Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Moderator.az xəbər verir ki, 9 iyun 2026-cı il tarixində məşhur tarzən, qran-pri mükafatçısı Ayaz İmranovun Qarabağ Universitetində solo konserti keçiriləcək. İncəsənət fakültəsinin böyük zalında saat 19:00-da baş tutacaq konsertdə həm muğam, həm də Azərbaycan və xarici bəstəkarların klassik əsərləri ifa olunacaq. 

Məlumat üçün qeyd edək ki, tarzən Ayaz İmranovun 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasında verdiyi konsert Azərbaycan ictimaiyyəti tərəfindən böyk maraqla qarşılanıb, böyük mədəniyyət və incəsənət xadimləri tərəfindən təqdir olunub. Azərbaycan Milli Konservatoriyasının sabiq rektoru Siyavuş Kərimli Ayaz İmranovun konsertini “tar bayramı” kimi xarakterizə edib. (https://moderator.az/az/read/220245/ ).Tarzən Ayaz İmranovun 9 iyun tarixli konsertinin də musiqsevərlər tərəfindən böyük maraq və ictimai müzakirəyə sabəb olacağı gözlənilir.

 Məlumat üçün qeyd edək ki, tarzən Ayaz İmranov Prezident İlham Əliyevin 23 noyabr 2024-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

 Seymur ƏLİYEV

2026-06-08 15:09:00
979 baxış

Digər xəbərlər

Türkan qəsəbəsində veteranlar və gənclər ağacəkmə aksiyasında iştirak edib

Respublika Veteranlar Təşkilatının əməkdaşları Cabir Kazımov və  Nəbi Hacıyev 7 may 2021-ci il tarixində Xəzər rayonu Türkan qəsəbəsində  ağacəkmə aksiyasında iştirak edib. Tədbirdə Xəzər rayonunun Veteranlar Təşkilatının sədri Məcnunov Səxavət ,”Ölməz alay”ın veteranları, Türkan qəsəbəsinin icra nümayəndəsi və gənclər iştirak etdilər.    “Xatirə bağı”nda keçirilən aksiyada Böyük Vətən Müharibəsində və 44 günlük Vətən Müharibəsində həlak olanların xatirəsinə ağaclar əkilib, yeni yaşıllıq zolağı salınıb.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşüb

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilovun görüşü keçirilib. Görüşdə çıxış edən II Dünya müharibəsi veteranı Fatma Səttarova 44 günlük Vətən müharibəsini Azərbaycan şanlı tarixinin ən parlaq səhifəsi adlandırdı. F.Səttarova: “Müqəddəs Vətən müharibəsi dövlətimiz və xalqımız üçün olduqca əhəmiyyətli idi. Biz torpaqlarımızı qaytardıq, faşizmi məğlub etdik. Bu müharibə xalqımızın vətənpərvərlik, birlik və rəşadətinin bir daha sübütu oldu. Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşməni cəbhədə, diplomatiyada və eləcə də, dünya mediasında məğlub etdik. Bu gün fəxlə deyə bilərik ki, biz qəhrəman, qalib millətik. Təəssüf ki, müharibə şəhidsiz, xəsarətsiz olmur. Sizlər Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər əllərindən gələni edirlər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız. Hər bir azərbayanlı sizlərə borcludur. Bu qələbəni ölümləri ilə ölümsüzlük qazanan şəhidlərimiz və siz qəhrəman qazilər bizlərə bəxş etmisiniz. Respublika Vetreranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov çıxış edib, şəhid ailələrinə, qazilərimizə ölkəmizdə xüsusi diqqət göstərildiyini və bu sahədə dövlət tərəfindən bütün lazımi işlərin görüldüyünü bildirib. O, respublikamızın şəhid ailələri, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının dünya miqyasında nümunə sayıldığını vurğulayıb. C.Xəlilov “Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasət respublikamızın daha da güclənməsinə təkan verəcəkdir. Yaralı hərbiçilərimizin sağlamlığına qovuşması üçün bütün zəruri tədbirlər görülür, hospitallar, reabilitasiya və sosial xidmət müəssisələrində bunun üçün hər cür şərait yaradılıb. Respublikamızda həyata keçirilən və günü-gündən təkmilləşdirilən sosial layihələr hər bir Azərbaycan vətəntaşını, xüsusən şəhid ailələrini, qaziləri və müharibə iştirakçını əhatə edir. Hər biriminizə Allahdan can sağlığı arzulayıram. İnanıram ki, təcrübəli həkimlərimizin rəhbərliyi ilə hospitalın tibbi personalı sizin sağlamlığınızı tezliklə bərpa edəcək. İşğaldan azad edimiş torpaqlarımızda yeni, müasir tələblərə cavab verən, şəhər, qəsəbə və kəndlərin inşa edilməsində, Respublakamızın çiçəklənməsində Sizlər fədakarlıqla bundan sonar da əzmlə çalışacaqsınız.  Sizlər - rəşadətli və qorxmaz əsgər və zabitlərimiz hər zaman Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqsınız”. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıldı və xatirə şəkli çəkdirildi. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Prezident İlham Əliyevin BMT-dəki çıxışı bəşəriyyət üçün sülh, ədalət və tərəqqi formuludur”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı beynəlxalq ictimaiyyəti sülhə, ədalətə və tərəqqiyə səslədi, qlobal təhlükəsizliklə bağlı mühüm mesajlar verdi”. Bunu saytımıza açıqlmasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı daha təhlükəsiz dünya üçün atılması gərəkən addımlara diqqət çəkib: “Prezident İlham Əliyevin BMT kürsüsündəki çıxışı, bu çıxışda yer alan fikirlər bütün dünyanın bugünü və gələcəyi baxımından böyük əhəmiyyətə malikdir. Dövlət başçısı faktiki olaraq bu çıxışı ilə daha təhlükəsiz, daha ədalətli dünyanı necə, hansı şəkildə inşa etməyin formulunu təqdim etdi. Prezident bildirdi ki, belə bir dünya yaratmaq üçün öncə ikili standartlardan imtina edilməli, ədalətin selektiv şəkildə tətbiqindən imtina olunmalıdır. Çünki bu cür yanaşma insanların ədalətə olan inamına zərbə vurur, onlarda məyusluq doğurur. Qeyd edək ki, Azərbaycan uzun müddət Ermənistanın işğalı ilə yanaşı, həm də ikili standartlardan, ədalətsizlikdən əziyyət çəkib. 30 ilə yaxın müddətdə qlobal güclər, dünyanın aparıcı ölkələri Azərbaycanın haqq işini əməli şəkildə dəstəkləməyib, təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymayıblar. Məhz bu baxımdan Azərbaycan ikili standartlara şahid olan, ədalətsizliklə üzləşən dövlət kimi ədalətli yanaşmanın nə qədər vacib olduğunu, bu məsələdə selektiv yanaşmaların haqsızlığa məruz qalan xalqlar tərəfindən necə böyük məyusluq və qəzəb doğurduğunu bilir. Buna görə də cənab Prezident daha gözəl, daha ədalətli dünya üçün ikili standartlardan imtinanın həuyati əhəmiyyət kəsb etdiyini bir kəs daha diqqətə çatdırdı”. Polkovnik qeyd etdi ki, dövlət başçısının diqqət çəkdiyi amillərdən biri də sülh faktoru olub: “Prezidentimiz bəşəriyyətin firarvanlığı və tərəqqisi baxımından sülh amilinin son dərəcə həyati önəm kəsb etdiyini vurğuladı. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, sülh yalnız sözdə deyil, həm də əməldə olmalıdır. Çünki yalnız bu halda həqiqi sülhü təmin etmək, onun praktiki nəticələrindən faydalanmaq mümkündür. Hansı ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regional sülh uğrunda ardıcıl səylər, böyük fədakarlıqlar sərgilədi. Bütün bu səylər 2025-ci ilin 8 avqust tarixində ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh mətninin paraqraflanması ilə nəticələndi. Qeyd edək ki, Prezident İlham Əliyev sülhə verdiyi dəstəyə görə ABŞ prezidenti Donald Trampa bir daha təşəkkür etdi, onun əməyini yüksək qiymətləndirdiyini vurğuladı. Bir sözlə, Prezident İlham Əliyev BMT-dəki çıxışı ilə bəşəriyyətin inkişafına yön verdi, dünya dövlətlərinə bir növ gələcək fəaliyyətlə bağlı dəqiq, aydın yol xəritəsi təqdim etdi.  Dövlət başçısı öz dəmir məntiqi ilə sübut etdi ki, planetimizin sabahı dünya dövlətlərinin bir-birləri ilə sülh şəraitində yaşamasından, səmimi əməkdaşlığından asılıdır və Azərbaycan bundan sonra da bu cür səyləri əməli şəkildə dəstəkləməyə, bəşəriyyətin rifahına töhfə verməyə hazırdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
İkinci Dünya Müharibəsinin Sonu: Qələbənin və Dağıntının Hekayəsi

Səssiz gecələri qıran top səsləri, yanğınların qızılı işığında əks olunan dağıdılmış şəhərlər, palçığa bulaşmış əsgər çəkmələri, sönmək bilməyən bir ümid... 1944-cü ilin qışında müharibənin nəfəsi artıq daha sərt, daha yaxın hiss olunurdu. Bəşəriyyətin yaddaşına qara hərflərlə yazılmış İkinci Dünya Müharibəsi öz son, lakin ən qanlı mərhələsinə qədəm qoyurdu. Artıq alman işğalı altında inləyən sovet torpaqları bir-birinin ardınca azad edilir, SSRİ-nin sərhədləri bərpa olunurdu. Müharibənin alovu Avropanın dərinliklərinə qədər yayılır, tanklar şəhər küçələrini keçib keçmişi dəyişmək üçün irəliləyirdi. Bu, insanlığın faşizm zülmündən xilasına yönəlmiş ümumbəşəri bir savaş idi. Müttəfiqlər artıq təkcə cəbhələrdə deyil, siyasi masalar arxasında da gələcəyin konturlarını çəkirdilər. Alman faşizminin və Yaponiya militarizminin çöküşü yaxın idi. Amma bu çöküş minlərlə əsgərin canı, milyonlarla insanın göz yaşı bahasına başa gələcəkdi. Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar  1945-ci il sentyabr) Alman faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna,  avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrında SSRİ-nin keçmiş sərhədləri bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı. Sözügedən strateji hərbi əməliyyatlar sırasında 1944-cü ilin iyun-iyul aylarında Vitebsk-Bobruysk-Minsk rayonunda keçirilən döyüşlər çox ibrətamiz idi. Bu döyüşdə almanların 17 diviziyası və 3 briqadası tamamilə məhv edilmiş, 50 diviziyası isə öz heyətinin yarısını itirmişdi. Ümumilikdə hitlerçilər bu döyüşdə yarım milyon adam itirmişdilər. Əsir alınan 60 minə yaxın alman əsgər və zabiti gətirilərək Moskvanın Qırmızı meydanından bayraqlarını ataraq keçirilmişdilər. Bu, Hitlerin hələ 1941-ci ilin 7 noyabrında Qırmızı meydanda faşist ordularının rəsmi keçidini təşkil etmək arzusuna cavab olaraq edilmişdi. Əlverişli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əsgəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi. Beləliklə, Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. İndi Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. Antihitler koalisiyası birlikdə ümumi düşmənə qarşı vuruşmağa başladı. 1944-cü ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. Ölkənin azad edilməsində general de Qollun başçılıq etdiyi "Döyüşən Fransanın" hərbi hissələri də fəal iştirak etmişdilər. Sovet ordularının uğurlu hücumları və ikinci cəbhənin açılması "reyx"in sosial-iqtisadi, siyasi və hərbi vəziyyətini daha da ağırlaşdırdı. Uğursuz olsa da, Fürerə qarşı sui-qəsdlər başladı. Onlardan biri 1944-cü il iyulun 20-də polkovnik Klaus fon Ştaufenberq tərəfindən edilmişdi. 1944-cü ildə Hitler üç müttəfiqindən - Rumıniyadan, Bolqarıstandan, Finlandiyadan, 1945-ci ildə isə Macarıstandan məhrum oldu. Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində milli-azadlıq hərəkatı geniş miqyas aldı. Sovet ordularının sözügedən ölkələrə daxil olması milli-azadlıq və antifaşist hərəkatlara və sovetmeylli qüvvələrin fəallaşmasına yeni vüsət verdi. Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım (Yalta) konfransı (1945-ci il fevralın 4-11-də) toplandı. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Almaniyanın gələcəyi barədə də yekdil qərarlar qəbul olundu. Tərəflər faşizmdən azad olmuş ölkələrdə demokratik prinsiplərə uyğun razılaşdırılmış siyasət yeritməyi özündə əks etdirən Azad Avropa barədə xüsusi Bəyannamə imzaladılar. Konfransda Almaniyanın təslim olmasından 2-3 ay sonra SSRİ-nin Yaponiyaya qarşı müharibəyə girməsi barədə də məxfi saziş imzalandı. Yalta konfransının qərarları Almaniya və Yaponiya üzərində qələbənin tezləşdirilməsində, müharibədən sonra dünyanın yenidən qurulmasında çox mühüm əsas oldu. Üç dövlətin razılığı əsasında 1945-ci il aprelin 25-də Dumbarton-Oks konfransı (1944-cü il 21 avqust  28 sentyabr) qərarlarına müvafiq olaraq San-Fransiskoda  Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi hazırlandı. Nizamnamədə dövlətlərarası münasibətlərin əsas prinsipləri müəyyən olunmuşdu: xalqların suveren bərabərliyi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etməsi, zor işlətməkdən imtina olunması, dövlətlərin daxili işlərinə qarışmamaq, sülhün və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi,  beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi. Ümumi sülhün qorunması və saxlanılmasına xidmət edən Təhlükəsizlik Şurası yaradıldı. SSRİ, ABŞ, İngiltərə, Fransa və Çin onun daimi üzvləri təsdiq olundu. Beləliklə, 1939-cu il sentyabrın 1-də başlayan İkinci Dünya Müharibəsi altı il sonra 1945-ci il sentyabrın 2-də sona çatdı. Dünyanı cənginə alan bu qanlı fırtına milyonlarla insanın həyatına son qoydu, saysız-hesabsız şəhərləri, kəndləri viran qoydu. Lakin bu dəhşətli faciənin içində ümidini itirməyən xalqlar da vardı ki, onlardan biri də Azərbaycan xalqı idi. Bu müharibə yalnız böyük dövlətlərin və generalların savaşı deyildi. Bu, həm də sadə insanların, doğmalarını cəbhəyə yola salan anaların, səhra hospitallarında yaralı əsgərlərə yardım edən tibb bacılarının, hərbi zavodlarda gecə-gündüz çalışan fəhlələrin, torpağa alın təri tökən kəndlilərin döyüşü idi. Azərbaycan xalqı isə bu mübarizənin hər cəbhəsində vardı. 600 mindən çox azərbaycanlı övladı müharibəyə yollandı. Onların çoxu doğma yurda geri dönməmiş, torpağın azadlığı, bəşəriyyətin sabahı uğrunda can vermişdilər. İgid oğullarımız Leninqraddan tutmuş Berlinə qədər hər bir döyüş meydanında rəşadət göstərdilər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən general Həzi Aslanov, partizan hərəkatının siması olmuş Mehdi Hüseynzadə kimi yüzlərlə ad tariximizin şanlı səhifəsinə çevrildi. Arxa cəbhədə isə Azərbaycan nefti savaşın taleyini həll edən əsas silahlardan biri oldu. Bakı neftçiləri, metallurqları, kənd adamları yorulmadan çalışır, cəbhəyə sursat, yanacaq, ərzaq göndərirdi. Qadınlar kişilərin yerini tutdu, zavod və fabriklərdə, tarlalarda, xəstəxanalarda gecəni gündüzə qataraq vətənə xidmət etdilər. Azərbaycan xalqı bu müharibədə həm silahla, həm də zəhmətlə döyüşdü. Onun qəhrəmanlığı təkcə keçmişin deyil, həm də gələcəyin yaddaşına həkk olundu. O günlər göstərdi ki, torpaq uğrunda ölən varsa Vətəndir. Cəlil Xəlilov:  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu