Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Həzi Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib

Yanvarın 22-də görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib. AZƏRTAC xəbər verir ki, həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəhidlər xiyabanında, general Həzi Aslanovun məzar-abidə kompleksinin önündə xalqımızın igid oğulları sırasında adı qəhrəmanlığın rəmzinə çevrilən, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsinə yeni parlaq səhifələr yazan tank qoşunları generalının xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin general, zabit, gizir, kursant və əsgərləri, Təhsil və Mədəniyyət nazirliklərinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, Bakı qarnizonundakı hərbi hissələrin, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisələrin, təhsil və mədəni-maarif ocaqlarının nümayəndələri, generalın ailə üzvləri iştirak ediblər. Əvvəlcə məzar-abidə kompleksi önünə əklillər qoyulub, qəhrəmanın xatirəsi ehtiramla yad edilib, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşayiəti ilə dövlət himni ifa olunub. “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin əmri ilə yaradılan təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Həzi Aslanovun hərb tarixində müstəsna xidmətlərindən danışıb. O, Prezidentin Sərəncamının təkcə bir qəhrəmana deyil, ümumiyyətlə, İkinci Dünya müharibəsi illərində müxtəlif cəbhələrdə vuruşan, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən altı yüz mindən çox Azərbaycan övladının xatirəsinə böyük ehtiramın bariz nümunəsi olmaqla yanaşı, həm də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyətinin, eləcə də gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Nəzərə çatdırılıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, eləcə də Kremldə məsul vəzifə tutduğu vaxtlarda xalqımızın tarixinə sonsuz hörmətlə yanaşıb, əsrlər boyu torpaqlarımıza təcavüz edən yadelli işğalçılar qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarının, görkəmli hərbi sərkərdələrin hünər və rəşadətlərini yüksək qiymətləndirib, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri davam etdirməyi məsləhət görüb. Ulu Öndər əcdadlarımızın qəhrəmanlıq nümunələrinin bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olduğunu dəfələrlə qeyd edib. Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevə görə xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir, atalarımızın keçdiyi şanlı döyüş yolundadır. Xatırlanıb ki, Ulu Öndər nəinki respublikamızda, həmçinin Vətənimizin hüdudlarından uzaqlarda da Azərbaycan oğullarının qəhrəmanlıqlarının təbliği, adlarının əbədiləşdirilməsi, tanıdılması istiqamətində çox mühüm işlər görüb. Məhz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Krımın Kerç rayonunda, Sapun-Qora yaxınlığında 77-ci, Rostov vilayətinin Taqanroq şəhərinin Sambek yüksəkliyində 416-cı Azərbaycan milli atıcı diviziyalarının şanlı döyüş yollarını əbədiləşdirmək məqsədilə möhtəşəm abidə kompleksləri yaradılıb. Həzi Aslanov, Mahmud Əbilov, Akim Abbasov, Məlik Məhərrəmov və bir çox general və zabitlərin yubileyləri dövlət səviyyəsində qeyd olunub, neçə-neçə Sovet İttifaqı Qəhrəmanının ev-muzeyi yaradılıb və abidələri ucaldılıb. Anım mərasimində vurğulanıb ki, Heydər Əliyev general-mayor Həzi Aslanovu Böyük Vətən müharibəsində döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisi kimi qiymətləndirərək “O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir”, - deyib. Hər il respublikamızda 9 May - Qələbə Günü tədbirləri ulu öndər Heydər Əliyevin iştirakı ilə məhz Həzi Aslanovun məzar-abidəsi qarşısında keçirilən anım mərasimi ilə başlanardı. Bu ənənələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bildirilib ki, “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində Müdafiə, Təhsil və Mədəniyyət nazirliklərinin birgə tədbirlər planında il ərzində respublikanın bölgələrində, hərbi hissələrdə, təhsil və mədəniyyət müəssisələrində beynəlxalq konfransların, tank heyətləri arasında yarış-müsabiqələrin, fotosərgilərin, teatrlaşdırılmış kütləvi mərasimlərin, vətənpərvərlik filmləri həftəsinin keçirilməsi nəzərdə tutulub. İl ərzində Həzi Aslanovun keçdiyi döyüş yolu və adı ilə bağlı ünvanlara ekskursiyalar təşkil olunacaq, yeni kitablar, albom, plakat və açıqcalar nəşr ediləcək, qəhrəmanın tank və mexanikləşdirilmiş digər zirehli texnikalar sahəsində yenilikləri və hərbi elmi məqalələri əsasında sənədli tədris filmi çəkiləcək. Eləcə də Bakı Bələdiyyə Teatrında Abdulla Qurbaninin “Həzi Aslanov xatirələr işığında” pyesi tamaşaya hazırlanacaq. Bundan əlavə, faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan beynəlxalq əsgər mahnıları festivalı iştirakçılarının Lənkəran şəhərinə səfəri və festival çərçivəsində qəhrəman həmyerlimizə həsr olunan konsert proqramının təşkili reallaşacaq. Rusiya Federasiyası “Zvezda” televiziya kanalının istehsalı olan “Ordu əfsanəsi Həzi Aslanov” filminin yaradıcı heyəti ilə görüş, respublika musiqi və teatr kollektivlərinin iştirakı ilə ədəbi-bədii gecə, Azərbaycan Dövlət Pedaqoji və İqtisad Universitetlərində konfrans və kütləvi vətənpərvərlik tədbirinin keçiriləcəyi də planlaşdırılıb. Anım mərasimində Həzi Aslanov irsinin tədqiqi və araşdırılmasında müstəsna xidmətləri olan Əməkdar incəsənət xadimi, tədqiqatçı-jurnalist Musa Bağırov, Respublika Veteranlar Təşkilatı sədrinin birinci müavini polkovnik Cəlil Xəlilov, Aslanovlar ailəsi adından qəhrəmanın nəvəsi Emin Aslanov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər. Tədbir Azərbaycan Bayrağı altında Fəxri Qarovulun Həzi Aslanovun abidəsi önündən təntənəli keçidi ilə başa çatıb.

2020-01-22 00:00:00
5862 baxış

Digər xəbərlər

“Soçi bəyanatı erməni təxribatlarına və revanşist qüvvələrə ən layiqli cavabdır”

Cəlil Xəlilov: “Bu bəyanat bir daha göstərdi ki, Azərbaycanın qələbəsi bölgədə yeni reallıqlar formalaşdırıb və hər kəs bu reallıqları qəbul etməyə məcburdur”   “Soçi bəyanatı Azərbaycanın dövlət başçısının növbəti siyasi-diplomatik qələbəsidir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bidlirib. Sədr müavini qeyd edib ki, bu bəyanat Azərbaycanın hərbi müstəvidə olduğu kimi, diplomatik platformada da söz sahibi olduğunu göstərir:   “Məlum olduğu kimi, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı ilə hərbi əməliyyatlar dayandırıldı və Ermənistan kapitulyasiyaya bərabər razılaşma imzaladı. Həmin razılaşmaya əsasən Ermənistan işğalda saxladığı digər ərazilərdən öz qoşunlarınıə geri çəkməyə hazır olduğunu bildirdi. 2021-ci ilin 11 yanvar bəyanatı ilə isə regionda bütün nəqliyyat kommunukasiyaların açılması ilə bağlı tərəflərin razılığı elan edildi.  Lakin hər zaman təxribat və avantüralara meyilli olan Ermənistan bu dəfə də bölgədə müyyən gərginliklər yaratmağa cəhd edir, Zəngəzur dəhlizinin açılmasına, nəqliyyat kommunukasiyasının canlanmasına mane olurdu. Ancaq cari ilin 26 noyabr tarixində Soçidə imzalanan bəyanatla Ermənistan hər iki bəyanatın – həm 10 noyabr, həm də 11 yanvar bəyanatları ilə üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiq etdi ki, bu da dövlətimiz adına çox böyük uğurdur.   Onu da qeyd edim ki, bu bəyanat sadəcə diplomatik müstəvidə deyil, həm də hərbi müstəvidə qazanılan zəfərin nəticələrini möhkəmləndirməyə xidmət edir. Hansı ki, bu, Azərbaycanın maraqlarına tamamilə uyğundur”.   Cəlil Xəlilov qeyd edib ki, 26 noyabr bəyanatı həm də Ermənistandakı revanşist qüvvələrə layiqli cavabdır:   “Soçi bəyanatı həm də Ermənistandakı revanşist qüvvələrə, o cümlədən erməni təxribatlarına ən layiqli cavab kimi də xarakterizə edilə bilər. Çünki bu bəyanatla Ermənistan bundan öncəki bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyini bir daha təsdiqlədi. Bu bəyanat bir daha göstərdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi həqiqətən bölgədə yeni reallıqlar formalaşdırıb və hər kəs bu reallıqları qəbul etməyə, bu reallıqlarla barışmağa məcburdur”.    

Hamısını oxu
Veteranlar Təşkilatında Çexiya Respublikasının səfiri ilə görüş keçirilmişdir

16 may 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Petr Vaqnerlə görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Azərbaycanın İkinci dünya müharibəsində iştirakı, Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə ətraflı məlumat vermişdir. O, həmçinin Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmış, Çexiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün belə görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. General-polkovnik Tofiq Ağahüseynov özünün də İkinci dünya müharibəsi veteranı olduğunu, hərbi xidməti dövründə 7 il Çexiyada işlədiyini bildirmiş və bu ölkə ilə, çex xalqı ilə bağlı xoş xatirələrini bölüşmüşdür.   Görüş iştirakçılarını milli Azərbaycan diviziyalarının zəfər yolu barədə geniş məlumat verən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmin dövrdə Çexoslovakiya ərazisində, xüsusilə Praqa şəhəri uğrunda gedən döyüşlərdə həmyerlilərimizin göstərdikləri şücayətdən bəhs etmişdir. O, İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Qırmızı Bayraq və II dərəcəli Suvorov ordenləri ilə təltif edilmiş 416-cı milli diviziyanın Bakıdan Praqaya qədər 5000 km. döyüş yolu qət edərək, Çexoslovakiya ilə yanaşı, daha 5 Avropa ölkəsinin – Rumıniya, Bolqarıstan, Yuqoslavinya, Macarıstan, Avstriyanın faşizmdən azad edilməsindəki iştirakından danışmış, diviziyanın zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adının verildiyini bildirmişdir. Qonaqlara 223-cü milli atıcı diviziyanın 1942-ci ilin yayında Şimali Qafqazdan başlayan döyüş yolunun Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriyadan keçməsi, diviziyanın 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olması və mayın 12-də Amerika ordusunun hərbi hissələri ilə görüşməsi yada salınmış, onun döyüşçülərindən 3483 nəfərinin müxtəlif orden və medallarla təltif edilməsi, 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adının verildiyi bildirilmişdir. Qonaqlara Çexoslavakiyanın azadlığı uğrunda döyüşlərdə fərqlənmiş 77-ci Azərbaycan diviziyası barədə də məlumat verimişdir.  Daha sonra Çexiya səfirinə hazırda həmin döyüşlərin iştirakçısı olmuş 8 nəfər azərbaycanlının həyatda olması, onların digər müharibə veteranları ilə bərabər hərtərəfli qayğı və diqqətlə əhatə edildikləri çatdırılmışdır. Səfir Petr Vaqner Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə ətraflı məlumatlata görə öz minnətdarlıq etmiş, Azərbaycan Respublikasının dövlət orqanları və ictimai təşkilatları ilə Çexiyanın müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığının faydalı və arzuedilən olduğunu bidirmişdir. O, Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş bütün insanların xatirəsinin çex xalqı üçün daim əziz olduğunu xüsusi vurğulayaraq, həmin qanlı döyüşlərin sağ qalan iştirakçıları ilə görüşə imkan yaradılmasını xahiş etmişdir. Bundan məmnun qalacaqlarını bildirən səfir həmçinin hər iki ölkənin veteran təşkilatları arasında əlaqələrin qurulmasının vacibliyini qeyd etmişdir. Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.

Hamısını oxu
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Fatma Səttarovanı ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 10 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrayıl İsgəndərov və Zaur İbrahimov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilat sədri Fatma Səttarovanı faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə təbrik edən Müşahidə Şurasının üzvləri Respublika Veteranlar Təşkilatına fəaliyyətlərində uğurlar arzulayıblar.  Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib. Qonaqlara Təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, diqqətlərinə görə onlara öz təşəkkürünü bildirib. Görüşdə həmçinin gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.   

Hamısını oxu
Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi və siyasi varisidir

Azərbaycan xalqı zəngin və şərəfli dövlətçilik tarixinə malikdir. Bu tarixin ən mühüm səhifələrindən birini 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və olduqca mürəkkəb şəraitdə 23 aylıq fəaliyyəti təşkil edir. Əlbəttə, Şərqdə ilk parlamentli və demokratik respublika olan Xalq Cümhuriyyətinin timsalında Azərbaycan xalqı yeni bir dövlətçilik ənənəsinin əsasını qoyub.  Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, milli dövlətçilik ənənələrinin qorunması və inkişafına xidmət göstərən əhəmiyyətli islahatlar həyata keçirib, müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul edilib. Bununla da demokratik idarəetmə baxımından nümunə sayılan mütərəqqi dəyərlər yaradılıb. Xalq hakimiyyətinin və insanların bərabərliyinin təsbit edilməsi, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verilməsi, irqi, milli, dini, sinfi bərabərsizliyini aradan qaldırılaraq demokratik idarəetmə sisteminin formalaşdırılması, Şərqdə qadınlara ilk dəfə seçib-seçilmək hüququnun verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrindən bəhs edərkən 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamentinin fəaliyyətini mütləq şəkildə qeyd etməliyik. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Bunlarla yanaşı, həmin dövrdə milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının qəbul edilməsi, məktəblərin milliləşdirilməsi, milli kadr siyasətinin aparılması, Azərbaycan dilinə dövlət dili statusu verilməsi və bu kimi digər tarixi əhəmiyyətə malik olan addımlar milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə çox mühüm töhfələr verib. Bu gün qürur və iftixar hissi ilə deyirik ki, müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi və siyasi varisidir. Xüsusi qeyd etmək vacibdir ki, Xalq Cümhuriyyətinin yaratdığı ənənələr xalqımızın zəngin dövlətçilik təcrübəsinin mühüm tərkib hissəsini təşkil edir. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib və Cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Bu siyasi ənənə Ulu öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir və Cümhuriyyətə, onun qurucularına böyük hörmət və ehtiram ifadə edən mühüm qərarlar qəbul edib. Dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi olduqca mühüm bir tarixi hadisədir. Ümumiyyətlə, dövlət müstəqilliyimizin bərpasından əvvəl dövlətçilik ənənələrinin qorunması və yaşadılması məhz Ulu öndərimizin adı ilə bağlıdır. Heydər Əliyev Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçildikdən sonra mühüm addımlar atmaqla tarixi və siyasi ənənələrimizin bərpasına nail olub. Ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda üçrəngli bayrağımız yenidən qaldırılıb, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılıb. Eyni zamanda, həmin vaxt Naxçıvanda əhalinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilməsi də tarixi hadisələrdən biridir. Ümummilli Liderimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə xalqımızımn xilası, dövlətimizin qurtuluşu oldu. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas etdi, inkişaf yoluna çıxardı, dövlət müstəqilliyini möhkəmləndirdi. Həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində respublikamızın iqtisadi və siyasi qüdrətini artırdı, beynəlxalq mövqeyini möhkəmləndirdi. Bütövlükdə, müstəqillik dövründə Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dönəm inkişaf və sabitlik illəri kimi yadda qalıb. Danılmaz həqiqətdir ki, Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, ölkəmizdə sıx xalq-iqtidar birliyi, sarsılmaz milli həmrəylik mövcuddur. Qeyd edək ki, Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi isə zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması xalqımızın mübarizə əzminin və dövlətimizin qüdrətinin ifadəsidir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan şanlı Azərbaycan bayrağı 30 ildən çoxdur işğalda olmuş azad Qarabağımızın hər bir guşəsində dalğalanır. Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi ilə ölkəmizin inkişafı daha sürətli şəkildə davam edir. Qalib, qüdrətli dövlət olan Azərbaycanın müstəqilliyi əbədidir. Ölkə Prezidentinin də dediyi kimi: “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir". Siyavuş Novruzov  Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu