Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycanın tarixi uğuru, qlobal nailiyyətidir”

17 may 2026-cı il tarixində Bakıda start götürən Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) uğurla davam edir.

Moderator.az olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə WUF13 və onun tarixi əhəmiyyətini şərh etməyə çalışdıq:

-Səmyar bəy, öncə WUF13-lə bağlı təəssüratlarınızı bilmək istərdik. Sizcə Forumun yüksək səviyyədə təşkili dövlətimizin beynəlxalq aləmdəki nüfuzu və təşkilatçılıq qabiliyyəti haqqında nə deyir?

- WUF13-ün bütün gözləntilərin fövqündə dayandığı və beynəlxalq miqyasda böyük marağa səbəb olduğu göz önündədir. Foruma 182 ölkədən 40 mindən çox iştirakçının qatılması faktı bunun isbatıdır.

Dünya mediasına nəzər salsaq görərik ki, bu gün beynəlxalq medianın əsas mövzusu WUF13 və bu Forumda səsləndirilən təkliflər, gələcəyə yönəlik çağırışlar və  müzakirəyə çıxarılan təcrübələrdir.

WUF13-lə bağlı diqqət çəkən məqamlardan biri də Azərbaycanın bu Forumu yüksək səvəiyyədə təşkil etməsidir. Hansı ki, bu fakt bütün iştirakçı dövlətlərin təmsilçiləri tərəfindən məxsusi olaraq qeyd olunmaqda, təsdiqlənməkdədir. İtaliya, Meksika, Belarus təmsilçiləri, eləcə də tədbirdə iştirak edən BMT nümayəndələri və s. Forumun böyük peşəkarlıqla hazırlandığını, Azərbaycanın bundan əvvəlki tədbirlər kimi bu tədbirə də uğurla ev sahbliyi etdiyini vurğulayıblar. Bütün bu faktlar bir daha onu göstərir ki, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir və bu sahədə zəngin təcrübəyə malikdir.

Bundan başqa, əksər beynəlxalq təbdirlərə ev sahibliyi etmək üçün məhz Azərbgaycanın seçilməsi bu məsələdə dünya dövlətlrinin və beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadından xəbər verir.

-Səmyar bəy, Forumda “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi də iştirak edib, müxtəlif tədbirlər keçirib. Mümkünsə, bir qədər də bu barədə məlumat almaq istərdik.

-“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi olaraq “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi ilə birlikdə WUF13 çərçivəsində QHT pavilyonunda iştirak etdik. “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Şəhərlər və görmə məhdudiyyəti olan şəxslərin müyəssərlik problemləri” layihəsi çərçivəsində “Toxunuş və duyğu şəhəri” adlı təqdimat tədbiri təşkil olundu. WUF13 iştirakçılarına əlilliyi olan şəxslərə yaradılan imkanlar haqqında məlumat verdik.

Bildiyiniz kimi, WUF13-ün əsas məqsədlərindən biri şəhərlərin dayanıqlığı və inkülizivliyinin təmin olunması ilə bağlıdır. Hansı ki, bütün müəssisə və obyektlərdə, infrastruktur və binalarda inklüzivliyin nəzərə alınması, əlillər üçün optimal şəraitin yaradılması bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Biz bu sahədə müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edirik.

WUF13-ün keçirildiyi məkanda bizim bir sıra layihələrimiz təqdim olundu. Biz təqdim olunan Baş plana əsasən taktil döşmələrin tətbiqində  iştirak etdik. Görmə əngəlli şəxslərin bu məkanda rahat hərəkəti üçün hər cür imkan yaradıldı.

Eyni zamanda,  “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi ilə birlikdə maket təqdim etdik. Orada şəhərin inklüzivliklə bağlı əvvəlki və möcud vəziyyəti ilə yanaşı, gələcəkdə görmək istədiyimiz mənzərəni paralel şəkildə təqdim etdik. Bu maketlər tədbir iştirakçıları tərfindən böyük maraq və rəğbətlə qarşılandı.

Tədbirdə çıxış edən Cəmiyyətimizin üzvləri - ADA Universitetinin Biznes Məktəbinin Hüquq və Biznes üzrə professoru Elnur Eyvazov və WUF13 çərçivəsində yaradılmış əməliyyat təşkilatının müyəssərlik üzrə mütəxəssisi Elman Süleymanov görmə məhdudiyyəti olan şəxslərin informasiya məkanına çıxış imkanlarının genişləndirilməsində süni intellekt texnologiyalarının rolundan, müasir assistiv həllərin abilitasiya və reabilitasiya prosesinə təsirindən, eləcə də gələcək texnoloji inkişaf perspektivlərindən bəhs etdilər.

Təqdimat zamanı BDU nəzdində Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdi, 15 yaşlı Samirə Cəfərli tərəfindən hazırlanmış “Ağıllı taktil yol” və “Tacto Color” layihələri iştirakçılara təqdim edilib.

Samirə Cəfərlinin görmə məhdudiyyəti olan şəxslərin problemlərinə mühəndislik və əlçatanlıq prizmasından yanaşması, innovativ layihələr hazırlaması və öz yaşıdlarını bu fəaliyyətə cəlb etməsi gənclərin sosial problemlərin həllində fəal iştirak potensialını nümayiş etdirən mühüm nümunələrdən biridir.

- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə” tədbirindəki çıxışı da böyük maraq doğurdu. Bu haqda nə deyə bilərsiniz?

-Mayın 19-da WUF tarixində ilk dəfə olaraq QHT-lərin birgə toplantısı keçirildi. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  də bu toplantıda çıxış etdi. Hörmətli Hikmət Hacıyev dövlətin QHT sektoruna olan dəstəyini ifadə etdi, görülən və görülməsi gərəkən işlərə diqqət çəkdi.

Hikmət Hacıyev qlobal əməkdaşlıq məsələsində QHT-lərin daha aktiv rol oynaya biləcəyini vurğulayb, vətəndaş cəmiyyəti institutlatının beynəlxalq əməkdaşlıq sahəsində daha çox aktivlik göstərməsinin zəruriliyini qeyd edib.

Bu fakt bir daha sübut etdi ki, dövlətimiz QHT-lərin bütün digər məsələlərdə olduğu kimi bu müstəvidə də fəaliyyətinə ciddi dəstək verir, vətəndaş cəmiyyəti institutları ilə həmrəylik nümayiş etdirir. Biz buna görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə, cənab Hikmət Hacıyevə bu dəstəyə görə öz təşəkkürümüzü bildiririk.

QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçirilən “WUF13 NGO Forum”unda çıxış etdi. Hörmətli Aygün xanım qeyd etdi ki, “dayanıqlı inkişaf və şəhərsalma vətəndaş cəmiyyətinin iştirakı və tərəfdaşlığı olmadan uğur qazana bilməz. Aygün xanım şəhər vizyonunun ictimai etimad, vətəndaş iştirakı və həmrəylik üzərində qurulmasının zəruriliyinə də toxundu.

-Bu gün ölkəmizdə görmə əngəlli vətəndaşların rahat hərəkəti üçün hansı işlər görülür?

-Artıq bəlli bir müddətdir ki, görmə əngəlli vətəndşlarımızın ictimai nəqliyyatda, metro və avtobuslarda, dəmir yolu və avtobus vağzallarında rahat hərəkəri üçün dövlətimizin tərəfindən böyük işlər görülməkdədir. Bu işlərdən biri də taktil döşəmələrin yaradılması ilə bağlıdır. Metro stansiyalarında, mərkəzi dəmir yolu stansiyasında, eləcə də “Sumqayıt”, “Pirşağı” və s. dəmir yolu stansiyalarında bu istiqamətdə daha geniş işlər görülüb. Səsli işıqformaların quraşdırılması, şəhər infrastrukturunun bütün növ əlillər üçün inklüzivləşməsi istiqamətində tədbrlər davam etdirilir.

Xatırladım ki, Azərbaycan regionda bu istiqamətdə mühüm layihələr icra edən qabaqcıl dövlətlərdən biridir. WUF13 iştirakçıları da etiraf etdilər ki, Azərbaycanda inklüzivliyin təmin edilmsi istiqamətində mühüm işlər görülüb. Hnası ki, bütün bu işlər Prezident İlham Əliyevin bilavasitə diqqət mərkəzindədir.

WUF13 iştirakçıları inklüzivliklə bağlı Azərbaycan dövlətinin gördüyü işləri, həyata keçridiyi layihələri diqqətlə izləyir, maraqla təhlil edirlər. Onlar bildirirlər ki, bu layihələri öz ölkələrində də təqdim etməkdə maraqlıdırlar.

Cənab Prezident də çıxşında inklüzivlik amilinə xüsusi diqqət çəkdi, bu istiqamətdə görülən və görüləcək işlər haqqında ətraflı məlumat verdi.

- Bildiyimiz qədəri ilə, WUF13 iştirakçıları “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvü Pərvin Qasımovanın da əl işlərini böyük maraqla qarşıladılar...

-Bəli.

Məlumat üçün bildirim ki, Pərvin Qasımova gözlərinin nurunu Vətən müharibəsi zamanı, ermənilərin Gəncə şəhərində həyata keçirdiyi terror aktları nəticəsində itirib. Biz WUF13 çərçivəsində Pərvin Qasımovanın əl işlərini tədbir itirakçılarına hədiyyə etdik. Forum iştirakçıları bu əl işlərinə böyük maraq göstərdilər.

Biz yaxın zamanlarda onun kitabının təqdimatını da edəcəyik və inanıram ki, bu kitab da cəmiyyətimiz tərəfindən böyük maraqla qarşılanacaq.

-Səmyar bəy, şəhərlərdə inklüzivliyin təmin olunması yönündə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq edirmi?

-Təbii.

Biz Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə geniş əməkdaşlıq edirik. Məqsədimiz mövcud qanunvericilik bazasının daha da təkmilləşdirilməsidir. Hesab edirik ki, əlilliyi olan insanlar üçün daha geniş və hərtərəfli imkanlar yaradılmalıdır. Biz bu yöndə bir neçə qanunvericilik təşəbbüsü ilə də çıxış etmişik və bunların bir çoxu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dəstəklənib. Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həm özəl, həm də dövlət qurumlarına tövsiyyə olunur ki, əlilliyi olan vətəndaşlar üçün optimal şərait yaradılsın.  

Hazırda əlilliyi olan şəxslərlə bağlı bütün sahə və müstəvilərdə inklüzivliyin təmin olunması əsas hədəflərdən biridir. Biz çalışırıq ki, bu insanlar heç kimin dəstəyi olmadan şəhərdə sərbəst hərəkət edə bilsinlər. Bu, əsasən Bakı şəhəri üçün nəzərdə tutulub. Yəqin ki, gələcəkdə Gəncə, Sumqayıt və digər şəhərlərdə də bu infrastrukturun yaradılması istiqamətində müvafiq addımlar atılacaq.

-Necə hesab edirsiniz, dövlətimizin inklüzivliklə bağlı siyasətinin praktiki şəkildə dəstəklənməsində özəl sektor təmsilçiləri də iştirak etməlidirlərmi?

-Şübhəsiz ki, bu layihələrdə özəl sektorun təmsilçiləri, iş adamları da yaxından iştirak etməli, proseslərə öz töhfələrini verməlidirlər. Çünki bu, hər şeydən öncə dövlət siyasətimizin dəstəklənməsi, əlil vəətndaşlarımız üçün daha rahat ortamın yaradılması deməkdir.

Bundan başqa, inklüzivliklə bağlı layihələrdə iştirak, həm də mənəvi bir tələbatdır. Biz cəmiyyət olaraq dövlətimizin inklüzivliklə bağlı siyasətində yaxından iştirak etməli, imkanımız daxilində bu prosesə töhfə verməliyik. Vətəndaşlıq borcu, insanlıq vəzifəsi bizdən məhz bunu tələb edir.

Seymur ƏLİYEV

 

2026-05-21 19:26:00
2173 baxış

Digər xəbərlər

Məlik Məhərrəmov-100

Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi münasibəti ilə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində silsilə tədbirlər həyata keçirilir. Nəzərə çatdıraq ki, Məlik Məhərrəmov 1920-ci il avqusutun 29-da Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub. O, 1936-cı ildə orada natamam orta təhsilini başa vuraraq, Bakıda Xalq Təsərrüfatı Texnikumunda oxuyub. 1939-cu ildə oranı bitirdikdən sonra isə keçmiş sovet ordusu sıralarına çağırılıb. 1942-ci ildə Rusiyanın Vladimir şəhərində hərbi məktəbi bitirib. Məlik Məhərrəmov 1941-1945-ci illər müharibəsində Berlinədək şərəfli döyüş yolu keçib. Belarusiya, Ukrayna uğrundakı döyüşlərdə xüsusilə fərqlənib. Onun komandir olduğu bölük 1943-cü ilin payızında Dneprin keçilməsində böyük məharət göstərib. Həmin döyüş əməliyyatına görə Məlik Məhərrəmova və onun bölüyündən 17 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilib. M.Məhərrəmov müharibədən sonra atıcı divizayada tabor komandiri kimi xidmət edib. O, 1954-cü ildə Frunze adına Hərbi Akademiyanı bitirib, alayın qərargah rəisi vəzifəsində çalışıb. M.Məhərrəmov 1966-cı ilə qədər Azərbaycan Respublikasının hərbi komissarlıq sistemində məsul vəzifələrdə xidmət edib, 1966-1973-cü illərdə isə indiki Bakı Dövlət Universitetində hərbi kafedranın rəisi olub. 1973-cü ildə ehtiyata buraxılsa da, universitetdə fəaliyyətini davam etdirib. Məlik Məhərrəmov müharibə illərində göstərdiyi hərbi məharətə, komandirlik bacarığına və igidliyinə görə o dövrdə ən yüksək qəhrəmanlıq adına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilib. 1995-ci ildə yubileyi təntənəli surətdə qeyd edilib və müstəqil respublikamızın “Şöhrət” ordeni ilə təltif olunub. Hələ ötən əsrin yetmişinci illərində istefada olan polkovnik Məlik Məhərrəmov Ulu Öndərimizin yaratdığı o vaxtlar analoqu olmayan ixtisaslaşdırılmış xüsusi orta məktəbin bir müddət rəisi olub və bu gün də haqqında xoş xatirələr söylənilir. İstər xalqımızın ümummilli lideri Heydər Əliyev, istərsə də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən onun xatirəsinin həmişə əziz tutulub. Müharibə, Əmək və Silahlı Qüvvəllər Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov ölkəmizin hərb tarixinə, sərkərdələrimizin, qəhrəmanlarımızın, şanlı döyüş ənənələrimizin təbliğinə xüsusi önəm verildiyini, Müdafiə Nazirliyinin şəxsi heyətin bu istiqamətdə tərbiyə olunmasında məqsədyönlü fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəxsən öz adından, həmçinin çoxsaylı veteranlar adından minnətdarlığını bildirir.

Hamısını oxu
“Ermənistanın himayədarları regionda vəziyyəti gərginləşdirməklə özlərinə süni tələbat yaratmağa çalışırlar”

“Ermənistanı himayə edən beynəlxalq güclər onu təmas xəttində təxribatlara sövq etməklə regionda vəziyyəti gərginləşdirməyə, bununla da özlərinə süni şəkildə  tələbat yaratmağa çalışırlar”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, Ermənistanın ordumuza məhz öz himayədarlarının sifarişi ilə atəş açdığı heç kimə sirr deyil:   “Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək ona öz yerini göstərdi. Ordumuz, xalqımız, Müzəffər Ali Baş Komandanımız sübut etdi ki, himayədarlarının İrəvana verdiyi bunca dəstəyə baxmayaraq, Azərbaycan işğaldakı torpaqlarını azad etməyə, öz təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu baxımdan, 44 günlük Vətən müharibəsində hərbi potensialının 80%-dən çoxunu itirən Ermənistanın ordumuzun mövqelərinə yalnız öz iradəsi ilə atəş açması, təxribatlar törətməsi inandırıcı deyil. Bu, daha çox ermənipərəst dairələrin, xaricdəki böyük güclərin təhriki ilə həyata keçirilir. Onlar regiona yol tapmaq, buradakı mövcudluqlarına haqq qazandırmaq üçün çalışırlar ki, regionda yeni hərbi qarşıdurma yaratsınlar. Azərbaycanla Ermənistan yenidən üz-üzə gəlsin ki, onlar da bu qarışıqlıqdan istifadə edərək regionda möhkəmlənə, proseslərin axarına yön verə bilsinlər.   Şübhəsiz, Azərbaycan bütün bunları görür və anlayır. Lakin bu məsələdə  Ermənistan hakimiyyətinin də azad iradə nümayiş etdirməsi, onu təxribata sürükləyən güclərə qətiyyətlə “yox” deməsi vacibdir. İrəvan Qərbin, onun ayrı-ayrı dairələrinin əlində alət olmaqdan çıxmalı, kənar güclərin regiona müdaxiləsinə, bölgədə vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan unutmamalıdır ki, istənilən gəginlik sonunda Ermənistanın faciəsi ilə nəticələnəcək”.   Polkovnik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindən sonra daha da gücləndiyini, öz peşəkarlığını, hərbi-texniki təchizatını yeni mrəhələyə yüksəltdiyini bildirib:   “Azərbaycan Ordusu Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Vətən müharibəsi dövründəki ordu deyil. Ordumuz öz peşəkarlığını, hərbi-texniki təchizatını daha da yüksəldib. Silahlı Qüvvələrimiz mahiyyət etibarilə yeni, daha ali mərhələyə qədəm qoyub. Bu isə bizə imkan verir ki, xalqımızı, dövlətimizi, təhlükəsizliyimi təhdid edən istənilən təhlükəni dəf edək.   Ermənistan və onların havadarları da bilməlidirlər ki, Azərbaycan Ordusu istənilən təhdid və təxribatın qarşısını almağa qadirdir. Yeni bir qarşıdurma sadəcə Ermənistanı deyil, onun himayədarlarını da məyus edəcək, Azərbaycanın zəfər tarixini isə daha da zənginləşdirəcək”.

Hamısını oxu
Anaların və uşaqların sağlamlığı keşiyində

Müsahibimiz Təranə Rəcəbli 1972-ci il martın 16-da Sumqayıtda ziyalı ailəsində anadan olub. Şəhərimizdəki 22 saylı orta məktəbi bitirib. 1989-1995-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb. Həkim-pediatr ixtisasına yiyələnərək Sumqayıt şəhər 1 saylı Doğum evində fəaliyyətə başlayıb. Burada şöbə müdiri, 2008-2014-cü illərdə “Real” Tibb Mərkəzində direktor vəzifəsində işləyib. 2014-2016-cı illərdə Respublika Perinatal Mərkəzində baş həkim kimi fəaliyyətini davam etdirib. Hazırda Sumqayıt Perinatal Mərkəzin rəhbəridir. 2019-cu ildə Əməkdar həkim fəxri adına layiq görülüb. -Təranə xanım, tərcümeyi-halınızdan da aydın oldu ki, perinatal xidmət sistemində zəngin təcrübəniz var və şəhərimizdə belə bir tibbi xidmətin yaradılmasında zəhmətiniz  az olmayıb. -Son illər ölkədə doğuşların sayı artmağa meyillidir, lakin onların müəyyən faizi hamiləlik fəsadları ilə müşayiət olunur. Digər tərəfdən, hamilə qadınlar arasında xoşbəxtlik hallarının artmasının şahidi oluruq. Sözsüz ki, yeni doğulan uşaqların sağlamlığı anaların sağlamlıq durumu ilə bilavasitə əlaqəlidir. Statistikadan aydın olur ki, neonatal, ölüm hallarının çoxu ilk sutkalara təsadüf edir. Bu baxımdan doğuşun ilk dəqiqələrindən ana və uşağa göstərilən diqqət çox əhəmiyyətlidir. Respublikamızda hamilə qadınlara və uşaqlara perinatal, neonatal, eləcə də postneonatal dövrlərdə göstərilən xidmətin kökündən yaxşılaşdırılmasına, onun müasir standartlara uyğun yenidən qurulmasına böyük ehtiyac vardır. Bu səbəbdəndir ki, dövlətin sosial yönümlü siyasətində qadınlara, analara və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bir neçə dövlət proqramı qəbul edilmişdir. 2006-cı ildə təsdiqlənən “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində paytaxtla yanaşı bir neçə regionda Perinatal Mərkəz yaradılmışdır. -Bəs sözügedən mərkəzlərin funksiyası doğum evlərindən və digər tibb müəssisələrindən nə ilə fərqlənir? -Bu, ilk növbədə, respublikamızın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölüşdürülməsinin təmin olunmasına imkan yaratmışdır. Mərkəzlərdə patoloji hamilələrə, zəif doğulmuş uşaqlara xidmət göstərilir ki, bu da öz növbəsində ölkədə ana və uşaq ölümünün kəskin azalmasına gətirib çıxarmışdır. Qeyd olunduğu kimi, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu gün Sumqayıtda müasir səviyyədə qurulmuş tibb müəssisələri əhaliyə nümunəvi xidmət göstərir. Doğum evlərimizdə də gələcəyimiz olan uşaqların sağlam dünyaya gəlməsi, lazımi tibbi yardım almaları üçün bütün şərait vardır. Hər zaman tibbin yeniliklərinə açıq olan Sumqayıt Perinatal Mərkəz bu gün həm də tədris mərkəzi kimi fəaliyyət göstərir. Təqdirəlayiq hallardır ki, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda və digər Tədbirlər Planında bu sahədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının gücləndirilməsi məqsədilə regionlarda perinatal mərkəzlərin yaradılması, xəstəxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin peşəkarlığının artırılması, həmçinin artıq yarımçıq və vaxtından əvvəl doğulmuş, perinatal patologiyalı uşaqların dünyaya gətirilməməsi üçün zəruri şəraitin yaradılması kimi məsələlər öz əksini tapmışdır. Bu zəmindən 65 ildən çox əhaliyə xidmət göstərən 1 saylı şəhər Doğum evi də 2017-ci ilin dekabr ayından Perinal mərkəz kimi perinatal patologiyalı uşaqları qəbul etməklə onlara tibbi yardım göstərilir. Nəticədə şəhərimizdə körpə, həmçinin ana və uşaq ölümünün səviyyəsinin kəskin aşağı düşməsinə nail olmuşuq. Sözsüz ki, bu işdə təkcə səriştəli həkimlər, tibb işçiləri deyil, eyni zamanda, burada maddi-texniki bazasının yüksək olması, tənəffüs dəstəyi avadanlıqlarının mövcudluğu böyük rol oynayır. -Doğum evində vaxtından qabaq dünyaya gələn körpələrin həyatda qalması üçün yaradılan şərait barədə danışmağınız yerinə düşərdi. -Şəhərimizdə fəaliyyət göstərən tibb müəssisələrinin əksəriyyətində müasir texnika və avadanlıqlar quraşdırılıb. 140 çarpayılıq 1 saylı Doğum evi-Perinatal Mərkəzdə yüksək səviyyədə təmir işləri aparılaraq ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sisteminin köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Mərkəzimizdə vaxtından əvvəl doğulmuş və az bədən çəkili körpələrə qulluq və ana südü ilə qidalanmaya dair siyasət müəyyənləşdirilmişdir. Həmçinin ana südünün sağılması və saxlanması məqsədilə süd mətbəxi yaradılmışdır. Bizdə digər aparatlarla yanaşı transport küveyzlərin olması, uşaqların digər xəstəxanalardan mərkəzimizə təxliyə edilməsi işimizin səviyyəsini artırmaqdadır. “Körpə Dostu Klinikası” təşəbbüsünə qoşulan Sumqayıt Perinatal Mərkəzində ambulator-poliklinika, cərrahiyyə, anesteziologiya və reanimasiya, ginekologiya, təcili tibbi yardım, doğum və hamiləliyin patologiyası, yarımçıq və xəstə yenidoğulmuşlar şöbələri fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqlarla, eloktron idarə olunan stollar, narkoz aparatları ilə təchiz edilmişdir. Reanimasiya şöbəsində xaricdən gətirilən süni tənəffüs aparatları quraşdırılıb. Tibb ocağında yenidoğulmuşların reanimasiya və intensiv terapiya bölməsi də yaradılıb. Ginekologiya şöbəsində isə doğuş zalı, cərrahiyyə otağı və müasir standartlara cavab verən neonataloji bölmə yeləşir.  -Etiraf etmək lazımdır ki, körpələrin yaşama şansları doğum evində yaradılan şəraitlə bilavasitə əlaqəlidir.  -Yaradılan şəraitin nəticəsidir ki, regionlardan ən çox uşaq bizim mərkəzə köçürülür. Ötən il perinatal xidmət almış körpələrdən 501-i özəl və ya digər regionlarda fəaliyyət göstərən TƏBİB-in tabeliyindəki tibb müəssisələrindən qəbul edilib. Onlardan 339-u ətraf regionlardan birbaşa neonatal reanimasiya və intensiv terapiya bölməsinə yerləşdirilib. Hamiləliyin patologiyası şöbəsinə isə 248 xəstə köçürülüb. Bundan əlavə, il ərzində 2807 xəstə və yarımçıq yenidoğulmuşların sağlamlığı izlənilib, 165 ROP müayinə olunub, 1766 topuq testi götürülüb. Əlilliyin qarşısının alınmasında vacib rol oynayan 4 VEQF inyeksiyası həyata keçirilib. 2023-cü ilin sentyabr ayında isə Perinatal Mərkəzin neonatal reanimasiya və intensiv terapiya bölümünə regionlardan 340 yenidoğulmuş təxliyə olub. Mərkəzimizdə təbii və cərrahi doğuşlarla yanaşı, açıq və laporoskopik, ginekoloji əməliyyatlar da aparılır. 2023-cü ilin sentyabrında perinatal mərkəzin nəzdində təşkil olunmuş neonatal cərrahi xidmət vasitəsilə on əməliyyat, o cümlədən bir yenidoğulmuşa neyrocərrahi, bir yenidoğulmuşa isə Ventrikuloperitoneal şuntlama əməliyyatı olunub. Yaxın gələcəkdə Perinatal Mərkəzin nəzdində Ekstrakorporal (süni) mayalanma əməliyyatlarının aparılmasının həyata keçirilməsini planlaşdırmışıq. Sözsüz ki, bu vacib işə dövlət nəzarətinin olması olduqca vacibdir. Uşaq üzünə həsrət ailələr son çıxış yolu olan süni mayalanmaya ümid bəsləyir. Burada donor məsələsi mühüm rol oynayır. Çünki, bu, millətin genefondudur. Ona görə də bütün proseslər nəzarətdə saxlanılmalıdır. -Təranə xanım, doğum evlərində hər gün neçə-neçə körpə dünyaya gəlir. Təbii ki, analardan əvvəl onu mama-ginekoloqlar qucağına alır. Bu hissləri necə ifadə edərdiniz? -Mama-ginekoloqlar döl ana bətninə düşdüyü andan etibarən o körpələrin yanında dayanan şəxsə çevrilirlər. İşləri ağır və məsuliyyətli olsa da öz peşələrinilə fəxr edirlər. Onu da deyim ki, bəşər tarixində ilk yaranan mama peşəsidir. Ta qədimdən ana olmaq istəyən qadınların uşağını dünyaya gətirmək üçün bu qəbildən olan insanların köməyinə hər an ehtiyac yaranıb. Elmin, texnologiyaların sürətlə inkişaf etdiyi indiki dövrdə də bu, belədir. Hər ailəyə körpə sevinci bəxş etmək qürurverici bir hissdir. Gecəsi, gündüzü bilinməyən həkimlərin, tibb işçilərinin, xüsusilə anaların və dünyaya gələn uşaqların qayğısını çəkən, sağlamlıqlarının qorunmasına çalışan  mama-ginekoloqların əməyi, zəhməti danılmazdır. Axı, müqəddəs peşə sahibləri daim gərgin iş şəraitində çalışırlar, həm də körpələrin rahat bir şəkildə dünyaya göz açmasının məsuliyyətini daşıyırlar. Doğuşdan sonra qucaqlarına alan zaman isə keçirdikləri sevinc hissləri ilə əziyyətlərini tamamilə unudurlar. Kollektivimizdə çalışanların hər biri öz işini sevir. Reanimasiya şöbəsinin müdiri Yeganə Ağayeva, ginekoloq Gülsarə Qocayeva, doğum şöbəsinin müdiri Əminə Məmmədova, hamiləliyin patologiyası şöbəsinin müdiri, gənc həkim-ginekoloq Fidan Cabbarlı və başqa işçilərimiz haqqında xoş sözlər söyləmək olar. -Bildiyimiz kimi, respublikanın səhiyyə müəssələrində icbari tibbi sığorta tətbiq olunur. Doğuş və əməliyyatları həyata keçirən Perinatal Mərkəzdə bu sahədə işlər necə qurulmuşdur? -2021-ci ildən bu sistemin icrasına başlanmışdır. Hazırda mərkəzimizdə İcbari Tibbi Sığortanın Xidmətlər Zərfində təminata alınmış tam həcm perinatal və neonatal skriniq həyata keçirir. Bu, ilk növbədə, əhali məmnunluğu və vətəndaş əlçatanlığı üçün olduqca əlverişli sistemdir. Nəzərdə tutulmuş xidmətlərdən anaların da, gələcəkdə ana olacaq qızlarımızın da yararlanmaları üçün hər cür şəraitimiz vardır. Eyni zamanda, yaşadıqları ərazi üzrə qadın məsləhətxanalarında müayinə ola bilərlər. Bütün klinik laborator analizlərdən vaxtında keçmələrini tövsiyə edirik. Bu, anaların və doğulacaq körpələrin sağlamlığı üçün vacibdir. Onu da deyim ki, TƏBİB-in və şəhər rəhbərliyinin daim qayğısını hiss edirik. İcra hakimiyyətinin başçısı hörmətli Zakir Fərəcovun yaxından köməkliyi ilə liftimiz qaydaya salınmış, digər sahələrdə təmir-bərpa işləri həyata keçirilmişdir. Məqsədimiz anaların və uşaqların sağlamlığının qorunmasıdır. Bu ali məqsəd naminə bundan sonra da əlimizdən gələni edəcəyik. Qələmə aldı: S.QULİYEV

Hamısını oxu
“Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq”

Fatma Yıldırım: “Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”   Xəbər verdiyimiz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin köməkliyi ilə 100-ə qədər sağıamlıq imkanı məhdud qazi elektriklə çalışan ümasir əlil arabaları ilə təmin edilib.   Veteran.gov.az xəbər verir ki, millət vəkili Fatma Yıldırım sosial şəbəkədəki hesabında bu nəcib təşəbbüsün önəminə diqqət çəkib, bu təşəbbüsün gerçəkləşməsin də əməyi olanlara təşəkkürünü bildirib:   “Əziz həmvətənlər!   Ölkəmizdə şəhid ailələri və qazilər hər zaman qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır.   Bildiyiniz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin dəstəyi​ ilə Azərbaycana gətirilmiş 100 ədəd elektriklə işləyən əlil arabası qazilərimizə və şəhid ailələrinə təqdim edilib. Bu məqsədlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib.   Qeyd edim ki, Bərdə rayonunu təmsil edən millət vəkili olaraq mənim təşəbbüsümlə bu tədbir çərçivəsində Bərdə rayonundan olan Iİ Qarabağ müharibəsi qaziləri - Yusifzadə Məhəmməd İsrafil oğlu, Quliyev Sərxan Dilqəm oğlu və Musayev Gündüz Sabir oğluna; I Qarabağ müharibəsi qazisi Abışov Habil Kamil oğluna, eləcə də Bərdəyə terror hucumları nəticəsində xəsarət almış Quliyeva Rəmziyyə Əlasdan qızına müasir motorlu arabalar təqdim olundu. Xaricdə yaşayan türk qardaşlarımıza bizimlə həmrəylik nümayiş etdirərək, belə nəcib bir aksiya həyata keçirdikləri üçün dərin təşəkkürümü bildirirəm! Qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaqlarını arzulayıram. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq. Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”   Seymur ƏLİYEV  

Hamısını oxu