaşlıqda yer alacaq. Ermənistandan fərqli olaraq Azərbaycan iqtisadi baxımdan da olduqca güclüdür. Bu güc ordumuzu inkişaf etdirməyə, gücləndirməyə imkan verir”.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Moskvadakı beynəlxalq konfransda çıxış edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən beynəlxalq konfransda çıxış edib.   Çıxışında Azərbaycan xalqının faşizm üzərində qələbəyə verdiyi tarixi töhfədən ətraflı bəhs edən Təşkilat sədri, Bakı neftçilərinin fədakar əməyindən, azərbaycanlı döyüşçülərin qəhrəmanlığından bəhs edib. Polkovnik qeyd edib ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsi zamanı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlara imza atıb, faşizm üzərində zəfərədə həlledici rol oynayıb.   Prezident İlham Əliyevin bütün kateqoriyadan olan veteranlar kimi İkinci Dünya müharibəsi veteranlarına da böyük qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov, azərbaycanlı döyüşçülərin xatirəsinin Rusiya və digər ölkələrdə əbədiləşdirilməsinin vacibliyinə toxunub. Təşkilat sədri qeyd edib ki, azərbaycanlılar sadəcə keçmiş SSRİ ölkələrinin deyil, bir çox Şərqi Avropa ölkəsinin faşist işğalından azad edilməsində mühüm rol oynayıb. Bu baxımdan onların adının bu ölkələrdə əbədiləşdirilməsi tarixi ədalətin təmin edilməsi, mənəvi borcun yerinə yetirilməsi baxımından zəruridir.   Məlumat üçün qeyd edək ki, polkovnik Cəlil Xəlilov İkinci Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının  İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixləri müddətində növbəti plenumu,  “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda beynəlxalq konfransda çıxış etməklə yanaşı, Moskva şəhərinin veteran fəalları ilə də görüşləlr keçirib.   Seymur ƏLİYEV

Hamısını oxu
Ağdərənin işğalından 27 il ötür

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər.İyulun 7-si Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərənin və ətraf kəndlərin işğalından 27 il ötür. Ağdərə rayonu, Dağlıq Qarabağdakı bir çox ərazilər kimi, Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı qüvvələrinin nəzarəti altına keçib. 1992-ci ildə Azərbaycan Ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Bir il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. 1993-cü il 7 iyul tarixində Ağdərə şəhərini və rayonun bir çox kəndlərini ermənilər yenidən işğal edir. Hal-hazırda Ağdərə rayonunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla, bir çox əraziləri ermənilərin nəzarəti altındadır.Qeyd edək ki, 1989-cu ildə SSRİ tərəfindən aparılmış əhalinin son siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Bu göstərici üzrə Ağdərə azərbaycanlı əhalinin sayına görə, Şuşadan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində, Azərbaycan xalqına məxsus mədəni irs talan edilib və infrastrukturu dağıdılıb. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir. Bu, faktdır ki, Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib.Ağdərə ərazisində olan memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər Alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb.İşğal edilmiş ərazidə 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları, bir qayda olaraq, ABŞ-ın, Kanadanın, İsveçrənin və Fransanın iş adamları tərəfindən talan olunur.Ermənistan və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim, ötən 27 il ərzində, Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməlləri həyata keçirir.Azərbaycanın işğal altında olan torpaqlarının, azad edəcəyi gün yaxındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarına qayıdacaq və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək.Bu gün böyük gücə malik olan Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Qarabağda dalğalandırmağa qadirdir.

Hamısını oxu