Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

“Azərbaycan dövlətçiliyinin ən möhtəşəm sütunlarından biri olan milli ordumuzun tarixi xalqımızın azadlıq, müstəqillik və vətən sevgisi ilə yoğrulmuş şərəf salnaməsidir. Bu salnamənin hər səhifəsində qəhrəmanlıq, fədakarlıq, vətənə sədaqət və milli ruhun təntənəsi yaşayır.”. 

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteeranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Ordusu Cümhuriyyət dönəmində də böyük uğurlara imza atıb:

“1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Dekabrın 25-də isə general Səməd bəy Mehmandarov yeni hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundular.

Hərb sahəsində ilk böyük uğur 1918-ci il sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Bu şanlı qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açdı, milli ordunun gücünü və xalqın iradəsini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Azadlıq Meydanında - Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. Lakin Milli Ordumuzun ömrü uzun olmadı. 1920-ci ilin aprelində Cümhuriyyət süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, yüzlərlə vətənpərvər zabit və hərbçi repressiyalara məruz qaldı. Bununla belə, milli ordu ideyası xalqın yaddaşından silinmədi, gələcək nəsillərin qəlbində müqəddəs amal kimi yaşadı.

Azərbaycan Silahlı Qüvvələrinin müasir və şərəfli tarixi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmləndirilməsi Ulu Öndərin uzaqgörən siyasətinin, dövlətçilik təfəkkürünün və misilsiz təşkilatçılıq qabiliyyətinin nəticəsidir.

Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə gələcəyi düşünərək milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olunması bunun ən parlaq nümunəsidir. Ulu Öndər yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almasına şərait yaratdı. Sonralar həmin zabitlər müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynadılar. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində və Vətən müharibəsində qəhrəmanlıq salnamələri yazaraq xalqımızın sonsuz rəğbətini qazandılar”.

Polkovnik Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna xüsusi diqqət yetridiyini vurğulayıb:

“Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Ordusunda əsaslı dönüş yarandı. Ordumuzda nizam-intizam gücləndirildi, hərbi hissələr komplektləşdirildi, döyüş ruhu yüksəldildi. Məhz həmin dövrdə xalqda və orduda qələbəyə qəti inam formalaşdı.

Azərbaycan Ordusunun ilk ciddi sınağı 1994-cü ilin yanvarında oldu. Yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu uğurlu əməliyyatlar Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi və gələcək böyük zəfərlərin müjdəçisi oldu.

Ordu quruculuğuna xüsusi əhəmiyyət verən Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Həmin gündən etibarən bu tarix xalqımız tərəfindən böyük qürur və ehtiramla qeyd olunur.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlət başçısının diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz ən müasir silah və texnika ilə təchiz edildi, şəxsi heyətin peşəkarlığı artırıldı, döyüş hazırlığı daha da gücləndirildi. Nəticədə Azərbaycan Ordusu qısa müddətdə regionun ən güclü ordusuna çevrildi və dünyanın ən qüdrətli hərbi qüvvələri sırasında öz layiqli yerini tutdu. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir ki, bu da ölkəmizin hərbi potensialının güclənməsinə mühüm töhfə verir”.

Polkovnik Cəlil Xəlilov Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını bildirib:

“2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğaldan azad etdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, xalqımızın otuz illik həsrətinə son qoyuldu. Şuşa əməliyyatı hərb tarixinin ən parlaq nümunələrindən biri kimi dünya hərb elminin diqqət mərkəzinə çevrildi. Bu gün XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş taktikası və əməliyyatları dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir.

Vətən müharibəsində 2900-dən çox əsgər və zabitimiz doğma torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Dövlətimiz tərəfindən döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçular yüksək orden və medallarla təltif edilmiş, şəhid ailələri və qazilərə hərtərəfli diqqət və qayğı göstərilmişdir.

Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində bu gün də ardıcıl tədbirlər həyata keçirilir, yeni komando birlikləri yaradılır, müasir silah və texnika arsenalı genişləndirilir. Qəhrəman əsgər və zabitlərimiz işğaldan azad edilmiş torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq dövlətimizin təhlükəsizliyini etibarlı şəkildə qoruyurlar.

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı bütün veteranlarımızla birgə Silahlı Qüvvələr Gününü böyük ruh yüksəkliyi, qürur və təntənə ilə qeyd edir. Xalqımız Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin qüdrətinin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün əbədi qorunacağına dərin inam nümayiş etdirir.

Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteranları, ehtiyatda olan zabitləri və hərbi qulluqçuları ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, məsuliyyətli və şərəfli xidmətlərində yeni uğurlar arzulayırıq. Qoy qüdrətli Azərbaycan Ordusu daim zəfərdən zəfərə yürüsün, üçrəngli bayrağımız ölkəmizin hər guşəsində əbədi dalğalansın! Qoy Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan dövləti daha böyük uğurlara imza atsın! Yaşasın müstəqil Azərbaycan! Yaşasın qalib Azərbaycan Ordusu! Yaşasın xalq - ordu birliyi!”

 

2026-06-22 16:24:00
1189 baxış

Digər xəbərlər

Azərbaycan ordusu aprel döyüşlərini hər an təkrarlaya bilər

“Aprel döyüşləri erməni ordusu ilə bağlı yaranan “mifi” alt-üst etdi. Sübut olundu ki, Azərbaycan ordusu yüksək səviyyəli texnikaya, döyüş qabiliyyətinə, hərbi hazırlığa malikdir və hər an öz torpaqlarını işğaldan azad etməyə qadirdir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov deyib O bildirib ki, aprel döyüşlərindən öncə erməni tərəfindən yayılan yalan informasiyalar bu zəfərdən sonra bir daha aşkara çıxdı: “Həm dünya ölkələri, həm də Ermənistan bir daha gördü ki, Azərbaycan ordusu nə qədər güclüdür, silahların arxasında əzmlə dayanan əsgərlər və zabitlərimizin döyüşlə bağlı mənəvi, psixoloji hazırlığı yüksək səviyyədədir. Aprel döyüşlərində əldə olunan əsas qələbələrdən biri torpaqlarımızın müəyyən hissəsinin işğaldan azad edilməsi oldu. Bu baxımdan aprel döyüşləri bizim qürur mənbəyimizdir”. C.Xəlilov söyləyib ki, Böyük Aprel qələbəsi Azərbaycan tarixinə şərəfli tarix kimi daxil olub: “3-4 gün müddətində davam edən döyüşləri heç zaman unutmayacağıq. Azərbaycan ordusu bu gün də həmin döyüşlərə sadiqdir. Ordumuzun hazırkı döyüş hazırlığı, mənəvi-psixoloji durumu 3 il bundan öncəkindən də yüksəkdir”. Polkovnik vurğulayıb ki, döyüşlərdən çətin vəziyyətə düşən Ermənistan atəşkəsi bərpa etmək üçün bütün vasitələrə əl atdı: “Düşmən tərəfi qorxuya düşərək Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həll etməyə hazır olduqlarını ifadə etməklə, Azərbaycandan döyüşlərin dayandırılmasını xahiş etdi. Amma Ermənistan bundan sonra da sözünü tutmadı, danışıqları imitasiya etməklə dünya ictimaiyyətini çaşdırmağa çalışdı”. Təşkilatın sədr müavini qeyd edib ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən yüksək səviyyəli diplomatiya nəticəsində bütün dünya ictimaiyyətinə məlum oldu ki, Ermənistan münaqişənin həlli istiqamətində qeyri-konstruktiv mövqe tutur, problemin həlli istiqamətində heç bir beynəlxalq qanunu, tələbələri, qəbul olunan qətnamələri yerinə yetirmir: “Belə olan halda, Azərbaycan haqlı olaraq mübarizə aparmaq iqtidarına malikdir. Çünki, ölkəmiz heç kimə ərazi iddiaları irəli sürmür, əksinə öz torpaqlarını işğal altından azad etmək marağındadır. Ölkəmiz işğal altında olan torpaqlarında terrora, separatizmə, narkotik maddələrin becərilməsinə qarşı mübarizə aparır. Azərbaycan ərazi bütövlüyünün təmini nəticəsində ərazisində sülh yaranmasını istəyir, ermənilərin də ölkəmizin qanunlarına riayət etməklə başqa millətlər kimi Dağlıq Qarabağda yaşamaq haqqını istisna etmir”.

Hamısını oxu
lham Əliyevdən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə bağlı SƏRƏNCAM

“Birləşmiş Millətlər Təşkilatının “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”ndan irəli gələn bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 yanvar tarixli 59 nömrəli sərəncamında dəyişiklik edilib.  AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.    Dəyişikliyə əsasən, 59 nömrəli sərəncamın 2-ci hissəsində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Təhlükəli Tullantıların İdarə Olunması Agentliyi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti” sözləri ilə əvəz edilib.  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu dəyişiklik barədə Birləşmiş Millətlər Təşkilatına müvafiq bildiriş göndərməlidi

Hamısını oxu
Azərbaycan Mədəniyyət Mərkəzindən “Heydər Əliyev ili” münasibətilə maraqlı aksiya...

Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il “Heydər Əliyev ili” münasibətilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi kitabxanaya  Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib. Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına 40 nüsxə, Daşkənd, Xarəzm, Nəvai, Buxara, Səmərqənd, Kaşkadərya, Surxandərya, Cizzax, Sırdərya, Nəmənqan, Fərqanə, Əndican vilayət, Qaraqalpaqıstan Respublikası informasiya-kitabxana mərkəzi olmaqla hər bir mərkəzi kitabxanaya 82 adda, ümumilikdə isə 1148 nüsxə kitab və elektron nəşr hədiyyə olunub. Sözügedən kolleksiyada Azərbaycanın tarixinə, dövlətçiliyinə, mədəniyyətinə dair Azərbaycan və rus dillərində kitablar, “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca” lüğət, danışıq kitabları, dərsliklər, elektron nəşrlər, habelə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində nəşr edilmiş Azərbaycan klassiklərinin əsərləri, müasir Azərbaycan ədəbiyyatına dair nəşrlər də yer alıb. Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq bu kolleksiyalara əsasən ulu öndər Heydər Əliyev, Azərbaycan dövlətçiliyi, Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Azərbaycan tarixi kimi mövzuları əhatə edən müxtəlif nəşrlər daxil edilib. Bundan başqa, kolleksiyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”si, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Əzizə Cəfərzadənin əsərləri, habelə Ermənistanın Azərbaycan ərazilərini işğalı, Xocalı soyqırımına dair kitablar, özbək müəllif Şuxrat Salamovun mövzulara aid özbək və rus dillərində nəşrləri də yer alıb. Cari ilin 24 yanvar tarixində Azərbaycana dair zəngin kitab kolleksiyası Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya çatdırılması məqsədilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına təqdim olunub. Hədiyyə nəşrlərin Özbəkistan Milli Kitabxanasında sərgisi də keçirilib. Seymur ƏLİYEV

Hamısını oxu
Cəlilabadda Vətən müharibəsi şəhidinin adını daşıyan küçənin açılışı olub

Cəlilabad rayonunda yerləşən mərkəzi küçələrdən birinə  Vətən müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun adı verilib. Həmin küçənin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon Veteranlar Təşkilatının  nümayəndələri,  idarə-təşkilat rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov  bildirib ki, qəhrəman şəhidimiz Elvin Şükürlü 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Orta təhsilini Cəlilabad rayon  Şiləvəngə kəndində almışdır. 2011-2014-cü illərdə C.Naxçıvanskı adına Hərbi Liseydə,  2014-2018-ci illərdə isə AAHM-də təhsil almış və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə N saylı hərbi hissədə tağım komandiri kimi xidmət etmişdir. Elvin Şükürlü 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. 2021-ci il yanvar ayının 22-də II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elvin Şükürlü ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Tədbirdə şagirdlər vətənpərvər ruhlu şeirlər söyləyiblər. Şəhid Elvin Şükürlünün atası  Azad Şükürlü çıxış edərək şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ailə üzvləri adından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Hamısını oxu