Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusunda konfrans keçirilib

24 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Konfransda millət vəkilləri, ictimai-siyasi xadimlər, şəhid ailələri və veteranlar, müxtəlif dövlət qurumlarının nümayəndələri, ADPU və Odlar Yurdu Universitetinin tələbələri, şagirdlər və s. iştirak edib.

Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Vətən müharibəsi və lokal antiterror tədbirindən bəhs edən qısa videoçarx nümayiş edilib.

Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert  polkovnik Cəlil Xəlilov 27 sentyabr tarixinin önəminə toxunub:

“27 sentyabr 2020-ci il Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi xalqımızın milli iradəsini, dövlət-xalq birliyini və Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.  

Bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, dövlətimizin siyasi iradəsi və uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti xüsusi əhəmiyyət daşıdı. Vətən müharibəsi dövründə Azərbaycanın haqq mövqeyinin beynəlxalq müstəvidə müdafiə olunması və dövlətimizin milli maraqlarının qətiyyətlə qorunması da Zəfər tariximizin mühüm səhifələrindəndir.

Lakin bu Zəfər yalnız hərbi nəticə ilə məhdudlaşmır. Onun arxasında Azərbaycan xalqının həmrəyliyi, əsgər və zabitlərimizin fədakarlığı, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlığı və veteranlarımızın Vətən qarşısında xidmətlərindən gələn zəngin mənəvi irs dayanır.

Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə iştirakçılarına və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Veteranlarımızın da Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasında xüsusi rolu vardır. Onlar öz həyat yolu və xidmətləri ilə Vətənə sədaqət, dövlətə bağlılıq və vətəndaş məsuliyyətinin canlı nümunəsidirlər”.

Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Azərbaycanı zəfərə aparan tarixi yola nəzər salıb. Millət vəkili qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı bir dövlət kimi yox olmaqdan xilas edib:

“Ümummilli Liderin hakimiyyətə gəlməsi, onun çətin, mürəkkəb dövrdə atdığı addımlar Azərbaycanın bir dövlət kimi yox olmaq təhlükəsinin qarşısını aldı, müstəqilliyimizi əbədi etdi. Məhz Ulu Öndərin fədakarlığı, yürütdüyü uzaqgörən siaysət nəticəsində Azərbaycanı müstəqil bir dövlət kimi bütün dünya tanımış oldu. Ulu Öndər dövlətimizin müstəqilliyini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın inkişafını təmin etdi, Azərbaycanda peşəkar ordunun formalaşmsına nail oldu. Nəticədə, Prezident İlham Əliyev 2020-ci ildə ata vəsiyyətinə, xalqımızın və dövlətimizn maraqlarına dərin sadiqlik nümayiş etdirərək 44 günlük Vətən müharibəsində erməni ordusunu darmadağın edərək işğadakı torpaqlarımızın azadlığına nail oldu”.

Konfransda çıxış edən millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev də, 8 Noyabr zəfərinin tarixi əhəmiyyətinə diqqət çəkib, zəfərə gedən yolun çətinliklərindən danışıb:

“Zəfərə gedən yolumuz heç də hamar olmayıb. Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ailələri, övladları, valideynləri bizim üçün müqəddəsdir. Biz qazilərimizə də öz dərin ehtiramımızı bildiririk. Onlar Azərbaycanın bugünkü qalibiyyətinin təmsilçiləridir.

Azərbaycanın qalibiyyətini səciyyələndirən bir sıra amillər oldu ki, onlardan ilki Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, bunun nəticəsində siyasi sabitliyin yaranması oldu. Siyasi sabitlik iqtisadiyyatın inkişafına, bu isə öz növbəsində Silahlı Qüvvələrimizin güclənməsi üçün etibarlı zəminin formalaşmasına səbəb oldu. Nəticədə, Azərbaycan xalqı 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək onları işğaldakı torpaqlardan qovdu, respublikamızın ərazi bütövlüyü təmin olundu”.

Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor  Sudeyf İmamverdiyev işğal dönəmində Azərbaycan xalqının düçar olduğunu məhrumiyyətlərə toxunub. Professor qeyd edib ki, məhz xalqın təkidi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etdi, eləcə də 8 Noyabr zəfərinin təmini üçün ciddi zəmin formalaşdırdı.

Ağsaqqallar Şurasının sədr müavini - Azərbaycan Respublikası Auditorlar Palatasının sədri profesor Vahid Novruzov 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda başa çatan 44 günlük Vətən müharibəsinin regional sülhün təmin edilməsinin önəmini vurğulayıb. Professor qeyd edib ki, məhz 2020-ci ilin 10 noyabrında Ermənistanın kapitulyasiyaya vadar edilməsi Cənubi Qafqazda etibarlı sülhün bərqərar olmasını təmin etdi.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli Azərbaycan xalqının tarixi qəhrəmanlıq yoluna nəzər salaraq, 8 Noyabr zəfərini hərb tariximizin ən böyük, həlledici qələbələrindən biri kimi dəyərləndirib.

Türk Dünyası Qadın Şairlər Birliyinin sədri Xuraman Muradova da Prezident İlham Əliyevin ldierliyi altında xalqımızın imza atdığı 8 Noyabr zəfərinin önəminə toxunub, bu zəfərin regiona sülh və ədalət gətirdiyini vurğulayıb, xalqı bundan sonra Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyə səsləyib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Seymur ƏLİYEV

2026-09-24 15:15:00
166 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Binəqədi rayon veteranları ilə görüşüb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakının Binəqədi rayonu ərazisində yaşayan bir qrup veteranla görüşüb. Binəqədi rayon icra başçısının müavini Sevinc Süleymanovanın da iştirak etdiyi görüşdə, veteranlara olan dövlət qayğısından bəhs edilib, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən danışılıb.   Dövlətin şəhid ailəlrinə, qaziləri daim diqqət mərkəzində saxladığını bildirən polkovnik Cəlil Xəlilov, veteranların da öz növbəsində dövlət siyasətini, milli maraqları, ölkə başçısının çağırışlarını qətiyyətlə dəstəklədiklərini qeyd edib. Sədr müavini bildirib ki, veteranlar bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşməkdə, ona dəstək verməkdə davam edəcək.   Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova da öz çıxşında dövlətin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərdiyini, bu kateqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşdığını bildirib. Binəqədi Rayon İcra Hakimiyyəti olaraq rayon ərazisindəki veteranları, şəhid ailələrini daim diqqət mərkəzində saxladıqlarını vurğulayan Sevinc Süleymanova şəhid ailələrinə, veteranlara qayğı göstərməyin hər bir vətəndaşın ilk növbədə mənəvi borcu olduğunu qeyd edib.   Görüş əsnasında çıxış edən veteranlar ölkə başçısının böyük qələbədəki rolundan danışıb, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altıdna qazandığı tarixi zəfərin əsrlər sonra da qürur və rəğbət hissi ilə xatırlanacağını bildiriblər.   Tədbirin sonunda əmək veteranı Teyyub Həsənov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon təşkilatının sədri seçilib.   Görüşdə  Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, təşkilatın mətbuat katibi Seymur Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, onun  müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov və digər şəxslər də iştirak edib.

Hamısını oxu
Dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğı qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir

Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. Prezidentin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi iclasda Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov səhhəti ilə əlaqədar vəzifədən azad edilib. Rəyasət Heyəti üzvlərinin yekdilliklə qəbul etdikləri qərara əsasən, İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinə seçilib. AZƏRTAC xəbər verir ki, Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun qarşısına qoyulan vəzifələrdən və məqsədlərdən danışıb. O bildirib ki, dövlətin veteranlara göstərdiyi dəstək, diqqət və qayğı qarşıya qoyduğumuz bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Rəyasət Heyətinin iclasında görülən işlərlə yanaşı, gələcək fəaliyyətlərdən də ətraflı bəhs edilib: “Prezidentin köməkçisinin gələcək fəaliyyətimizlə bağlı verdiyi dəyərli tövsiyələr, səsləndirdiyi fikirlər təşkilatımız üçün əlavə məsuliyyət deməkdir. Biz qarşıdakı fəaliyyətimizdə bunlardan faydalanacaq, hər addımımızda bu tövsiyələri rəhbər tutacağıq”. C.Xəlilov bildirib ki, Respublika Veteranlar Təşkilatının bu illə bağlı ciddi plan və proqramları mövcuddur. Bura veteranlarla əlaqəni intensivləşdirmək, onların bilik və bacarığından cəmiyyətimizin maksimum faydalanmasını təmin etmək, dövlətimizin siyasətinin müxtəlif platformalarda daha səmərəli müdafiəsini həyata keçirmək, Vətən müharibəsində böyük igidliklərə imza atan qəhrəmanlarımızı ictimaiyyətə yaxından tanıtmaq, digər təşkilat və qurumlarla əməkdaşlığı daha da inkişaf etdirmək daxildir. “Veteranlarımız Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir. Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Hər kəs əmin ola bilər ki, veteranlarımız hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin mənafeyini, ölkə başçısının siyasətini qətiyyətlə dəstəkləyəcək, xalqımızın mili maraqlarının təmini məsələsində fədakarlıq göstərəcək”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu
İlham Əliyev Əfv Məsələləri Komissiyasının yeni tərkibini təsdiq etdi - SƏRƏNCAM

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli sərəncamında dəyişiklik edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.   Sərəncama əsasən, Əfv Məsələləri Komissiyasının sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev olub.  Bundan başqa, Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev və Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Komissiyanın katibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova olub.  Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə təbrik edib. Veteran.gov.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli Mehriban xanım! Sizi ad gününüz münasibəti ilə bütün veteranlar adından təbrik edir, xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Sizin istər Birinci vitse-prezident, istərsə də Heydər Əliyev Fondunun Prezidenti kimi bütün kateqoriyadan olan vətəndaşlara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyiniz diqqət və qayğı, onlara münasibətdə sərgilədiyiniz sevgi və həssaslıq bütün cəmiyyətdə rəğbət və məmnunluqla qarşılanmaqda, Sizə olan ümumxalq sevgisini artırmaqdadır. Sizin rəhbərliyiniz altında həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr yüz minlərlə insanın sosial rifahına bilavasitə təsir göstərməkdə, ölkəmizin çiçəklənməsinə, onun inkişafına xüsusi töhfə verməkdədir. Sizin rəhbərliyinizlə həyata keçirilən humanitar aksiyalar, mədəni tədbirlər sadəcə respublikamızı deyil, onun hüdudlarından uzaqları da əhatə etməkdə, bütün dünyaya Azərbaycan xalqının humanizmini, bəşəri dəyərlərini tanıtmaqdadır. Hörmətli Mehriban xanım! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq əminik ki, Prezident İlham Əliyevin və Sizin rəhbərliyiniz altında dövlətimizin uğurlu inkişafı davam edəcək, vətənimiz Azərbaycan öz tarixi nailiyyyətləri, sürətli tərəqqisi ilə bütün dünyanı bundan sonra da heyrətləndirəcəkdir. Bir daha ad gününüzü təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayırıq”.   Dərin  hörmətlə, Rəyasət Heyəti adından   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri                              Müharibə və əmək veteranı, Prezident  təqaüdçüsü  Fatma Səttarova  

Hamısını oxu