Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının birliyinə töhfə verir

Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin hazırkı mərhələsini və qarşıdakı inkişaf istiqamətlərini dəyərləndirmək baxımından mühüm siyasi və iqtisadi mesajlarla zəngindir. Bu səfər yüksək səviyyəli siyasi dialoqun davamı ilə yanaşı, Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan daha dərin və çoxşaxəli iqtisadi inteqrasiyaya doğru irəlilədiyini nümayiş etdirən mühüm hadisədir.

Səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, çoxsaylı sənədlərin imzalanması, qarşılıqlı investisiya layihələrinin açılış və təməlqoyma mərasimlərinin təşkil olunması, prezidentlərin ali dövlət təltifləri ilə təltif edilməsi münasibətlərin siyasi, hüquqi, iqtisadi və humanitar əsaslarının paralel şəkildə möhkəmləndiyini göstərir. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi Dostluq haqqında Müqavilə”nin imzalanması isə münasibətlərin gələcək perspektivinə verilən siyasi əhəmiyyətin göstəricisidir.

Səfər zamanı həmçinin 2027–2028-ci illəri əhatə edən bir sıra əməkdaşlıq proqramları, sosial təminat, dövlət xidmətləri və şəhərlərarası qardaşlaşma münasibətləri üzrə sənədlər imzalandı. Prezident İlham Əliyevin “Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır” fikri təsadüfi qiymətləndirmə deyil. Bu, Özbəkistanın son illərdə keçdiyi iqtisadi və sosial transformasiyanın Azərbaycan tərəfindən yüksək səviyyədə müşahidə və təqdir edildiyini göstərir.

Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin qarşıdakı dövr üçün ən mühüm göstəricilərindən biri ikitərəfli ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılmasıdır. Prezident İlham Əliyevin bu hədəfi “uzaq bir xəyal” kimi deyil, bir neçə ildən sonra əldə olunacaq real nəticə kimi təqdim etməsi xüsusilə diqqət çəkir. Bu yanaşmanın arxasında konkret iqtisadi layihələr və artan qarşılıqlı investisiyalar dayanır. Əslində, 1 milyard dollarlıq ticarət dövriyyəsi məqsədlə yanaşı, daha böyük iqtisadi inteqrasiyanın başlanğıc mərhələsi kimi qiymətləndirilməlidir. Azərbaycan üçün burada əsas məsələ ticarətin yalnız həcmini deyil, strukturunu da dəyişməkdir.
Ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafı, ixracın şaxələndirilməsi və yüksək əlavə dəyər yaradan məhsulların dünya bazarlarına çıxarılması dövlət iqtisadi siyasətinin mühüm istiqamətlərindəndir. Özbəkistan bazarı isə bu baxımdan Azərbaycan sahibkarları üçün böyük perspektivlər yaradır. Eyni zamanda Özbəkistanın Azərbaycan üzərindən digər beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi iki ölkənin ticarət əlaqələrini ikitərəfli çərçivədən çıxararaq regional xarakterə gətirə bilər.

Azərbaycan–Özbəkistan əlaqələrinin əsas xüsusiyyətlərindən biri ticarət münasibətlərinin sürətlə investisiya əməkdaşlığı ilə tamamlanmasıdır. 23 avqust səfəri zamanı Özbəkistanda Azərbaycan sərmayəsi ilə həyata keçirilən müxtəlif layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bunun əyani göstəricisidir. Rəsmi məlumatlara əsasən, həmin gün enerji, tikinti materialları, bankçılıq, turizm, şəhərsalma, yanacaq infrastrukturu, dağ-mədən və kənd təsərrüfatı daxil olmaqla müxtəlif istiqamətlərdə layihələr təqdim edilib. Bu layihələrin müxtəlifliyi təsadüfi deyil. Əksinə, bu, Azərbaycan kapitalının artıq Özbəkistan iqtisadiyyatının müxtəlif sektorlarında iştirak etməyə başladığını göstərir.

İnvestisiya münasibətlərinin dərinləşməsi hər iki ölkənin iqtisadiyyatını bir-birinə daha sıx bağlayır. Lakin burada mühüm məsələ investisiyanın sadəcə maliyyə qoyuluşu kimi deyil, istehsal, məşğulluq, texnologiya transferi, ixrac və yeni dəyər yaratmaq vasitəsi kimi qiymətləndirilməsidir. Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələrin artması ölkəmizin kapital ixrac edən və regional iqtisadi layihələrdə iştirak edən dövlət kimi mövqeyini də gücləndirir.



Azərbaycan-Özbəkistan münasibətlərinin digər mühüm xüsusiyyəti iqtisadi tərəfdaşlığın yüksək mənəvi və siyasi etimadla tamamlanmasıdır. Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstək bu münasibətlərin xüsusi nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində iştirakının konkret nümunələridir. Bu əməkdaşlıq sadəcə investisiya layihəsi deyil. Bu, qardaş ölkənin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonrakı inkişaf prosesinə verdiyi siyasi və mənəvi dəstəyin ifadəsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ilk yardımın, ilk böyük sənaye layihələrindən birinin Özbəkistanla əlaqəli olması münasibətlərin xüsusi xarakterini göstərir. Bu əməkdaşlığın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda daha geniş investisiya layihələri ilə davam etdirilməsi həm regionun iqtisadi inkişafına, həm də Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin yeni mərhələsinə töhfə verə bilər.

Prezident İlham Əliyevin bəyanatındakı ən mühüm strateji tezislərdən biri Azərbaycanla Mərkəzi Asiyanın böyük potensiala malik vahid geosiyasi və geoiqtisadi region kimi təqdim edilməsidir. Bu yanaşma Azərbaycanın xarici iqtisadi siyasətində Mərkəzi Asiyanın artan rolunu aydın şəkildə göstərir. Azərbaycanın Xəzər dənizi üzərində yerləşməsi, inkişaf etmiş liman və nəqliyyat infrastrukturu, Avropa istiqamətində formalaşan logistika imkanları ölkəmizi Mərkəzi Asiyanın Qərbə çıxışı baxımından mühüm tərəfdaşa çevirir. Özbəkistanın böyük əhali və istehsal potensialı isə bu əməkdaşlığa əlavə iqtisadi məzmun gətirir. Bu baxımdan Orta Dəhliz sadəcə nəqliyyat marşrutu deyil. Onu gələcəkdə istehsal, logistika, ticarət, investisiya və xidmətlərin birləşdiyi böyük iqtisadi platformaya çevirmək mümkündür.

Azərbaycanın burada strateji marağı aydındır: ölkəmiz nəqliyyat dəhlizinin yalnız tranzit ölkəsi deyil, həmin dəhliz üzərində əlavə dəyər yaradan iqtisadi mərkəzlərdən biri olmalıdır. Özbəkistan üçün isə Azərbaycan üzərindən Avropa bazarlarına çıxışın genişlənməsi mühüm üstünlük yaradır. Beləliklə, iki ölkənin maraqları bir nöqtədə kəsişir. Sənaye kooperasiyası yeni iqtisadi mərhələnin əsasını qoya bilər, çünki Azərbaycan və Özbəkistanın iqtisadi potensialları bir-birini tamamlayan xüsusiyyətlərə malikdir.

Özbəkistan geniş daxili bazara, böyük əmək resurslarına və sənaye potensialına malikdir. Azərbaycan isə enerji, nəqliyyat, logistika, maliyyə və regional əlaqələr baxımından mühüm üstünlüklərə sahibdir. Bu potensialların birləşdirilməsi avtomobil sənayesindən kənd təsərrüfatına, qida emalından tikinti materiallarına, kimya sənayesindən dağ-mədən sektoruna qədər müxtəlif sahələrdə birgə istehsal imkanları yaradır.

Əsas məsələ birgə müəssisələrin sayını artırmaqla kifayətlənməməkdir. Bu müəssisələrin məhsuldarlığı, ixrac imkanları, texnologiya səviyyəsi və yerli iqtisadiyyata təsiri də əsas göstəricilər olmalıdır. Bu yanaşma Azərbaycan üçün xüsusilə vacibdir. Çünki iqtisadiyyatın şaxələndirilməsi yalnız yeni müəssisələrin yaradılması ilə deyil, yüksək əlavə dəyərli istehsalın və ixracın artırılması ilə mümkündür.

Azərbaycan-Özbəkistan münasibətlərində energetika ənənəvi və strateji istiqamətlərdən biridir. SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olması, neft-qaz kəşfiyyatı ilə bağlı layihələrin irəliləməsi bu sahədə əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Prezident İlham Əliyevin bildirdiyi kimi, neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə artıq son mərhələyə yaxınlaşılır və gələn il istismar quyularının qazılmasına başlanılması gözlənilir. Azərbaycanın enerji sektorunda topladığı təcrübənin Özbəkistanda tətbiqi ölkəmizin enerji şirkətlərinin beynəlxalq fəaliyyətinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, gələcək əməkdaşlıq yalnız neft və qazla məhdudlaşmamalıdır. Bərpaolunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi, yaşıl texnologiyalar və yeni enerji infrastrukturu da Azərbaycan-Özbəkistan tərəfdaşlığının perspektiv istiqamətlərinə çevrilə bilər.
İqtisadi əməkdaşlığın davamlı inkişafı üçün maliyyə sektorunun rolu da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bankının Özbəkistan bazarına daxil olması iki ölkə arasında iqtisadi münasibətlərin yalnız real sektorla məhdudlaşmadığını göstərir. Bankçılıq sahəsində əməkdaşlığın genişlənməsi şirkətlər üçün ödəniş, kreditləşmə, investisiya və maliyyə xidmətlərinə çıxışı asanlaşdıra bilər. Ticarət dövriyyəsi artdıqca maliyyə infrastrukturunun da buna uyğun inkişaf etdirilməsi zəruridir. Bu baxımdan qarşılıqlı bank iştirakının genişləndirilməsi Azərbaycan və Özbəkistan arasında iqtisadi inteqrasiyanın institusional əsaslarını möhkəmləndirə bilər.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələnin digər xüsusiyyəti əməkdaşlığın paytaxtlarla məhdudlaşmamasıdır. Regionlararası əməkdaşlıq forumlarının keçirilməsi, şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması və müxtəlif bölgələrdə layihələrin həyata keçirilməsi iqtisadi əlaqələrin daha geniş sosial bazaya malik olmasına imkan verir. Səfər çərçivəsində Xankəndi ilə Urgənc, Naxçıvan ilə Urgənc, Laçın ilə Buxara arasında qardaşlaşma münasibətlərinin yaradılması barədə protokolların imzalanması bu baxımdan mühüm addımdır. Xüsusilə Laçın–Buxara və Xankəndi–Urgənc kimi əlaqələr gələcəkdə yalnız mədəni-humanitar layihələrlə deyil, turizm, şəhərsalma, təhsil, sahibkarlıq və investisiya layihələri ilə də tamamlanmalıdır.
Dövlətlərarası münasibətlər birbaşa olaraq şəhərlər, regionlar, sahibkarlar və vətəndaşlar səviyyəsində də hiss olunan əməkdaşlığa çevrilə bilər. 23 avqust səfərinin ən mühüm siyasi nəticələrindən biri Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən “Əbədi Dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Bu sənəd iki ölkənin münasibətlərinin gələcək inkişafına dair siyasi iradəni daha aydın şəkildə ifadə edir.

Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi də təsadüfi deyil. Bu mexanizm iki ölkənin qarşılıqlı münasibətlərinin inkişaf strategiyasını müəyyənləşdirmək baxımından xüsusi rol oynayır. Şuranın yaradılması və ardıcıl iclaslarının keçirilməsi münasibətlərin şəxsi liderlər arasındakı yüksək səviyyəli dialoqdan institusional mexanizmlərə keçdiyini göstərir. Bu, dövlətlərarası münasibətlərin davamlılığı baxımından mühüm üstünlükdür.
Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı səviyyəsində əsas məsələ artıq yeni sənədlərin və yeni niyyətlərin elan olunması deyil. Əsas məsələ əldə olunan razılaşmaların konkret nəticələrə çevrilməsidir. İmzalanan hər bir sənəd yeni investisiyaya, yaradılan müəssisəyə, yeni iş yerinə, artan ixraca, genişlənən nəqliyyat imkanlarına və əhalinin rifahına xidmət etməlidir.
Bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi bu baxımdan yalnız statistik göstərici kimi qəbul edilməməlidir. Bu rəqəmin arxasında daha çox Azərbaycan məhsulunun xarici bazara çıxması, daha çox Özbəkistan sərmayəsinin Azərbaycana gəlməsi, daha çox Azərbaycan şirkətinin Mərkəzi Asiyada fəaliyyət göstərməsi və daha çox birgə istehsal müəssisəsinin yaradılması dayanmalıdır. Eyni zamanda Azərbaycan üçün iqtisadi əməkdaşlıqda milli maraqların qorunması əsas prinsip olaraq qalmalıdır. Qarşılıqlı investisiyalar ölkəmizin iqtisadi inkişaf prioritetlərinə, qeyri-neft sektorunun gücləndirilməsinə, ixrac potensialının artırılmasına, regionların inkişafına və yeni texnologiyaların cəlbinə xidmət etməlidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlərin əsas mahiyyəti bundan ibarətdir: Azərbaycan və Özbəkistan artıq bir-birinin inkişafını tamamlayan, regional proseslərə təsir göstərən iki mühüm dövlətə çevriliblər.

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, Özbəkistanın Mərkəzi Asiyada həyata keçirdiyi iqtisadi və sosial transformasiya ilə birləşdikdə daha böyük geoiqtisadi imkanlar ortaya çıxır. Bu əməkdaşlıq Azərbaycan üçün Mərkəzi Asiyada iqtisadi mövqelərin möhkəmləndirilməsi, Özbəkistan üçün isə Qərbə və Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından qarşılıqlı faydalıdır.
Ən mühüm məqam isə odur ki, bu münasibətlər yalnız dövlətlərarası siyasi iradəyə deyil, artıq real iqtisadi layihələrə söykənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Özbəkistan münasibətlərinin həm mənəvi, həm də maddi təməli möhkəmdir. Dünya siyasətində belə sintezə həqiqətən də nadir hallarda rast gəlinir. Bu üstünlükdən maksimum istifadə etmək üçün qarşıdakı dövrdə siyasi iradə konkret iqtisadi nəticələrlə tamamlanmalıdır.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

2026-08-25 14:20:00
546 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında Bakı və ətrafı rayonların və işğaldan azad edilən rayonların Veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib

05 fevral 2021-ci il tarixində Respublika Veteranlar Təşkilatında Bakı rayonların və Bakı şəhərində fəaliyyət göstərən işğaldan azad edilən rayonların Veteran təşkilatlarının sədrləri ilə Təşkilatın rəhbərliyinin görüşü keçirilib Ulu öndər heydər Əliyevin və şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükuta yad edilməsi ilə  başlayan tədbirdə Respublika Veteranlar Təşkilatının sədri II Dünya müharibəsi veteranı Fatma Səttarova çıxış etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Sədr Təşkilatın artıq qarşısında yeni vəzifələr dayandığını, zamanın tələblərinə uyğunlaşdırılması istiqamətində görülməli olan məsələlərə toxundu. Bütün qəbildən olan veteranlarına göstərilməli olan diqqət və qayğının artırılması, gələcək nəslin vətənpərvər ruhda yetişdirilməsində onların bilik bacarıqlarında istifadə edilməsinə diqqət yetirdi. Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov Təşkilatının qarşısında ciddi vəzifələrin durduğunu diqqətə çatdırıb, qurumun yerlərdə fəaliyyətinin gücləndirilməsinin, veteranları narahat edən problemlərin öyrənilərək müvafiq qurumların diqqətinə çatdırılmasının, beynəlxalq veteranlar təşkilatları ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, ölkə başçısının müvafiq Fərmanı ilə bütün yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradıldığını qeyd edərək, Veteranlar Təşkilatının həmin şöbələrlə əməkdaşlığının əhəmiyyətini bildirib. Rayon Veteran Təşkilatlarının sədrlərinə qrumlarla əlaqələrini genişləndirməyin vacibliyini tövsiyə etdi. Rayon Veteran Təşkilatlarının sədrləri çıxış edərək Təşkilatın veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işlərin daha da yaxşılaşdırılmasını vacib məsələrdən hesab etdilər. Göstərilən tapşırıqların dərhal həll ediləcəyini bildirdilər. Görüş iştirakçıları Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti təbliğ edəcəklərinə əminliklərini ifadə etdilər.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Anım Günündə tələbələrə ilk dərsi Şəhidlər Xiyabanında keçib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Anım Günündə tələbələrə ilk dərsi Şəhidlər Xiyabanında keçib.  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbləri ilə bir araya gələn dosent Cəlil Xəlilov, onlara 27 sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsinin hərb tariximizdəki rolu və şəhdilərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verib. Cəlil Xəlilov qeyd edib ki, xalqımızın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı üçün gənc nəsil öz qəhrəmanlarını tanımalı, onların həyat və döyüş yoluna bələd olmalıdır. Şəhdilər Xiyabanında gerçəkləşən dərs tələblər tərəfindən böyük maraqla qarşılanıb. Polkovnik Cəlil Xəlilov dərsin gedişatında tələbələri maraqlandıran suallara cavab verib, onlarla fikir mübadiləsi aparıb. Seymur ƏLİYEV

Hamısını oxu
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, səfirliyin və universitetin nümayəndələri, tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.   “İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan və Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Türkiyə münasibətlərinin qardaşlıq və həmrəylik nümunəsi olduğunu bildirən rektor bu birliyin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Hazırda qardaş ölkələr arasında münasibətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına uyğun inkişaf edir. Rektor qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin bugünkü səviyyədə inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri də mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi bu münasibətlərin daha bir nümunəsi idi.   Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edib. Səfir qeyd edib ki, qardaş ölkələr arasında münasibətlərin dərin tarixi olduğu üçün, bunu 30 ilə sığışdırmaq olmaz. Diplomat bildirib ki, Türkiyə və Azərbaycanın sevinci də, kədəri də bir olub. İstər Çanaqqala döyüşündə, istərsə də 1918-ci ildə Bakının işğaldan azad olunmasında biz bu birliyin, qardaşlığın şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaş Azərbaycanın yanında idi. Cahit Bağçı qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması qardaş ölkə münasibətlərinin zirvəsi oldu. Tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığını, birliyini və həmrəyliyini təsdiq edən mühüm sənəddir. Səfir vurğulayıb ki, qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras olaraq qalacaq. Tədbirdən sonra Cahit Bağçı tələbələrin və media nümayəndələrinin suallarını cavablandırıb.     Qeyd edək ki, səfirin bu formatda görüşü ilk dəfə məhz AzTU-da təşkil olunub.   

Hamısını oxu
Bir döyüşdə 20 düşmən əsgərini məhv edən qəhrəman: Pəncəli Teymurov!

Pəncəli Teymurov 1981-ci ilin 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Astara rayonu B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.   Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.   Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu edib: " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".   Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında düşmənlə təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində döyüşə girib və döyüş dostları- Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində iştirak edib. Şəxsi igidliyi ilə fərqlənən Pəncəli Teymurov 3 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub. Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırılıb.   Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli, ən böyük mükafatını 2015-ci ilin 24 iyununda alıb. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonundda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və 20-dən çox hərbçi məhv edib. Bu əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.  

Hamısını oxu