Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident Əliyevin dilçilikdən açıq dərsi - professor Mahirə Hüseynova yazır

Hər bir dil mənsub olduğu xalqın varlığı və milli kimliyidir. Onun sadəcə ünsiyyət vasitəsi deyil, özünüdərk təməli, nəsilləri birləşdirən, düşüncəni formalaşdıran, mentaliteti ötürən və etnik qrupun təkrarsızlığını təmin edən, milli sərvətə və fərqliliyin əsasını təşkil edən mədəniyyətin simvoluna, yaşadığı tarixin daşıyıcısına çevrilməsi ümumilikdə milliliyin qorunub saxlanılmasında əsas vasitə olması mübahisə doğurmur. O da qətiyyən mübahisə doğurmur ki, dövlətçilik və onun təsisatları bir millətin dilinin formalaşmasında, onun rəsmi dil kimi təsdiqlənməsində, dil siyasətinin tənzimlənməsində (təhsil, media və qanunvericilik vasitəsilə), normalarının standartlaşdırılmasında (lüğətlər və qrammatikalar vasitəsilə) və millətlərarası ünsiyyət vasitəsi, milli kimliyin və mədəniyyətin qorunması kimi yayılmasının təşviq edilməsində əsas rol oynayır. Dövlət, dil layihələrini maliyyələşdirir, ədəbiyyatı dəstəkləyir və idarəetmə və təhsil üçün dili standartlaşdırır, bununla da, onun mövqeyini gücləndirir və ortaq milli şüurun formalaşmasında mühüm rol oynayır.

Veteran.gov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Prezident Əliyevin dilçilikdən açıq dərsi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni ilin əvvəlində, yerli televiziyalara artıq ənənə halını almış növbəti müsahibəsi ancaq ötən ildə (2025-ci il) görülən işlər barədə seçicilərinə - Azərbaycan xalqına hesabatı deyil, həm də artıq qədəm basdığımız yeni təqvim ilinə (2026-cı ilə) hədəflənən strategiya və həmin strategiyanın konturları barədə fikir mübadiləsi kimi qəbul olunmalıydı. Belə də oldu.

Azərbaycan Respublikasının Prezidenti ölkəmizin ötən ildə qazandığı uğurlardan, daxili və xarici siyasətdə hökumət üçün prioritet istiqamətlərdən, 2020-ci il sentyabr ayının 27-də işğalçı Ermənistanla başlanan və 44 gün ərzində Silahlı Qüvvələrimizin keçdiyi Zəfər yolundan, o Zəfərin regional və beynəlxalq platformalarda Azərbaycan dövlətinin yerini müəyyənləşdirən faktorlardan, antiterror əməliyyatından sonra dövlət suverenliyimizin reallığa çevrilməsini şərtləndirən amillərdən, Qarabağda aparılan tikinti-quruculuq işlərindən, bir qərinəlik ayrılıqdan sonra məcburi köçkünlərin qayıdışından və nəhayət, 2025-ci ilin avqustunda ABŞ-ın paytaxtı Vaşinqtonda- Ağ Evdə Ermənistan-Azərbaycan arasında Sülh Müqaviləsinin paraflanmasından sonra dayanıqlı sülhün regionda bərqərar olmasından və digər sosial məsələlər mövzusunda söhbət açdı. Bu mövzulardan biri ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyi ilə bağlı keçirilən tədbirdəki çıxışından sonra xüsusilə gündəmə çevrilən rəsmi dövlət dilinin hazırkı vəziyyətinə baxışın gündəmə gəlməsi ilə yadda qaldı.

Xatırlatsaq ki, Azərbaycan dilinin inkişafına və qorunmasına əlahiddə diqqət və qayğı XX əsrin ikinci onilliyində - 1918-ci il may ayının 28-də milli dövlətçiliyimizə qovuşduğumuz vaxtlardan diqqət çəkib, bu proses hətta nominal dövlətçilik institutlarının mövcudluğu zamanlarında yüksələn xətti illə seçilirdi və ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinə dövlət qayğısı ən yüksək müstəviyə qaldırıldı. 50-ci illərin sonlarından İttifaq mərkəzindən idarə olunan “Azərbaycanda millətçilik tendensiyalarının qarşısının alınması” fonunda dilimizə qarşı artıq oturuşmuş siyasətin davam etdirildiyi vaxtlarda az qala nümayişkaranə şəkildə aparılan bu siyasət vahid məqsədə xidmət etsə də, müxtəlif aspektlərdə aparılırdı. O aspektlərdən biri küncə sıxışdırılmış Azərbaycan dilinə dövlət tədbirlərində tribunaların verilməsi idi və bunu sovet Azərbaycanının 46 yaşlı lideri Heydər Əliyev öz şəxsi nümunəsində göstərirdi. Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley tədbirindəki çıxışı ilə dilimizin statusunun yeni müstəviyə çıxarıldığını nümayişkaranə şəkildə ortaya qoyan respublika rəhbəri sonrakı qərarları ilə bu addımın ardıcıl olaraq atılacağını təsdiqlədi. Bu, Bəkir Çobanzadənin tələbəsi, Azərbaycan dilçiliyinin patriarxlarından biri olan professor Muxtar Hüseynzadənin "Müasir Azərbaycan dili" adlı dördcildlik dərsliyinin Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə Dövlət mükafatına layiq görülməsi oldu. Xatırlatma üçün qeyd edək ki, “Müasir Azərbaycan dili” kitabında Azərbaycan dilinin leksikası ilk dəfə sistemli şəkildə tədqiq edilirdi. Müəllif sözün mənaları haqqında məlumat verir, türkologiyada ilk dəfə frazeologiya məsələsini qaldırır, Azərbaycan dilinin lüğət tərkibindəki qeyri-türk mənşəli – “gəlmə və alınma sözlər” adlanan təbəqəsi müfəssəl tədqiq olunurdu.

Sonralar, yəni 1978-ci ildə Azərbaycan SSR-nin yeni qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsi İttifaq məkanında ən çox müzakirə mövzularından birinə çevrildi. Bundan əlavə, uzun illər boyu dövlət müstəqilliyindən ayrı düşmüş xalqın tarixi ilə bağlı müxtəlif dövrləri əhatə edən bədii filmlərin hazırlanaraq tamaşaçılara təqdim olunması xalqın şərəfli tarixinə qayıdışına xidmət edirdi. Bu məsələdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilinin ən böyük təəssübkeşi olmaqla, bənzərsiz mahir natiq Heydər Əliyevin müqayisəyəgəlməz genişspektirli fəaliyyəti və tarixi xidmətləri geniş rol oynadı. Sonralar müstəqil Azərbaycan Respublikasının ali siyasi rəhbərliyinə qayıdışından sonra da Ümummilli Lider bu istiqamətdə işləri davam etdirdi. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı, dil siyasəti birmənalı olaraq formalaşdı.

Ulu Öndər ana dili ilə bağlı dövlət strategiyasını şərtləndirən amilləri belə izah edirdi: “Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.

2026-cı il yanvar ayının 5-də yerli televiziyalara müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir dilin ümumxalq kontekstində vacib amillərdən biri olduğunu xatırladır. Sosial mənzərəni təşkil edən münasibətlərin formalaşması və qorunmasının dil daxilində baş verdiyini, buna görə də onun sosial fəaliyyətin əlaqələndirilməsində əsas vasitəçilərdən biri, birincisi olduğunu xatırladır. Dili sosial təcrübəni müəyyən etmək, qorumaq və ötürmək üçün əsas vasitə, həmçinin subyektiv mənaları obyektləşdirmək üçün mühüm üzvi varlıq kimi xarakterizə edir. Dövlət başçısı dilin fərdi təcrübələrə subyektlərarası məna qatdığını, bütün sosial münasibətlərin dilin işarə sistemi daxilində formalaşdığını qeyd etməklə onun oynadığı siyasi rolu xatırladır. Dilin milli və etnik differensiasiyada mühüm rol oynadığına, onun təsirinin yalnız müəyyən bir icmanın mənəvi varlığı əhatə etmədiyinə, həm də digər millətlərdən və etnik qruplardan qarşılıqlı tamamlama və fərqlənmə hissi yaratdığına diqqət çəkir. Nəticə etibarilə milli və etnik kimliyin dillə sıx əlaqəli şəkildə nəzərdən keçirilməli olduğunu, onun istənilən sosial icmanın mövcudluğu üçün ən vacib şərtlərdən birinə çevrildiyini vurğulayır.

Buna görədir ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dönəmində apardığı dil siyasətinin və bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin təsəvvüründəki dövlət konstruksiyasında onun çəkisinin artırılmasına xüsusi diqqətin missiyasının konturlarını aydın görmək mümkündür. Bununla əlaqədar olaraq dövlətimizin başçısı ancaq dilçilərin deyil, həm də mətbuatında üzərinə düşən vəzifələrə işarə edir.

Prezident həmin müsahibəsində dilimiz və onun perspektivləri ilə bağlı sözlərini dinlədikcə, professor Muxtar Hüseynzadənin bununla bağlı fikirləri yadıma düşür. Professor 50 il əvvəl yazırdı: “Dil zorakı assimilyasiyaya qarşı o zaman daha ciddi müqavimət göstərə bilir ki, onun sabit və möhkəm qrammatik quruluşu olsun və bir çox əsrlər ərzində öz həyatiliyini sübut etmiş olsun. Belə bir dil yüz illərlə davam gətirən uzun bir proses nəticəsi olan çarpazlaşma zamanı həmişə qalib gəlir və öz lüğət tərkibini məğlub dilin hesabına zənginləşdirir. Azərbaycan dili də belə dillərdəndir”.

Prezident İlham Əliyev adıçəkilən müsahibəsində bayraq, gerb, himnlə birlikdə dili dövlətçiliyin əsas atributlarından biri, bəlkə də, birincisi sayır, xalqımızın yaşadığı taledən dərs almağımızı, nəticə çıxarmamızı tövsiyə edir: “Əsrlər boyu müstəmləkəçilik şəraitində müstəqillik eşqi ilə yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, Rusiya imperiyası, fars imperiyası, istərsə də Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey olmayıb. Müstəqillik tariximiz, dövlətçilik əsasları, ənənələri olub və o dövlətlərlə fəxr edirik, amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb”.

Dil psixologiyası və ya psixolinqvistika elmi var. O, nitq, düşüncə və şəxsiyyət arasındakı əlaqəni öyrənir, insanların dili necə yaratdığını və qavradığını, dilin şüuru necə formalaşdırdığını və dil xüsusiyyətlərinin danışanların mentalitetini və sosial mənsubiyyətini necə əks etdirdiyini, onları sosial qruplar, mədəniyyət və tarixlə necə əlaqələndirdiyini araşdırır. Bu sahə dili sadəcə işarələr sistemi kimi deyil, həm fərdi, həm də qrup (sosiolektlər) nitq nümunələrinin təhlili ilə daxili zehni prosesləri, dünyagörüşünü və ünsiyyət məqsədlərini əks etdirən insan varlığının ayrılmaz hissəsi kimi görür. Həmçinin psixolinqvistika, hər bir xalqın yaşadığı psixi situasiyanın onun dilinin leksikasında ifadə olunduğunu elmi dəlillərlə təsdiq edir. Buna görədir ki, İlham Əliyev həmin gerçəkliyi nəzərə alaraq belə deyir: “Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə, başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik”.

Dövlət başçısının fikirlərindəki aktuallıq XXI əsrin əvvəllərinin spesifik sosial-siyasi və sosial-mədəni reallıqlarından irəli gəlir. Qlobal ikiqütblü sistemin süqutu ideoloji böhrana, nəticə olaraq özünüdərk böhranına səbəb olduğu bu gün dünyada çoxlarının qəbul etdiyi gerçəklikdir. Müxtəlif sosial icmaların nümayəndələri dünyada öz yerlərini tapmaq və "biz" və "onlar" arasındakı korrelyasiyanı müəyyən etmək ehtiyacını hiss edirlər. Eyni zamanda, qloballaşma və media və kommunikasiyaların artan təsirinin nəticəsidir ki, müxtəlif millətlər və etnik qruplar arasında artan qarşılıqlı əlaqələrin şahidi oluruq. Bu da milli stereotiplərin yaranmasına və yayılmasına səbəb olur. İnteqrasiya və milli, etnik kimliyin qorunması istiqamətində əks tendensiyaların kəsişməsində, birincisi, demokratiya və vətəndaş cəmiyyətinin möhkəm kök saldığı, ikincisi, azlıq etnik qrupları üçün nisbətən yüksək həyat səviyyəsi və həyat keyfiyyətinin əldə edildiyi ölkələrdə optimal və ağlabatan həllər tapılır. Bu, münaqişə vəziyyətlərinin olmamasına zəmanət vermir, lakin belə ölkələrdə onların sürətli və konstruktiv həlli şansları həmişə yüksəkdir.

O şansların diqqətdə saxlanılmasının dilimizi, birbaşa və ya dolayısı ilə xalq və dövlətimizin həyatında oynayacağı rolu nəzərdə tutan İlham Əliyev buna görə tövsiyələrini bu formada çatdırır: “Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də, özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir”.

Bu vəzifənin əhəmiyyətini dönə-dönə xatırladan Prezident “milli kimliyin” sadəcə, mövcudluğunu deyil, inkişafı üçün vacib elementləri həm də ona görə xatırladır ki, hər birimizin məsuliyyəti təhtəlşüurumuza əbədi həkk olunsun. Dildə sosial mənzərəni təşkil edən münasibətlərin formalaşması və qorunması dil daxilində baş verir və buna görə də dil sosial hərəkətləri əsaslı şəkildə əlaqələndirir. Dil sosial təcrübəni müəyyənləşdirmək, qorumaq və ötürmək üçün əsas vasitəyə, eləcə də subyektiv mənaları obyektivləşdirmək üçün körpüyə çevrilir və fərdi təcrübələrə subyektivlərarası məna qatır. Sosial münasibətlərin dilin işarə sistemi daxilində formalaşmasında dil, milli və etnik differensiasiyada mühüm faktora çevrilir. Onun təsiri yalnız müəyyən bir icmanın mənəvi varlığını əhatə etmir, həm də digər millət və etnik qruplara qarşılıqlı tamamlayıcılıq və fərqlilik hissi verir. Bunlar öz yerində. Prezident cəmiyyətin hər bir üzvünün daşıdığı məsuliyyət hissi məsələsinə ümumi formada yox, konkret ünvanlarla fərd və qruplara müraciət etməklə toxunur: “Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Mən hərdənbir eşidirəm televiziya verilişlərində, sizə aid deyil. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə. Mən akademiyadakı çıxışımda bu məsələyə qısaca toxundum. Bu gün çərçivələri daha da açıram. Bu, ayrıca bir müsahibənin mövzusu ola bilər, çünki doğrudan da çox geniş mövzudur və sadəcə olaraq, biz hamımız vətəndaşları çağırmalıyıq ki, diqqətli olsunlar. Bu, sadəcə olaraq, belə demədim, elə dedim, deyil. Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.

Bu fikrində də Azərbaycan Respublikasının Prezidenti dilin saflığının qorunması üçün ayrı-ayrı elm və peşə sahiblərinin məsuliyyətini xatırlatmaqda haqlıdır. İlk növbədə, televiziya sahəsində çalışan jurnalistlərə çağırış edən ölkəmizin Lideri daha sonra ziyalılara, o cümlədən şair və yazıçılara üz tutur, onları dilimizin saflığının qorunmasında biganəlik göstərməməyə dəvət edirdi.

Bunlarla bərabər, çap və elektron medianın dilin saflığının qorunmasında ikili rol oynadığı xatırladıldı. Təbii ki, ya elektron, yaxud çap mediası jarqonları populyarlaşdırmaqla dili zəiflədə bilər, ya da nümunə mətnlərdə standartlar müəyyən etməklə xüsusilə gənclərimizin leksikasında düzəlməz fəsadlarla iz buraxa bilər. Elektron media daha auditoriyasının verdiyi imkanlar hesabına sürətli rəy yaratmaq və yaxud daha geniş əhatə dairəsinə malik olmaqla, dilimizdə əsrlərcə formalaşan fonetik və ya şifahi ədəbi dilin normaları əsasında mövcud olan orfoepik qaydalar sisteminə əsaslı zərbələr vura bilər.

Bunu nəzərdə tutan Prezident hamımızı xalqımızın varlığı ərzində yaratdığı söz xəzinəsinə həssas münasibətə çağırır. Bu, daha çox onunla bağlıdır ki, İlham Əliyev qloballaşmaqda davam edərək balacalaşan dünyanın hansı hədəflərə can atdığını əvvəlcədən görən azsaylı siyasətçilərdən biridir.

 

2026-01-22 18:49:00
2009 baxış

Digər xəbərlər

Virtual 71-ci Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident İlham Əliyevin videomüraciəti təqdim olunub

Oktyabrın 12-də “Kiber Kosmos buraxılışı” mövzusunda virtual 71-ci Beynəlxalq Astronavtika Konqresi keçirilib. AZƏRTAC xəbər verir ki, konqresin açılış mərasimində Prezident İlham Əliyevin videomüraciəti təqdim olunub. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd: Gələcəyə baxaraq, gəlin 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək Azərbaycana, Bakıya bağlanaq. Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə söz verməkdən şərəf hissi duyuram. Azərbaycan Prezidenti İlham Əliyev: Hörmətli xanımlar və cənablar, mən sizi Azərbaycanın paytaxtı Bakıdan səmimi qəlbdən salamlayıram. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. İlk növbədə, mən bizim namizədliyimizi dəstəklədiyinə görə Beynəlxalq Astronavtika Federasiyasının üzvlərinə, Bürosuna və komitələrinə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Beləliklə, 50 ildən sonra - 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna kəsb edəcək. Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək. Müstəqillik dövründə Azərbaycan möhtəşəm inkişafa nail olub. Azərbaycan beynəlxalq arenada fəal ölkələrdən biridir. Bu gün Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim iqtisadi göstəricilərimiz statistikada öz əksini tapıb. Son 17 ildə ümumi daxili məhsulumuz üç dəfə artıb, yoxsulluq səviyyəsi demək olar ki, 50 faizdən 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsulumuzun təxminən 20 faizi həcmindədir və ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. Hazırda təbii ehtiyatlarımız inkişafımıza xidmət edir və təbii ehtiyatlarımızın insan kapitalına çevrilməsi bizim əsas prioritetlərimizdən biridir. Bu gün Azərbaycan kosmik klubun üzvüdür və Azərbaycan 3 peyki ilə bu istiqamətdə öz fəaliyyətini davam etdirməyi planlaşdırır. Mən əminəm ki, 2023-cü ildə paytaxtımızda keçiriləcək Konqres ölkəmizdə kosmik sənayenin inkişafına əlavə stimul verəcək. Sizə uğurlar arzu edirəm və 2023-cü ildə Bakıda görüşərik. Təşəkkür edirəm. Xanım Paskal Erenfroynd: Cənab Prezident, bu ilhamlandırıcı çıxışınız üçün çox sağ olun. 2023-cü ildə Bakıya gəlməyi səbirsizliklə gözləyirik. Qeyd edək ki, Azərbaycanda kosmik sənayenin inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir. Bu tədbir xalqımızın yüksək intellektual potensialı ilə yanaşı, texniki potensialını da bütün dünyaya nümayiş etdirib. Ulu Öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb. Son 5 ildə ölkəmizin orbitdə 3 peykə sahib olması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin İKT sahəsində son illərdə əldə etdiyi böyük uğurlarla bağlıdır. Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il fasiləsiz təşkil edilir. Bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunması planlaşdırılan 71-ci Beynəlxalq Astronavtika Konqresi COVID-19 pandemiyası səbəbindən Beynəlxalq Astronavtika Federasiyası tərəfindən növbəti ilə keçirilib. Lakin tədbirin davamlılığının təmin edilməsi məqsədilə 71 ölkəni təmsil edən 407 təşkilatın üzv olduğu Federasiya builki Konqresi oktyabrın 12-14-də virtual formatda keçirir. Bu Konqres kosmik sahədə aparıcı agentliklərin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünyanın 70-ə yaxın ölkəsindən ümumilikdə 6 mindən çox mütəxəssisi bir araya toplayan qlobal platformadır.

Hamısını oxu
“Müdafiə” adı ilə silahlanma

Hamısını oxu
Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsi üçün ev tikildi

1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ağdərədə şəhid olan Valeri Rassoxanın oğlu İlqar Rassoxa iki qız övladı ilə birlikdə əvvəl Zabrat qəsəbəsində qəbiristanlıq ərazisində məskunlaşmışdır. Heç bir şəraiti olmayan, bir sözlə yaşayış üçün yararsız evdə qalan şəhidin oğlu İlqar Rassoxa, onun üç və 10 yaşında qız övladları uzun müddət idi ki, çətin vəziyyətdə yaşamaq məcburiyyəti ilə üzləşmişdilər.   Trend-in məlumatına görə, şəhid ailəsinin acınacaqlı vəziyyətdə yaşadığından xəbər tutan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rassoxa ailəsinin qəzalı vəziyyətdə olan evinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yeni ev inşa edilib. Hazırda Zabrat qəsəbəsi, Eldar Xəlilov küçəsi, 3-cü döngə ünvanında yeni ev tikilərək şəhid ailəsinə təhvil verilib. Təqdim olunan ev mətbəx mebeli, həmçinin ailənin yaşaması üçün tam mebel dəstləri ilə təchiz olunub, uşaqlara geyim və oyuncaqlar alınıb. Verdiyi müsahibəsində İlqar Rassoxa göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Trend Beynəlxalq İnformasiya Agentliyini 30 illik yubiley münasibətilə təbrik edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Trend Beynəlxalq İnformasiya Agentliyini 30 ilik yubiley münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Hörmətli İlqar müəllim, Sizi və rəhbərlik etdiyiniz kollektivi “Trend” Beynəlxalq İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. 1995-ci ildə Azərbaycanda yaradılmış Trend müstəqil informasiya agentliyi Respublikamızın  aparıcı informasiya agentliyi olmaqla bərabər Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada  geniş oxucu kütləsini əhatə edir.   Azərbaycanın azad və demokratik media məkanında xüsusi yeri olan “Trend” öz dəqiqliyi, qərəzsiz informasiya mübadilələri ilə oxucu kütləsi qarşısında önəmli yerlərdən birini tutur. Azad media məkanında çoxsaylı informasiya agentlikləri və portalları içində seçilmək və nüfuz qazanmaq çətin fəaliyyətin nəticəsidir.   “Trend” Beynəlxalq İnformasiya Agentliyinin əhatə dairəsi yalnız ölkə ərazisi ilə məhdudlaşmır. Agentliyin əməkdaşları Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində fəaliyyət göstərir, müxtəlif ictimai-siyasi, mədəni, idman sahələrini, eləcə də iqtisadiyyatı əhatə edən məqalələri, araşdırmaları ilə də çoxsaylı oxucuların qonağı olur. Hər bir informasiya agentliyi kimi, “Trend” də etibarlılıq prinsipini özünə əsas meyar kimi seçib. Bu səbəbdən də öz oxucuları qarşısında yüksək imicə sahib olmağı bacarıb. Hörmətli İlqar müəllim, Respublika Veteranlar Təşkilatı adından bir daha Sizi təbrik edir, Sizə cansağlığı,  gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Hamısını oxu