Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sərhədləri aşan birlik ideyası – Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Heydər Əliyev: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.”

Milli mənlik, milli kimlik və milli dövlətçilik tariximizə adı qızıl hərflərlə həkk olunan Ulu Öndər Heydər Əliyevin imzaladığı hər bir fərman və sərəncamın arxasında təkcə bir dövlət başçısının iradəsi deyil, həmin imzanın hökmü ilə dəyişən, yeniləşən, tərəqqi edən və bəşəri dəyərlər sisteminə inteqrasiya olunan Azərbaycanın taleyinə duyulan sonsuz Vətən sevgisi dayanırdı. Onun siyasi iradəsi xalqın iradəsi ilə vəhdət təşkil edir, qəbul edilən hər qərar dövlətin möhkəmlənməsinə, millətin gələcəyinin təminatına xidmət edirdi.

Bu, danılmaz bir həqiqətdir ki, xalqımızın əsrlər boyu formalaşan qətiyyətli, istiqamətverici milli lider idealı məhz Ulu Öndər Heydər Əliyevin şəxsiyyətində özünün ən kamil təcəssümünü tapmışdır. O, müstəqil Azərbaycan Respublikasının milli-mənəvi, siyasi, iqtisadi və ideoloji əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının güclü, müstəqil və davamlı dövlətə sahib olmaq arzusunu gerçəkləşdirmiş, bu dövlətin əbədiyaşarlığını tarixi zəmanət altına almışdır. Heydər Əliyev fenomeni bu gün də Azərbaycanın inkişaf yoluna işıq salan strateji düşüncə məktəbi kimi yaşayır və gələcək nəsillər üçün möhkəm ideoloji dayağa çevrilir.

Heydər Əliyevin irsi təkcə bütün həyatını xalqının, dövlətinin yüksəlişinə həsr etmiş bir Liderin şərəfli ömür yolu, yaratdığı tarix deyil. “Onun irsi həm də bu günümüz və gələcəyimizdir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə təminat yaradan, önümüzdə aydın inkişaf istiqamətləri müəyyənləşdirən yol xəritəsidir.”Ulu Öndərin Vətən qarşısındakı ən mühüm xidmətlərindən biri azərbaycançılıq məfkurəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi, müstəqil dövlətin ideya əsasına çevirməsidir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuşdur, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.

            “Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün soydaşlarımız arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Bunu o dövrdə yaradılmış Azərbaycan ədəbiyyatı, musiqisi, kinosu, təsviri sənətində və eləcə də xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən digər çoxsaylı əsərlərdə müşahidə etmək olar. Həmin dövrdə Ulu Öndər respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, diasporumuzun təşəkkül tapmasını vacib sayırdı.”

             Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq məfkurəsi mənəvi inkişafımızın, Azərbaycanın əbədi istiqlalının təminatçısına çevrildi. Ulu Öndərin müəyyən etdiyi azərbaycançılıq iki təməl ideyanı özündə birləşdirmiş oldu: dövlətçilik və vətənpərvərlik. Azərbaycançılıq ölkəmizə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, doğma yurdumuzu etnik bölgücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipərə çevrildi. Dünyaya səpələnən soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirdi. Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini sübut etməklə kifayətlənmədi. Onun əsas istiqamətlərini və perspektivlərini bəyan etməklə dünya azərbaycanlılarının həmrəyliyinə nail oldu.

Ulu Öndər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın doğma Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsini, onların arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunmasını, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin  mayın 23-də sərəncam imzalamaqla azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini möhkəmlətdi. 2001-ci il noyabrın 9-da keçirilən Dünya azərbaycanlılarının  I qurultayında  Ulu Öndər Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik…"

Bu məntiqdən çıxış edərək deyə bilərik ki, ilk qurultay dünya azərbaycanlılarının milli mənlik şüurunun güclənməsində, müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının təmin olunmasında müstəsna rol oynadı.

Ulu Öndər hələ Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışarkən, “1991-ci il noyabrın 5-də Ali Məclis uzun illərin ayrılığından sonra Arazboyu sərhəd dirəklərinin söküldüyü 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurətini irəli sürmüş və bununla bağlı qərar qəbul olunaraq Azərbaycan Ali Sovetinə müraciət ünvanlamışdı. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Soveti müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi.”

             Dünya azərbaycanlılarının I qurultayından sonra xarici ölkələrdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi, inkişafı məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il xarici ölkələrdəki azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanunun qəbulu da Ulu Öndər Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətlərinin qürur dolu səhifələridir. Bu böyük şəxsiyyət, dövlət xadimi xarici ölkələrə səfərləri zamanı da həmin ölkələrdə yaşayan Azərbaycan icmalarının təmsilçiləri ilə görüşməyi vacib bilir, onların problem və qayğılarına diqqət yetirir, fəallığı, mütəşəkkilliyi, proseslərə təsir imkanlarını daha da artırmaları üçün dəyərli tövsiyələrini onlardan əsirgəmir, azərbaycançılıq məfkurəsini dünyada təbliğ edirdi.

              Azərbaycanın milli dövlətçilik ideologiyasının - hüquqi, demokratik dövlət kimi inkişafını və təhlükəsizliyini təmin edən dəyərlər sisteminin  Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılması tarixi bir qanunauyğunluqdur. Bu baxımdan ölkənin konstitusiya quruculuğu da milli dövlət ideologiyasının əsasını təşkil edir. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin ictimai-syasi həyatında əlamətdar bir hadisə oldu.

              Ulu Öndər Heydər Əliyev Konstitusiyamıza müəlliflik etməklə və onun qəbuluna nail olmaqla həm Azərbaycan xalqının ötən əsrin əvvəllərindən yarımçıq qalan arzusunun gerçəkləşməsinə nail olmaqla kifayətlənmədi, dövlət quruculuğu prosesinin ən zəruri məqamlarından biri olan hüquqi sistemin təkmilləşdirilməsinə nail oldu. Heydər Əliyev Azərbaycanda hüquqi dövlət modelinin yaradılması və inkişafına yönəlmiş fundamental strategiyanın müəllifi kimi bütün sahələrdə mükəmməl qanunların hazırlanması prosesini sürətləndirdi.

Azərbaycan Respublikasının Konstitusiyası 30 il ərzində təkmilləşdirmə və inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı sərəncamında deyilir: "Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir".

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Əsas Qanunumuz və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra bərpa etdiyimiz dövlət suverenliyimiz xalqımızın təkcə əsrləri əhatə edən arzusu deyil, həm də tarixin qarşımıza qoyduğu tələbi idi. İndi tərəddüd etmədən deyə bilərik ki, Konstitutsiyamız milli dövlətçilik tariximizdə suverenleyimizin, müstəqilliyimizin bütün parametrlərini özündə ehtiva etməklə yanaşı, azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini özündə əks etdirən rəsmi dövlət sənədidir.

Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir. Soydaşlarımızla görüşlərinin birində Ulu Öndər deyirdi: "... Mən demirəm ki, 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər...”

Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində qeyd edirdi: "Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır". Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış azərbaycançılıq adlı mühüm bir ideologiyaya, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi.

İstər sovet dövrü olsun, istər də müstəqillik illərində Heydər Əliyev hər zaman və hər yerdə Vətən, Odlar Yurdu Azərbaycan üçün çalışır, həyatının mənasını, dövlət idarəçilik təliminin əsasını milliliyin, həmrəyliyin qorunub saxlanmasında görürdü. Lider – Varis ənənəsini dövlət idarəçilik təliminin prioritetinə çevirən Prezident İlham Əliyev Ulu Öndərin milli inkişaf strategiyasını bu istiqamətdə də uğurla davam və inkişaf etdirməklə kifayətlənmədi, müasir dünyanın reallıqlarına, yeni vəziyyətlərə uyğun olaraq diaspor quruculuğu sahəsində mühüm addımlar atdı. Prezidentin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması da bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Diaspor quruculuğu fəaliyyətində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın müstəsna xidmətləri vardır.

Tarixi zəfərin simvolu, rəmzi olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirildiyi əlamətdar gün də dünyanın ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizin yaddaşına qürurla yazıldı. Bu möhtəşəm və mötəbər tədbir tarixə Dünya Azərbaycanlılarının Zəfər qurultayı kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı proqram xarakterli nitqi ilə dünyadakı bütün soydaşlarımıza gələcəyə doğru aydın istiqamət verdi.

30 illik işğaldan, intizardan sonra Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı Ulu Öndərin birlik, bütövlüklə bağlı düşüncəsinin, gələcəyə müdrik baxışının təntənəsi idi. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürurla söylədiyi bu müdrik kəlam tarixlə müasirlik arasında körpüyə çevrildi: "Biz xoşbəxt insanıq, Ulu Öndərin davamçıları kimi onun bir yarımçıq arzusunu, azərbaycançılıq ideologiyası ilə bağlı düşüncəsini gerçəyə çevirdik..."

Milli mənlik, milli kimlik uğrunda mücadilə edən, iradənin gücü xarakterin əyilməzliyi ilə tarix yaradan, imperiyalar, qüdrətli dövlət quran, Manna, Midya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi imperiyalar quran Odlar Yurdu Azərbaycan Şərqin ilk Demokratik Cümhuriyyətini qurmaqla sübut etdi ki, o qüdərtli dövlətçilik ənənələrinə, zəngin tarixə və mədəniyyətə malik ölkədiir.

Bolşevik Rusyasının, SSRİ-nin at oynatdığı illərdə, siyasi hakimiyyətinin birinci mərhələsində Ulu Öndər Heydər Əliyev sübut etdi ki, Odlar Yurdu Azərbaycan təkcə “Qara qızıl”ın, “Ağ qızıl”ın deyil, həm də bəşəri dəyərlər xəzinəsinin yaratdığı incilərlə zənginləşdirən Xaqani Şirvani, Nizami Gəncəvi, Seyid İmaddədin Nəsimi, Mövlana Məhəmməd Füzuli,Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Abbasqulu ağa Bakıxanov, Hüseyn Cavid, Səməd Vurğun kimi dahilərin diyarıdır.

Şura hökumətinin gəlişi ilə onun əlindən alınan Ana dili sənəd, siyasət, mədəniyyət dilidir. 1978-ci ildə Şah İsmayıl Xətaidən, Səfəvilər İmperiyasından 477 il sonra Ana dilinə dövlət dili statusu verilib onu Anayasada-Konstutisuyada təsbit etdirinən Ulu Öndər siyasi hakimiyyətinin ikinci mərhələsində də milli mənlik, milli kimlik uğrunda mücadilənin mücahidi kimi tarix yaratdı. Böyük Qayıdışı, ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Dirçəlişin, Qurtuluşun memarına çevrildi.  2003 –cü il dekabrın 12-də  dünyaya vida nəğməsi oxuyarkən isə “Ata Vəsiyyətinə əməl edən” Varisi haqqında tarixi bir kəlam işlətdi: “Mən ona özüm qədər inanıram”.

Bu gün onun günüdür! 44 günlük Vətən Müharibəsində iradənin gücü, xarakterin əyilməzliyi ilə mümkün olmayanı mümkünə çevirən, Lider-Xalq birliyinə nail olan, Qüdrətli Ordusu ilə Şuşa qalasına , ruh bədənə girən kimi bir göz qırpımında girən,  mənsub olduğu milləti, məmləkəti Cıdır düzündə, Xüdafərin körpüsündə Bayrağa döndərən, “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə yol gələn, Zəngəzur dəhlizini Turanın, türk dünyasının, Şərqlə Qərbin körpüsünə, 30 ildir qolu bağlı qalan, Şərqin, Türkün qapısı, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın nicat yerinə çevirən Liderin Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin günüdür!  Bu gün həm də, onun varlığı ilə qürur duyan, arxasında dağ kimi dayanan, duaları ilə qoruyan, Yoxdan var edənimiz, Baba yadigarımız, Zəfər, Qələbə memarımız deyib, ona inanan inamında yanılmayan, Ulu Öndərin 34 il bundan öncə elan etdiyi həmrəylik günü sözün həqiqi mənasında Dünya Azərbaycanlılarının, türklərin, müsəlmanların həmrəylik gününə çevirən xalqın günüdür! Birliyimiz daim olsun, həmrəyliyimiz gücümüzə güc qatsın! Həmrəylik Gününüz mübarək olsun!

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatının sədri,     polkovnik Cəlil Xəlilov

2025-12-26 23:58:00
6404 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında Bakı və ətrafı rayonların və işğaldan azad edilən rayonların Veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib

05 fevral 2021-ci il tarixində Respublika Veteranlar Təşkilatında Bakı rayonların və Bakı şəhərində fəaliyyət göstərən işğaldan azad edilən rayonların Veteran təşkilatlarının sədrləri ilə Təşkilatın rəhbərliyinin görüşü keçirilib Ulu öndər heydər Əliyevin və şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükuta yad edilməsi ilə  başlayan tədbirdə Respublika Veteranlar Təşkilatının sədri II Dünya müharibəsi veteranı Fatma Səttarova çıxış etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Sədr Təşkilatın artıq qarşısında yeni vəzifələr dayandığını, zamanın tələblərinə uyğunlaşdırılması istiqamətində görülməli olan məsələlərə toxundu. Bütün qəbildən olan veteranlarına göstərilməli olan diqqət və qayğının artırılması, gələcək nəslin vətənpərvər ruhda yetişdirilməsində onların bilik bacarıqlarında istifadə edilməsinə diqqət yetirdi. Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov Təşkilatının qarşısında ciddi vəzifələrin durduğunu diqqətə çatdırıb, qurumun yerlərdə fəaliyyətinin gücləndirilməsinin, veteranları narahat edən problemlərin öyrənilərək müvafiq qurumların diqqətinə çatdırılmasının, beynəlxalq veteranlar təşkilatları ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, ölkə başçısının müvafiq Fərmanı ilə bütün yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradıldığını qeyd edərək, Veteranlar Təşkilatının həmin şöbələrlə əməkdaşlığının əhəmiyyətini bildirib. Rayon Veteran Təşkilatlarının sədrlərinə qrumlarla əlaqələrini genişləndirməyin vacibliyini tövsiyə etdi. Rayon Veteran Təşkilatlarının sədrləri çıxış edərək Təşkilatın veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işlərin daha da yaxşılaşdırılmasını vacib məsələrdən hesab etdilər. Göstərilən tapşırıqların dərhal həll ediləcəyini bildirdilər. Görüş iştirakçıları Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti təbliğ edəcəklərinə əminliklərini ifadə etdilər.

Hamısını oxu
COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşır

Bakı, 14 noyabr, AZƏRTAC Azərbaycanda keçirilən COP29 qlobal ekoloji fəlakətdən dönüş nöqtəsidir. AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə çəkməklə yanaşı, həm də həmin problemlərdən xilas yolunu göstərir: “COP29-un bütün bəşəriyyət üçün əsl önəmi artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, onlardan qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu sahədə konkret qərarların qəbuludur. Yəni, Azərbaycanda keçirilən COP29 dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaldığını dərk etdi. Dünyanı bu fəlakətdən qurtarmaq üçün ya indi kritik, fundamental addımlar atılmalı, ya da bəşəriyyət öz məhvinə hazır olmalıdır”. Cəlil Xəlilov vurğulayıb ki, tədbirdə 196 ölkədən on minlərlə nümayəndənin iştirakı dünyanın Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük maraq göstərdiyini təsdiqləyir: “Bakıda keçirilən COP29-da 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib ki, onların arasında 80 prezident, vitse-prezident və Baş nazir var. Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin nümunəsində liderlərin iştirakı ondan xəbər verir ki, bu günlərdə bütün dünya Bakıya toplaşıb və planetin gələcəyi Azərbaycanda həll edilir”. O qeyd edib ki, hələ davam edən COP29 artıq bir sıra məqsədlərinə çatıb: “Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Nümunə üçün qeyd edək ki, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib və bu, kifayət qədər böyük rəqəmdir. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla atmosfer yaradır, ekoloji mühitin yaxşılaşması, iqlim dəyişikliklərinə qarşı daha effektiv mübarizə üçün zəmin formalaşdırır”. Polkovnik bildirib ki, COP29 sammitindən irəli gələn vəzifələrin təbliği istiqamətində qeyri-hökumət təşkilatları da aktiv iş aparmalıdır: “Xüsusilə media və sosial şəbəkələrdə bu ideyaların yayılması, təbliği istiqamətində ciddi aktivlik sərgiləməlidir. Bununla yanaşı, həm də dövlətimizin COP29 çərçivəsində qlobal ekoloji mühitin yaxşılaşmasına verdiyi dəstəyin təbliğatında da fəal iştirak etməli, eyni zamanda, Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir”.

Hamısını oxu
İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri mövzusunda seminar keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirilib. “İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri: beynəlxalq və milli səviyyədə” mövzusunda təşkil olunan seminarda ekologiya və miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar və digər şəxslər iştirak ediblər. Mövzu ilə bağlı məlumat verən Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov xüsusilə bildirib ki, Azərbaycanda ekoloji miqrasiya ölkənin daxili miqrasiya mənzərəsinə müəyyən təsirlər edib. Vurğulanıb ki, daxili miqrantlar arasında təbii fəlakətlər və digər ekoloji səbəblərə görə yaşayış yerini tərk etmək məcburiyyətində qalan ekoloji miqrantları görmək olur. Bütövlükdə, müasir dövrdə ildən ilə daha qabarıq büruzə verən iqlim dəyişikliyi ekoloji miqrasiya fenomeninin miqyasının genişlənməsi nəticələnir. İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsirinin müxtəlif aspektləri barədə geniş məruzə ilə çıxış edən Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın, “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov dünyanın bir sıra bölgələrində sürətlə dərinləşən səhralaşma problemi, su qıtlığının yaranması, flora və faunanın tükənməsi həmin ərazilərdə məskunlaşan insanların başqa ərazilərə miqrasiya etməsi və yeni şəraitə uyğunlaşması barədə danışıblar. Bildirilib ki, bəşəriyyətin mütərəqqi qüvvələri həm də bu fəsadların aradan qaldırılması istiqamətində səylərini səfərbər edirlər. Tədbirdə iştirak edən Nərmin Qəribova, Məhsəti Hüseynova, Amil Məmmədov, Rəhilə Mehdiyeva, Nailə İsmayılova və digərləri ekoloji miqrasiya sahəsi ilə bağlı miqrantların hüquqlarının təmin olunması ilə bağlı həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verib, ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan miqrantların iqlim dəyişikliyi fonunda hüquq və azadlıqlarının təmin olunması ətrafında fikir mübadiləsi aparıblar. Qeyd olunan məsələlərə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Miqrasiya üzrə Qlobal Saziş və digər beynəlxalq sənədlərdə ekoloji miqrasiya ilə bağlı yer alan müddəalar barədə məlumat verib və Xidmətin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər haqqında danışıb. İştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.  

Hamısını oxu
Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi və siyasi varisidir

Azərbaycan xalqı zəngin və şərəfli dövlətçilik tarixinə malikdir. Bu tarixin ən mühüm səhifələrindən birini 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və olduqca mürəkkəb şəraitdə 23 aylıq fəaliyyəti təşkil edir. Əlbəttə, Şərqdə ilk parlamentli və demokratik respublika olan Xalq Cümhuriyyətinin timsalında Azərbaycan xalqı yeni bir dövlətçilik ənənəsinin əsasını qoyub.  Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, milli dövlətçilik ənənələrinin qorunması və inkişafına xidmət göstərən əhəmiyyətli islahatlar həyata keçirib, müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul edilib. Bununla da demokratik idarəetmə baxımından nümunə sayılan mütərəqqi dəyərlər yaradılıb. Xalq hakimiyyətinin və insanların bərabərliyinin təsbit edilməsi, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verilməsi, irqi, milli, dini, sinfi bərabərsizliyini aradan qaldırılaraq demokratik idarəetmə sisteminin formalaşdırılması, Şərqdə qadınlara ilk dəfə seçib-seçilmək hüququnun verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrindən bəhs edərkən 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamentinin fəaliyyətini mütləq şəkildə qeyd etməliyik. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Bunlarla yanaşı, həmin dövrdə milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının qəbul edilməsi, məktəblərin milliləşdirilməsi, milli kadr siyasətinin aparılması, Azərbaycan dilinə dövlət dili statusu verilməsi və bu kimi digər tarixi əhəmiyyətə malik olan addımlar milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə çox mühüm töhfələr verib. Bu gün qürur və iftixar hissi ilə deyirik ki, müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi və siyasi varisidir. Xüsusi qeyd etmək vacibdir ki, Xalq Cümhuriyyətinin yaratdığı ənənələr xalqımızın zəngin dövlətçilik təcrübəsinin mühüm tərkib hissəsini təşkil edir. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib və Cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Bu siyasi ənənə Ulu öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir və Cümhuriyyətə, onun qurucularına böyük hörmət və ehtiram ifadə edən mühüm qərarlar qəbul edib. Dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi olduqca mühüm bir tarixi hadisədir. Ümumiyyətlə, dövlət müstəqilliyimizin bərpasından əvvəl dövlətçilik ənənələrinin qorunması və yaşadılması məhz Ulu öndərimizin adı ilə bağlıdır. Heydər Əliyev Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçildikdən sonra mühüm addımlar atmaqla tarixi və siyasi ənənələrimizin bərpasına nail olub. Ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda üçrəngli bayrağımız yenidən qaldırılıb, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılıb. Eyni zamanda, həmin vaxt Naxçıvanda əhalinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilməsi də tarixi hadisələrdən biridir. Ümummilli Liderimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə xalqımızımn xilası, dövlətimizin qurtuluşu oldu. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas etdi, inkişaf yoluna çıxardı, dövlət müstəqilliyini möhkəmləndirdi. Həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində respublikamızın iqtisadi və siyasi qüdrətini artırdı, beynəlxalq mövqeyini möhkəmləndirdi. Bütövlükdə, müstəqillik dövründə Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dönəm inkişaf və sabitlik illəri kimi yadda qalıb. Danılmaz həqiqətdir ki, Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, ölkəmizdə sıx xalq-iqtidar birliyi, sarsılmaz milli həmrəylik mövcuddur. Qeyd edək ki, Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi isə zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması xalqımızın mübarizə əzminin və dövlətimizin qüdrətinin ifadəsidir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan şanlı Azərbaycan bayrağı 30 ildən çoxdur işğalda olmuş azad Qarabağımızın hər bir guşəsində dalğalanır. Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi ilə ölkəmizin inkişafı daha sürətli şəkildə davam edir. Qalib, qüdrətli dövlət olan Azərbaycanın müstəqilliyi əbədidir. Ölkə Prezidentinin də dediyi kimi: “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir". Siyavuş Novruzov  Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu