Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətənə gərək fəaliyyət

Hər bir insanı, onun həyatı və fəsliyyətini tərcümeyi-halından tanımaq olur, yaşadığı ömürlük onun barometridir, necə var, eləcə, həyatını bütün dolğunluğu ilə əks etdirir. Onu dəyişmək, redaktə etmək olmur, o, yazılmır, yaşanılır. Aradan illər keçir, geriyə baxanda yaşanmış ömür bir daha gözlərinin qarşısından keçir, o zaman gördüyün işlər haqqında, istər-istəməz hesabat verməli olursan.

Burada bir deyimi yada salmaq yerinə düşər: "Tarix, əslində yoxdur, olan-bioqrafiyalardır". Bu mənada bizim bioqrafiyalarımız keçilmiş yol haqqında çox şey, bəlkə də hər şeyi deyir... Çoxdan tanıdığım ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cəlil Xəlilov belə bir bioqrafiyaya malikdir.

Nə zamansa xəyallarında zabit olmaq, orduda xidmət etmək arzusunu quranda talenin onu Əfqanıstan, Qarabağ müharibələrindən keçirəcəyini xəyalına belə gətirmirdi. Ancaq bu ömür yaşandı. Onun bioqrafiyası yaşadığı ömrü, fəaliyyətini tamamilə əks etdirir. Bioqrafiyası ilə tanışlıq Cəlil müəllimin keçdiyi yol, yaşadığı ömür haqqında aydın təsəvvür yaradır. Onu tanıdığım zaman (90-cı illərin ortaları) mən Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan ordusu" qəzetinin baş redaktor müavini kimi hərbi vətənpərvərlik istiqamətində gedən prosesləri yaxından izləyirdim.

C.Xəlilov isə Sərhəd Qoşunları Silahlı Qüvvələrində xidmət edir, peşəkar zabit olaraq ordu quruculuğunda əlindən gələni edirdi. Tanışlığımıza qədərki həyat yolunu isə yalnız tərcümeyi-halından öyrənirəm.

Polkovnikin ömürlüyünə nəzər salarkən özünü gənc yaşlarından orduya həsr etdiyinin şahidi oluruq. Hərb işə olan marağıi və bacarığı onu Semferopol Ali Hərbi Siyasi Məktəbinə gətirib çıxarmış və oranı bitirmişdir. Hərbi təhsillə kifayətlənməyərək, 1990-ci ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakultəsini də (qiyabi) bitirmişdir. Həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini, sərhəd dəstəsində hərbi-siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. Sovetlər dönəmində hər bir əsgər və zabitin ən böyük sınağı Əfqanıstan müharibəsi hesab olunurdu.

Onun da taleyinə Əfqanıstan müharibəsindən keçmək yazılmışdı. Xalq arasında qorxunc müharibə imici qazanan Əfqanıstan müharibəsində o, sərhədçi kimi xüsusi xidmət orqanlarının tərkibində bir neçə xüsusi əməliyyatın iştirakçısı olur. Əfqanıstan müharibəsi və təhlükəsizlik orqanları veteranı Elşad Şabanov C.Xəlilovun bu bölgədə xidmətini belə xatırlayır: "...

1985-1987-ci illərdə Əfqanistanında xidməti vəzifəmi yerinə yetirdiyim müddətdə, 1986-ci ilin yanvar ayının sonunda Bədəxşan viləyətində Mövləvi Cəlilə qarşı hərbi əməliyatda  iştirak edən zaman Dağlıq rayon sayılan Bədəxşanın Mürqab sərhəd dəstəsində siyasi şöbədə baş leytenant, azərbaycanlı zabit Cəlil Xəlilovla  tanış oldum. Dağlıq Bədəxşanın Mürqab sərhəd dəstəsində xidmət edən sərhədçi  həmyerlimizi, baş leytenant Cəlil Xəlilovu mənə savadlı, hazırlıqlı və cəsarətli bir zabit kimi təqdim etdilər. Baş leytenant Cəlil Xəlilovun düşmənlərlə sərhəddə baş verən sillahlı toqquşmada yaxından iştirakı, göstərdiyi igidlik və şücayəti haqqında eşitdikdə onunla qürur duydum".    

Deyim ki, istedad, elə isteddadır, istər sənətdə, ədəbiyyatda olsun, istərsə də hərbdə, ordu quruculuğunda... C.Xəlilovun da ordu quruculuğundakı həyat yolu onun belə bir istedada malik olduğunu göstərir.        O, harada, hansı vəzifədə xidmət etməsindən asılı olmayaraq hərbçi bacarığı, intuisiyası, intizamı, tapşırığı vaxtında və səhvsiz yerinə yetirməsi ilə komandirlərin hörmətini qazanmış, həm də hərb olimpində addım-addım irəliləmişdir. Gərək ki, filosof, esseist Ralf Emersonun sözləridir: "Zəif adamlar uğura inanırlar, güclülərsə cəbəb və nəticəyə". Bu baxımdan C.Xəlilovun hərbçi taleyində səbəb-nəticə komponentləri paralel olaraq çıxış edir. Əfqanıstandakı şücayəti nə qədər qürur doğursa da, yaxud müharibədən sonrakı xidməti uğurlu keçsə də, onu vətənində gedən proseslər daha çox düşündürürdü.

Ona görə də sovetlərin dağılması ərəfəsində dərhal vətənə dönərək ən çətin vaxtda ordu quruculuğu prosesində yaxından iştirak edir, təcrübəsini yeni yaranan orduya həsr edir. Əfqanıstan təcrübəsi Qarabağ döyüşlərində onun köməyinə gəlir. Gənc zabitin həyatında çox qısa bir müddətdə iki fərqli müharibədə iştirakı ömrünün qürur səhifələrini təşkil edir. C.Xəlilov bu dövrdə Azərbaycan təhlikəsizlik orqanlarının tərkibində olan Sərhəd Qoşunlarının yaradılması və formalaşması prosesində öz bilik və bacarığını əsirgəmir.

Bu spesifik qoşunların hazırda ölkə Silahlı Qüvvələrinin tərkibində özünəməxsus yer tutmasında Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini kimi polkovnik C.Xəlilovun da danılmaz əməyi olmuşdur. Deyim ki, istənilən qoşun növündə şəxsi heyətlə iş hərbi və milli vətənpərvərlik amili prioritet istiqamətlərdən biridir. Bu mənada C.Xəlilovun yeni ordu quruculuğunda gördüyü işlər həqiqətən də təqdirəlayiqdir.

Onun dövlətçiliyə göstərdiyi dəyərli və əvəzsiz xidmətlər daim diqqət mərkəzində olmuş, yüksək qiymətləndirilmişdir. C.Xəlilov ümumiyyətlə, 2013-cü ilə qədər Sərhəd Qoşunları və keçmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə layiqincə xidmət etmişdir. Bu illərdə xidməti işi ilə bağlı o, çox çətinliklərlə üzləşib, son dərəcədə gərgin vəziyyətlərlə qarşılaşıb.

Ancaq zabit peşəkarlığı və sayıqlığı ilə onların öhdəsindən bacarıqla gəlib. 1993-cü ilin yayında Lənkəran Sərhəd Dəstəsinin qərargah rəisi olarkən bir qrup separatçı tərəfindən Azərbaycanın cənubunda Talış-Muğan respublikası yaradılması cəhdlərinə qarşı qətiyyətli mübarizə polkovnik Cəlil Xəlilovun xidməti həyatının ən uğurlu səhifələrindən biridir. Belə şərəfli səhifələrin sayı isə həqiqətən də çoxdur. Hər bir hərbçinin həyatında bir veteran olmaq xoşbəxtliyi də var. Belə ki, şərəf dolu hərbi xidmət arxada qaldıqdan sonra C.Xəlilov yenə də həyatını ordu quruculuğundan kənarda görmədi.

Yüz minlərlə veteranın həyatı, güzaranı onu düşündürdüyü üçündür ki, ömrünü Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına bağlayır, vətən uğrunda şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə, İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələrinin veteranlarına diqqət və qayğı ilə yanaşır və çox az bir müddətdə veteranların hörmətini qazanır. General-mayor Dadaş Rzayevin rəhbərlik etdiyi bu təşkilat respublika veteranlarını təmsil edir. Veteranların bu birliyi yeni gənc nəsil üçün də bir örnəkdir.

Ehtiyatda olan polkovnik C.Xəlilov 2014-cü il Respublika Veteranlar Təşkilatının sədr müavini seçilir. O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında bütün biliyini, bacarığını sərf edir. Məhz onun təşkilatçılıq səyinin nəticəsidir ki, bu gün Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələri qurulmuş, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmuşdur.

Ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərinin təşkilində Cəlil müəllimin böyük əməyi vardır. Səngərlərdə dayanan əsgər və zabitlərimizlə  növbəti unudulmaz görüşlərdən biri yaxın vaxtlarda İkinci Dünya Müharibəsi veteranları Bəkir Məmmədov və Damət Nəbiyevlə birlikdə Beyləqan və Füzuli istiqamətlərində cəbhə bölgəsində yerləşən hərbi hissələrimizə səfər zamanı baş tutub. Təşkilatın başlıca vəzifələrindən biri veteranların cəmiyyətə inteqrasiyasına nail olmaqla, vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirakdır. Cəlil Xəlilov Azərbaycan Vətəndaş Cəmiyyətinin inkişafında, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində də fəaldır.

Onun ölkədə veteran hərəkatının genişlənməsində xüsusi rolu və təşkilatçılıq səyləri danılmazdır. Veteranlar bunu bilir və yüksək qiymətləndirirlər. Erməni seperatizminə qarşı mübarizə bu gün yalnız cəbhədə deyil, hər yerdə, eləcə də beynəlxalq arenada davam edir. Erməni işğalçılarının yalanlarını ifşa etmək, işğalın mahiyyətini dünyaya çatdırmaq üçün Təşkilat da öz səylərini səfərbər etmişdir. Xüsusilə sədr müavininin Rusiya, Ukrayna, Belarusda keçirilən tədbirlərdə və bir çox beynəxalq görüşlərdə erməni separatçılarına qarşı çəkinmədən etdiyi çıxışlar, gətirdiyi tarixi faktlarla Qarabağ həqiqətlərini, münaqişənin əsl mahiyyətini dünya ictimayyətinə çatdırır.

C.Xəlilovun Təşkilata gəlişi onun ümumi fəaliyyətinə yeni nizam, mütəşəkillilik və sistemlilik gətirib. Artıq Təşkilatın fəaliyyəti respublikanın bütün rayon və şəhərlərini əhatə etməklə, yerli icra orqnları, ictimai, o cümlədən gənclər təşkilatları və ziyalılarla sıx əlaqədə qurulmaqla cəmiyyətin bütün təbəqələrini əhatə edir. Yalnız bu il onlarla orta məktəbdə, Təşkilat Müdafiə Nazirliyinin təhsil müəssisələrində, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətlərinin akademiyalarında, Bakı Slavyan, Dövlət İqtisad, Odlar Yurdu, Qərb və digər universitetlərdə, neçə dövlət müəssisəsində müxtəlif və rəngarəng tədbirlər keçirmişdir. Təşkilat ölkə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul olunan dövlət sərəncamlarının həyata keçirilməsi istiqamətində də ardıcıl fəaliyyət göstərir.  Burada başlıca məqsəd veteranların sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin  gücləndirilməsindən ibarətdir.    

C.Xəlilov peşəkar hərbçi olmaqla, həm də bir alim ömrü yaşayır; bu iki amili uzlaşdırmaq hər bir hərbçiyə müyəssər olmur. O, hərb sahəsindəki praktik bacarığını elmi sahəyə də gətirmiş "Milli təhlükəsizliyin təmin edilməsində milli mənlik şüurunun rolu" mövzusunda elmi işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Bu istiqamətdə yazdığı məqalələr ölkənin nüfuzlu elmi jurnallarında dərc edilmişdir.  Məlumdur ki, dünya siyasətinin əsas prinsiplərindən birini təşkil edən milli mənafe və təhlükəsizlik məsələləri Azərbaycan müstəqilliyini qazandıqdan sonra qarşıda duran prioritet istiqamətlərindən biri olmuşdur. Çünki dövlətin və xalqın mənafe və maraqlarının özü bunu tələb edir. Azərbaycan da mürəkkəb geosiyasi bir coğrafiyada yerləşdiyindən dayanıqlı, gələcəyə yönəlik bir milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır. Müstəqilliyini qazanan Azərbaycanın bu istiqamətdə hazırladığı davamlı və dayanıqlı konsepsiyalar onun milli mənafe və təhlükəsizliyini qorumağa yönəldilmişdir. Lakin milli təhlükəsizlik və mənafelərin qorunması həm də bir vətəndaşlıq borcudur. Çünki milli təhlükəsizliyin təminatı fərdlərin bu işə münasibətindən asılıdır. Hər bir fərdin milli təhlükəsizliklə bağlı biliklər sistemində, dünyagörüşündə bu problem başlıca yer tutmalıdır.         

 O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti kimi bu sahədəki elmi və praktik biliklərinin gənc nəsilə çatdırılmasında səylərini heç zaman əsirgəmir. Dörd kitab, əllidən çox elmi məqalə, bir proqram və dərslik müəllifi kimi araşdırmalarını davam etdirir. Praktik və nəzəri biliklərini ali məktəblərdə biliklər sisteminə çevirib tədris etmək onun tərcümeyi-halının ən önəmli səhifələrindən birini təşkil edir. Ali məktəblərin, universitet və akademiyaların uyğun bölümlərində bu vəzifə həyata keçirilsə də, əsas məsələ bu istiqamətdə yeni proqramların, dərsliklərin və dərs vəsaitlərinin yazılmasıdır. Bu mənada siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent  C.Xəlilovun "Milli təhlükəsizlik strategiyası" (Bakı, 2016) dərsliyi olduqca böyük əhəmiyyət daşıyır. İndiyədək C.Xəlilov milli təhlükəsizlik problemi ilə bağlı bir çox məqalələr yazsa da, son tədqiqatı monumentallığı, aktuallığı və əhəmiyyəti ilə bu sahədəki boşluğu tamamilə doldurur. Əslində bu vəsait dərslik adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin qoyuluşu və ona yanaşma baxımından tədqiqatın da tələblərinə tamamilə cavab verir və ona görə də onu cəsarətlə dərslik-monoqrafiya adlandırmaq mümkündür.         

Dərslikdə milli təhlükəsizlik strategiyası və onun nəzəri əsasları, formalaşması və inkişaf xüsusiyyətləri, eləcə də prioritetləri konseptual şəkildə təhlil edilir. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik problemini daha çox nəzəri istiqamətdə araşdırır və təhlükəsizliyin təmin edilməsi məsələsində beynəlxalq münasibətlər nəzəriyyəsi və təcrübəsinə əsaslanır.  N.Makiavelli, T.Hobs, F.Ratsel, X.Makkinder, N.Şpaykmen kimi görkəmli geopolitika nəzəriyyəçilərinin əsərlərində formalaşan siyasi realizm məsələləri yeni düşüncə ilə təhlil edilir.         

Dərslik-monoqrafiyada kollektiv təhlükəsizlik sisteminin mahiyyəti, məzmunu və xüsusiyyətlərinə ayrıca bir fəsil ayırması problemin aktuallığından irəli gəlmişdir. Belə ki, indiki zamanda kollektiv təhlükəsizlik, dövlətlərin sülhə təhdidin aradan qaldırılması, təcavüz aktlarının qarşısının alınması, yaxud yatırılmasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsini şərtləndirən əsas amillərdəndir. Beynəlxalq təhlükəsizlik sisteminin universal və regional məsələləri ilə bağlı son əlli ildə dünyada qəbul edilən qərarlar və müxtəlif beynəlxalq təşkilatların fəaliyyəti yeni dünya təhlükəsizik sisteminin formalaşması istiqamətində dəyərləndirilir. Dərslikdə dünyada milli təhlükəsizliyin mürəkkəb, çoxşaxəli bir sistem olduğu və burada şəxsiyyətin, cəmiyyətin, dövlətin  təhlükəsizlik məsələləri və onların tərkib hissələri, eləcə də prioritet istiqamətlərinin başlıca yer tutması çoxsaylı nümunələr və nəzəri fikirlər əsasında təhlil edilir.         

Dosent Cəlil Xəlilovun "Milli təhlükəsizlik strategiyası" dərsliyinin böyük bir hissəsi Azərbaycan Respublikası milli təhlükəsizlik siyasətinin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətlərinə həsr edilmişdir. Müəllif çox doğru olaraq, müasir geosiyasətdə Azərbaycanın daxili və xarici siyasətinin özünəməxsus yeri olduğunu, 1993-cü ildən başlayaraq milli təhlükəsiliyin təmin edilməsinin formalaşması üçün verilən qərarların, görülən işlərin təkmilləşdirildiyi və sistemli bir fəaliyyət halına gəldiyini qeyd edir: "Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ən mürəkkəb problemlərdən biri sayılan regional səviyyədə dövlətin xarici münasibətlərinin ziddiyyətli, qeyri-sabit xarakteri və dünya xarici siyasət səhnəsində qeyri-müəyyən perspektivlərlə üzləşdi". Buna baxmayaraq Azərbaycanın xarici siyasət prioritetləri sırasında beynəlxalq təşkilatlarla əməkdaşlıq, enerji layihələrinin işlənib hazırlanması və ralllaşdırılması, iki qitə arasında nəqliyyat dəhlizi rolunun yerinə yetirilməsində mühüm rol oynaması onun strategiyasını müəyyənləşdirmişdir. Bütün bunlar ölkənin sabit və davamlı inkişafını şərtləndirdiyini, ictimai həyatın bütün sahələrini əhatə edən dinamik dəyişikliklər prosesinə mühüm təsir göstərmişdir.         

 Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmişə olduğu kimi, bu gün də eyni əzm və işgüzarlıqla Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edir. Mən burada C.Xəlilovun tərcümeyi-halının bəzi məqamları üzərində dayandım. Bu məqamlardan həyatının bütün anlarında ürəyi vətəni, xalqı, dövləti ilə döyünən bir vətəndaş boy göstərir. Bu cür insanlar, bütün varlığı, həyatı, fəaliyyətləri ilə Vətəni ucaldır və bir parçasına çevrildikləri cəmiyyətin inkişafına təkan verirlər.

  

Bədirxan Əhmədli, professor, Qarabağ müharibəsi veteranı    

2022-08-09 00:00:00
1999 baxış

Digər xəbərlər

“Xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı şanlı tariximizin parlaq səhifələridir”

Cəlil Xəlilov: “Dünya faşizm üzərindəki qələbəyə görə Bakı neftinə borcludur”  “Soydaşlarımız post-sovet məkanı ilə yanaşı, bütün Avropanın faşizmdən azad edilməsinə böyük töhfələr verib” Mayın 9-u İkinci Dünya müharibəsinin başa çatmasının 79-cu ildönümüdür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu tarixi qələbədən, onun əldə edilməsində Azərbaycan xalqının rolundan danışdıq: -Cəlil müəllim, qarşıdan 9 may – böyük qələbənin 79-cu ildönümü gəlir. Öncə bu qələbədə Azərbaycan xalqının rolu ilə bağlı fikirlərinizi bilmək istərdik. -İkinci Dünya müharibəsi bəşər tarixinin ən böyük və ən dağıdıcı müharibəsidir. Bu müharibə bir neçə qitə və onlarla ölkəni əhatə etmiş, milyonlarla insanın həyatına son qoymuşdur. Faşizmə qarşı mübarizə və bu mübarizənin mümkün nəticələri bütün bəşəriyyətin gələcəyi baxımından həlledici amil sayılırdı. Dünya ya faşizmə qalib gələrək özünü xilas edəcək, ya da faşizmin əsarəti altında məhv olacaqdı. Məhz belə bir zamanda Azərbaycan xalqı faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlar və fədakarlıqar sərgilədi, bu mübarizənin taleyinə həlledici təsir göstərdi. Xatırladım ki, Azərbaycan xalqının 700 mindən çox oğul və qızı  İkinci Dünya müharibəsində faşizmə qarşı hərbi əməliyyatlarda iştirak etmiş, onların 300 min nəfər bu mübarizədə qəhrəmancasına həlak olmuşdur. Müharibədə Azərbaycanın milli diviziyaları öz qəhrəmanlığı ilə böyük şöhrət qazanmış, faşist işğalındakı onlarla şəhərin, yüzlərlə yaşayış məntəqəsinin azad edilməsini təmin etmişdir. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişdilər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur. -Azərbaycanlı döyüşçülərin keçmiş SSRİ ilə yanaşı, Qərbi və Şərqi Avropa ölkələrinin faşizmdən müdafiəsində də iştirak etdiyi məlumdur. Sizcə bu tarixi fakt dünyada yetərincə təbliğ olunurmu? -Azərbaycanlı döyüşçülərin keçmiş SSRİ ilə yanaşı, bir sıra ölkələrin - Polşa, Çexoslovakiya, Yuqoslaviya, İtaliya, Fransa və digər ölkələrin faşizmdən müdafiəsində iştirak etdiyi, bu mübarizədə göstərdikləri qəhrəmanlıqlara görə çoxsaylı təltif və mükafata layiq görüldüyü tarixi həqiqətdir. Nümunə üçün qeyd edim ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə Yuqoslaviya və İtaliyanın faşizmdən müdafiəsində iştirak etmişdir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan Əhmədiyyə Cəbrayılov Fransanın faşizm əsarətindən xilas olunmasında yaxından iştirak etmiş, Paris azad edildikdən sonra burada general Şarl de Qolla görüşmüşdür. Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığı ilə bağlı sadəcə bir fakta diqqət çəkim ki, azərbaycanlı döyüşçü tək bir əməliyyat zamanı 500 nəfər fransız uşağın alman həbs düşərgəsinə aparılmasının qarşısını almış, onları azad etmişdir. Azərbaycanlı döyüşçülərlə bağlı yüzlərlə, minlərlə bu cür faktlar mövcuddur.  Əslində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bizim əsas məqsəd və fəaliyyət istqiamətlərindən birini də məhz həmin azərbaycanlıların xatirəsinin bu ölkələrdə əbədiləşdirilməsidir. Biz çalışırıq ki, yalnız post-sovet məkanında deyil, Avropanın müxtəlif şəhər və qəsəbələrində, harada ki, azərbaycanlılar döyüşüb, məhz həmin yaşayış məntəqələrində onların adı əbədiləşdirilsin. Bu, həm tarixin unudulmaması, yaşadılması, həm də qəhrəmanlarımızın Avropa ictimaiyyətinə tanıdılması, onların təbliği baxımından vacibdir.  Dünya ictimaiyyətinin bununla bağlı daha dolğun məlumatlandırılması üçün sənədli filmlərin çəkilməsinə, kitabların yazılmasına, ciddi tədqiqat işlərinin ortaya qoyulmasına ehtiyac var. Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq bu istiqamətdə səylərimizi davam etdiririk və təbii ki, bu yöndə atılması gərəkən hələ çox addım var. -Cəlil müəllim, müharibədə Azərbaycan həm də öz nefti və digər iqtisadi resursları ilə də iştirak etdi. Sizcə ölkəmizin cəbhə üçün ortaya qoyduğu iqtisadi resurslar, xüsusilə də Bakı nefti müharibənin gedişatına və taleyinə hansı miqyasda təsir göstərdi? - İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin böyük rolu olduğu birmənalıdır. Müharibədə cəbhənin yanacağa olan əsas ehtiyacını məhz Bakı neftçiləri qarşılayıb. 1941-1945-ci illərdə ölkəmizdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Azərbaycan müharibə illərində 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Bu gün bir daha bütün fakt və rəqəmləri təhlil edərək əminliklə deyə bilərik ki, müharibənin taleyini məhz Bakı nefti həll edib. Hansı ki, dünyanın bir çox hərbi-siyasi liderləri də Bakı neftinin həyati əhəmiyyəti etiraf edib, qələbəyə görə daha çox Bakı neftinə minnətdar olduqlarını bildiriblər. Nümunə üçün qeyd edim ki, Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin bu gerçəkliklə bağlı demişdir: “Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar”. -Müharibə dönəmində Azərbaycanda silah-sursat və hərbi texnika istehsalı baxımından vəziyyət necə idi? -Müharibə zamanı Azərbaycan cəbhəyə həm də yüksək keyfiyyətli silah-sursat göndərir, bir sıra hərbi texnikalar üçün çoxsaylı hissələr istehsal edirdi. 1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında “Katyuşa” kimi məşhur olan qvardiya minomyotu istehsal edən zavod yaradıldı. Bakıda qısa müddətdə “UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı “UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarında Bakı zavodu 20 “UTİ-4” maşını buraxdı, fevralda buraxılış 2 dəfə artdı. Bir müddət sonra Bakıda “YAK” qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, həmçinin 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi. Stalinqrad uğrunda amansız döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton döyüş sursatı və müxtəlif yüklər daşındı. Müharibə dönəmində respublikamızdakı müəssisələr 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər. 1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlandı. Müharibə dövründə respublikanın 149.170 vətəndaşı donorçu oldu.  -Cəlil müəllim, Azərbaycan müstəqillik əldə edəndən sonra İkinci Dünya müharibəsi və Azərbaycanın bu müharibədə iştirakına fərqli münasibət bəsləyənlər də oldu. Bu barədə nə deyə bilərsiniz? -Qeyd etdiyiniz kimi, 1991-ci ildə ölkəmiz ikinci dəfə öz müstəqilliyinə nail olduqdan sonra bəzi şəxslər gülünc və əsassız iddialarla çıxış etməyə başladılar. Onlar İkinci Dünya müharibəsinin mahiyyətini təhrif edərək bildirirdilər ki, guya Azərbaycanın bu müharibədə iştirakına heç bir lüzum olmayıb. Guya bu, Almaniya ilə Rusiya arasında gerçəkləşən bir müharibə idi və hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq, bunun Azərbaycan üçün heç bir mənfi nəticəsi olmayacaqdı. Bu, təbii ki, absurd bir iddiadır. Çünki faşizm yalnız post-sovet məkanının deyil, bütün dünyanı əsarət altına almağı qarşısına məqsəd qoymuşdu. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə bu iddialara da son qoyuldu. Heydər Əliyev haqlı olaraq bəyan etdi ki, İkinci Dünya müharibəsi və Azərbaycan xalqının bu müharibədə iştirakı tariximizin ayrılmaz və şərəfli bir parçasıdır. Azərbaycan heç vaxt öz tarixindən imtina etməyəcək. Beləliklə də, Heydər Əliyevin sayəsində ölkəmizdə 9 may Qələbə Günü yenə də qeyd edilməyə başladı, İkinci Dünya müharibəsi veteranlarına dövlət qayğısı ildən-ilə artdı. Bu gün bütün veteranlarımız kimi İkinci Dünya müharibəsi veteranları, onların ailə üzvləri dövlətimizin diqqət və qayğısını mütəmadi şəkildə öz üzərlərində hiss edirlər. Bu baxımdan Prezident İlham Əliyevin 2 may 2024-cü il tarixli Sərəncamı buna nümunədir. Müzəffər Ali Baş Komandan həmin Sərəncamla İkinci Dünya müharibəsi veteranlarına, onların ailə üzvlərinə, eləcə də arxa cəbhədəki fədakar əməyi ilə seçilən şəxslərə birdəfəlik madi yardımın göstərilməsinə qərar verdi. Bu fakt bir daha döv lətimizin hər bir veteranına sahib çıxdığını, onlara qayğı ilə yanaşdığını sübut edir. -Ölkəmizdə İkinci Dünya müharibəsində iştirak edən və bu gün də həyatda olan neçə veteran var? -Hazırda 30 belə veteranımız var ki, onların hər biri Təşkilatımızın diqqət mərkəzindədir. Biz tez-tez onlarla əlaqə saxlayır, onları ziyarət edir, qayğı və istəkləri ilə maraqlanırıq. Onların müalicəsi, sosial durumu bizim diqqət mərkəzimizdədir. Bu il fevralın 29-da Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskayanı ziyarət etmiş, onun müalicəsini diqqət mərkəzində saxlamışıq. 2024-cü il martın 7-də Anan Xarkovskayanı evində də ziyarət etdik, qayğıları ilə maraqlandıq. Digər veteranlarımız da tərəfimizdən diqqət mərkəzində saxlanılır, onların üzləşdiyi problemlər əlaqədar qurumların diqqətiə çatdırlır. Bizim üçün qürurvericidir ki, bu işdə rayonlardakı təşkilatlarımız da aktiv fəaliyyət göstərir. Məsələn, bugünlərdə Cəlilabad Rayon Veteranlar Təşkilatının nümayəndələri bir sıra dövlət qurumlarının yetkililəri ilə birlikdə rayonun Abdullu kəndində  yaşayan İkinci Dünya müharibəsi veteranı Zamanov Əbiş İbiş oğlunu ziyarət edib, onun arzu və istəkləri ilə maraqlanıblar.   Əminliklə bildirirəm ki, bundan sonra da bütün kateqoriyadan olan veteranlarımız kimi İkinci Dünya müharibəsi veteranları da Təşkilatımız tərəfindən diqqətdə saxlanılacaq, onların düşündürən məsəllərin həlli üçün tərəfimizdən imkan və səlahiyyətlərimiz daxilində bütün gərəkli addımlar atılacaq. Mən veteranlara göstərdiyi diqqət və qayğıya görə Təşkilatımız adından Prezident İlham Əliyevə təşəkkür edir, bütün veteranlar adından ona öz minnətdarlığımı bildirirəm. Xatırladıram ki, veteranlarımız hər zaman olduğu kimi bundan sonra da Prezidentin hər bir çağırışını dəstəkləməyə, dövlətimizin rifahı, təhlükəsizliyi və tərəqqisi üçün istənilən fədakarlığa hazırdılar.  Seymur ƏLİYEV  

Hamısını oxu
Bu il Türkiyənin Marmaris şəhərində keçiriləcək “Elvedasız şarkılar” adlı musiqi layihəsi Azərbaycana həsr olunacaq

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ənənəvi olaraq hər il turizm bölgələrində keçirilən “Elvedasız şarkılar” adlı xeyriyyə məqsədli konsert proqramı çərçivəsində bu il Azərbaycan musiqisi təqdim ediləcəkdir.  Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 28 avqust tarixində Marmaris şəhərində altı min nəfərlik tarixi amfiteatrda baş tutacaq konsertdə hər iki ölkənin sənətçiləri iştirak edəcəklər. Datça - Kimsəsiz uşaqlar üçün şəhərciyə yardım məqsədi ilə təşkil olunan konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, gənc azərbaycanlı müğənni, vokalist Aynur İsgəndərli, Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Rəqsləri Ansamblı çıxış edəcək, milli musiqilərimiz və rəqslərimiz təqdim ediləcəklər. Tədbirin qonaqları olaraq konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Bora Gencer, Nühket Duru, Ozan Orhon və b. müğənnilər  çıxış edəcəklər.  Seymur ƏLİYEV  

Hamısını oxu
Prezidentdən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Qeyd edək ki, vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə ayrılıb.

Hamısını oxu
Polis övladı Avropa çempionu oldu

Bugünlərdə İstanbulda idmanın Muay-tay növü üzrə Avropa çempionatı start götürüb. Yarışda  Avropanın 37 ölkəsindən 613 idmançı gücünü sınayıb. Ölkəmizi bu yarışda 13 kişi və 1 qadın idmançı təmsil edib. İdmançılarımız 3 qızıl, 1 gümüş, 5 bürünc qazanmaqla ümumi komanda hesabında 5-ci yeri tutublar. Yığma komandanın heyətində qızıl medal qazanan idmaçılarımızdan biri də Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayevin qızı Emili Rzayevadır. E.Rzayevanın 14-15 yaş qrupunda 67 kiloqram çəki dərəcəsində ilk görüşünü meydan sahibi türkiyəli Özge Çeliklə olub. Ona inamla qalib gələn idmançımız, növbəti mərhələyə rəqibin texniki məğlubiyyətilə adlayıb.  Finalda rusiyalı təmsilçi Tatyana İvanovanı da məğlub edərək Avropa çempionu adını qazanıb. Emilinin atası bildirib ki, DİN rəhbərliyi, eləcə də Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev polis övladı kimi Emili Rzayevanın yarışlara qatılmasını dayimi diqqətində saxlayır. Xatırladaq ki, DİN İdman Cəmiyyətinin yetirməsi E.Rzayeva uşusanda budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələr arası və beynəlxalq turnirlərin mükafatçısı, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, idman ustasıdır. Biz də Avropa çempionu Emili Rzayevaya yeni-yeni uğurlar və bayrağımızı hər zaman zirvələrə qaldırmağı arzulayırıq.   Ruslan Vəliyev, polis baş leytenantı  

Hamısını oxu