Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə cəhənnəmi içərisində sülh cənnəti... -TƏHLİL!

İlham Əliyev möcüzə yaratmaqda davam edir!

Artıq bir neçə gündür ki, ABŞ-İran müharibəsi bütün şiddəti ilə davam edir. İsrailin də qatıldığı müharibədə on minlərlə hərbçidən, yüzlərlə hərbi təyyarədən, ən müasir raket sistemlərindən istifadə olunur ki, bu da müharibənin nəticələrini daha dağıdıcı və ölümcül edir.

ABŞ-İran müharibəsi ilə bağlı diqqət çəkən nüanslardan biri də müharibənin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Qətər, Oman, İordaniya kimi ölkələrə də yayılmasıdır. Belə ki, ABŞ-İsrail koalisiyasının hücumundan sonra Amerikanın Yaxın və Orta Şərqdəki bazalarını hədəf alan İran, bir sıra ərəb ölkələrinin ərazisinə raket hücumları reallaşdırıb. Nəticədə, mülki infrastrukturda ciddi dağıntılar və itkilər baş verib. Hansı ki, məlum hücumların növbəti günlərdə də davam etməsi ehtimalı böyükdür. 

ABŞ-İran qarşıdurması müharibəsi müharibə və münaqişələrdən əziyyət çəkən dünyamızda gərginliklərin azalmadığını, əksinə, artdığını göstərir. Bu isə hər bir dövlət və xalqın təhlükəsizlik problemini aktuallaşdırmaqdadır.

Xatırladaq ki, bu gün dünyada qaynar nöqtələrdən biri də məhz Azərbaycanın yerləşdiyi coğrafiya hesab olunub. Azərbaycanın şimal qonşusu olan Rusiya 4 ildən çoxdur ki, Ukrayna ilə üzücü və qüvvətükədən müharibə aparmaqdadır. Ölkəmizin şimal-qərb qonşusu olan Gürcüstanda Abxaziya və Şimali Osetiya problemi mövcuddur ki, dondurulmuş vəziyyətdə olan məlum problemin nə zaman öz həllini tapacağı ilə bağlı xırda ehtimal belə mövcud deyil. Cənub-qərb qonşumuz olan Ermənistanda isə müharibə olmasa da, ölkə dövlət-kilsə qarşıdurmasından, habelə, müxtəliv siyasi qüvvələr və klanlar arasındakı mübarizədən əziyyət çəkməkdədir.

Hazırda Azərbaycanın cənub qonşusu olan İranda baş verən müharibə isə bütün digər problemləri kölgədə qoymaqda, regionun gələcəyi ilə bağlı mövcud narahatlıqları daha da artırmaqdadır. Məhz belə bir şəraitdə yalnız Azərbaycan müharibə və qarşıdurmaların fövqündə dayanıb ki, bu da Prezident İlham Əliyevin uzaqgörənliyindən, nəhəng siyasi dühasından qaynaqlanır.

Bu gün Azərbaycan müharibə cəhənnəmi içərisindəki sülh adası təsiri bağışlamaqda, müharibədən əziyyət çəkən insanlar üçün xilas mənbəyi, təsəlli rolunu oynaqmaqdadır. Fevralın 28-dən bugünə qədər İrandakı müharibə səbəbi ilə cənub sərhədləri vasitəsilə Azərbaycana yüzlərlə əcnəbi pənah gətirib ki, bu da ölkəmizin ənənəvi humanitar missiyasına sadiqliyindən xəbər verir. Bu gerçək bir daha sübut edir ki, Azərbaycan Müzəffər Ali Baş Komandanının siyasi səriştəsi sayəsində qaynar qazan təsiri bağışlayan planetimizdə öz təhlükəsizliyini və toxunulmazlığını uğurla qorumaqda, bütün təhdid və təhlükələri müvəffəqiyyətlə dəf etməkdədir. Bu fakt həm də İlham Əliyevin heyrətləndirmək bacarığından, möcüzə yaratmaq səriştəsindən xəbər verir.

Dörd bir tərəfdən müharibə və münaqişələrlə dövrələndiyi bir zamanda Azərbaycanın sülhə sadiq qalması, öz bitərəfliyini qoruyub saxlaması diplomatiyamızın tarixi uğuru, tarixi nailiyyətidir. Və bu uğur Prezident İlham Əliyev 9 fevral 2026-cı il tarixində ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinlə görüşü zamanı səsləndirdiyi tarixi ifadəni yada salır:

“Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”.

Seymur ƏLİYEV

2026-03-02 16:14:00
1911 baxış

Digər xəbərlər

“Əsgərə məktub” layihəsi Cəlilabadda...

Müdafiə Nazirliyinin  Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi  Cəlilabad rayon İcra Hakimiyyəti ilə birlikdə  "Əsgərə məktub " layihəsi çərçivəsində tədbir   keçirib. Müstəüilliyin Bərpası gününə həsr edilmiş tədbirdə  Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və təhsil işçiləri iştirak ediblər. Yüksək əhval-ryhiyyədə keçən tədbirdə iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə öz salamlarını və istəklərini çatdırmaq üçün  məktublar yazıblar. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan bu tədbirdə müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri də fəal iştirak edib, qüdrətli ordumuzun qalib əsgərlərinə şanlı məktublar ünvanlayıblar.

Hamısını oxu
Prezident İlham Əliyev: Ermənistan, Yunanıstan və Kipr arasında üçtərəfli hərbi əməkdaşlıq formatı bizi narahat edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib. Milli.Az AZƏRTAC-a istinadən Prezident İlham Əliyevin görüşdəki çıxışından əsas məqamları təqdim edir. "Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur və BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir". "İki il əvvəl Avropa İttifaqı və Azərbaycan "Tərəfdaşlıq Prioritetləri" adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir. "Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub". "Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər". "Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim". Milli.Az 

Hamısını oxu
Naxçıvandakı təlimlər düşməni lərzəyə gətirdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyanın hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev müsahibə verib. Publika.az müsahibəni təqdim edir. - Məhərrəm müəllim, Azərbaycan və Türkiyə arasında hərbi təlimlər uğurla başa çatdırıldı və bu təlimlər nəinki regionda, demək olar ki, dünya miqyasında çoxsayı müzakirələrə səbəb oldu, eləcə də işğalçı Ermənistan tərəfi ciddi təlaş yaşadı. Ümumiyyətlə, posesləri nəticə olaraq necə qiymətləndirərdiniz? - Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə daha öncələr də genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Məhz bu ay keçirilən təlimlər də qrafikə uyğun olaraq baş tutdu. Özü də deyərdim ki, daha geniş masştabı ilə digər təlimlərdən öz yeni və çox əhəmiyyətli strategiyaları ilə fərqləndi. Bu baxımdan, dünyanın diqqət mərkəzinə düşdü və hər iki ölkənin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirdi. Diqqət yetirsək görərik ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edildi, o cümlədən, paytaxt Bakı da daxil olmaqla Naxçıvanda, Gəncədə, Kürdəmirdə və Yevlax şəhərlərində keçirildi ki, burada çoxsaylı döyüş taktikalarının bütün mümkün vasitələrindən istifadə olundu. Əlbəttə, belə bir nəhəng hərbi təlimlərin keçirilməsi dünyanın da diqqətindən kənarda qala bilməzdi. Çünki bu gün qardaş Türkiyə deyərdim ki, anti-terror, dövlət sərhədlərinin mühafizə əməliyyatları baxımından ən öndə gedən və güclü orduya malik olan dövlətdir və biz qardaş ölkənin hərbi kontingentinin dünyanın müxtəlif ölkələrindəki uğurlu əməliyyatlarının da şahidləriyik. O cümlədən, Azərbaycan da istər Qafqaz regionunda, istərsə də beynəlxalq aləmdə söz sahibinə çevrilib və bu faktor özünü barəsində danışdığımız hərbi təlimlərlə də isbatlayır. Nəzərə alsaq ki, Azərbaycanın ərazisinin 20 faizi təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində hələ də işğal altındadır və nankor qonşumuz zaman-zaman silahlı insidentlər, təxribatlar törətməklə işğalçı siyasətini uzatmağa çalışır, bu zaman düşmənin nəyə görə bu qədər narahat olmasını da anlamaq çətinlik yaratmır. Mən bu xüsusda düşmənin Tovuz istiqamətindəki təxribatçı əməllərini xatırlatmaq istərdim. Bu uğursuz taktika nəticəsində erməni ordusu ağır itkilərlə geri çəkilməyə məcbur oldu. Lakin daha bir fakt bu oldu ki, qəhrəman zabitlərimiz rütbələrindən asılı olmayaraq əsgərləri ilə ön sıralarda döyüşdülər, onlar öz əsgərlərinin arxalarında deyil, məhz önündə gedərək, onları düşmənlə döyüşə ruhlandırdılar. Bu döyüşlərdə şəhid olmuş general-mayorumuz Polad Həşimovun peşəkar ali rütbəli zabit kimi ön sıralarda döyüşməsi və Vətənin bütövlüyü uğrunda canından keçməsi də sübut edir ki, Azərbaycanın sıravi əsgərindən tutmuş ən ali rütbəli zabitinə qədər hər kəs bu yolda gözünü qırpmadan irəliləmək, əzmlə döyüşmək qüdrətindədir. Bu cür qəhrəmanlıq şücaətləri ilə tarix yazan xalqın yalnız və yalnız qələbə qazanmaq ruhunda olması isə əlbəttə ki, labüddür, reallıqdır. Polad Həşimov kimi generalımızın timsalında göstərilən qəhrəmanlıq şücaəti hər bir əsgərimizə, hər bir zabitimizə, eləcə də bütün dünyaya göstərilən danılmaz örnək, inkaolunmaz nümunədir. Söz yox ki, bütün bunların müqabilində, yəni düşmən təxribatından sonra baş tutan geniş miqyaslı hərbi təlimləri xaraktercə xəbərdarlıq siqnalı kimi dəyərləndirə bilərik. Belə bir məsələdə, haqq və ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da çoxsaylı qətnamələr və sənədlərlə Azərbaycan torpaqlarının işğala məruz qaldığını, Ermənistanın isə təcavüzkar dövlət olduğunu bəyan edir. Bir çox ölkələr Tovuz təxribatının ardınca Azərbaycanın mövqeyinə dəstək göstərdilər və qardaş Türkiyə dövləti bilavasitə bizim yanımızda olduğunu bəyan etdi. Ermənilər bundan narahatlıq keçirməyə bilməzdilər və xüsusilə Naxçıvandakı təlimlər düşməni ciddi şəkildə lərzəyə gətirdi. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi təlimləri işğalçı Ermənistana sonuncu xəbərdarlıqlardan biri oldu və onlar bunu da dərk edirlər ki, lokal hərbi qarşıdurma yaşanarsa, müharibə baş verərsə, ümumiyyətlə, Ermənistan dövlət olaraq xəritədən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalmalı olacaq. Bu məsələdə isə, bütün cavabdehlik, məsuliyyət birmənalı olaraq işğalçı ölkənin rəhbərliyi üzərinə düşür. - Cənab general-polkovnik, təlimlərdən sonra ölkələrimiz arasında ikitərəfli görüşlər baş tutdu. Bu görüşlər özündə daha hansı faktorları ehtiva edir? - Qeyd edim ki, hərbi təlimlərin ardınca Xarici işlər naziri və Müdafiə naziri Türkiyədə səfərdə oldular, geniş tərkibdə görüşlər keçirdilər, qardaş ölkənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanla da görüşərək, qarşıda dayanan məsələləri, müzakirə etdilər. O cümlədən, Prezident İlham Əliyev cənabları Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini, Quru Qoşunları komandanını, Hərbi Hava Qüvvələri komandanını və Hərbi Dəniz Qüvvələri komandanını qəbul etdi. Bu görüşlərdə də vurğulandı ki, hərbi təlimlərin keçirilməsi həm də bir ənənədir və bu ənənə özünü bir ildə keçirilən 10-dan çox birgə təlimlərlə də sübut etməkdədir. Daha bir faktor isə budur ki, digər sahələrlə yanaşı, bizim hərbi-texniki sahədə, xüsusilə hərbi sənayedə ikitərəfli əməkdaşlığımız mövcuddur. Bu elə bir əməkdaşlıqdır ki, heç bir başqa ölkələr arasında belə sıx hərbi məqsədli təmaslar mövcud deyil. Ancaq o da kimsəyə sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı var və biz də qardaş ölkənin bu potensialından faydalanırıq. Çünki Türkiyə dünyanın ən müasir hərbi-texniki silahlarına, avadanlıqlarına malikdir və onların əksəriyyəti həmin ölkənin öz milli istehsalıdır. Etiraf edək ki, Türkiyənin belə bir hərbi gücə malik olması istər-istəməz bəzi dairələri narahat edir, eyni zamanda, işğalçı Ermənistan bu qaçılmaz amildən təlaşlanır. Cənab Prezident İlham Əliyevin keçirdiyi görüşü əsnasında Türkiyə ilə hərbi-texniki əməkdaşlığın daha da artırılacağı və bir nömrəli tərəfdaşı olacağı barədə vurğuladığı fikirləri də qənaətə gəlməyə zəmin yaradır ki, artıq ölkələrimiz regionun stabilliyini, təhlükəsizliyini təmin etmək üçün vahid güc mərkəzinə çevrilməkdədirlər. - Məhərrəm müəllim, Ermənistanın ali və hərbi rəhbərliyi hələ də təxribatçı mövqelərinə hər hansı qeyri-ciddi fikirləri ilə haqq qazandırmağa cəhdlər göstərməklə yanaşı, qondarma “DQR”ə rəhbərlik edən şəxs də bugünlərdə “Gəncəni vurmaq” tipli fikirləri ilə gündəmə gəldi. Sizcə, bu cür bəyanatları verərkən onlar nəyə, yaxud hansı güclərinə arxalanırlar? - Bilirsiniz, hər hansı əməli icra etmək nə qədər çətindirsə, danışmaq bir o qədər asandır. Hesab edirəm ki, belə bir cəfəng, gülünc fikirlərlə gündəmdə qalmaq səyləri daxili publikaya hesablanmış növbəti uğursuz cəhddir. Onlar sadəcə danışırlar və eyni zamanda, onlar həmin işğalçılardır ki, 2016-cı ildə də bənzər bəyanatlarını irəli sürürdülər, Aprel müharibəsində isə bir neçə qatlıq cavabların aldılar. Ancaq buna baxmayaraq, sonrakı zamanda aldıqları ağır məğlubiyyətlərini, çoxsaylı tələfatlarını, itirilmiş işğal altındakı əraziləri, yüksəklikləri xalqdan gizlətməkdən ötrü daha kəskin hərbi ritorika ilə hədələr yağdırmağa, yalanlar danışmağa başladılar. Amma nə oldu? Nə baş verdi? Azərbaycan Ordusu Naxçıvanda Günnüt zəfərini qazandı və hərbi istehkamlarını daha da gücləndirdi, Ermənistanın hərbi-streteji məkanlarını tam nəzarətə götürdü. Görünür, düşmən hələ də öz köhnə düşüncəsində, ampluasında qalmaqdadır və növbəti dəfə uğrayacağı fiaskodan ciddi narahatlıq, ardıcıl sarsıntı keçirir. Erməni tərəfinin arxalanacağı güclər isə artıq onlardan üz döndərməkdədirlər. Bu gün işğalçı ölkədəki daxili vəziyyətin hansı səviyyədə olduğunu müşahidə etməkdəyik. Xalq kütləsi öz rəhbərinə inanmır, ordu zəif, əsgər ac və texniki cəhətdən təchizatsızdır və bununla yanaşı, erməni baş nazir özünü siyasi arenada rüsvay etməkdə davam edir. Elə də uzağa getməyərək, onun BBC-yə verdiyi müsahibəsində verilən suallar qarşılığında dalana dirənməsini, acizliyini də göstərə bilərik. Belə danılmaz faktlar qarşısında gülünc bəyanatların verilməsi isə heç bir məntiqə, düşüncəyə sığmır. Bu gün nəinki Azərbaycan, hətta erməni xalqı da yaxşı bilir və dərk edir ki, Ermənistanın rəhbərliyi heç vaxt verdikləri publik bəyanatlarını həyata keçirməyə nə gücləri çatar, nə də buna cürət edə bilməzlər. Əksinə, Azərbaycan Ordusu qısa zamanda işğal altındakı ərazilərini, eyni zamanda, tarixi ərazilərini azad etmək qüdrətindədir və beynəlxalq siyasi mərkəzlər də bayaq qeyd etdiyim kimi, bizim tərəfimizdədir.

Hamısını oxu
CəlilXəlilov: “Xankəndidə Zəfər parkının inşası tarixi qələbəmizin təntənəsidir”

“Prezident İlham Əliyev tərəfindən Xankəndidə Zəfər parkının təməlinin qoyulması Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin təntənəsidir”.Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin bu şəkildə əbədiləşdirilməsi olduqca qürurvericidir:“Bu gün respublikamızın hər bir kəndində, hər bir şəhərində 8 Noyabr zəfəri, 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlarla bağlı hansısa bir abidə, hansısa bir park, küçə və s. mövcuddur. Bütün bunlar şanlı zəfərimizin təbliği, əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu gün Müzəffər Ali Baş Komandanımız tərəfindəın Xankəndidə Zəfər parkının təməlinin qoyulması da tarixi qələbəmizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.Zəfər parkının Xankəndidə inşası bizim üçün mənəvi baxımdan da ikiqat əhəmiyyətə malikdir. Çünki Azərbaycanın tarixi ərazisinin ayrılmaz bir parçası olan Xankəndi uzun müddət erməni separatçılarının əsas sığınacaq məntəqələrindən biri olmuşdur. 2023-cü ildə ordumuzun gerçəkləşdirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri kimi Xankəndi də separatçılardan təmizləndi və Azərbaycanın de-fakto nəzarətinə keçdi. Bu, suverenliyimizin tam şəkildə bərpasına imkan yaratdı. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhdilərimizə, xalqımızın mübarizə əzminə borcluyuq.Əminəm ki, bu gün Xankəndidə təməli qoyulan Zəfər parkı illər, əsrlər sonra da vətəndaşlarımız üçün doğma məkanlardan biri olacaq, öz gözəlliyi, əzəməti ilə onu ziyarət edən hər kəsə daim ordumuzun qəhrəmanlığını, xalqımıza qazandırdığı böyük zəfəri xatırladacaq”.

Hamısını oxu