Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki Şəhər Təşkilatında veteranlara görüş keçirilib

Görüşdə Təşkilata yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib

Veteran.gov.az xəbər verir ki, 20 avqust 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki Şəhər Təşkilatında  bir qrup veteranla görüş keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki Şəhər Təşkilatının sədri Mustafa Əhmədov və sədr müavini Vaqif Əhmədovun iştirakı ilə keçirilən görüşdə veteranları maraqlandıran məsələlər müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki Şəhər Təşkilatına yeni üzv olan veteranlara üzvlük vəsiqələri təqdim olunub.

2026-08-21 16:09:00
713 baxış

Digər xəbərlər

Qarabağda antiterror tədbirlərinin aparılması zərurət idi

Bakı, 20 sentyabr, AZƏRTAC Qarabağda antiterror tədbirlərinin aparılması zərurət idi. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O qeyd edib ki, separatçı rejim mövcud olduğu müddətdə ancaq talançılıqla məşğul olub “Qarabağdakı qeyri-qanuni, cinayətkar rejimin fəaliyyəti dövründə Azərbaycanın işğal altındakı ərazilərində milli-mədəni və təbii sərvətləri talanıb, bunun müqabilində bir qrup siyasətçi, oliqarx daha da varlanıb. Yerli əhalinin rifahı, bölgənin inkişafı ilə bağlı isə heç bir iş görülməyib. Bölgə cinayətkar hərbi dəstələrin fəaliyyəti, narkoticarət və narkotiklərin tranziti, silah alveri və digər qanunsuz fəaliyyət üçün münbit şəraiti olan, nəzarətsiz, heç bir qanunların, beynəlxalq hüquq normalarının işləmədiyi “boz zona”dır. Hansı ki, rəsmi Bakı bəyan edib ki, Azərbaycan ərazilərində “boz zona”ların mövcudluğu ilə barışmayacaq”. Polkovnikin sözlərinə görə, Ermənistan postmüharibə dövründə də üzərinə götürdüyü öhdəliklərə əməl etməyib: “Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlılarının yerləşməsi ilə düşmən ölkənin silahlı qüvvələrinin ərazidən çıxarılması ilə bağlı tələbi pozub. Qırx dörd günlük Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin reinteqrasiyası, onların problermlərinin həlli ilə bağlı çoxsaylı təkliflər irəli sürüb, lakin Ermənistan və onun Qarabağdakı tör-töküntüləri bu təkliflərin reallaşmasına imkan verməyiblər. Əksinə, onlar hər vəchlə sülh danışıqlarını sabotaj etməyə, kommunikasiyaların açılmasına mane olmağa, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışıblar. Müharibədən ötən üç il ərzində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən erməni silahlıları Azərbaycan Ordusunun mövqelərinə qarşı terror həmlələri həyata keçirməyə çoxsaylı cəhdlər göstəriblər. Həmçinin ərazilərin yenidən minalanması, yeni hərbi obyektlərin yaradılması, mühəndis qurğularının inşası, Ermənistandan silah-sursat daşınması istiqamətində fəaliyyət göstəriblər. Azərbaycanın irəli sürdüyü təşəbbüslər kimi, belə fəaliyyətin yolverilməzliyi və qarşısının sərt şəkildə alınacağı ilə bağlı haqlı tələblər də qulaq ardına vurulub”. Respublika Veteranlar Təşkilatının sədr müavin deyib ki, Ermənistan son üç il ərzində bölgədə kommunukasiyaların açılması istiqamətində də heç bir addım atmayıb. Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin ABŞ-da dövlət katibi A.Blinkenin vasitəçiliyi ilə görüşü zamanı regionda kommunikasiyaların açılması istiqamətində əldə edilmiş razılaşmaların reallaşmasına Ermənistan və Qarabağdakı separatçılar tərəfindən maneçilik törədilib. Bunun nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya Qızıl Xaç Komitəsinin eyni vaxtda Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə sentyabrın 1-də Xankəndiyə göndərilməli ərzaq yükü uzun müddət hərəkət edə bilməyib. Yalnız Azərbaycanın prinsipial mövqeyi və ABŞ, Fransa kimi ölkələrin güclü təzyiqlərinə müqaviməti sayəsində sentyabrın 17-də - 16 günlük gecikmədən sonra hər iki istiqamətdə yüklərin hərəkəti mümkün olub. Azərbaycanın sülh təşəbbüslərinə, regionun inkişafı ilə bağlı planlarına və gördüyü real işlərə, bölgədə birgəyaşayışın, sülh və sabitliyin, qanunun aliliyinin bərqərar olmasına yönəlmiş siyasətinə rəğmən Ermənistan silahlı qüvvələrinin bölmələri pozucu fəaliyyətini davam etdirib. Ardıcıl şəkildə həyata keçirilən təxribatların davamı və zirvəsi kimi sentyabrın 19-da da altı nəfərin ölümünə səbəb olan iki terror aktının gerçəkləşdirilməsi Azərbaycanın Qarabağ iqtisadi regionundakı “boz zona”dan gələn təhlükələrin zərərsizləşdirilməsi və Konstitusiya quruluşunun bərqərar edilməsi üçün lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etməsinə səbəb oldu. Cəlil Xəlilov vurğulayıb ki, Azərbaycanın başlatdığı antiterror əməliyyatında məqsəd qanunsuz silahlı birləşmələrin ləğvinə nail olmaqdır: “Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər Ermənistan silahlı qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhv edilməsinə, düşmən ölkənin hərbçilərinin tərk-silahı və neytrallaşdırılmasına yönəlib. Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki əhalini hədəf götürmür, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görür, əhalinin cəmləşdiyi yaşayış məntəqələrinə daxil olmur. Əhaliyə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, öz evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq, yaranan problemlərinin həlli ilə bağlı hərbçilərə müraciət edilmək tövsiyə olunur, insanların humanitar problemlərinin həlli üçün zəruri işlər görülür”. Diqqətə çatdırılıb ki, ordumuzun apardığı antiterror tədbirləri mahiyyət etibarı ilə bu bölgədəki sadə ermənilərin də marağına uyğundur: “Qarabağdakı erməni əhali Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda qurduğu və dəstəklədiyi kriminal dəstələrin qurbanıdır. Azərbaycan bu “boz zona”da bütün hərbi dəstələrin məhv edilməsi, tərk-silah olunması, Konstitusiya normalarının tətbiqi, bölgədə əmin-amanlığın bərqərar edilməsi, təhlükəsizliyin təmin olunması, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılması və bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirləri həyata keçirəcək”.

Hamısını oxu
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi

Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq, Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Bununla bağlı Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunmuş, birtərəfli qaydada onların bir hissəsi azad edilib. Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmış və digər hüquqları təmin edilib. Həmçinin, müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılmış və bütün mümkün başqa tədbirlər həyata keçirilib. Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunmuş və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar. Azərbaycan tərəfi bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq, əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.

Hamısını oxu
İsmayıl Əli oğlu İbrahimov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor İsmayıl Əli oğlu İbrahimov 2016-cı il iyulun 16-da ömrünün 101-ci ilində vəfat etmişdir.  İsmayıl İbrahimov 1915-ci il dekabr ayının 31-də Azərbaycanın Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1930–1935-ci illərdə Bakı şəhərində Sənaye Politexnik Texnikumunun mexanika fakültəsində oxumuş, 1935–1941-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində ali təhsil almışdır. 1941-ci ildə Azərbaycan Baş Energetika İdarəsində əmək fəaliyyətinə böyük mühəndis olaraq başlayan İsmayıl İbrahimov elə həmin il ordu sıralarına çağırılaraq 1942-ci ilədək Budyonnı adına Hərbi-Elektrotexniki Rabitə Akademiyasında təhsil almışdır. O, döyüşən ordu sıralarına göndərilmiş və cəbhədə bacarıqlı hərbi mütəxəssis kimi fərqlənərək batalyon komandirliyinə qədər yüksəlmişdir. İsmayıl İbrahimov İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra 1946–1988-ci illərdə Azərbaycan Sənaye İnstitutunda baş laborant, assistent, baş müəllim, dosent, professor və kafedra müdiri işləmişdir. O, 1960–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun rektoru vəzifəsini tutmuşdur. 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən İsmayıl İbrahimov 1978-ci ildə yenidən Azərbaycan Neft və Kimya İnstitutunun rektoru təyin olunmuş və 1988-ci ilədək həmin vəzifədə çalışmışdır. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. İsmayıl İbrahimov 1952-ci ildə texniki elmlər üzrə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-ci ildə isə professor adını almışdır. O, elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik İsmayıl İbrahimov uzun illər ərzində səmərəli elmi fəaliyyəti sayəsində Azərbaycanda kibernetika, idarəetmə sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının inkişafında mühüm xidmətlər göstərmişdir. Alim özünün çoxillik elmi yaradıcılığı ilə ölkədə neftayırma, neft-kimya emal qurğu və proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənib hazırlanaraq sənayedə tətbiqi işinə töhfələr vermişdir. Bu tədqiqatlar istehsalatın səmərəliliyinin yüksəldilməsi üçün lazımi zəmin yaratmışdır. İsmayıl İbrahimov 140-dan artıq elmi əsərin, o cümlədən 20-dək monoqrafiyanın, elmi-metodiki vəsait və dərsliklərin müəllifi idi. Alimin rəhbərliyi altında 40-dan çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə ölkə elmini layiqincə təmsil etmişdir. İsmayıl İbrahimov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə əlaqələndirmişdir. Alim respublikada və onun hüdudlarından kənarda tanınan mötəbər bir ali təhsil ocağına rəhbərlik etdiyi illər ərzində neftçi kadrların yetişdirilməsi və Azərbaycanın “neft akademiyası” kimi şöhrətinin artırılmasında böyük xidmətlər göstərmişdir. İsmayıl İbrahimovun ictimai fəaliyyəti də zəngin və təqdirə layiqdir. O, bir neçə çağırış Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş, uzun müddət Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri olmuşdur. Alimin fədakar əməyi yüksək qiymətləndirilmişdir. O, müxtəlif orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şərəf” ordeninə layiq görülmüşdür. Tanınmış ictimai xadim, alim və pedaqoq İsmayıl Əli oğlu İbrahimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!   İlham Əliyev Artur Rasizadə Oqtay Əsədov Ramiz Mehdiyev Elçin Əfəndiyev Hacıbala Abutalıbov Fatma Abdullazadə Akif Əlizadə Mikayıl Cabbarov Arif Mehdiyev Arif Paşayev İsa Həbibbəyli Tofiq Nağıyev İbrahim Quliyev Rasim Əliquliyev Telman Əliyev Maqsud Əliyev Çingiz Qacar Mustafa Babanlı

Hamısını oxu
“Novruz” bayramı münasibəti ilə Respublika Veteranlar Təşkilatının kollektivi adından təbrik

Novruz ümumxalq bayramı kimi əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Qədim dövrlərdən bəri  xalqın qeyd etdiyi bayramlardan biri də insanlara sevinc, həmrəylik, bərabərlik, mənəvi saflıq, xeyirxahlıq kimi keyfiyyətlər aşılayan Novruz bayramıdır. Bu bayram ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, iqtisadi inkişaf şəraitində təntənə ilə qeyd olunur. Bayram ərəfəsində Böyük Vətən müharibəsində həlak olanların, müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın unudulımaz xatirəsini hər zaman olduğu kimi böyük ehtiramla yad edirik. Bu gözəl bayramla bağlı başlıca niyyətimiz, arzumuz əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığı, Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahıdır. Respublika Veteranlar Təşkilatının kollektivi Azərbaycan xalqını, müharibə veteranlarını, şəhid ailələrini, torpaqlarımızın düşməndən qorunması uğrunda savaşda sağlamlığını itirmiş döyüşçülərimizi, əsgər və zabitlərimizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq.    Kollektiv adından:  Hörmətlə,  Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik                                                    T.Ağahüseynov

Hamısını oxu