Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC ölkədə gümüş külçələrə olan tələbatın yerli məhsullar hesabına qarşılanması və investisiya imkanlarının genişləndirilməsi məqsədilə ilk dəfə olaraq yerli xammal əsasında istehsal edilmiş 999,9 əyarlı gümüş külçələrin satışına başlayıb.

Son illərdə yaşıl enerji texnologiyalarının sürətli inkişafı və elektronika sənayesində gümüşdən istifadənin əhəmiyyətli dərəcədə artması bu qiymətli metalın qlobal bazardakı strateji rolunu daha da gücləndirib. Eyni zamanda, beynəlxalq bazarlarda gümüşə olan artan tələb onun investisiya aktivləri sırasında daha cəlbedici mövqe tutmasına əlverişli şərait yaradıb.

Gümüş külçələrin bazara çıxarılması dəyər zəncirinin genişləndirilməsinə töhfə verməklə yanaşı, vətəndaşlar üçün alternativ investisiya alətinin formalaşdırılmasını hədəfləyir. İlkin mərhələdə istehlakçılara 250, 500 və 1000 qramlıq çəkilərdə təqdim edilən məhsulların növbəti mərhələdə bazar tələbatı, investor marağı və istehlakçı seçimləri nəzərə alınmaqla müxtəlif çəki kateqoriyalarında yeni çeşidlərinin istehsalı planlaşdırılır.

Qeyd edək ki, gümüş külçələrin Satış və Mübadilə Mərkəzində milli valyuta ilə geri alışı da həyata keçiriləcək. Sözügedən məhsullar istehlakçılardan Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik rəsmi məzənnəsi əsas götürülməklə, külçənin metal dəyərinə 10% əlavə ödəniş tətbiq olunmaqla geri alınacaq.

Gümüş külçələr Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

2026-07-03 22:15:00
848 baxış

Digər xəbərlər

“Bu qətnamə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”

30 aprel tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirib.  Avropa Parlamentinin məlum qətnaməsi Cənubi Qafqazda sülh prosesinə zərbə vurmaq, yeni münaqişə və qarşıdurmalara rəvac vermək cəhdi kimi dəyərləndirilə bilərmi? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bu qətnamənin qəbuledilməz olduğunu bildirib: “Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsində göstərilən ittihamlar, qərəzlidir, yalan və böhtanlardan ibarətdir. Heç bir halda, Azərbaycan xalqı, dövləti tərəfindən qəbul edilə bilməz. Sayca 13-cü olan, bu qətnamə, məzmun baxımından, əvvəlkilərdən çox da fərqlənmir. Qətnamədə qeyd olunan hallar, suveren dövlətin daxili işlərinə müdaxilə, məhkəmə tərəfindən cinayətləri sübut olunmuş şəxslərin, dünya ictimaiyyətinə “hərbi əsir” kimi təqdim olunması, onların həbsdən azad olunması üçün Azərbaycan hökumətinə təzyiqlər edilməsi, Qarabağ ermənilərinin geri qaytarılması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Bütün bunlar, Avropalı parlamentarilərin, hələ də ikili standartlardan əl çəkmədiklərini, erməni diasporalarının və lobbi təşkilatlarının tapşırıqlarını yerinə yetirdiklərini göstərir. Avropa Parlamenti, 30 il ərzində torpaqlarımızın işğalı, bir milyona yaxın qaçqın, məcburi köçkünün acınacaqlı vəziyyəti ilə bağlı münasibət bildirmədi. Əksinə, Ermənistanı, Qarabağ separatçılarını dəstəkləməklə, dəstəkləməklə, işğala haqq qazandırdı. 44 günlük müharibədən beş ildən artıq vaxt ötüb. Vaşinqtinda ABŞ-nın vasitəçiliyi ilə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Sərhədlərin delimitasiyası üzərində müştərək iş aparılır. Azərbaycan tərəfindən Ermənistana tranzit yüklər, o cümlədən Azərbaycanın neft məhsulları daşınır. Hiss olunur ki, uzun illərin düşmənçiliyindən sonra iki xalqın barışması, Cənubi Qafqazda sülhün bərqərar olması, bəzi Avropa strukturlarını ciddi şəkildə narahat edir. Ermənistan siyasi hakimiyyətinin, şəxsən baş nazir Nikol Paşinyanın, Azərbaycanın “Qarabağ daxil” ərazisini tanıdıqlarını bəyan etməsinə rəğmən, həmin qüvvələr sakitləşmir. Bütün imkanlarını səfərbər etməklə, ,,erməni məsələsinin,, beynəlxalq gündəlikdə saxlanılmasına çalışırlar. Birmənalı olaraq, demək olar ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, Cənubi Qafqazda sülh prosesinə zərbə vurur və regionda gərginliyin artmasına çalışan geosiyasi güclərin maraqlarına xidmət edir”. Seymur ƏLİYEV  

Hamısını oxu
lham Əliyev Dövlət Agentliyinə 10,05 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.    Bununla bağlı AZƏRTAC məlumat yayıb.  Sərəncama əsasən, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 10,05 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı Qarabağ qazisi Maşalla Əliyevin yubiley tədbirini keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon  bölməsinin sədri Maşalla Əliyevin 70 illik yubileyi münasibəti İlə tədbir keçirib. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrinda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman Qarabağ müharibəsi qazisi, iki ayağını da döyüş cəbhəsində itirmiş Maşalla Əliyevin gənclərimizə örnək olan həyat və döyüş yolundan danışdı,  onun məktəbli  gənclərin vətənpərvər ruhda tərbiyəsində  göstərdiyi müstəsna  xidmətlərini xüsusilə vurğuladı.  O, yubilyara Veteran Təşkilatının Fəxri fərmanını və hədiyyələr təqdim etdi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, İman Abdulla, Qurban Əhməd, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin sədri Asəf İsmayılov, Əfqanıstan müharibəsi veteranı Rəşid Mahmudov,  əmək veteranları Əsəd Əliyev, Zaman Qarayev, Rasif  Həsənov, Sakit İsayev və başqaları ömrünün yetmişinci baharını yaşayan müharibə veteranı Maşallah Əliyevi yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik etdilər, ona həsr olunan şeirlərini oxudular, rayonun ictimai-siyasi həyatında fəal iştirakını yüksək qiymətləndirdilər. Birinci Qarabağ savaşının iştirakçısı olmuş Maşalla Əliyev yubiley tədbirini təşkil etdiyinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkildi.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında araşdırmaçı jurnalist, türkoloq Aida Eyvazlı Göytürk ilə görüş keçirilib

21 sentyabr 2024-cü ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında  məktəblilər, ictimaiyyət nümayəndələri və ziyalılarla araşdırmaçı jurnalist, türkoloq, tərcüməçi, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürklə görüş keçirilib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Vətən uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.   Yazıçı-publisist, Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev Aida Eyvazlının müstəqilliyimizin ilk illərindəki jurnalist fəaliyyətindən,  mübariz qələm adamı kimi, hər zaman yaradıcılığında haqqın-ədalətin yanında olmasından, peşəkar fəaliyyəti ilə və iti qələmi ilə hər zaman uğurlara imza atdığından, türk dünyasının  təsis etdiyi  önəmli mükafatlarına layiq görülməsindən danışdı. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsinin icra edən polkovnik Cəlil Xəlilov, Aida Eyvazlının yaradıcılığına, bu yaradıcılığın türk tarix və mədəniyyətinin tədqiqi baxımından roluna toxunub. Aida Eyvazlının yaradıcılığının əsasən milli-mənəvi dəyərlərimizin, qəhrəmanlıq tariximizin təbliğinə həsr olunduğunu bildirən Cəlil Xəlilov, onun tərcüməçi kimi də böyük uğurlara imza atdığını vurğuladı. Jurnalıistin qələmə aldığı “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyi, Abay Kunanbayevin, Platon Oyunskinin, Nursultan Nazarbayevin  Azərbaycan dilinə tərcümə etdiyi əsərlərin tarixi əhəmiyyətindən danışdı  “Şəhid ailəlrinə dəstək” İctimai Birliyinin sədri, 2016-cı il aprel döyüşlərinin şəhidi ƏbdülMəcid Axundovun anası  Ceyran Həsənova, filologiya elmləri doktoru Şərəf Cəlili, “Ulduz” jurnalının redaktoru, əməkdar jurnalist Qulu Ağsəs, 34 saylı məktəbin direktoru , ictimai xadim, şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, Bakı Slavyan Universitetinin doktorantı, qazaxıstanlı alim Altın Tukumbayeva  çıxış edərək Aida Eyvazlı Göytürkün yaradıcılığı , onun şəhidlərimizə həsr etdiyi kitabları, türk dünyasının şəxsiyyətləri və onun əsərləri barədə etdiyi tərcümələri, yaradıcılığı boyu türk irsi və tarixinə dair apardığı araşdırmalar, yazdığı məqalələr, eləcə də Azərbaycan Televiziyasında müəllifi olduğu “Qızıl alma” proqramının, türk dünyasının mədəni irsinə,  Vətənimizin tarixinin və həqiqətlərinin  dünyanın bir çox türkdilli ölkələrində yayılmasındakı əhəmiyyətindən, Azərbaycana qazandırdığı dostlardan söhbət açdılar. Aida Eyvazlı Göytürkə vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidmətlərinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edildi. Tədbirin sonunda çıxış edən Aida Eyvazlı görüşə gələn qonaqlara təşəkkür edib, yaradıcılıq planları, həyata keçirəcəyi layihələr haqqında məlumat verdi. Görüş hərbi-vətənpərvərlik mahnılarının ifası ilə başa çatıb.

Hamısını oxu