Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın bir sıra şəhər və rayonlarında iyunun 14-dən 16-dək sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək

Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. AZƏRTAC xəbər verir ki, bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunub. Qərara əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır; 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək həmin şəhər və rayonlarda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir; sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilərlər.

2020-06-10 00:00:00
3275 baxış

Digər xəbərlər

Heydər Əliyev tarix yaradan liderlərdən biri olub -

İndoneziyanın “Miraj” informasiya agentliyi müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev haqqında məqalə yayıb. Axar.az xəbər verir ki, “Müasir Azərbaycanın banisi Heydər Əliyev” adlı məqalədə xalqımızın dahi rəhbərinin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilir. “Elə liderlər var ki, tarix onları unutmur, amma tarixin özünü yaradan liderlər də var” fikri ilə başlayan məqalədə vurğulanır ki, müasir Azərbaycanın banisi olan Heydər Əliyev məhz tarixi yaradan liderlərdən biri olub. Müasir Azərbaycan dövlətinin əsasını qoyan Ümummilli Lider öz dövrünün əsl əfsanəsinə çevrilib. Tarix onu nadir şəxsiyyət, güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən insan və əfsanəvi xadim kimi xatırlayır. Qeyd edilir ki, məhz onun böyük xidmətləri nəticəsində gənc müstəqil dövlət ayaqları üzərində möhkəm dayanaraq XXI əsrə qədəm qoydu. Məqalədə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 35 illik dövr barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək, xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, bu gün müasir Azərbaycan adlandırılan müstəqil dövlətin təməlini qoyub. Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan, yeni yaradılan istehsal sahələrindən, inşa olunun zavodlardan, Su Elektrik stansiyalarından geniş bəhs olunur. Qeyd edilir ki, həmin dövrdə respublikada aparılan böyük quruculuq işlərini məhz müasirləşdirmə termini ilə daha düzgün ifadə etmək olar. Ötən əsrin sonlarında keçmiş Sovet İttifaqının dağılmasından sonra müstəqil Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin xidmətlərinə diqqət çəkilən məqalədə onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsinin mühüm rolu xüsusi vurğulanır. Bildirilir ki, müstəqillik əldə edildikdən sonra Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini tapmasında və dövlətçiliyin, milli birliyin formalaşmasında mühüm rol oynayıb. Məqalədə müstəqilliyin bərpasından sonra ölkə həyatının bütün sahələrində aparılan islahatlara əzmlə rəhbərlik edən Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı proqramlar, nəhəng, dünya miqyaslı layihələr ölkəni Azərbaycan xalqının adına layiq bir məmləkətə çevirdiyi də qeyd edilir. Bildirilir ki, məhz Heydər Əliyevin həyata keçirdiyi çoxvektorlu dövlət strategiyası Azərbaycana yüksək inkişaf və sabitlik gətirib. Onun rəhbərliyi altında həyata keçirilən praqmatik və balanslaşdırılmış siyasət ABŞ, Avropa İttifaqı, Türkiyə ilə yanaşı, Rusiya və İran kimi dövlətlərlə də konstruktiv əməkdaşlıq əlaqələri qurmağa imkan yaradıb. Məqalədə Heydər Əliyevin ölkənin iqtisadi müstəqilliyini yaratması nəticəsində siyasi sabitliyə nail olduğu da xüsusi vurğulanır. Məhz onun müəllifi olduğu antiböhran proqramlarının istehsalın bərpasında, ölkənin maliyyə durumunun sabitləşməsində, həmçinin xarici investisiyaların cəlb olunmasında mühüm rolu qeyd edilir. Vurğulanır ki, böyük lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib.

Hamısını oxu
“30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”

Cəlil Xəlilov: “Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirəm”   “30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.   Polkovnik qeyd edib ki, Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helekopterin qəzaya uğraması nəticəsində 14 nəfərin şəhid olması, iki hərbçinin isə yaralanması faktı bütün Azərbaycan xalqı tərəfindən üzüntü ilə qarşılanıb:   “Baş verən bu faciə xalqımız tərəfindən dərin kədər və üzüntü ilə qarşılanıb, bütün cəmiyyətdə böyük təəssüf hissi doğurub. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Xalqımız bütün şəhidləri kimi 30 noyabr şəhidlərini də hər zaman sevgi və minnətdarlıq hissi ilə yad ediləcək, onların işıqlı xatirəsinin unudulmasına imkan verməyəcək”.   Daha sonra media və sosial media nümayəndələrinə səslənən sədr müavini, baş verən faciə ilə bağlı qeyri-rəsmi məlumatlar yaymamağa, yalnız rəsmi informasiyalara istinad etməyə çağırıb:   “Mən bütün media və sosial media istifadəçilərini dövlət orqanlarının rəsmi məlumatlarına istinad etməyə, şaiyə və ehtimalları bir kənara qoymağa səsləyirəm. Baş verən olayla bağlı əlaqədar qurumlar rəsmi açıqlamalar yayıb və hadisə ilə bağlı araşdırma davam edir. Istintaqın gedişatı ilə bağlı rəsmi qurumlar bundan sonra mütəmadi surətdə ictimaiyyəti məlumatlandıracaq və müvafiq yeniliklərlə tanış edəcəklər. Odur ki, indiki həssas məqamda subyektiv fikir və ehtimalların işıqlandırılması yolverilməzdir və bu, cəmiyyətdə çaşqınlıq yarada bilər.   Bunu da qeyd edim ki, nə qədər arzuedilməz olsa da, bu cür qəzalar dünyanın ən müasir ordularında da zaman-zaman baş verir və təəssüf ki, heç bir dövlət bu kimi hallardan sığortalanmayıb.   Mən bir daha baş verən faciə ilə əlaqədar şəhid olan hərbi qulluqçuların yaxınlarına dərin hüzünlə başsağlığı verir, yaralılara şəfa diləyirəm”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“DTX-nın de-şifrə etdiyi İran casuslarının çoxluğu Tehranın ölkəmizə olan düşmən münasibətinin göstəricisidir”

“Terror və təxribat İran-Ermənistan qardaşlığının ortaq təməlidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, hər iki ölkə Azərbaycana yönəlik terrorçu fəaliyyəti ilə diqqət çəkir: “Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlindən ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti 30 il davam etdi və 44 günlük Vətən müharibəsi ilə nəticələndi. Azərbaycan müharibə nəticəsində işğaldakı torpaqları azad etdi, ərazi bütövlüyümüz təmin olundu. Lakin müharibədən iki ildən çox vaxt keçsə də, Ermənistan terror və təxribat siyasətindən əl çəkmir. Maraqlıdır ki, hər zaman Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən İran, Vətən müharibəsindəki qələbəmizdən sonra bizə qarşı daha açıq aqressiv siyasət sərgiləməyə başlayıb. Azərbaycan sərhədlərində böyük hərbi təlimlərin keçirilməsi, terror dövləti olan Ermənistana iqtisadi-siyasi dəstəyin artırılması, Tehrandakı səfirliyimizə qarşı terror hücumunun təşkili və s. İranın ölkəmizə qarşı məkirli niyyətindən xəbər verir. Təkcə bir faktı vurğulayaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son bir neçə ayda İrana məxsus bir neçə casus şəbəkəsi ifşa edilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən de-şifrə edilən İran casuslarının çoxluğu İranın ölkəmizə olan düşmən münasibətinin göstəricisidir. Onu da qeyd edim ki, İran ölkəmizə qarşı casus fəaliyyətini müxtəlif mədəniyyət mərkəzləri, dini mərkəzlər və s. altında həyata keçirməyə çalışıb. Bu gün İran Ermənistanla münasibətləri inkişaf etdirməyə, onu hərbi və iqtisadi baxımdan yenidən dirçəltməyə səy göstərir. Məqsəd Ermənistanı Azərbaycanla yeni münaqişəyə cəlb etmək, bölgədə daha bir hərbi qarşıdurmanın baş verməsinə nail olmaqdır. İran-Ermənistan arasında qarşılıqlı səfərlərin artması, konsulluq fəaliyyətinin genişlənməsi rəsmi Tehranın həm də anti-İslami fəaliyyətindən xəbər verir. 30 il ərzində torpaqlarımızın işğalda qalmasına susan, məscidlərimizin dağıdılmasını, tövləyə çevrilməsini laqeydliklə seyr edən, Qarabağın talanmasında yaxından iştirak edən İran, bu gün də erməni təəssübkeşliyi mövqeyindən çıxış edir, terror dövlətinə hamilik göstərir. İran 44 günlük Vətən müharibəsində də Ermənistanın yanında yer alıb, ona kəşfiyyat məlumatları, hərbi və iqtisadi baxımdan ciddi yardımlar edib. Vətən müharibəsində həlak olan hər bir şəhidimizin ölümündə İranın əli var və bu gerçək təkzibedilməzdir. Lakin İran bilməlidir ki, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti onun özü üçün acı nəticələrə, ciddi fəsadlara səbəb olacaq. Azərbaycanla təzyiq və təhdid dili ilə danışmaq heç bir dövlətə fayda qazandırmayıb və İran da bu məsələdə istisna təşkil etməyəcək”.

Hamısını oxu
Vətəndaş məktubları: Cənab Prezident, bir daha əmin olduq ki, xalqımızın sağlamlığı, rifahı Sizin üçün hər şeydən önəmlidir

Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən Rəmziyə Abbasova yazır: “Möhtərəm cənab Prezident, mən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi, Dövlət Gömrük Komitəsinin “Könüllü gömrükçü” dəstəsinin üzvüyəm. Cənab Prezident, 200-dən artıq ölkədə milyonlarla insanı yoluxduran, çoxsaylı ölüm halları ilə nəticələnən koronavirus pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə atdığınız addımlar təqdirəlayiqdir. Ölkəmizdə hələ virusa yoluxma halı qeydə alınmamışdan əvvəl görülən qabaqlayıcı tədbirlər və verilən qərarlar, o cümlədən sərhədlərin bağlanması, xaricdəki vətəndaşlarımızın Vətənə dönmələrinə şəraitin yaradılması, səhiyyə sahəsində infrastrukturun möhkəmləndirilməsi virusun Azərbaycanda yayılmasının qarşısını almağa imkan verdi. Bu gün Azərbaycan virusla mübarizədə ən qabaqcıl ölkələrdəndir. Mən 2-ci qrup Qarabağ müharibəsi əlilinin qızı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini diqqət və qayğınızı təkcə bu günlərdə deyil, hər zaman hiss edən gənc vətəndaş olaraq Sizə minnətdarlığımı bildirir, müasir dünyagörüşünə sahib, Vətəninə, xalqına bağlı bir gənc və layiqli vətəndaş olmaq, bizə göstərdiyiniz etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm. Möhtərəm cənab Prezident, biz - könüllü gömrükçülər Sizin çağırışlarınıza səs verir, güclü dövlətçiliyimiz və yüksək rifahımız naminə atdığınız addımlara görə Sizə təşəkkürümüzü bildirir və Sizinlə fəxr edirik. Allah Sizi və xalqımızı qorusun!. Biz birlikdə güclüyük!”. Azərbaycan Kənd Qadınları Assosiasiyasının “Qız yurdu” qrupunun üzvü Natavan Fətullayeva: “Cənab Prezident, bütün dünyanı bürüyən koronavirus bəlası bizim ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkə daxilində təxirəsalınmaz və sistemli tədbirlər həyata keçirildi. Nəticədə bu infeksiyanın geniş kütləyə yayılmasının qarşısı alındı. Möhtərəm Prezident, xalqın mənafeyini daim hər şeydən üstün tutduğunuz aşkardır. Sosial izolyasiya şəraitində ölkə əhalisini ərzaq məhsulları ilə təmin edən kənd təsərrüfatının fəaliyyətinə məhdudiyyətin tətbiq olunmaması buna daha bir sübutdur. Kənd təsərrüfatının inkişafı üçün gördüyünüz tədbirlər bu gün özünü göstərməkdədir. Əkinin əkilməsi, biçilməsi, tədarükü və satışla bağlı heç bir problem yoxdur. Daim xalqın yanında olduğunuz üçün Sizə təşəkkürümüzü bildirirəm”. Bakı şəhərinin Suraxanı rayonunun sakini Ələddin Xələfli: “Hörmətli cənab Prezident, artıq neçə aydır koronovirus adlı xəstəlik dünyaya və insanlığa meydan oxuyur. Baxıb görürük ki, bu ağır sınaqdan çox az ölkə üzüağ çıxacaq. İnanırıq ki, onlardan biri də bizim Vətənimiz olacaq. Çünki Siz bu gözəgörünməz bəlanın qarşısının alınması üçün böyük işlər görürsünüz. Bunun nəticəsində gözəgörünməz bəlanın ölkəmizdə minimum həddə olması sevindirici haldır. Ümid edirik ki, gördüyünüz işlərin nəticəsində xalqımız COVID-19 virusundan tezliklə qurtulacaq. Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin dediyiniz kimi “Biz birlikdə güclüyük!”. Ulu Tanrı Sizi qorusun!”. Oğuz rayonunun sakini Günay Haşımovanın məktubunda deyilir: “Möhtərəm cənab Prezident, bu məktubu yazmaqda məqsədim ailəmiz adından Sizə qarşı hörmətimi və sonsuz inamımı bildirməkdir. Azərbaycan xalqı koronovirus pandemiyası dövrünü yaşayarkən Siz təkcə böyük məsuliyyət hissi olan, bu günü deyil, gələcəyi düşünən lider kimi yox, həm də bir qayğıkeş ata, ürəyi yanan qardaş kimi xalqa arxa-dayaq oldunuz. Azərbaycan azsaylı dövlətlərdəndir ki, Sizin sayənizdə koronovirus pandemiyasını vaxtında cilovlamağı bacardı və dünya ölkələri arasında bu istiqamətdə ciddi tədbirlər görən ilk ölkələrdən biri oldu. Bizə və övladlarımıza xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətinizi dəstəkləyirəm. Bu dövrdə verdiyiniz hər bir qərar, imzaladığınız sərəncamlar, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi bir daha sübut etdi ki, Siz ən sadə bir vətəndaşa da necə diqqət və qayğı ilə yanaşırsınız. Mən də bir təhsil işçisi olaraq Sizə inanıram. Sizin bütün çağırışlarınıza riayət edərək bu bəladan tezliklə qurtulacağımıza əminəm. Çünki nə qədər ki, Sizin kimi sözü ilə əməli bir olan rəhbərimiz var, heç bir bəla bizi sarsıda bilməz. Sizin mənəvi dəstəyiniz bizə həyat eşqi, stimul verir. Mən fəxr edirəm ki, Sizin kimi qayğıkeş bir rəhbəri olan Azərbaycan Respublikasında yaşayıram, dahi liderimiz Heydər Əliyevin çox yüksək qiymətləndirdiyi peşə olan müəllim işləyirəm”. Qaradağ rayonundan məktəbli Məhəmməd Novruzsoy yazır: “Əziz Prezidentimiz, mən Şuşa rayon 7 nömrəli tam orta məktəbin 3 “a” sinif şagirdiyəm. Mən də böyüyəndə Sizin kimi vətənini sevən, öz xalqı yolunda əlindən gələni edən bir vətəndaş olacağam. Mənim atam cəsur insanlar yetişdirən Laçın rayonunda, anam isə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində anadan olub. Onlara demişəm ki, mən böyüyəndə hərbiçi olacağam, bu işi pul qazanmaqdan ötrü yox, işğalda olan torpaqlarımızı azad etmək üçün seçmişəm. Atam deyir ki, Ali Baş Komandanımız döyüş əmri verəndə, Vətən yolunda döyüşə gedəcəyik. Mən də Sizin əsgəriniz olacağam. İndi biz məktəbə getmirik, evdə onlayn dərslər keçirik. Valideynlərim deyir ki, vəziyyət tezliklə düzələcək, biz yenə də doğma məktəbimizə qayıdacağıq. Çünki Sizin doğru zamanda verdiyiniz qərarlar nəticəsində bizim ölkəmiz dünyanı bürüyən koronavirus pandemiyasindan az itkilərlə çıxdı. Cənab Prezidentimiz, Siz televiziyada çıxış edəndə mən Sizə qulaq asıram. Sizin Paşinyana verdiyiniz cavabları atam mənə izah etdi. Mən Sizinlə fəxr edirəm. Çox sağ olun ki, bizim Prezidentimizsiniz”. Yardımlı rayonunun Ostayır kəndindən Ağagül Nəbiyev: “Hörmətli cənab Prezident, mənim 90 yaşım var. Həyatın hər üzünü görmüşəm. Ulu öndər Heydər Əliyevin dövründə uzun illər məsul vəzifələrdə çalışmışam. O illəri indi də xoş duyğularla xatırlayıram. İndiki koronavirus zamanında xalqımızın sağlamlığı üçün Sizin rəhbərliyinizlə atılan bütün addımları dəstəkləyirəm. Bir daha əmin oldum ki, xalqımızın həyatı, sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Mehriban xanım Əliyevanın bizim kəndin aztəminatlı ailələrinə göndərdiyi ərzaq yardımı təkcə maddi kömək deyil, həm də onun sübutudur ki, Siz və Mehriban xanım xalqımızın kədərinə də, sevincinə də hər zaman şəriksiniz. Ulu Tanrı birliyimizi, həmrəyliyimizi daha da möhkəm etsin!”. Masallı rayonunun Qasımlı kəndindən Əfqan Cabbarov: “Hörmətli cənab Prezident, Sizin yorulmaz və fədakar fəaliyyətinizi, iştirak etdiyiniz tədbirləri və etdiyiniz çıxışları izlədikcə əmin oluruq ki, koronavirus pandemiyasının qarşısının alınması və digər məqsədlər üçün Azərbaycanda həyata keçirilən bütün işlərin mərkəzində insan amili dayanır. Siz əhalinin sağlamlığının təmin olunması məsələsinə çox həssaslıqla yanaşırsınız. Bu qayğılı günlərdə Azərbaycan xalqını düşündüyünüzə, onunla birlikdə olduğunuza görə Zati-alinizə təşəkkürümü bildirir, şəxsən öz adımdan və ailəm adından Sizə uzun ömür, cansağlığı arzu edirəm”. Qazax rayonunun Canalı kəndinin sakini Orxan Səfərov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Hörmətli cənab Prezident, Sizin geniş dünyagörüşünüzə, böyük siyasi təcrübənizə və dərin təfəkkürünüzə əsaslanan qərarlarınız, xalqımızın sağlamlığının qorunması və təhlükəsizliyinin təmin olunması istiqamətində atdığınız addımlar artıq öz nəticəsini verməkdədir. Ümumbəşəri bəla olan koronavirusla mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir zamanda Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində pandemiyadan minimum ziyanla çıxacağımıza ümid bəsləyirik. Pandemiya ilə əlaqədar ölkəmizin digər bölgələrində olduğu kimi, Qazax rayonunda da çox yüksək səviyyədə təxirəsalınmaz tədbirlər həyata keçirildi. Sərhəd bölgəsində yaşayan kənd sakinlərinin, şəhid ailələrinin, qaçqınların və məcburi köçkünlərin, xüsusi qayğıya ehtiyac duyan ahıl insanların və sosial təminat baxımından digər həssas təbəqələrin ehtiyacları yüksək səviyyədə qarşılanmaqdadır. Biz rayonumuzun ictimai fəalları olaraq ölkədə gedən siyasi prosesləri daim izləyir və 2020-ci ili “Könüllülər ili” elan etməyinizdən istifadə edərək, həm müsbət siyasi addımları, həm də rastlaşdığımız çatışmazlıqları Sizin çağırışınıza uyğun olaraq lazımi qurumlara çatdırmağı özümüzə borc bilirik. Biz qazaxlılar Sizin “Biz birlikdə güclüyük!” çağırışınızı bir şüara çevirmişik, Azərbaycan xalqının etibarlı və firavan gələcəyinə, sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyirik”. Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən Aidə Maxanova: “Hörmətli cənab Prezident, bu gün bütün dünyanın bəlasına çevrilmiş koronavirus pandemiyası (COVID-19) ölkəmizdən də yan keçmədi. Bu ağır günlərdə Sizin müdrikcəsinə gördüyünüz qabaqcıl tədbirlər, uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz digər güclü dövlətlərlə müqayisədə olduqca yaxşı mövqedə dayanaraq dünyanın bir çox dövlətlərinə əsl nümunə oldu. Sizin ölkəmiz, xalqımız üçün gördüyünüz işlər hər bir kəsə bəllidir. Bu günlərdəki fədakarlığınız da göz önündədir. Ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və onun qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Möhtərəm cənab Prezident, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bir mədəniyyət işçisi kimi dərin təşəkkürlərimi bildirir, ətrafınızda sıx birləşərək daim Sizə dəstək olacağımıza söz verirəm. Müstəqil Azərbaycanımızın daha da inkişafı naminə gələcək işlərinizdə Sizə nailiyyətlər arzulayıram”. Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor Arif Şəkərəliyev: “Möhtərəm Prezident, koronavirus (COVID-19) epidemiyasının bütün dünyanı bürüdüyü, minlərlə insanın bu xəstəlikdən həyatını itirdiyi bir vaxtda Sizin Azərbaycan xalqının sağlamlığının qorunması naminə gördüyünüz qabaqlayıcı tədbirlər ölkənin təhsil işçiləri tərəfindən rəğbətlə qarşılanır. COVID-19 pandemiyasına qarşı apardığınız qətiyyətli mübarizəyə görə Sizə minnətdarıq. Prezidentimizin yolu Heydər Əliyev yolu, Azərbaycan yolu, xalqın gələcəyinin, güzəranının və əhval-ruhiyyəsinin daha da yaxşılaşdırılması yoludur. Azərbaycan xalqı öz doğma Prezidentinə güvənir və etibar edir. Siz güclü Azərbaycan dövlətinin ideyasını həyata keçirirsiniz. Sizin həyata keçirmiş olduğunuz iqtisadi strategiya islahatların aparılması, innovasiya, yeni texnologiyaların istehsala tətbiqi və qeyri-neft sektorunun inkişafına söykənir. Mənim çalışdığım Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti öz Prezidentinə həmişə sadiqdir. Cənab Prezident, Azərbaycanın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunması, ölkədə sabitliyin bərqərar olunması istiqamətində apardığınız məqsədyönlü fəaliyyətinizdə Sizə böyük uğurlar və cansağlığı arzu edirəm”. Yasamal rayonunun sakini Eldəniz Seyidəliyev: “Möhtərəm cənab Prezident, Siz hər zaman olduğu kimi ölkəmizin bu çətin günlərində də vətəndaşları, o cümlədən sahibkarları hər zaman diqqət və qayğınızla əhatə edirsiniz. Sirr deyil ki, dünyanın bütün ölkələrində, o cümlədən doğma Azərbaycanımızda böyük maliyyə itkiləri baş vermişdir. Lakin bu dövrdə qəbul etdiyiniz humanist qərarlar, göstərdiyiniz diqqət və qayğı, Azərbaycan xalqının rifahının yüksəldilməsi Sizin üçün prioritet və öndə gedən məsələ olduğunu sübut etmişdir. Göstərdiyiniz bu dəstəyə, diqqət və qayğıya, yürütdüyünüz dayanıqlı siyasətə, hər zaman hər bir Azərbaycan vətəndaşının yanında olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizinlə fəxr edir”. Sabunçu rayonundan şagird Nurlan Cəbrayılzadə: “Möhtərəm cənab Prezident, bu gün Sizin Azərbaycan xalqının rifahı və sağlamlığı üçün gördüyünüz çoxşaxəli tədbirlər həm mənim, həm də bütün Azərbaycan xalqının xoşbəxt və sağlam gələcəyi üçündür. Bizlər hər birimiz çox şanslıyıq ki, bizi daim mühafizə edən və qoruyan Prezidentimiz var. Bu gün mən bir məktəbli kimi deyə bilərəm ki, Sizin təhsilimiz və gəncliyimiz üçün gördüyünüz əvəzsiz xidmətlər danılmazdır. Hazırda bütün dünyanı öz ağuşuna almış koronavirus pandemiyasının kəskin dalğaları Azərbaycan üzərindən çox xəfif keçir. Bütün bunlar isə Sizin əvəzsiz xidmətlərinizin bariz nümunəsidir. Mən 9-cu sinif şagirdi və ölkəmizin tərəqqi yolunda ön sıralarda olduğunun şahidi kimi deyə bilərəm ki, Sizin yorulmaz səyləriniz və tükənməz əməlləriniz sayəsində Azərbaycan inkişaf edib və edəcəkdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun layiqli davamçısı kimi Sizin daim Ümummilli Liderimizin azərbaycançılıq ideologiyası ilə irəliləyəcəyinizə hər zaman əminəm. Tam inanıram ki, müstəqil, suveren, azad Azərbaycan Respublikasının taleyi və işıqlı gələcəyi Sizinlə bağlıdır. Sözlərimi ulu öndər Heydər Əliyevin sözləri ilə bitirmək istərdim: "Biz müstəqilik, biz azadıq, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik". Mən əminəm ki, Sizin xeyirxah əməlləriniz Azərbaycanı daim zirvələrdə saxlayacaq. Yaşasın Azərbaycan Respublikasının Prezidenti!”. Şəki rayonunun Baş Göynük kəndindən Elxan Qəniyev: “Hörmətli Prezidentimiz cənab İlham Əliyev, Azərbaycan xalqına, o cümlədən Şəki camaatına hər zaman, həmçinin koronavirusun yayılmasının qarşısının alınması üçün görülmüş özünütəcrid tədbirləri müddətində göstərdiyiniz diqqətə, atılan addımlara, imkansız ailələrə etdiyiniz maddi yardımlara, gənc kadrların irəli çəkilməsinə, adət-ənənələrimizə uyğun olaraq yaşlı nəslə göstərdiyiniz qayğıya və hörmətə görə şəxsən öz adımdan və Baş Göynük kəndinin sakinləri adından Sizə təşəkkür edirik. Biz bir daha əmin olduq ki, Sizin sayənizdə daim müstəqil, sürətlə inkişaf edən və adət-ənənələrə hörmətlə yanaşılan bir ölkədə yaşayırıq. Siz hər bir Azərbaycan vətəndaşının yanındasınız və bizim əbədi Prezidentimizsiniz”. YAP-ın İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri Nizami Xudiyev: “Hörmətli cənab Prezident, dünyanın bütün ölkələrinin dəhşətli koronavirus bəlası ilə üz-üzə qaldığı bir şəraitdə Sizin rəhbərliyinizlə həyata keçirilən təxirəsalınmaz, qabaqlayıcı və ardıcıl tədbirlər xalqımızın bu dəhşətli fəlakətdən ən az itki ilə çıxmasına yönəlmişdir. Bu məqsədlə ölkəmizdə ayrı-ayrı istiqamətlər üzrə gerçəkləşdirilən kompleks tədbirlər, sosial izolyasiya və karantin rejimi qaydaları, əhalinin sosial müdafiəsinə göstərilən dövlət dəstəyi, iqtisadiyyatın müəyyən sahələrinin fəaliyyətində dayanıqlılığın qorunub saxlanılması və digər fəaliyyət proqramları öz səmərəsini verməkdədir. Kütləvi informasiya vasitələrində genişmiqyaslı maarifləndirmə işlərinin aparılması, vətəndaşlarımızın sağlamlığının qorunması və müalicəsi üçün az bir vaxtda müəssisə və klinikaların inşa edilməsi, ölkəmizdən kənarda olan vətəndaşlarımıza və soydaşlarımıza dövlət səviyyəsində qayğı və dəstək göstərilməsi və digər tədbirlər Sizin yüksək liderlik keyfiyyətlərinizin və yüksək təşkilatçılıq qabiliyyətinizin nəticəsidir. Bütün bu tədbirlər kompleksi öz müsbət təsirini göstərməkdədir. Dünyanın bir sıra ölkələri ilə müqayisədə respublikamızda koronavirus pandemiyasına qarşı mübarizənin dinamikasında müsbət təzahürlər müşahidə olunur. Mən milyonlarla Azərbaycan vətəndaşlarından biri kimi ölkəmizin çox ağır bir sınaqla üzbəüz qaldığı bir şəraitdə Sizin ardıcıl və qətiyyətli şəkildə davam edən fəaliyyətinizi bəyənir və müdafiə edirəm. İnanıram ki, xalqımız və dövlətimiz bu sınaqdan uğurla çıxacaq. Sizə və xalqımıza sağlam həyat və firavanlıq arzu edirəm”.

Hamısını oxu