Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident: “Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi”

“Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim”. Bunu Prezident İlham Əliyev bu gün Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib. “Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı.

 
Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik. Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir. Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirilir”, - deyə prezident bildirib.

2020-11-21 00:00:00
3406 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 iyun Silahlı Qüvvələr Günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 iyun Silahlı Qüvvələr Günü qeyd olunub.  Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Silahlı Qüvvələr Günü münasibəti ilə bütün hərbçiləri, eləcə də veteranları təbrik edib, ordumuzun 44 günlük Vətən müharibəsindəki qalibiyyətinə diqqət çəkib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunda həyata keçirilən islahatlara toxunub, görülən işlərin önəmini qeyd edib. Polkovnik bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da Silahlı Qüvvələrimizin döyüş hazırlığının, maddi-texniki təchizatının artırılması prosesi davam edir ki, bu da dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmini baxımından həyati əhəmiyyətə malikdir. Daha sonra  bir qrup 44 günlük Vətən müharibəsi qazisinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim olunub, veteranlar üçün bayram süfrəsi təşkil edilib. Bayram tədbiri Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifa etdiyi vətənpərvərlik mahnıları ilə davam edib.

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu
Rusiyanın Pskov şəhərində İkinci Dünya müharibəsi zamanı əsirlikdə həlak olmuş altı azərbaycanlının cəsədi tapılıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, “Rusiya Qadınlar İttifaqı” ictimai təşkilatının Pskov regional bölməsi İkinci Dünya müharibəsi zamanı həlak olmuş və Pskov vilayətinin Porxov şəhəri ətrafında hərbi əsirlərin saxlanıldığı keçmiş “Dulaq-100” adlı düşərgənin yerində dəfn edilmiş əsgərlərin qohumlarının axtarışı ilə məşğul olur.   Həmin düşərgədə təxminən 85 min əsirin dəfn olunduğu güman edilir. Hazırda cəmi 1000 nəfərin adları müəyyən edilib. “Rusiya Qadınlar İttifaqı” təşkilatı tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilən məktuba əsasən onların arasında azərbaycanlılar da var.   "Məktubda qeyd olunan siyahı həlak olmuş soydaşlarımızın yaxınlarının tapılması məqsədilə səfirlik tərəfindən ictimaiyyətə təqdim olunur. Bundan əlavə, sözügedən məlumat Azərbaycan Respublikasının aidiyyəti qurumlarına da göndərilib. Onu da bildiririk ki, təşkilatın məktubunda əks olunmuş adların bəzilərinin yazılışında qeyri-dəqiqliyə yol verildiyi ehtimal olunur. Bununla bağlı hər hansı yeni məlumat əldə edəcəyimiz təqdirdə, ictimaiyyətə məlumat veriləcək", - deyə səfirliyin məlumatında bildirilib.   Siyahıda adları olan Azərbaycan sakinləri aşağıdakılardır (ad-soyadlarda yanlışlıq ola bilər):  1913-cü il təvəllüdlü Qureyev Satar  1913-cü il təvəllüdlü Quriyev Səftər (Gədəbəy sakini)  1923-cü il təvəllüdlü Pavel Malikov (Bakı sakini)  1920-ci il təvəllüdlü Cəfər Məmmədov (Şəki şəhəri sakini )  1915-ci il təvəllüdlü Mustafayev Pirverdi (Qazax rayonu sakini)  1917-ci il təvəllüdlü Nəcəfov Nəcəf.

Hamısını oxu
“15 iyun dövlətçilik tariximizin qürur səhifəsidir”

Cəlil Xəlilov: “Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi” “15 iyun dövlətçilik tariximizin qürur səhifəsidir”.  Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məhz 1993-cü ilin 15 iyun tarixində Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişi dövlətimizi və xalqımıza xilas etdi: “15 iyun tarixinin dövlətimizin, xalqımızın taleyi və tarixi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq üçün 1993-cü ilin ortalarında mövcud olan ictimai-siyasi və hərbi vəziyyətə nəzər salmaq kifayətdir. Söhbət elə bir tarixdən gedir ki, həmin ərəfədə Azərbaycanın tarixi torpaqlarının bəlli bir qismi erməni fşaistləri tərəfindən zəbt edilmişdi. Nizami ordunun və vahid hərbi komandanlığın olmaması erməni işğalının qarşısını almağa imkan vermirdi. Bundan başqa, ölkə daxilində ictimai-siyasi vəziyyət də son dərəcə ağır idi. Hakimiyyət daxilində mövcud olan ciddi qarşıdurma, xalqın siyasi hakimiyyətə inamının itirməsi, cəmiyyətin vətəndaş müharibəsi həddinə gəlib çıxması, sosial-iqtisadi durumun hədsiz pisləşməsi və s. vəziyyəti ümidsiz edirdi. Daxili sabitliyin olmaması düşmən qüvvələrin ölkə daxilində çoxsaylı təxribatlar həyata keçirməsinə əlverişli zəmin yaradır, ölkədəki gərginliyi bir qədər də artırırdı. Məhz belə bir zamanda xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələn Ümumilli lider Heydər Əliyev ilk öncə daxili sabitliyin bərpa edilməsi, mərkəzi hakimiyyətin gücləndirilməsi, ölkə daxilində xaos və qarşıdurmanın aradn qaldırılması istiqamətində sistemli addımlar atmağa başladı. Vətəndaş müharibəsi təhlükəsi ortadan qaldırıldı. Hakimiyyətə peşəkar kadrlkar gətirildi. Ölkə daxilində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr ləğv edildi. Vahid, nizami ordu yaradıldı. Ordunun gücləndirilməsinə, onun peşəkar kadrlarla təmin edilməsinə xüsusi diqqət yetirildi. Nəticədə, erməni işğalının qarşısı müvəffəqiyyətlə alındı. 1994-cü ildə atəşkəs sazişinin imzalanması Azərbaycana öz qüvvələrini yenidən səfərbər etməyə, iqtisadiyyatını gücləndirməyə, daha güclü ordu formalaşdırmağa imkan verdi. Bütün bunlar isə Heydər Əliyev tərəfindən – onun bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirildi”. Polkovnik qeyd etdi ki, 1993-cü ilin 15 iyun hadisəsi Azərbaycan xalqının necə böyük tarixi şəxsiyyətlər yetişdirdiyi də bir daha göstərdi: “1993-cü ilin 15 iyun hadisəsi sübut etdi ki, Azərbaycan xalqı həlledici məqamlarda öz böyük şəxsiyyətləri hesabına çətin vəziyyətlərdən üzüağ çıxmağı bacarır. Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi. Xalqımız sübut etdi ki, tarixin bütün dönəmlərində olduğu kimi, bu gün də dahi şəxsiyyətlərdən, böyük sərkərdələrdən xali deyil. Xalqımız sübut etdi ki, heç bir qüvvə onu məhv etməyə, tarixdən silməyə qadir deyil. Xalqımız sübut etdi ki,  heç kimə onun müstəqilliyi, suverenliyi, taleyi üzərində qərar verməyə imkan verməyəcək. 1993-cü ilin 15 iyun hadisəsi və ondan sonrakı proseslər mahiyyət etibarı ilə Azərbayacn dövlətinin və xalqının tarixində yeni bir cığır açdı. Heydər Əliyevin formalaşdırdığı siyasi kurs, bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla inkişafı 2020-ci ilin 8 Noyabr zəfərinin əldə edilməsi – erməni işğalındakı bütün torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Əminəm ki, əsrlər sonra da 15 iyun tarixi Milli Qurtuluş Günü olaraq qürur və iftixar hissi ilə qeyd ediləcək, Heydər Əliyevin ölümsüz xatirəsi xalqımızın qəlbində sonsuza kimi yaşayacaqdır”. Seymur ƏLİYEV  

Hamısını oxu