Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Türkiyə nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, əziz Mövlud bəy, sizi salamlayıram. Şadam ki, siz gəlmisiniz. Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır. Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə biz bu məsələ ilə bağlı dəfələrlə öz sözlərimizi demişik ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır. Sizi bir daha salamlayıram. Xahiş edirəm ki, mənim səmimi salamlarımı hörmətli cənab Prezidentə çatdırasınız. x x x Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dedi: -Sağ olun, cənab Prezidentim. Əvvəlcə, bizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Hörmətli Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın, bütün kabinetimizin, - dünən Nazirlər Kabinetində toplantımız var idi, - və türk xalqının Sizə salamlarını və uğur diləklərini gətirmişəm. Xüsusilə Zati-alinizin də vurğuladığı kimi, Türkiyənin, türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya səfərə gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq. Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik. Bu gün Sizin qəbulunuzdan sonra qardaşım Ceyhunla bu məsələlərdə necə birlikdə hərəkət edəcəyimizi dəyərləndirəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Dostluq qrupumuzun sədri Şamil bəylə birlikdə gəldik. İnşallah, bugünkü toplantılarımız Azərbaycanın torpaqlarının azad edilməsi yolunda xeyirlərə səbəb olacaq. Bir daha təşəkkür edirəm, hörmətli Prezidentim. Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

2020-10-06 00:00:00
3328 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb

Bu gün gənclər və idman nazirinin müavini İntiqam Babayev Respubika Veteranlar Təşkilatında olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov və kollektivlə görüşüb.   Tədbiri giriş sözü ilə açan polkovnik Cəlil Xəlilov Gənclər və İdman Nazirliyinin hər zaman Respubika Veteranlar Təşkilatının fəaliyyətinə təkan verdiyini, təşkilatın vətənpərvərliklə bağlı layihələri dəstəklədiyini bildirib. Erməni faşizminə qarşı mübarizə aparan və qalibiyyətli müharibədən yeni çıxan dövlət kimi bu cür layihələrin ölkəmiz üçün mühüm önəm kəsb etdiyini bildirən Cəlil Xəlilov, gənclər və idman nazirinin müavini İntiqam Babayevin təşkilata bu səfərinin də iki qurum arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.   Daha sonra Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb.   İmzalanma mərasimindən sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizədən söz açıb, xalqımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdiyini vurğulayan Fatma Səttarova, bu qəhrəmanlığın gələcək nəsillərə də örnək olduğunu bildirib.   Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə veteranların vətən və xalq qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin keçmişimiz və gələcəyimiz baxımından önəmini şərh edib. Azərbaycan xalqının istər XX əsrin ortalarında faşizmə, istərsə də XX əsrin sonu, XXI əsrin əvvəllərində erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını bildirən İntiqam Babayev, vətən uğrunda döyüşən hər kəsin xidmətinin əvəzsiz olduğunu qeyd edib . İntiqam Babayev bildirib ki, vətənimizin azadlığı, onun sərhədlərinin toxunulmazlığı uğrunda döyüşən insanların vəhdətindən ibarət olan veteranlar təşkilatı cəmiyyətimiz üçün ruh və mənəvi qida rolunu oynayır.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov: Azərbaycanın sülh səylərini dəstəkləmək Ermənistanı yeni məğlubiyyətdən və böhrandan xilas edə bilər

Bakı, 17 iyul, AZƏRTAC Vətən müharibəsindən dörd ildən çox müddət keçməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsi imzalamaq istəmir. Son bir ildə bu sahədə müəyyən irəliləyişlər baş versə də, ortada ciddi nəticə yoxdur. Əksinə, biz 44 günlük Vətən müharibəsindən sonra qonşu ölkənin sürətlə silahlandığını, hərbi potensialını genişləndirməyə çalışdığını görürük. Fransa, Hindistan və digər ölkələrdən xeyli miqdarda silah-sursat alan Ermənistan xarici ölkələrin hərbi təlimatçıları hesabına ordusunu yenidən formalaşdırmağa çalışır. Belə bir dönəmdə Ermənistan ilə hansısa dövlətin birgə hərbi təlim keçirməsi xoş mərama xidmət etmir. Hazırkı situasiyada bu cür təlimlər Ermənistanın siyasi-psixoloji baxımdan sülh prosesindən uzaqlaşmasına xidmət edir. Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında bildirib. Polkovnik qeyd edib ki, sülh üçün cəhd göstərməyən Ermənistanda kənar qüvvələrin iştirakı ilə hansısa hərbi təlimin keçirilməsi onların xoş məqsəddən və məramdan uzaq olduğunu göstərir. ABŞ-la Ermənistan arasında keçirilən və hələ də davam edən təlimlər regiondakı sülh prosesinə yaxşı heç nə vəd etmir: “Ümumiyyətlə, sülhdən danışan Ermənistanın kənar güclərlə birgə hərbi təlimlərə böyük maraq göstərməsi rəsmi İrəvanın xoş olmayan niyyətindən xəbər verir. Bu fakt bir daha göstərir ki, Ermənistanda revanşizm əhvali-ruhiyyəsi hələ də davam edir və bəzi qüvvələr 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan status-kvonun yenidən dəyişə biləcəyinə ümid edir. Lakin bu ümidlər xam xəyaldan başqa bir şey deyil. Azərbaycan xalqı Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə yeni reallıq yaradıb və heç bir qüvvə onu dəyişə bilməz”. Militarizm siyasətinin və revanşist düşüncə tərzinin Ermənistana fəlakətdən başqa heç nə vəd etmədiyini vurğulayan polkovnik deyib: “Yaxşı olar ki, rəsmi İrəvan avantürist xəyallardan əl çəkərək Azərbaycanın sülh səylərini dəstəkləsin. Yalnız bu addım Ermənistanı yeni məğlubiyyətlər, iqtisadi kataklizm və sosial böhrandan xilas edə bilər”.

Hamısını oxu
Hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində cinayət işi başlanıb

Hərbi Prokurorluqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş materiallar üzrə aparılmış araşdırma nəticəsində iki çağırışçının tibb müayinələrin nəticələrinə əsasən hərbi xidmətə yararlı hesab olunduqları halda, qanuni əsas olmadan növbəti hərbi çağırışdan boyun qaçırmaları faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır. Diqqətə çatdırılır ki, qanuni əsas olmadan hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində ciddi tədbirlər görüləcəkdir.    

Hamısını oxu
Müstəqilliyin, təhlükəsizliyin və suverenliyin təminatçısı

Hamısını oxu