Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir qrup şəhid ailəsi və Qarabağ əlilinə ev verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa etdirilmiş 14 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov iştirak edib. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğı göstərdiyini vurğulayan V.Behbudov bunun daha bir təzahürü kimi həssas əhali qrupları ilə bağlı sosial müdafiə proqramlarının ildən-ilə genişləndiyini diqqətə çatdırıb. O qeyd edib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı işləri də getdikcə güclənir. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə isə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Hazırda Lənkəran rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 568 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 14 fərdi ev) verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. V.Behbudov ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8156 mənzil və fərdi ev verildiyini bildirib. O, həmçinin Nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini deyib. 2020-ci ildə onlara 400 avtomobil verilməsinin nəzərdə tutulduğunu və onlardan artıq 150-nin təqdim edildiyini, bu vaxta qədər müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təmin olunduğunu qeyd edib. Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

2020-09-10 00:00:00
3653 baxış

Digər xəbərlər

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib. Arxiyepiskop Paul Riçard Qallager Roma Papası Fransiskin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi. Roma Papasının sonuncu dəfə 2016-cı ildə Azərbaycana səfər etdiyini deyən dövlətimizin başçısı həmin vaxt və özünün 2020-ci ildə Vatikana səfəri çərçivəsində Roma Papası ilə görüşlərini məmnunluqla xatırladı, Roma Papasını ölkəmizə səfərə dəvət etdi. Səfərinin əsas məqsədinin Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdis edilməsi olduğunu deyən qonaq bu kilsənin inşası üçün ərazinin ayrılmasına və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi, bunun tərəfdaşlığın nümunəsi olduğunu və ölkəmizdəki katolik icması tərəfindən çox böyük rəğbətlə qarşılandığını vurğuladı. Dövlətimizin başçısı yeni kilsənin inşasına başlanmasından məmnunluğunu ifadə edərək, arxiyepiskop Paul Riçard Qallagerin ölkəmizə səfərinin və kilsənin tikiləcəyi ərazini təqdis etməsinin Müqəddəs Taxt-Tacın Azərbaycanın katolik icması ilə əlaqələrə verdiyi önəmi nümayiş etdirdiyini dedi. Prezident İlham Əliyev yeni tikiləcək kilsənin əlaqələrimizin yaxşı rəmzi olacağını vurğuladı. Qonaq Azərbaycanda müxtəlif dini icmaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamasında Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rolunu xüsusi olaraq qeyd etdi. Arxiyepiskop Paul Riçard Qallager vurğuladı ki, müxtəlif dinlərin və konfessiyaların nümayəndələrinə bu cür hörmət göstərilməsi, harmonik şəraitin yaradılması Azərbaycanın və xalqımızın fərqləndirici xüsusiyyətlərindən biridir. Dövlətimizin başçısı Azərbaycanın multikulturalizm ənənələrini qeyd edərək, ölkəmizdə müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin daim sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşadığını vurğuladı. Arxiyepiskop Paul Riçard Qallager ölkəmizdəki katolik icmasının nümayəndələrinin Azərbaycan rəsmiləri və cəmiyyəti ilə rahat şəraitdə münasibətlərinin olmasından məmnunluğunu bildirdi və qeyd etdi ki, bu da Azərbaycana nüfuz gətirən amillərdən biridir. Qonaq ölkəmizə səfəri çərçivəsində çox səmərəli görüşlər keçirdiyini dedi. Prezident İlham Əliyev bütün bunların Azərbaycan üçün fəxr hissi doğurduğunu bildirdi, ölkəmizdə multikulturalizmin və çoxmillətliliyin daim təmin olunmasını məmnunluqla qeyd etdi, bunu dövlət siyasəti ilə xalqımızın ənənəvi yaşayış tərzinin vəhdəti olduğunu dedi. Dövlətimizin başçısı qeyd etdi ki, müxtəlif millətlərin, dinlərin nümayəndələrinin ölkəmizdə sülh, dostluq və mehriban şəraitdə yaşaması Azərbaycana əlavə güc verir, sabitliyin və cəmiyyətdə ahəngdarlığın təmin olunmasına xidmət edir. Azərbaycanın, həmçinin beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoq prosesinə və bu sahədə əməkdaşlığa böyük töhfə verdiyini deyən dövlətimizin başçısı ölkəmizdə mütəmadi olaraq mədəniyyətlər və konfessiyalararası dialoqa həsr edilən beynəlxalq tədbirlərin keçirildiyini məmnunluqla xatırladı. Qonaq COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, COP29 ərəfəsində dünya dini liderlərinin sammiti də keçirilib və orada dünya dini liderləri tərəfindən də iqlim dəyişmələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət olunub. COP29 zamanı Azərbaycanın müxtəlif tərəflər arasında körpülərin yaradılmasına çalışdığını deyən dövlətimizin başçısı bu tədbir çərçivəsində aparılan danışıqlar prosesinin uğurlu nəticələr verdiyini xüsusilə qeyd etdi. Söhbət zamanı regional məsələlər barədə fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini vurğuladı. Görüşdə Yaxın Şərqdəki vəziyyətə toxunuldu. Prezident İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bir daha qeyd etdi. Arxiyepiskop Paul Riçard Qallager dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Hamısını oxu
Şirvanda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Şirvanda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib, onlara sağlam gələcək, firavan həyat, işlərində uğurlar və nailiyyətlər arzulayıb. Müstəqil Azərbaycan gəncliyinin keçdiyi tarixi inkişaf yolundan bəhs edərək, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və bu gün uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaratdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən ölkə gənclərinə göstərilən yüksək diqqət və qayğıdan danışaraq, bu sahədə qəbul edilən fərman və sərəncamların, dövlət proqramlarının əhəmiyyətini vurğulayıb.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Bakı şəhərinin rayon təşkilat sədrləri ilə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Bakı şəhərinin veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib.   Tədbiri giriş sözü ilə açan təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov qarşıda duran işlər işlər haqqında danşıb, bu işlərin gerçəkləşməsində rayon təşkilatlarının üzərinə düşən öhdəliklərə diqqət çəkib. Polkovnik veteran və qazilərin vətənpərvərlik təbliğatında iştirakının təmin olunması, dövlət siyasətinin müdafiəsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müharibə iştirakçılarının imkanlarndan istifadə edilməsinin vacibliyini vurğulayıb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxışında dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərinə daim yüksək diqqət və qayğı göstərdiyini bidlirib, bu kateqoriyadan olan vətəndaşlarla əlaqə və əməkdaşlığın genişləndirilməsinin zəruriliyinə toxunub.   Tədbirdə rayon təşkilat sədrlərini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq.    

Hamısını oxu