Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev Azərbaycan Veteran hərəkatının yaradıcısıdır.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 32 illik fəaliyyəti ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumdur. Hazırda sıralarında Böyük Vətən müharibəsi, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanlarının veteranları, məhəlli döyüşlərin iştirakçıları, arxa cəbhə veteranları, Leninqrad şəhərinin mühasirəsi iştirakçıları olmaqla, ümumilikdə 80 min nəfərə yaxın üzvü birləşdirir. Təşkilatımız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işini təbliğ edir, veteranların sosial müdafiəsi məsələlərinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verir. Bildiyimiz kimi, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında qəhrəmanlıq nümayiş etdirmiş veteranlarımıza ən yüksək diqqət və qayğının göstərilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə, xüsusilə 1970-80-ci illərdə respublikada bütün sahələrdə olduğu kimi veteran hərəkatında da canlanma yaranmış, bu hərəkat tədricən bütün ölkəni əhatə etmişdir. Belə ki, bütün rayon və şəhərlərdə veteran təşkilatlarının yaranmasına göstərdiyi kömək hərəkatın yüksəlişində başlıca rol oynadı. Şərəfli fəaliyyətinin 32 ilini geridə qoyan, 1987-ci ildə təsis olunan Respublika Veteranlar Təşkilatına həmin vaxt general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Lakin 1990-cı illərin əvvəllərində ölkədə yaşanan hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Məhz xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra veteranlar təşkilatının fəaliyyəti bərpa olundu, 9 May - Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edildi, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Onun veteranlara qayğı siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Veteranların sosial müdafiəsinin təminində cənab Prezidentin qayğısını xüsusi qeyd edərək bütün dövlət orqanlarının köməyini də yüksək qiymətləndiririk. Bu qayğının nümunəsi kimi Respublika Veteranlar Təşkilatına müasir avadanlıqlarla təchiz edilmiş inzibati binanın ayrılmasını və açılışında şəxsən cənab Prezident İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın iştirakını, müntəzəm imzalanan sərəncamlar əsasında 1941-1945-ci illər müharibəsi iştirakçılarına ayrılan birdəfəlik maddi yardımları, pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranlara və müharibə əlillərinə mənzil və avtomobillərin verilməsini, onlara Prezident təqaüdünün təsis edilməsini qeyd etmək olar. Səmərəli fəaliyyətin təşkilində göstərilən dəstəyə görə veteranlar adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Veteranlar bu qayğını daim yüksək qiymətləndirir, buna əməli işləri, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakları ilə cavab verməyə çalışırlar. Yaradılmış şəraitə görə dövlətimizin başçısına daim minnətdar olan veteranlar Prezidentimizin daxili və xarici siyasətini fəal dəstəkləyirlər. Respublika Veteranlar Təşkilatının Azərbaycan cəmiyyətinin həyatında müstəsna yeri və rolu var. Bu müstəsnalıq ondan irəli gəlir ki, təşkilatın sıralarında Azərbaycanın ən layiqli nümayəndələri, o cümlədən İkinci Dünya, Əfqanıstan, Qarabağ müharibələrinin iştirakçıları, Silahlı Qüvvələr və əmək veteranları birləşiblər. Veteranların keçdiyi döyüş və həyat yolu hər bir azərbaycanlı, xüsusən də gənclər üçün örnəkdir. Respublika Veteranlar Təşkilatı hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyət göstərir, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər bizi daha da ruhlandırır. Təşkilatımız xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrini genişləndirir. Dünya Veteranlar Federasiyası ilə çoxtərəfli əlaqələrimiz uğurla davam edir. Təşkilatın fəaliyyəti Dünya Veteranlar Federasiyası tərəfindən yüksək qiymətləndirilir. Təşkilat mütəmadi olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Son dövrlərdə “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” keçirilmiş beynəlxalq konfranslar və başqaları Təşkilatımızın beynəlxalq arenadakı mövqeyini göstərdi. Bu gün Respublika Veteranlar Təşkilatı dünyada Azərbaycan veteranlarını layiqincə təmsil edir. Təşkilat dünyada sülh və əminamanlığın qorunub saxlanılması üçün əlindən gələni əsirgəmir. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışır. Bu baxımdan cənab Prezidentin Valday forumunda və Aşqabaddakı çıxışları beynəlxalq münasibətlərdə milli maraqlarımızı qorumaqla yanaşı erməni təbliğatını ifşa edərək ölkəmizin haqq səsini bir daha dünyaya çatdırdı.  Bu, Prezident İlham Əliyevin, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisidir və biz veteranlar bundan qürur duyuruq. Prezidentin hər iki çıxışını bəyənir və ədalətli addımını dəstəkləyirik. Qeyd edim ki, Respublika Veteranlar Təşkilatı da öz növbəsində erməni neofaşizminin ifşa edilməsi ilə bağlı dünyanın elm, siyasət, din xadimlərinə bəyanatlar göndərməklə erməni xislətini və siyasətini beynəlxalq aləmdə yayır. Ölkəmizin inkişafında xüsusi yeri və rolu olan Respublika Veteranlar Təşkilatı və çoxsaylı veteranlar ordusu bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək, millətimizə, dövlətimizə və dövlətçiliyimizə sadiq olacaq.     general-polkovnik Tofiq Ağahüseynov Respublika Veteranlar Təşkilatının sədri

2019-10-15 00:00:00
2178 baxış

Digər xəbərlər

Müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə rayonlarda silsilə görüşlər keçirilib

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmaq məqsədi ilə həyata keçirdiyi  “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihəsi  çərçivəsində aprel ayının 12-də Cəlilabad, 13-də Masallı, 14-də isə Astara rayonlarında müharibə veteranları ilə görüşlər keçirdib. Müharibə vetereanlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə keçirilən görüşlərdə Birinci və İkinci Qarabağ Müharibəsi iştirakçıları və qazilər,  adı çəkilən rayonların icra hakimiyyətlərinin əməkdaşları, QHT sədrləri də iştirak ediblər. Görüşlərdən əvvəl layihənin fəaliyyət planına əsasən hər rayonda müharibə veteranları arasında sorğular keçirilib.               Yüksək səviyyədə təşkil olunmuş görüşlər zamanı aparılan müzakirələrdə ən çox diqqət və qayğıya ehtiyacı olan, Azərbaycan dövlətinin daim diqqət mərkəzində olan müharibə veteranlarının rifahının daha da yüksəldilməsi məqsədi ilə səmərəli və dəyərli təkliflər səslənib. 4 aylıq layihə çərçivəsində ictimai birlik görüşlər zamanı əldə olunmuş təklifləri və aparılmış sorğuların nəticələrini ümumiləşdirərək, təklif və tövsiyyələr hazırlayıb müvafiq dövlət qurumlarına təqdim edəcəkdir.    Layihə rəhbəri “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin sədr müavini polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və hər 3 rayonun icra hakimiyyətlərinin başçıların təşəkkürünü bildirib.    

Hamısını oxu
Şirvan şəhərində veteranlarla görüş keçirilib

9 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşəbbüsü ilə veteranlarla görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsini gül dəstələri ilə ziyarət edib əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra Şirvan Gənclər Evi Sosial xidmət müəssisəsində yaradılan Vətənpərvərlik klubu ilə tanış olublar. Şirvan Gənclər Evində keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkivnik Cəlil Xəlilov, millət vəkili İltizam Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə və əmək veteranları iştirak ediblər. Öncə Müstəqil Azərbaycan Dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının formalaşmasında, onun bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında Ümummilli lider, Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, veteranlarla bağlı dövlət səviyyəsində görülən işlərdən geniş danışıb. Müharibə veteranlarının cəmiyyətdə xüsusi nüfuza malik olduğunu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynadığını bildirib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən onların qaldırdıqları məsələlərin həllinə göstərilən davamlı diqqəti xüsusi vurğulayıb, Şirvan şəhərində də veteranların maddi-məişət şəraitinin yaxşılaşdırılması, onların şəhərin ictimai-siyasi həyatında yaxından iştirakına imkanların yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Həm II Dünya Müharibəsində, həm də I və II Qarabağ uğrunda gedən döyüşlərdə Şirvan şəhərindən iştirak edən gənclərin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi istiqamətində Şirvan şəhərində görülən işlərdən bəhs edib. Qeyd edib ki, “Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun şəhərin İsmət Qayıbov adına parkda və məzarı üzərində büstü ucaldılıb, adına küçə verilib, şəhər ərazisində qələbənin 50 illiyi şərəfinə abidə ucaldılıb. Birinci Qarabağ müharibəsində şəhid olmuş, 3 nəfər Azərbaycanın Milli Qəhrəmanın büstü qoyulub, adlarına məktəb, küçə verilib. 2020-ci ilin 27 sentyabrında erməni təxribatlarına və təcavüzünə qarşı əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində canından keçən 22 şəhid ümumxalq izdihamı ilə Şirvan Şəhidlər Xiyabanında dəfn edilib, qara mərmərdən qəbirüstü abidələri ucaldılıb. “Şəhid adının əbədiləşdirilməsi haqqında“ qanununa uyğun olaraq 5 şəhidin adı yaşadıqları küçələrə verilərək əbədiləşdirilib. Şəhidlərin xatirəsinə ehtiram olaraq ailələrinin yaşadıqları ərazidə, təhsil aldıqları məktəblərdə xatirə lövhələri ucaldılıb, şəhərin mərkəzi meydanında müasir monitor quraşdırılıb, monitorda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin fotoşəkilləri, barələrində məlumatlar davamlı olaraq təbliğ edilir. Şəhərdə 10 hektardan çox sahəsi olan Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkı ən müasir üslubda əsaslı təmir edilmiş, orada “Qarabağ” və “Zəfər” xiyabanı salınıb, Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin şərəfinə “Zəfər” abidəsi inşa edilib. “Şirvan Şəhidlər Xiyabanı” nda şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksi ucaldılıb”. İlqar Abbasov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində mühüm rolu olan veteran hərəkatının daha da güclənməsi üçün Şəhər İcra Hakimiyyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqpərvərliyə və bu cür tədbirin təşkilatçılığındakı köməkliyə görə Şirvan şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirib və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Vətənpərvərliyin təbliği, gənc nəslin azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsi istiqamətində Təşkilatın üzərinə düşən işin məsuliyyətindən bəhs edib. Şirvan şəhərində veteranlara göstərilən diqqət və qayğını və yerli veteran təşkilatlarının rolunu müsbət dəyərləndirib. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində dövlət başçısı ətrafında dəmir yumruq kimi birəşdiyini bildirən polkovnik Cəlil Xəlilov, bu gün də milli maraqların müdafiəsi, ölkəmizin çiçəklənməsi baxımından dövlətimizin ətrafında sıx birləşməyin zəruriliyini qeyd edib. Sədr müavini bildirib ki, gənc nəslin nümayəndələri, o cümlədən qazi və veteranlar milli maraqların müdafiəsində yaxından iştirak etməli, Prezident İlham Əliyevin tövsiyələrini öz fəaliyyətlərində rəhbər tutmalıdırlar. Millət vəkili İltizam Yusifov dövlət səviyyəsində aparıaln vətənpərvərlik və milli təəssübkeşlik hissinin düzgün aşılanmasının nəticəsi olaraq Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini bildirib. Bu sahədə veteranların da xüsusi rolunu qeyd edib. Sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şirvan şəhər şöbəsinin sədri Vaqif Qayıbov, əmək veteranı Məhərrəm Teymurov, Vətən müharibəsi əlili Elvin Abbasov, Vətən müharibəsinin veteranı Zaur Əhmədov ölkəmizdə veteranların hər tərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, eləcə də, veteranların gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyətindən bəhs ediblər. Onlara göstərilən həssas münasibətə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov veteranların sosial problemlərinin həlli, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində uğurlu fəaliyyətini nəzərə alaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, hörmətli polkovnik Cəlil Xəlilova Fəxri Fərman təqdim edib. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.  

Hamısını oxu
Cəlil Xəlilov: “Onun vəfatı Azərbaycan xalqı üçün böyük itkidir”

Xəbər verdiyimiz kimi, Azərbaycan xalqının dəyərli ziyalısı Soltan Məmmədov vəfat edib. Moderator.az-a açıqlamasında bu hadisəyə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Sultan Məmmədovun vəfatının bütün ölkə üçün böyük itki olduğunu vurğulayıb: “Soltan İsrafil oğlu Məmmədov Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimidir. Soltan Məmmədov hər zaman xalqına göstərdiyi diqqət və qayğı ilə yaddaşlarda özünün ali insani keyfiyyətlərinin daşıyıcısı olduğunu təsdiq etdi. El arasında ağsaqqal kimi ali titul qazandı. Yorulmaz fəaliyyəti, gərgin zəhməti dövlət tərəfindən də qiymətsiz qalmayıb. Səmərəli fəaliyyətinə görə "Şərəf nişanı”, "Xalqlar dostluğu” ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib. Bir həqiqət var ki, onun ən böyük mükafatı halal zəhməti ilə qazandığı el məhəbbətidir. Soltan Məmmədov Azərbaycan ictimai-siyasi həyatında fəal iştirak etmiş, müdrik ağsaqqal mövqeyi ilə seçilmişdir. O, Respublikamızın hər yerində hörmətli ağsaqqal kimi qəbul edilib, hörmət və ehtiramla qarşılanmışdır. O, ictimai xadim kimi respublikamızın inkişafi üçün əlindən gələni əsirgəməmiş, xüsusən Milli Məclisində İran İslam Respublikası ilə dostluq əlaqələrinin qurulmasında böyük rolu olmuşdur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin etimad göstərdiyi kadrlardan olan Sultan müəllim, həmişə Ulu öndərin ona olan etibarını layaqətlə, sədaqətlə daşımışdır. Respublika veteranlarının fəaliyyəti baxımından da Soltan müəllimin xidməti danılmazdır. Respublika Veteranlar Təşikilatı ilə hər zaman əlaqədə olmuş, Təşkilatın həyata keçirdiyi tədbirlərdə ağsaqqal ziyalı kimi iştirak edib, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsində əlindən gələni əsirgəməmişdir. Soltan Məmmədovun vəfatı Azərbaycan xalqı və ictimaiyyəti üçün böyük itki oldu. Onun xatirəsi həmişə onu tanıyanlar tərəfindən yad ediləcək, yaşadığı şərəfli ömür yolu hər bir Azərbaycan gənci üçün örnək olacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamları veteranlar tərəfindən də rəğbətlə qarşılanıb

Bakı, 23 yanvar, AZƏRTAC Əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” imzaladığı sərəncamlar ölkə veteranları tərəfindən də rəğbətlə qarşılanıb. Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, veteranları məmnun edən başlıca cəhət əhalinin, xüsusilə onun aztəminatlı və sosial müdafiəyə daha çox ehtiyac duyan hissəsi sayılan pensiyaçıların rifah halının ilbəil yüksəldilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində olmasıdır. Bu baxımdan son qərarlar ümumən ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb. Təşkilata müraciət edən ölkə veteranları Prezident İlham Əliyevin bu humanist addımını yüksək qiymətləndirir, onun əmək pensiyası alan veteranların maddi durumuna müsbət təsir göstərəcəyini xüsusilə vurğulayırlar. Veteranlar, həmçinin bildirirlər ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı insanların, eləcə də aztəminatlı ailələrin sosial problemlərinin həllinə daim qayğı və diqqətlə yanaşmasının növbəti təzahürüdür. Veteranlar Azərbaycan dövlətinin bütövlükdə ölkə vətəndaşlarının, xüsusilə veteranların sosial-maddi vəziyyətinin yaxşılaşması istiqamətində ardıcıl proqramlar həyata keçirdiyini, cari ildə də bu məsələlərin diqqətdə saxlanacağına əminliklərini ifadə ediblər

Hamısını oxu