Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.

 
Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

2020-07-18 00:00:00
3563 baxış

Digər xəbərlər

Şuşa – hər daşında bir tarix yatan müqəddəs şəhər

Novruzda Cıdır düzündə 3 tonqal qalayaq! Hər bir xalqın ən gözəl bayramları onun milli kimliyi və cəng, hərb meydanında qazandığı qələbələrlə bağlıdır. Bu baxımdan Azərbaycan xalqının Novruz bayramı kimi, Vətən Müharibəsində qazandığı qələbə ilə tariximizə yazılan Zəfər Günü də bizim qürur duyacaq, fəxrlə nümayiş etdirəcək və coşqu ilə qeyd edəcək bayramlarımızdandır.  Qalib, müharibədən üzü ağ çıxmış xalqın nümayəndəsi kimi 30 il işğal altında olan torpaqlara ayaq basmaq, onu salamlayıb, qoxusunu-ətrini ciyərlərimizə doğru var gücümüzlə çəkmək tamam başqa bir hiss, başqa bir duyğudur. İndi üzərində müzəffər duruşumuzu görən vətən də sanki başqa bir şadlıq, başqa bir sevinclə qarşılayır öz oğlunu, öz sahibini.  Şuşa Azərbaycan xalqı üçün o qədər müqəddəs şəhərdir ki, hətta orda doğulmayanlar, onu bir dəfə də olsun görməyənlər belə ona aşiq olur, içində, duyğularında ona bağlanır. Bu baxımdan müqəddəs şəhərə getməyi, onun tarix qoxuyan hər daşına əlləri ilə toxunmağı, Cıdır düzünün yamyaşıl çəmənliyində ayaqyalın gəzməyə, məscidində dua etməyə, şairlər, bəstəkarlar, xanəndələr yetişdirən havasından udmağa, İsa bulağında ovcuna doldurduğun suyundan içməyə, tarix yağan əyri-üyrü küçələrini gəzməyə hər bir Azərbaycanlı balası tələsir, istəyir və buna can atır. Bu baxımdan mənim də belə bir arzumun getdikcə alovlanması başa düşüləndir. 2022-ci il girər-girməz bu istəyimin reallaşması üçün addımlar atmağa başladım. Şuşaya səfərlər təşkil edən yetkililərə hətta “feysbuk” (facebook.com) sosial şəbəkəsi vasitəsi ilə səslənməkdən, belə bir arzumu açıq-aşkar ifadə etməkdən belə çəkinmədim.  Və çox keçmədi ki, ağlım kəsəndən özünü mənə sevdirən, valeh edən Şuşaya  edəcək səfərim reallaşdı. Sevincimin həddi-hüdudu yox idi. Biləndə ki yanvarın 8-i Şuşaya gedəcəm, şadlığımdan səhərə qədər yata bilmədim. Şuşaya yaxınlaşanda dan yeri yenicə sökülürdü. Şəhərin üstünü almış xəfif bulud aram–aram çəkilirdi. Bulud çəkildikcə dağların başı görünürdü. Qəribədir, adama elə gəlir ki, Şuşa ona yaxınlaşan hər azərbaycanlını görəndə üzü gülür, buludlardan yaranan qaşqabağını yığışdırırdı.Bizi müqəddəs şəhərin qayaları qarşıladı. Daşaltıdan buludlara doğru ucalan sıldırım qayalar məğrur, müzəffər igidin şişirtmiş olduğu sinəsini xatırladırdı. Necə də şişirtməsin sinəsini, necə də qürurlanmasın?! Tam da haqqı var. Çünki təkcə ona görə yox ki, 30 ildən sonra işğaldan azad olunub, həm də ona görə ki, azadlığına gedən yol bu qayalardan keçdi. Azərbaycanın mərd, məğrur, qəhrəman oğlanları insan ağlına, insan fantaziyasına qalib gələrək yüngül silahlarla, yəni sadəcə bıçaq və tapancalarla keçilməz olan bu sıldırım qayaları aşıb şəhərə daxil olmağı bacarmışdılar. Düşmən gözləmədiyi yerdən, gözləmədiyi anda qorxmaz igidlərimizi görəndə təəccübünü və çaşqınlığını gizlədə bilməmişdi. Yüngül silahlarla düşmənin arxasına keçən, əlbəyaxa döyüşüb onun silahını ələ keçirən igidlərimiz öz döyüş əzmi, döyüş ruhu ilə qarşı tərəfi tamamilə - həm ruhən, həm də fiziki olaraq məhv etməyi bacarmışdı. Bunu da yalnız və yalnız içində vətən həsrəti olan qəhrəmanlar edə bilərdi. Şəhərə daxil olanda qəhrəman oğullarımızın divarlara yazdıqları yazıları oxumaq zövq verirdi insana. Hər tinində bir igidin imzası, qeydi olan Şuşanın üzünün güldüyü görünürdü. Küçələr təmizlənmiş, böyük quruculuq işlərinin getdiyi hiss olunurdu. Yuxarı Gövhər Ağa məscidinin qarşısında dayanırıq. Müqəddəs şəhərin müqəddəs məkanında tanrıya əl açaraq dövlətimizə, xalqımıza, şəhidlərimizə, qazilərimizə və ümumilikdə vətənizimizin keşiyinə qalxmış bütün igid oğullarımız üçün dualar oxuyuruq. Şuşa, ümumilikdə Qarabağ azərbaycanlılar üçün ona görə müqəddəs torpağa çevrildi ki, onu qorumaq üçün biz minlərlə şəhid verdik. İgidlərimiz, qəhrəmanlarımız öz şirin canlarını vətəninə fəda edərək ölkəmizin bütövlüyünü qorudular. Qoy allah da şəhidlərin, qazilərin, ümumilikdə qəhrəmanlarımızın övladlarına, ailə üzvlərində bu torpaqlarda gözəl günlər keçirməyi nəsib etdin. AMİN.Sonra dadı və ətri ilə məşhur Şuşa çörəyinin bişirildiyi yerə gedirik. Burda bir qeyri-adiliyin olduğunu dərhal hiss edirsən. Sanki şəhər bizi duz-çörəklə qarşılayır. Şəhərə birinci gəlişimi nəzərə alib onunla duz-çörək kəsirik. Buradan birbaşa Bülbülün ev muzeyinə gedirik. Həyətə daxil olan kimi Bülbülün I Qarabağ müharibəsi zamanı Ermənilər tərəfindən üz-ağız nahiyyəsini dağıdılan və Vətən Müharibəsindən sonra yeni qoyulan heykəlləri ilə qarşılaşırıq. Hər iki heykəl yan-yana dayanmışdı. Biri ermənilərin barbarlığını, ikincisi isə Azərbaycanlıların dönməzliyini, vətənindən vaz keçməzliyini simvolizə edirdi. Hər kəsə gün kimi aydındır ki, Şuşa özünün avazı, səsi, xanəndələri ilə tanınıb. Ermənilər Bülbülün heykəlinin ağız nahiyyəsini dağıtmaqla sanki Azərbaycan xalqının səsini boğmaq istəmişlər. İkinci heykəli onun yanında ucaltmaqla bacarmayacaqlarına işarə edildiyi hiss olunur. Qoy düşmənlərimiz, eləcə də hər kəs bilsin. BACARMAYACAQSINIZ!!! Bu xalqı kimsə susdura bilməyəcək. Xalqımızın uca səsi bundan sonra da daimi olaraq Şuşa səmasına bərqərar olacaq. Sonra Vaqifin məqbərəsinə doğru yön alırıq. Məqbərəyə çatanda ümummilli lider Heydər Əliyev tərəfindən bu abidənin açılışı zamanı yağan qarı xatırlayıram. İstər istəməz adamın gözü qar axtarır. Həm günəşi, həm də qarı ilə qonaqlarını qarşılayan məqbərə qələbəmizin rəmzi kimi özünü simvolizə edir. Daha sonra Cıdır düzünə qalxırıq. O məşhur düzə. İgidlərin at minib, bilək tutub güləşdiyi, hünər göstərib ad qazandığı düzə. Cıdır düzünə qalxar-qalxmaz əsən mehin sərinliyini hiss edirsən. Burnuna dəyən vətən qoxusu 30 illik həsrəti sona çatdırır. Barmaqlarını cütləşdirib, əlini alnına söykəyib üzü aşağı tərəf, xanın kəndinə - Xankəndinə doğru boylanırsan. Baxdıqca ürəyində arzular, demək istədiyin sözlər yaranır. Arzum budur bu Novruzda Cıdır düzündə 3 tonqal qalansın. Tüstü dumanı havaya qalxdıqca ətrafa qələbə müjdəsini bir daha çatdırsın. Qoy düşmən görsün ki, Oğuz elinin ocağı gur yanır. Səninlə Novruzda görüşənədək, əziz və müqəddəs şəhər. Seymur Qasımbəyli 

Hamısını oxu
Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə sədaqət

Azərbaycan Ağsaqqallar Şurası uzun illərdir bu qurumda çalışan, Şuranın sədr müavini Bayram Yusifovun 60 illik yubileyi münasibətilə kitab nəşr edib. Şuradan AZƏRTAC-a bildirilib ki, “Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə sədaqət” adlı bu kitabda tanınmış ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, nüfuzlu ağsaqqalların, o cümlədən yubilyara yaxın insanların ürək sözləri, təbrikləri, o cümlədən Bayram Yusifovun ictimai-siyasi fəaliyyəti ilə bağlı müəyyən məqamlar, tədbirlərdəki çıxışları və bəzi şeirləri öz əksini tapıb. Şeirlərin arasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr olunmuş “Ali Baş Komandanım” adlı şeiri də var. Azərbaycanın 44 günlük Vətən müharibəsində dillərdən düşməyən və bu gün də sevilən mahnılardan olan, Əməkdar artist, müğənni Abbas Bağırovun ifa etdiyi “Zəfər marşı”nın sözləri Bayram Yusifovun bu şeirindən götürülüb. Kitabda toplanan dəyərli qələm nümunələrinin hər bir sətrində yubilyara tükənməz sevgi və hörmət hissi duyulur. Kitab boyu mətnləri yubilyarın həyat və fəaliyyətini tarixiləşdirən müxtəlif fotolar müşayiət edir. Yeni nəşri vərəqlədikcə, burada Bayram Yusifov barədə qələmə alınan hər bir söz ürəkdən gələn, onu tanıyanların səmimi sevgisinin ifadə olunduğu sözdür, alicənab şəxsiyyətin əsl dostlarının, Azərbaycanın tərəqqisi, təntənəsi uğrunda yorulmadan mübarizə aparan vətənpərvər insanın fədakar fəaliyyətinin şahidi olan sədaqətli məsləkdaşlarının sözüdür, tükənməz enerji ilə məhsuldar fəaliyyətini davam etdirən müdrik ağsaqqalların, dəyərli ziyalıların sözüdür. Bəli, bu kitabla tanış olan hər bir kəs şahidi olacaqdır ki, həqiqətən də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun yaşadığı ömrün missiyası Vətənə, xalqa, dövlətə sədaqətdir.  

Hamısını oxu
Cüdo üzrə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyinə start verilir

Yarışda 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq 26-27 iyul tarixlərində ölkəmizdə cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyi keçiriləcək. Veteran.gov.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, U-15 kiçik yaşlı yeniyetmələr arasında təşkil olunan turnirdə 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqdır. Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək yarışda Gəncə şəhərindən və digər regionlardan 35 komanda iştirak edəcəkdir. Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərməkdir. Eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Qeyd edək ki, turnir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Seymur ƏLİYEV  

Hamısını oxu
Qanla Yazılan Tarix: Mirzəyevlər ailəsinin Müharibə Salnaməsi

Tarixin qanla yazıldığı illər var. 1941–1945-ci illərdə Azərbaycan xalqı Böyük Vətən Müharibəsində özünün necə qəhrəman və fədakar bir xalq olduğunu bütün dünyaya sübut etdi. O illər təkcə silah və güllə ilə yox, inam və vətən sevgisi ilə yaşanıldı. Hər kənddən, hər evdən bir əsgər cəbhəyə yollandı. Onların arasında Masallı rayonunun igidləri də vardı. Masallı rayonunun tarixini vərəqlədikcə belə talelərin nə qədər çox olduğunu görürük. Ərkivandan, Boradigahdan, Təklə kəndindən, Kolatan və Digahdan... Hər yerdən yüzlərlə gənc döyüşə yollandı. Onların bir çoxu geri qayıtmadı. Ancaq onların ruhu bu torpağın hər daşında, hər çiçəyində, hər nəfəsində yaşayır. Oğullarını, ərini, qardaşını, atasını cəbhəyə yollayan qadınlar da səssiz, göz yaşları içində, təpədən dırnağa qədər dua ilə silahlanmış halda döyüşdülər. Fədakarlığın bu səviyyədə ucalığı yalnız qəhrəman xalqlara xasdır. Azərbaycan xalqı da məhz belə bir xalqdır. Bugün Mirzəyevlər nəslinin araşdırılması bizə təkcə bir ailənin keçmişini yox, bütün xalqımızın mübarizlik tarixi xatırladır. Bu ailənin timsalında biz Azərbaycan xalqının müharibədəki yerini görür, onun tarixinə şahidlik edirik. Bizim bu xatirələri yaşatmağımız bir xalq olaraq qəhrəmanlarımız qarşısında olan borcumuzdur. Onların həyatı yarımçıq qalsa da, onların hər biri qəhrəmanlıqları, fədakarlıqlarıyla tarixə düşdülər. Onlar yaşadılar, vuruşdular və xalqın yaddaşında əbədiləşdilər. Masallı rayonunda yaşayan Mirzəyevlər ailəsi bu taleyin rəmzinə çevrilmişdi. Bir ailənin üç oğlu Rəzzaq, Yunus və Aşur qardaşlrı torpağa, vətənə, gələcəyə sahib çıxmaq üçün silahlandı. Masallı rayonunun yüzlərlə oğlu kimi onlar da çağırışa cavab verdi. Qəlblərində qorxu yox idi və yalnız bir düşüncələri vardı: “Əgər bu torpaq bizimdirsə, biz də onun uğrunda ölməyə hazırıq.” 1918-ci ildə doğulan Rəzzaqın uşaq gözlərində işıq vardı. O, hər zaman sakit, dərin düşüncəliydi. 1942-ci ilin qışında, qarın torpağı örtüb ağ örpəyə bürüdüyü bir gündə əsgər paltarında doğma kəndinə baxaraq vidalaşdı. Yanvar ayının sərt küləyi onun saçlarını dalğalandırır, gözlərindəki qəribə işıq uzaq bir yola işarə edirdi. 1943-cü ilin mayına qədər döyüşdü. O gündən sonra izinə heç kim rast gəlmədi. Sadəcə bir sükut qaldı ardınca – itkin bir həyat, əbədi bir xatirə... Yunus ondan da əvvəl 1942-ci ilin soyuq fevralında əsgərliyə çağırılmışdı. O, kəndin arxasındakı təpələrdə uşaq vaxtı oynadığı yeri son dəfə seyr etdi. 1912-ci ildə doğulan Yunus ailənin böyük övladı kimi həmişə məsuliyyət daşıyırdı. Cəbhədə göstərdiyi igidlik onun adını döyüş yoldaşlarının qəlbində əbədi yaşatdı. Amma 1944-cü ilin yanvarında o da itkinlər siyahısına düşdü. Sanki torpaq onu bağrına basmış, adını səssiz bir dua kimi göylərə pıçıldamışdı.  Aşur isə 1914-cü ildə doğulmuşdu. O, 386-cı atıcı diviziyanın sıralarında döyüşürdü. Qanlı Krım cəbhəsində Sevastopol uğrunda gedən döyüşlərdə mərdliklə vuruşdu. Güclü idi  həm bədəni, həm də ruhu. Silahdaşları deyərdi ki, Aşur bir dağ kimi irəliləyirdi. Lakin müharibənin amansız üzü onu əbədiyyətə qovuşdurdu. Həlak oldu. Amma adı döyüş meydanlarında bir əfsanə qaldı. Bu üç qardaş bir nəslin davamçıları idi. Onlar yalnız ailələrinin deyil, bütöv bir millətin şərəf salnaməsində adlarını yazdılar. Bugünkü Masallı torpağı onların ayaq izlərini, analarının göz yaşını, kəndin başında səslənən duaları hələ də yaddaşında daşıyır. Çünki qəhrəmanlar ölmür.   Onlar unudulmur. Onlar hər zaman aramızdadır bir xalqın tarixində, bir nəslin qan yaddaşında. Tarix yalnız sənədlərdə yazılmır. Bəzən o, nəsillərin yaddaşında, köhnə şəkillərdə, anaların göz yaşında, babaların susqun baxışlarında yaşayır. Bəzən də bu yaddaşı elmi araşdırmaya çevirən insanlar olur. Onlar unudulmuş izləri gün işığına çıxarır, keçmişin qaranlıq qapılarını aralayırlar. Onlardan biri də iqtisadçı alim, bir nəslin fəxri və tarixi mirasını yaşadan bir ziyalı olan Balayar Əliyevdir. Balayar Əliyev təkcə elmi uğurları ilə tanınmır. Onun başqa bir missiyası var: Böyük Vətən Müharibəsində iştirak etmiş babalarının  Rəzzaq, Yunus və Aşur Mirzəyevlərin və bütövlükdə Azərbaycanın cəbhəyə yollanmış igid oğullarının həyatını, xidmətlərini araşdırmaq və gələcək nəsillərə çatdırmaq. Balayar Əliyev köklərinə bağlı bir alimdir. O, 1943-cü ildə itkin düşmüş Rəzzaq Mirzəyevin nəvəsidir. Ailəsində danışılan xatirələr, qorunan köhnə məktublar, müharibə illərinə aid sənədlər onun uşaqlıq yaddaşında əbədi iz buraxıb.  Bu hekayələr, bu itkilər, bu xatirələr onu tarixə daha dərindən bağlamışdır. Böyüdükcə bu yaddaş bir missiyaya çevrildi.  Bu gün Balayar Əliyev yalnız öz babası haqqında deyil, Azərbaycan xalqının tanıdılması haqqında da Latviyada işlər aparır. Bu gün qəhrəmanların izi ilə getdikdə görürük ki, Gülnaz Mirzəyeva atasının izini yaşadır. Azərbaycan xalqı qəhrəmanlarını heç vaxt unutmur. Tarixin sınaqlı yollarından alnıaçıq keçmiş, torpağın müdafiəsi uğrunda canından keçmiş igidlərin xatirəsi bu xalqın yaddaşında əbədi yer alıb. Qəhrəmanlara olan hörmət, onların ailələrinə, övladlarına göstərilən diqqət və qayğı bu gün ölkəmizin ən ali dəyərlərindən biridir. Bu qayğının canlı nümunələrindən biri də Masallı rayonunda keçirilən tədbirlər o cümlədən 7 və 8 may 2025-ci il tarixlərində təşkil olunmuş görüşlərdir. Həmin tədbirlərdə iştirak edənlər arasında xüsusi diqqət çəkən şəxs isə Böyük Vətən Müharibəsində itkin düşmüş qəhrəman əsgər Rəzzaq Mirzəyevin qızı Gülnaz Mirzəyeva idi. 7 may tarixində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə rayon rəhbərliyi, müharibə veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbirin əsas məqsədi Böyük Vətən Müharibəsində göstərilən qəhrəmanlığı bir daha yad etmək və veteran ailələrinə ehtiram göstərmək idi. Gülnaz Mirzəyeva bu tədbirdə iştirak edərək atasının döyüş yolunu, ailələrinin yaşadığı çətinlikləri və bu gün onlara göstərilən diqqəti duyğulu sözlərlə ifadə etdi. Növbəti gün - 8 mayda Masallı rayonunun Təzəkənd kəndində keçirilən anım tədbiri isə daha səmimi və bəlkə də daha emosional atmosferdə baş tutdu. Burada kənd sakinləri, məktəblilər, müəllimlər və ağsaqqallar qəhrəmanların ruhuna dualar etdilər, xatirə çıxışları ilə onların həyat yolunu yad etdilər. Gülnaz Mirzəyeva bu tədbirdə də iştirak etdi. O, sadəcə bir qəhrəmanın övladı kimi yox, tarixi daşıyan canlı bir xatirə olaraq çıxış etdi. Azərbaycan dövləti hər zaman müharibə veteranlarına, şəhid ailələrinə və qəhrəman övladlarına diqqətlə yanaşır. Bu tədbirlər bir daha sübut edir ki, qəhrəmanlarımızın adları unudulmur, onların ailələri unudulmur, göstərilən fədakarlıq əbəs yerə getmir. Masallı rayonunda keçirilmiş bu görüşlər Azərbaycan xalqının tarixi ilə qürur duyduğunu, fədakarlıq və vətənpərvərliyin gələcək nəsillərə ötürülməsində böyük addımlar atıldığını sübut edir. Gülnaz Mirzəyeva atasının izini yaşadır. Onun hər çıxışı, hər tədbirdəki iştirakı bir övlad borcudur, bir xalq yaddaşıdır. Azərbaycan qəhrəmanlarını unutmur. Onların ailələrinə sahib çıxmaqla, biz əslində öz tarixi borcumuzu ödəyirik. Çünki xalqını unutmayan, qəhrəmanını da unutmur. Müharibə, Əmək və Silahl Qüvələr Veteranlar Təşkilatının sədri  polkovnik Cəlil Xəlilov    

Hamısını oxu