Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib

Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, əziz qonaqlar. Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır. Bu, növbəti qardaşlıq nümunəsidir, növbəti qardaşlıq təzahürüdür. Hər zaman olduğu kimi, yaxşı günlərdə də, ağır günlərdə də biz bir yerdəyik. Bu hadisə bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır, Türkiyə və Azərbaycan bir-birinə nə qədər doğmadır. Türkiyənin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan son bir ay ərzində, ondan da çox bir müddət ərzində Azərbaycana dəfələrlə öz dəstəyini göstərmişdir, öz açıq ifadələri ilə siyasi, mənəvi dəstək verməklə bizə əlavə güc vermişdir. Eyni zamanda, siz – hörmətli müdafiə naziri, bizim digər qardaşlarımız dəfələrlə Azərbaycanın yanında olduğunuzu qeyd edirdiniz. Qeyd edirdiniz ki, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu açıqlamalar, bu siyasi və mənəvi dəstək bu münaqişənin həlli üçün də önəmli rol oynamışdır. Şəhərlərimizin, kəndlərimizin işğaldan azad edilməsi və bu gün Şuşa şəhərinin, qədim Azərbaycan şəhərinin azad edilməsi, əlbəttə ki, böyük tarixi hadisədir. Bu hadisəni bizimlə birlikdə belə canlı şəkildə qeyd etmək üçün Azərbaycana gəlməyiniz bizi çox məmnun edir. Bir daha sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu müddət ərzində bir daha bütün dünya, bizi istəyənlər və istəməyənlər gördülər ki, birliyimiz sarsılmazdır və əbədidir. Bu, belə də davam edəcək. Bir daha sizə təşəkkürümü bildirirəm, sizə “Xoş gəlmisiniz!” deyirəm. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi: -Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, cənab Prezident. Biz hər zaman Bakıda və Sizin qəbulunuzda olmaqdan böyük məmnunluq hissi keçiririk. Amma bu gün xüsusilə çox məmnunuq. Çünki qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan, Zati-alinizin rəhbərliyi ilə qədim Şuşa şəhərini işğalçı Ermənistandan geri alıb. Beləliklə, qəhrəman Azərbaycan Ordusunu, Ali Baş Komandan olaraq Sizi və bu çətin günlərdə, xüsusilə də Ermənistanın atdığı raketlərə baxmayaraq, ayaqda dayanan, Ali Baş Komandanının və onun qəhrəman ordusunun arxasında dayanan qardaş Azərbaycan xalqını cani-qəlbdən təbrik edirik. Hörmətli Prezidentimizin də salamlarını xüsusilə çatdırmaq istəyirəm. Belə bir əlamətdar gündə - Bayraq Günündə burada, Bakıda olmaqdan xüsusilə məmnunuq. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bir daha təbrik edirik, cənab Prezident. Prezident İlham Əliyev: Çox sağ olun. Əziz qardaşıma, hörmətli Prezidentə mənim də salamlarımı çatdırın. Bildiyiniz kimi, biz daim təmasdayıq, dünən də telefonla söhbət etdik. Yəni, daim əlaqədəyik və bu şəxsi əlaqələr, bizim aramızdakı bu dostluq, qardaşlıq əlaqələri ölkələrimiz arasındakı əlaqələrə də müsbət təsir göstərir. Bir daha təşəkkür edirəm

2020-11-08 00:00:00
3528 baxış

Digər xəbərlər

Kənddə doğuldu, Harvardda oxudu, ABŞ-da təhsil şirkəti qurdu...

Həyatda elə insanlar var ki, onlar çətin şərtlər daxilində böyük uğurlara imza ataraq hər kəsi heyrətləndirməyi bacarır, sözün həqiqi mənasında öz talellərinin memarı qismində çıxış edirlər. Bu cür şəxslərdən biri də Moderator.az-ın müsahibi Dünyamalıyev Asim Oqtay oğludur.  -Asim bəy, zəhmət olmasa özünüz haqqında məlumat verərdiniz. -Mən Zərdab rayonunun Məlikumudlu kəndində anadan olmuşam. 2004-cü ildə orta təhsilimi başa vurub Qafqaz Universitetinin Filologiya fakültəsinə (ingilis dili və əədəbiyyatı) daxil olmuşam. Unversitet təhsilimi vaxtından əvvəl – cəmi üç ilə universitet birincisi kimi bitirmişəm. Təhsilimi universitet birincisi kimi bitirməyim mənə Qafqaz Universitetində müəllim və təşkilatçı kimi işləmək imkanı verdi. Universitet illərində sadəcə dərslərimi hazırlamaqla kifayətlənmir, əlavə ədəbiyyatlar oxuyur, dil bilgilərimi inkişaf etdirirdim. Universiteti bitirsəm də qərara aldım ki, özümü inkiaşf etdirmək üçün təhsilimi davam etdirməliyəm. Bu məqsədlə də 2023-cü ildə ABŞ-ın Boston şəhərində hüquq məktəbinə - Massachusetts School of Law-ya daxil oldum. Bir illik təhsil müddətində hüquq elmi, xüsusilə də hüquq tarixi və beynəlxalq hüquq haqqında qiymətli məlumatlar əldə etdim. Bir illik Boston həyatı mənə ABŞ-ın təhsil həyatı ilə yanaşı, ictimai həyatını da yaxından müşahidə etməyə, öyrənməyə imkan verdi. Mən bu mühitdə müstəqil şəkildə yaşamağı, qarşılaşdığım çətinlikləri dəf etməyi, problemləriminin öhdəsindən gəlməyi öyrəndim. Bu mənim xaricdə - ölkəmizdən uzaqda qazandığım ilk uğurlu təcrübə oldu. -Hüquq məktəbindəki təhsilinizi başa vurandan sonra nə etdiniz?  -Bundan sonra təhsilimi Harvard Universitetində davam etdirməyə qərar verdim. Məqsədim beynəlxalq təhsil sistemindəki qabaqcıl idarəetmə metodları ilə tanış olmaq, bu sahədə əldə etdiyim bilikləri daha da genişləndirmək idi. Bu məqsədlə də Harvadrda qəbul oldum və bu gün sözügedən universitetdə Təhsildə Rəhbərlik, Təşkilatlar və Sahibkarlıq (Education Leadership, Organizations, and Entrepreneurship) proqramı  üzrə əyani magistr təhsili alıram. Eyni zamanda, MIT universitetindən de  idarəçiliklə bağlı  əyani dərslər alır, təhsilimi paralel şəkildə davam etdirirəm.  -Bəs necə oldu ki, öz təhsil şirkətinizi açmaq qərarına gəldiniz?  -Əslində bu fikir məndə tələbəliyimin ilk illərində yaranmışdı. Yəqin ki, buna səbəb ixtisasımın da bu sahə ilə bağlı olması idi. Sonrakı dövrlərdə ABŞ təhsil həyatı ilə tanışlığım məndə bu fikrin daha da güclənməsinə səbəb oldu. Təbii ki, bunu çox istəməyimə rəğmən içimdə bəzi tərəddüdlər də var idi. Mən bu sahəyə daha yaxından bələd olmaq üçün bir müddət ABŞ-da təhsil şirkətlərinin birində təhsil koordinatoru kimi fəaliyyət göstərdim. Burada çalışdığım dönəmdə başa düşdüm ki, öz arzumu reallaşdıra bilərəm. Buna görə də bu istiqamətdə konkret addımlar atmağa başladım və sevinirəm ki, mənim üçün hər şey uğurlu oldu. Bir məqamı da qeyd edim ki, təhsil şirkəti açmağımın digər bir səbəbi də burada oxuduğum və çalışdığım dönəmlərdə soydaşlarımızın təhsil almaqla bağlı yaşadığı çətinliklərə şahid olmağım, onları bu çətinliklərdən qurtarmaq istəyim oldu. Bu gün rəhbəri olduğum təhsil şirkəti Avropa və Amerikanın müxtəlif universitetlərində yüzlərlə azərbaycanlının təhsil almasına dəstək verir. Eyni zamanda, şirkətimizin dəstəyi ilə dünyanın ilk onluğunda olan qabaqcıl universitetlərində onlarla soydaşımız öz təhsilini davam etdirir ki, bu da məni qürurlandırır. Onu da qeyd edim ki, xaricdə təhsil şirkəti təsis edən digər soydaşlarımız da var ki, onlar da uğurlu fəaliyyətləri ilə diqqət çəkir. -Asim bəy, xaricdə təhsil şirkəti təsis edən soydaşlarımızdan kimləri qeyd edə bilərsiniz?  -Xaricdə doğma vətənimizi layiqincə təmsil edən, soydaşlarımıza təhsillərində böyük dəstək verən azərbaycanlılardan biri Lalə Əliyevadır. Məlumat üçün qeyd edim ki, Əliyeva Lalə Rauf qızı 6 iyul 1986-cı ildə Tovuz rayonunda anadan olub. 2003-cü ildə orta təhsilini A.S.Puşkin adına orta məktəbdə başa vuraraq Azərbaycan Dillər Universitetinin İngilis Dili və Filologiyası fakultəsinə qəbul olub. 2008-2010 cu illərdə Azərbaycan Beynəlxalq Universitetində Avropa Ölkələri və Tarixi üzrə magistr təhsili alıb. Lalə xanım, 2012-ci ildə Kembric universiteti tərəfindən Müddətsiz Beynəlxalq Müəllimlik və Treyner sertifikatı (CELTA) ilə təltif edilib. Lalə xanım karyera müddəti ərzində AC Nielsen beynəlxalq auditinq şirkətində “Data Management” departamentində baş menecer və “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə geri qaytarılması” layihəsini həyata keçirən UAFA (United Aids For Azerbaijan) adlı beynəlxalq şirkətdə sinxron tərcüməçi kimi fəaliyyət göstərib. Sonradan peşə fəaliyyətini müəllim olaraq Xəzər Universitetində davam etdirib. Hal-hazırda "Qadın və Uşaqların Təhsilinə Dəstək ictimai Birliyi" ndə təhsil kordinatoru və Joseph Xaricdə Təhsil Mərkəzinin təsisçi direktoru kimi fəaliyyət göstərir. Lalə xanım 2024-2025-ci akademik tədris ilində Amerika Birləşmiş Ştatlarında yerləşən, dünyanın ən nüfuzlu universitetləri sırasında olan Harvard Universitetindən Təhsil Siyasəti və Təhlili proqramı üzrə magistr dərəcəsi üzrə qəbul qazanlb və hal-hazırda həmin universitetdə təhsil alır. -Xaricdə təhsil alan soydaşlarımızdan daha kimləri nümunə göstərə bilərsiniz? -Bu kateqoriyadan olan soydaşlarımızdan biri də Aysun Məmmədlidir. Azərbaycan Dillər Universitetinin Fəxri Məzunu Aysun Məmmədli, 2024-2025-ci tədris ili üçün Harvard Universitetində Təhsildə Rəhbərlik, Təşkilatlar və Sahibkarlıq (Education Leadership, Organizations, and Entrepreneurship)  ixtisası üzrə magistratura təhsili alır. Eyni zamanda MIT Universitetindən də bir sıra dərslər alaraq hər iki TOP Universitetin tələbəsi olaraq yaradılan imkanlardan yararlanır. Onun təhsil xərcləri 2024-2025 “Dövlət Proqramı” Təqaüd Proqramının qaliblərindən biri olaraq tam şəkildə dövlətimiz tərəfindən maliyyələşdirilir. Qeyd etmək istərdim ki, O bütün bunları heç bir xaricdə təhsil şirkətindən dəstək almadan öz gücünə edib. Hal-hazırda isə digər gənclərin TOP Universitetlərə qəbuluna dəstək olmaq üçün mentorluq fəaliyyəti ilə məşğuldur. -Asim bəy, sonda xaricdə təhsil almaq istəyən soydaşlarımıza nə tövsiyə edərdiniz? -Mən xaricdə təhsil almaq istəyən hər bir azərbaycanlıya uğurlar arzulayır, müvəffəqiyyətlə diləyirəm. Hər şeydən əvvəl onlara tövsiyə edərdim ki, öz məqsədlərinə çatmaq üçün sona qədər qətiyyət göstərsinlər və çətinliklərdən qormasınlar. Çünki bütün çətinliklər müvəqqətidir və bir gün onların hamısı geridə qalır. Seymur ƏLİYEV  

Hamısını oxu
Şəhid Əlövsət Məmmədovun məzarı və ailəsi ziyarət olunub

  Veteran.gov.az xəbər verir ki, Goranboy rayonunda Vətən müharibəsi şəhidi Əlövsət Məmmədovun məzarı və ailəsi ziyarət olunub. Bu barədə Goranboy rayon Gənclər və İdman İdarəsinin sosial şəbəkədəki hesabında məlumat verilib. Məlumatda deyilir:   “19 sentyabr 2021-ci il tarixdə Goranboy rayon Gənclər və İdman İdarəsi, Rayon İcra Hakimiyyətinin əməkdaşı və bir qurup gənc könüllülərlə birgə Vətən Müharibəsi şəhidi, rabitə xidmətinin rəisi mayor Məmmədov Əlövsət Əli oğlunun məzarı və ailəsi ziyarət olunub.   Məmmədov Əlövsət Əli oğlu 28.02.1988-ci il tarixdə Goranboy rayon Muzdurular kəndində doğulub, 44 günlük Vətən Müharibəsində qəhramancasına şəhid olub, 09.11.2020-ci il tarixdə dəfn olunub.   Ailəlidir, 3 övladı var.   Şəhidimizin kiçik oğlu Sənanın bu gün doğum günüdür. Bu münasibətlə ona ad günü hədiyyəsi təqdim edilib.   Şəhid ailəsilə görüşdə atası Əli Məmmədov onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Oğlunun nə qədər qoçaq olduğunu və onun kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb.Onlara əmanət olan şəhidimizin övladlarını da vətənə layiqli övlad kimi böyüdəcəyini bildirib. Şəhidimizin övladları da gələcəkdə ataları kimi hərbiçi olacaqlarını deyiblər.   Doğum günü münasibətilə qəhraman şəhidimizin övladı Sənan balanı təbrik edir, cansağlığı və  uzun omur arzu edirik.   Allah bütün şəhidlərimizə rəhmət eləsin!”  

Hamısını oxu
Zakir Həsənov əmr verdi - Təxribatların qarşısı alınsın

Sentyabrın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb. Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri cari ilin ötən dövründə döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyini qeyd edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının ordumuz qarşısında qoyduğu tapşırıqları görüş iştirakçılarına çatdırıb. Cəbhədəki son vəziyyətə toxunan Müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib. Azərbaycan xalqının Orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib. Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran Müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Hamısını oxu
Qara Fərzəliyev

Qara Abbas oğlu Fərzəliyev 1923-cü ilin oktyabr ayında Naxçıvan şəhərində anadan olub. Keçmiş SSRİ İkinci Dünya müharibəsinə cəlb olunanda o da digər həmyaşıdları kimi cəbhəyə yollanıb. Q.Fərzəliyev 402-ci milli Azərbaycan diviziyasının 678 saylı istehkamçı batalyonunda xidmətə başlayıb. İlk döyüşdəcə ağır yaralanan Qara Fərzəliyev Qroznı və Bryansk şəhərlərində yerləşən hərbi xəstəxanalarda müalicə olunduqdan sonra yenidən cəbhə xəttinə, odlu-alovlu döyüş meydanlarına qayıdır. Bu dəfə o, 77-ci milli Azərbaycan diviziyasının 105-ci atıcı alayında Krasnodar və Rostov vilayətlərinin bir sıra məntəqələrinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə rəşadət göstərir. Bu döyüşlərdə cəsarəti, igidliyi və hərbi bacarığı ilə fərqlənən cəsur həmyerlimizi 1943-cü ildə xüsusi zabit hazırlığı kursuna göndərirlər. Altıaylıq kursu əla qiymətlərlə bitirərək hərbi biliklərə yiyələnən Qara Fərzəliyevə kiçik leytenant hərbi rütbəsi verilir. Gənc leytenant sonrakı döyüş yolunu 417-ci diviziyanın 1372-ci alayında 5-ci bölüyün taqım komandiri kimi davam etdirir. Q.Fərzəliyevin komandiri olduğu taqım Birinci Pribaltika cəbhəsində Latviya və Litva respublikalarının şəhər və kəndlərinin alman faşistlərinin işğalından azad olunmasında fəal iştirak edir. Bu döyüşlərdə göstərdiyi şücaətə görə o, “Qırmızı Bayraq” ordeni ilə təltif olunur. Qara Fərzəliyevin döyüş yolu keçmiş SSRİ bir çox ərazilərinin, xüsusilə Ukrayna və Belarus torpaqlarının faşist işğalından azad edilməsindən keçib. Q.Fərzəliyev Krım, Sapunqara, Sevastopol və Qomel uğrunda gedən döyüşlərdə özünü əsl komandir kimi göstərib, cəsurluğu ilə fərqlənib. 1944-cü ilin iyununda Litvanın Skoudas şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik həmyerlimizin şöhrətini daha da artırıb. Həmin döyüşdə taqımın irəliləməsinə imkan verməyən alman pulemyotçunu silahı ilə birlikdə əsir götürən Qara döyüşçülərin yolunu açır, nəticədə düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilir. Faşistlər bu itkinin əvəzini çıxmaq üçün dəfələrlə əks-hücuma keçsələr də, cəsur komandirin rəhbərlik etdiyi taqımın məğlub­edilməzliyi qarşısında bütün səyləri puça çıxıb. Hər hücumda daha çox itki verən düşmən geri çəkilməyə məcbur olur. 1372-ci atıcı alayın 3-cü batalyonunun 5-ci bölük komandiri olmuş V.Krivenko sonralar müharibənin odlu-alovlu döyüşlərini yada salaraq “Pravda Lubensine” qəzetində “Cəbhə dostluğu yaşayır” adlı məqaləsində Qara Fərzəliyevin daha bir qəhrəmanlığından belə bəhs etmişdir: “1944-cü ilin avqust ayında Latviyanın Elqava şəhərini düşməndən azad edilməsində Qara Fərzəliyevin komandirlik etdiyi taqımın döyüş xidmətləri çox olub. Daha sonra Tukums şəhəri uğrunda gedən döyüşlərdə vəziyyətin ağırlığını, məsuliyyətini düzgün qiymətləndirən azərbaycanlı komandir Q.Fərzəliyev şəxsən pulemyotun arxasına keçərək düşmənin əks-hücuma başlamasına imkan vermədi. Nəticədə, çoxsaylı canlı qüvvə itkisinə məruz qalan faşistlər 2 ədəd zirehli transportyoru döyüş meydanında qoyub geri çəkilməyə məcbur oldular. Bu döyüşdə Qara Fərzəliyevin özü və taqımından 8 nəfər əsgər ağır yaralansa da, axıradək döyüş meydanını tərk etmədilər”. Qara Fərzəliyevin qəhrəmanlıqlarla dolu döyüş yolu alay komandanlığı tərəfindən də yüksək dəyərləndirilib, haqqında xoş sözlər söylənilib, təltiflərə layiq görülüb. Ona 10 may 1945-ci il tarixində 1372-ci atıcı alayın komandiri, polkovnik-leytenant Markov tərəfindən verilən xasiyyətnamə bunu bir daha təsdiqləyir. “Atıcı taqımın komandiri Qara Fərzəliyev özünü savadlı, bacarıqlı, təşəbbüskar, hərbi texnikanı mükəmməl bilən komandir kimi göstərib. Baltikyanı respublikaların azad edilməsi uğrunda döyüşlərdə həlak olan bölük komandirini çox bacarıqla əvəz edib, iki dəfə yaralansa da, döyüş meydanını tərk etməyib, şəxsi heyət arasında yüksək nüfuz qazanıb. Buna görə Qara Fərzəliyevin fotoşəkli alayın şərəf lövhəsində vurularaq hərbi hissəyə yeni gələn gənc əsgərlərə onun kimi xidmət etmək tövsiyə edilib”. Qara Fərzəliyev alman faşizminə qarşı döyüşlərdə göstərdiyi şücaət və igidliklərə, vətənpərvərliyinə görə, o dövrün ən yüksək ordenlərindən sayılan “Qırmızı Bayraq”, iki dəfə isə birinci dərəcəli “Vətən müharibəsi” ordeni və 15 medalla təltif edilib, dəfələrlə Ali Baş Komandanın təşəkkürünü alıb. Döyüşlərdə dəfələrlə yaralanmasına, hətta bir böyrəyini itirməsinə baxmayaraq, bacarıqlı, savadlı, təcrübəli hərbçi olan Qara Fərzəliyev müharibə başa çatdıqdan sonra orduda saxlanılıb, xidmətini fəaliyyəti məxfi sayılan hərbi hissələrdə davam etdirib. Nəhayət, 1957-ci ilin sentyabrında öz xahişi ilə hərbi xidmətdən ehtiyata buraxılaraq, doğulub böyüdüyü Naxçıvan şəhərinə qayıdıb. Q.Fərzəliyev Azərbaycana qayıtdıqdan sonra müxtəlif hərbi və mülki vəzifələrdə də vicdanla çalışıb, 1961-ci ilədək Naxçıvan Şəhər Mülki Müdafiə İdarəsinin rəisi, həmin ildən 1995-ci ilin mart ayına kimi isə Naxçıvan Mülki Müdafiə Qərargahının məxfi işlər üzrə rəisi vəzifələrində işləyib. Təqaüdə çıxdıqdan sonra da o, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatından kənarda qalmır, xüsusilə gənc nəslin Vətənə, xalqa, dövltə sədaqətli insankar kimi yetişməsində bütün bilik və bacarığını sərf edirdi. Bu xidmətləri, həqiqi vətənpərvərlik xüsusiyyətləri və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək Qara Fərzəliyev 1995-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxşıvan Muxtar Respublikası üzrə Təşkilatının sədri vəzifəsinə seçilmşdir. Q.Fərzəliyev sədr olduğu dövrdə Naxşıvan Muxtar Respublikası Veteranlar Təşkilatının fəaliyyəti xeyli güclənmiş və həyata keçirilən tədbirlərin əahtə dairəsi genişlənmişdir. Q.Fərzəliyev istər hərbi, istərsə mülki sahədə ona tapşırılan vəzifələrin öhdəsindən daim layiqincə gəlmiş, çalışdğı kollektivlərin dərin hörmətini qazanmışdı. O, keçmiş SSRİ-nin, müstəqil Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının müxtəlif mükafatları ilə təltif edilmişdi. Qocaman veteranın ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın erməni işğalından tezliklə azad olunması idi. Ordumuzun gücünə, Azərbaycan gənclərinin vətənpərvərliyinə əmin olan veteran döyüşçü düşmən üzərində qələbə çalınacağına inanırdı. Qara Fərzəliyevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.

Hamısını oxu