Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib

Sentyabrın 22-də Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib. Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, məktəb 1935-ci ildə musiqi cəmiyyətinin nəzdində yaradılıb, 1940-cı ildən 5 nömrəli Uşaq Musiqi Məktəbi kimi, 1988-ci ildən isə 3 nömrəli Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərməyə başlayıb. Bildirildi ki, məktəbin ikimərtəbəli binası qəzalı vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilib. Yeni bina 3 mərtəbədən, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 493 şagird təhsil alır. Bu ixtisaslar üzrə 110 müəllim fəaliyyət göstərir. Uşaq İncəsənət Məktəbində rəqs və rəsm dərsləri qrup şəklində, digər ixtisaslar fərdi tədris olunur. İndiyədək məktəbin 35-dən çox şagirdi beynəlxalq müsabiqələr üzrə laureat adına layiq görülüb, 70-ə yaxın şagird isə respublika müsabiqələrində yüksək yerlər tutub. Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin bir sıra tanınmış məzunları da var. Qeyd edək ki, bu gün Azərbaycanda təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılır, elm və mədəniyyət xadimlərinə xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondu bu işə önəmli töhfələr verir. Ölkəmizə tanınmış incəsənət xadimləri bəxş etmiş Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi üçün ən müasir standartlara cavab verən yeni binanın inşası da Fondun bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. video Milli.Az 

2020-09-22 00:00:00
3219 baxış

Digər xəbərlər

MDB yeni REALLIQla tanış oldu - Prezident İlham Əliyevin ZƏFƏR NİTQİ

"İlham Əliyev asanlıqla və inamla danışdı, bir dənə də artıq söz yox idi, ifadələri dəqiq idi və şübhəsiz ki, erməni tanklarına qarşı Azərbaycanın pilotsuz aparatları kimi hədəfə doğru vuruldu". Bu haqda Rusiyanın "Kommersant" qəzetinin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasından bəhs edən məqaləsində yazılır. Bəli, Azərbaycan Prezidenti dünən MDB liderlərini yeni reallıqla tanış etdi. Bu reallıqda Azərbaycan QALİB ölkədir və bu reallıqda Ermənistanın baş naziri Nikol Paşinyana yer yoxdur. Və o, iclasda iştirak etmirdi. Deyəsən, atasının vəfat etdiyinə görə. Yaxud bir başqa səbəbə görə. Elə də önəmli deyil. İştirak edə də bilməzdi. Çünki həm məğlub olan tərəfdir, həm də deməyə heç bir arqumenti qalmayıb. Olsa da, sadəcə acı gülüş doğurar. Necə ki, doğurur. Son illərdə Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq platformalarda və forumlarda çıxışlarının hamısı vacib, strateji, konseptual olub. İlham Əliyevin bir çox təşəbbüsləri, təklifləri, tövsiyələri beynəlxalq səviyyədə dəstəklənir və sadəcə Azərbaycana deyil, bütün dünyaya fayda verir. Xatırladım ki, bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası da keçirilib. Bir çox məsələlərdə Azərbaycan daim öncül ölkə olub, yol göstərib, təcrübəsi ilə bölüşüb. Azərbaycan bu işləri bacarır, hamıdan yaxşı bacarır. Bütün sahələrdə. Ona görə də bu günlərdə Dünya Bankı etiraf etdi - Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir. Sosial sahədə əldə etdiyimiz uğurlar, təcrübə bütün dünyada maraq doğurur. Bir çox ölkə bu təcrübədən bəhrələnmək fikrindədir. 44 günlük müharibə bitdi, bitməmiş bir çox ölkə Azərbaycanın hərbi təcrübəsinə diqqətini yetirdi. Azərbaycanın ZƏFƏRi bütün dünyaya maraqlıdır. Ona görə də dünən Prezident İlham Əliyevin dəmir arqumentlərə və səhih faktlara söykənən nitqini MDB ölkələrinin başçıları böyük diqqətlə qulaq asırdı. Bu nitq həm bütün dünyaya əziyyət çəkdirən pandemiyaya, həm Azərbaycan üçün ölüm-dirim savaşı olan müharibəyə və oradakı QƏLƏBƏyə həsr olunmuşdu. Bütün reallıqlar Prezident tərəfindən MDB ölkə rəhbərlərinin diqqətinə çatdırıldı. "Bu müharibə dünya kütləvi informasiya vasitələrində kifayət qədər geniş işıqlandırılıb, lakin təəssüf ki, heç də həmişə obyektiv işıqlandırılmayıb" - İlham Əliyev dedi və geniş nitqində bütün reallıqları, həqiqətləri tam təfərrüatı ilə çatdırdı. Prezident vurğuladı: "1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonu işğal edildi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağın hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı". Müharibəyə səbəb olan faktorlardan biri: "Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq və mahiyyət etibarilə hər şeyi olduğu kimi - status-kvonu saxlamaq üçün əllərindən gələni edirdilər, xüsusən ona görə ki, onlar işğal edilmiş ərazilərin qeyri-qanuni məskunlaşdırılması ilə fəal məşğul olurdular". Və ən əsas faktor: "Ermənistanın baş nazirinə gəldikdə isə, o, 2019-cu ildə işğal edilmiş ərazilərdə olarkən açıq demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Təbii ki, danışıqlar prosesinin pozulmasına yönəlmiş bu təxribatçı tezis cavabsız qala bilməzdi. Bunun cavabında mən dedim ki, "Qarabağ Azərbaycandır və nida işarəsi". Nəticədə kimin haqlı olduğunu tarix göstərdi". Haqlı olan isə nəticədə, bildiyimiz kimi, Azərbaycan və ölkəyə qələbə yaşadan Ali Baş Komandan oldu. MDB məkanında yeni REALLIQlar yaradan Ali Baş Komandan. Və bu reallıqlarla artıq hamı barışmalıdır, artıq hamı onları qəbul etməlidir. Qarşımızda isə daha bir reallıq, daha bir plan, daha bir hədəf var - Prezident o hədəfə də nitqində toxundu: "İndi, müharibə başa çatandan sonra biz vurulmuş ziyanın həcmini qiymətləndiririk. Yaxın vaxtlarda bərpa işləri başlanacaq. Bu işlər praktiki olaraq artıq başlanıb. Lakin əvvəlcə beynəlxalq ekspertlərin iştirakı ilə biz həm mənzil fonduna, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik. Bununla paralel olaraq infrastruktur layihələri üzrə proseslər artıq başlanıb. Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik". 21-ci əsrin Vətən müharibəsində erməni faşizmi məğlub edilib. 21-ci əsrin digər bəlası - pandemiya ilə mübarizə də qalibiyyətlə bitəcək, buna şübhə yoxdur. Və o zaman Azərbaycanın daha güclü, daha qüdrətli ölkə olması üçün daha çox fürsətlər olacaq. Çünki bunu qalib ölkədən REALLIQ tələb edir... Anar İmanovMilli.Az-ın Baş redaktoru

Hamısını oxu
Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadır

Sərhədçimizin erməni snayperi tərəfindən vurulması Ermənistanın ölkəmizə qarşı növbəti məqsədyönlü təxribatıdır. Bu təxribatın planlı şəkildə həyata keçirildiyi videokadrlardan da aydın görünür. Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşayiəti ilə tərk edir. Yəni erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni hərbçilərinin iştirakı ilə ölkəmizə qarşı təxribat törədib. Hadisənin bir neçə erməni hərbçisinin iştirakı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin "özfəaliyyəti" kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır. Bu təxribat Ermənistan ordusunun hərbi yetkililərinin bilavasitə tapşırığı və nəzarəti altında gerçəkləşib. Sərhədçimizə açılan atəş bir daha sübut edir ki, Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadan başqa bir şey deyil, İrəvan yalnız və yalnız müharibə haqqında düşünür. Bu səbəbdən də sülh müqaviləsi imzalamaqdan yayınır, habelə təmas xəttində vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin saxlamağa çalışır. Məqsəd regionda sülhün, sabitliyin bərqərar olmasına imkan verməmək, yeni müharibə üçün münbit zəmin formalaşdırmaqdır. Ermənistan rəsmiləri - baş nazirdən tutmuş müdafiə və xarici işlər nazirlərinə kimi hər kəs Fransa və Hindistandan müasir silahlar, hərbi texnikalar aldıqlarını bəyan edir və açıq şəkildə bildirirlər ki, onların silah aldıqları digər fövqəlgüclər də var. Bu bəyanatlar bir daha təsdiq edir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır və bu işdə ermənipərəst beynəlxalq güclərin imkanlarından gen-bol istifadə edir. Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır, ölkəmizə qarşı mina terrorunu davam etdirən bu dövləti hər vasitə ilə silahlandırırlar. ABŞ-ın Ermənistana mənəvi-siyasi dəstəyi də təəssüf hissi ilə vurğulanmalıdır. Bütün bu faktlar onu göstərir ki, ABŞ və Fransa regionda yeni bir müharibənin baş verməsində maraqlıdırlar və onlar Ermənistanı buna sürükləyir. Məlum insidentlə bağlı diqqətçəkən faktlardan biri də hadisənin Zəngilanda - İranla sərhəddə yaxın ərazidə gerçəkləşməsidir. Məqsəd Azərbaycanla Ermənistan arasında yeni müharibəyə təkan verməklə yanaşı, həm də bu müharibənin miqyas və coğrafiyasını genişləndirmək, İran və digər dövlətləri də bura cəlb etməkdir. Çünki Ermənistanın Qərbdəki himayədarları yaxşı başa düşürlər ki, müharibədə daha çox dövlətin iştirakı qarşıdurmanın miqyas və dağıdıcılığının artması deməkdir. Məhz bu səbəbdən də təxribat üçün üçüncü dövlətə yaxın ərazi seçilib ki, bu da İrəvanın dağıdıcı güclərin əlində alətə çevrildiyini göstərir. Məlum olduğu kimi, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədində hansısa missiya həyata keçirir, avropalı diplomatlar, fransalı generallar çox tez-tez əldə binokl Azərbaycan ərazisini izləməklə gündəmə gəlirdi. Avropalı diplomatlar əminliklə bildirirdilər ki, guya bütün bu fəaliyyət regionda sülhün və sabitliyin formalaşmasına xidmət edir və bundan narahat olmağa dəyməz. Amma son təxribat sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanma tendensiyası qədər təhlükəlidir və məlum fəaliyyət regionda sülhə töhfə vermək əvəzinə qarşıdurma riskini gücləndirir. Ancaq hər kəs - həm rəsmi İrəvan, həm də Ermənistana dəstək verən beynəlxalq güclər bilməlidirlər ki, Azərbaycan istənilən təhlükəni dəf etməyə qadirdir və bu günə qədər olduğu kimi, bundan sonra da bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq. Necə ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirilən "qisas əməliyyatı" zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bu, bir daha dövlətimizin qətiyyətindən, ordumuzun qüdrətindən xəbər verir və bu fakt bir daha sübut edir ki, Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq. Cəlil XƏLİLOV, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Daşaltı Əməliyyatı və Riad Əhmədovun Əbədi İzi

Daşaltı Əməliyyatı və Riad Əhmədovun Əbədi İzi   Qəhrəmanlar unudulmur, onların adları zamanın sınağından keçərək xalqın yaddaşına, tarixin şərəf lövhəsinə həkk olunur. Daşaltı əməliyyatı bu gün qəhrəmanlığın, fədakarlığın və şəhidliyin rəmzinə çevrilmiş bir tarixdir. Onun azad edilməsi yalnız ərazi bütövlüyümüzün bərpası yox, həm də şəhidlərimizin ruhuna ehtiramın, milli ləyaqətimizin təntənəsinin ifadəsidir. 1992-ci ilin soyuq yanvar gecələrində Azərbaycan ordusu Şuşa şəhərinə gedən strateji nöqtə sayılan Daşaltı kəndini azad etmək məqsədilə hücuma keçdi. Əməliyyat ağır şəraitdə aparılırdı. Təəssüf ki, yerli bələdçilərin xəyanəti nəticəsində ordu erməni pusqusuna düşdü və ağır itkilər verildi. Taktiki baxımdan uğursuz olan bu hücum, göstərilən igidlik və fədakarlıq baxımından milli dirənişin nümunəsi kimi tarixə düşdü. Bu əməliyyatda iştirak edənlər arasında bir ad xüsusilə seçilir - Milli Qəhrəman Riad Əhmədov. O, Nazirlər Soveti sədrinin müavini olmuş bir şəxsin oğlu idi, özü isə yüksək vəzifə daşıyırdı. Lakin Riad üçün Vətən qarşısında borc, vəzifədən, statusdan üstün idi. Kabinet rahatlığını yox, səngər sərtliyini seçdi. Əməliyyata buraxılmadıqda o, xidməti vəsiqəsini və silahını təhvil verərək sıravi döyüşçü kimi ön cəbhəyə yollandı. Döyüş zamanı yaralansa da geri çəkilmədi. “Məni döyüşdən çıxarma” deyərək şəhidliyə doğru addımladı. Onun nə cəsədi tapıldı, nə də bir izinə rast gəlindi. Lakin Riad Əhmədovun izi torpağın ruhunda, xalqın qəlbində yaşamağa davam edir. Daşaltı əməliyyatı, hər nə qədər faciə ilə nəticələnsə də, xalqımızın mübarizə ruhunu sındıra bilmədi. Və nəhayət, zamanın sınağından keçən bütün qəhrəmanlar kimi Riad Əhmədovun da adı unudulmadı, əksinə hər il daha da ucaldı. Çünki o, öz canı ilə bu torpaqlara möhür vurdu, öz əqidəsi ilə bir millətin yolunu işıqlandırdı.  Bugün Daşaltının küləkləri onun döyüş günlərini pıçıldayır, Şuşanın zirvələri onun arzusunun gerçəkləşdiyi anı xatırladır. Azad Qarabağın hər nəfəsində onun inamı, iradəsi, qüruru yaşayır. Bugün Azərbaycan həmin möhkəm iradə ilə yenidən qurulur, çiçəklənir, inkişaf edir. Şəhərlər dirçəlir, yurdlar bərpa olunur, yollar bir zamanlar bölünmüş ürəkləri birləşdirir. Və bütün bu yenidən doğuluşun altında bir həqiqət dayanır: şəhidlərin ruhu bu torpaqlara nur saçır. Riad Əhmədov kimi qəhrəmanların yolu heç vaxt yarımçıq qalmır. Onların başladığı mübarizə azadlıqla tamamlandı, qoyduqları irs isə gələcək nəsillərin əlinə bir bayraq kimi keçdi. Bu gün onun adını daşıyan 203 saylı məktəbin siniflərində oxuyan hər uşaq bir həqiqəti anlayır: Vətən sevgisi sözlə deyil, əməllə yaşanır. Qəhrəmanlıq bir ömürlük yox, bir millətlik dəyərdir. Riadın son addımları Daşaltıda qaldı, amma onun izi bütün Azərbaycanın yoluna çevrildi. Hər yeni tikilən bina, hər yenilənən küçə, hər ucalan bayraq onun və bütün şəhidlərimizin ruhuna bağışlanan bir dua kimi səslənir. Və bu böyük hekayənin sonunda bir həqiqət var: Qəhrəmanlar ölmür. Onlar torpağın nəfəsində, xalqın yaddaşında, gələcəyə ümiddə yaşayır. Riad Əhmədovun adı da belə yaşayır - əbədiyyətə çevrilmiş bir iz, millətin qəlbində səssiz, amma sarsılmaz bir ucalıq kimi… Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik      

Hamısını oxu
Veteranlarla görüş

Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev 07 dekabr 2016-ildə bir qrup II Dünya müharibəsi veteranları ilə görüşmüşdür. Görüşdə veteranların vəziyyəti, qayğıları, qarşılaşdıqları problemlər ətrafında söhbətlər aparılmış, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılacaq ardıcıl addımlar müzakirə olunmuşdur. Təşkilatın sədrinə onların qayğıları və problemləri ilə maraqlandığına görə minnətdarlılarını çatdıran veteranlar gələcəkdə də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak edəcəklərini bildirmişlər.   Daha sonra sədri Mərkəzi Aparatının işçilərinə müvafiq göstərişlərini və tapşırıqlarını vermiş, 2017-ci ildə qarşıda duran mühüm vəzifələrdən danışmışdır. Görüş başa çatdıqdan sonra ehtiyatda olan general-mayor Dadaş Rzayev  bir qrup II Dünya müharibəsi veteranı ilə xatirə şəkili çəkdirmişdir.  

Hamısını oxu