Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hərbi Prokurorluğun rəhbərliyi Zəfər günü münasibətilə gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb

8 noyabr – Zəfər günü münasibətilə Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə yeni başlamış gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb. 

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi zəfərin əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında göstərilən qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub.

Tədbir iştirakçıları Vətən uğrunda canlarında keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr və şəhid ailələrinə sovqatlar təqdim olunub.

 

 

2026-11-06 16:36:00
29 baxış

Digər xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib ...

Bakı, 10 noyabr, AZƏRTAC Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. Prezident İlham Əliyevin   müraciəti -Əziz həmvətənlər. Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. İstərdim ki, bəyanatın mətni ilə sizi tanış edim: “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının   baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik: 1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar. 2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. 3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. 4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. 5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. 6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilir. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. 7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır. 8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. 9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat-kommunikasiyalarının inşası təmin ediləcək. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının Prezidenti”. X X X Əziz həmvətənlər, əziz bacılar və qardaşlar. Bu bəyanatın tarixi əhəmiyyəti var. Bildirməliyəm ki, bu bəyanat videokonfrans şəklində imzalanmışdır və ilk mərhələdə 3 ölkənin başçısı bu videokonfrans vasitəsilə bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ona görə bu bəyanatı videokonfrans formatında Rusiya Prezidenti və mən imzalamışıq və bu bəyanat rus dilində tərtib edilibdir. Mənim burada imzam var, bu sənəd bu imzalamadan sonra Rusiya səfirinə təqdim edilib və Rusiya və Ermənistan dövlət, hökumət başçıları bu sənədi imzalayacaqlar. Bir daha demək istəyirəm ki, Ermənistan baş naziri Paşinyanın bu hərəkəti başadüşüləndir. Halbuki hesab edirəm ki, hər bir insan öz əməllərinə görə cavab verməlidir. Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır! Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Hər dəfə işğal altında olan hansısa rayon, şəhər işğaldan azad ediləndə mən o şəhər və rayonların sakinlərini təbrik edirdim, təsəvvür edirəm ki, onların həyatında bu nə deməkdir. Onların bəziləri, bəlkə də bir çoxları görəndə ki, uzun illər ərzində məsələ öz həllini tapmır artıq ümidlərini itirmişdilər. Mən son 17 il ərzində köçkünlərlə çoxsaylı görüşlərimdə, onlar üçün yeni evlərin təqdimat mərasimlərində görürdüm ki, ildən-ilə onların ümidləri azalır. Görürdüm, ürək ağrısı ilə bunu görürdüm. Görürdüm ki, artıq onların bəziləri ümidlərini itirib. Bəli, təşəkkürünü bildirirdilər, təbii ki, onlara yaxşı şərait yaradılırdı, onların problemləri həll olunurdu. Bilirsiniz ki, məcburi köçkünlər üçün Azərbaycanda görülən işlər heç bir başqa ölkədə görülmür. Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır və məndən xahiş edirdilər, cənab Prezident, qaytar bizi. Mən də hər dəfə onlarla görüşəndə həm onlarda güclü iradə görürdüm, yenilməzlik görürdüm, dövlətə sədaqət görürdüm, eyni zamanda, onların gözlərində nisgil, həsrət görürdüm. Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi! Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. İndi bütün dünya görür ki, mənfur düşmən bu torpaqları hansı vəziyyətə salıb. Bizim bütün binalarımız dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib, təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda yarıdağılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək üçün, bizim qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq. Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq. Mən noyabrın 8-də Şuşanın azad edilməsi ilə əlaqədar xalqıma müjdə verərkən bildirmişdim ki, şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da! Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?! Hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! Onun-bunun ətəyindən yapışıb bu 40 gündən çox bir müddətdə adam qalmayıb ki, zəhləsini tökməsin, yardım istəməsin, özünü alçaltmasın. Biz alçaltmışıq onu, əcəb də etmişik. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik. Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik. Onların demək olar ki, bütün texnikasını məhv etmişik, darmadağın etmişik. Bu 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz torpağında. Biz beynəlxalq hüquqa əməl edirik, biz beynəlxalq hüquqa hörmət göstəririk. Biz mülki vətəndaşlardan intiqam almamışıq, heç vaxt almayacağıq və məhz buna görə mülki vətəndaşlar arasında düşmən tərəfdə itkilər çox azdır. Onlar nə etdilər? Onlar döyüş meydanında duruş gətirə bilmədilər, qaçdılar, ondan sonra ballistik raketlərlə mülki vətəndaşlara atəş açdılar. Bu, hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər. Gəncə şəhərini Ermənistandan ballistik raketlərlə vurmaq alçaqlıqdır, alçaq hərəkətdir, cinayətdir. Bərdəni kasetli bombalarla atəşə tutmaq hərbi cinayətdir. Mən demişəm Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə, - özü də böyük şəhər deyil, - yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermənilər qaçıb getdilər. Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq. Bizdə BİR nəfər fərari oldumu? Olmadı! Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı! Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmişəm, dayanmamışam. Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm və bəziləri deyirlər ki, İlham Əliyev nə üçün müsahibə vermir. Hesab edirdim ki, mən öz mövqeyimi ifadə etmək üçün kifayət qədər imkanlara malikəm, tez-tez bütün məsələlərlə bağlı öz fikirlərimi bildirirəm. Mənim bütün fəaliyyətim şəffafdır, keçirdiyim bütün iclaslar ictimaiyyətə təqdim edilir. Lüzum bilmirdim onda. Amma lazım olan vaxtda 30-a yaxın müsahibə vermişəm və o müsahiblərdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir. Mən bu müharibə başlayandan sonra demişdim ki, bir çoxları, demək olar, bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı yoxdursa, onda bunu sülh yolu ilə həll edin. Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətlərsiniz, böyük nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistan, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı nə qədər aldatmaq olar? Amma biz sübut etdik ki hərbi həlli var. Və mən demişdim ki, mən istəyirəm və Paşinyan, deyirəm sənə, bəyanat ver, öhdəlik götür, qrafik ver, cədvəl ver. Müharibənin ilk günündən mən bunu deyirdim. Hər kəs də bunu görə bilər. Müsahibələrimdə, xalqa müraciətlərimdə açıq demişəm, qrafik ver, cədvəl ver, rədd ol, çıx get, mən dayanıram. Yoxsa oradan deyirlər dayanın, buradan deyirlər dayanın. Yaxşı, bizim torpaqlarımızı işğal edəndə niyə bunlara "dayanın!" deyən olmadı? Bizim torpağımızı 30 il əsarət altında saxlayan Ermənistana nə üçün “buradan çıx get!" deyən olmadı! Bu, nədir? Yaxşı, biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə “dayanın” deyirsən, ona de ki, çıx. Demir. Bizə deyir dayan. Dedim dayanmayacağam mən. Heç kim məni dayandıra bilməz və dedim tələb edirəm səndən Paşinyan, şəxsən özün, sənin xarici işlər nazirin, nə bilim o biri, bu biri yox, şəxsən özün öhdəlik götürməlisən, tarix verməlisən nə vaxt rədd olursan bizim torpaqlarımızdan. Bax bu bəyanatda o öhdəlik var. Məcbur edirik onu, məcbur etdik, zorla məcbur etdik, başına vura-vura məcbur etdik, bütün bəd əməllərinə görə, o donuzları bizim məscidlərimizdə saxladığına görə. Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur. İndi bu sənəddə öhdəlik var. Dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan. Ona görə məsələnin hərbi yolu var. Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Mən deyən oldu. Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır. Prinsip etibarilə mən tələb edə bilərdim ki, gəlsin otursun orada, aşağıda, bax orada imzalasın onu. Amma mən belə adam deyiləm. Mən nə üçün kimisə alçaldım. O onsuz da özünü alçaldıb. Bu rəzil duruma özü-özünü salıb. Gərək orada qarnını qabağa verib, sərxoş vəziyyətdə Cıdır düzündə rəqs edəndə bu günü fikirləşərdi ki, gün gələcək hesabını verəcəksən, verirsən. Bax belə. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik. Ona görə məsələnin həlli artıq təmin edilib. Əlbəttə, əgər Ermənistan atəşkəsə əməl etsə, - mən artıq bütün əmrlərimi vermişəm, - komandanlıqlara əmrimi vermişəm, biz dayanırıq. Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq. İndi beynəlxalq müşahidəçilər yaxşı bilirlər ki, kim atəşkəsi pozub. Birinci dəfə kim pozub Gəncəni ballistik raketlə bombalayanda, ikinci dəfə kim pozub beş dəqiqə atəşkəs vaxtından keçməmiş və üçüncü dəfə Bərdəni kasetli raketlərlə vurmaqla. İndi bu dəfə də pozsa, artıq mən hesab edirəm ki, özü lap peşman olacaq. Ona görə biz istədiyimizə nail ola bilmişik. Biz düşməni məcbur edə bilmişik. Mən faktiki olaraq onlara ultimatum vermişəm. Demişəm ki, çıxmalısan, çıxmasan sona qədər gedəcəyəm. Sona qədər! Ayın 8-də Şəhidlər xiyabanında demişəm ki, sona qədər gedəcəyəm və heç bir qüvvə məni dayandıra bilməz. Biz bu qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qayıdır. Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub. Çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Hər kəs bunu bilirdi. Mən demişdim ki, qan tökmək istəmirəm, müharibəni dayandırmalıyıq, rədd olsun bizim torpaqlarımızdan! Belə də oldu. Mən bir məsələni də qeyd etmək istərdim. Mən əziz xalqımı sənədin mətni ilə tanış etdim. Burada yeni nəzarət mexanizmi tətbiq edilir. Bəyanatın beşinci bəndində yazılıb: "Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır". Mən deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır. Mən videokonfrans formatında imzalama mərasimindəki çıxışımda həm Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın, həm Rusiya Prezidenti Vladimir Putinın səylərini yüksək qiymətləndirdim. Çünki onlar doğrudan da bu 44-45 gün ərzində böyük səylər göstərmişlər ki, məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə gələcək əməkdaşlıq formatını da böyük dərəcədə müəyyən edir. Çünki Türkiyə ilə Rusiya arasındakı əlaqələr bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər. Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi. Ona görə bu bəndi xüsusilə qeyd etmək istərdim və əziz naxçıvanlıları da bu hadisə münasibətilə təbrik etmək istərdim. Bildirməliyəm ki, naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər. Mən bir məsələyə də toxunmaq istəyirəm. Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar, sıxışdırırlar, sıxışdırırlar. Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir. Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz - bütün bunlar, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Hamısını oxu
Rəna xanım Paşayevanın xatirəsinə: Əlvida, gözəl insan

Biz onunla "Əli və Nino" kafesində görüş təyin etmişdik. 2009-cu il idi. Rəna xanım Parisdən yenicə qayıtmışdı. Parisdə UNESCO Rəna xanımın atası - böyük alim Musa Əliyevin doğum gününü təntənə ilə qeyd etmişdi. Mən ondan bu mövzuda müsahibə götürmək niyyətində idim. Zala zərif, təbii, ingilissayağı eleqant geyimdə bir xanım daxil oldu. Zahiri görkəmi yaşına uyğun və çox ciddi idi. Bir sözlə, qüssəli eleqant xanım. Biz masalardan birinin arxasında əyləşib söhbətə başladıq. Masa arxasına keçərək, dedim: - Rəna xanım, fikirləşirəm, sizə hansı sualı verim ki, üzünüz gülsün. Görünür, bu sualım çox gözlənilməz olmuşdu. Rəna xanım gülümsədi: "Ümumiyyətlə mən nadir hallarda gülürəm". - "Nə üçün?" - "Bilmirəm, uşaqlıqdan qüssəli xarakterim olub. Yəqin ki, çox tez yaşlaşmışam". Əlbəttə, burada zaman və genlər öz təsirini göstərmişdi. Rəna Paşayevanın babaları və ulu babaları arasında siyasətçilər, diplomatlar, maliyyəçilər, din və maarif xadimləri olub. Onlardan ən məşhuru - babası Məmmədtağı Əlizadə çar hökumətinin naziri, Rusiyanın Almaniyadakı elçisi, 1-ci Dövlət Dumasının deputatı, "Hümmət" Partiyasının əsasını qoyanlardan biri, "Əkinçi" qəzetinin fəal yazarı olub. 1918-ci il Şamaxı hadisələri zamanı daşnaklar tərəfindən diri-diri yandırılıb. Ailəsi xilas olmaq üçün qaçmağa məcbur olub. - Bu "Şamaxı qaçqını" hissi anama ömrünün sonuna qədər əzab verirdi. Atama görə qorxu hissi də onu heç vaxt tərk etmirdi, - Rəna xanım dedi. - Ağır illər idi. Ötən əsrin bütün repressiyaları bizim ailədən də yan keçməyib. Atası, onun dostları və o dövrün qorxusu barədə Rəna xanımın atası Musa Əliyev dünya şöhrətli alim olub. Bu azərbaycanlı alim rusiyalılara geologiya elminin əlifbasını öyrədib, əlcəzairlilərə neftlə zəngin olan Böyük Səhranın sirlərini açıb, Yura dövründə naməlum personajı axtarıb tapıb, Mezozoy dövrünün faunasının stratiqrafiyasına aid sanballı əsərlər dərc etdirib, Meksika, Danimarka, Hindistan və Livanda elmi konfranslarda çıxış edib. Ötən əsrin 30-cu illərinin ortalarından başlayaraq Azərbaycanda yüksək vəzifələr tutub: Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini, Milli Elmlər Akademiyasının prezidenti və sair. Ona ehtiyac duyurdular, çünki o, yüksək səviyyəli peşəkar idi. Lakin hər bir plenumda - yeni layihənin icrasının başlanması müzakirə ediləndə də, Səməd Vurğunun müdafiəsindən və ya özünün cavabdeh olduğu bir yatağın işlənməsindən söhbət gedəndə də respublikanın rəhbəri Mircəfər Bağırov hədələyici tərzdə xəbərdarlıq edirdi: "Sən ağarmış başını Solovkidə qoyacaqsan". - O vaxt rəhbərlik stili belə idi, - deyə Rəna xanım dəqiqləşdirdi. - Bugünkü nəsil Solovki barədə heç nə bilmir, amma biz bilirdik. Bu dəhşətli sürgündən, demək olar ki, heç kəs qayıtmırdı. Atam, adətən, mülayim, xoşrəftar adam idi, amma belə günlərdə qanı qaralırdı və biz - uşaqlar, bilirdik ki, ona yaxınlaşmasaq, yaxşıdır. Anamla o, qapını bağlayıb nəyisə sakitcə müzakirə edirdilər. Ən lazımlı əşyaların yığıldığı balaca çamadan həmişə hazır vəziyyətdə idi. - O, Bakıdan köçüb getməyə hazırlaşırdı? - O, həbs olunmağa hazır idi. Bilirdi ki, növbəti "təmizləmə" siyahısında Səməd Vurğun, Mirzə İbrahimov və Musa Əliyevin adları var. ...O illərin repressiyaları barədə çoxlu proqram hazırlamışam və bir məsələ məni həmişə narahat edirdi. Rəna Paşayevaya həmin sualla müraciət etdim: "Nə üçün ağıllı adamlar onlara divan tutulmasını belə sakitcə gözləyirdilər? Nə üçün cəlladlardan qaçmırdılar?". - Hara qaçaydılar?! Qırxıncı illərin əvvəlində atamı Moskvaya, SSRİ Xalq Neft Komissarlığının Elm İdarəsinə rəhbərlik etməyə göndərdilər. Almanlar Moskvaya yaxınlaşırdı. Atam sözün hərfi mənasında bomba sədaları altında Moskvanın neft üzrə ali məktəblərini Qroznıya və Ufaya köçürürdü ki, kadr hazırlığı pozulmasın. Moskvada atamı paytaxtda saxlamağı qərara alırlar, lakin Bağırov Musa Əliyevin qayıtmasını tələb edir. Əslində, atamı güclə Bakıya qaytardılar və sonra... Bu nəsil romantiklər nəsli idi. Onlar öz Vətənini fədakarcasına sevirdilər. Heç nəyə baxmadan hakimiyyətə inanırdılar. - Lakin həm də ondan qorxurdular, eləmi? - Qorxurdular. Valideynlərimin yataq otağında hökumət telefonu vardı. Bu telefonla yalnız Bağırov zəng edə bilərdi. Həmin aparatın zəngi səslənəndə, - bu isə yalnız fors-major hallarda olurdu, - hərəmiz bir tərəfə qaçırdıq. Qorxumuzdan pıçıltı ilə danışırdıq... (bir qədər susdu). İndi də bir mühüm məsələdən söhbət düşəndə pıçıltı ilə danışıram. Mənə deyirlər: "Sən yenə səsini azaldırsan?" Mən isə cavab verirəm ki, yəqin, elə belə də həyatdan köçəcəyəm (kədərlənir). İndi keçmiş dövr barədə nostalgiya ilə danışanları görəndə təəccüblənirəm. Axı o dövrdə nə var idi? Növbələr, heç nə tapılmırdı, darısqal mənzillər, bir yerə getmək mümkün deyildi. Qorxu... Yox. Bu gün keçmişdən daha yaxşıdır. - Böyük adamın qızı olmaq çətin idimi? - Məsuliyyətli idi. Axı sən təkcə özünü təmsil etmirsən. Atamı hörmətdən salmamaq çox vacib idi. Çünki o da, biz də göz qabağında idik. Dövr isə sərt və təhlükəli idi. - Atanız kiminlə ünsiyyətdə olurdu? Sizin evə kimlər gəlirdi, onun dostlarından kimi xatırlayırsınız? - Azərbaycan elminin əsasını qoyanların, demək olar ki, hamısı bizim evdə olurdu, xüsusən atam Elmlər Akademiyasının prezidenti olan dövrdə. Səməd Vurğun, - o, vitse-prezident idi, - Mirəli Qaşqay, Əşrəf Əlizadə, Süleyman Vəzirov, Ədhəm Şıxəlibəyli, Şamil Əzizbəyov, Şəfaət Mehdiyev, Baba Babazadə - bir sözlə, neft geologiyasının qızıl fondunun bütün qaymaqları. Çay süfrəsi sadə, münasibətlər təbii, şən olurdu. O vaxt intellektual diskussiyaları çox eşitmişəm. "Dünyanın yarısını ona tapşırmışdılar" - Necə oldu ki, siz şərqşünaslıq peşəsini seçdiniz? Yeri gəlmişkən, 1960-cı illərdə bu, Bakıda ən prestijli və dəbdə olan fakültələrdən biri idi. - Elədir, oraya çoxları can atırdı, çünki bu fakültə xaricə getməyə, Şərq ölkələrində işləməyə imkan verirdi. Amma mən hələ məktəb illərindən Yaxın Şərq ədəbiyyatını öyrənməyi arzu edirdim. 1968-ci ildə Livan ədəbiyyatına aid dissertasiya müdafiə etdim, 12 il Moskva Şərqşünaslıq İnstitutunda işlədim, Sudanda təcrübə keçdim, Əlcəzairdə oldum. Sonra Bakıya qayıtdım, 13 il Şərqşünaslıq İnstitutunda, daha sonra 14 il Vaşinqtonda çalışdım. Mənim həyat yoldaşım Hafiz Paşayev ABŞ-da müstəqil Azərbaycanın ilk fövqəladə və səlahiyyətli səfiri olub. ...Hafiz Paşayevin səlahiyyətləri dairəsinə ABŞ-dan əlavə digər dövlətlər - Kanada, Meksika, Kuba, Latın Amerikası ölkələri də daxil idi. Şair Nəriman Həsənzadə bununla əlaqədar zarafatla deyirdi: "Sənə dünyanın yarısını tapşırıblar". Yadımdadır, Hafiz Mircəlal oğlundan soruşdum ki, ilk günlər Amerikada Azərbaycan səfiri üçün ən mürəkkəb sual nə idi? Səfir xatırlayırdı: O vaxt Vaşinqtonda az adam bilirdi ki, Azərbaycan Abican ilə Abuca arasında yerləşən ekzotik Afrika guşəsi deyil, suveren dövlətdir. Ən mürəkkəb sual da lakonik səslənirdi: nədən başlamalı? "Vaşinqton Post" qəzetində dərc edilmiş bir yazı məni, sadəcə, şok etdi. Ağ Evdə Azərbaycana görə cavabdeh olan yüksəkrütbəli şəxs telefonda öz xanımı ilə söhbət edir. Bu arada, onun köməkçisi qaça-qaça gəlir və deyir ki, Azərbaycanda vəziyyət yenidən gərginləşib. Məmur öz xanımından sakitcə soruşur: "Əzizim, sən bilmirsən ki, Azərbaycan harada yerləşir?" Rəna xanım da ərinin sözlərini təkrar edir: - Bəli, 1990-cı illərin əvvəli olduqca mürəkkəb dövr idi. İnformasiya blokadası. Hamı ermənilərə tərəfdar çıxır. Hara getsən, hər yerdə soruşurlar: "Siz nə üçün onları öldürürsünüz?". Anamın dərdi barədə danışmaq istəyirəm, ermənilər onun atasını öldürüb, evlərini yandırıblar. Heç kəs bunu eşitmək istəmir. Nə konqresmenlər, nə senatorlar, nə Ağ Evdəkilər, hətta şəxsi söhbətlər zamanı da. Qarşımızda "Berlin divarı" dayanmışdı və Hafiz sözün hərfi mənasında bu divarı dəf etməyə çalışırdı. Mənim əllərim yanıma düşmüşdü. ...Kənardan baxanda diplomatın həyatı monoton, yeknəsəq, hər gün çox böyük səbir tələb edən yorucu işlə dolu həyatdır. Zahirən o qədər də effektli görünməyən bu həyat, əslində, dərin daxili temperament, fikir temperamenti ilə doludur. - Gecələr çox vaxt yataqda uzanıb, amma yatmırdım, - deyə Hafiz Paşayev xatırlayırdı, - özümün və xalqımın təhqir olunması fikri mənə dinclik vermirdi. Axı işğal edilmiş ərazilər, öz yurdundan silah gücünə qovulmuş insanlar mənim millətimə mənsubdur. Nə üçün? Nəyə görə? Hansı haqla? - Belə vəziyyət çoxmu davam etdi? - Üç-dörd il, - Rəna xanım dedi, - o vaxt Hafiz peşəkar diplomat deyildi. O, fizika-riyaziyyat elmləri doktorudur, buna görə də elm adamlarının qapılarını döyməyə başladı. Ölkəni gəzir, Kolumbiya, Harvard, Berkli universitetlərində çıxışlar edirdi. Mən səfir xanımları ilə görüşür, onların vasitəsilə ərəb dünyası ilə əlaqə yaradırdım. ...Rəna xanım Hafiz Paşayevin ABŞ prezidentləri Buş və Klinton ilə mühüm tanışlıq görüşlərində iştirak edirdi, belə görüşlərdən yaranan ilk təəssüratın böyük əhəmiyyət kəsb etməsi isə diplomatik dairələrdə yaxşı məlumdur - Rəna xanıma xas olan kübarlıq, ağıl, davranış maneraları uzun müddət onların yadında qalırdı! Ərəb ölkələrinin səfirləri ilə Hafiz Paşayevin diskussiyalarında Rəna xanımın iştirakının əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir - filologiya elmləri doktoru, şərqşünas, ərəbşünas qadının ərəb dünyasına aid bilikləri diplomatları yaxşı mənada heyrətləndirirdi. Beləcə, onlar addım-addım vəziyyəti dəyişdilər. Böyük səbir tələb olunurdu. Onlar heç nəyi nəzərdən qaçırmırdılar. Bəzən ən gözlənilməz tərəfdən uğur qazanmaq olardı, bu hətta kuryoz təsir bağışlayırdı. - Vaşinqtonda Konqres klubu var, - Rəna Paşayeva xatırlayırdı, - orada fəaliyyətdə və istefada olan konqresmenlərin xanımları hər il böyük ziyafət təşkil edirlər. Məni hər il dəvət edirlər, mən də hər ilə səliqə ilə gəlirəm. Hər dəfə də məndən nəzakətlə soruşurlar: "Siz kimsiniz? Hansı ölkədənsiniz?" Qəbullar müxtəlif, bəzən tematik olurdu. Bir dəfə ölkələr öz milli geyimlərini nümayiş etdirməli idilər. Bizim milli geyimimizi bir azərbaycanlı tələbə qız nümayiş etdirdi. Onu Amerikanın ali məktəblərinin birində axtarıb tapmışdıq. Uca boylu, şux qamətli, kürən saçlı bir qız idi. Çox gözəl idi. Onu gurultulu alqışlarla qarşıladılar. Qız podiumdan düşəndə bütün kişilər onun əlini sıxmağa çalışırdı... O vaxtdan etibarən mən klubda görünəndə dərhal məni tanıyırdılar: "Ah, Sizin o qız necə gözəl idi!". Bəlkə də, xırda məsələdir, amma nəticəsi yaxşı olmuşdu... Heydər Əliyev ölkədə hərc-mərcliyə son qoyaraq, sabit siyasi vəziyyət yaratmağa nail olanda, demək olar ki, hər şey əsaslı şəkildə dəyişdi. Neftlə bağlı "Əsrin müqaviləsi" imzalananda isə, əlbəttə, bizi eşitməyə, anlamağa, bizə hörmət etməyə başladılar. "Raisa Qorbaçovanın brilyant üzüyü" Yeri gəlmişkən, kiçik bir haşiyə. Dünya praktikasında taleyüklü problemlərə təsir göstərən diplomatların xanımları çox olub. Təəssüf ki, bəzən mənfi təsir göstərənlər də olub. Qorbaçovun dövründə SSRİ-nin ABŞ-dakı səfirinin xanımının əhvalatı çoxlarına məlumdur. Dubinin Z.Bjezinskinin təbirincə desək, "qəşəng yalançı" idi. Onun arvadı Lyana Dubinina, - qızlıq soyadı Xaçaturyan, - ABŞ-dakı erməni diasporunun Rusiya səfirliyi ilə əlaqəsini yaratmışdı. Raisa Qorbaçovanın erməni diasporu ilə görüşünü də məhz o təşkil etmişdi. Bunun müqabilində Raisa Qorbaçova ABŞ-dakı erməni icmasından qədim brilyant üzüyü hədiyyə almışdı. Həmin brilyant üzük ilə əlaqədar Almaniyada çıxan "Ştern" jurnalında dərc edilmiş kollajda Raisa Qorbaçovanın barmağındakı brilyant üzüyün şüası Azərbaycan xəritəsində Dağlıq Qarabağın üzərinə düşür. Məhəbbət, müharibə, siyasətçi qadınlar və yaxşı insanlar haqqında İlk baxışdan, ilk görüşdən məhəbbətin nə demək olduğunu yaşlı nəsil bilir. Belələri həyatda onların qarşısına çıxmış çoxsaylı namizədlər arasından yeganə birini seçir, elə ilk görüşdə ona vurulur və öz hisslərini taleyüklü "odun, suyun və zəfərlərin içində" qoruyub saxlamağı bacarırlar. Bu sözlər Rəna və Hafiz Paşayevlərə aiddir. Onlar 55 il birgə yaşayıblar... Məktəbdə, səkkizinci sinifdə oxuyarkən tanış olublar. Dostluq ediblər. Məktəbi bitirəndən sonra Rəna ailəsi ilə bərabər Moskvaya köçüb. Sonra Hafiz Moskvaya gedib, aspiranturaya daxil olub. Evləniblər. - Hafizlə dostluğum çox möhkəmdir. Çox zərbələrə birlikdə sinə gərmişik. Var qüvvəmizlə bir-birimizi dəstəkləmişik (gülümsəyir)... Görürsünüz, yenə qüssəli mövzuya keçdik. - Siz dünyabaxışınıza görə necə adamlarsınız - optimist, pessimist, yoxsa romantik? - Çox güman ki, realistlərik. Hafiz yumor hissi olan realistdir, mən isə, sadəcə, realist. - Bu gün sizi qorxudan məsələlər varmı? - Bəli. Müharibə. Mən nəvələrim üçün qorxuram, dörd nəvəm var. Anam deyərdi ki, müharibədən qorxulu heç nə yoxdur. Mən hesab edirəm ki, müharibədənsə problemin uzun sürən olsa da, sülh yolu ilə həlli daha yaxşıdır. - Qadınlar vəziyyətə təsir göstərə bilərlərmi? - Mən Amerikada çox şey öyrənmişəm. Orada hara getsən - istər Ağ Ev olsun, istər Baş Qərargah və Pentaqon - hər yerdə qadınlardır. Oradakı çalışanların 50 faizi qadınlardır. Bizdə bu mənada görüləsi iş hələ çoxdur. Mənim fikrimcə, böyük siyasətdə qadınlar nə qədər çox olsa, dünyamız bir o qədər xeyirxah və təhlükəsiz olar. - Rəna xanım, Siz həyatınızdan razısınızmı? - Bir dəfə qadın qohumlarımdan biri dedi ki, təbiət bizim üzərimizdə istirahət edir, çünki biz atalarımız qədər yüksək mövqelərə çatmamışıq. Cavabında mən dedim ki, nə üçün çatmamışıq? Biz, sadəcə, yaxşı insanlarıq. Məgər bu azdırmı? Məncə, çoxdur, lap çoxdur, çünki yaxşı insanlar azdır. ...Mən nə üçün məhz bu söhbəti xatırladım? Bu həftə Rəna xanım Paşayeva dünyasını dəyişdi... Məhz işğalçı ermənilər yenidən təxribat törətdikləri gün. Yenə atışma. Yenə qan. Yenə kədər, elə bil ürəyinə dammışdı. Əlvida, gözəl, qüssəli xanım, rahat yat. Nadejda İsmayılova Milli.Az

Hamısını oxu
Kamran Əliyevdən yeni TƏYİNAT

Mingəçevir və Sumqayıt şəhərlərinin sabiq prokuroru Dağlar Zeynalova vəzifə verilib. Bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Dağlar Zeynalovun prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı nəzərə alınıb və Baş Prokurorun əmri ilə Baş Prokurorun xüsusi məsələlər üzrə köməkçisi təyin edilib.   Faktı Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən təsdiq ediblər. Bu barədə ilk məlumatı BakıPost xəbər portalı yayıb. Könül Cəfərli 

Hamısını oxu
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda deyilir ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır. İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir: • Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla); • İstirahət və əyləncə məkanları üzrə xidmətlər; • Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti; • Bərbərxanalar, gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət); • Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri; • Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); • Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); • Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili); • İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); • Fərdi mənzillərdə təmizlik xidmətləri; • Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət). Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir: 1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar. 2. Səhiyyə və sosial sahə üzrə: • Elmi-tədqiqat və laborator xidmətləri • Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər • Baytarlıq xidmətləri • Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı • Sosial xidmətlər • Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti 3. İnfrastruktur sahəsi üzrə: • Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması) • Elektrik enerjisinin istehsalı və təchizatı • Su təchizatı və meliorasiya • Telekommunikasiya və rabitə xidmətləri 4. Nəqliyyat və logistika sahəsi üzrə: • Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları • Dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri • Logistika xidmətləri • İctimai nəqliyyat və taksi xidmətləri 5. Əsas istehsalat növləri: • Müdafiə sənayesi məhsullarının istehsalı • Neft avadanlıqları və qurğularının istehsalı • Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı • Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı • Kimyəvi məhsulların istehsalı • Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti • Əkinçilik və məhsul yığımı • Neft və qazın hasilatı, emalı, saxlanması və satışı • Neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi • Metallurgiya sənayesi üzrə fəaliyyət • Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri • Mühəndislik və layihələndirmə xidmətləri • Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri • Qablaşdırma məhsullarının istehsalı • Daş, metal və taxta məhsullarının istehsalı • Mebel istehsalı və təmiri • Diri heyvanların kəsimi 6. Pərakəndə və topdansatış üzrə: • Ərzaq məhsullarının satış məntəqələri • Apteklər • Yanacaqdoldurma məntəqələri • Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri • Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri 7. Məişət xidmətləri üzrə • Məişət tullantılarının yığılması və utilizasiyası • Poçt xidmətləri • Kimyəvi təmizləmə • Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi • Avtomobillərin təmiri • Avtomobil yuyulma məntəqələri • Tərcümə xidmətləri • Heyvan sığınacaqları • Dizayn xidmətləri 8. Kütləvi informasiya vasitələri 9. Maliyyə təşkilatları üzrə • Banklar və valyuta mübadiləsi məntəqələri • Sığorta təşkilatları • Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar 10. Xüsusi xidmət növləri üzrə • Çatdırılma xidmətləri • Məişət avadanlıqlarının təmiri • Dezinfeksiya xidmətləri Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir. Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir. COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli “qaynar xətt”ə zəng etmək ciddi tövsiyə edilir.

Hamısını oxu