Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

67 yaşlı mübariz döyüşçünün döyüş yolları

Elşad Şabanov iki müharibənin – Qarabağ və Əfqanıstan müharibəsinin veteranıdır. Müharibə təlatüm, dağıntı, faciədir. Müharibə edən hər iki tərəf ağır itkilər verir. Belə müharibələr  insanlara heç vaxt xoşbəxtlik gətirməyib. Ağır müharibələrdən biri də 1979-cu ildə Əfqanıstan Respublikasında baş verib. Ağır vəziyyətdə qalan Əfqanıstan rəhbərliyi məcburən keçmiş SSRİ-yə müraciət edərək, Beynəlmiləl-qardaşlıq köməyi istəyib. Bu səbəblə də 1979-cu il 25 dekabrda Sovet Ordusunun əsgərləri Əfqanıstana daxil oldu. Bu döyüşçülər içərisində mübariz, cəsur, qorxmaz, Azərbaycan oğlu Elşad Şabanov da olub. Onun keçdiyi döyüş yolları ilə oxucuları da tanış etmək istərdik.          Xatırladaq ki, Elşad Şabanov 1952-ci ildə Azərbaycan Respublikasının Qax rayonunda anadan olub və orta məktəbi qızıl medalla bitirib. Elşad ilk ali təhsilini M.F.Axundov adına ADPİ-nin rus dili və ədəbiyyatı fakültəsində alıb. Sonra Ukraynada Sovet ordusu sıralarında xidmət edib. 1978-ci ildə SSRİ DTK-nın ali məktəbini bitirdikdən sonra respublikanın Qəbələ rayon şöbəsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. Xidməti zamanı göstərdiyi yüksək uğurlara görə, 1983-cü ildə SSRİ DTK-nın Baş Kəşfiyyat İdarəsinin nəzdindəki iki il xarici dil təmayüllü xüsusi ali kurslarına göndərilib. O, 1985-ci ildə həmin kursları müvəffəqiyyətlə başa vurduqdan sonra SSRİ DTK-nın müşaviri kimi Əfqanıstanın Xüsusi Xidmət Orqanlarının silahlı müxalifətə, banditizmə və terrorçuluğa qarşı apardığı xüsusi döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub.          Həmin əməliyyatlarda Elşad Şabanov yaralanıb. Kabul şəhərində hospitalda müalicə olunduqdan sonra Əfqanıstanın cənubuna, Pakistan yaxınlığındakı Zabul vilayətinə göndərilib. Döyüşlərdə xüsusi əməliyyatlara rəhbərlik edərək Sovet Ordusu xüsusi təyinatlıları ilə birlikdə Pakistandan Əfqanıstan ərazisində müqavimət göstərən terrorçu qüvvələrə və silahlı müxalifətçilərə hərbi yük daşıyan maşın karvanlarının məhv edilməsində fəal iştirak edərək həmin əməliyyatların təşkilatçısı və rəhbərlərindən biri olub.          O, Əfqanıstan Xüsusi Xidmət Orqanlarının Pakistan ərazisində yerləşən terrorçu, bandit hazırlıq düşərgələrində onlara qarşı keçirdikləri “kəskin”, xüsusi döyüş əməliyyatlarına rəhbərlik edib.          Həmin əməliyyatlarda mücahidlərin Pakistan ərazisindən Əfqanıstana keçirmək istədikləri maşın karvanı məhv edilərək ABŞ-ın istehsalı olan “Sfinger” tipli raket kompleksi və digər silah növlərini ələ keçirib. Həmin ilin avqust ayında döyüş əməliyyatları zamanı mübariz döyüşçü Elşad minaya düşür və ikinci dəfə yaralanır.          Əfqanıstandan qayıtdıqdan sonra, 1987-90-cı illərdə Azərbaycan DTK-nın Xaçmaz rayon şöbəsinin, 1990-91-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon şöbələrinin rəisi işləyib. DTK-MTN-nin Mərkəzi Aparatında rəhbər vəzifələrdə çalışıb. Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Təyinatlı dəstəsinin yaradıcılarından biri kimi Qarabağ uğrunda gedən qanlı döyüşlərdə, cəbhə bölgəsində xüsusi əməliyyatların təşkilatçısı və rəhbəri olub. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra iyul ayından Milli Təhlükəsizlik Nazirinin xüsusi tapşırıqlar və hərbi məsələlər üzrə köməkçisi olub. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, Azərbaycan dövlətçiliyi uğrunda Ulu Öndərin apardığı mübarizənin fəal iştirakçılarından biridir. 1997-ci ilin may ayında ehtiyata göndərilib. Ehtiyatda olan Elşad Şabanov polkovnikdir. Vətən Təhlükəsizlik orqanları qarşısındakı xidmətlərinə görə E.Şabanov “SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri Əməkdaşı” döş nişanı və SSRİ-nin “Qırmızı Ulduz” ordenləri, “İgidliyə görə” medalları, SSRİ-nin “Döyüş xidmətinə görə” medalı, “SSRİ Ali Sovetinin Fəxri fərmanı”, “Beynəlmiləlçi döyüşçüyə, igidliyə və hərbi rəşadətə görə” medalı, “Qədirbilən əfqan xalqından” medalı, “Qüsursuz xidmətlərinə görə” medalı, Rusiya Federasiyasının “Əfqanıstan Müharibəsinin veteranı” və “Döyüş xidmətlərinə görə” ordenləri, “Za mujestva i otvaqu” medalı, “Pənşir əməliyyatına görə”, “Məhəlli münaqişələrin iştirakçısına”, “Xüsusi təyinatdakı xidmətinə görə”, “Əfqanıstan Demokratik Respublikasında beynəlmiləl borcunu ləyaqətlə yerinə yetirdiyinə görə” medalları, Əfqanıstan Respublikasının “Hərbi Şöhrət” ordeni, “İgidliyə görə” medalları, Müstəqil Dövlətlər Birliyinin təsis etdiyi “Döyüş əməliyyatları Veteranı” medalı və digər döyüş və yubiley medalları ilə təltif olunub. İradəli və mübariz döyüşçü, iki müharibə veteranı olan Elşad Şabanov bu gün respublikada keçirilən tədbirlərdə fəal iştirak edir. O, gənclərə öz döyüş yolu və göstərdiyi igidlikdən danışır və onlara Vətəni göz-bəbəyi kimi qorumağı məsləhət görür.    İyun ayının 17-sində qəhrəman vətən oğlu Elşad Şabanovun 67 yaşı tamam olub. Elşad müəllimi Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və veteranlarımız adından təbrik edir, ona can sağlığı arzulayırıq.

2019-06-19 00:00:00
4447 baxış

Digər xəbərlər

İş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı göndərib

Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi, bu il də tanınmış iş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı - qurban payı göndərib. Bütövlükdə Nehrəm qəsəbəsi və ətraf kəndlərdə məskunlaşan 1250 ailə bayram günündə Qurban payı ilə təmin olunub.  Bayram günündə şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailəlrin yad edilməsi həssas kateqoriyadan olan şəxslər tərəfindən məmnunluq hissi ilə qarşılanıb. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarıdna dəfələrlə həssas kateqoriyadan olan vəəndaşlara diqqət və qayğı göstərməyi hər bir vətəndaşın mənəvi borcu adlandırıb, iş adamlarını, sahibkarları bütün sahələrdə olduğu kimi bu məsələdə də dövlət siyasətini dəstəkləməyə çağırıb. İş adamı Səfər Əlirzayevin ənənəvi xeyriyyəçilik fəaliyyətini mütəmadi şəkildə genişləndirməsi, bütün bayramlarda şəhdi v əqazi ailələrini bayram sovqatları ilə sevindirməsi sahibkarlarımızın dövlət başçısının bu çağırışını əməli şəkildə dəstəklədiyini göstərir. Biz də Hacı Zeynalabdin Tağıyev məktəbinin davamçısı olan hörmətli iş adamı Səfər Əlizayevə öz xeyirxah əməllərinə görə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Seymur ƏLİYEV  

Hamısını oxu
Zaqatala rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib. Zaqatala Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veüteranları Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən konfransdan öncə Ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, Ümummilli liderin xatirəsi ehtiramla yad edilib.  Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqətlik sükutla yad edilib. Konfransa çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov öncə konfrans iştirakçılarını icra başçısı Mübariz Əhmədzadənin adından salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Tofiq Əhmədov çıxışında Ümummilli liderin, eləcə də Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib: “Heç kimə sirr deyil ki, tarixdə ikinci dəfə müstəqillik qazanan Azərbaycan xalqının nicatı, Azərbaycan dövlətçiliyinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin yürütdüyü siyasət – Azərbaycanın iqtisadi inkişafına təkan verən “Əsrin müqaviləsi”nin imzalanması, nizami ordunun formalaşdırılması, diplomatik əlaqələrin genişləndirilməsi, ölkəmizin beynəlxalq təşkilatlara, dünya arenasına inteqrasiyası, eləcə də, milli həmrəyliyin təmini Azərbaycanı tarixin bütün sınaqlarından üzüağ çıxardı. Heydər Əliyev həssas kateqoriyadan olan bütün şəxslər kimi veteranlara da daim qayğı və diqqət göstərmiş, onların sosial problemlərinin həllini, cəmiyyətin ictimai həyatında aktiv iştirakının təmin olunmasını daim diqqət mərkəzində saxlamışdır. Qürurvericidir ki, Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, nəticədə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın edərək işğaldakı torpaqlarımızı azad etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən böyük zəfər – “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə qızıl hərflə həkk edilmişdir. Əminəm ki, ordumuzun bu şanlı qələbəsi illər, əsrlər sonra da daim ehtiram hissi ilə xatırlanacaq, tədqiq ediləcək,  öyrəniləcək və təbliğ olunacaq”. Konfransada çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi və 8 Noyabr zəfərinin hərbi-siyasi önəmindən bəhs edib: “44 günük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı zəfəri əhəmiyyətli edən çoxsaylı amillərdən biri qələbə nəticəsində erməni faşizminin darmadağın edilməsi, 30 illik işğal probleminə son qoyması oldu. Lakin 8 Noyabr zəfərinin əhəmiyyəti bununla yekunlaşmır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin ən mühüm nəticələrindən biri də bu qələbənin milli özünütəsdiqimizi təmin etməsi oldu. Azərbaycan bu tarixi zəfərlə özünü beynəlxalq aləmdə, dünya xalqları içərisində bir daha təsdiq etdi. Xalqımız sübut etdi ki, heç kim, heç bir qüvvə onun iradəsini qıra, onu məğlubiyyətlə barışmağa vadar edə bilməz. Bu gün Azərbaycan Ordusu dünya orduları arasında ilk yerlərdən birini tutur. Bütün bunlar Müzəffər Ali Baş Komandanın uğuru olmaqla yanaşı, onun xalqımızın, dövlətimizin müdafiə və təhülkəsizliyinə verdiyi önəmi göstərir. Azərbaycan bu gün dünyada sülh və təhlükəsizlik ölkəsi kimi tanınmaqdadır. Prezident İlham Əliyevin 8 avqust Vaşinqton görüşü, eləcə də Çinə səfəri əsnasında keçirdiyi görüşlər, verdiyi bəyanatlar dövlətimizin diplomatik səfəri, siyasi qələbəsi kimi dəyərləndirilməlidir.   İnanıram ki, xalqımız bugünə qədər olduğu kimi bundan sonra da Prezidentimizi dəstəkləməkdə, onun ətrafında sıx birləşməkdə davam edəcək, həmrəyliyimiz gələcək uğurlarımız üçün zəmin formalaşdıracaq”. Konfransda çıxış edən Zaqatala Rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov, Gənclər və idman sektorunun müdiri Araz Əliyev, Vətən müharibəsi əlili Nurlan Mazanov çıxış edərə Azərbaycan dövlətinin inkişaf tarixi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığından danışıblar. Konfransımn sonunda rayon ziyalısı İbrahim İbrahimovun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon Təşkilatına namizədliyi irəli sürülüb və bu təklif yekdilliklə dəstəklənib. Seymur ƏLİYEV

Hamısını oxu
Ermənistan və onun uşaqları: Paşinyan deyir, Osmanqızı təkrarlayır...

Los-Ancelesdə azərbaycanlılara hücum etdilər, Brüsseldə soydaşlarımızı döydülər, Kiyevdə azərbaycanlı tələbələri güllələdilər, Moskvada həmvətənlilərimizə qarşı vandalizm davam edir.Bu, Ermənistanın azərbaycanlılara qarşı yeni etnik təmizləmə planının tərkib hissəsidir. Cari hədəf müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil etmək, soydaşlarımıza qarşı güc tətbiq etməklə onları qorxutmaq, əsas hədəf isə ötən əsrin ikinci yarısında ASALA terror təşkilatının “diplomat ovu” və dinc insanlara qarşı terror aktlarının yenidən təkrarlanması, dünyanın diqqətini “erməni məsələsinə”nə yönəltmək, hərbi və diplomatik cəbhədə əldə edə bilmədiklərinə “küçə müharibəsi” ilə nail olmaq, “azərbaycanlıların vandal, adam yeyən” olduğunu göstərməkdir.Kiyevdə 4 azərbaycanlı tələbəyə silahlı hücum da göstərdi ki, ermənilər artıq ASALA taktikasına keçid edir.Azərbaycana qarşı yeni etnik təmizləmə siyasəti iki istiqamətdə həyata keçirilir: birincisi, azərbaycanlılara hücumlar təşkil edir, qarşıdurma yaradır, ikincisi, “azərbaycanlılar erməniləri öldürür” təbliğatını aparır, “bütün bunları Azərbaycan təşkil edib” rəyini formalaşdırırlar. 1915-ci ildə, Sumqayıt hadisələrində, Xocalı soyqırımında etdiklərini yenidən təkrarlayırlar.Ermənistan KİV-i, Rusiyada və Avropa ölkələrində erməni lobbisinə bağlı olan media orqanları eyni təbliğatı aparır: “Günahkar Azərbaycandır”.Dünən Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyanın RBK telekanlına müsahibəsində eyni iddiaları səsləndirdi.Təəccüblü deyil, bu, “erməniliyin” xislətindən irəli gəlir. Burada əsas məqam azərbaycanlı kimliyinə bürünənlərin erməniliyidir.“Hücumları Azərbaycan təşkil edir”. Bu, Ermənistanın və erməni lobbisi/diasporunun irəli sürdüyü tezisdir.ABŞ-da yaşayan Sevinc Osmanqızı da deyir: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən. Corcstaun Universitetində erməni həmkarımla sualları cavablandırırdım. Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Və nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanın kimin başlatdığına girməyəcək. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhəddində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin “v” hərfini görürsünüzmü? Bu, şüvənlikdir, vətənşüvənlikdir”.Avropada yaşayan Arif Məmmədov deyir: “Səfirliklərin qarşısındakı qarşıdurmaları Azərbaycan hakimiyyəti təşkil edir, gənclər inanmayın, mən sizə deyirəm ki, bütün bunlar təşkil olunmuş proseslərdir”.Paşinyanın da, Osmanqızıların da, Məmmədov kimilərin də elədiklərinin adı məlumdur: ermənilik.Və hədəf Azərbaycanı, azərbaycanlıları vandal, “qaniçən”, erməniləri isə “sivil” göstərməkdir.Ermənistan: “Biz sivil mübarizə aparırıq”.Osmanqızı: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur”.Ermənistan: “Hücumları Azərbaycan təşkil edir”.Osmanqızı: “Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən”.Ermənistan: “Azərbaycanlılar vandaldır, qaniçəndir”.Osmanqızı: “Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız?”.Ermənistan deyir, Osmanqızı, Məmmədov kimilər təkrarlayır. Bu, osmanqızıların, məmmədovların fərqli düşüncəsi, fərqli yanaşması deyil, eyni mərkəzlərin, eyni mətbəxin məhsuludur.Hadisələrin xronikası prosesi anlamağa imkan verir:İyulun 12-də erməni hərbi birləşmələri Tovuz istiqamətində təxribat hücumu təşkil etdilər, Azərbaycan Ordusunun adekvat zərbələri düşmənin yüzlərlə canlı qüvvə və hərbi texnikasının məhv edilməsi ilə nəticələndi.Ermənistan hakimiyyəti “qələbə” görüntüsü yaratmaq üçün erməni KİV-i və sosial şəbəkələri səfərbər etdi. Ardınca erməni təbliğatına “azərbaycanlı kimliyinə” bürünənlər də qoşuldu.İyulun 20-də məlun Arif Yunus (Baqsaryanın uşaqları) Ermənistanın Civilnet telekanalına müsahibə verdi və baş verənlərə görə, Azərbaycanı günahlandırdı.İyulun 21-də Los-Ancelesdə ermənilər azərbaycanlılara hücum təşkil etdi, ardınca bu hücumlar bütün Avropa ölkələrində və MDB-də davam etdirildi.Hadisələrin inkişafı məqsədin nə olduğunu da anlamağa imkan verir: Ermənistan “azərbaycanlı”ların da qoşulduğu təbliğatla həm erməni ictimaiyyətində “qalib” rəyini yaradır, həm Azərbaycanın ictimaiyyətinə mesajlar ötürür, həm də beynəlxalq səviyyədə Azərbaycanı barbar göstərməyə çalışırdı.Diqqətçəkən detallardan biri iyulun 21-də Los-Ancelesdə soydaşlarımıza hücumlar ediləndə ABŞ-da yaşayan Milli Şuranın sədri Cəmil Həsənlinin - o Həsənli ki, hər gün Feysbuk səhifəsində Azərbaycana qarşı ittihamlar yağıdırır – heç bir paylaşım etməməsi idi. Hər-halda Los-Anceles hadisələri Həsənlinin hazırda yaşadığı torpaqlarda baş vermişdi və o, saat fərqinə görə soydaşlarımıza edilən hücuma daha tez reaksiya verməli idi. Milli Şuranın sədri susdu, bir gün sonra heç nə olmamış kimi Azərbaycana qarşı klassik ittihamlarını yağdırmağa başladı.İyulun 21-dən sonra müxtəlif ölkələrdə soydaşlarımıza qarşı ermənilərin etnik təmizləmə siyasəti daha da şiddətləndi, hətta güllələnmə hadisələri qeydə alındı. Hər gün “xalqın hüququndan” danışan Milli Şura rəhbərliyi və ətrafındakılar hücuma məruz qalan xalqı müdafiə etmədilər.İyulun 25-i Osmanqızı və Məmmədov canlı efirə çıxaraq, ermənilərə haqq qazandırdı və hər şeyi Azərbaycanın təşkil etdiyini bəyan etdilər.Azərbaycan torpaqlarını işğal edənlər bəllidir, bu işğala, soydaşlarımıza qarşı yürüdülən etnik təmizləmə siyasətinə züy tutanları tanıyın. Onlar üçün Vətən, millət, Qarabağ anlayışı Avropa paytaxtlarında lüks həyat yaşamaqdan başqa bir şeyil. Bu artıq aksiomadır...Asif Nərimanlı

Hamısını oxu
Velosiped idmanının MTB-Downhill növü üzrə yarış keçirilib

03.10.2021-ci il tarixində Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, MTB mütəxəssisləri Orxan Məmmədov və Aqşin Bağırlının təşkilatçılığı, o cümlədən “Gənc Velosipedçilər” İctimai Birliyinin dəstəyi ilə Velosiped idmanının MTB-Downhill növü üzrə yarış keçirilib.   Veteran.gov.az xəbər verir ki, bu barədə Respublika Olimpiya Velosiped Məktəbinin sosial mediadakı rəsmi səhifəsində məlumat verilib.   Yarışda 30 iştirakçı mübarizə aparıb. Ekstrim həvəskarlarından fəxri kürsünün ən yüksək pilləsinə Mackay Kayl qalxdı. Məmmədov Kamran 2-ci, Abdullayev Şirxan isə 3-cü olub. Qaliblər medal, diplom, Berg Enerji, o cümlədən “2 Təkər” və “Velo lider” mağazalarından qiymətli hədiyyələrlə təltif edilib.      

Hamısını oxu