Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Türkiyə hərbçilərini və hərbi texnikalarını Naxçıvana göndərdi

Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Publika.az xəbər verir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib. Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib. “Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin təlimlərə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları təlim yerlərinə doğru hərəkəti davam etdiriblər. Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində qardaş ölkənin hərbi qulluqçularının təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən və hərbi-texniki əməkdaşlıqdan danışıblar. Sonra təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

2020-07-27 00:00:00
3615 baxış

Digər xəbərlər

Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur

Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, rus mədəniyyəti ilə ənənəvi əlaqələri baxımından Rusiya üçün böyük maraq və dəyər kəsb edir. Xüsusən ona görə ki, respublikada rus dili, birgə tarix, iki yüz il ərzində xalqlarımızı birləşdirən nə varsa, hamısı qayğı ilə əhatə olunub və qorunur. Bu fikri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edərkən söyləyib. Şübhəsiz ki, yüksək səviyyədə müntəzəm görüşlər dövlətlərarası münasibətlərə dinamizm verir, lakin indiki halda bu münasibətlər fundamental əhəmiyyətə malikdir. Hər iki dövlətin başçısı öz çıxışlarında iki ölkə arasında əlaqələrin strateji xarakterini vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, biznes sahəsindən siyasətə keçən "strateji tərəfdaşlıq" termini iki ölkənin fəaliyyətinin əlaqələndirilməsinin yüksək formasını, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə resursların qarşılıqlı səmərəli kooperasiyasını göstərir. Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlığın ruhuna və məzmununa tamamilə uyğundur. İqtisadiyyatın və mədəniyyətin bir çox sahələrində Azərbaycanın Rusiya ilə əməkdaşlıq perspektivləri təqdirəlayiqdir. Belə ki, investisiyalar, ticarət əlaqələri, nəqliyyat kommunikasiyaları genişlənir, humanitar və turizm sahəsində əlaqələr dərinləşir. 2017-ci ilin yekunlarına görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub" qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər böyük beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. Elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əlaqələr mövcuddur. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Rusiyanın geostrateji maraqlarına anlaşıqlı yanaşır. Rusiya da öz növbəsində, Qarabağ problemi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faiz işğal edilməsi ilə bağlı Azərbaycanın narahatlığını bölüşür. "Azərbaycan ictimaiyyəti bu münaqişənin həllində Rusiyanın daha fəal iştirakına ümid bəsləyir. Rusiya öz hərbi müttəfiqi Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasına dair BMT qətnamələrini icra etməklə bağlı birmənalı təsir göstərə bilərdi. Biz bu istiqamətdə Rusiya tərəfdən daha qətiyyətli addımlar gözləyirik", - deyə siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov bildirib.

Hamısını oxu
Ağdamda Milli Qəhrəmana həsr edilmiş “Canpolad” sənədli filmi təqdim olunub

Ağdam Muğam Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Canpolad Yaqub oğlu Rzayevə həsr edilmiş “Canpolad” sənədli filminin təqdimatı olub. Təqdimat mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatının nümayəndələri də iştirak edib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, qəhrəmanın ailə üzvlərinin, şəhid ailələrinin, qazilərin, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Milli Qəhrəman Canpolad Rzayevin şərəfli döyüş yolundan, şəhid və Milli Qəhrəman ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib, gənclərdə vətənpərvərlik duyğularının inkişaf etdirilməsində bu kimi filmlərin əhəmiyyətindən danışıblar. Milli Qəhrəmanın oğlu Canpolad Rzayev filmin ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Sonra sənədli film nümayiş etdirilib. “Salnaməfilm studiyası” tərəfindən dövlət sifarişi ilə hazırlanmış filmin rejissoru Elşən Zeynallıdır. Qeyd edək ki, Canpolad Yaqub oğlu Rzayev 1968-ci il fevralın 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. Leytenant rütbəsində tank komandiri kimi Birinci Qarabağ müharibəsində iştirak edib, 1992-ci il fevralın 26-da qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Hamısını oxu
Veteranlar təşəbbüsə qoşulurlar

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə dəstək olmaq hər birimiz üçün müqəddəs vəzifədir. Ulu öndərimiz Heydər Əliyevin dəfələrlə dediyi kimi, Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, hər bir Azərbaycan vətəndaşının borcudur.   Möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Ruh yüksəkliyi var. Nəinki, orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Biz veteranlar da bu işin daha da geniş vüsət alması üçün əlimizdən gələni əsirgəmirik. Azərbaycan əsgərləri ilə bizi  sıx əlaqələr birləşdirir. Bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında  keçirilən Azərbaycan Ordusuna  mənəvi dəstək aksiyasına start verilməsi və UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun rəhbərliyi ilə professor- müəllim və tələbələrin bir qrupunun hərbi libas geyinərək cəbhəboyu bölgələrə, ön xətt mövqelərinə səfərləri, fəxri döyüş növbələrində dayanmaları, əsgərlərlə bir yataqxanada gecələmələri, onlara mənəvi dəstək olmaları biz veteranları da hədsiz sevindirdi. Əsgər hiss edəndə ki, onu yada salan, ona arxa-dayaq olan, qayğıları ilə yaşayan, onun xidmətlərini yüksək qiymətləndirən arxa cəbhə varsa, deməli, ön səngərdə daha məğrur dayanacaq, ümidləri doğruldacaq, Vətən uğrunda, torpaq uğrunda canını, qanını belə əsirgəməyəcəkdir. Azərbaycan Dövlət İqtisad Universitetinin bu təşəbbüsü əsil vətənpərvərlik təşəbbüsüdür və təqdirəlayiqdir. Biz veteranlar bu  təşəbbüsü ürəkdən alqışlayırıq və bu gündən UNEC-in təşkil etdiyi xeyirxah vətənpərvərlik aksiyasına qoşulduğumuzu bəyan edirik. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinə səfərlərimizə bu gündən start verilir.   Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik

Hamısını oxu
MDTF-nin maliyyə dəstəyilə “Letters from a Christian Bishop and a Muslim Scholar to the Earth” adlı kitab işıq üzü görüb

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyilə ADA Universitetinin professoru Nəriman Qasımoğlunun “Letters from a Christian Bishop and a Muslim Scholar to the Earth” (“Xristian yepiskopu və müsəlman alimindən Yer kürəsinə məktublar”) adlı kitabı nəşr edilib.   Kitabda müəllifin Britaniyanın məşhur ictimai və din xadimi, “Cəngavər” ordeni daşıyıcısı, Liverpul şəhərinin sabiq yepiskopu Ceyms Consla 2006-cı ilədən günümüzədək olan məktublaşmaları və məktublara istinad edilən çıxışları yer alıb.   Kitabda İslam və Xristianlıqda Yer kürəsinin, ətraf mühitin qorunmasına dair məsələlər teoloji müstəvidə işıqlandırılmaqla yanaşı, hər iki dini düşüncənin eko-teologiya mövzusunda qənaəti və yaxınlaşması öz əksini tapmışdır. Nəşr edilən kitab Azərbaycan-Böyük Britaniya mədəni əlaqələrinin inkişafına da töhfə verəcəkdir.

Hamısını oxu