Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Təhlükəsizlik, rifah və davamlı inkişaf

Ötən həftə Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə qədəm qoydu. Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti durmadan artır. Eyni zamanda Avropa İttifaqı da Azərbaycanın iqtisadi inkişafı, texnoloji modernləşməsi və beynəlxalq inteqrasiyası baxımından mühüm tərəfdaş olaraq qalır. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq yalnız iki tərəfin deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi, rifahı və davamlı inkişafı üçün yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə 1 iyul 2026-cı il tarixində Bakıda keçirdiyi görüşdən sonra verdiyi bəyanat təkcə iki tərəf arasında diplomatik münasibətlərin növbəti mərhələsini deyil, həm də Azərbaycanın regional və qlobal geosiyasi çəkisinin artmasının növbəti təsdiqi kimi qiymətləndirilməlidir. Bəyanatda səslənən fikirlər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsini xeyli aşaraq iqtisadiyyat, logistika, yaşıl enerji, təhlükəsizlik, regional sabitlik və geosiyasi tərəfdaşlıq istiqamətlərində çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə daxil olub.
Son aylarda Antonio Koşta, daha sonra Kaja Kallas və nəhayət Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfərləri təsadüfi diplomatik aktivlik deyil. Bu ardıcıllıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın mərkəzi aktor kimi qəbul edilməsinin göstəricisidir. Faktiki olaraq Brüssel region siyasətini Bakı ilə daha sıx dialoq üzərində qurmağa başlayır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin nəticəsidir.
Prezident İlham Əliyevin "münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur" ifadəsi mövcud reallığı tam əks etdirir. Son illər Azərbaycan Avropa üçün yalnız enerji ixrac edən ölkə deyil, etibarlı siyasi tərəfdaş, regional sabitlik yaradan dövlət və Avrasiyanın mühüm nəqliyyat qovşağı statusunu möhkəmləndirib. Məhz buna görə də Avropa İttifaqı ilə münasibətlərdə əvvəlki illərlə müqayisədə keyfiyyətcə yeni mərhələ yaranıb.
Bəyanatın mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması ölkənin xarici iqtisadi strategiyasının uğurunu nümayiş etdirir. Xarici ticarətin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi Azərbaycanın Avropa bazarları üçün etibarlı tərəfdaş olduğunu göstərir. Digər tərəfdən, Cənubi Qafqaz üzrə Avropa İttifaqının ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin region iqtisadiyyatında aparıcı mövqeyini təsdiqləyir. Bu göstəricilər Azərbaycanın iqtisadi çəkisinin təkcə regional deyil, Avropa miqyasında da artdığını nümayiş etdirir.
Enerji təhlükəsizliyi məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutur. Müasir geosiyasi şəraitdə enerji artıq iqtisadi resurs olmaqdan daha çox milli təhlükəsizlik faktoruna çevrilib. Son illərdə beynəlxalq enerji bazarında baş verən dəyişikliklər Avropanı enerji mənbələrinin şaxələndirilməsinə sövq edib. Bu kontekstdə Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib.
2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun nəticələri artıq konkret rəqəmlərlə özünü göstərir. Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, qaz ixracının yarısının Avropa bazarına yönəlməsi və artıq 10 Avropa İttifaqı üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını təsdiqləyir. Bu əməkdaşlığın yaxın illərdə daha da genişlənməsi üçün kifayət qədər potensial mövcuddur.
Ölkə rəhbəri vurğuladığı kimi, bu nəticələr təsadüfi deyil. Azərbaycan onilliklər ərzində siyasi iradə nümayiş etdirərək milyardlarla dollar həcmində investisiya yatırıb, mürəkkəb diplomatik danışıqlar aparıb və nəticədə dünyanın ən iri enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizini reallaşdırıb. Təxminən 3500 kilometrlik vahid boru kəməri sistemi bu gün Avropa ilə Xəzər regionunu birləşdirən strateji enerji arteriyasıdır. Bu layihə Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təminatçılarından biri olduğunu sübut edir.
Bəyanatın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Dünyada formalaşan yeni geosiyasi reallıqlar fonunda beynəlxalq yükdaşımaların marşrutları dəyişir və alternativ dəhlizlərin əhəmiyyəti artır. Azərbaycan isə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas tranzit ölkə kimi çıxış edir. Son illərdə həyata keçirilən infrastruktur layihələri – müasir dəniz limanları, dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri Azərbaycanın Avrasiyanın əsas nəqliyyat platformalarından birinə çevrilməsinə imkan yaradıb.
Yükdaşımaların bütün istiqamətlər üzrə artması mövcud infrastrukturun daha da genişləndirilməsini zəruri edir. Bu isə Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Nəqliyyat və logistika sahəsində əldə olunan üstünlüklər ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişlənməsinə və regional iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.
Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni istiqaməti bərpaolunan enerji sahəsidir. Artıq imzalanmış müqavilələr növbəti beş-altı il ərzində 8 giqavat həcmində Günəş və külək enerjisi istehsalına imkan verəcək. Bu göstərici Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Ölkə tədricən yalnız neft və qaz ixracatçısından yaşıl enerji ixracatçısına çevrilmək istiqamətində irəliləyir.
Bu transformasiya Avropanın yaşıl keçid strategiyası ilə tam uzlaşır. Azərbaycanın zəngin Günəş və külək potensialı, Xəzər dənizinin külək ehtiyatları və yaradılan yeni enerji infrastrukturu ölkəmizi gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm tərəfdaşlardan birinə çevirə bilər. Bu istiqamətdə həyata keçiriləcək layihələr həm enerji təhlükəsizliyini gücləndirəcək, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə ciddi töhfə verəcək.
Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən istiqamətlərdən biri regional təhlükəsizlik və sülh prosesidir. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla davam etməsi Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırır. Azərbaycanın uzun illər davam edən münaqişədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi, regional kommunikasiyaların açılmasına dəstək verməsi və qarşılıqlı iqtisadi əməkdaşlıq üçün şərait yaratması regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir.
Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, enerji məhsullarının ixracına başlaması və digər humanitar addımlar atması göstərir ki, Bakı sülhü yalnız siyasi sənəd kimi deyil, real iqtisadi əməkdaşlıq modeli kimi görür. Bu yanaşma regionda etimad mühitinin formalaşmasına və uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edir.
Avropa Komissiyasının bu prosesə dəstək vermək niyyətini ifadə etməsi də xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqının siyasi və iqtisadi imkanları regional əməkdaşlığın dərinləşməsinə, yeni investisiya layihələrinin həyata keçirilməsinə və Cənubi Qafqazın sabit inkişaf məkanına çevrilməsinə əlavə stimul verə bilər.
Ümumilikdə, Prezident İlham Əliyevin 1 iyul 2026-cı il tarixli bəyanatı Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Bəyanat göstərdi ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və milli maraqların qorunmasına əsaslanan münasibətlər modeli qurub. Bu model enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-logistika, ticarət, investisiya, regional təhlükəsizlik və sülh gündəliyini özündə birləşdirən geniş strateji platformaya çevrilməkdədir.
Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan artıq regional proseslərin iştirakçısı deyil, onların əsas təşəbbüskarı və istiqamətverici aktorlarından biridir. Bu isə ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi gücünün artması və müstəqil xarici siyasət kursunun uğurla davam etdirilməsinin ən mühüm göstəricilərindən biridir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

2026-07-06 14:53:00
885 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan Dillər Universitetində keçirib

Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsini icrası çərçivəsində növbəti tədbirini Xarici Dillər Universitetində keçirmişdir. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, vətən yolunda canından keçmiş şəhidlərimizin, vətən qarşısında əvəzsiz xidmətləri olan şəxslərin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ edilməsidir. Tədbiri giriş sözü ilə Universitetin təlim tərbiyə üzrə prorektor Sərraf Hüseynov açmışdır. O gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən və bu istiqamətdə Universitetin fəaliyyəti haqda məlumat vermişdir. Lahiyə rəhbərinin köməkçisi Şəhla Qarayeva lahiyə barəsində  eləcə də, keçirilən tədbirlər məlumat vermişdir. Çıxış edən polkovnik Adil Haqverdiyev gəncləri vətənpərvər olmağa, onları Azərbaycanın adına layiq insanlar kimi yetişməyə çağırmışdır. O, həmçinin bu işdə vereranların və Respublika Veteranlar Təşkilatının üzərinə düşən vəzifələrdən danışmışdır. Tədbirdə Respublika Veteranlar Təşkilatının digər əməkdaşları, muəllim və tələbələr  çıxış edərək şəhidlərimizin xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşadacağını, yeniyetmə və gənclərimizin onların həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etməsini qeyd etmiş, yeni nəslin üzərlərinə düşən vəzifənin məsuliyyətlərini dərindən dərk etdiklərinə, torpaqlarımızın erməni işğalından azad olunması üçün hər cür fədakarlığa hazır olacaqlarına əminlik ifadə etmişlər. Tədbirin sonunda gənclərlə xatirə şəkli çəkdirildi.

Hamısını oxu
Gənclərdə milli ruhun gücləndirməsi

26  May 2016 - cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatında Respublika gününə həsr edilmiş adlı konsert proqramı baş tutdu. “Gənclərdə milli ruhun gücləndirməsi” şüarı altında keçırilən konsert proqramının təşəbbüskarları Bakı  Slavyan Universiteti tələbələri idi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə baş tutdu.Daha sonra ölkəmiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xaritəsi bir dəqiqəlik sükutla anıldı. Tədbiri giriş sözü ilə Müharibə , Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının əməkdaşı Səidə Abdullayeva açaraq, qonaqları salamladı və iki nəslin Şərqdə ilk demokratik ölkə olan Azərbaycanımızın yaranma gününü qeyd etməsinin simvolik məna daşıdığını vurğuladı. Sonra çıxış üçün söz Müharibə , Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədri, e.o. general- mayor Dadaş Rzayevə təqdim olundu. O, veteranları və gəncləri salamlayaraq, Respublika gününün əlamətdar bir hadisə olduğunu qeyd etdi. O cümlədən, müstəqillik uğrunda canından keçmiş şəxslərə və vetranlara göstərilən dövlət qayğısından danışdı. Gənclərin bu təşəbbüsünü alqışlayaraq, onlara təhsildə və ictimai həyatda uğurlar arzuladı. Ardınca söz alan tələbə - layihənin təşkilatçılarından biri Xanım Bünyatova 28 may Respublika günü munasibətilə hər kəsi təbrik etdi, təşkilata, veteranlara onlara yaradılan şəraitdən dolayı təşəkkürünü bildirdi. Gənclərdə milli ruhun güclənməsində veteranların rolundan danışdı, sözü BSU pedaqoji kollektivini təmsil edən, dosent Lalə xanıma təqdim etdi. Lalə xanım, gənclərin vətənpərvərlik tərbiyəsinin onların təhsilində böyük əhəmiyyəti olduğunu vurğuladı. Çıxışlardan sonra bədii hissə musiqisi bəstəkar Sevinc Tofiqqızının  vətənpərvəlik mövzusunda çəkilmiş “İgidlər yurdusan, ey Azərbaycan” adlı klip nümayişi ilə başlandı. Bəstəkər Sevinc xanım musiqinin ərsəyə gəlməsindən danışdı və bu musiqinin Qarabağda səslənməsini arzuladı.

Hamısını oxu
“Vətən müharibəsi ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də humanizmini nümayiş etdirdi”

“2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvəllərinin yalnız qəhrəmanlığını deyil, həm də humanizmini nümayiş etdirdi”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə yanaşı, həm də humanizmi, yüksək hərbi mədəniyyəti ilə bütün dünyanı heyrətdə qoydu: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində dünyanın ən güclü ordularında belə heyrət doğuran misilsiz qəhrəmanlıqlara, bənzərsiz igidliklərə imza atdı. Şuşa şəhərinin yalın əl və yüngül atıcı silahlarla azad edilməsi, minalanmış, müxtəlif əngəllər və çoxsaylı istehkamlarla möhkəmləndirilmiş müdafiə zolaqlarının ildırım sürəti ilə yarılması və s. Azərbaycan əsgərinin qarşısıalınmaz olduğunu göstərdi. Bununla yanaşı, müharibə sübut etdi ki, Azərbaycan Ordusu qəhrəman olduğu qədər də humanistdir. O, lüzumsuz zorakılığa, gərəksiz şiddətə yol vermir. Qəhrəmanlıqla yanaşı, mərhəmət göstərməyi, rəhm etməyi də bacarır. Məhz buna görə də Ordumuz müharibə dönəmində bir nəfər də olsun mülki ermənini hədəf almadı. Xatırladım ki, 5 yanvar 2026-cı il tarixində dövlət başçısı yerli telekanallara müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki humanizminə diqqət çəkdi. Müzəffər Ali Baş Komandan bildirdi ki, istər 2020-ci, istərsə də 2023-cü ildə Azərbaycan Ermənistan şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdi. Lakin dövlət başçısı qeyd etdi ki, Azərbaycan bunu nahaq iş hesab etdiyi, habelə, sülh istədiyi, müharibəni dayandırmaq niyyətində olduğu üçün bunu etmədi. Bu fakt bir daha Azərbaycan Ordusunun, onun Müzəffər Ali Baş Komandanının nə qədər humanist olduğunu, müharibə zamanı belə sülhə xidmət etdiyini göstərir. Və bu fakt onu deməyə əsas verir ki, dünya Azərbaycan Ordusunun müharibə təcrübəsi ilə yanaşı, həm də humanizmini öyrənməli, bundan özü üçün lazımi nəticələr çıxarmalıdır”.

Hamısını oxu
“Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir”

Xəbər verdiyimiz kimi, 22 dekabr 2025-ci il tarixində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq qəhrəmanın Novxanı kəndindəki abidəsi ziyarət olunub, bu əlamətdar günlə bağlı böyük tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkiltaçılığı ilə keçirilən tədbirdə qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulub, onun ölümsüz xatirəsi ehtiramla yad edilib.  Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı qəhrəmanların təbliğinin milli-mənəvi dəyərlərimizin təbliği, mili kimliyimizin yaşadılması baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Mehdi Hüseynzadənin göstərdiyi qəhrəmanlıqlar öz miqyas və əzəzəmətinə görə zamana sığmayan, zamanın fövqündə dayanan qəhrəmanlıqdır. İnsanlığın “qəhvəti taun”dan xilas edilməsinə, bəşəriyyətin təhlükəsizliyinə xidmət edən bu qəhrəmanlıqlar, həm də Azərbaycan insanının milli kimliyindən, xarakterindən, yenilməzliyindən xəbər verir. Bu mənada Mehdi Hüseynzadənin doğum günü ilə bağlı Novxanı bu cür möhtərəm tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu və bu qəbildən olan tədbirlər keçmişə ehtiram əlaməti olmaqla yanaşı, həm də gələcəyə yönəlik addımlardır. Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir. Çünki bu cür tədbirlər keçmişlə gələcək qəhrəmanlar arasında bir növ mənəvi körpü rolunu oynayır. Bugünün və gələcəyin qəhrəmanları keçmişə baxaraq, keçmişdən öyrənərək öz ruhi-mənəvi güclərini artırırlar. Mən Mehdi Hüseynzadə ilə bağlı Novxanı keçirilən bu tədbiri yüksək qiymətləndirir, bunu xalq, vətən, tarix qarşısıdna mühüm xidmətlərdən biri kimi dəyərləndirirəm. İnanıram ki, söügedən ənənə bundan sonra da qorunub saxlanılacaq və daim təkrarlanacaq”. Seymur ƏLİYEV

Hamısını oxu