Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə etdi. İclasın ikitərəfli və çoxtərəfli əməkdaşlığımızla bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında etimada əsaslanan çox sıx qardaşlıq münasibətlərinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu təmasların təhlükəsizliyin və regional sabitliyin təmin olunmasındakı rolunu vurğuladı. Azərbaycanın regional əməkdaşlıq proseslərində fəal iştirak etdiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsi üçün səylərin bundan sonra da davam etdiriləcəyini bildirdi. Dövlətimizin başçısı iclasda müzakirə edilən məsələlərin ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Görüşdə çıxış edən qonaqlar Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirdilər və bu tədbirin ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin və sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyini vurğuladılar.

2019-09-06 00:00:00
3576 baxış

Digər xəbərlər

"Beynəlmiləlçi Döyüşçülər» Cəlil Xəlilovu təbrik edib

Biz də bir müharibə veteranları təşkilat olaraq Azərbaycan Respublikası «Beynəlmiləlçi Döyüşçülər» Fondunun Himayəçilik Şurasının adından və şəxsən öz adımdan, Azərbaycan dövlətinə, xalqna ömrünü həsr edərək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda fədakarcasına müstəsna xidmətləri olmuş, şəhid aillərinin, müharibə əlillərinin, veteranlarının dostiu, Azərbaycan Silahlı Qüvələrinin, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru dəyərli vətənpərvər polkovnik dostumuz CƏLİL MALİK OĞLU XƏLİLOVU Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilməyi münasibəti ilə səmimi qəlbdən təbrik edərək, hörmətli alim polkovnikə həyatda möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində Respublika veteranlarının sosial rifahlarının yaxşılaşdırılması sahəsində uğurlar arzu edirik.Sərraf OrucovAzərbaycan Respublikası «Beynəlmiləlçi Döyüşçülər» Fondunun Prezidenti, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı

Hamısını oxu
“8 Noyabr zəfəri İlham Əliyevin ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir”

 “Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bütün dünyaya örnək olan müasir ordu formalaşdırıb”   Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyidir. Xalqımızın həyatının bütün sahələrində silinməz izlər qoyan, müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyümüzü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Bu baxımdan İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir.   Ulu öndərin izi ilə: Adidən mükəmməlliyə gedən yol...   Məlumdur ki, Azərbaycanda nizami ordu quruculuğu prosesi ilə bağlı ilk addımlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev qanunsuz silahlı dəstələri, pərakəndə silahlı qrupları ləğv etdi və beləliklə də, nizami ordunun formalaşdırılması istiqamətində ilkin addımlar atıldı. Tezliklə ölkədə vahid komandanlığa tabe olan ordu formalaşdırıldı. Ordunun peşəkar kadrlarla təmin edilməsi, texniki təchizatının yaxşılaşdırılması və s. istiqamətində ciddi qərarlar qəbul edildi. Ulu öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyəti dönəmində nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu.  Müasir ordu quruculuğu istiqamətində İlham Əliyevin atdığı çoxsaylı addımlar, həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan ordusunu adi, sıradan bir ordudan dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı.   İlham Əliyev hərbçilərin sosial müdafiəsini niyə və necə gücləndirib?   İlham Əliyevin ordu quruculuğu prosesi əsnasında həyata keçirdiyi mühüm addımlardan biri hərbçilərin sosial rifahının yüksəldilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əmək haqlarının mütəmadi şəkildə artırılması ilə bağlı olub. Silahlı Qüvvələrin Ali Baş Komandanı hər zaman haqlı olaraq belə hesab edib ki, vətəni qoruyan, onun təhlükəsizliyini təmin edən, düşmən hücumları, düşmən təxribatlarına özünü sipər edən şəxslərin sosial rifahı, yaşam səviyyəsi yüksək olmalı, onlar maddi çətinlik, mənzil problemi və s. kimi hallarla üzləşməməlidir. Bu məqsədlə mütəmadi surətdə hərbçilərin sosial təminatının gücləndirilməsi ilə bağlı fərman və göstərişlər verən ölkə başçısının bununla bağlı son fərmanı 15 noyabr 2021-ci il tarixində olub. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanla hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı komissiyanın katibliyi müəyyənləşib. Bundan daha öncə, 2021-ci ilin iyun ayında Prezident İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" sərəncam imzalayıb. 2021-ci ilin 1 iyul tarixindən qüvvəyə minən bu sərəncama əsasən işğaldan azad edilən ərazilədə xidmət edən hərbçilərin maaşları artırılıb.   Şəhid ailələrinə, o cümlədən sağlamlığını itirən hərbçilərə dövlət qayğısının artırılması, onların mənzil probleminin köklü şəkildə həll edilməsi istiqamətində də ciddi addımlar atılıb. 2017-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin ediliblər. Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Vətən müharibəsində həlak olan bütün şəhidlərin ailələrinin evlə təmin edilməsi ilə bağlı ölkə başçısının məlum göstərişi də, YAŞAT Fondunun yaradılması da Ali Baş Komandanın öz zabitinə, öz əsgərinə, onların ailələ üzvlərinə olan doğma münasibətinin göstəricisidir.   Ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandıran sərkərdə!   İlham Əliyevin hərbi quruculuq siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandırması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və s. kimi dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən İlham Əliyev, bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısndakı üstünlüyünü bir qədər də artırmış, onu sözün həqiqi məansıdna məğlubedilməz etmişdi. Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyayt və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynamış, nəticədə işğalçı orduya məxsus, dəyəri milyonlarla dollarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilmişdi.   Xarici dövltətlərdən Azərbaycan ordusunun ehtiyacına uyğun olaraq alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edilmiş, məhz bunun sayəsində yaşayış məntəqələrimizi və əsgərlərimizi hədəf alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı “İsgəndər-M” raketlərinin bir çoxu havadaca vurulmuşdur. Nəticədə, sadəcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edilmişdir.   Bunu da qeyd edim ki, ölkə başçısı öz çıxışlarında qabaqcıl dövlətlərdən müasir hərbi texnikaların alınması siaysətinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bəyan edib ki, bu da Azərbaycan ordusunun post-müharibə dönəmindən sonra da hərbi-texniki təchizat baxımından öz liderliyini qoruyub saxlayacağı deməkdir.   Yeni hərbi akademiyalar, xarici dövlətlərdə təkmilləşdirmə kursları və “peşəkarlar məktəbi”   İlham Əliyevin ordu quruculuğunda mühüm yer tutan məqamlardan biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Xatırladaq ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində - 19 aprel 1971-ci il tarixində Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi lideyin yaradılmasına nail olmuş, bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırmışdı. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam etmişdir. Ulu öndərin məlum siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılmasına nail olmuşdur. Buna nümunə olaraq Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradımasını göstərmək olar. Hansı ki, 44 günlük Vətən müharibəsində bütün qoşun növləri kimi Sərhəd Qoşunları da torpaqlarımızın erməni işğalından azad edilməsində yaxıdnan iştirak etmiş və böyük qəhrəmanlıqlar göstərmişdir.   Bundan başqa, məhz İlham Əliyevin səyi nəticəsində yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr qardaş Türkiyə başda olmaqla dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilmiş, bununla da öz peşəkarlıqlarını daha da yüksəltmiş, dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olmuşdular. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng  peşəkarlar məktəbinə çevrilmiş, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlmişdi.   Ordusunu vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran komandan!   Müasir ordu quruculuğu prosesində İlham Əliyevin həyata keçridiyi hər bir islahat, tətbiq etdiyi hər bir yenilik son dərəcə səmərəli olmuş və bu yeniliklər kompleks yanaşma siyasətinin tərkib elementi kimi çıxış etmişdir.   İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımlar sırasında ordu daxilində mənəvi baxımdan sağlam ab-havanın yaradılıması, yüksək mübarizə əzminin və əhval-ruhiyyəsinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Təsadüfi deyil ki, İlham Əliyev sadəcə bütün dünyaya nümunə olacaq müasir ordunun qurucusu olmaqla yanaşı, həm də hərbçilərini vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran komandan kimi tanınmaqdadır. İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində bütün aydınlığı ilə büruzə verdi. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq – düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir.   Məlumat üçün qeyd edim ki, Vətən müharibəsinin başa çatmasından bir il ötsə də, bu gün Azərbaycan ordusunun Şuşa uğrundakı döyüşlərdə sıldırım qayaları dırmaşaraq düşməni yalın əl, bıçaq və yüngül atıcı silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və s. dövlətləri tərəfindən araşdırılmaqda, ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar şanlı Azərbaycan ordusunun, bu ordunun Ali Baş Komandanı olan İlham Əliyevin gücündən, böyüklüyündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir.   Yuxarıda qeyd etdiyimiz kimi, dekabrın 24-ü Prezident İlham Əliyevin, müzəffər Ali Baş Komandanın  60 illik yubileyidir. Bizim üçün xüsusilə sevindiricidir ki, Azərbaycan xalqı öz liderinin 60 illik yubileyini ərazi bütövlüyünü təmin etmiş halda – qalib xalq kimi qeyd edir. Hər bir azərbaycanlı əmindir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi altında bundan sonra da bir-birindən böyük, bir-birindən önəmli uğurlara nail olacaq, insanlarımızın sosial rifahı daha da yaxşılaşacaq və vətənimiz günü-gündən daha da çiçəklənəcəkdir. Heç şübhəsiz ki, bu mühüm işdə hər birimiz Ali Baş Komandanın yanında olmalı, ona dəstək verməli və onun ətrafında dəmir yumruq kimi birləşməliyik. Çünki həm dövlət, həm də xalq olaraq gələcəyimiz bu birlik və həmrəylikdən asılıdır.   Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik  

Hamısını oxu
“Sərhədçilərimizin Vətən müharibəsindəki qəhrəmanlığı ilə bağlı filmlər çəkilməli, əsərlər yazılmalıdır”

Nurəddin Mehdixanlı: “Onlar bütün dünyada heyrətlə qarşılanan böyük qəhrəmanlıq nümunələri göstəriblər” “Sərhədçilərimizin Vətən müharibəsindəki qəhrəmanlığı ilə bağlı filmlər çəkilməli, əsərlər yazılmalıdır”. Bunu Veteran.gov.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, 44 günlük Vətən müharibəsində Dövlət Sərhəd Xidməti (DSX) əsl fədakarlıq sərgiləyib, düşmənə qarşı mübarizədə çoxsaylı qəhrəmanlıqlar göstərib: “2020-ci ilin 44 günlük Vətən müharibəsi milli tariximizin, hərb tariximizin ən şanlı səhifəsi, qəhrəmanlıq salnaməsidir. Bu müharibədə Azərbaycan xalqı öz lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək düşmənə sarsıdıcı zərbə endirdi, uzun müddətdir ki, işğal altıdna qalan torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələri bütün dünyaya əsl peşəkarlıq və qəhrəmanlıq nümunəsi göstərdi. 44 günlük Vətən müharibəsində sərhədçilərimiz də əzmlə döyüşərək Vətən torpağının erməni faşizmindən azad edilməsinə böyük töhfələr verdi. Sərhədçilərimiz bu müharibədə müasir hərbi texnilogiyanın ən son yeniliklərini uğurla tətbiq etdi. Dronlarla düşmənin  hərbi tenxikasına, hava hücumundan müdafiə sistemlərinə, eyni zamanda canlı qüvvəsinə dağıdıcı zərbələr endirildi. Sərhədçilərimiz Arazboyu ərazilərimizdə sürətli hücum əməliyyatları həyata keçirməklə düşməni çaş-baş qoydu və erməni faşizmini özünə gəlməyə imkan vermədən darmadağın etdi. Sərhədçilərimiz Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsinə də böyük töhfələr verdi. Onlar bütün dünyada heyrətlə qarşılanan böyük qəhrəmanlıq nümunələri göstərdilər. Bu baxımdan, hesab edirəm ki, sərhədçilərimizin qəhrəmanlığı təbliğ edilməli, gələcək nəsillərin bu barədə dolğun şəkildə məlumatlanması, öz tarixinə, milli-mənəvi dəyərlər sisteminə bağlı şəkildə yetişməsi təmin edilməlidir. Bunun üçün isə bütün təbliğati vasitələrdən, o cümlədən, mədəniyyət və incəsənətin imkanlarından istifadə edilməlidir”. Seymur ƏLİYEV      

Hamısını oxu
Polad Həşimovla Şuşada görüş, evimizi nişan verən polis zabiti, paralel dünyaya keçid...

I hissə burada: http://veteran.gov.az/news/1521-%C5%9Eu%C5%9Fa-Seymur%20%C6%8Fliyev    ...Çox keçmir ki, 10 maşından ibarət avtomobil karvanı təbiətin şah əsərlərindən biri olan Cıdır düzündə  cəmləşir. Mən daxili həyəcanımı zahiri soyuqqanlığımın arxasında gizlətməyə çalışaraq Cıdır düzünə - onun sehirli torpağına qədəm qoyuram. Və bu ilk addım uzaq uşaqlıq xatirələrimin dərinliyində gizlənən səhifələri möcüzəvi şəkildə yenidən işıqlandırır.  Cıdır düzü ilə görüşdə yadıma ilk düşən atam və ilk müəllimim Tərlan müəllimə - onlarla bu məkana etdiyim səfərlər olur.   Kəklikotu qoxulu torpaq, 30 il “yol gələn” doğma səs, qəlbimin üfüqlərində qərarlaşan işıqlı təbəssüm...   Cıdır düzü yaddaşımda hər zaman kəklikotu qoxulu torpaq kimi qalmışdı. Uşaq vaxtı atam və bacılarımla birlikdə Cıdır düzünə tez-tez gələr, buradan Topxana meşəsinə, Daşaltı çayına maraqla baxar, qayaların əzəmətini, ətrafımızdakı yaşıllığın nəhayətsizliyini heyrətlə seyr edərdik. Tez-tez gəlməyimimizə baxmayaraq, hər növbəti səfər bizdə eyni həyəcan və sevinci oyadır, bizi eyni dərəcədə məmnun edirdi. Atam uçurumun kənarına həddindən artıq yaxınlaşdığımız zaman bizə səslənər, yıxıla biləcəyimizdən ehtiyat edərək geri çəkilməyimizi istərdi.  Cıdır düzünə orta məktəbdən də də tez-tez səfər edərdik. Oxuduğum 1 nömrəli internat məktəbinin ibtidai sinif müəlliməsi-bütün uşaqların sevimlisi Tərlan müəllimənin rəhbərliyi altında bəzi əlamətdar günlərdə Cıdır düzünə gələr, burada süfrə açaraq evdən gətirdiyimiz yeməkləri bir-birimizlə paylaşar, onları dünyanən ən ləziz yeməkləri kimi iştahla yeyərdik. Açıq təbiət qoynuna kollektiv şəkildə edilən bu səfərlər bizi hədsiz sevindirər, belə günlərin yolunu həsrətlə gözləyərdik. Uşaqlar arasında bu günlər üçün özünəməxsus ad da fikirləşmiş, belə günləri “yeyib-içmək günləri” adlandırmışdıq. Bir-birimizə etiraf etməsək də,  hamımız qəlbimizin dərinliyində bilirdik ki, “yeyib-içmək günləri” ilə bağlı bizi sevindirən sadəcə təbiətə edilən birgə səfər, onun özü ilə birgə gətirdiyi sevinc deyildi. Bu sevincin içində həm də başqa bir sevinc - həmin günün dərs yükündən azad olmağın məmnunluğu, rahatlığı da gizlənirdi. Odur ki, Tərlan müəllimə sabah Cıdır düzünə gedəcəyimizi elan edəndə ikimizdə “ikiqat sevinc” baş qaldırır, bu barədə həmin gün dərsə gəlməyən yoldaşlarımıza telefonla böyük müjdə xəbər verirmiş kimi həyəcanla xəbər verərdik. Biz Cıdır düzündə süfrə salaraq evdən gətirdiyiiz yeməkləri yediyimiz zaman Tərlan müəllimə bizi ana nəvazişinin əks olunduğu işıqlı təbəssümlə seyr edir, nadinclik etməyək, xəsarət almayaq deyə bir an belə olsun bizi nəzarətsiz qoymurdu.  Ona görə də Cıdır düzünə ayaq basanda yadıma düşən ilk şey 30 il içimdə yol gələn atamın doğma səsi və Tərlan müəllmənin işıqlı təbəssümü oldu. Heç zaman ölməyən, hər zaman içimdə öz saflığını və cazibəsini qoruyub saxlayan ata səsi və müəllim təbəssümü...   Cadar-cadar olmuş torpaq, küskün qayalar, bağışlanmaq arzusu...   Cıdır düzünün müqəddəs torpağında dolaşarkən diqqətimi ilk cəlb edən şey ayağım altındakı torpağın cadar-cadar olması oldu. Hər zaman yamyaşıl ot örtüyünə bürünən, qayaları belə canlı təsir bağışlayan Cıdır düzünün bu görünüşü içimdə qəribə, anlaşılmaz hislər doğurdu. Bu torpağın susuzluqdan əziyət çəkən insan dodaqları kimi param-parça olmasına nə səbəb olmuşdu? Olmaya bu çatlar Şuşaya atılan “İsgəndər-M” raketlərinin, bir-birindən qorxunc mərmilərin topağın bağrında yaratdığı çat idi? Yoxsa bu çat doğma Şuşa insanının yolunu illərlə gözləməkdən, onların həsrətini çəkməkdən yaranmışdı? Bilmirəm. Amma həmin gün Cıdır düzünün sadəcə torpağı deyil, məğrurluğundan heç nə itirməyən qayaları da sanki küskün kimi görünmüşdü mənə. Dar məqamda umduğu yerdən kömək görməyən insan kimi incik idilər sanki...  ...Və bu yerdə içimdən günahkarlara məxsus bağışlanmaq arzusu baş qaldırdı. Cıdır düzünün hər qarış torpağı, daşı, qayası, otu, gülü, çiçəyi qarşısında diz çökmək, bu torpağın üzərində ilan kimi sürünmək, 28 il gecikdiyimizə, 28 il onu düşmənlər içində tək qoyduğumuza görə üzr istəmək arzusu keçdi içimdən...  Cıdır düzü, onun daşı-torpağı bu arzumu hiss etdimi? Deyə bilmirəm. Amma inanıram ki, bu gün olmasa da, bir gün Cıdır düzü də bizi anlayacaq, gecikdiyimizə görə bağışlayacaq bizi... Bəlkə o zaman Cıdır düzünün cadar-cadar olmuş torpağı da bütövləşəcək, qayaları da bizə sevgi və məhəbbətlə boylanacaq...   Yolunu unutduğum evimizin axtarışında...   Cıdır düzündən sonra avtomobil karvanı bizi Molla Pənah Vaqifin məqbərəsinə gətirir. Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir edilən məqbərə öz füsunkar görünüşü ilə göz oxşayır. Məqbərənin səmanın köksünə sancılan hündür divarları sanki böyük şairin söz səltənətinin ucalığından, nəhayətsizliindən xəbər verir. Molla Pənah Vaqifin məqbərəsinin yüzlərlər qızılgüllərlə bəzədilən həyəti də qızıl çəmənliyə bənzəyir. İnsan burada sadəcə qızılgüllərin deyil, həm də böyük Vaqifin ölümsüz şeirlərinin ətrini, rayihəsini hiss edir.  Daha sonra biz Şuşa şəhərinin mərkəzi meydanına yol düşürük. Burada bizi Yuxarı Gövhər ağa məscidi ilə görüş gözləyir. Lakin mən daha çox tapmalı olduğum ata evimiz haqqında düşünürəm. Evimizin Yuxarı Gövhər ağa məscidinə yaxın olduğunu bilsəm də, doğma evimizə aparan yol uşaq yaddaşımdan silindiyi üçün onu qısa vaxtda tapa bilib-bilməyəcəyim haqqından həyəcan və narahatlıqla düşünürəm. Odur ki, Yuxarı Gövhər ağa məscidi ilə ilk görüşdən dərhal sonra bizi gətirən avtobus sürücüsünə yaxınlaşıb burada nə qədər ləngiyəcəyimizi soruşuram. Sürücü bütün avtomobillərin yanacaq dolduracağını və bu səbəbdən də yalnız yarım saatdan sonra hərəkətə başlayacağımızı bildirir. Bu, o demək idi ki, evimizi tapmaq, onunla görüşmək üçün cəmi yarım saat vaxtım var və hər biri qızıldan qiymətli olan bu dəqiqələri maksimum şəkildə səmərəli qiymətləndirməliyəm. Bu səbəbdən də dərhal yolun o tayında dayanan polis zabitinə yaxınlaşıram. Inanmım böyük olmasa da, düşünürəm ki, bəlkə də məhəlləmizdəki insanları nişan verməklə evimizin yerini öyrənə, bununla bağlı bir ipucu əldə edə bilərəm. Əminəm ki, məhəlləmizə aparan yola düşsəm, o zaman nəinki küçəmizi, evimizin də yerini dəqiq müəyyən edə bilərəm. Məhz bu ümid məni polis zabitinə yaxınlaşdırır və mən elə ilk cümlədən sözün həqiqi mənasında şok oluram.   Sizi də, evinizi də, qonşularınızı da tanıyıram: Dəqiq koordinat və qəti xəbərdarlıq!   Polis zabiti ilə söhbətdən məlum olur ki, o, nəinki bizim evimizin yerləşdiyi məkanı, həm də mərhum atamı, qonşularımızı, onların hər birinin evini tanıyır, onların adını əzbər bilir. Bu xoş və demək olar ki, möcüzəvi tanışlıq məni hədsiz sevindirir və həyəcanlandırır. Polis zabiti Yuxarı Gövhər ağa məscidindən təxminən 200 metr qabaqdakı binanı nişan verərək deyir:  “O binanın tinindən sağa dön, orta yolu tutub irəlilə. Bu yol düz sizin küçəyə, sizin evə aparır. Amma bilmədiyin, tanımadığın heç bir əşyaya əl vurma”.  Zabitə köməyinə görə təşəkkür edib yola düzəlirəm. Hər ehtimala qarşı əlaqə nömrəsini də  telefonumda qeyd edir, çətinə düşəcəyim təqdirdə narahat edəcəyimi bildirirəm. Zabit köməyə hazır olduğunu bildirərək məni təbəssümlə yol salır.  Cəmi bir neçə dəqiqədən sonra mənə nişan verilən binanı keçib sağa dönürəm. Qarşıma üç yol ayrıcı çıxır. Orta yolu tutub eniş boyu irəliləyirəm. Dizə qədər ot-ələf basmış torpaq yolla irəlilədikcə zamanın uşaqlıq xatirələrimin üzərinə çökdürdüyü qaranlıq yenidən aydınlaşmağa başlayır. Sanki hansısa gizli keçid vasitəsi ilə paralel dünyaya – 28 il əvvələ, öz uşaqlıq dünyama keçid edirəm. Yadıma məhəlləmizdəki uşaqlarla bu yolla aşağı-yuxarı qaçdığımız, müxtəlif oyunlar oynadığımız vaxtlar düşür. Sanki həmin uşaqların şən sədalarını, qayğısız gülüşlərini, ayaq səslərini eşidirəm.  ...Yaddaşım dar yolun bir neçə dəqiqədən sonra məni küçəmizin yerləşdiyi genişliyə çıxaracağını söyləyir. Və nəhayət mən həmin genişliyə çıxıram. Amma... Gözlərimə inana bilmirəm. Qarşımda heç bir ev yoxdur. Vaxtiylə bir-birinə bitişik iki-üç mərtəbəli mülklərin yerləşdiyi küçə başdan-başa yabanı bitki və ağaclarla örtülüb. Yalnız ayrı-ayrı yerlərdə ağac və kolların arasında qaralan bəzi divarlar nə vaxtsa burada evlərin olduğundan, qaynar həyatın varlığından xəbər verir.  Evimizin yerini müəyən etmək üçün öncə küçəmizdəki məscidi tapmağa çalışıram. Evimiz həmin məscidlə üzbəüz yerləşdiyi üçün düşünürəm ki, məscidi tapmaq evimizin dəqiq yerini müəyyən etməkdə mənə kömək edə bilər. Tezliklə həsrət dolu baxışlarım sağ tərəfdəki məscidin erməni vəhşiliyindən nəsibini alan, yalnız quru divarları qalan xarabalığına dikilir. Mənə elə gəlir ki, erməni faşistlərinin qapı-pəncərəsindən tutmuş damına, döşəməsinə qədər söküb taladığı, viran qoyduğu məscid yaşadığı dəhşətləri, gördüyü vəhşilikləri quru divarları qalmış ürəkdağlayan görünüşü ilə car çəkməyə, bütün insanlığın diqqətinə çatdırmağa çalışır. Sanki quru divarları qalmış məscidin hər bir daşı hayrıraraq insan cildli iblislərin hücumuna məruz qaldığını, onların nifrət və kininə hədəf olduğunu  söyləyir, öz yaralı, param-parça vücudundan geridə qalan hissələri ilə hələ də sağ qaldığını, təslim olmadığını anlatmağa cəhd edir. Və eynən əzaları qoparılan insan kimi başsız- ayaqsız, qolsuz-qanaqdsız buraxılan, şeytani bir şəkildə təhqir edilən məsciddə baxdıqca anlayırsan ki, erməni xisləti ilə insan anlayışı arasında qismən də olsa ümumi nə isə tapmaq mümkün deyil. Eyni zamanda, əmin olursan ki, ermənilərlə müqayisədə antik dövrün insanları – mağara adamları belə kifayət qədər mədəni və humanist olublar. Ən azından ermənilərdən fərqli olaraq, onlar üçün müqəddəs, toxunulmaz nələrsə olub və onlar bu “nələrsə”yə ehtiram göstərməklə yeni dəyərlər, anlayışlar əldə ediblər.   ...Bir neçə dəqiqədən sonra məscidə dikilən ağrılı nəzərlərimi evimizi tapmaq ümidi ilə əks tərəfə yönəldirəm. Qarşımda yenə də sıx ağaclıq və kolluqlardan ibarət “yaşıl səhra” dayanır.  Mən nə qədər çalışsam da məhəlləmizin artıq mövcud olmadığı fikri ilə razılaşa bilmirəm və birdən mənə elə gəlir ki, bura bizim küçə deyil. Evimizlə, uşaqlı xatirələrimlə görüşmək istəyi mənə yolu davam etdirərək eniş boyu irəliləməyə səsləyir və mən bu səsin çağırışını qəbul edirəm...    Polad Həşimovla qəfil qarşılaşma, yaxud ölümsüz sevgi!    Aşağıya doğru uzanan yolu tutub irəliləyirəm. Bir qədər gedəndən sonra ensiz yol məni əvvəlkindən daha böyük genişliyə çıxarır. Bu kəs sağ tərəfimdə viran edilən uçulub-dağılmış məscid, sol tərəfimdən isə erməni faşisminin kor qoyduğu bulaq var. Lakin əvvəlki küçədən fərqli olaraq, burada işğaldan sonra Azərbaycan dövlətinin apardığı ilkin abadlıq işləri daha çox diqqəti cəlb edir. Yol kənarında bir neçə iri zibil qutusu qoyulub ki, bu da səsiszliyə qərq olan küçədə həyatın mövcudluğundan xəbər verir. Divar və səkilərdə Şuşanı azad edən qəhrəman döyüşçülərimizin qələbə əhval-ruhiyəli söz və cümlələri, sevinc nidaları, mesaj və çağırışları yer alır. Və birdən gözlərim yol kənarında ucaldılan lövhəyə - bu lövhə üzərində yazılan yazıya dikilir. Əllə yazılan, sadəcə bir və ya bir neçə döyüşçünün deyil, ümumilikdə xalqın arzusunu ifadə edən sözlər dünyanın ən sehirli kəlməsi kimi məni ovsunlayır: “Bu küçəyə Polad Həşimovun adı verilsin!”  Bu sözlərlə elə anda, elə psixoloji vəziyyətdə qarşılaşıram ki, özümü sanki Polad Həşimovla üzləşmişəm kimi çaşqın və qürurlu hiss edirəm. 2020-ci ilin 14 iyul tarixində Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Polad Həşimovun – onun ölümsüz xatirəsinin, ona olan sevgi və ehtiramın bir il sonra Şuşada anidən qarşıma çıxması qəlbimi sözün həqiqi mənasında təlatümə gətirir. Polad Həşimovla bağlı bir cümləlik istək mənə 44 günlük Vətən müharibəsində ordumuzun psixoloji əhval—ruhiyyəsi, mübarizə ruhu, döyüş əzmi haqqında cild-cild kitablardan daha çox söz deyir. Bu fakt sübut edir ki, 2020-ci ilin soyuq noyabr günlərində  Şuşa uğrunda ölüm-dirim savaşına qalxan hərbçilərimiz, həm də bütün şəhidlərimiz kimi Polad Həşimovun intiqamını almaq üçün mübarizə aparıb, ürəklərində Polad Həşimova sonsuz sevgi və ehtiram daşıyıblar. Şuşa erməni işğalından azad ediləndən dərhal sonra yol kənarındakı lövhəyə Polad Həşimovla bağlı məlum xahiş-müraciətin həkk edilməsi də, xalqın öz qəhrəmanına, şəhid generalına olan sonsuz məhəbbətindən, onu Şuşada, Şuşa ucalığında görmək arzusundan xəbər verir.  Mən çiynimdəki fotoaparatı işə salıb bu lövhədəki sözləri kameranın yaddaşına həkk edirəm. Düşünürəm ki, Bakıya qaydandan dərhal sonra döyüşçülərin bu arzusunu ictimaiyyiləşdirərək əlaqədar qurumların diqqətinə çatdıracam, Polad Həşimovun isminin Şuşada- Azərbaycanıln mədəniyyət paytaxtında da əbədiləşdirilməsinə səy göstərəcəm.  Şuşada Polad Həşimovla bu qəfil qarşılaşma bir həqiqəti də yadıma salır: Xalq sevgisi ölümsüzdür. Bu sevgi onu qazanan şəxsi hər yerdə izləyir, ona əsl ölümsüzlük və əbədiyyət qazandırır. Xalqın sevgisini, millətin məhəbbətini qazanan şəxs bu sevginin qanadları altında bütün zirvələri, yüksəklikləri fəth edir, öz adını tarixin yaddaşına qızıl hərflərlə həkk etdirir. Polad Həşimov nümunəsi buna ən böyük nümunədir.  Vaxtın azlığını nəzərə alıb Polad Həşimovla – onun isminin həkk edidiyi lövhə ilə vidalaşıb axtarışıma davam edirəm. Və inanmaq istəyirəm ki, bu gün mən son 28 ildə doğma evimiz, uşaqlıq xatirələrim, şüurumun yada salıb işığına yetişə bilmədiyi keçmişimlə bağlı narahat edən bütün suallara cavab tapa biləcəyəm...   Ardı var.  Seymur ƏLİYEV  P.S.Səfərdə iştirakıma şərait yaratdığı üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və şəxsən Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevə dərin təşəkkürümü bildirirəm.        

Hamısını oxu