Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 (min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılıb. Maliyyə Nazirliyi həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın bu Sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb.

2020-04-24 00:00:00
3725 baxış

Digər xəbərlər

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və rayon Veteranlar Təşkilatının sədri Əlaləm Babayev Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və  rayon Veteranlar Təşkilatının sədri  Əlaləm Babayev veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahiblərinə təqdim edib. Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və  Veteranlar Təşkilatının sədri Cəmaləddin  Zeynalov "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildiriblər.

Hamısını oxu
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib

Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

Hamısını oxu
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı (23.03.2020)

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.Bu müddət ərzində: 1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin. 2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılsın. 3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın. 4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin. 5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər. 6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin. 7. İnsanlararası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin. 8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin; 9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın; 10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin. 11. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin.Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

Hamısını oxu
Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda beynəlxalq onlayn elmi konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, 12 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən “Tibbi Biotexnologiya sahəsində Yeniliklər” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd tibbi biotexnologiya sahəsində aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsi, müasir yanaşmaların və innovativ texnologiyaların təqdim edilməsi, eləcə də bu istiqamətdə fəaliyyət göstərən yerli və xarici mütəxəssislər arasında elmi əməkdaşlığın genişləndirilməsi olub. Tədbirdə Azərbaycan, Türkiyə və Kipr universitetlərini təmsil edən alim və mütəxəssislər iştirak edərək tibbi biotexnologiyanın müxtəlif istiqamətləri üzrə məruzələrlə çıxış ediblər. Çıxışlarda biotexnologiyanın tibbdə tətbiqi, müasir laborator tədqiqat metodları, infeksion xəstəliklərin diaqnostikasında yeni yanaşmalar, molekulyar biologiya və genetik tədqiqatların perspektivləri kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb. Konfrans çərçivəsində təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb. Onlayn formatda təşkil olunan konfransda müxtəlif elmi və tibbi müəssisələri təmsil edən tədqiqatçılar, həkimlər, müəllimlər, tələbələr və bu sahəyə maraq göstərən mütəxəssislər daxil olmaqla 200-ə yaxın iştirakçı qoşulub. Konfransın sonunda iştirakçılar belə elmi platformaların tibbi biotexnologiya sahəsində bilik və təcrübə mübadiləsinin genişlənməsində mühüm rol oynadığını qeyd ediblər. Tədbirdə iştirak edənlərə elektron sertifikatların təqdim olunacağı bildirilib.

Hamısını oxu