Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən üçün nur saçan ömür

44 günlük Vətən müharibəsi və bir gün davam edən antiterror tədbirləri ilə tarixə şərəfli səhifələr yazan Qarabağın və Şərqi Zəngəzurun azadlığı heç vaxt unudulmayacaq.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı və siyasi qətiyyəti ilə başlayan qanlı-qadalı döyüşlərin getdiyi günlərdə Vətənin müdafiəsi səngərlərlə sərhədlənmədi. Düşmən ölkədən fərqli olaraq bütün Azərbaycan döyüşürdü. Bu müharibədə hər kəs öz yerində Vətən üçün mübarizə aparırdı. Bir tərəfdə əli silahlı əsgər torpağı işğaldan azad edir, digər tərəfdə əli bıçaqlı həkim yaralı döyüşçünün həyatını və gələcəyini qoruyurdu. Səngərdə açılan atəşlə əməliyyat otağında edilən hər kəsik Vətəni qorumaq və Vətən oğullarını həyata qaytarmaq məqsədi daşıyırdı.

Müharibənin görünən qəhrəmanları qədər görünməyən qəhrəmanları da vardı. Onların döyüş meydanı əməliyyat otaqları, silahları tibbi alətlər, qələbələri isə yaralı əsgərin həyata, işığa və doğma torpağın səmasına qayıtması idi. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, məşhur həkim-cərrah Qurban İsmayılov Vətənin keşiyində cərrah bıçağı ilə dayanmışdı. Qarabağ savaşının adsız qəhrəmanlarından biri kimi onun əlindəki cərrah bıçağı Vətən uğrunda yaralanmış gözlərə həyat və işıq qaytarırdı. Onun üçün əməliyyat otağı adi iş yeri, hər cərrahi müdaxilə sadəcə tibbi prosedur deyildi. Hər əməliyyat bir qazinin həyata, işığa və azad etdiyi Vətənin səmasına yenidən baxmaq ümidinə çevrilirdi.

Saysız-hesabsız qazilərimizin gözlərinin müalicəsində və əməliyyatında iştirak edən Qurban İsmayılov onlara uğrunda qan tökdükləri, azadlığı üçün canlarından keçməyə hazır olduqları Vətəni yenidən görmək səadətini yaşatdı. Onun cərrah bıçağının ucunda bir qazinin taleyi, bir ailənin ümidi, bir Vətən oğlunun sabahı vardı. Gözlərə qayıdan hər işıq əslində, Qarabağın azadlığına açılan bir pəncərə idi.

Bir qazinin gözlərini açıb üçrəngli bayrağa baxması, azad Qarabağın səmasını seyr etməsi, doğma torpağın üzərində dalğalanan mübarək və müqəddəs bayrağın rənglərini görməsi sözlə ifadəsi çətin olan bir duyğudur. O gözlər vaxtilə döyüş meydanında qan görmüşdü, indi isə Ali Baş Komandanın qətiyyəti ilə Zəfəri görürdü. O gözlər Vətənin ağrısını yaşamışdı, indi Vətənin azadlığının sevincini yaşayırdı. Qurban İsmayılovun qaytardığı işıq gözün yaratdığı işıq ilə bitmirdi. Hər əməliyyat bir qazinin həyatına yeni səhər açır, hər uğurlu müdaxilə Qarabağın azadlığı uğrunda verilmiş mübarizənin davamına çevrilirdi. Çünki Vətən uğrunda döyüşən bir Vətən oğluna azad etdiyi torpaqları öz gözləri ilə görmək səadətini bəxş etmək, onun qəhrəmanlığının ən gözəl davamı və həm də fövqəladə qəhrəmanlıqdır!

Bu böyük fədakarlığı bizim sevimli həkimimiz Qurban İsmayılov bacardı. Yüksək təhsili, misilsiz peşəkarlığı və şəfa verən əlləri ilə yaralı gözlərə işıq, qazilərin həyatına ümid, ailələrinə sevinc bəxş etdi. Onun hər əməliyyatı gözə nur qaytarmaqdan çox-çox böyük idi. Qurban İsmayılov hər bir qazinin gözlərini həyata açmaqla əslində, onu azad etdiyi Vətənlə yenidən görüşdürürdü.

Bir vaxtlar döyüş meydanında Qarabağın azadlığı uğrunda qan tökən gözlər indi azad Qarabağın səmasına açılırdı. Şuşanın dağları, Xankəndinin küçələri, üçrəngli bayrağın əzəməti həmin baxışların qarşısında canlanırdı. Həkimin cərrah bıçağı ilə qazinin gözlərinə qaytardığı işıq bir ömrün ən böyük mükafatını, Zəfəri öz gözləri ilə seyr etmək səadətini bəxş etdi. Bir həkim, bir qazi, bir Vətən övladı üçün bundan böyük xoşbəxtlik nə ola bilərdi? Biri şəfa verən əlləri ilə işığı qaytardı, digəri həmin işıqla uğrunda döyüşdüyü Vətənə yenidən baxdı.

Qurban İsmayılovun əlləri ilə qaranlıqdan işığa çıxan hər baxış Qarabağın azadlıq tarixinin canlı şahidinə çevrilirdi. O gözlər bir vaxtlar döyüşün dəhşətini yaşamışdı, indi isə Zəfərin möhtəşəmliyinə şahidlik edirdi. Bir vaxtlar yaralı və ağrılı baxışların yerində indi azad Vətənin səması vardı. Həkimin əlləri ilə qazi gözləri arasında yaranan bu müqəddəs duyğunun adı şəfa qədər Vətən sevgisi idi.

Qurban İsmayılovun qəhrəmanlığı məhz burada ucalırdı. O, Vətən uğrunda yaralanmış gözlərə nur qaytarmaqla qazilərə öz Zəfərlərini seyr etmək səadəti verdi. Onun cərrah bıçağından keçən hər işıq bir qazinin baxışında Qarabağa açılan pəncərə oldu. Həmin pəncərədən azad Vətənin səması görünürdü.

Yorulmadan, usanmadan Vətən eşqi ilə həmin ağrılı günlərdə əməliyyat otaqlarında fasiləsiz çalışan bu alicənab həkimimiz hər dəfə qaranlığa qalib gəldi. O, Azərbaycan əsgəri kimi öz döyüş mövqeyini sonadək qorudu, qarşısındakı hər ağrını səbrlə dəf etdi, hər qazi üçün yeni bir sabaha yol açdı. Döyüşçülər arasında ən yaxşı həkim, həkimlər arasında ən yaxşı döyüşçü kimi Vətənə xidmətin özünəməxsus örnəyini yaratdı. Onun döyüş meydanı əməliyyat otağı, silahı cərrah bıçağı, savaşı isə bir qazinin taleyini xilas etmək idi.

Bu özünəməxsus keyfiyyətlərinə görə oftalmologiya üzrə böyük alimimizin təbliğata da ehtiyacı yoxdur. Çünki peşəkar cəmiyyət üçün təbliğ olunmur, təqdir olunur. Cəmiyyət və tibb üçün nümunə sərgiləyən Qurban İsmayılovun Vətən üçün gördüyü işlər fərəh doğurur. O, zülmətə, qaranlığa qarşı mübarizədə qalibdir. Bütün milli problemlərini həll edərək gələcəyə inamla addımlayan sevimli Azərbaycan kimi!

 V. Əliyev,

yazıçı

2026-09-27 12:17:00
34 baxış

Digər xəbərlər

“ABŞ Azərbaycana münasibətdə siyasi riyakarlıq və mənəviyyatızlıq sərgiləyir”

“ABŞ Azərbaycana münasibətdə siyasi riyakarlıq və mənəviyyatızlıq sərgiləyir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov deyib. Təşkilat sədri qeyd edib ki, “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsinin müəllifi olan ABŞ konqresmeni Adam Şiffin məlum təşəbbüsü bu ölkənin Azərbaycana qarşı ədalətsiz münasibətinin təsdiqidir: “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsi ABŞ-ın dünyanın digər bölgələrində olduğu kimi, regionumuzda baş verən hadisə və proseslərə də beynəlxalq hüquq aspektindən deyil, öz maraqları baxımından yanaşdığını göstərir. Bu akt bir daha sübut edir ki, Ağ Ev ədalətin təntənəsində deyil, öz dövlət maraqlarının təminində maraqlıdır və bunun üçün beynəlxalq qanunları ayaq altına atmaqda əsla tərəddüd etmir. Bu baxımdan, ABŞ konqresmeni Adam Şiffin müəllifi olduğu “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsi ABŞ-ın Azərbaycana qarşı növbəti ədalətsiz münasibəti, tarixi-siyasi reallıqların təhrifidir. Bir faktı da qeyd edim ki, 2023-cü ildə lokal antiterror tədbirlərindən sonra Qarabağa səfər edən BMT missiyası bu ərazidə Azərbaycan Ordusunun heç bir mülki infrastruktura ziyan vurmadığını, mülki əhalinin anti-terror tədbirlərindən zərər görmədiyini vurğulamış, bunu öz hesabatına daxil etmişdir. BMT-nin məlum hesabatı Adam Şiffin hazırladığı qanun layihəsinin absurd olduğunun isbatıdır”. Polkovnik Cəlil Xəlilov Cəbrayıl şəhərində sakinlərlə görüşündə Prezident İlham Əliyevin ABŞ əleyhinə səsləndirdiyi tənqidlərə də toxunub: “Bildiyiniz kimi, Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə ABŞ-ın Azərbaycan əleyhinə siyasətini tənqid etdi, bu siyasətin əsl mahiyyətini ortaya qoydu. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, ABŞ lazım gələndə sanksiya tətbiq edir, lazım gələndə isə onu müvəqqəti olaraq ortadan qaldırmaqla dost maskasını taxır. Bütün bu davranışlaırn kökündə isə ABŞ maraqlarının müdafiəsi dayanır. Şübhəsiz, hər bir dövlət öz milli maraqlarının keşiyində durur və burada qeyri-adi heç nə yoxdur. Lakin bu maraqları beynəlxalq hüququ pozmaq, haqlı tərəfə münasibətdə ədalətsiz mövqe sərgiləmək, qanun və demokratiya anlayışlarını imitasiya etmək hesabına təmin etmək yolverilməzdir. Bu, əxlaqi baxımdan olduğu kimi, siyasi etika baxımından da qəbuledilməzdir. Ağ Ev bilməlidir ki, bu cür ikili, riyakar siyasət ABŞ-ın öz imicinə mənfi təsir edir və onu gözdən salır. Və çətin ki, ABŞ bu cür siyasətlə bölgəmizdə və dünyada hörmət qazana bilsin”.

Hamısını oxu
“Azərbaycanda nizami ordunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır”

Cəlil Xəlilov: “Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri sonsuz və əbədidir”   Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib. Polkovnik qeyd edib ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın nizami ordusunu formalaşdırması ilə bağlıdır: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik tariximizdə bir sıra ilklərə imza atdığı heç kimə sirr deyil. Bu cür ilklərdən biri də ölkəmizdə nizami ordunun formalaşdırılması ilə əlaqədardır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqillik əldə etsə də, nizami ordu mövcud deyildi. Ayrı-ayrı silahlı dəstələr, yerli özünümüdafiə batalyonlarının hər bir öz imkanları daxilində erməni işğalına müqavimət göstərməyə çalışırdı. Nizami ordunun və vahid komandanlığının mövcud olmaması bu qüvvələri birləşdirməyə, düşmənə qarşı sistemli mübarizə aparmağa, hərbi əməliyatları bir mərkəzdən idarə etməyə imkan vermirdi. Məhz bu səbəbdən də düşmən irəliləyir, Azərbaycan xalqına məxsus tarixi torpaqları zəbt edirdi. Ümummilli lider Heydər Əliyev nizami ordu formalaşdırmaqla bu problemi həll etdi. Bütün silahlı dəstələr, özünümüdafiə batalyonları nizami ordunun tərkibində birləşdi. Vahid komandanlıq yaradıldı. Ordunun ehtiyaclarının qarşısılanması, onun maddi-texniki təminatının, silah təchizatının, peşəkarlığının artıırlması istiqamətində ciddi addımlar atıldı. Qısa bir müddətdə  Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda düşmənə layiqli cavab verən, onun hücum əməliyyatlarını dayanmdıran nizami ordu formalaşdırıldı”. Polkovnik qeyd edib ki, nizami ordunun formalaşmasında Heydər Əliyevin sovet dönəmində yetişdirdiyi milli hərbi kadrlar həlledici rol oynayıb: “Təbii ki, nizami ordu quruculuğunun həyata keçirilməsi asan məsələ deyildi. Bunun üçün ilk növbədə peşəkar kadrlara ehtiyac duyulurdu. Bu məsələdə bir daha Ulu öndərin uzaqgörənliyi öz sözünü dedi. Hələ sovet dönəmində  Azərbaycanda hərbi məktəblər açan, o cümlədən azərbaycanlı gəncləri keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almağa göndərən Heydər Əliyev, nizami ordu quruculuğu prosesində hərbi kadrlara olan ehtiyacı məhz həmin kontingent hesabına təmin edə bildi. Eyni zamanda, yüzlərlə gənc hərbi təhsil almaq məqsədi ilə dünyanın müxtəlif dövlələrinə göndərildi. Bütün bu tədbirlər nəticəsində, bəlli bir müddətdən sonra Azərbaycan ordusunda hərbi kadrlara olan ehtiyac təmin edildi.Bir tək bu fakt sübut edir ki, Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri sonsuz və əbədidir”. Sədr müavini bildirib ki, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər Azərbaycan Ordusunu dünyanın ən qüdrətli orduları sırasına çıxardı ki, məhz bu ordu Qarabağ probleminin hərbi yolla həllinə nail oldu: “Heydər Əliyevin ordu quruculuğui siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən Müharibəsində düşmənin  44 gün içində darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük isbatıdır. Prezident İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti, heç şübhəsiz, erməni işğalına son qoyması, 8 noyabr zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu böyük zəfər bütün Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq. 8 noyabr zəfərinin önəmi sadəcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmır. Bu zəfər Azərbaycan xalqının özünə olan daxili  inamının, mənəvi gücünün, tapdanmış heysiyyatının bərpası demək idi. Və bizə bu böyük sevinci, bu böyük qürur hissini məhz möhtərəm prezidentimiz yaşatdı. Xalqımızın hər bir fərdi kimi mən də əminəm ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirəcəkdir. Veteranlarımız bu böyük, müqəddəs işdə bu günə qədər olduğu kimi, bundan sonra da prezidentimizi dəstəkləməkdə davam edəcək, onun siyasətini qətiyyətlə müdafiə edəcəkdir”.  

Hamısını oxu
Çexiya Respublikasinin Azərrabycan Respublikasındakı səfiri Respublika Veteranlar Təşkilatında olub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab  Milan Ekertin başçılıq etdiyi nümayəndə heyəti ilə 25 fevral 2020-ci il tarixində görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara dövlət tərəfindən göstərilən qayğı, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı barədə ətraflı məlumat vermişdir. O, həmçinin Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmış, Çexiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün belə görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Təşkilatın sədri Tofiq Ağahüseynov Qələbənin 75 illiyi ərəfəsində keçirilən bu görüşün əhəmiyyətindən danışmışdır. İkinci Dünya müharibəsi veteranı general-polkovnik Tofiq Ağahüseynov Çexiyada 7 il hərbi xidməti barədə eləcə də, bu ölkə və çex xalqı ilə bağlı xoş xatirələrini bölüşmüşdür.   Görüş iştirakçılarına milli Azərbaycan diviziyalarının zəfər yolu barədə geniş məlumat verən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmin dövrdə Çexoslovakiya ərazisində, xüsusilə Praqa şəhəri uğrunda gedən döyüşlərdə həmyerlilərimizin göstərdikləri şücayətdən bəhs etmişdir. O, İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Qırmızı Bayraq və II dərəcəli Suvorov ordenləri ilə təltif edilmiş 416-cı milli diviziyanın Bakıdan Praqaya qədər 5000 km. döyüş yolu qət edərək, Çexoslovakiya ilə yanaşı, daha 5 Avropa ölkəsinin – Rumıniya, Bolqarıstan, Yuqoslavinya, Macarıstan, Avstriyanın faşizmdən azad edilməsindəki şücaətindən danışmış, diviziyanın zabit və əsgərlərindən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adının verildiyini bildirmişdir. Qonaqlara 223-cü milli atıcı diviziyanın 1942-ci ilin yayında Şimali Qafqazdan başlayan döyüş yolunun Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriyadan keçməsi, diviziyanın 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olması və mayın 12-də Amerika ordusunun hərbi hissələri ilə görüşməsi yada salınmış, onun döyüşçülərindən 3483 nəfərinin müxtəlif orden və medallarla təltif edilməsi, 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adının verildiyi bildirilmişdir. Qonaqlara Çexoslavakiyanın azadlığı uğrunda döyüşlərdə fərqlənmiş 77-ci Azərbaycan diviziyası barədə də məlumat verimişdir.  Səfir Milan Ekert Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə səmimi görüşə və ətraflı məlumatlara görə minnətdarlıq etmiş, Azərbaycan Respublikasının dövlət orqanları və ictimai təşkilatları ilə Çexiyanın müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığının faydalı və arzuedilən olduğunu bidirmişdir. O, Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş bütün insanların xatirəsinin çex xalqı üçün daim əziz olduğunu xüsusi vurğulayaraq,  İkinci Dünya müharibəsində faşizm üzərində Qələbəninin 75 illik yubileyinin yaddaqalan olacağını qeyd etmişdir.  Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.  

Hamısını oxu
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram:1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 28 sentyabr 2020-ci il.

Hamısını oxu