Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yeni Azərbaycan Partiyası beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Yeni Azərbaycan Partiyası (YAP) Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar və Livandan erməni ailələrinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına köçürülməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. AZƏRTAC YAP-ın saytına istinadla müraciətin mətnini təqdim edir. Təxminən otuz ildir ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini - Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal altında saxlamaqdadır. Hərbi təcavüz siyasətinin davamı olaraq, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş mövqeyini ələ keçirmək üçün 2020-ci il iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca artilleriya və minaatanlardan istifadə etməklə silahlı təxribatlar həyata keçirib. Döyüşlər zamanı Ermənistan hərbi qüvvələri Azərbaycanın Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli və Əlibəyli kəndlərini də atəşə tutaraq qəsdən mülki obyektləri hədəf alıb. Nəticədə, aralarında yüksək rütbəli hərbçilər də olmaqla, 12 azərbaycanlı hərbçi, eləcə də 76 yaşlı bir mülki şəxs qətlə yetirilib, çoxsaylı yaralananlar olub, fərdi evlər və xəstəxanalar da daxil olmaqla, mülki obyektlərə ciddi ziyan dəyib. Bu arada, dərin narahatlıqla o da qeyd edilməlidir ki, həmin günlərdə radikal erməni qrupları Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatına etiraz edən xaricdəki Azərbaycan icmalarının üzvlərinə, dinc azərbaycanlı nümayişçilərə, habelə respublikamızın bir neçə xarici ölkədəki diplomatik nümayəndəliklərinə qarşı zorakı əməllər törədiblər. Son erməni təxribatı işğal altındakı Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın ətraf rayonları ilə əlaqəli olmayan ərazidə, Cənub Qaz Dəhlizi də daxil olmaqla strateji regional enerji boru kəmərləri və nəqliyyat infrastrukturunun və Bakı-Tbilisi-Qars dəmir yolunun yaxınlığında törədilib. Ermənistan, həmçinin açıq şəkildə qarşıdurmanın əhatəsini genişləndirməyə və həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsini yeni səviyyəyə qaldırmağa çalışıb. Bu məqsədlə toqquşmalardan dərhal sonra Yerevan üzvü olduğu hərbi-siyasi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. İyulun ortalarındakı gərgin döyüşlərdən sonra Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədindəki vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan ordusu Azərbaycan tərəfinə atəş açmaqda və vəziyyəti ağırlaşdıra biləcək təxribat xarakterli əməllər törətməkdə davam edir. Bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupu Azərbaycanın Goranboy rayonu istiqamətində təxribat törətməyə çalışarkən həmin dəstənin komandiri Azərbaycan Ordusu tərəfindən ələ keçirilib. Yerevan beynəlxalq öhdəliklərini açıq şəkildə pozmaqda davam edir və ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması üçün hər fürsətdən istifadə edir. Ermənistan rəhbərliyi bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün bir fürsət kimi qiymətləndirib. Beləliklə, işğal olunmuş Azərbaycan ərazilərində qurulmuş separatçı rejimin lideri Livandan olan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib və Ermənistanın İctimai Radiosunun yaydığı xəbərə görə, artıq bir neçə livanlı erməni ailəsi bölgədə yerləşdirilib. Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı ATƏT-in faktaraşdırma missiyalarının müvafiq hesabatlarında da əksini tapıb. Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması Ermənistanın “repatriasiya” və “humanitar yardım” adı altında ilhaq siyasətinin bir hissəsidir. Məskunlaşma siyasətinin aparılması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın bu məsuliyyətsiz davranışını qınamağa və bu ölkə rəhbərliyindən dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət göstərərək, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı dörd qətnaməsini icra etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq üçün xoşniyyətli danışıqlar aparmasını tələb etməyə çağırır. Azərbaycan münaqişənin bu çərçivədən kənar heç bir siyasi həll yolunu qəbul etmir və məhz bu anlayışa əsaslanaraq nizamlama prosesində iştirak edir. Buna görə də beynəlxalq ictimaiyyətin Ermənistanı Azərbaycana qarşı təcavüz əməllərinə görə qınaması son dərəcə vacibdir. Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkarlıq və işğal siyasətini qətiyyətlə pisləməyincə və bu ölkənin təhlükəli qanunsuz hərəkətlərinə qarşı sərt tədbirlər görməyincə, bütün bölgə davamlı olaraq dağıdıcı silahlı qarşıdurmalara sürüklənmə riski ilə qarşılaşacaq”.

2020-09-01 00:00:00
3247 baxış

Digər xəbərlər

Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyevin çıxışı daim Azərbaycan Ordusunun yanında olan veteranları da ruhlandırır və onları daha əzmkar fəaliyyətə səfərbər edir Hər bir dövlətin beynəlxalq münasibətlər sistemindəki yeri onun gücü ilə şərtlənir. 100 illərdir dəyişməyən reallıq odur ki, ordu güc amilinin ən vacib həlqəsini təşkil edir. Beynəlxalq münasibətlərə dair əksər nəzəri konsepsiyalarda Silahlı Qüvvələr milli dövlətin müstəqilliyini və təhlükəsizliyini təmin edən başlıca faktor kimi təsbit olunub. Bu gün 102 yaşını qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri həqiqətən də şanlı, ancaq heç də hamar olmayan bir yol keçmişdir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə əlahiddə korpus kimi yaradılmış Milli Ordunun nəsillərə nümunə sayılacaq tarixi var. Cümhuriyyət dövründə 25 min nəfərlik ordunun yaradılması nəzərdə tutulduğu halda, S.Mehmandarov, Ə.Şıxlinski, M.Sulkeviç, H.Səlimov kimi görkəmli hərbçilərin səyi və qətiyyəti nəticəsində 40 min nəfərlik nizami ordu formalaşdırmaq mümkün olmuşdu. Bu tarixin ən şərəfli səhifələrini bugünkü bayram günündə yada salmaq xüsusilə gənc nəslin öz sələflərinə layiq vətənpərvər insanlar kimi yetişməsində mühüm əhəmiyyət kəsb edir. İlk müstəqil dövlətimizin mövcud olduğu illərdə erməni separatçılarına qarşı Qarabağda aparılmış döyüşlərdən tutmuş, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbədə iştiraka, nəhayət dövlət müstəqilliyinin bərpasından sonra Dağlıq Qarabağın Azərbaycandan qoparmaq iddiası və niyyəti ilə torpaqlarımıza təcavüz edən erməni hərbi birliklərinə qarşı müharibədə Azərbaycan Ordusunun, milli diviziyalarının, bir sözlə azərbaycanlı əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlar qürurvericidir. Bu gün tarixi zəfər yürüşlərini davam etdirmək əzmində olan Azərbaycan Ordusunun həyatında yeni dövr, müasir ordu quruculuğu mərhələsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Böyük dövlət adamı çox çətin dövrdə digər sahələrdə olduğu kimi nizami ordu quruculuğu sahəsində də möhkəm təməllər yaratmağı bacarmış, ümumxalq mənafelərinə xidmət edən, vahid komandanlığa tabe ordunun formalaşdırılmasına nail olmuşdur. Ordu quruculuğu siyasətini inamla və müasir standartlara uyğun davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük səyi, tələbkarlığı və dəstəyi ilə bu gün Azərbaycan Ordusu dünyanın ən inkişaf etmiş ölkələrinin orduları ilə müqayisə ediləcək bir səviyyəyə çatmışdır. Ən müasir tələblər səviyyəsində silah-sursat, maddi-texniki təchizatı həyata keçirilmiş Azərbaycan Ordusu döyüş qabiliyyətinə və mənəvi-psixoloji hazırlığına görə fərqlənən ordu olduğunu 2016-cı ilin Aprel döyüşlərində bir sıra ərazilərimizi erməni işğalından azad etməsi ilə sübuta yetirdi. Öz Ali Baş Komandanından dəstək və hərtərəfli qayğı görən əsgər və zabitlərimiz erməni ordusuna vurduqları sarsıdıcı zərbələrlə bütün Ermənistanı lərzəyə saldılar. Qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək gücünə malik olan Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün təmin olmasına qadir olduğunu 2018-ci ildə keçirdiyi uğurlu hərbi əməliyyatlarla Naxçıvanda 10 min hektardan çox ərazini düşmən işğalından azad etməsi ilə bir daha göstərdi. Bu həm də onu göstərdi ki, beynəlxalq təşkilatların qəbul etdikləri bir sıra rəsmi sənədlərə baxmayaraq, Azərbaycan ərazilərinin bir qismini bu gün də işğal altında saxlayan Ermənistanın öz işğalçılıq siyasətini qeyri-qanuni məskunlaşdırma aparmaqla davam etdirmək cəhdləri də əbəsdir. Sülh danışıqlarını hər vasitə ilə pozmağa çalışan düşmən bu gün ordumuzun işğal altındakı torpaqlarımızı azad etmək əzmini görüb ciddi narahatlıq keçirir. Azərbaycan Ordusunu inamlı, güclü edən səbəblər sırasında Ali Baş Komandanın qətiyyətli mövqeyi və əzmkar fəaliyyəti nəticəsində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, yeni hərbi hissələrin, şəhərciklərin, hərbi bazaların tikilməsi, yaxud faktiki olaraq yenidən qurulması və sair amillər də var. Bütün bunlar bir məqsədə Azərbaycanda müasir tələblərə cavab verən, güclü Ordunun, vətəninə, xalqına, dövlətinə sədaqətli şəxsi heyətin formalaşdırılmasına xidmət edir. Ordunun müasir silah-sursat və texnika ilə təmin edilməsi məqsədi ilə Müdafiə Sənayesinin təşkil edilməsi, ixtisaslı kadrların hazırlanması məqsədi ilə hərbi məktəblərin, Akademiyaların  yenidən qurulması ordumuzun müasirliyini bir daha sübut edir. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur ki, bunlar Azərbaycan ordusunun təchizatında istifadə edilməkə yanaşı, onlarla ölkəyə ixrac edilir. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyev gənclərimizdə Ermənistanla apardığımız müharibədə ideoloji tərbiyənin yüksəkdilməsi istiqamətində ardıcıl işlərin davam etdirilməsinin vacibliyinini də vurğulamışdir. Həmçinin Ali Baş Komandan  hər bir hərbi hissədə ideoloji tərbiyənin yüksək səviyyədə təşkil edilməsinin, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüməli, ölkəmizin tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmasını, eləcə də, gənclərin bugünkü Ermənistanın Azərbaycan torpaqlarında formalaşdığını, Ermənistanın xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi inam yaradır ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması istiqamətində daim tədbirlər görülür ki, ordumuz daha da güclənsin, Azərbaycan Rspublikasının ərazi bütövlüyünü bərpa etmək üçün hər an hazır olsun. Çünki hərbi təhlükəsizliyimizin qarantı olan Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin suverenliyimizin təminatçısıdır. Bu mesajı dövlət başçısı beynəlxalq təşkilatlara, beynəlxalq güclərə də həmişə qətiyyətlə çatdırır və Azərbaycanın mövqeyindən dönməyəcəyini bəyan edir. Bu tələblərin başlıca məntiqi budur ki, ATƏT Minsk qrupu erməni tərəfinin beynəlxalq hüquqla bir araya sığmayan qanunsuz addımlarına obyektiv münasibət bildirməli, işğalın nəticələrinin qanuniləşdirilməsi cəhdlərinin yolverilməzliyini qəti bəyan etməlidir. Nəhayət beynəlxalq hüququn prinsipləri tətbiq edilməli, işğalçı ilə işğala məruz qalana eyni yanaşmaya, ikili standartlara birdəfəlik son verilməlidir. Çünki bu həqiqət hamıya məlumdur ki, Azərbaycan beynəlxalq təşkilatlardan layiq olduğu ədalətli mövqeni görməyincə, münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaqdır. Respublika Veteranlar Təşkilatı bu inamlı siyasətin mümkün qədər tez reallaşmasına öz dəstəyini Silahlı Qüvvələrdə vətənpərvərliyin, şəxsi heyətin ideoloji hazırlığının yüksəldilməsində iştirakda görür. Biz bu fəaliyyətimizi karantin rejiminin mövcud olduğu günlərdə də davam etdirməyə, malik olduğumuz təbliğat vasitələrindən, qəzetimizdən və rəsmi saytımızdan, habelə ölkə KİV-nin imkanlarından yararlanmağa çalışırıq. Bir məsələni də xüsusi vurğulamaq istərdim. Əlbəttə, ordu, təhlükəsizlik, ərazi bütövlüyü kimi məsələlərdə xalqla dövlətin birliyi olduğu kimi, cəmiyyətin, onun müxtəlif siyasi təşkilatlarının, ayrı-ayrı qruplarının da fərqli maraqları, mövqeləri ola bilməz. Vətən bölünmədiyi kimi, onun mənafeyi, milli maraqlarımız da bölünməzdir. Bugünki çətin günlərdə, bütün qüvvələrin koronavirus kimi bir bəla ilə mübarizəyə səfərbər olunduğu bir vaxtda parçalanmaq ovqatı aşılamaq, ordu, digər dövlət orqanlarımızla bağlı arzuedilməz fikirlərin yayılmasına çalışmaq və bununla da düşmənə hər hansı imkanın verilməsi cəhdləri yolverilməzdir. Biz pandemiya təhlükəsinin nə olduğunu dərk etməklə, koronavirusla mübarizədə olduğu kimi, ondan az təhlükəli olmayan erməni faşizmi ilə mübarizədə də bir olmalı, ümumxalq, ümumdövlət mənafelərini hər şeydən yüksək tutmalıyıq.

Hamısını oxu
“Erməni işğalı sadəcə ölkəmizə deyil, həm də sivilizasiya və ümumbəşəri dəyərlərə yönəlik təcavüz idi”

Tamam Cəfərova: “Beynəlxalq təşkilatlar heç olmasa post-müharibə dönəmindən sonra ədalətli və qətiyyətli davranış ortaya qoymalıdır”   Sentyabrın 27-də 44 günlük Vətən müharibəsinin başlanmasının bir ili tamam olur. Xatırladaq ki, bu tarix həm də ölkəmizdə Anım Günü kimi qeyd olunacaq.   Moderator.az olaraq millət vəkili Tamam Cəfərova ilə söhbətimizdə bu tarixi günlə yanaşı, erməni işğalının acı nəticələri, beynəlxalq təşkilatların regiondakı rolu və s. kimi məsələləri müzakirə etməyə çalışdıq.   -Tamam xanım, qarşıdan 27 sentyabr – Anım Günü gəlir. Ilk öncə ölkə başçısının Anım Günü ilə bağlı məlum sərəncamı ilə bağlı fikirlərinizi bilmək istərdik.   -27 sentyabr – Anım Günü ilə bağlı Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı çox mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə qəhrəmanlarımızın, şəhidlərimizin ölmsüz xatirəsinə sonsuz hörmət və ehtiram nümunəsidir.   Bildiyiniz kimi, ölkə başçısı bütün çıxışlarında Vətən müharibəsindəki tarixi zəfərimizə görə şəhid və qazilərimizə borclu olduğumuzu bildirib, məhz onların qəhrəmanlığı sayəsində 30 ilə qədər işğal altında qalan torpaqlarımızın azadlığa qovuşduğunu vurğualyıb. 27 sentyabr tarixinin Anım Günü kimi qeyd edilməsi torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda həyatını qurban verən şəhidlərimizin əziz xatirəsinin rəsmi səviyyədə əbədiləşdirilməsi, sonsuza qədər yaşadılması deməkdir. Bu baxımdan 27 sentyabrın Anım Günü elan edilməsi xalqımızın sadəcə bugünü deyil, həm də gələcəyi, tarixi yaddaşı, milli şüuru baxımından mühüm əhəmiyyətə malikdir.   -Tamam xanım, Ermənistanın ötən əsrin 90-cı illərində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq müharibəsi zəminində xaqlqımıza qarşı çoxsaylı hərbi cinayətlər, soyqırımları törətdiyi, minlərlə soydaşımızı amansızcasına qətlə yetirdiyi məlumdur. Bütün insani, mədəni və mənəvi dəyərlərin tapdandığı, gözardı edildiyi bu işğalı sadəcə Azərbaycana qarşı deyil, dolayısı ilə bütün bəşəriyyətə, ümumbəşəri dəyərlərə, sivilizasiya qarşı gerçəkləşdirilən müharibə kimi xarakterizə etmək mümkündürmü?   -Əlbəttə. 30 illik erməni işğalı ilə bağlı aparılan araşdırmalar, ortaya çıxan çoxsaylı faktlar Ermənistanın sadəcə torpaqlarımızı işğal etmədiyini, həm də bəşər hərb tarixində misli görünməyən vəhşiliklərə imza atdığını göstərdi. Birinci Qarabağ müharibəsi və işğal müddətində ələ keçirdikləri ərazilərdə bütün din və mədəniyyətlərə məxsus tarixi, dini, mədəni abidələri məhv edən ermənilər məktəbləri, muzeyləri, kitabxanaları, mədəniyyət evlərini məhv edib, onları yandırıb, daşı daş üstdə qoymayıb. Statistikaya nəzər salsaq görərik ki, Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdır. Bu göstəricilər Ermənistanın cinayətlərinin sadəcə miqyasını əks etdirmir. Həm də bu cinayətlərin ümumbəşəri dəyərlərə, ümumilikdə sivilizasiyalı dünyaya qarşı həyata keçirildiyini göstərir. Bu isə o deməkdir ki, Ermənistanın etdiyi cinayətlərə görə beynəlxalq hüquq müstəvisində cəzalandırılmasında bütün dünya maraqlı olmalı, bu məsələdə Azərbaycanın səylərini, haqq işini dəstəkləməlidir.   -Torpaqlarımız işğaldan azad ediləndən sonra Azərbaycanın bu torpaqlarda həyata keçirdiyi ilk işlərdən biri işğal dönəmində ermənilər tərəfindən dağıdılan mədəni-tarixi və dini abidələri bərpa etmək oldu. Hansı ki, məlum proses bu gün də davam etdirilir. Sizcə Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi bərpa prosesi işğal dönəmindən qalma yaraları sarımaqla yanaşı,  xalqımızın, dövlətimizin beynəlxalq imicinə necə təsir göstərir?   -Azərbaycan müharibədən sonra ermənilər tərəfindən dağıdılan, məhv edilən tarixi, dini, mədəni abidələrin hamısını bərpa edəcəyini bəyan edib. Həm ölkə başçısı, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə bildirib ki, Qarabağ və ətraf rayonlarda erməni faşistləri təərfindən dağıdılan abidələr hansı dinə, hansı mədəniyyətə mənsub olmasından asılı olmayaraq bərpa ediləcək və qorunub saxlanılacaqdır. Artıq işğaldan azad edilmiş ərazilərimizdə bir sıra abidələrin bərpası prosesi həyata keçirilməkdədir. Bu yanaşmanın özü dölətimizin, dövlət başçımızın və Azərbaycan xalqının humanistliyindən, nəcibliyindən, milli mədəniyyətimizlə yanaşı, həm də digər xalqların mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan xəbər verir. Bu baxımdan Qarabağda həyata keçirilən bərpa prosesinin erməni işğalının ağır nəticələrini ortadan qaldırmaqla yanaşı, həm də dövlətimizin beynəlxalq aləmdəki imicinin daha da güclənməsinə xidmət edir. Hesab edirəm ki, erməni vandalizminin barbarlığı fonunda Azərbaycanın bölgədə həyata keçirdiyi mədəni quruculuq siyasəti dünya xalqlarına kimin-kim olduğunu anlamaqda kömək edəcək, Azərbaycanın sülhpərvər, qurucu siyasətinin daha geniş çevrələr tərəfindən dəstəklənməsini təmin edəcəkdir.   -Tamam xanım, Qarabağ problemi öz həllini tapsa da, bu gün də beynəlxalq təşkilatlardan, beynəlxalq qurumlardan gözləntilərimiz çoxdur. Azərbaycanın apardığı nəhəng quruculuq siaysətinin dəstəklənməsi, müharibədən sonra yenə də müxtəlif təxribatlara əl atan Ermənistana lazımi təzyiqlərin göstərilməsi, rəsmi İrəvanın müharibə və işğal dönəmində xalqımıza qarşı həyata keçirdiyi cinayətlərə görə beynəlxalq məhkəməyə cəlb edilməsi və s. bu gözləntilər sırasındadır. Sizcə Qarabağ probleminin həllinə dəstək verməyən, bəzi hallarda ikili siaysət yürüdən beynəlxalq təşkilatların heç deyilsə bu məsələlərdə ölkəmizə dəstək verməsi ehtimalı nə dərəcədə böyükdür?   -Beynəlxalq təşkilatların, o cümlədən aparıcı dövlətlərin Qarabağ probleminin həllində ölkəmizə dəstək vermədiyi, erməni işğalının ortadan qaldırlması istiqamətində əməli baxımdan ciddi addımlar atmadığı, hətta bəzi hallarda ikili standartlardan çıxış etdiyi yaxın tariximizin acı həqiqətlərindəndir.   Azərbaycan uzun illər Qarabağı probleminin sülh yolu ilə həlli istiqamətində böyük səylər ortaya qoydu. Minsk qrupu vasitəsi ilə işğalçı Ermənistanla uzun sürən danışıqlar aparıldı. Hansı ki, Ermənistanın siyasi riyakarlığı səbəbi ilə bu danışıqlar heç bir nəticə vermədi. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilsə də, bu qətnamələrin heç birinə praktiki baxımdan əməl edilmədi. Beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların icrasına maraq göstərmədi. Işğalçı Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, konvensiyaların açıq-aşkar pozulması ilə bağlı minlərlə fakt ortada olsa da, buna görə rəsmi İrəvana heç bir təzyiq göstərilmədi. Məhz bu səbəbdən də Azərbaycan Qarabağ probleminin hərb yolu ilə həll etmək, öz ərazi bütövlüyünü müharibə vasitəsi ilə təmin etmək məcburiyyəti ilə üzləşdi. Ali Baş Komanda İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu cəmi 44 gün içində Ermənistan ordusunu darmadağın edərək düşməni kapitulyasiya sənədinə imza atmağa vadar etdi.   Bir sözlə, beynəlxalq təşkilatların müharibəyə qədərki fəaliyyətləri əsla qənaətbəxş sayıla bilməz.   Post-müharibədən sonra regionda yeni bir dönəmin başlanğıcı qoyulub. Beynəlxalq təşkilatlar post-müharibə dönəminin yaratdığı yeni situasiyadan istifadə edərək daha aktiv və  səmərəli fəaliyyət orataya qoya, öz funksional vəzifələrini praktiki baxımdan reallaşdıra, bu fəaliyyəti tam şəkildə yerinə yetirə bilərlər. Bunun üçün beynəlxalq təşkilatlar Ermənistanın 30 ilə qədər işğal altında saxladığı torpaqlarda törətdiyi vəhşilikləri ifşa etməli, bu dağıntıların miqyas və nəticəsini görməli, tanımalı, aktlaşdırmalıdır. Ermənistanın buna görə beynəlxalaq məhkəmələr vasitəsi ilə məsuliyyətə cəlb edilməsi, vurduğu ziyana görə təzminat ödəməyə məcbur olunması mühüm amillərdən biridir. Erməni faşizminin sadəcə region üçün deyil, bütün dünya üçün kəsb etdiyi təhlükəni dərk etrmək, bu faşizmin yenidən dirçəlməsinə imkan verməmək, Azərbaycan dövlətinin bu yöndəki səylərini dəstəkləmək beynəlxalq təşkilatların öz nüfuzlarının, imiclərinin güclənməsi baxımından da faydalı olar.   Ümid edirəm ki, beynəlxalq təşkilatlar post-müharibə dönəminin yaratdığı bu imkanlardan istifadə edəcək, heç deyilsə bundan sonra Azərbaycana münasibətdə ədalətli yanaşma ortaya qoyacaqlar.   Seymur ƏLİYEV    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından Ali Baş Komandana dəstək Bəyanatı

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək Bəyanatı verib. Bəyanatda deyilir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Sizin rəhbərliyiniz altında sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərini dəstəkləyir, və bu tədbirləri regionda sülhün və təhlükəsizliyin etibarlı təmini baxımından son dərəcə zəruri hesab edir. Hər birimiz yaxşı başa düşürük ki, bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. 44 günlük Vətən müharibəsində olduğu kimi həyata keçirilən bu əməlyyatlarda da biz Veteranlar Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman ordumuzun fəaliyyətini alqışlayırıq.  Cənab Prezident! Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq bəyan edirik ki, bu gün də bütün veteranlar Sizin yanınızdadır və daim ərazimizin bütövlüyünün təmin edilməsi üçün mübarizəyə hazırdır. Qürur və iftixar hissi ilə bildiririk ki, xalqımızın, dövlətimizin işıqlı sabahı, rifahı və təhlükəsizliyi üçün həlledici önəm daşıyan bu mübarizənin hər günü, hər saatında Sizin yanınızda olacaq, ordumuzun əldə etdiyi zəfərlərə töhfə vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik”. Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova  

Hamısını oxu
“Heç nə zorakılıq və qanun pozuntusu üçün əsas ola bilməz”

Cəlil Xəlilov: “Qazilərimiz bizim baş tacımızdır, lakin onlar da hər kəs kimi qanunlara əməl etməlidir” Bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib, şüşəni sındıraraq içəriyə daxil olublar. Qazilərin dövlət qurumunun binasına bu cür daxil olması cəmiyyətdə birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu cür davranışın təəssüf doğurduğunu bildirib: “Qazilərimiz bizim baş tacımız, vətənin igid müdafiəçiləridir. Biz 44 günlük Vətən müharibəsində tarixi zəfərə məhz şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində nail olmuşuq. Bu mənada şəhid ailələrinə, qazilərə diqqət və qayğı hər kəsin mənəvi borcudur. Bu, birmənalıdır. Lakin bunu da unutmayaq ki, dövlət də, cəmiyyət də qanunlarla idarə olunur və qanun hamı üçün birdir. Qanun heç kimə, hətta qaziyə də dövlət qurumuna bu cür daxil olmağa icazə vermir. Bu cür davranış qanun pozuntusu olmaqla yanaşı, ətrafdakı digər insanlar üçün də mənfi nümunədir. Sevincidiricidir ki, binanın mühafizəsini həyata keçirən polis əməkdaşı yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərərək qəzəbli qazini bağrına basdı, prosesdlərin daha da gərginləşməsinə yol vermədi. Bir daha qeyd edirəm ki, heç kim qanundan üstün deyil və ola da bilməz. Bu baxımdan hər kəsin, o cümlədən qazilərimizin öz hüquqlarını təmin etmək istərkən yalnız və yalnız qanuni vasitələrədn istifadə etməsi mütləqdir. Ola bilsin ki, hansısa dövlət qurumunda hansısa məmur qazilərin müraciətinə laqeyd yanaşıb, yaxud onunla bağlı ədalətli qərar qəbul etməyib. Əgər belə bir hal varsa, o zaman qazilərimiz həmin məmurdan, onun yarıtmaz fəaliyyətindən əlaqədar instansiyalara şikayət ünvanlamalıdır. Belə olarsa, həmin məmur həm qanun çərçivəsində cəzalanar, həm də qazilərimiz zorakı davranış sərgiləmək, daha sonra bu davranışa görə qanun qarşısında cavab vermək məcburiyyətində qalmazlar. Hər il yüzlərlə məmurun işində yol verdiyi nöqsanlara görə cəzalanması məmurlarla bağlı şikayətlərə həssaslıqla yanaşıldığına nümunədir və qazilərimiz əmin ola bilər ki, onların da şikayəti hökmən diqqətlə araşdırlacaq. Ümid edirəm ki, bundan sonra həm qazilərimiz, həm də məmurlarımız bu məsələdə xüsusi həssaslıq sərgiləyəcək və biz bir daha bugünkü kimi arzuedilməz olaya şahid olmayacağıq”.  

Hamısını oxu