Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır

Musavat.com Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müsahibəsini təqdim edir: - Hər vaxtınız xeyir, hörmətli Mehriban xanım. İlk növbədə, Azərbaycanın bir sıra şəhərlərinin və yaşayış məntəqələrinin işğaldan azad edilməsi münasibətilə Sizi öz adımdan və oxucularımızın adından təbrik etmək istərdim. - Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır. Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini! Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm. - Sizin söylədiyiniz hər bir kəlmə xalqımızın istəyi ilə həmahəngdir və əməllərdə, hərəkətlərdə misli görünməmiş fəallıq doğurur. Sizin müraciətinizdən dərhal sonra həmvətənlərimizin erməni yalanlarını və böhtanlarını ifşa etməyə yönəlmiş səyləri buna parlaq sübutdur. - İnformasiya məkanında fəallıq göstərmək barədə çağırışıma qoşulan hər kəsə təşəkkür etmək istəyirəm. Biz daim yadda saxlamalıyıq ki, qarşıdurma təkcə bilavasitə döyüş əməliyyatları bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Mən bizim gənclərimizin, vətəndaşlarımızın erməni təbliğatının feyklərini necə ifşa etdiklərini, erməni təcavüzü haqqında həqiqəti bütün mümkün platformalarda beynəlxalq ictimaiyyətə necə çatdırdıqlarını görürəm. Onların haqq səsi tarixin saxtalaşdırılması hallarını aşkar etməyə və tamamilə əsassız, açıq-aydın yalan, təhrikçi materialların yayılmasının qarşısını almağa kömək edir. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm, onların obyektivliyi və yüksək peşəkarlığı sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur. Əllərinə bayraq götürərək təcavüzkara etirazlarını bildirən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən xaricdə yaşayan soydaşlarımızı qeyd etməmək mümkün deyil. Azərbaycan xalqı ilə həmrəy olan, ona dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən dünyadakı bütün dostlarımıza minnətdaram. Bu gün biz hamımız cəbhədə baş verənlər barədə fikirlərlə yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir. Buna görə də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik. Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır. - Mehriban xanım, Siz bəyanatlarınızda dəfələrlə qeyd etdiyiniz kimi, hətta düşmənin mülki əhaliyə qarşı vəhşicəsinə təxribatlarına baxmayaraq, xalqımız inanılmaz ruh yüksəkliyi və mərdlik nümayiş etdirir. - Təəssüf ki, erməni tərəfi məqsədyönlü şəkildə nəinki beynəlxalq konvensiyaların tələblərini pozur, hətta əxlaq normalarını tapdalayır. Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Naftalan və digər yaşayış məntəqələrinin dinc əhalisinə edilən hücumlar Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini açıq ifşa edir. Dəfn mərasimi zamanı qəbiristanlığı necə atəşə tutmaq olardı? Gecə vaxtı, sakinlər yatarkən Gəncə şəhərini raket atəşinə necə məruz qoymaq olardı? Günahsız mülki şəxslər, uşaqlar, qadınlar həlak olub. Bu, insanlığa qarşı cinayətdir, bu, terrorizmdir. Bütün bunlar birmənalı şəkildə göstərir ki, Yerevanın sülhdə marağı yoxdur, o, yalnız münaqişənin eskalasiyasını, onun regional qarşıdurmaya çevrilməsini arzu edir. Lakin Ermənistanın heç bir alçaq əməli, – nə siyasi platformaya əsaslanan iyrənc provokasiyaları, nə informasiya məkanında məkrli avantüraları, nə dinc vətəndaşlara vəhşicəsinə hücumları, – heç nə Azərbaycan xalqının iradəsini sındıra bilməz. Birlik, həmrəylik, bir-birinin dərdinə şərik olmaq və qarşılıqlı dəstək nümayişi müəyyən mənada heç kəsin heç vaxt bizim iradəmizi və Vətənimizi işğaldan azad etmək istəyimizi sındıra bilməyəcəyinə dair Azərbaycan xalqının ismarıcıdır. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa və Azərbaycanın mülki əhalisinə qarşı vəhşicəsinə qəddarlığı kəskin pisləməyə çağırıram. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzü dayandırmağa çağıran qətnamələrinə etinasızlığa son qoymalıdır. Azərbaycan dövlətinin heç vaxt başqalarının torpaqlarında gözü olmayıb. Biz dinc əhaliyə hücum etmirik. Bizim işimiz haqq işidir. Bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad edir. Bizim əsgərlər qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşür, öz adlarını Azərbaycanın tarixinə yazırlar. Mən bütün yaralıların tezliklə sağalmalarını arzu edirəm. Həlak olmuş hərbi qulluqçuların ailələrinə, doğmalarına dərin hüznlə başsağlığı verirəm. Vətən naminə şəhid olmuş igid övladlarımıza Allah rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq və qalmır. Düşmənə layiq olduğu cavab verilir. Mənim tapşırığımla Heydər Əliyev Fondu həlak olanların ailələrinə lazımi kömək göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edilir. Bu gün bizim bütün yaralı əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətən uğrunda ədalətli mübarizəni davam etdirmək üçün yenidən döyüş əməliyyatları zonasına yola düşmək istəyirlər. Budur Azərbaycan xalqının ruh yüksəkliyi və vətənpərvərliyi. - Mehriban xanım, Siz bu günlərdə xalqımızın qeyri-adi birliyini qeyd etdiniz. Koronavirus pandemiyasına qarşı mübarizədə bir növ şüara çevrilmiş “Biz birlikdə güclüyük!” cümləsini hamımız xatırlayırıq. Demək olarmı ki, bu gün həmin cümlə xüsusi məna kəsb edir? - Bu, şübhəsiz belədir. Biz yalnız birliyimizi qorumaqla və Prezidentin ətrafında sıx birləşməklə bu ilin yadda qalacağı bütün çağırışları və çətinlikləri dəf edə bilərik. Siz koronavirus pandemiyasını xatırlatdınız və mən bu məsələyə bir qədər ətraflı toxunmaq istərdim. Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır. Biz epidemiya ilə mübarizənin bütün aspektlərini koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltmağa kömək etdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdə yayılmasından qoruya bildik. Təəssüf ki, çoxsaylı ölkələrə və xalqlara bu qədər bəla və iztirab gətirmiş virusa hələ də qalib gəlmək mümkün olmayıb. O, hələ də ciddi təhlükə mənbəyidir, bütün dünyada pisləşməkdə olan statistika buna sübutdur. Pandemiyaya qarşı müharibə hələ davam edir. Avropa dövlətlərinin çoxunda çoxsaylı məhdudiyyətlər yenidən qüvvəyə minir. Təəssüf ki, bizim ölkəmiz də istisna deyil. Məlumdur ki, son günlərdə yoluxanların sayının artması müşahidə olunur, təhsil müəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər tətbiq edilib. Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər. Biz yaşlı nəslə həmişə xüsusi qayğı və hörmətlə yanaşırıq. Pandemiyanın birinci mərhələsi dövründə biz onları qayğı ilə qoruduq. Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olacağıq. Bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır. İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq. Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!

2020-10-22 00:00:00
3605 baxış

Digər xəbərlər

Diaspor sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub...

Veteran.gov.az xəbər verir ki, dünən Nikolayev Azərbaycanlıları Konqresinin sədri Yunus Alıyev və “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzi”nin rəhbəri Əlmaniz Ələkbərli Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb.   Görüşdə Azərbaycan xalqının qəhrəman övladlarının, habelə, azərbaycanlılardan ibarət milli diviziyaların Rusiya, Ukrayna, Moldova və digər dövlətlərin faşist işğalından azad edilməsində göstərdiyi qəhrəmanlıqlar, bu qəhrəmanlıqlara imza atan soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi, bu istiqamətdə atılan və atılması nəzərdə tutulan addımlar müzakirə edilib.   Daha sonra qonaqlar Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup əməkdaşı ilə birlikdə İkinci Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarına gül dəstələri qoyublar.   Çoxillik və səmərəli xidmətlərinə görə Yunus Alıyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən xüsusi mükafatla təltif edilib.      

Hamısını oxu
Bu gün faşizm üzərində Qələbədən 77 il ötür

Mayın 9-da faşizm üzərində Qələbənin 77 ili tamam olur. Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidmətləri olub. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində Qələbəyə mühüm töhfə verib. Azərtac xəbər verir ki, dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib. Azərbaycan xalqı faşizmə qarşı müharibədə həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Bu müharibənin iştirakçıları, o cümlədən bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsi idi. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin ediblər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu. Bundan başqa, xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur. Ümummilli Lider müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2022-ci il 19 aprel tarixli Sərəncamı ilə 1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir. İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 77 il ötsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın, onun igid oğullarının xidmətləri daim xatırlanır. İkinci Dünya müharibəsi xalqımızın qəhrəmanlıq ənənələrinin davamıdır. Ön cəbhədə, arxa cəbhədə ata-babalarımızın göstərdikləri hünər, igidlik nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də onların döyüş ruhunun formalaşmasında, qələbəyə doğru addımlarının mətin olması yolunda böyük önəm daşıyır. Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.  

Hamısını oxu
Bir Gözlə Vətəni Bütöv Görən Qəhrəman Azər Abdullazadə

“Azərbaycan ordusunun hərbi qulluqçusu olmağımla fəxr edirəm…” Bu ifadə Azərbaycan əsgərinin dövlətinə sədaqətinin, xalqına bağlılığının və Vətən qarşısında daşıdığı ali məsuliyyətin rəsmi və mənəvi ifadəsidir. Bu sözlər bir ömrün həyat prinsipi, bir nəslin Vətənə sədaqət andı, bir xalqın öz ordusuna olan sarsılmaz inamının təcəssümüdür. Sözügedən fikirlər Vətənin taleyini öz taleyi ilə birləşdirən, onu qanı və canı bahasına qoruyan Azər Rizvan oğlu Abdullazadənin vətəndaş mövqeyini, daxili dünyasını və hərbi xidmət fəlsəfəsini dolğun şəkildə əks etdirir. Abdullazadə Azər Rizvan oğlu 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olmuşdur. O, Vətənə xidmətin ailə dəyəri kimi qəbul edildiyi, hərb və vətənpərvərlik ruhunun nəsildən-nəslə ötürüldüyü qəhrəman bir ailədə böyümüşdür. Bu ailədə “Vətən” anlayışı yalnız coğrafi məfhum deyil, yaşam tərzi, mənəvi məsuliyyət və əxlaqi borc kimi formalaşmışdır. Azər Abdullazadənin ailə tarixində Qarabağ müharibələrinin dərin izləri vardır. Onun əmisi  tibb xidməti leytenantı Natiq Abdullayev Birinci Qarabağ müharibəsi zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Atası Rizvan Abdullayev isə həmin döyüşlərdə ağır yaralanaraq I qrup müharibə əlili olmuşdur. Bu ailənin yaddaşı şəhidlik zirvəsi, qazilik yolu və Vətənə sədaqət ruhu üzərində formalaşmışdır. Azər Abdullazadə 2018-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, Bakı şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətinin başa çatmasına cəmi bir neçə gün qalmış, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlanmışdır. O, təxris olunmaq hüququndan imtina edərək könüllü şəkildə döyüş bölgəsinə yollanmışdır. 44 gün davam edən Vətən müharibəsi zamanı Azər Abdullazadə tank heyətinin tuşlayıcısı kimi Füzuli və Cəbrayıl istiqamətlərində aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin atəş mövqelərinin, zirehli texnikasının və canlı qüvvəsinin məhv edilməsində xüsusi fərqlənmiş, şəxsi igidlik, yüksək peşəkarlıq və dözümlülük nümayiş etdirmişdir. Onun fəaliyyəti Azərbaycan Ordusunun həmin istiqamətlərdə uğurlu irəliləyişinə mühüm töhfə vermişdir. Azər Abdullazadə döyüşlər zamanı iki dəfə yaralanmışdır. İlk yaralanmadan sonra həkimlərin tövsiyəsinə baxmayaraq, təkidlə yenidən ön cəbhəyə qayıtmışdır. 2020-ci il oktyabrın 11-də Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlər zamanı tankın vurulması nəticəsində ağır yaralanmış, bir gözünü itirmişdir. Tank komandiri şəhid olmuş, Azər Abdullazadə isə böyük fədakarlıq və iradə nümayiş etdirərək döyüş zonasından çıxarılmışdır. Uzunmüddətli tibbi müalicə və bir neçə mürəkkəb cərrahi əməliyyata baxmayaraq, o, mənəvi möhkəmliyini qoruyub saxlamış, qazilik statusuna baxmayaraq dövlətə və orduya sədaqətini daim ifadə etmişdir. Onun həyat mövqeyi “göz ürəyin aynasıdır” ifadəsinin rəmzi mənasını daşıyır - Azər Abdullazadə bir gözünü Vətən yolunda itirsə də, Vətəni bütöv görən qəhrəman kimi yadda qalmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin  9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Abdullazadə Azər Rizvan oğluna “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir. O, bu ali ada layiq görülən ən gənc hərbi qulluqçulardan biri olmuşdur. Həmçinin Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” medalı və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir. Bu gün Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə Azərbaycan gəncliyi üçün vətənpərvərlik, sədaqət və fədakarlığın canlı nümunəsidir. Onun adı çəkiləndə Azərbaycan xalqı qürurla başını dik tutur, çünki Azər Abdullazadənin taleyində ordunun şərəfi, şəhidlərin ruhu və qazilərin dözümü birləşir. O, Vətən uğrunda sağlamlığından keçməyin söz yox, əməl olduğunu sübut etmiş qəhrəmanlardandır. Azər Abdullazadənin bir gözü Qarabağ torpağında qaldı. Amma o  göz bu gün Şərqi Zəngəzurda, Cəbrayılda, Füzulidə dalğalanan üçrəngli bayrağın göz bəbəyinə çevrilib. O bayraq ki, şəhidlərimizin al qanı ilə suvarılmış suveren torpaqlarımızda ucalıb və əbədi olaraq dalğalanacaq. Bu, təkcə bir qəhrəmanın taleyi deyil - bir millətin qələbə dastanıdır! Cəlil Xəlilov    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Gəncə şəhərində müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Gəncə şəhərində müharibə veteranlarına ərzaq yardımları çatdırıb. Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva bu gün Gəncədə Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu