Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DTX genefondumuzun keşiyində: Yad torpaqlarda doğma insanların ölümünə son!

Məlum olduğu kimi, Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunublar. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  ictimaiyyətə verdiyi məlumatda deyilir:

“Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olmuş, itkin düşmüş və ya yaralanmış, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilmişdir.

Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir”.

DTX-nın verdiyi məlumatdan da göründüyü kimi, xeyli sayda azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub, Azərbaycandan uzaqda yad maraqlar uğrunda həyatlarından keçiblər. Bu isə sadəcə qanun pozuntusu deyil, həm də Azərbaycan xalqının genefondunun təhlükə altında olması deməkdir. Çünki gənc nəslin hər hansı səbəbdən Rusiya-Ukrayna müharibəsində yer alması, bu döyüşlərdə həyatını itirməsi Azərbaycan qanunvericiliyinə zidd olmaqla yanaşı, həm də dövlətimizin demoqrafik siaysətinə, onun müdafiə qabiliyyətinə, təhlükəsizlik maraqlarına ziddir.  Bu baxımdan DTX-nın Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarını məsuliyyətə cəlb etməsi genefondumuzun qorunması, insanlarımızın həyatının xilası baxımınan mühüm əhəmiyyətə malikdir.

Onu da unutmaq olmaz ki, müharibələrdə iştirak edən şəxslərin bir çoxu döyüşlərdə ağır psixoloji travma alır, bu travmaların nəticəsi bəzi hallarda özünü mülki həyatda ən ağır formada büruzə verir. Nəticədə, bu şəxslərin bəzisi intihar edir, bəzisi isə digər şəxslərə qarşı ciddi aqressiya sərgiləyirlər. Bu baxımdan DTX-nın Rusiya-Ukrayna müharibəsində iştirak edən vətəndaşları məsuliyyətə cəlb etməsi ilk növbədə  bu şəxslərin həyatının xilasına, həmçinin, cəmiyyətin təhlükəsizliyinin təmininə xidmət edir. Bütün bunları nəzərə alaraq ehtimal etmək olar ki, DTX-nın proseslərə müdaxiləsi bu tendensiyanı əhəmiyyətli dərəcədə azaldacaq, Azərbaycan insanının yad torpaqlarda ölümünə son qoyacaq.

Unutmaq olmaz ki, qanun Azərbaycan vətəndaşlarına qanunsuz silahlı birləşmələrə qatılmağı, digər ölkələrdə gedən müharibələrdə iştirak etməyi qadağan edir. Ümid edirik ki, gənclərimiz heç olmasa bundan sonra başqa ölkələrdə gedən hərbi əməliyaytlara qatılmayacaq, hər zaman hər yerdə yalnız Azərbaycanın maraq və mənafeyi uğrunda mübarizə aparacaq. Həm də qanun çərçivəsində...

Seymur ƏLİYEV

 

2026-02-03 18:22:00
2200 baxış

Digər xəbərlər

Ağdamda Milli Qəhrəmana həsr edilmiş “Canpolad” sənədli filmi təqdim olunub

Ağdam Muğam Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Canpolad Yaqub oğlu Rzayevə həsr edilmiş “Canpolad” sənədli filminin təqdimatı olub. Təqdimat mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatının nümayəndələri də iştirak edib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, qəhrəmanın ailə üzvlərinin, şəhid ailələrinin, qazilərin, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Milli Qəhrəman Canpolad Rzayevin şərəfli döyüş yolundan, şəhid və Milli Qəhrəman ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib, gənclərdə vətənpərvərlik duyğularının inkişaf etdirilməsində bu kimi filmlərin əhəmiyyətindən danışıblar. Milli Qəhrəmanın oğlu Canpolad Rzayev filmin ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Sonra sənədli film nümayiş etdirilib. “Salnaməfilm studiyası” tərəfindən dövlət sifarişi ilə hazırlanmış filmin rejissoru Elşən Zeynallıdır. Qeyd edək ki, Canpolad Yaqub oğlu Rzayev 1968-ci il fevralın 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. Leytenant rütbəsində tank komandiri kimi Birinci Qarabağ müharibəsində iştirak edib, 1992-ci il fevralın 26-da qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Hamısını oxu
Brüsseldə növbəti diplomatik nailiyyət

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Səfər çərçivəsində baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə səsləndirilən fikirlər Azərbaycanın etibarlı və önəmli tərəfdaş kimi qəbul edildiyini, respublikamızla əməkdaşlığın Aİ üçün strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşündə isə postmüharibə reallıqları, o cümlədən Cənubi Qafqazda etimad quruculuğu diqqət mərkəzində oldu. Görüşdə iki əsas məqam ifadə edildi: birincisi, haqlı və qalib Azərbaycanın mövqeyi üstün və dəyişməzdir, ikincisi isə, danışıqlar Brüssel sülh gündəliyi əsasında davam etdirilir. Brüssel görüşündə əldə olunan irəliləyişlərdən bəhs edərkən bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Birincisi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması  qərara alındı. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatlar verildi. Danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılacaq. Bu, Prezident İlham Əliyevin növbəti diplomatik nailiyyəti – ölkəmizin mühüm uğurudur. İkincisi, tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradacaqlar. Azərbaycan Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar məsələni daim gündəmdə saxlayır. Birgə komissiya yaradılması barədə razılıq əldə olunması bu baxımdan əhəmiyyətlidir. Çünki bununla sərhəddə gərginlik aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir. Üçüncüsü, Aİ prosesə dəstək vermək barədə niyyətini ifadə etdi. Minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, itkin düşmüş şəxslərin tapılması ilə əlaqədar qurum öz imkanlarından istifadə edə bilər. Dördüncüsü, regionda kommunikasiya xətlərinin bərpası aktualdır və diqqət mərkəzində saxlanılır. İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması bu kontekstdə önəmlidir. Beşincisi, Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilmədi və ATƏT-in Minsk qrupundan bəhs olunmadı. Bu isə onu göstərir ki, Azərbaycan postmüharibə reallıqlarını qabul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır. Göründüyü kimi, Brüssel görüşü Azərbaycanın daha bir diplomatik uğuru, növbəti strateji hədəflərə doğru vacib addımdır. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.    Siyavuş NOVRUZOV Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
İlham Əliyev: “Füzuli işğaldan azad olundu”

Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi.  Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib. İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib. Belə ki, Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub

Hamısını oxu
Azərbaycanın İkinci Dünya müharibəsindəki iştirakı və qələbəyə verdiyi tarixi töhfə ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya səfirliyinin də iştirakı ilə tədbir keçirilib. Azərbaycanın İkinci Dünya müharibəsindki iştirakı və qələbəyə verdiyi töhfəyə həsr olunan tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasdındakı fövqəladə və səlahiyyətli sədiri Yevdokimov Mixail Nikolaeviç, Azərbaycandakı Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının sədri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Çiğiryov Yuri Sergeyeviç, Atamanın Azərbaycan Gəncləri siyasəti üzrə müavini Sleptsov Ruslan Anatolyeviç və digər qonaqlar iştirak edib. Tədbirdən öncə İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olan şxəslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, faşizm üzərində tarixi qələbənin əldə edilməsində neft Bakısının müstəsna xidməti olduğunu bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan xalqının nümayəndələri arxa cəbhədə olduğu kimi, ön cəbhədə də böyük qəhrəmanlıqlara imza atıb, həm milli diviziyalar, həm də digər diviziyalaırn tərkibində faşizmə qarşı ciddi mübarizə aparıblar. Təşkilat sədri faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində Bakının tarixi xidmətlərinin MDB tərəfindən fəxri adla əbədiləşdiriləcəyinə olan inamını da ifadə edib. Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli sədiri Yevdokimov Mixail Nikolaeviç İkinci Dünya müharibəsində Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizəni yüksək qiymətləndirib, bu mübarizənin xalqlarımızın tarixi dostluğunun bariz nümunəsi olduğunu vurğulayıb. Azərbaycandakı Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının sədri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Çiğiryov Yuri Sergeyeviç də İkinci Dünya müharibəsində Azərbaycan xalqının böyük fədakarlıqlara imza atdığını bildirib, bu fədakarlığın hər zaman böyük hörmət və  ehtiram hissi ilə yad ediləcəyini qeyd edib. Daha sonra orta məktəb şagirdləri ifasında İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilən rəqs ifa ediblər. Tədbirin sonunda bir sıra şəxslərə mükafatlar təqdim olunub.  

Hamısını oxu