Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Siyəzən Rayon Şöbəsinin sədri Turab Əsgərov polkovnik Cəlil Xəlilovu təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Siyəzən Rayon Şöbəsinin sədri Turab Əsgərov ad günü münasibətilə polkovnik Cəlil Xəlilovu təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli sədrimiz, polkovnik Cəlil müəllim!

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətinizdə böyük  uğurlar arzulayıram. Sizinlə birlikdə hər zaman dövlətimizin, xalqımızın və  Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin yanındayıq. Dövlətimizin güclənməsi və ölkəmizin inkişafı naminə həyata keçirilən bütün işləri dəstəkləyirik. Allah sizi qorusun, Cəlil müəllim! Doğum gününüz mübarək!”

 

 

2026-08-09 17:44:00
896 baxış

Digər xəbərlər

Vətən müharibəsi qəhrəmanının ailəsi ziyarət olunub

Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, "Qarabağ qaziləri" İctimai Birliyi rayon filialının sədri Maşalla Əliyev, sədr müavini  Marifət Səmədli, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyi rayon bölməsinin rəhbəri Asəf İsmayılov  və müharibə iştirakçısı Kamran Abdullayev  Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan  Rəşad Abdullayevin ailəsi ilə  görüşüblər. Onlar rayonun Göytəpə qəsəbəsində doğulub boya-başa çatmış qəhrəman şəhidin ev-muzeyini də ziyarət ediblər. Ziyarətçilər, həm də qəhrəman kapitanımız Rəşad Abdullayevin atası Arif Abdullayevi 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edib ona  xoş  arzu və istəklərini çatdırıblar.  Vətənpərvərlik ruhunda  Rəşad kimi qəhrəman övlad böyütdüyünə görə Arif dayıya öz təşəkkürlərini də bildiriblər.

Hamısını oxu
Hərbi-siyasi ekspert: Erməni yalanlarına verilən dəstək bölgədə gərginliyi artırır

Bakı, 18 sentyabr, AZƏRTAC Erməni yalanlarına verilən hər bir dəstək bölgədə gərginliyi artırır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O deyib ki, müəyyən dövlətlər və güclər öz maraqlarını təmin etmək üçün regionda yeni qarşıdurma və gərginliyin yaşanmasında maraqlı görünür: “Təəssüflər olsun ki, elə qüvvələr var ki, onlar öz maraqları naminə regionda qarşıdurma meyillərini qızışdırmağa cəhd edir. Bu məqsədlə də erməni yalanlarını dəstəkləyir, məqsədli şəkildə anti-Azərbaycan kampaniyasında yer alırlar. ABŞ Senatının Xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı Azərbaycanın ünvanına səsləndirilən böhtanlar buna nümunədir. Bu dinləmələr zamanı regionla bağlı əsassız fikirlər səsləndirilib, Qarabağdakı ermənilərin guya blokadada yaşadığı iddia olunub. Həmçinin müharibənin başa çatmadığı ilə bağlı absurd fikirlər ifadə edilib. Halbuki, erməni lobbisinin, eləcə də rəsmi İrəvanın maraqlarına cavab verən bu fikirlərdə həqiqət payının olmadığı hər kəsə məlumdur. Sadəcə, məqsəd erməni separatizmini ayaqda tutmaq, onlara mənəvi-siyasi dəstək göstərmək və bununla da həmin qüvvələri yeni qarşıdurmalara sövq etməkdir”. Respublika Veteranlar Təşkilatının sədr müavininin sözlərinə görə, bəzi dövlətlərin regionda qarşıdurma meyillərini qızışdırmaq cəhdi yolverilməzdir və həmin dövlətlər, həmçinin erməni lobbisinin diktəsi ilə hərəkət edən qüvvələr bu siyasətdən imtina etməlidirlər. Azərbaycan bütün problemlərin və mübahisələrin sülh yolu ilə həllində maraqlıdır və atdığı hər addımla bunu əməli şəkildə isbatlayır. Lakin separatizmə dəstək verməklə onları qarşıdurmalara həvəsləndirən qüvvələr Azərbaycanın öz təhlükəsizliyini, suverenliyini təmin etməyə qadir olduğunu bilməlidirlər. Hər zaman olduğu kimi bundan sonra da Azərbaycan bu istiqamətdə bütün lazımi addımları atacaq.

Hamısını oxu
İlham Əliyev: “Bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur”

“Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub. Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan”. Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur: “Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır. Bilirsiniz, bu hadisələr Ermənistanın faşist mahiyyətini, onların qorxaq xislətini bir daha göstərdi. Çünki birinci dəfə deyil ki, təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir. Bizim kəndlərimiz atəşə tutulmuşdur. Namərdlərin bu atəşi nəticəsində 76 yaşlı ağsaqqal həlak olmuşdur. Bu, vəhşilikdir. Müharibəni ordular, əsgərlər, könüllülər aparır. Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır, necə ki, Xocalıda soyqırımı törətmişdir, günahsız işanları - uşaqları, qadınları qətlə yetirmişdir. Xocalıda 613 insan düşmən tərəfindən öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. Bu insanların “günahı” o idi ki, onlar azərbaycanlı idi. Bu amil erməni millətçilərinə kifayətdir. Bu insanlar əliyalın mülki vətəndaşlar idi. Erməni quldur dəstələri bundan və o vaxt hakimiyyətin zəif olmasından istifadə edərək xalqımıza qarşı vəhşi cinayət, soyqırımı törətmişlər. Eyni addımları bu dəfə də atmaq istəyirdilər. Yoxsa dinc əhalini bombalamağın, artilleriya ilə, minomyotlarla atəşə tutmağın səbəbi nədir? Yenə də deyirəm, onlar döyüş meydanında acizliyini görərək ən çirkin əməllərə əl atırlar”.  Azərbaycan Prezidentinin sözlərinə görə, 2016-cı ilin Aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilmişdir: “O vaxt da Ermənistan tərəfindən zəbt edilmiş mövqelərdən kəndlərimiz müntəzəm olaraq atəşə tutulurdu. Azərbaycan Ordusu çox böyük peşəkarlıqla əks-hücum əməliyyatı keçirərək zəbt olunmuş strateji yüksəklikləri geri qaytardı və düşməni qaçmağa məcbur etdi. Tovuz rayonunda baş vermiş hadisələr də həmin ssenarinin təkrarıdır. Biz bunu bilməliyik. Bilməliyik ki, hansı xislətə malik olan qonşu ilə üz-üzəyik. Heç vaxt bunu yaddan çıxarmamalıyıq! Heç vaxt Xocalı soyqırımını yaddan çıxarmamalıyıq və çıxarmayacağıq! Biz düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər. Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – KTMT-yə üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır. Onların əsas məqsədi məhz bu idi - dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi”.

Hamısını oxu
Bahadur Məmmədqulu oğlu Hüseynov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, İkinci Dünya Müharibəsi və Silahlı Qüvvələr veteranı, general-mayor Bahadur Məmmədqulu oğlu Hüseynov uzun sürən xəstəlikdən sonar 96 yaşında vəfat etmişdir. Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə 1924-cü ildə ailəsi Naxçıvandan Gəncəyə köçməli olmuşdur. 1934-cü ildə yeddiillik təhsilini başa vuran Bahadur Gəncə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Həmin vaxtlar Xarkov şəhərində təhsil alan böyük qardaşı Əhməd Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırı. Təhsilini davam etdirmək və ürəyinə daha çox yatan işlə məşğul olmaq istəyən Bahadur Hüseynov bu istəklə 1939-cu ilin mayında Xarkov şəhərinə gedir və burada Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olur. Həmin şöbəni bitirdikdən sonra təhsilini çoxdan arzusunda olduğu F.E.Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etdirir. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar Bahadur da təhsilini vaxtından əvvəl başa vuraraq, kiçik leytenant rütbəsində, tağım komandiri kimi cəbhəyə yollanır. Onun ilk döyüşü 1941-ci ildə Smolensk istiqamətində vuruşan 246-cı diviziyanın 908-ci alayının tərkibində olur. Düşmənlə amansız ölüm-dirim savaşında kiçik leytenant B.Hüseynov üç dəfə ağır yaralanır. Qorki şəhərində bir müddət müalicə olunduqdan sonar, yenidən cəbhəyə yola düşmək üçün Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilir. Ancaq Bahadur Hüseynovun Sərhəd Məktəbini bitirdiyini bilən briqada komandanlığı onun cəbhəyə getmə xahişini qəbul etmir və Gürcüstanda — Sərhəd qoşunlarında xidmətə yollayır. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi Gürcüstanın müxtəlif bölgələrində tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. 1960-cı ildə polkovnik-leytenant rütbəsi alır və az sonra xidmət etdiyi hissənin rəis müavini təyin edilir. Elə həmin dövrdə, 1961-ci ildə xidmətdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olur və 1967-ci ildə universiteti ali təhsilli hüquqşünas ixtisası almaqla bitirir. Polkovnik-leytenant Bahadur Hüseynovun biliyi, intizamlılığı, bacarığı nəzərə alınıb, onun xidmətini Dövlət Təhlükəsizlik orqanlarında davam etdirməsi tövsiyə olunur. 1963-cü ildə baş tutan bu təyinatda həmin vaxt Təhlükəsizlik orqanlarında rəhbər vəzifədə çalışan ulu öndər Heydər Əliyevin rolu olmuşdur. B.Hüseynov az sonra məhz Heydər Əliyevin təqdimatı ilə Dövlət Təhlükəsizlik Komitəsində bölmə müdiri vəzifəsinə təyin edilir. Xüsusi xidmət orqanlarında vəzifə pillələrində inamla irəliləyən Bahadur Hüseynov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin olunur. B.Hüseynov bu məsuliyyətli vəzifədə 7 il şərəflə, ləyaqətlə xidmət edir. 1976-cı ildə Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyevin təklifi və təqdimatı ilə polkovnik Bahadur Hüseynov Azərbaycan DTK-sına sədr müavini təyin edilir. Həmin vaxt o, rəhbər vəzifəli şəxs, təvazökar və sadə insan kimi artıq respublikada kifayət qədər tanınırdı. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini Bahadur Hüseynovun xidmətləri nəzərə alınaraq, ona 1978-ci ildə general-mayor rütbəsi verilmişdir. 1986-cı ildə təhlükəsizlik orqanlarından ehtiyata buraxılan Bahadur Hüseynov yenə də ölkənin ictimai-siyasi həyatından kənarda qalmır, Azərbaycan naminə bütün bilik və bacarığını sərf edirdi. Həqiqi vətənpərvər insan və ictimai xadim kimi xidmətləri yüksək qiymətləndirilərək, Bahadur Hüseynov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məsul katibi, sədrin müavini vəzifələrinə seçilmiş, 1992-ci ildən 2001-ci ilə kimi isə Təşkilatın sədri vəzifəsində seçilmşdir. O, 1987-ci ildə fəaliyyətə başlayan bu Respublika Veteranlar Təşkilatının yaradıcılarından biri olmuşdur. Təşkilatın sədri olduğu müddətdə də Bahadur Hüseynovun bütün fəaliyyəti Azərbaycanın tərqqisi, gənclərin Vətənə, xalqa layiq insanlar kimi yetişmələrinə həsr edilmişdir. O, sədr olduğu dövrdə Azərbaycan Veteranlar Təşkilatının xarici əlaqələri xeyli genişlənmişdir. Məhz Bahadur Hüseynovun təşəbbüsü ilə Azərbaycan Veteranlar Təşkilatı Ümumdünya Veteranlar Federasiyasının tərkibinə daxil olmuş və həm də o, bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilmiş ilk azərbaycanlı olmuşdur. Bahadur Hüseynov ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə, dəfələrlə Cəlilabad rayon Zəhmətkeş Deputatları Sovetinə, Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçilmişdir. O, Azərbaycan KP-nin qurultaylarının nümayəndəsi, Bakı şəhər Partiya Komitəsinin üzvü seçilmişdir. Onu ölkədən kənarda, xüsusilə MDB məkanında yaxşı tanıyır, peşəkarlığına, bacarığına hörmətlə yanaşır, xidmətlərini nəzərə alırdılar. Bahadur Hüseynov 1991-2001-ci illərdə MDB ölkələri veteranlar təşkilatının Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü olmuşdur. Bahadur Hüseynovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. İki dəfə Qırmızı Əmək Bayrağı, I və II dərəcəli Vətən müharibəsi ordenlərinə, həmçinin 30-a yaxın medala layiq görülmüşdür. Müharibə veteranları arasında fəal beynəlmiləlçi fəaliyyətinə görə, Bahadur Hüseynov MDB ölkələrinin və Monqolustan Xalq Respublikasının də mükafatları ilə də təltif edilmişdir. Bahadur Hüseynov Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, keçmiş SSRİ-nin fəxri çekisti idi. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xidməti fəaliyyətində əldə etdiyi nəticələrə görə, iki dəfə Azərbaycan Respublikasının, üç dəfə Naxçıvan MR-nin fəxri fərmanları ilə təltif edilmiş, SSRİ və Azərbaycan DTK-nın qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. Bahadur Hüseynovun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.

Hamısını oxu