Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi "Instagram" səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib. Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulub. Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki, dünən bütün gün ərzində davam edib. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir. Əziz həmvətənlər! Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!".

2020-10-11 00:00:00
3290 baxış

Digər xəbərlər

“Zəfərimizin sülhə aparan yolu” adlı konfrans keçirilib

15 avqust saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşü və bu görüşün tarixi əhəmiyyəti ilə bağlı “Zəfərimizin sülhə aparan yolu” adlı konfrans keçirilib. Konfransda müxtəlif kateqoriyadan olan veteranlar, şəhid ailələri, millət vəkilləri, tanınmış ziyalılar, zabit və kursantlar iştirak edib. Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 avqust razılaşmasının tarixi, eləcə də, iqtisadi-siyasi əhəmiyyətindən bəhs edib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində hərb meydanında qazandığı qələbəni diplomatik müstəvidə uğurla başa çatdırdı, yeni bir dönəmin başlanğıcını qoydu: “Avqustun 8-də Ağ Evdə, ABŞ-ın təşəbbüsü və vasitəçiliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması sülhə gedən yolda mühüm tarixi hadisədir. Sülhü qorumaq, bəzən qələbə qazanmaqdan daha çətindir. Prezidentimizin ABŞ-na səfəri yalnız iki ölkə arasında münasibətlərin yeni səhifəsinin açılması baxımından deyil, eyni zamanda, uzun illərdən bəri dövlətimizi zəiflətməyə çalışan, onu müəyyən güzəştlərə vadar etməklə öz milli maraqlarından əl çəkməsini istəyən və beləliklə sülh prosesini pozaraq bölgəni yenidən gərginliyə sürükləmək niyyətində olan beynəlxalq güclərin çirkin təzyiq siyasətini açıq şəkildə məğlubiyyətə düçar etdi. Müzəffər  Ali Baş Komandanımız Azərbaycan əsgərinin döyüş meydanında qazandığı parlaq Zəfəri diplomatik sferaya - danışıqlar masasına daşıyaraq rəsmiləşdirdi. Bununla, qlobal güclərə qələbədən sülhə keçidin yeni reallığını qəbul etdirməyi bacardı, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyi möhkəmləndi. Birgə Bəyannamədə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin (yeni adı ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)) yaradılması kimi mühüm müddəalar da öz əksini tapıb. Xatırladaq ki, bu tələb də Sülh Sazişinin imzalanması üçün Ermənistan qarşısında Azərbaycan tərəfinin prinsipial şərtlərindən biri idi. Belə ki, Prezident İlham Əliyev daim çıxışlarında da Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşacağını, yalnız bunun zaman məsələsi olduğunu vurğulayıb. Dövlətimizin başçısının müdrik siyasəti nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması haqqında razılaşmanın tələbləri də sənəddə öz təsdiqini tapıb. Bu həm də dəhlizin reallaşmasında gələcəkdə yarana biləcək istənilən situasiyaya qarşı ABŞ-ın əsas qarant olduğunun göstəricisidir”. Polkovnik Cəlil Xəlilovdan sonra söz alan natiqlər - Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli, Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiri, Siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə,  Azərbaycan Respublikası “Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru hüquq elmləri doktoru, professor, İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin sədri Əmir Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli 8 avqust razılaşmasının tarixi-regional əhəmiyyəti ilə bağlı bir-birindən maraqlı fikirlər səsləndiriblər. Çıxışçılar qeyd ediblər ki, məhz Müzəffər Ali Baş Komandanın uzunmüddətli səmrəli və prinsipial siyasəti nəticəsində Cənubi Qafqazda etibarlı sülhü bərqərar etmək, kənar güclərin regionla bağlı təxribatlarının qarşısını almaq mümkün oldu. Konfransda Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun kafedra rəisi polkovnik Rasim Qədiməliyev, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, Sumqayıt  şəhər  Veteranları Təşkilatının sədri, əmək veteranı  Sovet Şükürov da iştirak edib. Konfransın sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Suraxanı rayonunda qazilərlə görüş keçirib

Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsi cari ilin 11 mart tarixində Suraxanı rayonunda I Qarabağ müharibəsi veteranları, o cümlədən Vətən müharibəsi qaziləri ilə görüş keçirib.   Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin rəhbərliyi və baş mütəxəssis Nəbi Hacıyevin iştirakı ilə keçirilən görüşdə Suraxanı  rayon VT-nın sədri Eldar Rüstəmov, 44 günlük Vətən müharibəsi iştirakçıları Namiq Rufullayev, Davud Əliyev, Həmid İsmayılov, Azad Sultanov, Həsən Paşayev və eyni zamanda birinci Qarabağ müharibəsinin veteranları iştirak edib.   Tədbirdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Daha sonra Suraxanı rayon VT-nın sədri Eldar Rüstəmov çıxış üçün Adil Haqverdiyevə söz verib. Öncə I Qarabağ müharibəsinə toxunan Adil Haqverdiyev, həmin dövrdə ordunun silah –sürsatın çatışmamazlığından, nizami ordu və vahid komandanlığın olmamasından danışıb və qeyd edib ki, məhz bu kimi amillər torpaqlarımızın müvəqqəti olaraq itirilməsinə səbəb olub.   44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun şanlı qalibiyyətinə toxunan Adil Haqverdiyev, ordumuzla yanaşı, bütün xalqın bu çətin günlərdə  böyük birlik və fədakarlıq sərgilədiyini qeyd edib, 8 noyabr zəfərinin tarixi əhəmiyyətini vurğulayıb. Adil Haqverdiyev bundan sonra da veteranları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sıx birləşməyə səsləyib.   Daha sonra çıxış edən qazi Namiq Rufullayev də 8 noyabr zəfərinin əhəmiyyətinə toxunub, heç bir təxribatmı qüvvənin bu tarixi qələbənin üstünə kölgə sala bilmədiyini vurğulayıb.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Məlumat üçün qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsi mütəmadi şəkildə qazi və veteranlarla görüşlər keçirir, onların arzu və istəkləri ilə maraqlanır.   Seymur ƏLİYEV

Hamısını oxu
“Vindzor Kral Atçılıq Şousu - 2026” uğurla başa çatıb

Veteran.gov.az Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” uğurla başa çatmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqəti və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə milli sərvətimiz olan Qarabağ atlarının qorunması və dünya miqyasında tanınması istiqamətində mühüm işlər görülmüş, əhəmiyyətli addımlar atılmışdır. Görülmüş məqsədyönlü tədbirlərdən biri də qədim və unikal mədəniyyətimizin təbliği üçün olduqca əhəmiyyətli platformaya çevrilən və 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycanın layiqincə tanıdılmasıdır. Hər il geniş tərkibli nümayəndə heyətinin təqdim etdiyi bənzərsiz şou-proqramlar və performanslar “Vindzor Kral Atçılıq Şousu”nun əvəzolunmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı ölkəmizi “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil etmiş, göstərdikləri performansları, qədim tariximizi və milli geyimlərimizi əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb etməyi bacarmış, onların marağına səbəb olmuşlar. Tədbir zamanı milli musiqi alətlərimizdə səslənən musiqilər, “Sərhədçi” rəqs ansamblının enerji dolu rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçısının rəğbətini qazanmışdır. Tədbirin ilk günündən ardıcıl olaraq 20 dəqiqə davam edən şou müddətində süvarilərimiz yüksək peşəkarlığı və dəqiqliyi ilə seçilmişdir. “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizin zəngin mədəniyyətini əks etdirən sənət nümunələri təqdim edilmiş, Heydər Əliyev Fondunun təşkil etdiyi və maraqla qarşılanan Azərbaycan pavilyonu barədə qonaqlara ətraflı məlumat verilmişdir. Tədbir çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin və əsrlər boyu formalaşmış yüksək sənət ənənələrinin ifadəsi kimi Şirvan xalçası və Faik Hacıyevin əsəri olan “Dilbaz atı üzərində Azərbaycan döyüşçüsü” heykəli hədiyyə edilmişdir. Tədbirin yekununda “Land of Fire – Azerbaijan” polo komandasının Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən “Guards” polo komandası ilə dostluq görüşü keçirilmiş və görüş təmsilçimizin 7-5 hesablı qələbəsi ilə başa çatmışdır. Fərid İmranlı

Hamısını oxu
“Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının təqdimatı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rasim Mirzəyevin müəllifi olduğu “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının və eyniadlı bukletin təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif kateqoriyalı veteranlar, ziyalılar, media təmsilçiləri, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak ediblər.   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar, xalqın, dövlətin və ordunun ali amal uğrunda bir yumruq kimi birləşməsi faktı maraqlı təhlil və nümunələrlə əks olunub.   Tədbir giriş sözü ilə layihə rəhbəri, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının müəllifi, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev açıb. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, ordu ilə ciddi həmrəylik sərgilədiyini vurğulayan layihə rəhbəri, 8 Noyabr zəfərinin məhz bu birlik nəticəsində əldə edildiyinə diqqət çəkib. Rasim Mirzəyev qeyd edib ki, cəmiyyətdə vətənpərvərlik ruhunun qorunub saxlanılması, post-müharibə dönəmindən sonra qarşıya qoyulan məqsədlər nail olunması, dövlətimizin hərtərəfli inkişafının təmin edilməsi üçün 44 günlük Vətən müharibəsi dövrünün xalq-dövlət-ordu birliyi bundan sonra da davam etdirilməli, bu birlik və onun önəmi  yeniyetmə və gənclər arasında təbliğ edilməlidir.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik müstəvidə böyük uğurlara nail olduğuna, cəmi 44 gün ərzində xalqımızı qələbəyə qovuşdurduğuna diqqət çəkdi. Cəlil Xəlilov bildirdi ki, məhz dövlət başçısının siyasi peşəkarlığı sayəsində heç bir kənar müdaxilənin təsiri olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün oldu. 44 günlük Vətən müharibəsindəki xalq-dövlət, xalq –ordu birliyindən bəhs edən “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının mühüm təbliğati əhəmiyyətə malik olduğunu vurğulayan Cəlil Xəlilov, veteran təşkilatı olaraq bundna sonra da yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi baxımından işləri davam etdirəcəklərini qeyd edib.   Tədbirdə çıxış edən şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan torpaqların məhz xalqın Ali Baş Komandanı, ordusu ilə sərgilədiyi birlik sayəsində, şəhidlərin qanı, qazilərin rəşadəti hesabına azad edildiyinə diqqət çəkib. Nəcibə Axundova qeyd edib ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların bir çoxunun heç vaxt Qarabağı görməyən, bu torpaqlarda olmayan insanlar olması faktı, ölkəmizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun ən böyük isbatıdır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabın böyük qələbəyə, onun səbəb və nəticələrinə həsr olunduğunu bildirən Nəcibə Axundova, milli şüurun möhkəmlənməsi, tarixi həqiqətlərin gənclər arasında təbliği baxımından sözügedən kitabın mühüm əhəmiyyətə malik olduğunu bildirib.   Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti Sərraf Orucov da “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının önəmindən bəhs edib. Kitabın uşaq və yeniyetmələr, gənclər tərəfindən böyük maraqla qarşılanacağını bildirən Sərraf Orucov, kitabın məktəblilər üçün əlavə ədəbiyyat kimi də faydalı olacağını qeyd edib. O, vurğulayıb ki, gələcəkdə də bu kimi təşəbbüslər dəstəklənməli, cəmiyyətdə vətənpərvərlik tərbiyəsi baxımından işlər davam etdirilməlidir.   Tədbirdə çıxış edən ziyalılar, vətəndaş cəmiyyəti institutunun nümayəndələri “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının əhəmiyyətindən danışıb, belə kitablara ciddi ehtiyac olduğunu vurğulayıblar.   Tədbir həm də məktəblilər tərəfindən vətənpərvərliklə bağlı səsləndirilən maraqlı şeirlərlə yadda qalıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.   Məlumat üçün qeyd edək ki, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabı 450,  eyniadlı buklet isə 700 nüsxədə çap edilib və onların bir hissəsi təqdimat mərasimində tədbir iştirakçılarına paylanılıb. Layihə çərçivəsində daha geniş auditoriyada tədbirlərin keçirilməsi nəzərdə tutulur.  

Hamısını oxu