Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib

Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. - Cənab Prezident, Siz artıq qələbəni dadmısınız? – Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik. – Putin müdaxilə etmək istəmir. Beləliklə, Siz maneəsiz hərəkət edə bilərsiniz? – Əslində, mən dəfələrlə vəziyyəti şərh etmişəm ki, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri – üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Ona görə də, bu ölkələr özləri həll üçün qanuni baza yaradıblar. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmədi. Mənim istinad etdiyim başqa bir məqam ondan ibarətdir ki, vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar. Lakin onlar neytral olmasalar, vasitəçi ola bilməzlər. Ona görə də, bizim yerində bu və ya digər dərəcədə gördüyümüz neytrallıq, düşünürəm ki, işlərin necə getməsinin yeganə yoludur. Odur ki, bu, bizim üçün yaşıl işıq deyildi. Biz sentyabrın 27-də Ermənistanın hücumunadək nə edəcəyi barədə 100 faiz təsəvvürümüz olmadan cavab verdik, biz ölkəmizi qorumaq, insanlarımızı qorumaq və ədaləti bərpa etmək üçün doğru olduğunu düşündüyümüzü etdik. – Rəsmi Ankaranın dəstəyi Sizin fəaliyyətiniz üçün nə dərəcədə səmərəlidir? – Çox səmərəlidir. Bu dəstək lap əvvəldən, sentyabrın 27-də başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə Prezidenti çox aydın bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi. Mən dəfələrlə o fakta diqqət çəkmişəm ki, bu, yalnız siyasi və mənəvi dəstəkdir, lakin bu, kifayət idi. Çünki Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik. Ona görə də, toqquşmaların ilk saatlarında başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir. – Sizin ordunuzla birlikdə Ermənistana qarşı döyüşən mücahidlərin mövcudluğu barədə Prezident Makron, Rusiyanın Xarici İşlər nazirinin söylədikləri barədə nə deyə bilərsiniz? Bu, doğrudur? – Bu müddət ərzində, bir aydan çox vaxtda mən artıq dəfələrlə bu məsələyə diqqət çəkmişəm və demişəm ki, bu, doğru deyil. Bu, doğru məlumat deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdı və hələ də yayılır. Birincisi, bizə bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim olunmayıb. Hamısı sözlər idi və bu sözlər münaqişənin ilk günlərində söylənmişdi. Siz Prezident Makronun bununla bağlı bəyanatına istinad etdiniz. Bu, yalnız münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana biz bu cür bəyanatlar eşitməmişik. Bu, birincisi. Heç bir sübut, heç bir dəlil. İkincisi, ehtiyac yoxdur. Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də, buna ehtiyac yoxdur. Lakin əfsuslar olsun ki, digər tərəfdə baş verənlərə məhəl qoyulmur. Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, bizim onları döyüş meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağrılıdır. Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, məğlubedilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların “guya məğlubedilməz ordusu” əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir. – 98 faiz ermənilərin məskunlaşdığı ərazidə mümkün qələbəni qazanmağın Sizin üçün hansı çətinliyi olacaq? – Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşıb, çünki bütün azərbaycanlılar didərgin salınıblar. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdilər. Bu, statistikadır, bizim deyil, sovet dövrünün statistikasıdır. 1970-ci illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində müxtəlif millətlərdən olan neçə nəfər yaşayırdı? Əhalinin demək olar ki, 25 faizi azərbaycanlılar idi, 40 min nəfər. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar. Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb. Biz Ermənistana qarşı hər hansı sanksiyaları görmədik, bizə hər hansı ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu, edildi və onlar yerində reallıq yaratdılar. Bu, birincisi. İkincisi, 200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə - 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər. Beləliklə, bu, tarixi hissəsidir. İndi sizin sualınıza gələk. Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanın müxtəlif yerlərində, əsasən, Bakıda minlərlə erməni yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər. – Üç atəşkəs artıq pozulub. Sülh danışıqlarının heç bir nəticə vermədiyi görünür. Buna görə kim günahkardır? – Ermənistan. Xronologiyaya nəzər salın. Birinci atəşkəs Moskvada razılaşdırılmışdı, 24 saatdan da az vaxt ərzində onlar Ermənistan ərazisindən ballistik raketlə Gəncəyə hücum etdilər. Bu, sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr ballistik raketin haradan buraxılmasını aşkar edə bilərlər. Odur ki, onlar raketin Ermənistandan buraxıldığını bilirlər. Paşinyan bunu onlar etməyiblər dedikdə yalan danışırdı. Bu, 24 saatdan az müddətdə baş vermişdir və onlar gecə çox namərdcəsinə hücum etdilər, onlar bilərəkdən yaşayış yerinə hücum etdilər və bu iki hücum nəticəsində demək olar ki, 30 günahsız insan, o cümlədən uşaqlar öldürülmüşdür. İkinci atəşkəs elan olunduqdan beş dəqiqədən sonra onlar tərəfindən pozulmuşdur və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə bunu edən biz deyildik. Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi. - Üç həftə bundan qabaq görüşdüyüm baş nazir Paşinyana cavabınız nə olar? O dedi ki, Dağlıq Qarabağda yeni soyqırımının olmasından qorxur. - Tamamilə yalandır. Onların bütün tarixi yalandır. Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağlıq Qarabağda yaşayan heç bir azərbaycanlı yoxdur. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi? Bu, monorespublikadır. Nəyə görə? Çünki onlar ya hər kəsi qovublar, ya da başqa millətlər orada yaşaya bilmir. Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Buna görə dırnaqarası soyqırımı haqqında danışmaq tamamilə qəbuledilməzdir və bu, onların təqdim etmək istədiyi daha bir feykdir, necə ki, onlar bunu həmişə edirlər. Onlar həmişə özlərini əziyyət çəkən, həmişə ağlayan, həmişə köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər. Lakin, baxın, bu gün nələr baş verir. O, Prezident Putinə gündə beş dəfə zəng edir, o, Prezident Makrona ola bilsin bir qədər az zəng edir, amma yenə də zəng edir, o, hər kəsə zəng edir. O, Avropa liderlərinə zəng edir. O, Dağlıq Qarabağın tanınmasını xahiş edir, lakin başa düşmür ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının vahid mövqeyi var. Ona görə müəyyən dəstəyi əldə etmək üçün o, hər bir feyk üsuldan istifadə etməyə çalışır. Odur ki, dediyim kimi bu, tamamilə yalandır. Mən dediyim sözlərə cavabdehəm, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq. - İtaliya ilə Sizin xüsusi tərəfdaşlığınız var. Siz bizim birinci neft və qaz təchizatçımızsınız. Müharibə daha çox qanın tökülməsinə səbəb olarsa, bunun tərəfdaşlığa təsir etməyindən qorxmursunuz?

  • Mən belə hesab etmirəm. Birincisi, mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib. Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir. Biz hazırıq, bu, birincisi. Mən bunun bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürəm. İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, o, çox uğurlu olmuşdur və biz böyük planlarla geriyə, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır və tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm. 

2020-11-04 00:00:00
3396 baxış

Digər xəbərlər

Azərbaycan Mədəniyyət Mərkəzindən “Heydər Əliyev ili” münasibətilə maraqlı aksiya...

Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il “Heydər Əliyev ili” münasibətilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi kitabxanaya  Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib. Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına 40 nüsxə, Daşkənd, Xarəzm, Nəvai, Buxara, Səmərqənd, Kaşkadərya, Surxandərya, Cizzax, Sırdərya, Nəmənqan, Fərqanə, Əndican vilayət, Qaraqalpaqıstan Respublikası informasiya-kitabxana mərkəzi olmaqla hər bir mərkəzi kitabxanaya 82 adda, ümumilikdə isə 1148 nüsxə kitab və elektron nəşr hədiyyə olunub. Sözügedən kolleksiyada Azərbaycanın tarixinə, dövlətçiliyinə, mədəniyyətinə dair Azərbaycan və rus dillərində kitablar, “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca” lüğət, danışıq kitabları, dərsliklər, elektron nəşrlər, habelə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində nəşr edilmiş Azərbaycan klassiklərinin əsərləri, müasir Azərbaycan ədəbiyyatına dair nəşrlər də yer alıb. Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq bu kolleksiyalara əsasən ulu öndər Heydər Əliyev, Azərbaycan dövlətçiliyi, Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Azərbaycan tarixi kimi mövzuları əhatə edən müxtəlif nəşrlər daxil edilib. Bundan başqa, kolleksiyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”si, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Əzizə Cəfərzadənin əsərləri, habelə Ermənistanın Azərbaycan ərazilərini işğalı, Xocalı soyqırımına dair kitablar, özbək müəllif Şuxrat Salamovun mövzulara aid özbək və rus dillərində nəşrləri də yer alıb. Cari ilin 24 yanvar tarixində Azərbaycana dair zəngin kitab kolleksiyası Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya çatdırılması məqsədilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına təqdim olunub. Hədiyyə nəşrlərin Özbəkistan Milli Kitabxanasında sərgisi də keçirilib. Seymur ƏLİYEV

Hamısını oxu
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alan azərbaycanlı: Həzi Aslanov

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta məktəbində alıb. 1923-cü ildə atası Əhəd kişi  13 yaşında atasını itirən Həzi, atasının çalışdığı kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. İl yarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Zaqafqaziya hərbi hazırlıq məktəbinin məktəb rota qəzetinin redaktoru olub. Məktəb müdavimi ikən komsomol təşkilatının katibi seçilib. Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci süvari alayına vzvod komandiri təyin olunub. Sonralar xidmətini 12-ci zirehli avtomobil divizonunda davam etdirib və texnikayla döyüş texnikasını öyrənib. Bir müddət sonra rota komandiri olub. Döyüş hazırlığı və siyasi hazırlıqda xidmət etdiyi rota haqqında dairə qəzetlərində müsbət məqalələr dərc olunmağa başlayıb. 1934-cü ildə hərbi hissənin Kiyev hərbi dairəsinin komandanı İona Emmanuiloviç Yakir bölmələrin və hissələrin manevrlərə hazırlığını yoxladığı zaman Həzi Aslanovun tank rotası təlimdə fərqlənib. Komandan Həzi Aslanova qiymətli hədiyyə təqdim edib və bu hadisə onun tankçı kimi ilk hərbi uğuru olub. Bu hadisədən qısa müddət sonra Həzi Aslanov Kiyevdə avtomobil batalyonuna komandir təyin olunub. 1937-ci ildə Ukrayna SSR Obruç şəhər sovetinin üzvü (deputatı) seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahidə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışmışdır. Həzi Aslanova 1939-cu ilin axırlarında kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilib.   1941-ci ilin dekabrında mayor Aslanov Moskva yaxınlığındakı tarixi döyüşdə iştirak etdi. Moskva ətrafında alman ordsunun 60-dan artıq diviziyası şəhəri ələ keçirmək üçün cəmləşdirilmişdi.   Mojaysk tərəfdə döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşür və bu atıcı bölməni mühasirədən azad etmək üçün mayor Aslanova əmr verilir. Güclü döyüş taktikası ilə Aslanov mühasirə yaradan alman ordusunun top və pulemyot atəş nöqtələrini məhv etməyi bacarır. Bu əməliyyat zamanı Aslanovun olduğu tankın sürücü-mexaniki ağır yaralanır və Aslanov tankı özü idarə edərək taqımlara komandanlığı davam etdirə bilir. Mühasirədən 40-dan artıq döyüş avtomobili və yüzlərlə şəxsi heyət azad olunur. Həzi Aslanov Moskva ətrafında gedən döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü.   Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardı. Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü. 1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir. Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir. Aslanovun polkuna isə qvardiya adı verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi.   Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında , 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olmuş yazıçı-jurnalist Musa Bağırovun " Sərkərdənin taleyi " adlı sənədli kitabında deyilir:"“ Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur. 1944-cü  ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 46 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Hamısını oxu
Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad edib

Bakı, 2 noyabr, AZƏRTAC  Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.a

Hamısını oxu
Şəkidə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib

23 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan tədbirdən öncə polkovnik Cəlil Xəlilov və icra başçısı Elxan Usubov Ulu öndərin Heydər Əliyev Mərkəzi qarşısındakı heykəlini ziyarət edib, heykəl önünə gül dəstələri qoyublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və resublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xalqımızın İkinci Dünya müharibəsi və 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığını əks etdirən sənədli film nümayiş etdirilib. Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Eklxan Usubov tariximizin qəhrəmalıqlarla zəngin olduğunu bildirib. Xalqımızın İkinci dünya müharibəsində faşizmin məğlub edilməsində mühüm rol oynadığını bildirən icra başçısı, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə qazandığını, respublikamızın ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. İcra başçısı çıxışında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının vətənpərvərlik tərbiyəsinin təbliği sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib, bu fəaliyyətin həm qəhrəmanlıq tariximizin təbliği, həm də vətənpərvərlik ruhunun qorunması baxımından mühüm önəm kəsb etdiyini qeyd edib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 1945-ci ildə xalqımızın alman faşizmi üzərində əldə etdiyi qələbəni 2020-ci ildə erməni faşizmi üzərindəki tarixi zəfərlə təkrarladığını bildirib. Təşkilat sədri qeyd edib ki, Azərbaycan gəncliyi cəmi 44 gün ərzində erməni işğalçılarını darmadağın etməklə öz babalarının qəhrəmanlıq ənənəsinə sadiqlik nümayiş etdirib, xalqımıza böyük zəfər bəxş ediblər. Bununla yanaşı polkovnik Cəlil Xəlilov Vətən müharibəsindəki həmrəyliyin bundan sonra da qorunub saxlanılmasının vacibliyini vurğulayıb: “Azərbaycan xalqı Vətən müharibəsində öz böyük oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək tarixi qələbəni təmin etdi. Bütün dünyaya göstərdi ki, xalq öz ordusunun, öz Ali Baş Komandanının yanındadır. Biz bu həmrəyliyi bundan sonra da qoruyub saxlamalı, dövlətimizin, dövlət başçımızım hər bir çağırışını dəstəkləməliyik. Bu gün dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirir. Şəhid ailələrinə, veteranlara dövlətimiz tərəfindən göstərilən qayğı göz qabağındadır. Bizim üçün qürurvericidir ki, Prezidentimizin bu siyasəti yerlərdə də yüksək səviyyədə təşkil olunur. Şəki Şəhər İcra Hakimiyyətinin bu istiqmaətdə gördüyü işləri xüsusilə vurğulanmalıdır. Şəki Şəhər İcra Hakimiyyəti, eləcə də şəhərdəki digər dövlət qurumlarının yetkililəri vətəndaşlarla mütəmadi görüşlər keçirir, onları qayğı və istəkləri ilə maraqlanır, dövlətimizin inkişafı üçün bir bütöv olaraq əllərindən gələni əsirgəmirlər. Hazırda çoxsaylı sosial layihələrin icrasını təmin etməklə yanaşı, dövlətimiz Silahlı Qüvvələrimizi daha da gücləndirmək üçün mühüm addımlar atır. Müdafiə və təhlükəsizliyimin etibarlı şəkildə təmininin bir nömrəli vəzifə kimi daim diqqət mərkəzində saxlayır. Bütün bunların fonunda bizim dövlətimizin yanında olmağımız mütləqdir və əminəm ki, xalqımız hər zaman olduğu kimi bundan sonra da ordusu, Prezidenti, dövləti ilə həmrəy olmaqda davam edəcək”. Tədbirdə çıxış edən İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun övladı Cavanşir Cəbrayılov atasının döyüş yolundan bəhs edib, müasir Azərbaycan gəncliyinin qəhrəmanlıq tarixinə, milli-mənəvi dəyərlərə sadiqliyindən qürur duyduğunu bildirib. 44 günlük Vətən müharibəsi qazisi Taleh Qurbansoy döyüş xatirələrindən danışıb, qalib müharibənin qalib əsgəri olmaqla fəxr etdiyini bildirib. Tədbirin sonunda şəhid ailələri, veteranlar, gənclər və ctimai fəallarla xatirə şəkli çəkilib. Seymur ƏLİYEV    

Hamısını oxu