Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqov barədə həbs qərarı çıxarıldı

Azərbaycan vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunmuş və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilib. İstintaqla müəyyən edilmişdir ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə "youtube" və "facebook" sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib. Qeyd olunanlara əsasən Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilmişlər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "İnterpol"un Milli Mərkəzi Bürosuna göndərilib.

 
Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olaraq olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir. Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Milli.Az

2020-09-08 00:00:00
3879 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı gənclər arasında vətənpərvərliyin təbliğinə dair yeni layihə həyata keçirir

Respublika Veteranlar Təşkilatı  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin icrasına başlayıb. Layihə 3 ay müddətində ( avqust- oktyabr) Bakı şəhərində həyata keçirilməyi nəzərdə tutulur. Layihə Qarabağ müharibəsində və Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş oğullarımız, hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Layihə müddətində yeniyetmə və gənclərlə, universitet tələbələri ilə görüşlər keçiriləcək. Görüşlər zamanı vətən sevgisi, vətən uğrunda canında keçmiş qəhrəman oğullarımızın keçdiyi həyat və döyüş yollları barəsində müzakirələr aparılacaq, Qarabağ və Aprel döyüşləri şəhidlərimizin, vətənimizin qəhrəman oğullarının xatirəsi yad olunacaq və onların barəsində yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparılacaq, görüşlər təşkil olunacaq. Layihənin əsas mahiyyəti Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir. Layihəni həyata keçirməklə müasir gəncliyimizə vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasına nail olmaq, eyni zamanda yeniyetmə və  gənclər arasında heç bir tərəddüd etmədən  vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın vətənpərvərlik hissləri və vətən sevgiləri təbliğ olunacaq.

Hamısını oxu
Müharibədə şəhid olmuş hərbi qulluqçuların - Siyahısı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

Hamısını oxu
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq. Yeri gəlmişkən, hər il Bakıda toplaşarkən biz görülən işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı söyləyib. “Şadam ki, bugünkü iclasda iştirak edən ölkələrin sayı əvvəlkindən artıqdır. Hazırda burada 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edir. Biz vahid komanda olaraq çalışırıq və hesab edirəm ki, bu bizim uğurumuzun başlıca səbəbidir”, -deyə dövlətimizin başçısı vurğulayıb. Cənub Qaz Dəhlizinin inşasının yekunlaşması münasibətilə təbriklərini çatdıran Azərbaycan Prezidenti deyib: “Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var”.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatında Mədəniyyət Nazirliyinin təşəbbüsü və  “Respublika Xatirə Kitabı” redaksiyası əməkdaşları tərəfindən hazırlanan “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan kitabın baş redaktoru Nəzakət Məmmədova kitabda yer alan məqalələr haqqında ətraflı məlumat verib, Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki xidmətlərinə diqqət çəkib.   Xalqımızın  hərb tarixinin qəhrəmanlıqlarla zəngin olduğunu bildirən Nəzakət Məmmədova, ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qalibiyyətin də bu gerçəyin növbəti təsdiqi olduğunu vurğulayıb.   Respublika Veteranlar Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov və təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən kitabın önəminə toxunub, bunun gənc nəslin maarifləndirilməsi, tarixi həqiqətlərin üzə çıxarılması, xalqımızın cəsur oğullarının şücaətləri ilə bağlı beynəlxalq ictimaiyyətin daha dolğun məlumatlandırılması baxımından mühüm rol oynadığını qeyd edib.   Daha sonra çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının əməkdaşı Hikmət Məlikzadə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi tarixi qələbəyə diqqət çəkib, Azərbaycan xalqının XX əsrin ortasında faşizmə qarşı sərgilədiyi qəhrəmanlığı XXI əsrin əvvəllərində erməni faşizminə qarşı mübarizədə təkrarladığını bildirib.   Tədbirdə çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının əməkdaşı Vüqar Əsgərov kitabda Azərbaycan dili ilə yanaşı, rus dilində də məlumatların yer aldığını bildirib. Qeyd edib ki, bu faktor faşizmə qarşı mübarizə aparan azərbaycanlıların beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.   Respublika Veteranlar Təşkilatının Veteranların sosial müdafiəsi şöbəsinin müdiri Telman Babayev isə II Dünya müharibəsində faşizmə qarşı mübarizədə iştirak edən azərbaycanlıların sayının 700 mindən çox olduğunu vurğulayıb, bu sahədə tədqiqatların davam etdirilməsinin vacibliyini qeyd edib.   Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Samir Musayev isə qeyd edib ki, “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən hazırlanan kitabdan daha səmərəli istifadə etmək, Azərbaycan xalqının faşizmə qarşı mübarizədəki xidmətlərini dünyaya çatdırmaq üçün sözügedən kitabın XİN vasitəsi ilə xarici ölkələrdəki səfirliklərimizə çatdrırılması faydalı olardı.   Maraqlı müzakirələr şəraitində keçən tədbirin sonunda iştirakçılara “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı təqdim edilib, xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu