Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Geosiyasi vəziyyət dəyişir: ABŞ əsas diqqəti Çin ilə rəqabətə və Asiya-Sakit okean bölgəsinə yönəldir

Müasir qlobal təhlükəsizlik memarlığının sütunu hesab olunan NATO, daxili fikir ayrılıqları və maraqlar toqquşmasının ən mürəkkəb dövrünü yaşayır. Alyansın vahid Rusiya strategiyası, Macarıstanın Budapeşt-Moskva xəttində yürütdüyü fərqli xarici siyasət və strateji gecikdirmə gedişləri səbəbindən ciddi şəkildə sınağa çəkilir. Digər tərəfdən, hərbi xərclərin böyük hissəsini çiynində daşıyan ABŞ-ın daxili siyasi dəyişiklikləri və Avropaya qarşı "yük bölgüsü" təzyiqləri ittifaqdaxili etimadı zəiflədir. Vaşinqtonun diqqətini getdikcə Çin mərkəzli Asiya-Sakit okean regionuna yönəltməsi isə NATO-nun ənənəvi Avropa foksu ilə dərin strateji ziddiyyət yaradır. Üstəlik, Fələstin-İsrail münaqişəsi kimi qlobal böhranlara fərqli yanaşmalar, Tramp və Bayden doktrinaları arasındakı kəskin fərqlər üzv dövlətləri vahid cəbhədə birləşməkdən uzaqlaşdırır. Türkiyənin balanslaşdırılmış mövqeyi, fərqli coğrafiyalardakı maraq toqquşmaları və qlobal işğal ritorikası təşkilatın yekdil qərar qəbul etmə mexanizmini iflic vəziyyətinə gətirir. Nəticədə, daxili etibarsızlıq, geosiyasi prioritetlərin parçalanması və milli maraqların kollektiv təhlükəsizlikdən üstün tutulması müasir NATO-nu parçalanma riskləri ilə üz-üzə qoyur.

Məsələ ilə bağlı hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Crossmedia.az-a açıqlama verib. O, bu məsələdə Macarıstanla bağlı yaranmış problemlərin də rol oynadığını bildirib. 

"Macarıstan hökuməti uzun müddətdir Rusiya ilə daha yumşaq münasibət saxlayan xətt yürüdür. Bu isə NATO daxilində, xüsusilə Ukrayna müharibəsindən sonra, ciddi fikir ayrılığı yaradır. Çünki NATO-nun ümumi strategiyası Rusiyaya qarşı çəkindirmə və kollektiv müdafiə üzərində qurulub. Macarıstan bəzi hallarda Ukraynaya hərbi və siyasi dəstək paketlərinə daha ehtiyatlı yanaşır və ya gecikdirir. Bu, NATO üzvləri arasında koordinasiyanı çətinləşdirir. NATO-da qərarlar konsensusla qəbul olunur. Macarıstan çox vaxt formal veto qoymasa da, siyasi siqnallarla qərar prosesini ləngidə bilən mövqe sərgiləyir. Bu, digər üzvlərdə narahatlıq yaradır. Bəzi NATO ölkələri Macarıstanın Rusiya ilə yaxın əlaqələrinə görə həssas hərbi və kəşfiyyat məlumatlarının paylaşılmasında daha ehtiyatlı davranır. Bu isə ittifaq daxilində etimad səviyyəsini zəiflədir. Macarıstan 2023–2024 dövründə İsveç və Finlandiyanın NATO üzvlüyü prosesini gec ratifikasiya edən ölkələrdən biri idi. Bu da NATO daxilində “siyasi alət kimi istifadə edilir” tənqidlərinə səbəb olmuşdu. Macarıstan NATO-dan çıxmaq və ya açıq bloklama siyasəti aparmır, amma onun xarici siyasət xətti alyans daxilində “birlikdə hərəkət” prinsipini bəzən zəiflədir və bu da gərginlik yaradır".

Ekspert daha sonra ABŞ-ın NATO ilə son zamanlarda yaşadığı gərginliyə də diqqət çəkib. 

"NATO ölkələri ümumi qaydaya görə ümum daxili məhsulun təxminən 2%-ni müdafiəyə ayırmalıdır. ABŞ isə uzun illərdir ittifaqın əsas hərbi və maliyyə yükünü daşıyır. Bu səbəbdən: ABŞ Avropa ölkələrini “az xərcləməkdə” ittiham edir və əvəzində isə Avropa təhlükəsizliyin kollektiv məsuliyyət olduğunu bildirir. Digər problem yük bölgüsü məsələsiylə bağlıdır. ABŞ NATO daxilində hərbi bazaların böyük hissəsini təmin edir, kəşfiyyat və texnologiyada liderdir, operativ müdaxilələrin əsasını təşkil edir. Bu isə Vaşinqtonda belə bir narazılıq yaradır: “niyə biz daha çox ödəyirik?” Strateji mövqe fərqliliyində isə ABŞ əsas diqqəti indi Çin ilə rəqabətə və Asiya-Sakit okean bölgəsinə yönəldir. NATO isə daha çox Avropa təhlükəsizliyi və Rusiya məsələsinə fokuslanır. Bəzi ABŞ administrasiyaları (xüsusilə Tramp dövründə) NATO-nu “köhnəlmiş ittifaq” adlandırmış və üzvləri sərt tənqid etmişdi.  Ukrayna müharibəsi kimi hadisələrdə ABŞ və Avropa ölkələri ümumən birlikdə hərəkət etsə də: yardımın həcmi və sürəti, mövzuya yanaşma baxımından fərqlilikləri ortaya çıxır. Yeni üzvlüklə bağlı isə ABŞ genişlənməni dəstəkləsə də, bəzi müttəfiqlər yeni üzvlərin əlavə təhlükəsizlik öhdəlikləri yaradacağını düşünür. Bu da daxili debat yaradır".

Cəlil Xəlilov onu da qeyd edib ki, bu "çatların" meydana gəlməsində siyasi fikir ayrılıqları da mühüm yer tutur.

"Fələstin mövzusunda fikir ayrılığı mövcuddur. Almaniya və Abş kimi qüvvələr İsrail, İngiltərə, Niderland, İspaniya və Fransa kimi qüvvələr Fələstinin müstəqilliyi mövqeyindədirlər. Müharibənin yaratdığı əlavə münaqişələr – Həmas, Hizbullah terror təşkilatları və İranla savaş o cümlədən regionda neft-qaz böhranının yaranma ehtimalı mövzunu NATO daxilində problemə çevirir. Tramp administrasiyasıyla Bayden arasındakı fərqlər də bu mövzunu dərinləşdirir. Eyni mövzu Rusiya – Ukraniya münaqişəsi, ABŞ-ın Venesuelaya müdaxiləsi və Qrenlandiyanı NATO üzvü olan Danimarkadan tələb etməsi fonunda da genişlənməkdədir. Bu mövzularda Qərbi Avropa dövlətləri həmrəylik göstərsə də, Tramp administrasiyasının işğal yönümlü baxışları, Türkiyənin tərəfsizliyi və Macarıstanın Rusiya yönümlü fəaliyyəti ortaq fikrə gəlinə bilməməsinə səbəb olur".

Turqut Ansari

 

2026-06-02 17:16:00
1254 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyevaya ad günü münasibətilə təbriklər gəlməkdə davam edir

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik ünvanlayıb. APA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Mehriban xanım. Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Sizin Azərbaycanın çoxəsrlik milli-mədəni dəyərlərinin, multikultural ənənələrinin, tolerantlıq mühitinin qorunması və təşviqi, xalqın sosial-iqtisadi rifahı naminə yorulmaz fəaliyyətiniz, təhsilə, mədəniyyətə, idmana və gənc istedadlara dəstəyiniz dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə misilsiz töhfələr verməkdədir. Bu gün beynəlxalq aləmdə və cəmiyyətdə yüksək nüfuzunuz, xalqın böyük rəğbətini qazanmağınız Sizin timsalınızda XXI əsr qadınlarımızın ictimai fəallığının parlaq örnəyidir. Biz TÜRKPA olaraq tarixən xalqlarımızın xanımlara göstərdiyi yüksək hörmət və ehtiramı qeyd edərək, habelə ölkələrimizdə ailə dəyərlərimizin qorunmasına sadiqliyimizi bir daha ifadə edərək qadınlarımızın cəmiyyətin inkişafına göstərdiyi müstəsna xidmətlərə böyük önəm veririk. Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və şərəfli vəzifənizdə, bütün fəaliyyətlərinizdə uğurlar arzulayırıq”. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz da Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik göndərib. Təbrikdə deyilir: “Hörmətli xanım Mehriban Əliyeva, BP şirkəti və onun bütün heyəti adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm”. Moskvadakı “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovun Mehriban Əliyevanı göndərdiyi təbrikdə isə bildirilir: “Çox hörmətli Mehriban Arif qızı, Doğum gününüz münasibətilə “ARETİ” beynəlxalq şirkətlər qrupunun rəhbərliyi və kollektivi adından ən səmimi təbriklərimizi qəbul edin. Ürəkdən arzu edirik ki, bu günün bayram ab-havası həmişə qəlbinizə hərarət versin, həyat Sizə ətrafınızdakı insanların sevgisini, xeyirxahlığını və qayğısını bəxş etsin, çətinliklərdən və problemlərdən qorusun, hər gününüz nurlu, xoş əhvallı, gözəl və sevindirici hadisələrlə dolu olsun. Sizə, yaxınlarınıza və əzizlərinizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar, səadət və firavanlıq arzu edirəm. Qoy, Sizin bütün planlarınız uğurla həyata keçsin, arzularınız və ümidləriniz gerçəkləşsin!” Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvlərin də Mehriban Əliyevaya təbrik ünvanlayanların sırasındadır. Təbrikdə bildirilir: “Zati-aliləri, Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, enerji, xoşbəxtlik və firavanlıq arzulayır, bütün işlərinizdə uğurlar diləyirik. Ulu Tanrı daim Sizi və ailənizi qorusun. Xalqınızın və bütün bəşəriyyətin mənafeyinə və inkişafına yönəlmiş nəcib məqsədləriniz və planlarınız həyata keçsin. Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin missiyasına davamlı dəstəyinizə və sadiqliyinizə görə Sizə və Zati-aliləri cənab Prezidentə minnətdarlığımızı bildiririk. Dərin hörmət və ehtiramla,   Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru Boris Tadiç 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Marianna Vardinoyannis UNESCO-nun xoşməramlı səfiri Rosen Plevneliyev 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti İvo Yosipoviç 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti Petar Stoyanov 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Katerina Yuşşenko 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı Rövşən Muradov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Filip Vuyanoviç 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Elnur Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş icraçı direktoru Eka Tkeşelaşvili 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini”.

Hamısını oxu
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Macarıstanın Baş naziri Viktor Orban ölkəsinə səfərə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Macarıstanın Milli günü münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı bu ilin yanvarında Macarıstana səfərini və səfər zamanı aparılmış səmərəli və əhatəli müzakirələrin vacibliyini vurğuladı, əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Macarıstanın Baş nazirini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu. Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulandı. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edildi, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunuldu, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirildi və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulandı. Elm-təhsil sahəsində əməkdaşlıq qeyd edildi, xüsusilə Macarıstanda azərbaycanlı tələbələrə ali təhsil üzrə təqaüdlərin verilməsi təqdir olundu, gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi vurğulandı. Söhbət zamanı, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi qeyd olundu, Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması vurğulandı. Görüşdə ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edildi.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

31 yanvar 2025-ci il saat11:00-da Bakı Slavyan Universitetinin konfrans zalında “2 fevral - Gənclər Günü”nə  həsr olunmuş “Nəsillərin Görüşü” silsiləsindən “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi tədbirdə gənclər, veteranlar, ziyalıların iştirak edib.   Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti",  Yazıçılar Birliyinin üzvü, yazıçı Varis Yolçuyevin moderatorluğu ilə keçirilən tədbiri açıq elan edib. Daha sonra rektorun məsləhətçisi Ənvər Abbasov çıxış edərək dövlətimizin gənclər siyasəti ilə bağlı maraqkl fikirlər səsləndirib, Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin önəmindən bəhs edib . Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Əfqanıstan, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranı, polkovnik Cəlil Xəlilov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. Polkovnik qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, böyük töhfələr verib: “Gənclərimizin milli ruhda, mənəvi dəyərlərimizə sadiq şəkildə yetişdirilməsi hər zaman üçün aktual olan məsələlərdən biridir. Təsadüfi deyil ki, dövlət başçımız öz çıxış və müsahibələrində bu məqama xüsusi həssaslıqla toxunur,  Vətənə bağlı gəncliyin yetişdirilməsinin dövlətimizin bu günü və gələcəyi baxımdan həyati önəm kəsb etdiyinə diqqət çəkir. Bu məsələdə ailə ilə yanaşı, təhsil müəssisələri və QHT-lərin də üzərinə böyük məsuliyyət düşür ki, biz bu məsuliyyətdən irəli gələn vəzifələri layiqincə yerinə yetirməliyik”. I Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov, Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti",  Yazıçılar Birliyinin üzvü, yazıçı Varis Yolçuyev “Müasir gənclərin hədəfləri, məqsəd və vəzifələri”, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli “Heydər Əliyev – tərbiyənin mənəvi aspektləri” mövzusunda çıxış ediblər. Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı Əfəndi Axunəli və jurnalist Xəlil Qarəhmədov çıxışlarında Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara toxunub, gənclərin  bugünə qədər olduğu kimi, bundan sonra da milli maraqramızın, dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağını vurğulayıblar. Tədbirin sonunda bir qrup gənc Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fərxi Fərmanla təltif edilib, xatirə şəkli çəkilib.  

Hamısını oxu
“Veteranlar Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib”

Cəlil Xəlilov: “Türkiyədəki qardaş-bacılarımıza yardımların göstərilməsi bundan sonra da diqqət mərkəzimizdə olacaq” “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib”.   Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, yardım aksiyasında Təşkilatın həm mərkəzi aparatı, həm də rayon təşkilatları aktiv iştirak edib:   “Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi, on minləlrə insanın yaralanması, evindən-eşiyindən məhrum olması Azərbaycan xalqının dərin kədərinə və təəssüfinə səbəb olub. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dövləti Türkiyəyə xilasedicilər, tibbi ləvazimatlar, humanitar yardım vasitələri çatdırıb, qardaş ölkəyə ilk dəstək verən dövlət olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyeva da ilk dəqiqələrdən Türkiyədəki zəlzələdə zərərçəkənlərə ciddi dəstək verib, qardaş ölkəyə irimiqyaslı humanitar yardımların göndərilməsini təmin edib. Hansı ki, bu yardımlar hazırda da davam edir.   Zəlzələdən dərhal sonra Azərbaycanda  Türkiyəyə yardım məqsədi ilə geniş aksiya və kampaniyalara start verilib. Bu cür yardım aksiyalardan biri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən həyata keçirilib. Aksiyada Təşkilatımızın mərkəzi aparatı ilə yanaşı, yerlərdəki rayon təşkilatları da aktiv iştirak edib, xüsusi fəallıq sərgiləyiblər.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, o cümlədən yerlərdəki üzvləri tərəfindən toplanan maddi yardım Türkiyə tərəfinə təqdim olunub.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir çox üzvləri maddi yardımla yanaşı, zəlzələdən zərərçəkənlərə  məişət əşyaları,  yataq dəstələri və digər vasitələrlə də köməklik göstəriblər. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bildiririk ki, Türkiyədəki qardaş-bacılarımıza yardımların göstərilməsi bundan sonra da diqqət mərkəzimizdə olacaq.   Zəlzələdə həlak olan qardaş-bacılarımıza Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Azərbaycan xalqı hər bir fərdi  ilə Türkiyənin yanındadır və bundan sonra da yanında olacaq”.     Seymur ƏLİYEV

Hamısını oxu