Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

12 dekabr 2025-ci il tarixində Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı şəhid ailələrinin, veteranların, kənd ağsaqalları və ziyalıların iştirakı ilə ehsan süfrəsi təşkil edilib. İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrəsində 210 nəfərə qədər şəxs iştirak edib.

Tədbiri giriş sözü ilə açan məscidin axundu Hacı Ələsgər Mikayılzadə Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi xidmətlərinə toxunub, onun xilaskarlıq missiyasından bəhs edib.

Ehsan süfrəsində iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, BDU-nun tələbəsi Nüsrət Mirzəyev, tanınmış ziyalı Hacı Natiq Nağıyev, kənd ağsaqqalı Nuhbala Ağayev Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutduğunu, müasir Azərbaycanın məhz Ümummilli Liderin siyasi kursu, işıqlı ideyaları sayəsində öz inkişaf və əzəmətinin zirvəsində qərarlaşdığını vurğulayıblar.

Sonda çıxış edən iş adamı Cəlil Nağıyev Heydər Əliyev ideyalarının bundan sonra da təbliğinin zəruri olduğunu vurğulayıb, Ulu Öndərin güclü, müstəqil Azərbaycan naminə gördüyü böyük işlərdən danışıb:

“Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətləri, bu xidmətlərin Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasında, gücünə güc qatmasındakı önəmi hər kəs məlumdur. Heydər Əliyev yadelli işğala məruz qalan,  daxili qarşıdurmalardan əziyyət çəkən, sosial-iqtisdi vəziyyəti sürətlə ağırlaşan, milli-mənəvi dəyərlər sistemi aşınmaya məruz qalan Azərbaycanı yalnız bu bəlalardan xilas etməklə qalmadı. Xalqımızın böyük oğlunun bənzərsiz siyasi dühası sayəsində ölkəmiz tarixi və qarşısıalınmaz yüksəliş dövrünə qədəm qoydu. Qısa zamanda nizami ordunun formalaşması, daxili parçalanmalara son qoyulması, mərkəzi hakimiyyətin gücləndirilməsi, idarəetmənin bütün istqiamətləri üzrə gənc kadrların yetişdirilməsi, iqtisadiyyatın dirçəldilməsi və onun beynəlxalq tələblər səviyyəsində yenidən qurulması həyata keçirildi. Bütün bu addımlar Azərbaycan xaqlının və dövlətçiliyinin gələcəyini xilas etdi, onun təməllərini gücləndirməklə yanaşı, beynəlxalq arenadakı nüfuzunu da artıtdı.

Bizim üçün qürurvericidir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Müzəffər Ali Baş Komandanımızın tərəfindən böyük uğur və qətiyyətlə davam etdirilir. Biz də bir fərd, bir vətəndaş olaraq Prezidentimizin ətrafında sıx birləşməklə yanaşı, Heydər Əliyev ideyalarının təbliğində də fəal iştirak etməli, gənc nəslin bu ideyaları dərindən mənimsəməsini təmin etməliyik. Bu, həm milli kimliyimizin və tariximizin qorunub saxlanılması, həm də gələcək uğurlarımızın təminatı baxımından həyati əhəmiyyətə malikdir”.

Ehsan süfrəsində Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub, Prezident İlham Əliyev siyasətinə dəstək ifadə olunub.

Seymur ƏLİYEV

 

2025-12-12 11:15:00
2512 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev çıxışında qlobal mesajlar verdi

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun, urbanizasiya və dayanıqlı inkişaf gündəliyində fəal rolunun növbəti nümayişi oldu. 182 ölkədən 45 mindən çox iştirakçının qatıldığı forum təkcə şəhərsalma məsələlərinin müzakirə edildiyi beynəlxalq platforma deyil, həm də Azərbaycanın müasir inkişaf modelinin təqdimatı baxımından mühüm siyasi və strateji hadisə kimi yadda qalacaq.Ötən gün Forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı həm məzmun, həm də siyasi mesajları baxımından xüsusi diqqət çəkdi. Dövlət başçısı Azərbaycanın şəhərsalma siyasətini tarixi irsin qorunması, müasir urbanizasiya, postmünaqişə bərpası və ekoloji transformasiya kimi əsas istiqamətlər üzərindən təqdim etdi.Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Bakı qədimliklə müasirliyin harmoniyasını özündə birləşdirən nadir şəhərlərdən biridir. Dövlət başçısı İçərişəhərdən başlayaraq Bakı bulvarına, XIX əsr Avropa memarlığına qədər paytaxtın memarlıq müxtəlifliyini Azərbaycanın tarixinin və sivilizasiya kodunun göstəricisi kimi təqdim etdi. Prezidentin “qədimliklə yenilik arasında təbii vəhdət mövcuddur” fikri Azərbaycanın şəhərsalma fəlsəfəsinin əsas tezisi kimi ön plana çıxdı.Çıxışda diqqət çəkən mühüm məqamlardan biri 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması oldu. Bu qərar dövlətin urbanizasiya siyasətinə strateji səviyyədə yanaşdığını göstərir. Prezident İlham Əliyev forumun Azərbaycanda keçirilməsini ölkəyə beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirdi və UN-Habitat ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladı.Dövlət başçısının çıxışında Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məsələsi xüsusi yer tutdu. Prezident İlham Əliyev erməni işğalı dövründə Azərbaycan şəhərlərinin tamamilə dağıdıldığını, Ağdamın beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırıldığını xatırlatdı. Prezidentin təqdim etdiyi rəqəmlər həyata keçirilən quruculuq prosesinin miqyasını açıq şəkildə nümayiş etdirdi: son beş ildə 70 kilometr tunel çəkilib, 500 körpünün 435-i inşa olunub, beynəlxalq hava limanları, dəmir yolları, enerji və su infrastrukturu yaradılıb.Bu hissədə Prezident İlham Əliyevin əsas siyasi mesajlarından biri diqqət çəkdi: “Torpağın həqiqi sahibi yalnız qurur və yaradır”. Dövlət başçısı bununla Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi yanaşmanı – dağıntı deyil, quruculuq və reinteqrasiya siyasətini ön plana çıxardı. Hazırda 85 mindən artıq insanın keçmiş işğal olunmuş ərazilərdə yaşaması Böyük Qayıdış proqramının artıq real nəticələr verdiyini göstərir.Prezident İlham Əliyev şəhərsalmanı yalnız tikinti və memarlıq məsələsi kimi deyil, sosial rifah və insan həyatının keyfiyyətini müəyyən edən strateji siyasət sahəsi kimi təqdim etdi. Dövlət başçısı vurğuladı ki, insanların rahat yaşayışı üçün məktəblər, xəstəxanalar, sənaye zonaları və məşğulluq imkanları paralel şəkildə yaradılır. Bu yanaşma müasir urbanizasiya konsepsiyasının əsas prinsiplərinə tam uyğun gəlir.Prezidentin çıxışında Bakının ekoloji transformasiyası da xüsusi yer aldı. Dövlət başçısı qeyd etdi ki, neft sənayesinin uzun illər yaratdığı ekoloji problemlərə baxmayaraq, son 20 ildə paytaxtın böyük hissəsi tamamilə yenilənib. Vaxtilə çirklənmiş sənaye zonası kimi tanınan “Qara şəhər”in bu gün “Ağ şəhər” layihəsinə çevrilməsi Azərbaycanın ekoloji şəhərsalma modelinin ən uğurlu nümunələrindən biri kimi təqdim olundu.İlham Əliyevin Formula 1 yarışını şəhər idarəçiliyi ilə müqayisə etməsi isə çıxışın ən yadda qalan siyasi-mənəvi mesajlarından biri oldu. Prezident bildirdi ki, şəhər rəhbərləri və qərar qəbul edənlər sürətli inkişafla tarixi irsin qorunması arasında düzgün balans qurmalıdırlar. Dövlət başçısının fikrincə, inkişafda cəsarətli olmaq vacibdir, lakin tarixi irs məsələsində son dərəcə ehtiyatlı davranmaq lazımdır.Forum çərçivəsində BMT rəhbərliyinin və UN-Habitat nümayəndələrinin çıxışları da Bakının beynəlxalq urbanizasiya gündəliyində mühüm mərkəzə çevrildiyini göstərdi. BMT Baş katibi Antonio Quterreş forumun qlobal şəhərsalma problemlərinin həllinə təkan verəcəyini vurğuladı. UN-Habitat rəhbərliyi isə Azərbaycanın tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi qeyd etdi.WUF13 forumu bir daha göstərir ki, Azərbaycan artıq yalnız enerji və geosiyasi layihələrlə deyil, həm də müasir şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə bərpası sahəsində öz modelini təqdim edən dövlətlər sırasında yer alır.Prezident İlham Əliyevin çıxışında səslənən mesajlar Azərbaycanın urbanizasiya siyasətinin əsas prioritetlərini – tarixi irsin qorunması, müasir infrastrukturun qurulması, ekoloji transformasiya və insan amilinə əsaslanan inkişaf modelini aydın şəkildə ortaya qoydu.Bakıda keçirilən forumun nəticələri göstərir ki, Azərbaycan şəhərsalma sahəsində regional təcrübə mərkəzinə çevrilmək istiqamətində ardıcıl addımlar atır və bu proses dövlət siyasətinin strateji prioritetlərindən biri olaraq qalır. Məşhur Məmmədov,Milli Məclisin deputatı

Hamısını oxu
“Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir”

Varis: “Keçmişə güllə atanı gələcək topa tutar” Son vaxtlar bəzi tarixi-ədəbi karifeylərimiz haqqında tənqidi fikirlər ortaya atılmaqda, klassiklərimizin yaradıcılığı ilə yanaşı, şəxsiyyətləri də hədəf alınmaqdadır. Bu cür qarayaxma kampaniyaları cəmiyyət üçün hansı fəsadlar törədə bilər? Sapı özümüzdən olan baltalar tərəfindən irəli sürülən bu ittihamlardan sabah Azərbaycanın xaricdəki düşmənləri də ilham ala, oxşar iddialarla çıxış edə bilərmi? Moderator.az-a açıqlama verən Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Keçmişə güllə atanı gələcək topa tutar. Biz bu gün dahi Nizami Gəncəviyə “farsca yazıb”, böyük Füzuliyə “qəliz yazıb”, ulu Vaqifə “padşaha işləyib”, öndər Məhəmmədəmin Rəsulzadəyə “faşistlərlə danışıqlar aparıb” kimi ittihamlar səsləndirən bir qaragüruhun müasirləriyik. Belələri xüsusən Sovet dövrü yazarlarını - Səməd Vurğunu, Rəsul Rzanı stalinizmə sədaqətdə suçlayırlar. Hər bir fərdi öncə yaşadığı zəmanə yetişdirir. Sən bunu nəzərə almadan onlara 3-cü minillikdəki ictimai-siyasi doqmalar kontekstindən qiymət verə bilməzsən. Nizami niyə farsca yazıb sualının bəsit cavabı var, çünki 12-13-cü əsrlərdə  Şərq poeziyasının dili fars ədəbi dili idi. Füzuli niyə qəliz yazıb, çünki 16-cı əsrdə işlənən Azərbaycan türkcəsi məhz elə idi. Vaqif niyə şaha işləyib, çünki Vaqif Qarabağ xanlığında vəzir postunu tutub, dövlət xadimi olub. Məhəmmədəmin Rəsulzadə niyə faşistlərlə danışıqlar aparıb, çünki Azərbaycanı işğal edən sovet rejimindən qurtuluş yolunu bunda görüb. Səməd Vurğula Rəsul Rza niyə  stalinizmə, leninizmə sədaqət göstəriblər, çünki onlar bu nəhəng ideoloji maşının çarxları arasında uşaqlıq, gənclik yaşayan və qatı təbliğata uymağa məcbur olan bir nəslin nümayəndələri olublar, zaman keçdikcə isə bu rejimin mahiyyətini görüb ona qarşı daxili üsyana qalxıblar. Ey bugündə oturub dünəndəkilərdə eyib axtaranlar. Siz öz zəmanənizdə kristalsınız yəni? Və bunlar da bir yana. Hər bir etnosun milli-mental dəyərləri, min illər formalaşmış paradiqmaları var. Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir. Məncə, cəmiyyət belələrinə təpki göstərməlidir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Dövlətlərarası Aviasiya Şurasının prezidenti Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu gəlib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Çox hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gözəl gündə Sizə ən dərin ehtiramımı, istedadlı dövlət xadimi, beynəlxalq xadim və məlahətli qadın kimi Sizə heyranlığımı bildirirəm. Tükənməz enerji və əməksevərlik, ən doğru və səmərəli həlləri tapmaq istedadı, dürüstlük və yüksək peşəkarlıq - bu keyfiyyətlər Sizin inkişafınıza və yalnız irəli getməyinizə imkan verir. Siz praktiki təcrübəniz, fəal həyat mövqeyiniz, əzmkarlığınız, nikbinliyiniz, geniş erudisiyanız və biliyiniz, qeyri-adi təşkilatçılıq qabiliyyətiniz sayəsində Azərbaycanın inkişafına çox böyük töhfə vermisiniz, bütün xalqın sevgisini və hörmətini qazanmısınız. Mənim üçün Siz həmişə səmimilik, xeyirxahlıq, müdriklik və gözəllik təcəssümü olmusunuz, bu gün də belədir və həmişə belə olacaq. Əziz Mehriban Arif qızı, icazə verin, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq, xoş əhval-ruhiyyə, aydın səma, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayım. Qoy, ömrünüzün hər günü dostlarınızın təbəssümü və yaxınlarınızın sevgisi ilə dolu olsun. Sizə, ailənizə və işlərinizə həmişə heyranam. Sizə və yaxınlarınıza ən xoş arzularımı bildirirəm". Milli.Az

Hamısını oxu
TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Veteran.gov.az xəbər verir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Yevlax Rayon Mərkəzi Xəstəxanasında "İxtisas ayları" proqramı çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərinin ixtisaslaşmış tibb müəssisələrində çalışan uzman və ixtisaslı həkimlər tərəfindən bölgədə yaşayan uşaqlara  tibbi xidmətlər göstərilib. Tibbi xidmətlər pediatrik xəstəliklərin ən çox müşahidə edildiyi bölgələrdən hesab olunan Bərdə-Yevlax tibbi ərazi bölməsinə daxil olan Mingəçevir, Bərdə, Yevlax, Ağdaş və Tərtər rayonlarının vətəndaşları üçün təşkil edilib. Tibbi heyət Respublika Pediatriya Mərkəzi, Yeni Klinika, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasında fəaliyyət göstərən 10 nəfər müxtəlif ixtisaslı həkim-mütəxəssisdən ibarətdir. Sağlamlıq günlərinin əsas məqsədi regionlarda yaşayan əhalinin tibbi müayinəsi,  uşaqlarının sağlamlığının qorunması istiqamətində pediatrik xəstəliklərinin erkən aşkarlanması, eləcə də onların törədə biləcəyi yanaşı xəstəliklər və fəsadlar barədə əhalinin maarifləndirilməsidir. Uşaq sağlamlığı günlərində 750-dən çox uşaq pediatr, kardioloq, infeksionist, nevroloq və oftalmoloq müayinələrindən keçərək 1 500-dən çox tibbi xidmətdən yararlanıb. Tibbi müayinələrdən yararlanan və xəstəliyi yeni müəyyən edilən uşaqların valideynlərinə zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib. Qeyd edək ki, tibbi müayinələrin keçirildiyi günlər ərzində uşaqlar üçün əyləncə proqramları da təşkil edilib.         

Hamısını oxu