Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Memorial barədə məlumat verdi.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.

Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb.

Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır.

Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.

XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur.

Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur.

İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir.

Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir.

Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır.

Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var.

Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.

İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq.

Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı.

Sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazdı.

Daha sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

 

2026-02-26 16:43:00
1965 baxış

Digər xəbərlər

Prezidentin “mükəmməlliyin sərhədi yoxdur” fikrinə ordu və prokurorluqdan əməli isbat...

Hərbi prokurorun təqdim etdiyi qürurverici statistika hansı mətləblərdən xəbər verir? Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ordunun peşəkarlığının və döyüş hazırlığının yüksəldilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bir nömrəli prioritet vəzifə elan edilib. Elə bu səbəbdən də dövlətimizin müdafiə və təhlükəsizliyinin təminatına ayrılan vəsait hər il müntəzəm şəkildə artmaqda, bu müstəvidə mühüm addımlar, ciddi yeniliklər həyata keçirilməkdədir. Məqsəd Azərbaycan Silahlı Qüvvələrinin zərbə gücünü, müdafiə qabiliyyətini yüksəltmək, onun dünya orduları içərisində onsuz da yüksək olan reytinqini daha da yaxşılaşdırmaq, dövlətimizin təhlükəsizliyinin etibarlı təminatını sığortalamaqdır.   Məhz bu səbəbdən də Prezident İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində Ordumuzun inkişafı ilə bağlı dövlət siyasətinin bundan sonra da qətiyyətlə davam etdiriləcəyini bildirib,  “mükəmməlliyin sərhədi yoxdur” deyərək heç bir uğurun son məqsəd olmadığını vurğulayıb: “Ermənistanın nümunəsi də gözümüzün qabağındadır. Bu müştəbehlik və yalançı özünütərif onların 2020-ci ildə, daha sonra isə 2023-cü ildə torpaqlarımızdan rüsvaycasına qaçmağa məcbur olmaları ilə nəticələndi. Buna görə də dərhal Silahlı Qüvvələrimizi gücləndirməklə məşğul olmağa başladıq. Xüsusilə İkinci Qarabağ müharibəsi həm güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla, idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq şəkildə nümayiş etdirdi. Çünki hətta Zəfərlə nəticələnsə və bizimki kimi müzəffər olsa belə, nəticə çıxarmaq üçün həmişə əvəzsiz bir təcrübədir. Mən məhz bunu əsas götürdüm. Güclü tərəfləri gözəl bilərək, eyni zamanda, biz lazım olanları düzəltməklə məşğul olduq. Hərçənd onların sayı az idi. Amma, necə deyərlər, mükəmməlliyin sərhədi yoxdur”. 23 yanvar 2026-cı ildə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci il üzrə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası Silahlı Qüvvələrimizin bu inkişafa doğru əzmlə addımladığını göstərir. Qeyd edək ki, kollegiyada hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov ötən illə bağlı qürurverici statistika səsləndirib, maraqlı faktlara diqqət çəkib. Hərbi prokurorun çıxışından məlum olub ki, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilib. Həmçinin, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edilib ki, bu da çox ciddi nailiyyətdir. Silahlı Qüvvələrdə hərbi xidmət əleyhinə cinayətlərin hər il ötən ilə nisbətən əhəmiyyətli dərəcədə azalması Prezident İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının, ordu rəhbərliyi ilə prokurorluq orqanlarının birgə əməkdaşlığının, habelə, Müdafiə Nazirliyi, qoşun növü komandanlığı və Hərbi Prokurorluq əməkdaşlarının öz vəzifələrinə vicdan və məsuliyyətlə yanaşmasının nəticəsidir. Xatırladq ki, hər il Hərbi Prokurluq Müdafiə Nazirliyi və digər hərbi birləşmələrin rəhbərləri ilə birlikdə Silahlı Qüvvələrdə silsilə tədbirlər həyata keçirir, qanunçuluğun və nizam–intizamın gücləndirilməsi, milli-mənəvi dəyərlərin və Ulu Öndər Heydər Əliyev irsinin  təbliği, hüquqi maarifləndirmə və s. ilə bağlı mühüm addımlar atır. Hansı ki, bütün bu addımlar nəticə etibarilə Silahlı Qüvvələrdə nizam-intizamın güclənməsini, hərbi xidmət əleyhinə cinayətlərin azalmasını, hərbi qulluqçular arasında daha sağlam münasibətin formalaşmasını, vətənpərvərlik ruhunun yüksəlməsini təmin edir. Hərbi Prokurorun hesabat məruzəsində yer alan statistik rəqəmlər bu həqiqəti praktiki baxımdan təsdiq edir. Onu da xatırladaq ki, Hərbi Prokurorluq hərbi qulluqçular və onların ailə üzvləri ilə daha çevik ünsiyyəti təmin etmək, baş verən istənilən hadisəyə daha operativ reaksiya vermək, vətəndaşların arzu və istəkləri ilə tanış olmaq üçün səylərini davam etdirir. Bu məqsədlə 2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə “962-Etimad xətti” yaradılıb. Fəaliyyətdə olduğu 4 ay ərzində “962-Etimad xətti” üzrə 219 müraciət daxil olub. Bütövlükdə isə 2025-ci ildə Hərbi prokurorluq orqanlarına 1001 müraciət ünvanlanıb, 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib. Bütün bunlar Hərbi Prokruroluğun Silahlı Qüvələrdə apardığı işin miqyas və əhəmiyyətini göstərir. 2025-ci ildə əldə edilən bütün bu uğurlar onu deməyə əsas verir ki, 2026-cı ildə Hərbi Prokurorluq və Silahlı Qüvvələrimiz öz nailiyyətlərini davam etdirəcək, yeni müvəffəqiyyətlər əldə etməklə hər bir azərbaycanlıya qürur və sevinc hissi yaşadacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda deyilir ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır. İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir: • Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla); • İstirahət və əyləncə məkanları üzrə xidmətlər; • Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti; • Bərbərxanalar, gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət); • Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri; • Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); • Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); • Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili); • İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); • Fərdi mənzillərdə təmizlik xidmətləri; • Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət). Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir: 1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar. 2. Səhiyyə və sosial sahə üzrə: • Elmi-tədqiqat və laborator xidmətləri • Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər • Baytarlıq xidmətləri • Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı • Sosial xidmətlər • Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti 3. İnfrastruktur sahəsi üzrə: • Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması) • Elektrik enerjisinin istehsalı və təchizatı • Su təchizatı və meliorasiya • Telekommunikasiya və rabitə xidmətləri 4. Nəqliyyat və logistika sahəsi üzrə: • Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları • Dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri • Logistika xidmətləri • İctimai nəqliyyat və taksi xidmətləri 5. Əsas istehsalat növləri: • Müdafiə sənayesi məhsullarının istehsalı • Neft avadanlıqları və qurğularının istehsalı • Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı • Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı • Kimyəvi məhsulların istehsalı • Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti • Əkinçilik və məhsul yığımı • Neft və qazın hasilatı, emalı, saxlanması və satışı • Neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi • Metallurgiya sənayesi üzrə fəaliyyət • Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri • Mühəndislik və layihələndirmə xidmətləri • Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri • Qablaşdırma məhsullarının istehsalı • Daş, metal və taxta məhsullarının istehsalı • Mebel istehsalı və təmiri • Diri heyvanların kəsimi 6. Pərakəndə və topdansatış üzrə: • Ərzaq məhsullarının satış məntəqələri • Apteklər • Yanacaqdoldurma məntəqələri • Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri • Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri 7. Məişət xidmətləri üzrə • Məişət tullantılarının yığılması və utilizasiyası • Poçt xidmətləri • Kimyəvi təmizləmə • Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi • Avtomobillərin təmiri • Avtomobil yuyulma məntəqələri • Tərcümə xidmətləri • Heyvan sığınacaqları • Dizayn xidmətləri 8. Kütləvi informasiya vasitələri 9. Maliyyə təşkilatları üzrə • Banklar və valyuta mübadiləsi məntəqələri • Sığorta təşkilatları • Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar 10. Xüsusi xidmət növləri üzrə • Çatdırılma xidmətləri • Məişət avadanlıqlarının təmiri • Dezinfeksiya xidmətləri Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir. Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir. COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli “qaynar xətt”ə zəng etmək ciddi tövsiyə edilir.

Hamısını oxu
“Azərbaycan-Türkiyə qardaşlığı: Birgə sabahımız naminə!” adlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan-Türkiyə qardaşlığı: Birgə sabahımız naminə!” şüarı ilə tədbir keçirilib. Tədbir Türkiyədəki meşə yanğınlarına qarşı Türkiyə dövləti və qəhrəman türk xalqının apardığı mübarizəyə, Azərbaycanın bu mübarizəyə verdiyi dəstəyə həsr olunub, Azərbaycan-Türkiyə qardaşlığı tarixi aspektdən təhlil və şərh edilib.   Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.   Müharibə veteranlarının, ictimai fəalların, kursantların qatıldığı tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tarixin bütün mərhələlərində hər iki xalqın bir-birinə ciddi dəstək verdiyini, xüsusilə dar məqamlarda, həlledici anlarda bir-birlərinin yanında olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin, Türkiyə xalqının Azərbaycana siyasi-diplomatik və mənəvi baxımdan ciddi dəstək verdiyini bildirən Cəlil Xəlilov, bu gün yanğınlara qarşı mübarizə aparan qardaş Türkiyəyə dövlətimizin intensiv və mütəmadi dəstək verdiyini qeyd edib.   Sədr müavini çıxışında Türkiyədə yanğınlara qarşı mübarizədə iştirtak edən  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğın-xialsetmə əməkdaşlarının peşəkarlığını da yüksək qiymətləndirib, yanğınsöndürənlərimizin kütləvi meşə yanğınlarına qarşı əzmlə mübarizə apardığını bildirib. Yanan evlərin birindən FHN-nin yanğın-xilasetmə əməkdaşının türk bayrağını xilas etməsi faktına diqqət çəkən Cəlil Xəlilov, bunu Azərbaycan insanının, Azərbaycan vətəndaşının Türkiyəyə, Türkiyə bayrağına, Türkiyə dövlətinə olan münasibəti kimi dəyərləndirib, fövbqəladə hallar naziri Kəmaləddin Heydərova rəhbəri olduğu qurumun fəaliyyətini yüksək səviyyədə təşkil etdiyi üçün öz təşəkkürünü bildirib.   Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında, onun ərazilərinin erməni-bolşevik qüvvələrindən azad edilməsində Osmanlı dövlətinin göstərdiyi hərbi dəstəyə diqqət çəkib. İstər I Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana böyük dəstək verdiyini qeyd edən polkovnik, Azərbaycan xalqının da Birinci Dünya Müharibəsi və Qurtuluş savaşı dönəmində türk xalqının yanında olduğunu bildirib.   Daha sonra polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Azərbaycan yanındadır, Türkiyəm!” klipi nümayiş olunub.   Klip nümayişindən sonra çıxış edən tədbir iştirakçıları Azərbaycan-Türkiyə qardaşlığının dərin tarixi-mənəvi köklərə malik olduğunu bildiriblər, bu qardaşlığın sarsılmazlığına inamlarını ifadə ediblər.

Hamısını oxu
Vətənpərvər iş adamı şəhid və qazi ailələrinin iştirakı ilə “Fateh” adlı Yeni il şənliyi təşkil edib

Veteran.gov.az xəbər verir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü ərəfəsində vətənpərvər iş adamı Səfər Əlirzayevin təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid və qazi ailələrinin iştirakı ilə “Fateh” adlı Yeni il şənliyi keçirilib.  Bu mənalı və unudulmaz tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizə isə dərin minnətdarlığın ifadəsi oldu. Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizə və onların ailələrinə dərin hörmət, ehtiram və minnətdarlığı ifadə etmək olmuşdur. Tədbir zamanı şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla anılmış, göstərdikləri misilsiz qəhrəmanlıq, şücaət və fədakarlıq xüsusi vurğulanmışdır. Tədbir çərçivəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının dövlət və cəmiyyət üçün prioritet istiqamət olduğu bir daha diqqətə çatdırılmış, bu sahədə həyata keçirilən ardıcıl və davamlı fəaliyyətlər qeyd olunmuşdur. Xüsusilə vurğulanmışdır ki, Səfər Əlirzayev hər zaman şəhid və qazi ailələrinin yanında olmuş, onlara mənəvi dəstək göstərmiş, qayğı və ehtiyaclarının diqqətdə saxlanılması istiqamətində davamlı mövqe sərgiləmişdir. Onun bu kateqoriyadan olan ailələrə göstərdiyi diqqət və həssas münasibət tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirilmişdir. “Fateh” adlı bu tədbir şəhid və qazi ailələrinə mənəvi dəstəyin göstərilməsi ilə yanaşı, cəmiyyətimizdə birlik, həmrəylik və milli-mənəvi dəyərlərə sədaqət ruhunun daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Proqram çərçivəsində təqdim olunan rəsmi çıxışlar və bədii hissələr tədbirin ümumi məzmununa və ruhuna uyğun şəkildə təşkil olunmuş, iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tədbirin sonunda bir daha qeyd edilmişdir ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, qazilərimiz və onların ailələri isə dövlətimizin və cəmiyyətimizin daimi diqqət və qayğısı ilə əhatə olunacaqlar. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin.  

Hamısını oxu