Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur. Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər. Əziz bacı və qardaşlarım! Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir. Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!" Milli.Az

2020-07-28 00:00:00
3731 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası prezidenti seçkiləri ilə bağlı Respublika Veteranlar Təşkilatının ümumi yığıncağı keçirilmişdir

Fevralın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı ümumi yığıncaq təşkil edilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov ölkəmizdə keçirilən bütün seçkilərdə veteranların fəal iştirak etdiklərini bildirib. O, aprelin 11-də keçiriləcək prezident seçkilərində də bu fəallığın yüksək səviyyədə olacağına əminliyini ifadə edib. Tofiq Ağahüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışıb, Azərbaycanın dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik ölkə kimi tanındığını vurğulayıb. Bütün sahələrdə ildən-ilə inkişaf edən Azərbaycanın hərbi qüdrəti də artır, ordumuz güclənir və bu, bizdə erməni işğalında olan torpaqlarımızın azad ediləcəyinə böyük inam yaradır. Xalqın rifahının və sosial vəziyyətinin yaxşılaşması, o cümlədən veteranlara göstərilən qayğı və diqqətin getdikcə yüksəlməsi, eləcə də digər istiqamətlərdə qazanılan nailiyyətlər bizi növbəti seçkilərdə yenə də İlham Əliyevə səs verməyə sövq edir. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov seçkilərlə əlaqədar qurumun qarşısında duran vəzifələrdən, veteranların bu işdə daha yüksək fəallıq göstərmələrinin əhəmiyyətindən danışıb. O, seçkilərdə iştirak və təbliğat işinin təşkili ilə bağlı məsələlərdə yerli təşkilatlara lazımi köməyin göstərilməsinin, hamını səsvermə günü seçki məntəqələrinə gedərək vətəndaşlıq borcunu yerinə yetirməsinin vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev veteranlara dövlət qayğısı siyasətinin müasir mərhələdə inkişafı üçün çox böyük işlər görüb. Onun imzaladığı dövlət proqramları və sərəncamlar əsasında xüsusilə müharibə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Veteranlara prezident təqaüdünün verilməsi, hər il 9 May - Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək birdəfəlik yardım edilməsi, fəal veteranların orden və medallara layiq görülməsi və həyata keçirilən başqa tədbirlər bunun parlaq sübutlarıdır. İlham Əliyev görkəmli dövlət adamı, ictimai xadimdir. Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən yüksək kürsülərdən Azərbaycanın ədalətli və obyektiv mövqeyini qətiyyətlə səsləndirməsi biz veteranları, Vətənin azadlığı uğrunda həlak olmuş əsgər və zabitlərin ailələrini hədsiz fərəhləndirir və torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamımızı daha da artırır. Veteranların layiqli namizədi olan Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti və mühüm xidmətləri ilə bütün xalqımızın səsini qazanmağa haqqı çatdığını vurğulayan C.Xəlilov səsvermə günü veteranların yenidən öz seçimlərinə sadiq qalacaqlarına əminliyini bildirib. O, əmin olduğunu bildirib ki, veteranlar aprelin 11-də layiqli namizəd İlham Əliyevə səs verəcəklər. Tədbirdə “Azərbaycan Qarabağ Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, professor Bəhram Zahidov, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Fərhad Süleymanov, ehtiyatda olan polkovnik Sücəddin Abdullayev və digər çıxış edənlər də veteranlara göstərilən diqqət və qayğıdan danışıb, onların aprelin 11-də hamılıqla İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklərini qeyd edib və hamını səsvermə günü fəal olmağa çağırıblar. Sonda Azərbaycan müharibə veteranları təşkilatlarının ümumi yığıncağının iştirakçıları aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda deyilir ki, Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan veteranlara dövlət qayğısı siyasətinin Azərbaycanda müasir mərhələdə daha da inkişaf etdirilməsinə nail olub. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul edilən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış diqqət və qayğı İlham Əliyevin prezidentliyi dövründə daha da genişləndirilib. Müntəzəm olaraq imzalanan dövlət proqramları və sərəncamlar əsasında müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara prezident təqaüdünün verilməsi, hər il 9 May – Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək birdəfəlik yardım edilməsi, veteran fəallarının orden və medallara layiq görülməsi və başqa xeyirxah işlər bunun parlaq sübutlarıdır. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli istiqamətində göstərdiyi səylərin yüksək qiymətləndirildiyi bəyanatda deyilir: “Prezidentimiz münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün bütün zəruri siyasi və diplomatik addımları atır. Respublika veteranları dövlətimizin qarşısında duran taleyüklü məsələlərin həlli üçün özünü doğrultmuş, xalqımız tərəfindən dəstəklənən siyasətin davam etdirilməsini vacib bilirlər. Məhz buna görə biz, respublikamızın bütün bölgələrindəki veteran təşkilatlarını təmsil edən təşkilat olaraq veteranları hamılıqla yerlərdə seçkiqabağı tədbirlərdə fəal iştirak və düzgün seçim edib aprelin 11-də İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırırıq. İnkişaf edən, güclənən, dünyanın qabaqcıl ölkələri sırasında layiqli yer tutan Azərbaycanın sınaqlardan çıxmış lideri İlham Əliyev ölkə veteranlarının layiqli namizədidir. Buna görə bütün veteranları İlham Əliyevə səs verməyə çağırırıq”. Bəyanatı ümumi yığıncaqda iştirak edən veteran təşkilatlarının rəhbərləri imzalayıblar.

Hamısını oxu
Prezidentə yazırlar: Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Milli.Az Prezident saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir. Bakı şəhəri Səbail rayonundan Fidan Abbaslı yazır: "Hörmətli cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Onun bizə miras qoyduğu bu ideyalar Sizin sayənizdə daha da güclənərək xalqımızı birləşdirən amilə çevrildi. İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər ordumuzun gücünü bir daha göstərdi. Bu ordunun güclənməsi Sizin zəhmətinizin sayəsindədir. Bizim Vətənimizi, xalqımızı qoruyan güclü ordumuz var. Bizlər də hər zaman öz ərazi bütövlüyümüzü qorumaq üçün hazırıq. Gənclər daim Sizə inanır və güvənirlər" Şuşadan məcburi köçkün Qalib Kazımov: "Cənab Ali Baş Komandanımız, cəbhədə baş verən növbəti düşmən təxribatının qarşısı güclü ordumuz tərəfindən qətiyyətlə alındı. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz və möhtəşəm çıxışlarınız bir gənc olaraq məni çox qürurlandırdı. Vətənpərvər nəslin yetişdirilməsi vacib və çətin bir vəzifədir. Siz bu vəzifənin öhdəsindən ləyaqətlə gələrək ölkənin taleyüklü məsələlərinə münasibətdə öz sözünü deyə bilən Azərbaycan gəncliyi yetişdirmisiniz. Bu günlər gənc nəslin üzərinə daha böyük məsuliyyət düşür. Cənab Prezident, bizə olan güvənə və inama görə Sizə minnətdarıq. Sizin ətrafınızda daim sıx birləşərək xalqın əsrlərboyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşatmağa və gələcək nəsillərə ötürməyə söz veririk". Quba rayonu, Buduq kəndinin sakini Yaqub Həsənovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometri dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş-gəliş kəsilirdi. Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, kənd məhsullarını vaxtında çatdıra bilir. Ulu öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq. Sizə minnətdarıq, cənab Prezident". Polşa Respublikası, Varşava şəhərindən, Polşa Azərbaycanlıları Assosiasiyasının rəhbəri Xəlil Həsənov, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli və Hüseyn Əsədli, Həzi Rəhimli, Teymur Məmmədov yazırlar: "Hörmətli cənab Prezident, 12 iyul tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri öz işğalçı xislətinə sadiq qalaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə mənfurcasına hücum etmişlər. Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələrinin düşmənin işğalçı həmlələrinə qarşı davam edən əks-əməliyyatları növbəti şanlı qələbəmizlə nəticələnəcəkdir. Polşada yaşayan Azərbaycan gəncləri olaraq Qarabağımızın azad olunması və düşmənin hücumlarının qarşısının alınması üçün döyüşməyə hazırıq və əmrinizi gözləyirik". Ağdam rayonu, Çullu kəndi sakini Yavər Cəfərov: "Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyevin çıxışları xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayıb, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Sizin çıxışlarınızı da izlədikcə qəlbində Vətən sevgisi alovlanan Lider görürük. Buna görə də vətənpərvər Liderin bir çağırışına qısa zaman kəsiyində on minlərlə insan səs verdi. Biz həmişə fəxr etmişik ki, Sizin kimi Prezidentimiz var. Mən də çağırışınıza qoşularaq orduya yazılmaq üçün könüllü siyahıya yazılmışam. Vətənin keşiyində durmağa hər zaman hazıram. Ağdam rayon sakinləri Qarabağımızı mənfur ermənilərdən azad etmək üçün əmrinizi gözləyir. Allah Sizi qorusun". Beyləqan rayonundan Rafiz İsmayıllı yazır: "Hörmətli cənab Prezident, dövlətçiliyimizin inkişafı, vətəndaşlarımızın xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə Yeni Azərbaycan Partiyasının fəal gənc üzvü və Sizin sıravi əsgəriniz kimi Sizin uzaqgörən siyasətinizi daim dəstəkləyirik. Qətiyyətli çıxışlarınız, düşmənə layiqli cavabınız bizdə fəxarət hissi doğurur. Apardığınız məqsədyönlü siyasətin nəticəsi kimi, ordumuzun göstərdiyi şücaət hər birimizi qürurlandırdı. Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayır, bu fədakar yolda Sizinlə olduğumuzu bildiririk". Bakı şəhəri Sevda Rzalı: "Hörmətli Prezident, cənab Ali Baş Komandan, son günlər erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonu ərazisində mövqelərimizin və yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində şəhidlər verdik və yaralılarımız oldu. Lakin, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə düşmənə layiqli cavab verilmiş, şəhidlərimizin qisası alınmışdır. İnanırıq ki, düşmən ölkənin təxribatlarının qarşısını Sizin rəhbərliyinizlə alacaq, öz ərazi bütövlüyümüzü təmin edəcəyik. İşğal altında olan torpaqlarımızın geri qaytarılması hər birimizin müqəddəs amalıdır. Bu işdə hər zaman Sizinləyik, canımızdan, qanımızdan keçməyə hazırıq. Düşmən bizim birliyimizin, həmrəyliyimizin qarşısında dayana bilməz. Yaşasın Azərbaycan". Bakı şəhəri, Binəqədi rayonundan Yeganə Əsgərlinin məktubunda deyilir: "Möhtərəm cənab Prezident, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi ölkəmizdə əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanmasına gətirib çıxardı. Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyiniz siyasəti qətiyyətlə dəstəklədiklərini və Sizin ətrafınızda sıx birləşdiklərini bildirərək, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olduqlarını bildirdi. Heç bir daxili və xarici güc Azərbaycan dövlətinin qətiyyətini, gücünü, Prezident-xalq həmrəyliyini şübhə altına ala bilməz". Laçın rayon Ağasif Ələkbərov: "Hörmətli cənab Prezident, ölkəmizi çoxsaylı təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Biz həmişə Sizinləyik. Biz birlikdə güclüyük". Quba rayonu, Zərqova kəndindən Səfər Bayramov yazır: "Hörmətli cənab Prezident, müstəqillik illərində respublikamızın bütün bölgələri kimi bizim rayonumuz da çox inkişaf edib. Xüsusilə ayırdığınız vəsaitlər hesabına son illər böyük tikinti-quruculuq işləri aparılır. Rayon mərkəzində bir çox binalar təmir edilib, yeni "Asan Xidmət" mərkəzi istifadəyə verilib. Hazırda rayon mərkəzində aztəminatlı ailələr üçün yeni yaşayış binası tikilir. Son iki ildə Quba rayonunda 20-yə yaxın yeni məktəb binası istifadəyə verilib, yeni xəstəxana binasının açılışı olub. Əziz Prezidentimiz, kəndlərimiz də Sizin qayğınızdan kənarda qalmayıb. Bu yaxınlarda yaşadığım Zərqova kəndinin yollarına asfalt çəkilib, məktəb binası təmir edilib. Biz ağsaqqallar həm rayonumuzda, həm də kəndimizdə həyata keçirilən quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk. Bu məktubu Tovuz istiqamətində döyüşlərin getdiyi bir vaxtda yazıram. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq, xalqımız qədim mədəniyyət mərkəzimiz olan Şuşada qələbə bayramını qeyd edəcək". Goranboy rayon sakini Müslüm Mustafayev: "Çox hörmətli cənab Prezident, mən Sizə cəbhə bölgəsi olan Goranboy rayonundan yazıram. Məlum olduğu kimi, bu günlərdə üzdəniraq düşmənlərimiz Tovuz rayonu istiqamətində növbəti təxribata əl atdılar. Təbii ki, düşmən şanlı ordumuz tərəfindən sarsıdıcı zərbələrə məruz qaldı .Ordumuzun özünə inamı Sizin qətiyyətli siyasətinizdən yaranır. Biz xalq olaraq Sizin döyüş əmrinizi daim gözləyirik. Mən Sizi əmin edirəm ki, biz goranboylular qələbə eşqi ilə yaşayırıq və bu yolda əlimizdən gələni etməyə hazırıq. Biz ön cəbhə insanları əminik ki, işğal altında olan torpaqlarımız qısa zaman ərzində azad ediləcəkdir. Bu şanlı qələbə tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq. Sumqayıt şəhəri Ramal Bağırovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, dünyada geniş yayılan koronavirus hər bir dövlətə ciddi təsir etdi. Ancaq məhz Sizin uğurlu, düşünülmüş siyasətiniz nəticəsində ölkəmizdə koronavirus tam nəzarət altına alındı. Atılan bütün addımlar, Sizin xüsusi həssaslıqla həyata keçirdiyiniz önləyici tədbirlər əlbəttə ki, xalqımızı bu bəladan qoruyacaqdır. İş yerləri bağlansa da, dövlət istər işləyənlərə, istərsə də işsizlərə dəstək oldu. Son günlər cəbhədə Azərbaycan torpaqlarına təcavüz edən düşmənin layiqli cəzalandırılması hər bir vətəndaş kimi, məni də sevindirir. Qüdrətli ordumuz hər zaman olduğu kimi, düşmənin növbəti təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qisasını almışdır. Mən Sizin iradənizə, siyasətinizə hər zaman güvənirəm və döyüş əmrinizə daim hazıram". Bakı şəhərindən Cəmil Qurbanov yazır: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan, ümumdünya böhranına çevrilmiş COVID-19-un ölkəmizdə qarşının alınması ilə bağlı həyata keçirdiyiniz düşünülmüş və məqsədəyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaratmışdır. Möhtərəm Prezidentimiz, Sizin pandemiya dövründə apardığınız müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur. Bütün dünyanın COVID-19 pandemiyası kimi dəhşətli bəlaya qarşı mübarizə apardığı bir vaxtda Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti təxribata əl atması, Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi, mənfur düşmənin öz çirkin xislətindən əl çəkmədiyini göstərir. Aprel döyüşlərində olduğu kimi, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Mən Sizə, pandemiya ilə savaşan tibb işçilərimizə, eyni zamanda, düşmənlə üz-üzə dayanan şanlı Azərbaycan Ordusuna təşəkkürlərimi bildirirəm". Salyan rayonu, Kürsəngi kənd sakini Böyükağa Məmmədovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, son illər Sizin rəhbərliyinizlə ölkəmizdə içməli və suvarma su infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların sağlamlığının qorunmasına zəmin yaradır. Son vaxtlar yaşadığımız Kürsəngi kəndində yaranmış su qıtlığının qısa müddət ərzində aradan qaldırılmasına, kənd sakinlərinin su ilə təmin olunmasına görə Sizə təşəkkür edirik. Əminik ki, bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə görülən işlər öz töhfəsini verəcəkdir". Bakı şəhəri Röyal Hacıyev: "Hörmətli cənab Prezident, bir Azərbaycan gənci kimi hər zaman Sizin yanınızdayam, yürütdüyünüz siyasəti dəstəkliyirəm. Daxili və xarici düşmənlərdən Vətənimizi, dövlətimizi, ölkə başçımızı qorumaq üçün biz gənclər canımızdan da keçməyə hazırıq. Məlumunuz olduğu kimi, son zamanlar mənfur qonşularımız tərəfindən Milli Ordumuzun əsgər və zabitləri ağır artilleriyadan atəş açılaraq şəhid edilmiş, torpaqlarımıza düşmən tərəfindən təcavüzə cəhd edilmişdir. Lakin Milli Ordumuz tərəfindən düşmən layiqli cavabın almışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, biz gənclər daim Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanındayıq və hər zaman Sizin "hücuma" əmrinizə hazır vəziyyətdə gözləyirik". Samux rayonundan İlahə Qurbanova yazır: "Hörmətli cənab Prezident, bu günlər ölkəmizdə baş verən hadisələri hər birimiz həyəcanla izləyirik. Ancaq əminik ki, qüdrətli ordumuz ermənilərin təxribatlarının qarşısını qətiyyətlə alacaq. Mən Sizə və şanlı ordumuza güvənirəm. İnşallah, düşmən tapdağı altında olan Qarabağımıza Sizin komandanlığınızla tez bir zamanda qovuşacağıq. O günlər uzaqda deyil. Şanlı bayrağımız Qarabağda dalğalanacaq". Milli.Az

Hamısını oxu
Şəkidə ümumşəhər iməciliyi keçirilib

İməclikdə minə yaxın insan iştirak edib Yazın gəlişi ilə əlaqədar aprelin 16-da Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumşəhər iməciliyi keçirilib. Veteran.gov.az Azərtac-a istinadən məlumat verir ki, aksiyanın keçirilməsində məqsəd ölkəmizin turizm mərkəzlərindən olan qədim Şəki şəhərini təmiz saxlamaq və şəhər sakinlərini buna təşviq etməkdir. İməcilik zamanı şəhərin küçə və prospektlərində, meydanlarda, parkların ərazisində abadlıq və təmizlik işləri aparılıb. Yol kənarları səliqəyə salınıb, yaşıllıqlara, ağaclara aqrotexniki qaydada qulluq olunub. İməcilikdə şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların əmək kollektivləri yaxından iştirak ediblər. Ümumilikdə, aksiyaya minə yaxın insan cəlb olunub. Bu cür aksiyaların davamlı olaraq keçirilməsi nəzərdə tutulur.  

Hamısını oxu
Operativ Qərargah: Xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır

Bakı, 2 iyul, AZƏRTAC Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır. • 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. ● Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır: 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək. ● Virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək, həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir: ● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti; ● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər; ● muzey və sərgi zallarının fəaliyyəti; ● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); ● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla); ● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: ● təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə) ● ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə) ● yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə) Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq-mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Bu müddətdə yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq zəruridir.

Hamısını oxu