Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsi üçün ev tikildi

1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ağdərədə şəhid olan Valeri Rassoxanın oğlu İlqar Rassoxa iki qız övladı ilə birlikdə əvvəl Zabrat qəsəbəsində qəbiristanlıq ərazisində məskunlaşmışdır. Heç bir şəraiti olmayan, bir sözlə yaşayış üçün yararsız evdə qalan şəhidin oğlu İlqar Rassoxa, onun üç və 10 yaşında qız övladları uzun müddət idi ki, çətin vəziyyətdə yaşamaq məcburiyyəti ilə üzləşmişdilər.   Trend-in məlumatına görə, şəhid ailəsinin acınacaqlı vəziyyətdə yaşadığından xəbər tutan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rassoxa ailəsinin qəzalı vəziyyətdə olan evinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yeni ev inşa edilib. Hazırda Zabrat qəsəbəsi, Eldar Xəlilov küçəsi, 3-cü döngə ünvanında yeni ev tikilərək şəhid ailəsinə təhvil verilib. Təqdim olunan ev mətbəx mebeli, həmçinin ailənin yaşaması üçün tam mebel dəstləri ilə təchiz olunub, uşaqlara geyim və oyuncaqlar alınıb. Verdiyi müsahibəsində İlqar Rassoxa göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

2020-07-12 00:00:00
3666 baxış

Digər xəbərlər

“Qondarma “erməni soyqırımı” iddiası sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır”

Cəlil Xəlilov: “Azərbaycan hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq”   Məlum olduğu kimi, hər il 24 aprel tarixi ermənilər tərəfindən “soyqırım günü” kimi qeyd edilir.   Tamamilə absurd və  xəstə təfəkkür məhsulu olan “erməni soyqırım” iddiası ilə bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bu gülünc iddianı bütün türk dünyasına atılan iftira kimi dəyərləndirib:   “Şübhəsiz, “erməni soyqırımı” iddiasının heç bir fakta istinad etmədiyi, tarixi həqiqətlərə deyil, siyasi qərarlara söykəndiyi hər kəsə məlumdur. Lakin təəssüflər olsun ki, həm Ermənistan və erməni diaspor təşkilatları, həm də bəzi dövlətlər bundan Türkiyəyə qarşı siyasi təzyiq məqsədi ilə istifadə etməyə, onun imicinə, tarixdə oynadığı sülhpərvər missiyaya kölgə salmağa çalışır. Onların məqsədi tarixi saxtalaşdırmaq, Türkiyəyə qarşı yeni tələb və iddialar üçün zəmin formalaşdırmaqdır. Halbuki, 1915-ci ildə Türkiyədəki ermənilərin yaşadıqları ölkəyə xəyanət edərək qiyam qaldırdığı, minlərlə türkü – uşağı, qocanı, hamiə qadınları qətlə yetirdiyi ilə bağlı çoxsaylı və təkzibedilməz tarix faktlar mövcuddur. Yəni ermənilər 1915-ci ildəki olayların qurbanları deyil,  türk xalqına qarşı törədilən soyqırımın sifarişçiləri və icraçılarıdır. Belə olan halda ermənilərin öz etdikləri cinayətləri Türkiyənin boynuna qoymaq cəhdləri siyasi həyasızlıqdan və əxlaqsızlıqdan başqa bir şey deyil”.   Azərbaycan xalqının hər zaman hər bir məsələdə qardaş Türkiyənin yanında yer aldığına diqqət çəkən Cəlil Xəlilov, bu gerçəyin bundan sonra da dəyişməz olaraq qalacağını bildirib:   “Azərbaycan və Türkiyə tarixin ən keşməkeşli dönəmlərində belə bir-birlərinin yanında yer alıb, bir-birlərinə qardaş yardımı göstəriblər. Azərbaycan hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq. Biz Türkiyə ilə birlikdə ermənilərin qondarma “soyqırım” iddialarını ifşa etməkdə davam edəcək və bütün dünyaya türk dünyasının haqq səsini çatdıracağıq.   Onu da qeyd edim ki, qondarma “erməni soyqırımı” iddiası sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır və bu iftiraya, bu tarixi yalana qarşı mübarizədə Türkiyəyə dəstək olmaq bizim hər birimizin milli, vicdani və insani borcumuzdur”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana

Əlahəzrət, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Birləşmiş Ərəb Əmirlikləri Sizin rəhbərliyiniz altında böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş və böyük nailiyyətlər qazanmış ölkələrindən birinə çevrilmişdir. Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır. Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir. Son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim. Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm. Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram. Hörmətlə,   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 noyabr 2024-cü il

Hamısını oxu
Kürdəmirdə şəhidin xatirəsi anılıb, adına tikilən bulağın açılışı olub

Kürdəmir rayonunun Sığırlı kəndində Vətən müharibəsi şəhidi Ziya Zabil oğlu Nurməmmədovun uyuduğu kənd qəbiristanlığındakı məzarı ehtiramla yad edilib, adına tikilən bulağın açılışı olub. Yaşasaydı bu gün Ziyanın 20 yaşı tamam olardı.   Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, mərasimdə iştirak edən rayon rəhbərləri, Azərbaycan Respublikası Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları təşkilatının sədr müavini Cəlil Xəlilov, kənd sakinləri, təhsil aldığı məktəbin müəllim və şagirdləri, yaxın dostları, ailə üzvləri kənd qəbiristanlığına gələrək şəhid Ziya Nurməmmədovun məzarını ziyarət edib, üzərinə çiçəklər düzüblər.   Sonra Sığırlı kəndinin girəcəyində, Bakı-Qazax magistral yolunun kənarında inşa olunan xatirə bulağının açılışı olub. Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Ağali Kərimli, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov və başqaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, Ziya və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər. Vurğulanıb ki, otuz ildən bəri işğal altında olan torpaqlarımızın azad edilməsində şəhid olan vətən oğullarının xatirəsi hər birimiz üçün, eləcə də gələcək nəsillər üçün daim əziz olacaq.   Mərasimdə şəhid Ziya Nurməmmədovun qısa, şərəfli ömür yolundan xatirələr söylənilib. Qeyd olunub ki, o, 2001-ci ildə Sığırlı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. İki bacının bir qardaşı olan Ziya 3 ay idi ki, müddətli hərbi xidmətə çağrılmışdı. Vətən müharibəsi başlandı və o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qatıldı, igidliklə vuruşdu. Təəssüf ki, oktyabrın 13-də şəhid oldu. Bu gün doğulub boya-başa çatdığı kənd qəbiristanlığında uyuyur. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Mərasimdə şəhidin atası Zabil Nurməmmədov oğluna, ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Sonra bulağın üstündəki örtük qaldırılıb, iştirakçılar şəhid Ziyanın xatirəsinə tikilən çeşmədən su içiblər. Sonda qonaqlar şəhidin ailəsində olub, qayğıları ilə maraqlanıblar.  

Hamısını oxu
Cəlil Xəlilov: “Təşkilatımız türkdilli dövlətlərin veteran təşkilatları ilə əlaqələri genişləndirəcək”

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması təklifi ilə çıxış etmişik”  “Hərbi qurumlar və təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik”  “Azərbaycanın haqlı mövqeyinin xaricdə çoxsaylı tərəfdarlar qazanması başlıca hədəflərimizdən olacaq” Məlum olduğu kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 sentyabr 2024-cü il tarixli XI plenumunda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə Təşkilatın gələcək fəaliyyəti, həyata keçiriləcək mümkün yeniliklər haqqındakı sualalrımıza cavab almağa çalışdıq. -Cəlil müəllim, öncə sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI qurultayında sədr seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Maraqlıdır, bundan sonra Təşkilatın fəaliyyətində hansı dəyişikliklər, yeniliklər olacaq? - Təşəkkür edirəm. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün istiqamətlərdə fəaliyyətinin daha səmərəli və operativ təşkili məqsədi ilə mövcud strukturun təkmilləşdirilməsi, rayon şöbələrinin maddi-texniki bazasının, maliyyə təminatının yaxşılaşdırılması əsas məqsədimizdir. Çünki istənilən uğurlu fəaliyyətin arxasında dövrün çağırışlarına cavab verən mobil struktur və düzgün kadr siyasəti dayanır. Bununla yanaşı, Təşkilatımızın yerli şöbələrinin fəaliyyətinin stimullaşdırılması, onların öz rayonlarının ictimai-siyasi həyatında daha fəal iştiraklarının təmin olunması, ərazidəki dövlət orqanları və ictimai təşkilatlarla işgüzar əlaqələrinin gücləndirilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Məlumat üçün bildirim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının demək olar ki, respublikamızın bürün raynlarında şöbələri mövcuddur. Onlar öz fəaliyyətlərini Təşkilatın illik tədbirlər planlarına uyğun qurmaqla, yerlərdə veteranlar, gənclər arasında iş aparır, vətənprəvərlik tərbiyəsinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində mütəmadi addımlar atırlar. Lakin onların fəaliyyətinin günümüzün tələbləri səviyyəsində qurmaq üçün mövcud maddi-texniki bazanın gücləndirilməsinə ciddi ehtiyac var. Bu baxımdan, gələcək fəaliyyətimizdə rayon şöbələri ilə təmasların daha da sıxlaşdırılması, Təşkilatın bütün bölgələrdə fəaliyyətinin gücləndirilməsi prioritet istiqmaətlərimizdən biri olacaq.  - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə, gənclərin öz xalqına, Vətəninə, dövlətinə sədaqət ruhunda yetişməsinə xüsusi diqqət göstərib. Təşkilatın əsas fəaliyyət prioritetlərindən olan bu istiqamətdə işin daha səmərəli qurulması üçün nələri planlaşdırırsınız? -          Şübhəsiz, bu məsələ Təşkilatımızın əsas və ənənəvi fəaliyyət istiqamətlərindən biri kimi daim diqqət mərkəzimizdədir. Gənclərin vətənpərvər, öz xalqını, dövlətini, Vətənini sevən və ona layiqincə xidmət etməyə daim hazır olan şəxslər kimi yetişdirilməsi, onların milli-mənəvi dəyərlərə sədaqət ruhunda böyüməsi indiki həssas dönəmdə ikiqat əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə gənclərin vətənpərvərlik və mili-mənəvi dəyərlərə sadiq şəkildə yetişdirilməsinin önəminə toxunub, bunun xalqımızın, dövlətimizin bugünü və gələcəyi baxımından önəmini qeyd edib. Bildiyiniz kimi, bu ilin sentyabr ayının 14-də VII çağrış Milli Məclisin açılışındakı nitqində dövlətimizin başçısı bu məsələlərə xüsusi diqqət yetirərək demişdir: “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq, sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”. Dövlət başçısının vurğuladığı kimi, məhz gənclərin vətənpərvərlik eşqi, Vətənə, torpağa, bayrağa olan məhəbbəti düşmənin darmadağın edilməsi, işğaldakı torpaqlarımızın azad edilməsinə səbəb oldu. Erməni faşizmi gənclərimizin vətən sevgisi qarşısında davam gətirə bilmədi. Biz bu gün gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsinə xüsusi diqqət yetirməli, onların yad ideologiyalardan qorunması üçün lazımi iş aparmalı, bütün bu istiqamətdə əməli addımlar atmalıyıq. Bu məqsədlərin uğurla reallaşdırılması məqsədi ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, o cümlədən Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə müvafiq iş planlarının hazırlanması və həyata keçirilməsini təmin etməyə çalışacağıq. Şübhə etmirəm ki, birgə, əlaqələndirilmiş fəliyyət öz nəticələrini verəckdir. Qeyd edim ki, Təşkilatımız bu məqsədlə ötən illərdə də bu istiqamətdə bir sıra görüşlər keçirib, layihələr gerçəkləşdirib. Bu gün isə biz bu əməkdaşlığın miqyasını genişləndirməklə, daha çox gəncin bu layihələrdən bəhrələnməsini təmin etməklə bərabər, fəaliyyətimizin konkretliyini, səmərəliliyini yüksəlməli, hədəfyönlü olmalıyıq. İnanıram ki, biz səylərimizi artırmaqla, peşəkar kadrları cəlb etməklə bu işin də öhdəsindən gələ biləcəyik. Həmişə olduğu kimi, müxtəlif kateqoriyadan olan veteranlar, Vətən müharibəsi qaziləri və şəhidlərin ailə üzvləri ilə Təşkilatımızın mərkəzi ofisində, rayon şöbələrində, hərbi hissələrdə, universitet və orta məktəblərdə mütəmadi görüşlərin təşkili, Müdafiə Nazirliyinin Milli Müdafiə İnstitutunda, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətlərinin Akademiyalarında,  digər hərbi təmayüllü məktəblərdə təhsil alan gənc hərbçilərlə görüşlərin keçirilməsi də diqqət mərkəzimizdə olacaq.  -Cəlil müəllim, şəhid ailələri və veteranlara qayğı dövlətimiz üçün prioritet məsələlərdən biridir. Bu istiqamətdə Təşkilatınız daha hansı addımların atılmasını məqsədəuyğun hesab edir? -Şəhid ailələri və veteranlarla bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılması, onların problemlərinin həlli ilə bağlı dövlət orqanları ilə əlaqələrin gücləndirilməsinə çalışacağıq. Veteranların sanator-kurort müalicəsi, istirahətləri və asudə vaxtlarının təşkili məsələlərinin diqqətdə saxlanılması da həyata keçirəcəyimiz layihələrdə yer alacaq. Ümumiyyətlə, hesab edirik ki, mövcud reallıqlar veteranlara, onların qayğı və tələbatlarına yeni bir baxışı zəruri edir. Buna görə də veteranların problemlərinin həllində mühüm rol oynayacağını nəzərə alaraq, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması üçün müvafiq dövlət orqanları ilə birgə işin təşkilini vacib sayırıq. Hesab edirik ki, 30 il əvvəl qəbul edilmiş bu qanunda zəruri dəyişikliklərin olunması artıq günün tələbidir. Ona görə də, bu qanunda mövcud reallıqlar nəzərə alınmalıdır. Biz bununla bağlı təkliflərimizi aidiyyatı dövlət orqanların diqqətinə çatdırmışıq və lazım gələrsə, qanunun yeni variantının hazırlanmasında yaxından iştirak edə bilərik.  - Ölkədə öz üzvlərinin sayına və digər parametrlərinə görə əsas veteran təşkilatı olaraq beynəlxalq əlaqələrinizin genişləndirilməsi və xarici veteran təşkilatları ilə münasibətlərin yeni keyfiyyət mərəhələsinə yüksəldilməsi üçün hansı planlarınız var? -          Bu istiqamətdə fəaliyyətimizi əsaslı şəkildə canlandırmağı düşünürük. Çünki bu gün dünyada haqq səsimizin eşidilməsi, milli mənafelərimizin qorunması üçün dostlarımızın sayını artırmalı, Azərbaycana qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv münasibətlərin qarşısının alınmasında möhtərəm Prezidentimizin yeritdiyi uğurlu siyasətə hərtərəfli dəstək olmalıyıq. Təşkilatımızın türkdilli dövlətlərin, MDB ölkələrinin veteran təşkilatları və beynəlxalq veteran təşkilatları ilə əlaqələrinin gücləndirilməsi ilə Azərbaycanın haqlı mövqeyinin daha dolğun çatdırılması və yeni çoxsaylı tərəfdarlar qazanması üçün bu imkanlardan maksimum yararlanmağı düşünürük. Çünki dünyanın əksər ölkələrində veteran sözü getdikcə daha ucadan eşidilməkdə və dövlətlərin mövqeyinə təsir imkanlarını artırmaqdadır. Əlbəttə, bunun üçün zəruri xarici səfərlərin təşkili məqsədi ilə Təşkilatımıza maliyyə imkanlarının yaradılması lazımdır və biz bu məslənin öz həllini tapacağına inanırıq. - Təbliğat və təşviqat sahəsində hansı yeniliklər gözlənilir? Təşkilatımızın fəaliyyətinin ölkə ictimaiyyətinə daha operativ çatdırılması üçün AzTV, yaxud İctimai TV-nin proqramında ayda 1 saatlıq “Veteran saatı” verilişinin efirə verilməsi, elektron media resursumuzun maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin daha da optimallaşdırılması da başlıca planlarımızdan biridir.  Əminəm ki, dövlətimizin qayğısı, üzvlərinizin əməyi sayəsində bütün planlarımızın reallaşmasına nail olacaq və Təşkilatımızın tarixində yeni bir dönəmin başlanğıcını qoyacağıq. -          - Uğur olsun! -     -   Çox sağ olun. Seymur ƏLİYEV

Hamısını oxu